Məhkəmə qərarları › İş №1(101)-1118/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1118/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1118/2022 27.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1962-ci ildə Ağdam rayonunda anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdam rayonunun Quzaxlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib daşıyaraq saxlamış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, təmiz çəkisi 2,320 qram psixotrop maddə metamfetamin və 0,357 qram narkotik vasitə heroini əldə edib yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə daşıyaraq saxlamış, 06 yanvar 2022-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında həmin narkotik vasitə heroinin 0,337 qramını 20 manat pul müqabilində Şahid1 satmış, 06 yanvar 2022-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 ünvan 2 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilib bölmədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı Şahid1 əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 0,337 qram olan qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 22:20 radələrində Nizami RPİ-nin 23cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman mənzilin yataq otağında masanın üzərindən 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 2,320 qram olan, külli miqdarda ağ rəngli kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 03 (üç) ədəd 2 ml həcmli şprisə doldurulmuş halda, ümumilikdə 1 ml həcmində, narkotik vasitə heroinin quru maddəsinin ümumi çəkisi 0,02 qram təşkil edən məhlul, üzərində psixotrop maddə metamfetaminin izləri olan 02 (iki) ǝdəd göy rəngli sellofan kəsiyi, içərisində narkotik vasitə heroinin izləri olan 02 (iki) ədəd sınıq ampula, 01 (bir) ədəd boruşəkilli şüşə qab və 01 (bir) ədəd 2 ml həcmli bos şpris aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, təxminən 10 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. O, narkotiki bədənində olan ağrılara görə qəbul edir. 06 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 5/2 ünvanda tanışı Nicat ilə duran zaman mülki geyimdə iki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, onlara narkotik maddələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onları 23-cü Polis bölməsinə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuş və o, üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra o, polis əməkdaşlarına narkotik vasitə istifadəçisi olduğunu qeyd etmiş və yaşadığı evdə şəxsi istifadəsi üçün hazır vəziyyətdə şprisdə narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra öz razılığı əsasında ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini qeyd etmiş və polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə getmişlər. Onun otağına daxil olduqdan sonra polis əməkdaşları tərəfindən ona otaqda qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın olduğu halda təqdim etməyi təklif olunmuşdur. Otaqda stolun üzərində olan dəmir qabın içərisində 1 ədəd maye şəklində iynəyə doldurulmuş maddə olmuşdur. Digər 1 ədəd iynənin içində isə su olmuşdur. Stolun üstündə əlavə olaraq limon duzu da olmuşdur. Limon duzunu heroini hazırlayarkən ona əlavə etmişdir. Otaqda olan divanın üzərindəki döşəyin altından 100 manat aşkar edilmiş, o, həmin pulun əmək haqqı olduğunu bildirmiş və aşkar olunmuş 100 manat pul ona qaytarılmışdır. Mənzilin digər otaqlarına onun iştirakı ilə baxış keçirilən zaman qanunla dövriyyəsi qadağan olunmuş və iş üçün mühüm əhəmiyyət kəsb edəcək əşya və ya predmet aşkar olunmamışdır. Mənzilindən aşkar olunmuş 2 ədəd şpris, içərisi boş ağ zərfdə qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar birlikdə Polis bölməsinə gəlmişlər və orada bu barədə protokol tərtib edilmiş, o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Yaşadığı evdən aşkar olunmuş 1 ədəd içərisində hazır vəziyyətdə olan heroini onun gündəlik istifadəsi üçün saxlamışdır. Məhkəmədə verilən suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirdi ki, o, narkotik vasitəni fərqli-fərqli adamlardan almışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Ağahüseyni kənddən tanıyır. Ağahüseynlə düşmənçiliyi olmamışdır. Ağahüseynin hansı narkotik vasitəni istifadə etməsini bilmir. Onda Ağahüseynin telefonu olmamışdır. O, Ağahüseynlə sövdələşməmiş, Ağahüseynlə arasında 20 manat söhbəti olmamışdır. O, Ağahüseyndən heç nə almamış, ona da heç nə satmamışdır. Narkotik istifadə etdiyinə görə peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 yanvar 2022-ci ildə saat təxminən 16 radələrində bölmədə olan zaman bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində yaşayan “Ağahüseyn” adlı şəxsin narkotik vasitələr əldə edib istifadə etməsi barədə məlumat daxil olmuşdur. Məlumatı aldıqdan sonra bölmə rəisinə müraciət olunmuş və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış, saat təxminən 17:30 radələrində Keşlə qəsəbəsi, M.Kazımov küçəsi 3 ünvanın yaxınlığında Ağahüseyn adlı şəxsə uyğun gələn şəxsi saxlayıb bölməyə gətirmişlər. Bölmədə həmin şəxsin ünvan 11 kirayədə yaşayan Şahid1 olması müəyyən olunmuşdur. Bundan sonra xidməti otaqlardan birində onun üzərinə baxış keçirilərkən üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Şahid1 təkliflə razılaşaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə olan kütləni təqdim edərək, həmin maddənin heroin olduğunu və 06 yanvar 2022-ci il tarixdə Keşlə qəsəbəsində tanıdığı Elxan adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin maddə zərfə qoyularaq möhürlənmiş və protokol tərtib edilib bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Elxan adlı şəxsin müəyyən edilməsi üçün onun və əməliyyat müvəkkili Şahid5 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Saat təxminən 19:30 radələrində ünvan 6 ünvanın qarşısında Elxan adlı şəxsi müəyyən etmişlər və sonuncunu yanında olan Nicat adlı şəxslə birlikdə bölməyə gətirmişlər. Bölmədə həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid2 olması müəyyən olunmuşdur. Sonra onların üzərlərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamış, Şahid2 qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə olan kütləni təqdim edərək, həmin maddənin heroin olduğunu və Yasamal rayonu ərazisindən tanımadığı şəxsən 10 manata aldığını bildirmişdir. Daha sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı ünvan 7 ünvanına baxış keçirilərkən Təqsirləndirilən şəxs təkliflə mənzildə olan dəmir qabın içrəisindəki 4 ədəd maye şəklində iynəyə doldurulmuş mayeni təqdim edərək heroin olduğunu bildirmişdir. Bundan sonra həmin dəmir qabın içərisində 2 ədəd sınmış ampula, otaqda olan kamodun üzərində 1 ədəd kolba, otaqda olan stolun üzərində 1 ədəd səffaf sellofana bükülmüş kütlə və 2 ədəd göy rəngli sellofana bükülmüş kütlə aşkar olunmuşdur. Bundan başqa mənzildən hər hansı bir qanunazidd maddə və ya predmet aşkar edilməmiş, aşkar edilmiş maddə və predmetlər zərfə qoyularaq möhürlənmiş və protokol tərtib edilib bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 yanvar 2022-ci il tarixdə, saat 18:30 radələrində bölmədə olan zaman narkotik vasitələrin satıcısı “Elxan” adlı şəxsin müəyyən edilib bölməyə gətirilməsi məqsədilə rəis tərəfindən onun və baş əməliyyat müvəkkili Rəşad Qəhramanovun iştirakı ilə əməliyyat qrupu təşkil olunmuşdur. Saat təxminən 19:30 radələrində ünvan 6 ünvanın qarşısında Elxan adlı şəxs müəyyən edilmiş və yanında olan Nicat adlı şəxslə birlikdə bölməyə gətirilmişdir. Bölmədə həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid2 olması müəyyən olunmuşdur. Sonra onların üzərlərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamış, daha sonra Şahid2 qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə olan kütləni təqdim edərək, həmin maddənin heroin olduğunu və Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı ünvan 7 ünvanına baxış keçirilərkən Təqsirləndirilən şəxs təkliflə mənzildə olan dəmir qabın içərisindəki 4 ədəd iynəyə doldurulmuş mayeni təqdim edərək heroin olduğunu bildirmiş, bundan sonra həmin dəmir qabın içərisində 2 ədəd sınmış ampula, otaqda olan kamodun üzərində 1 ədəd kolba, otaqda olan stolun üzərində 1 ədəd səffaf sellofana bükülmüş kütlə və 2 ədəd göy rəngli sellofana bükülmüş kütlə aşkar olunmuşdur. Bundan başqa mənzildən hər hansı bir qanunazidd maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin maddə və predmetlər zərfə qoyularaq möhürlənmiş və protokol tərtib edilib bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda yaşayır, təxminən 7 ilə yaxın olar ki, narkotik vasitələrdən istifadə edir. O, narkotik vasitəni müxtəlif şəxslərdən, o cümlədən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində yaşayan Təqsirləndirilən şəxs almışdır. 06 yanvar 2022-ci il tarixdə ünvan 8 ünvanda mülki geyimdə iki nəfər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik maddələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu 23-ci Polis bölməsinə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində üzərinə baxış keçirilən zaman o, əynində olan şalvarın sağ yan cibindən şəffaf sellofan bükümdə olan bükümü təqdim edərək həmin bükümdə narkotik maddə heroin olduğunu, həmin narkotik maddə olan heroini Nizami rayonu Keşlə qəsəbəsində yaşayan Elxan adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə onun və iştirakçıların iştirakı ilə içərisi boş zərfə qoyularaq qablaşdırılmış, o və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, o, gündəlik 5 manatlıq narkotik almışdır. O, Elxanın istifadə etdiyini eşitmiş, Keşlə qəsəbəsində Elxanla rastlaşmış, Elxanın narkotik vasitə istifadə etdiyini bildiyinə görə Elxandan narkotik vasitə heroin istəmiş, Elxandan 4 “çet” almış və Elxana 20 manat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Keşlə qəsəbəsində fabrikdə fəhlə olaraq, Təqsirləndirilən şəxs isə bağban işləmişlər. O, işdən çıxıb 38 nömrəli avtobusu gözləyən zaman polis əməkdaşları yaxınlaşıb Elxanla onu polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar edilməmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində yaşayan orta bədən quruluşlu, təxminən 55-60 yaşlarında olan "Ağahüseyn" adlı şəxsin mütəmadi olaraq narkotik maddələri əldə etməsi, istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat qrupunun yaradılması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, "Ağahüseyn" adlı şəxsin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində yaşayan orta bədən quruluşlu, təxminən 55-60 yaşlarında olan "Ağahüseyn" adlı şəxsin mütəmadi olaraq narkotik maddələri əldə etməsi, istifadəsi barədə daxil olmuş məlumatla əlaqədar həmin şəxsin cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvləri 06 yanvar 2022-ci il tarixdə saat 17:30 dəqiqədə ünvan 9 ünvanın yaxınlığında zahiri əlamətləri "Ağahüseyn" adlı şəxslə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsi Nizami RPİ-nin 23-cü PB-nə gətirmişlər. PB-də həmin şəxsin xx xxxxx 1966-cı ildə ünvan 10 ünvanda qeydiyyatda olan, ünvan 11 kirayə yaşayan Şahid1 olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan kütləni təqdim edərək onun heroin olduğunu bildirmiş, daha sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Verilən suallara cavab olaraq Şahid1 ondan aşkar olunmuş bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini 06 yanvar 2022-ci il tarixdə Keşlə qəsəbəsində tanıdığı Elxan adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra Şahid1 götürülən narkotik maddəyə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 163 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 26-27). İşdə olan xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Elxan adlı şəxsin şəxsiyyəti müəyyən edilərək Nizami RPİ-nin 23-cü PB-nə gətirilməsi ilə bağlı əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə təhqiqatçı tərəfindən 23-cü Polis bölməsinin rəisinə tapşırıq verilmişdir (cild 1, iş vərəqi 32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində yaşayan arıq bədən quruluşlu, təxminən 55-60 yaşlarında olan "Elxan" adlı şəxsin mütəmadi olaraq narkotik maddələri əldə etməsi, üzərində saxlaması, satması və istifadəsi barədə daxil olmuş məlumatla əlaqədar "Elxan" adlı şəxsin cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvləri 06 yanvar 2022-ci il tarixdə saat 19:30 dəqiqədə Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 5/2 ünvanın qarşısında iki nəfər şəxsin olduğunu, onlardan birinin zahiri əlamətləri "Elxan" adlı şəxslə eynilik təşkil etdiyi üçün polis əməkdaşları həmin şəxslərə yaxınlaşıb onları Nizami RPİ-nin 23-cü PB-nə gətirmişlər. PB-də həmin şəxslərin xx xxxx 1962-ci il təvəllüdlü, Ağdam rayonunda anadan olan, ünvan 7-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs və xx xxxx 1985-ci il təvəllüdlü, Zəngilan rayonunda anadan olan, Zəngilan rayonu, Zəngilan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, ünvanının dəqiq bilmədiyi ümumi yataqxanada qeydiyyatsız yaşayan Şahid2 olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 38). İşdə olan ibtidai istintaq orqanının əməliyyat tapşırığına Nizami Rayon Polis İdarəsinin 23-cü PB-nin xx.xx.2022-ci il tarixli, 088/1749 nömrəli cavab məktubundan görünür ki, Şahid1, Şahid2 Məmmədəli oğlunun və Təqsirləndirilən şəxs başqa hansı cinayətlər törədib-törətməmələri, Şahid2 və Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etmə mənbəyinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hələlik müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 236). İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cu PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkilləri polis mayoru Şahid3 və Şahid4 tərəfindən qəbul edilmiş 06 yanvar 2022-ci il tarixli qərarlar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 277). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır (cild 1, iş vərəqi 74-75). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs otağında olan stolun üzərindəki dəmir qabın içərisində 4 ədəd maye şəklində iynəyə doldurulmuş maddəni təqdim edərək həmin maddənin narkotik maddə heroin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə həmin dəmir qabın içərisindən iki ədəd sınmış narkotik maddənin izlərinə bənzər ampula aşkar olunmuş, sonra otaqda olan mebel kamodun üzərindən bir ədəd kolba, başqa otaqda olan stolun üzərində bir ədəd şəffaf sellofana bükülmüş kütlə və iki ədəd göy rəngli sellofana bükülmüş kütlə aşkar olunaraq götürülmüşdür. Otaqda olan divanın üzərindəki döşəyin altından 3 ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq və 6 ədəd 5 manatlıq əskinaslarla ümumilikdə 100 manat aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin pulun əmək haqqı olduğunu bildirmiş, aşkar olunmuş 100 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən götürülməmişdir. Mənzilin digər otaqlarına Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman qanunla dövriyyəsi qadağan olunmuş və iş üçün mühüm əhəmiyyət kəsb edəcək ǝşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş 4 ədəd şpris, bir ədəd kolba, iki ədəd qırıq ampula və 3 ədəd büküm içərisi boş ağ zərfdə qablaşdırılaraq DİN-nin 163 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 84-85). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/66 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №163 dairəvi möhür əksləri olan””... A. Quliyev..." soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,337 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 101-105). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/64 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №163” dairəvi möhür əksləri olan 4 ədəd zərflərdə: -üzərində"... E. İsmayılov..” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,320 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 (iki) ədəd göy rəngli sellofan kəsiyinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus, 2 ədəd sınıq ampulanın içərisində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunəsi ilə müqayisəli tədqiqatı aparılmadı. - üzərində”... E. İsmayılov..." soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd boruşəkilli şüşə qabın içərisində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların müqayisəli tədqiqatı aparılmadı. - üzərində” ... E. İsmayılov soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə: - 3 (üç) ədəd 2 ml həcmli şprisdə ümumilikdə 2 ml həcmində məhlul narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin ümumi çəkisi - 0,02 qramdır. - 1 (bir) ədəd 2 ml həcmli boş şprisdən ekstraksiya olunmuş nümunədə narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların müqayisəli tədqiqatı aparılmadı. Məhlul halında heroin qurudulan zaman kimyəvi tərkibini dəyişdiyi üçün üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №163" dairəvi möhür əksləri olan, “... A. Quliyev..." soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki heroinlə müqayisəli tədqiqatın aparılması mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"in siyahısına (Siyahı 1) daxildir Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 90-96). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" X3 xx.xx.2022-ci il tarixli, 1600 nömrəli məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü, ünvan 13 ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 235) İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş videogörüntüyə baxış haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 23-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Rəşad Məmmədov tərəfindən Şahid1 üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, Şahid1 təkliflə razılaşaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə olan kütləni təqdim edərək, həmin maddənin heroin olduğunu və xx.xx.2022-ci il tarixdə Keşlə qəsəbəsində tanıdığı Elxan adlı şəxsdən 20 manata aldığını bildirir. Sonra onun üzərində axtarış aparılsa da hər hansı bir qanunazidd əşya və ya predmet aşkar olunmur. Daha sonra həmin maddə zərfə qoyularaq möhürlənir (cild 1, iş vərəqi 237). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş videogörüntüyə baxış haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mənzilə baxış keçirilən zamanı Nizami RPİ 23-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Rəşad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs mənzildə qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq mənzildə olan dəmir qabın içrəisindaki 4 ədəd maye şəklində, iynəyə doldurulmuş mayeni təqdim edərək heroin olduğunu bildirir. Bundan sonra həmin dəmir qabın içərisində 2 ədəd sınmış ampula aşkar olunur. Sonra otaqda olan kamodun üzərində 1 ədəd kolba aşkar edilir. Daha sonra otaqda olan stolun üzərində 1 ədəd səffaf sellofana bükülmüş kütlə və 2 ədəd göy rəngli sellofana bükülmüş kütlə aşkar olunur. Sonra ümumilikdə 100 manat aşkar edilsə də əmək haqqı olduğunu dediyindən götürülmür. Bundan başqa mənzildən hər hansı bir qanunazidd maddə və ya predmet aşkar edilmir. Daha sonra həmin maddə və predmetlər zərfə qoyularaq möhürlənir (cild 1, iş vərəqi 240). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 şəxsi istifadəsi üçün 20 manat müqabilində Təqsirləndirilən şəxs 05 yanvar 2022-ci il tarixdə Keşlə qəsəbəsində 01 bükümdə narkotik vasitə heroin almasını Təqsirləndirilən şəxs üzünə deməklə sonuncunu ifşa etmişdir (cild 1, iş vərəqi 141-142). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 939 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 259-260). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus mənzilə baxış keçirilməsi və götürmə aparılmasını özündə əks etdirən 1 ədǝd CD disk, mənzildən götürülmüş 2,320 qram psixotrop maddə olan metamfetamin, 2 ml məhlul halında narkotik vasitə heroin, üzərində metamfetamin və heroinin izləri olan 2 ədəd göy rəngli sellofan kəsiyi, 2 ədəd sınıq ampula, 1 ǝdǝd boruşəkilli şüşə qab, 1 ədəd boş şpris və Təqsirləndirilən şəxs Şahid1 satdığı 0,337qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, 1 ədǝd CD disk cinayət işinin materialların əlavə olunmuş, ekspertiza tədqiqatından sonra qalan 2,270 qram psixotrop maddə metamfetamin, 1,25 ml məhlul halında narkotik vasitə heroin, üzərində metamfetamin və heroinin izləri olan 2 ədəd göy rəngli sellofan kəsiyi, 2 ədəd sınıq ampula, 1 ədǝd boruşəkilli şüşə qab, 1 ədǝd boş şpris və 0,307 qram narkotik vasitə heroin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 267-273, 289). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqi 278). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən olunması məqsədilə hazırkı cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqi 280). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün narkotik vasitənin yalnız istifadəçisi olması, Şahid1 narkotik vasitə satmaması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, onların müxtəlifliyi, Təqsirləndirilən şəxs ona narkotik vasitəni satması barədə Şahid1 birbaşa ifadəsini, habelə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib daşıyaraq saxlamış və satmışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib daşıyaraq saxlaması və satması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmənin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyun 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza şərti hesab edilmiş və ona 6 (altı) ay sınaq müddəti təyin edilmişdir (cild 1, iş vərəqi, 225-226, 242-247). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs şərti məhkum edilməyə görə təyin edilmiş sınaq müddəti başa çatdığına görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 08 yanvar 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 49, 205-209). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 06 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 2,270 qram psixotrop maddə metamfetamin, 1,25 ml məhlul halında narkotik vasitə heroin, üzərində metamfetamin və heroinin izləri olan 2 ədəd göy rəngli sellofan kəsiyi, 2 ədəd sınıq ampula, 1 ədǝd boruşəkilli şüşə qab, 1 ədǝd boş şpris və 0,307 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus mənzilə baxış keçirilməsi və götürmə aparılmasını özündə əks etdirən 1 ədǝd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 130 (yüz otuz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 2,270 qram psixotrop maddə metamfetamin, 1,25 ml məhlul halında narkotik vasitə heroin, üzərində metamfetamin və heroinin izləri olan 2 ədəd göy rəngli sellofan kəsiyi, 2 ədəd sınıq ampula, 1 ədǝd boruşəkilli şüşə qab, 1 ədǝd boş şpris və 0,307 qram narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus mənzilə baxış keçirilməsi və götürmə aparılmasını özündə əks etdirən 1 ədǝd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 130 (yüz otuz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar