Məhkəmə qərarları › İş №1(101)-1115/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1115/2021

13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1115/2021 13.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1974-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan (məhkumluğu ödənilmiş), ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və qurudulmuş marixuananı, psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməklə əldə etdib, daşımış və saxlamışdır. belə ki, Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqla müəyyən edilməyən İran İslam Respublikasının vətəndaşı olan “Cavad” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb, satış məqsədi ilə İran İslam Respublikasından gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin hər qramına 15 manat veriləcəyi və bu qaydada Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin hər qramını 40 manatdan satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan üzvü Cavad adlı şəxslə WhatsApp sosial şəbəkəsində istifadə etdiyi +**********1 və +**********6 saylı mobil nömrələrlə sonuncunun WhatsApp sosial şəbəkəsində istifadəsində olan +**********34 saylı mobil nömrə ilə həmin sosial şəbəkə proqramı vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayıb onun tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən əldə olunub Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli, qaçaqmalçılıq yolu ilə göndərdiyi, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»in siyahısına (Siyahı2) daxil edilmiş külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 100,790 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı 1) daxil edilmiş külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1.000,0 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 4,877 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı bir qrup şəxs halında qanunsuz olaraq 12 yanvar 2021-ci il tarixdə əldə edib, daşıyaraq, həmin narkotik maddə heroini və psixotrop maddə metamfetamini Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli dairəsi yaxınlığında yerləşən “Piyada keçidi” yol hərəkəti nişanı yanındakı ağacın dibində gizlətməklə və narkotik vasitə olan qurudulmuş marixuananı isə üzərində gəzdirməklə saxlamış, 12 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 47 saylı binanın yaxınlığında saxlanılaraq, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilib, orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli qalın qış gödəkçəsinin sağ yan cibindən qeyd olunan ümumi təmiz çəkisi 4,877 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli dairəsi yaxınlığında yerləşən “Piyada keçidi” yol hərəkəti nişanı yanındakı ağacın dibinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs gizlətdiyi külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 100,790 qram olan psixotrop maddə metamfetamin və külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1000,0 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 yanvar 2021-ci il tarixdə axşam saat təxminən 20:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 47 nömrəli evin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edildikdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş və orada hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət olunmuş, ona hüquq və vəzifələri izah edilməklə bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində keçirilmiş şəxsi axtarış zamanı üzərindən 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana, 3 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və 1 ədəd Kapital Banka məxsus plastik kart aşkar edilmişdir. Ona narkotik vasitə saxlayıbsaxlamaması və saxlayırsa təqdim etməsi təklif olunmuşdur. Abşeron rayonu ərazisində narkotik vasitə olan heroin saxladığını və həmin narkotiki təqdim edə biləciyini demişdir. Üzərindən aşkar edilmiş 1 kibrit qutusunun içərisində olan qurudulmuş marixuana qablaşdırıldıqdan sonra polis əməkdaşları onun narktoiki gizlətdiyi yerə getmişlər. Həmin yer Abşeron rayonu ərazisində Bakı-Şamaxı yolunun 4-cü kilometrliyində yerləşmişdir. Orada olan yol nişanının yanındakı ağacın dib hissəsindən 1 ədəd sellofan torbanı çıxardaraq təqdim etmiş və içərisində narkotik olduğunu bildirmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içində 1 bükümdə heroin və 1 bükümdə metamfetamin aşkar edilmiş, elektron tərəzi ilə çəkilmiş və içərisi boş olan zərfə qoyularaq götürülmüşdür. Əəxsi axtarış zamanı üzərindən aşkar olunmuş marixuananı və Abşeron rayonu ərazisindən yolun kənarından götürülmüş narkotik vasitə və psixotrop maddələri adını “Cavad” bildiyi İran İslam Respublikasının vətəndaşının göndərdiyini polis əməkdaşlarına bildirmişdir. Cavadla tanışlığı 4 il əvvəl başlamış, həmin vaxta qədər 2 dəfə Cavadın göndərdiyi narkotikləri satmış, özü isə əsasən marixuanadan istifadə etdiyini bildirmişdir. Cavadla WhatsApp vasitəsilə əlaqə yaratmış, narkotikləri satdıqdan sonra pulun müəyyən bir hissəsini Cavadın ona dediyi hesaba göndərmişdir. Həmin hesabın nömrəsini dəqiq xatırlamır. Cavad adlı şəxs gömrük sərhəddindən qanunsuz olaraq narkotik vasitələri ona göndərmiş, lakin Cavadın necə və hansı formada göndərməsindən xəbəri olmamışdır. Ona narkotik vasitəni göndərdikdən sonra harada gizlətdiyini demiş, sonra da o, həmin yerə gedib həmin narkotik vasitəni götürürmüş və satışını həyata keçirmişdir. Cavad narkotik vasitə olan heroin və metanfetaminin qramını ona 15 manata vermiş, o isə Respublika ərazisində qramını 40 manata satmışdır. Narkotik vasitəni satdıqdan sonra pulunu Cavadın göndərdiyi hesaba göndərmişdir. Cavadla WhatsApp sosial şəbəkəsi vasitəsi ilə əlaqə yaratmış, sarı rəngli Samsung markalı mobil telefonunda +**********1 saylı mobil nömrə ilə həmdə qara rəngli arxasında pul qabı kimi istifadə olunan Redmi markalı mobil telefonunda istifadə etdiyi +**********6 saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Redmi markalı mobil telefonda Cavadın adını rus hərfləri ilə “Bacı oğlu” kimi WhatsApp sosial şəbəkəsinə əlavə etmişdir. Eyni zamanda sarı rəngli Samsung markalı mobil telefonunda adını qeyd etmədiyi +**********34 saylı nömrə ilə Cavadla əlaqə saxlamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə izamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. 12 yanvar 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmış və həmin gün saat 20:30 radələrində məlumat əsasında, onlar ünvan 2 ünvanın yaxınlığına gələn zaman Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüşlər. Tofıqə yaxınlaşıb özlərini təqdim etmişlər və ona külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olduğu bildirilərək əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış olunaraq Baş Narkotiklərlə mübarizə idarəsinə dəvət edilmişdir. Orada üzərinə baxış keçirilməsi üçün hüquq və vəzifələri izah edilərək vəkil dəvət olunmuşdur. Üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qalın qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd kibrit qutusu, sol yan cibindən 2 ədəd qara rəngli “Redmi” markalı, 1 ədəd isə “Samsung” markalı mobil telefonlar, sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və “Kapital Bank”a məxsus plastik kart aşkar olunaraq götürülmüşdür. Həmin kibrit qutusuna baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli kəskin iyili narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Tofiq həmin narkotik vasitənin özü üçün istifadə etdiyini və İran İslam Respublikasının vətəndaşı Cavad adlı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin, narkotik vasitələrin satışı ilə məşğul olduğunu və İran vətəndaşı olan Cavad adlı şəxsdən heroinin qramını 15 manata alaraq, 40 manata satdığını bildirmişdir. Eyni zamanda Cavad adlı şəxsin narkotik vasitə olan metanfetamin və heroin göndərdiyini və Abşeron rayonu ərazisində gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni gizlətdiyi Bakı- Şamaxı yolunun 4-cü kilometrliyində Abşeron rayonu ərazisindən keçən hissəsinə Hökməli dairəsinin yaxınlığına getmişlər. Tofiq yolun kənarında olan ağaca yaxınlaşaraq 1 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisi açılıb baxıldıqda içərisində 1 ədəd sellofan paketdə ağ rəngli kristal şəkilli psixotrop maddə metanfetaminə bənzər kütlə, 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli kəskin iyili narkotik maddə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran vətəndaşı olan Cavad adlı şəxsdən satmaq məqsədi ilə aldığını və Kürdəmir rayonuna apararaq satmaq istədiyini bildirmişdir. Daha sonra protokol tərtib olunaraq oxunduqdan sonra iştirakçılar zərfə və protokola imza edərək doğruluğunu təsdiq etmişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə bioloji ekspertiza üzrə 13 yanvar 2021-ci il tarixli 7/59 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi - 4.877 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (1-ci cild iş vərəqi 40-43). İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertiza üzrə 13 yanvar 2019-cu il tarixli 6/155 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi maddə...» sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1000,00 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 100,790 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci ilin 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’’in siyahısına (1-ci siyahı narkotik vasitələr) daxildir (1-ci cild iş vərəqqi 45-52). İşdə olan ambulator narkoloji yoxlama üzrə 15 mart 2021-ci il tarixli 784 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 141-142). İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertiza üzrə 06 aprel 2021-ci il tarixli 724 saylı ekspert rəyindən görünür ki: - cinayət işinin materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. - sinayət işinin materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən məhkəmə-psixoloji ekspertizası aşağıdakı qərara gəlir: Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs özündən uydurmağa patoloji meyillilik əlamətləri müşahidə olunmadı, lakin situasiyanı öz xeyrinə yönəldib danışa bilər, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədən zaman güclü ruhi həyacan (fizioloji affekt) vəziyyətində olmamışdır (1-ci cild iş vərəqi 172-175). İşdə olan maddi sübut qismində tanıma və təhvil vermə haqqında 15 anvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş və ekspertiza keçirildikdən sonra qalıq qalmış bir ədəd kağız paketdəki bir ədəd kibrit qutusunda 4,857 qram qurudulmuş marixuana, bir ədəd kağız paketdə bir ədəd bükümdə 999.90 qram olan narkotik vasitə olan heroin və bir ədəd bükümdə 100,740 qram psixotrop maddə memamfetamin iş üzrə 15 yanvar 2021-ci il tarixdə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. (1-ci cild iş vərəqi 99-102). İşdə olan diskə baxış keçirilməsi haqqında 29 aprel 2021-ci il tarixli protokoldan görünür ki, istintaq materiallarına əlavə edilmiş 12.01.2021-ci il tarixdə saat 21:45 radələrindən saat 22:10 radələrindək olan müddət ərzində Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin keçirildiyi anların köçürüldüyü bir ədəd CD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12.01.2021-ci il tarixdə saat 20:30 radələrində radələrində ünvan 2 ünvanın yaxınlığında DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və saat 21:45-dən saat 22:10-dək olan müddət ərzində üstünə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli qalın qış idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində saxladığı bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 12.01.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və üstünə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli qalın qış idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində saxladığı bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, həmçinin 2 ədəd qara rəngli “Redmi” markalı, 1 ədəd sarı rəngli “Samsung” markalı mobil telefon, bir ədəd “Kapital Bank”a məxsus kart və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 4 il əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Cavad” adlı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirmiş, həmçinin “Cavad” adlı şəxsdən digər narkotik vasitə olan heroinin qramını 15 manata əldə etdiyini və 40 manata satmasını, hazırda da “Cavad” adlı şəxsdən satmaq məqsədi İlə əldə etdiyi narkotik vasitəni Abşeron rayonu ərazisində gizlətdiyini bildirmişdir (1-ci cild iş vərəqi 168-169). İşdə olan diskə baxış keçirilməsi haqqında 29 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 12.01.2021-ci il tarixdə saat 23:35 radələrindən saat 23:55 radələrindək olan müddət ərzində Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitə gizlətdiyi yerdə axtarış keçirilməsi prosesinin keçirildiyi anların köçürüldüyü bir ədəd CD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birlikdə Bakı-Şamaxı yolunun 4-cü kilometrliyində Abşeron rayonu ərazisindən keçən hisssəsində Hökməli dairəsi yaxınlığında “piyada keçidi” yol nişanının yanında olan ağacın dibindən bir ədəd ağ sellofan paket çıxarmış, içərisindən bir bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Çəkiliş zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olmasını İran İslam Respublikasının vətəndaşı “Cavad” adlı şəxsin ona göndərməsini, Bakı şəhərində işi olduğuna görə həmin narkotik vasitələri ağacın dibində gizlətməsini və yaşadığı Kürdəmir rayonuna gedən zaman özü ilə götürüb aparacağını bildirmişdir (1-ci cild iş vərəqi 170). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 29 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və narkotik vasitəni gizlətdiyi yerə baxış keçirilərkən Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən çəkilmiş iki ədəd disk 29 aprel 2021-ci il tarixdə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 177-186). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 29 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 2 ədəd qara rəngli “Redmi” markalı, 1 ədəd sarı rəngli “Samsung” markalı mobil telefon, bir ədəd “Kapital Bank”a məxsus kart 29 aprel 2021-ci il tarixdə maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs götürülmüş özünə məxsus bir ədəd AZE-******** seriya şəxsiyyət vəsiqəsi cinayət işi materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 177-186). İşdə olan mobil telefona baxış keçirilməsi haqqında 29 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 12.01.2020-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürdükləri bir ədəd sarı rəngli Samsung markalı mobil telefona özünün iştirakı ilə baxış keçirilmiş, mobil telefona baxış zamanı mobil telefon xüsusi kodda olmamış və telefonun yaddaş qurğusunda olan “WhatsApp” sosial şəbəkəsi olduğu müəyyən edilmiş, həmin sosial şəbəkə +7-***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmişdir. Təqsirləndirilən şəxs “WhatsApp” sosial şəbəkəsində zənglərə daxil olaraq Cavad adlı şəxsin istifadə etdiyi +98-910-692-0234 saylı mobil nömrə ilə mütamadi olaraq danışdığını göstərmiş və mobil telefonun yaddaş qurğusunda qeydə alınmış digər mobil nömrələrə baxış zamanı həmin nömrələrin qohumlarına və tanışlarına məxsus mobil nömrələr olduğunu bildirmişdir. Digər iki ədəd Redmi markalı mobil teelfonlara da baxış keçirilmiş, həmin mobil telefonlardan biri işlək vəziyyətdə olmamış, digəri isə arxasında pul qabı kimi istifadə olunan Redmi markalı mobil telefon olmuşdur. Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, mobil telefona baxış zamanı mobil telefon xüsusi kodda olmamış və telefonun yaddaş qurğusunda olan “WhatsApp” sosial şəbəkəsi olduğu müəyyən edilmiş, həmin sosial şəbəkə +7-***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olsa da qeydiyyatdan çıxdığı üçün sosial şəbəkəyə baxmaq mümkün olmamışdır (1-ci cild iş vərəqi 171). İşdə olan Kürdəmir şəhər icra başçısının Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi 15 yanvar 2021-ci il tarixli 108 saylı arayışdan və AZE seriyalı 12740649 №-li və AZE seriyalı 12740768 №-li şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs Nəriman oğlunun himayəsində 2004 və 2007ci illərdə anadan olmuş iki azyaşlı uşaqları vardır (1-ci cild iş vərəqi 94). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 04 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 25.06.1997-ci il tarixdə Nərimanov rayon xalq məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 226-1 maddəsinin 1 hissəsi ilə 2 azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 19 oktyabr 1998-ci il tarixdə Milli Məclisin Amnistiya qərarının 4-cü maddəsinə əsasən cəzadan azad edilmişdir. (1-ci cild iş vərəqi 152-153). İşdə olan şübhəli şəxsin tutulması haqqında 12 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 10). İşdə olan Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 12 yanvar 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 64-65). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və qurudulmuş marixuananı, psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməklə əldə edib daşıması və saxlaması özünün səmimi ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram, (2-ci siyahı psixotrop maddələr) psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə heroinin çəkisi 1.000 qram, psixotrop maddə metamfetaminin çəkisi 100,790 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmiş, Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halın olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar olmadığından barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 12 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halın olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının başlanğıcının 12 yanvar 2021ci il tarixdən hesablanmasını və Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan ambulator narkoloji yoxlama üzrə 15 mart 2021-ci il tarixli 784 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 141-142). Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - saxlanılması üçün Abşeron RPİ-yə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalan bir ədəd paketdəki bir ədəd kibrit qutusunda 4,857 qram qurudulmuş marixuana, bir ədəd kağız paketdə bir ədəd bükümdə 999.90 qram olan narkotik vasitə olan heroin və bir ədəd bükümdə 100,740 qram psixotrop maddə memamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 2 ədəd qara rəngli “Redmi” markalı, 1 ədəd sarı rəngli “Samsung” markalı mobil telefon və bir ədəd “Kapital Bank”a məxsus kart Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalı, 1 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri - 160 (yüz altmış) manat 64 (altmış dörd) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on il) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Abşeron RPİ-yə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalan 1 ədəd paketdəki 1 ədəd kibrit qutusunda 4,857 qram qurudulmuş marixuana, bir ədəd kağız paketdə bir ədəd bükümdə 999.90 qram olan narkotik vasitə olan heroin və bir ədəd bükümdə 100,740 qram psixotrop maddə memamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 2 ədəd qara rəngli “Redmi” markalı, 1 ədəd sarı rəngli “Samsung” markalı mobil telefon və bir ədəd “Kapital Bank”a məxsus kart Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın, 1 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri - 160 (yüz altmış) manat 64 (altmış dörd) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar