Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1116/2023 10.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən), Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1116/2023 saylı cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: 27 mart 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1116/2023 saylı cinayət işi daxil olmuşdur. Həmin cinayət işi 17 noyabr 2022-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X7 tərəfindən başlanaraq icraata qəbul olunmuş, 05 yanvar 2023-cü il tarixdə cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis baş leytenantı X4 icraatına verilmiş və 13 mart 2023-cü il tarixdə ittiham aktının tərtib edilməsi ilə yekunlaşdırılmışdır. İş üzrə ittiham aktı 15 mart 2023-cü il tarixdə Suraxanı rayon prokuroru baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təsdiq edilmiş və cinayət işi 16 mart 2023-cü il tarixli məktubla baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işinin materialları öyrənilərkən və işə hazırlıq iclasında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər (maddə 299.3.2) araşdırılmış və dövlət ittihamçısı vəsatətlə çıxış edərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 84cü, 303-cü və 307-ci maddələrinin tələblərini rəhbər tutmaqla, cinayət işinin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Suraxanı rayon Polis İdarəsini İstintaq şöbəsinin müstəntiqi polis baş leytenantı X8 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda - ümumi təmiz çəkisi 100,771 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində və yaşadığı evdə saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ərazi üzrə ünvan 2ləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinin bir qədər yuxarısında yerləşən cibindən 01 ədəd bükümdə təmiz çəkisi 3,779 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə videoçəkiliş aparılmaqla baxış zamanı həmin evdən bir ədəd sellofanda təmiz çəkisi 96,992 qram olan qəhvəyi rəngli maddə - üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd səthində heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclasınadək cinayət işi öyrənilərkən müəyyən olunmuşdur ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması da məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. Həmin Məcəlləsinin 289.3.1-ci maddəsinin tələblərinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinin tələblərinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3 və 223.3.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Lakin Təqsirləndirilən şəxs ittiham elan edilməsinə dair 18 noyabr 2022-ci il tarixli qərarda, eləcə də iş üzrə tərtib olunmuş ittiham aktının nəticə hissələrində ümumiyyətlə cinayətin törədildiyi vaxt göstərilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Qeyd olunanlara əsasən dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsini İstintaq şöbəsinin müstəntiqi polis baş leytenantı X8 barəsində xüsusi qərar çıxarılmasını, eyni zamanda Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 2 ay uzadılmasını xahiş etmişdir. Məhkəmə, dövlət ittihamçısının bu vəsatəti ilə bağlı müzakirə apararaq və proses iştirakçılarının həmin vəsatətə münasibətini aydınlaşdıraraq belə qərara gəlir ki, vəsatət əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə konkret hallarda həmin məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Məhkəmə cinayət işi üzrə dövlət ittihamçısının təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etməsini, həmçinin iş üzrə əlavə istintaq hərəkətləri aparılması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətə uzadılmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə qeyd edir ki, Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X7 tərəfindən qəbul olunmuş Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 18 noyabr 2022-ci il tarixli qərarda təqsirləndirilən şəxsə ittiham elan edilərkən də cinayətin törədildiyi vaxt göstərilməmişdir. Bununla belə, cinayət işini sonradan icraatına qəbul etmiş və ibtidai istintaqı ittiham aktı tərtib edilməklə yekunlaşdırmış həmin şöbənin müstəntiqi polis baş leytenantı X8 Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinin tələbinə əməl edilməsi üçün həmin Məcəllənin 225.1-ci maddəsinə uyğun şəkildə elan edilmiş ittihamı dəqiqləşdirməli və 223 və 224-cü maddələrində müəyyən edilmiş tələblərə riayət etməklə yenidən ittiham elan etməli olduğu halda bunu etməmiş, ibtidai istintaqı yekunlaşdıraraq qeyri-dəqiq ittihamı olduğu kimi ittiham aktına daxil etmişdir. Ona görə də məhkəmə tərkibi belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsini İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X8 barəsində xüsusi qərar çıxarılmalı və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3.6-cı, 303.4-cü, 306.2-ci və 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı :
1. Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
2. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 (iki) ay uzadılsın.
3. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsini İstintaq şöbəsinin müstəntiqi polis baş leytenantı X8 haqqında xüsusi qərar çıxarılsın.
4. Bu qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).