Məhkəmə qərarları › İş №1(101)-1117/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1117/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1117/2025 15.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X3 və X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 160, mənzil 44-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində xüsusi tibb müəssisəsinə yerləşdirmək təhlükəsizlik tədbiri tətbiq edilməklə hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixatriya Xəstəxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, əziyyət çəkdiyi “paranoid şizofreniya” psixi xəstəliyinin təsiri altında anlaqsız vəziyyətdə, yəni öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmadan 14 iyun 2024-cü il tarixdə, saat 13 radələrində qohumu Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanının qarşısına gələrək, sonuncudan ona yaxınlaşmasını xahiş edib heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə üzərində olan zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol bel nahiyyəsindən bir dəfə qəsdən vurub “sol bel nahiyəsinin periton boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, enən çənbər bağırsağın və müsariqəsinin yaralanması, daxili və xarici qanaxma” ilə müşayiət edilən bədən xəsarətləri yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsinə dair iş üzrə hərtərəfli, tam və obyektiv məhkəmə araşdırması aparılmış və ibtidai istintaq orqanının gəldiyi nəticə, yəni Təqsirləndirilən şəxs psixi pozuntular nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, yəni anlaqsız vəziyyətdə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurması məhkəmə baxışında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, o, törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə eyni kənddə yaşayırmışlar, sonuncu ilə qohumluq münasibətləri var, Zərərçəkmiş şəxs atasının dayısı oğludur. O, Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs vurmağının səbəbi sonuncunun onu uzun müddət əvvəl söyməsi olmuşdur. O, əvvəlcə Zərərçəkmiş şəxs çölə çağırmış və heç nə demədən qarın boşluğundan bir dəfə bıçaqla vurmuşdur. Bu hadisəni heç kim görməmişdir. Zərərçəkmiş şəxs vurduqdan sonra sonuncu ona heç nə deməmişdir. Daha sonra özü birbaşa polisə gedərək təslim olmuşdur. Zərərçəkmiş şəxs vurduqdan sonra sonuncunun nə etdiyi və onu xəstəxanaya kimin apardığı haqqında məlumatı olmamışdır. O, ruhi xəstəlikdən əziyyət çəkir, bu xəstəlik onda sonradan yaranmışdır. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına etiraz etmir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi nəvəsidir. 14 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yaşadığı evin həyətində iş görürmüş. Həmin vaxt kiminsə onu çağırdığını eşitmişdir. O, görmüşdür ki, onu çağıran Təqsirləndirilən şəxsdir. O, qapıdan bir qədər aralı dayanmışdır. Təqsirləndirilən şəxs onunla işi olduğunu və çölə çıxmağını bildirmişdir. O, çölə çıxan zaman qapı açıq olmuşdur. Təqsirləndirilən şəxs ona işi düşdüyünü bildirib qapını bağlamağını istəmişdir. O, qapını bağlamaq üçün arxaya çönən zaman Təqsirləndirilən şəxs onu bir dəfə bıçaqla vurub qaçmışdır. Daha sonra o, oğlu Ağamusanı çağırmışdır. Oğlu Şahid təcili tibbi yardıma zəng vurmuş və təcili tibbi yardım əməkdaşları gəlib onu xəstəxanaya aparmışlar. Həmçinin bildirir ki, o, Təqsirləndirilən şəxs heç vaxt söyməmişdir. Aralarında heç bir problem olmamışdır. Münasibətləri əvvəldən yaxşı olmuşdur. O, Təqsirləndirilən şəxs psixi xəstəliyinin olduğunu əvvəldən bilirmiş. O, Təqsirləndirilən şəxs şikayətçi deyil, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisə baş verən gün, yəni 14 iyun 2024-cü il tarixdə o, evdə yatmışdır. Atası Zərərçəkmiş şəxs səsinə çölə çıxmış və görmüşdür ki, atası bıçaqlanıb. Hadisənin necə baş verdiyini görməmişdir. Atası Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Təqsirləndirilən şəxs heç nə demədiyi halda, bıçaqla vurub qaçmışdır. O, təcili tibbi yardım xidmətinə zəng vurmuş və onların əməkdaşları gəlib atasını xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs onun atası Zərərçəkmiş şəxs xəsarət yetirərkən istifadə etdiyi bıçağın harada olmasından məlumatı yoxdur. Həmin vaxt atasının xəsarət aldığı nahiyəsindən qan axdığını görmüşdür. Məhkəmə baxışı zamanı cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs ruhi xəstəlik əvvəlki məhkumluğu ilə bağlı cəza çəkdikdən sonra yaranmışdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra bir neçə dəfə psixiatriya xəstəxanasında müalicə olunmuşdur. Müalicə olunmasına baxmayaraq, oğlunun səhhətində yaxşılaşma olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 14 iyun 2024-cü il tarixli “könüllü təqdim etmə barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi bir ədəd dəstəyi qara rəngli bıçağı könüllü surətdə polisə təqdim etmişdir (iş vərəqə: cild İ, səh. 6); 14 iyun 2024-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçağa baxış keçirilmiş, baxış zamanı bıçağın tiyəsinin hər iki səthində qəhvəyi rəngli ləkələr aşkar edilmişdir. İş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür (iş vərəqə: cild İ, səh. 8- 10); 17 iyun 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında protokol”dan görünür ki, həmin istintaq hərəkıti zamanı Təqsirləndirilən şəxs hadisənin baş verdiyi ünvan 2 ünvanında Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri əyani olaraq göstərmişdir (iş vərəqə: cild İ, səh. 78-80); 08 iyul 2024-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd kofta və bir ədəd şalvara baxış keçirilmiş, baxış zamanı koftanın üzərində qırmızı-qəhvəyi rəngli ləkələr, arxa səthinin sol yarısında, aşağı kənarından 20,5 sm, sol tikişdən 6 sm məsafədə 1,7 sm uzunluqda bir ədəd dəlib-keçən zədə aşkar edilmişdir, şalvarın sol yarısının ön və arxa səthində qəhvəyi rəngli ləkələr aşkar edilmişdir (iş vərəqə: cild İ, səh. 108-112); 19 oktyabr 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında protokol”dan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, bu zaman o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq bir daha təsvir etmişdir (iş vərəqə: cild İ, səh. 168-171); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 məhkəmə-tibbi ekspertizasının 15 iyul 2024-cü il tarixli, 1448 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə “X5” PHŞ-nə müraciət edərkən ona “Sol bel nahiyəsinin periton boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, enən çənbər bağırsağın və müsariqəsinin yaralanması, daxili və xarici qanaxma” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnoz deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “X5” PHŞ-nə müraciət etdiyi xx.xx.2024-cü il, saat 16:46-dan bir qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət bədənin əl çatan nahiyəsində yerləşməsinə baxmayaraq, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq deşici-kəsici əşyaya dəyməsi nəticəsində əmələ gələ bilməsi üçün xarakterik deyildir (iş vərəqə: cild İ, səh. 114-116); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 məhkəmə tibbi-bioloji ekspertizasının 10 iyul 2024-cü il tarixli, 421/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən, A beta (İİ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək, şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrində ABO sistemi üzrə qrup tədqiq edildikdə yalnız A antigeni alınmışdır. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə A (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmamışdır (iş vərəqə: cild İ, səh. 118-121); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 məhkəmə-kriminalistik ekspertizasının 10 iyul 2024-cü il tarixli, 297/MTKŞ-2024 nömrəli rəyindən görünür ki, təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın arxa səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus cins şalvarın üzərində zədə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (iş vərəqə: cild İ, səh. 123- 126); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 27 iyun 2024-cü il tarixli, 1862 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir (iş vərəqə: cild İ, səh. 129-130); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 stasionar məhkəmə psixiatrik ekspertizasının 20 sentyabr 2024-cü il tarixli, 160 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” xəstəliyi müəyyən edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona istinad edilən cinayət əməlini törədən zaman “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə əhəmiyyəti kəsb etdiyi üçün onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Buna görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hazırki hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3 və 22.2- ci maddələrinin təsiri altına düşmür (iş vərəqə: cild İ, səh. 143-146); 26 oktyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd kofta və bir ədəd şalvar, həmçinin bir ədəd mətbəx bıçağı maddi sübut kimi tanınmış və Bakı şəhər Binəqədi Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 179-187); 15 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2024-cü il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh. 43-44); Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 15 iyun 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 87-92); 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə icraat başlanmasına dair qərar qəbul edilmişdir (iş vərəqə: cild İ, səh. 192-193); Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir (iş vərəqə: cild İ, səh. 212-214); Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xüsusi tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri ilə əvəz olunmuş, onun mühafizəsi təmin edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir (iş vərəqə: cild İ, səh. 222-224); Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 yanvar 2025-ci il tаriхli tələbnаməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bundan başqa o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.5-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 03 il 03 gün müddətinə azadlıqdaqn məhrumetmə cəzasına məhkum edilmiş və 19 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqə: cild İ, səh. 243-244). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, sonuncunu bağışlamışdır və barəsində məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama aparıb toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətdiyi vaxt əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Odur ki, onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən və öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyi dərk etmək və onları idarə etmək iqtidarında olmadığından ona hazırda cəza təyin edilməsini və cəzanın icrasını istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. İş üzrə məhkəmə araşdırması zamanı tədqiq edilmiş yuxarıda şərh olunan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji, həmçinin stasionar məhkəmə psixiatrik ekspertizalarının rəylərindən göründüyü kimi, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.2-ci maddəsinə əsasən bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti nəzərə alınaraq ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş xüsusi tibb müəssisəsinə yerləşdirmək təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi nəzərə alınmalıdır. Qərar qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış və Bakı şəhər Binəqədi Rayon Polis İdarəsində saxlanılan, Zərərçəkmiş şəxs məxsus bir ədəd kofta və bir ədəd şalvar sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, bundan başqa bir ədəd mətbəx bıçağı məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-348, 356 və 468-477-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş xüsusi tibb müəssisəsinə yerləşdirmək təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin. Qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhər Binəqədi Rayon Polis İdarəsində saxlanılan, Zərərçəkmiş şəxs məxsus bir ədəd kofta və bir ədəd şalvar sahibi Zərərçəkmiş şəxs qaytarılsın, bundan başqa bir ədəd mətbəx bıçağı məhv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar