Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1117/2024 19.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1974-ci ildə Laçın rayonu, Alıqulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Alıqulu kəndində qeydiyyatda olmaqla, Bakı şəhər Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Savxozu, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda ƏN-in PX-in 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittham verilmişdir ona gərə ki, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımış, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 sentyabr 2023-cü il tarixdə saat 12:00 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan açıq göy rəngli şalvarın sağ cibindən bir ədəd şəffaf sellofan bükümündə 10,928 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o Qarabağ Müharibəsi iştirakçısı olmuşdur, polis əməkdaşları onu qapının ağzından tutmuşlar. Polis əməkdaşları idarədə ona təzyiq göstərərək narkotiki boynuna qoymuşlar. Onları tanıyan hamı onların narkotikdən uzaq olduğunu bilir. O, su maşını işlədirmiş, maşının sahibini də tutmuşlar. Onu da həmin şəxsin işində şahid qismində göstərmişlər və maşının sahibi olan şəxs barəsində başqa cür ifadə verməyi təklif etmişlər. O, tutulmamışdan 1 gün əvvəl qapının ağzında səhər saat 11 radələrində maşına mindirilərək idarəyə gətirilmiş, idarəyə təzyiq altında ifadəsi alınmışdır. Ailədə 4 nəfərdirlər, ondan başqa 2 qardaşı da var, qardaşlarının da narkotikə aidiyyatı yoxdur. Onun tutulma səbəbi işlətdiyi su maşınının sahibi tutulan zaman o işdə şahid qismində ifadə verməkdən imtina etməsi olmuşdur. Maşının sahibinin tutulması hadisəsi təxminən aprel ayında baş vermişdir. İdarədə ifadə verən zaman təzyiq olduğu üçün polislər dediyi kimi ifadə vermişdir. Onu ayın 12-si saat 11 radələrində yaşadığı evin qapısının ağzında saxlamışlar. Saxlayan zaman 3 nəfər polis əməkdaşı olmuşdur. Çəkiliş zaman vəkil də iştirak etmişdir, lakin heç nə soruşmamışdır. Vəkili polislər özləri seçmişdir. Elə vəkil gətirmişlər ki, problem çıxarmasın. Cibindən çıxan narkotiki polislər özləri əvvəlcədən cibinə qoymuşlar, üzərində narkotikdən başqa 86 manat pul, metro kartı və Samsung A10 markalı telefon da olmuşdur. ********** nömrə həmin Samsung A10 markalı telefonda olmuşdur. 2010 və 2022-ci ildə Məşəd ziyarətində olmuşdur. Ziyarətdə olmağı ilə bağlı ona hədə, təhdid olmamışdır. Ona ancaq narkotiki boynuna alması üçün təzyiq etmişlər. Heç vaxt narkotik və ya psixotoprop maddə qəbul etməmişdir. Ona psixoloji təzyiq göstərib boynuna almayacağı təqdirdə döyməklə hədələmişlər. O da qorxaraq qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi vəzifəsində çalışır. Təqsdirləndirilən şəxsi saxlayan zaman tanımışdır. Əməliyyat məlumat daxil olmuşdur ki, Loğman adlı şəxs narkotik vasitənin dövriyyəsi ilə məşğul olur. 12 sentyabr 2023-cü il tarixdə məlumat raport ilə rəhbərliyə məruzə edilmişdir. İntiqam Hüseyn və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Şəxsi evinin yaxınlığında müşahidə etmişlər. Onu günortadan sonra evinin yaxınlığında saxlamışlar. Şəxsi şöbəyə dəvət etmişlər, o isə etiraz etməmişdir. Şöbədə araşdırılma təhqiqatçı tərəfində vəkilin iştirakı ilə həyata keçirilmişdir. Loğman adlı şəxs şalvarının cibindən heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. Onların iştirakı ilə sənədləşdirilmə və həmin herinəbənzər maddənin qablaşdırılması aparılmışdır. Şəxsi günorta saatlarında təxminən saat 12:00-da evinin yaxınlığında saxlamışlar. Loğman bildirmişdir ki, narkotiki evinin yaxınlığında yerdən tapıb. Loğmana qarşı hər hansı fizikipsixi təsir olmamışdır. Onunla şöbəyə maşınla gəlmişlər. Şöbədə Loğman özü əməlini etiraf etmişdir. Şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat tədbirindən əvvəl məlumat olmuşdur, ancaq sonra satışla bağlı məlumat əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitəni satmasına dair ittihamın təsdiq edilməməsi qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs verilmiş ittihamda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin və iş materiallarından görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa, adı çəkilən qərarın 9-cu bəndindəki izahda sadalanan hallar da mövcud deyildir. Həmin bəndə izah olunur ki,“... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir. Bundan başqa, adı çəkilən Plenumun qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlara əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas (o cümlədən Plenumun qeyd olunan izahında göstərilən hallar) iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin əldə edib saxlaması kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Həmin Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində narkotik vasitənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və hesab edir ki, o cinayət əməlini yüngülləşdirmək üçün belə ifadə verir, onun törətmiş olduğu cinayət əməli şahid ifadələri, ekspertiza rəyləri və istintaq materialları ilə tam sübuta yetirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il qərarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 12 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edilərək ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan acıq göy rəngli şalvarın sağ cibindən bir ədəd şəffaf sellofona bükülümüş bükümü və sol cibindən 1 ədəd mobil telefonu təqdim etmişdir. Təqdim olunmuş bükümün içərisində narkotik maddə heroin olduğunu və həmin maddəni 11,09.2023-ci il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında yerdən tapdığını, sonradan narkotik maddə olduğunu və istifadə məqsədi ilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə qeydə alınmış görüntü 01 ədəd elektron məlumat daşıyıcısına köçürülüb protokollara əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan mobil telefona baxış keçirmə haqqında 19 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, üzərində 070-304-47- 31 sim kart nömrəsi olan “Samsung A10” markalı mobil telefon ön tərəfində yuxarı hissədə mərkəzdə kamerası var, ekranında hər hansı çat yoxdur, ekran üzlüyü cızılmış vəziyyətdədir. Arxa hissəsində 01 ədəd aşağıya doğru sıralanmış və 01 işıqlandırma cihazı vardır, arxa hissəsində «Samsung», aşağı hissəsində diktafon yerləşir. Bundan sonra mobil telefonu açıb menyu bölməsinə daxil olduqdan sonra ilkin olaraq ismarıc qutusuna baxış keçirildi. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilməmişdir. Mobil telefonda “Whatsapp” tətbiqetmə və ya digər sosial şəbəkə praqramı mövcüd deyil. Eyni zamanda telefonun qaleriya bölümündə olan fotoşəkillərə və videolara baxış keçirsəmdə istintaq üçün əhəmiyyətli ola biləcək sübut aşkarlanmadı. Bundan sonra mobil telefonların daxil olan və çıxan zənglər siyahısına tərəfimdən baxış keçirilsə də, həmin baxış zamanı istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə 12 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4848 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «zərflər üçün №244» möhür əksi, «...Təqsirləndirilən şəxs...» və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 10,928 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir.Heroin Azərbaycay Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 10,928 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 10,828 qram. Ekspertiza tədqiqatın dəyəri 110 (yüz on manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 13 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Nizami Həmidov tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsi nəzərdə tutulan ittiham elan edilmiş və barəsində Xəzər rayon məhkəməsinin hakimi X6 tərəfindən həbs etmənin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 12 yanvar 2023-cü il tarixədək «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 06 noyabr 2023-cü il tarixli, 7266 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Mikayılov X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azemis Elektron Məhkəmə İnformasiya Sistemindən sorğu edilərək cinayət işinə əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan qohumluq məlumatlarını əks etdirən sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X5 adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş oldugu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutuldugu vaxtdan, yəni 12 sentyabr 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,828 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən həmin istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 110(yüz on) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 110(yüz on) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar olan və Bakı şəhəri Xəzər rayon polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,828 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən həmin istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1117/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1117/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver