Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1119/2020 19.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X4, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs X2 iştirakları ilə, « 19 » noyabr 2020-ci il Bakı şəhərində xx.xx.1996-cı il tarixdə Quba rayonu, Tülər kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli,himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı Quba rayonu, Tülər kəndinin mərkəzindən keçən Möhüc çayının kənarında, həmkəndlisi Zərərçəkmiş şəxs2 Sadıq oğlu ilə rastlaşarkən Zərərçəkmiş şəxs2 onun əmisi oğlunun arvadı barəsində xoşagəlməz ifadələr işlədərək həmin qadınla münasibətləri olmasını deməsinə görə aralarında yaranmış münaqişə zamanı yaxınlıqda olan çəpərdən götürdüyü bir ədəd ağac parçası ilə Zərərçəkmiş şəxs2 baş və bədən nahiyələrindən bir neçə dəfə vurub, ona baş beyin əzilməsi, sol beyin yarımkürəsində intraparenximatoz və epidurual hematoma ilə müşayiət olunan ənsə sümüyünün açıq xətti sınığı, başın təpə ənsə nahiyəsində geniş həcmli əzilmiş cırılmış yara, sağ çiynində öndə və sol saiddə hərəsində bir yerdə qançırdan ibarət həyat üçün təhlükə törədən ağır bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Quba şəhərindən evinə gedən zaman Tülər kəndinin içindəki körpünü keçən kimi mağazanın yanında Tülər kənd sakini Mirəli maşınından düşüb piyada Möhüc çayının kənarı ilə tək evinə doğru hərəkət etməyə başlamış, piyada təxminən 25-30 metr hərəkət etdikdən sonra qarşısına həmkəndlisi Zərərçəkmiş şəxs2 Sadıq oğlu çıxmış, Mürvət ona “nə lotu-lotu gəzirsən, dayan sənə sözüm var” demiş, o, da Mürvətə nə demək istədiyini soruşub Mürvətə tərəf yaxınlaşmışdır. Bu zaman Mürvət də ona tərəf yaxınlaşaraq ona əl qol atmaqla ünvanına nalayiq söyüşlər söyməyə başlamış, o, Mürvətdən spirtli içkinin iyini hiss edərək Mürvətin sərxoş olduğunu başa düşmüş, buna görə də, Mürvətə səhər söhbət etməyi təklif etsə də, Mürvət israrla qabağını kəsərək onunla söhbət etmək istədiyini, əks halda onu vuracağını bildirmişdir. Mürvəti özündən uzaqlaşdırmaq məqsədilə əli ilə itələyərək yoluna davam etmək istəsə də, Mürvət yolun kənarında saxladığı “Qaz-66” markalı maşınına minərək avtomaşını onun üzərinə sürmüş, maşının onu vurmaması üçün özünü kənara atmış, bu zaman dizləri sıyrılmışdır. Mürvət maşını saxlayıb, maşından düşərək üzərinə gəlib, ona əmisi oğlunun arvadı Gülçinin başqa şəxslərlə cinsi əlaqədə olmasını, lakin onunla əlaqədə olmamasını deyib-demədiyini soruşmuşdur. Mürvətə belə bir söz demədiyini, bu sözü kimin dediyini soruşduqda Mürvət həmin sözü deyən adamın adını deməyəcəyini bildirmişdir. X3 münasibətinin heçkimə aidiyyətinin olmadığını deyərək Gülçinlə münasibətdə olması barədə özünə haqq qazandıraraq onu bıçaqla vuracağı ilə hədələmişdir. O, da Mürvətin sözlərindən qorxaraq, yəni Mürvətdə bıçaq olacağını düşünüb Mürvəti əli ilə itələmiş və Mürvət arxası üstə yerə yıxılmışdır. Bundan sonra o, çəpər dibində olan ağac parçasını alıb yerdə olan Mürvətə tərəf atmış, hava qaranlıq olduğundan həmin ağac parçasının Mürvətin hansı nahiyəsindən dəydiyini bilməmiş, Mürvət yerdən daş alıb onun istiqamətində atmağa başlasa da, daş ona dəyməmiş, daha sonra yaxınlıqda olan əmisi Adilin evinə qaçaraq baş vermiş hadisəni əmisinə danışmış və əmisi də, bayıra çıxmamağını, səhər evinə getməyini ona tövsiyyə etmişdir. Səhər saat 04 radələrində öz evinə getmiş və saat 5 radələrində polis əməkdaşları evinə gələrək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində öyrənmişdir ki, hadisə zamanı Mürvətə yetirdiyi xəsarət ciddi olduğundan Mürvəti gecə xəstəxanaya aparmışlar. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Sadıq oğlu ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı Quba rayonu, Tülər kəndinin mərkəzindəki Möhüc çayının kənarında dayanan zaman təsadüfən həmkəndlisi Təqsirləndirilən şəxs ilə rastlaşmış, Eminin əmisi gəlini Gülçinin onunla münasibəti olduğunu danışması barədə eşitdiyindən bu barədə Emindən soruşmuş, Emin söhbətdən qaçaraq onunla bu barədə söhbət etmək istəmədiyini demişdir. Eminin ondan aralandığını görüb kənarda saxladığı Qaz-66 markalı avtomaşını sahibsiz qalmasın deyə Eminin yanına tərəf sürüb avtomaşını saxlayaraq Eminlə yenidən söhbət etməyə davam etmiş, Eminlə söhbət edən zaman siqaretini yandırmaq məqsədilə arxasını çevirən zaman Emin gözləmədiyi bir anda ağac parçası ilə arxadan onun baş nahiyəsindən vurmuşdur. O, dönəndə ağac zərbəsinin biri də, onun sağ qolunun yuxarı hissəsinə, yəni çiyin nahiyəsinə vurulmuş, sol əli ilə ağac parçasını Eminin əlindən almaq istədikdə sol əlindən də, xəsarət almışdır. Emin əlindəki ağac parçasını yerə ataraq oradan qaçmışdır. O, başının arxa nahiyəsindən qan gəldiyini görmüş sonrasını isə xatırlamamışdır. Hadisədən 2 saat əvvəl 2 bokal pivə içmiş, hadisə zamanı Eminin üzərinə avtomaşın sürməmişdir. Zərərçəkmiş şəxs2 Sadıq oğlu məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşı oğludur, xx.xx.2020-ci il tarixdə saat 21-22 radələrində Emin onun yaşadığı evə tək gələrək həmkəndliləri Mürvət Adıgözəlovla dalaşdığını bildirmiş, o, münaqişənin səbəbini soruşduqda öyrənmişdir ki, Mürvətin qardaşı Behbutun gəlini Gülçin Muradova barəsində xoşagəlməz sözlər dediyi üçün Emin onunla dalaşmış, Mürvət sərxoş olduğundan onunla yenidən münaqişə yaranmaması üçün öz evinə yox onun evinə gəlmişdir. O, da Eminə yolda Mürvətlə bir daha rastlaşmaması üçün hələlik evinə getməməsini məsləhət bilmişdir. Saat 4-5 radələrində Emin evinə getmiş və sonradan ona məlum olmuşdur ki, Emini Mürvətə xəsarət yetirdiyi üçün polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə səhər saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs ilə birlikdə Quba şəhərinə işləmək üçün gəlmiş, axşam saat 20 radələrində yenidən Eminlə birlikdə ona məxsus olan Qaz-53 markalı, **-BT-*** nömrə nişanlı avtomaşınla Quba rayonu, Tülər kəndinə qayıtmış, Tülər kəndinin içində körpünü keçən kimi Emini düşürərək evinə getmişdir. Səhəri gün kənd camaatından Eminlə başqa bir həmkəndlisi Zərərçəkmiş şəxs2 arasında münaqişə olmasını və bu münaqişə zəminində Eminin Mürvətə xəsarət yetirməsini eşitmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 610 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Sadıq oğlunun bədəni üzərində aşkar olunan xəsarətlər-baş beyin əzilməsi, sol beyin yarımkürəsində intraparenximatoz və epidurual hematoma ilə müşayiət olunan ənsə sümüyünün açıq xətti sınığı, başın təpə ənsə nahiyəsində geniş həcmli əzilmiş cırılmış yara, sağ çiynində öndə və sol saiddə hərəsində bir yerdə qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə yəni ekspertizaya təqdim edilən ağac parçası və ya ona oxşar digər ağacla vurulma nəticəsində əmələ gələ bilər, ağac parçasının onun üzərinə atılması zamanı yaranması az inandırıcıdır, onun adına xəstəlik tarixində daxil olarkən “ağzında zəif alkoqol qoxusu” olması qeydiyyatı vardır, həmin xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurmaya aiddir. Ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji xx xxxx 2020-ci il tarixli, 1280 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət işində təsvir olunmuş hadisə dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilən cinayət əməlini törədərkən süuruna və dərketməsinə təsir edə biləcək psixi-emosional vəziyyətdə olmamış, emosional sferasında situasiya ilə əlaqədar hirslilik yaranmışdır. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 592/2020 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Sadıq oğlunun ABO sistemi üzrə qan qrupu-A/ll/. Hadisə yerində götürülmüş 02 ədəd çınqıl daşı üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni alındı. Beləliklə, bu qan ləkələri A/ll/qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 Adıgözəl oğluna məxsus ola bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar- Quba rayon polis şöbəsində saxlanılan 1 ədəd ağac parçası, iki ədəd üzərində insan qanı ləkələri olan çınqıl daşları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar- Quba rayon polis şöbəsində saxlanılan 1 ədəd ağac parçası, iki ədəd üzərində insan qanı ləkələri olan çınqıl daşları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Mülki iddia və ekspertiza xərcinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-1119/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1119/2020
19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver