Məhkəmə qərarları › İş №1(101)-1119/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1119/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1119/2022 22.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 12 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 yanvar 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,913 qram narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda 0,408 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 12 yanvar 2022-ci il tarixdə, saat 22:15 radələrində ünvan 2 ünvanında şübhəli olduğuna görə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda kustar üsulla hazırlanmış 3,913 qram narkotik vasitə olan heroin və bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış 0,408 qram psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının qənaətinə görə qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum vaxtda, naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 3,913 qram narkotik vasitə heroini və 0,408 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 12 yanvar 2022-ci il tarixdə, saat 22:15 radələrində ünvan 4 ünvanında özünü şübhəli apardığına görə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin (bundan sonra: RPİ-nin, PB-nin) əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımaqla saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda kustar üsulla hazırlanmış 3,913 qram narkotik vasitə olan heroin və bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda kustar üsulla hazırlanmış 0,408 qram psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən istifadə etmişdir, narkomandır, lakin heç vaxt narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş, həmçinin düşmənli olmuş və həmişə ehtiyyatla davranmışdır. O, saxlanılan gün şəxsi istifadəsi üçün adını açıqlamaq istəmədiyi şəxsdən narkotik vasitə heroin və metamfetamin psixotrop maddəsi almışdır. O, narkotik satan şəxsə 1,5 qram “kakos”, yəni heroin və 0,4 qram metamfetamin sifariş vermişdir. Lakin həmin şəxs ona 1,5 qram “kakos”un yerinə əlavə olaraq 0,4 qram hədiyyə etmiş və ona 1,9 qram “kakos”, 0,4 qram metamfetamin olduğunu bildirmişdir. O, saxlanılarkən narkotiki və psixotrop maddəni lap yenicə aldığından və istifadə edə bilmədiyindən çəksini dəqiq bilməmişdir. Hər bir halda onda 1,9 qramdan artıq “kakos” olmamışdır. İttihamda göstərilən 3,913 qram heroin narkotik vasitəsi ona aid olmamış, ona məlum olmayan şəraitdə polis tərəfindən bilərəkdən artırılmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, ittihamda göstərildiyi kimi küçədə deyil, yaşadığı evdə saxlanılmışdır. Bir dəstə mülki geyimli adam onun evinə basqın etmiş, o, düşmənli olduğundan qorxaraq kəsici alətlə özünə qəsd edib qollarını kəsmişdir. Bundan sonra basqın edənlərin polis olduqlarını öyrənmişdir. Sonra Sabunçu RPİ-nin 14-cü PB-nə aparılmış, oradan təcili yardım dəvət olunmuş, o, xəstəxanaya aparılmış və ona yardım edilmişdir. Yalnız bundan sonra Sabunçu RPİ-nin 14-cü PB-nə aparılmış, videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmiş və çəkisinin 1,9 qram “kakos” və 0,4 qram metamfetamin olmasını bildiyi narkotikləri təqdim etmişdir. Yaralı olduğu üçün he bir şeyə əhəmiyyət verməmiş və yazılıb hazırlanmış protokolu və ifadələri imza etmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, narkotik vasitənin aludəçisidir, çox müddətdir ki, narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini qəbul edir. Hal-hazırda da bədənində olan ağrıları yumşaltmaq üçün narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini qəbul etmək üçün tanımadığı şəxslərdən alıb əldə etmişdir. 10 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Zabrat qəsəbəsində olarkən əvvəllər tanımadığı, adını, anket məlumatlarını, əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi şəxsə 92 manat pul verib ondan özünün qəbul etməsi üçün iki bükümdə narkotik maddə olan heroin və bir bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin şəxsin verdiyi bükümləri sonradan qəbul etmək üçün əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 12 yanvar 2022-ci il tarixdə saat 22:15 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd istəmiş və hərəkətlərindən şübhələndikləri üçün Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. Həmin vaxt o, məsuliyyətdən yaxa qurtarmaq üçün üzərində olan ülgüclə özünə xəsarət yetirməyə çalışmış və həmin vaxt polis əməkdaşları onu zərərsizləşdirmişlər. 14-cü PB-də olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə həmin vaxt üzərində narkotik və psixotrop maddə olduğundan üzərinə şəxsi axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir. Məqsədi onun üzərindən narkotik və psixotrop maddənin aşkar olunmasını vəkilin öz gözü ilə görməsini istəməməsi və gələcəkdə onu ürəkdən müdafiə edə bilməsini istəməsi olmuşdur. Odur ki, vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməmiş və bununla bağlı ərizə vermişdir. Sabunçu RPİ-nin 14-cü PB-nin xidməti otaqların birində polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda, onlara təqdim etməsini təklif etdikdə artıq üzərində olan narkotik maddə olan heroini və psixotrop maddə metamfetamini polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları ona üzərində qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməsini təklif etdikdə üzərində saxladığı iki ədəd bükümdə olan birində narkotik maddə olan heroin və digər bükümdə psixotrop maddə metamfetamini təqdim edərək bildirmişdir ki, həmin bükümlərin birinin içərisində olan narkotik maddə olan heroin, digərində isə psixotrop maddə metamfetamindir, həmin maddələri özüm üçün qəbul etmək məqsədi ilə adını, anket məlumatlarını, əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi şəxsdən 92 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Onun üzərindən aşkar olunmuş maddələr ekspertiza tədqiqatına təqdim olunması üçün polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla götürülüb qablaşdırılaraq möhürlənmişdir. Polis bölməsinin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir. Ondan aşkar olunmuş maddələri satmaq niyyəti olmamış, həmin madələri yalnız özünün qəbul etməsi üçün alıb əldə etmişdir (iş vərəqə: 141-145). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili X2 ifadəsində göstərdi ki, 12 yanvar 2022-ci il tarixdə, saat 22:15 radələrində həmkarı Şahid1 ilə bərabər ünvan 6 ünvanında xidmətdə olarkən əvvəllər tanımadıqları şəxsin, yəni hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs özünü narkotik vasitələrin təsiri altında olan şəxs kimi şübhəli aparmasını görmüşlər. Həmin şəxsə yaxınlaşmaq istərkən o, onları görüb olduğu yerdən aralanmaq istəmişdir. Odur ki, onlarda həmin şəxsə qarşı olan şübhə daha da artmış və həmin şəxsi saxlamaq məcburiyyətində qalmış, onu saxlayıb özlərini təqdim etmişlər. Həmin vaxt saxlanılan şəxsdən anket məlumatlarını soruşduqda o, suallardan yayınaraq suallara qeyri dəqiq cavablar vermiş və gözlənilmədən cibindən çıxardığı ülgüclə özünə xəsarət yetirməyə başlamışdır. Odur ki, saxlanılan şəxs onlar tərəfindən zərərsizləşdirilmiş və Sabunçu RPİnin 14-cü PB-nə aparılmış, onun polis bölməsinə aparılması barədə raportla rəhbərliyə məruzə olunmuş, təcili tibbi-yardım çağrılmaqla ona tibbi yardımlar göstərilmişdir. Saxlanılan şəxsin anket məlumatları dəqiqləşdirilmiş və onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra onun və iş yoldaşı Şahid1 iştirakı ilə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı iki ədəd bükümdə - birində narkotik maddə olan heroini və digər bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmiş, təqdim etdiyi bükümlərdən birinin içərisində heroin narkotik maddəsi və digərində isə metamfetamin psixotrop maddəsi olduğunu bildirmişdir. həmin maddələri özü üçün qəbul etmək məqsədi ilə adını, anket məlumatlarını, Təqsirləndirilən şəxs deməsinə görə o, təqdim etdiyi maddələri əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi şəxsdən Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində 100 manata alaraq bir qismini qəbul etmiş, qalan hissəsini sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddə onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola onlar və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs özü etiraz etmədən imza etmişlər. Şahid qismində dindirilən əməliyyat müvəkkili Tariyel Rzaquliyev ifadəsində daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı olmamışdır. Onlar Təqsirləndirilən şəxs narkortik vasitələrin satışı ilə məşğul olması və ya konkret olaraq kiməsə satması, çatış məqsədilə kiminləsə cinayət əlaqəsinə girməsi barədə məlumat əldə edə bilməmişlər. Sonradan da tədbirlər keçirilmiş lakin müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs təsadüf nəticəsində saxlanılmışdır. Şəxsən onun özü Təqsirləndirilən şəxs əvvəllər görməmiş və tanımamış, onun narkotik vasitələrdən istifadə etdiyini bilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ 14-cü PBnin digər əməliyyat müvəkkili Şahid1 həmkarı – şahid X2 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları, o cümlədən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmadığını, onun narkortik vasitələrin satışı ilə məşğul olması və ya konkret olaraq kiməsə satması, çatış məqsədilə kiminləsə cinayət əlaqəsinə girməsi barədə məlumat əldə edə bilmədiklərini bildirmiş, Təqsirləndirilən şəxs özünü şübhəli aparması ilə əlaqədar sırf təsadüf nəticəsində onlar tərəfindən saxlanıldığını bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə vət. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş müşaiyəti ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə heroin narkotik vasitəsinə, digər bükümdə isə metamfetamin psixotrop maddəsinə şübhəli maddələr aşkar olunuraq götürülmüş, hər iki büküm götürülərək qablaşdırılmış, DİN-nə məxsus möhürlə möhürlənmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdə olan maddələrin heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi olduğunu, həmin narkotik maddələri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində tanımadığı şəxsdən özünün istifadəsi üçün alaraq bir qismini qəbul etdiyini, qalan hissəsini sonradan qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Ən nəhayət, yekunda tərtib olunan protokol və şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 26.27). Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 13 yanvar 2022-ci il tarixli protokolun məzmununa uyğundur. Protokoldan görünür ki, 13 yanvar 2022-ci il tarixdə 14-cü PB-nin təhqiqatçısı Nizami Hüseynovun rəhbərliyi ilə Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları Şahid1, X2 və saxlanılan Təqsirləndirilən şəxs iştirakları ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadagan edilmiş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən iki ədəd bükümü təqdim edərək bükümlərdən birinin içərisində narkotik maddə olan heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bükümlər açılmış, baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən təqdim olunan bükümlər zərfə qablaşdırılmış, zərflərin üzəri imzalanır və zərf möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilmir. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddələr barədə suallar verildikdə həmin maddələri özü üçün qəbul etmək məqsədi ilə adını, anket məlumatlarını, əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi şəxsdən Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində 100 manata alaraq bir qismini qəbul etməsini, qalan hissəsini sonradan qəbul etmək üçün üzərində saxlamasını bildirir. Tədqiq olunan protokoldan görünür ki, diskə baxış keçirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir (iş vərəqə: 58-59). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» və “diskə baxış keçirilməsi haqqında” protokolların məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir(cinayət işinin materialları). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2022-ci il tarixli, 6/224 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №100 dairəvi möhür əksi və “...vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi subut; şübhəli şəxs, iştirakçılar, tərtib etdi-imzalar...” yazı əlavəsi qeyd edilmiş kağız zəfrdəki bir ədəd bükümdəki təmiz çəkisi - 0,408 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd bükümdəki təmiz çəkisi - 3,913 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiq olunan rəydə aparılmış qeydlərə əsasən metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 43-46). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 09 fevral 2022-ci il tarixli, 611 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı nəticəsində Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 116-117). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan baxış keçirilməsi haqqında 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş və baxış nəticəsində qanunla qadağan olunmuş hər hansı əşya, o cümlədən narkotik vasitələr və ya psixotrop maddələr aşkar edilməmişdir (iş vərəqə: 35- 36, 37-40). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat xidməti tərəfindən istintaq orqanının əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, Təqsirləndirilən şəxs narkotik vasitəni konkret olaraq kimə satması və ya ondan narkotik vasitə almış şəxslər barədə məlumatların əldə edilməsi, həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır(iş vərəqə: 113). Məhkəmə baxışı zamanı tədqiq olunan 29 aprel 2022-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3,913 qram narkotik vasitə heroinin və 0,408 qram psixotrop maddə metamfetaminin əldə olunma mənbəyi müəyən edilmədiyindən baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır. İbtidai istintaq orqanının müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3,913 qram narkotik vasitə heroin və 0,408 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,813 qram heroin narkotik vasitəsi və 0,358 qram metamfetamin psixotrop maddəsi Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk maddi sübut kimi cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 129). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini külli miqdarda və şəxsi istehlak miqdarından artıq çəkidə metamfetamin psixotrop maddəsini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və ya bundan əvvəl onun barəsində onun narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə DİO-da əməliyyat məlumatı olmamış, sonuncunun ətrafında əməliyyat-axtarış tədbiri keçirilməmiş və o, əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmamışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs saxlanılıb Sabunçu RPİ-nin 14-cü PB-nə aparılması haqqında polis əməkdaşları tərəfindən tərtib olunan raportdan, sonuncunun şübhəli şəxs qismində tutulması haqqında eyni tarixli qərar və protokoldan, üzərində şəxsi axtarış aparılması haqqında 13 yanvar 2022-ci il tarixli protokoldan və cinayt işi başlanılması haqqında eyni tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılmasına, şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışa məruz qalmasına əsas onun qeyri-adekvat davranışı və polis əməkdaşlarının sonuncunun bu davranışından onun narkotik vasitələrin təsiri altında olan şəxs olmasından şübhələnmələri olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Tariyel Rzaquliyev ifadələrində ünvan 6 ünvanında xidmətdə olarkən baxılan iş üzrə Təqsirləndirilən şəxs özünü narkotik vasitələrin təsiri altında olan şəxs kimi şübhəli aparmasını görmələrini, onu saxlayıb Sabunçu RPİ-nin 14-cü PB-nə aparmalarını göstərmiş, həmçinin Təqsirləndirilən şəxs təsadüf nəticəsində saxladıqlarını, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı olmadığını, Təqsirləndirilən şəxs narkortik vasitələrin satışı ilə məşğul olması və ya konkret olaraq kiməsə satması, çatış məqsədilə kiminləsə cinayət əlaqəsinə girməsi barədə məlumat əldə edə bilmədiklərini qeyd etmişlər. Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Sabunçu RPİ-nin 14-cü PBnin əməliyyat xidməti tərəfindən istintaq orqanının əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Lakin məhkəmə baxışı zamanı sorğuda göstərilən belə bir məlumatın daxil olması barədə hər hansı sənədləşmə aparılmadığı müəyyən edilmiş, əməliyyat orqanının sorğuya cavab verərkən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğu mənbə barədə istintaq orqanına konkret məlumat verməmişdir. Tədqiq olunan cavab məktubunda, həmçinin qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri konkret olaraq kimə satması və ya ondan narkotik vasitə almış şəxslər barədə məlumatların əldə edilməsi, həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işinin ayrıldığı müəyyən edilmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq olunan materiallarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında toplanmış materiallar üzrə cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və buna əsas Təqsirləndirilən şəxs özünü şübhəli aparmasına görə saxlanılması, üzərində şəxsi axtarış aparılması və ondan satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə 3,914 qram heroin narkotik vasitəsi və 0,408 qram psixotrop maddə metamfetamin aşkar edilib götürülməsi olmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 14 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İstər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu, satış məqsədilə qanunsuz olaraq narkortik vasitələri əldə edib saxladığını və daşıdığını, həmçinin bu məqsədlə qeyriləri ilə cinayət əlaqəsinə girdiyini göstərməmiş, ifadələrində narkoman olduğunu, narkotik vasitələri yalnız özünün şəxsi istifadəsi məqsədilə əldə edib saxladığını və daşıdığını bildirmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2022-ci il tarixli, 6/224 saylı rəyininin Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın sübut etmə predmetinə gəldikdə isə məhkəmə qeyd edir ki, tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının həmin rəyi təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin növünün, tərkibinin və kütləsinin müəyyənləşdirilməsinə dair hissədə sübut əhəmiyyətinə malikdir və bu rəylər Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə edib saxlamasını, daşımasını və s. təsdiq edə biləcək sübut növü kimi qiymətləndirilə bilməz. Bundan başqa, yuxarıda göstərildiyi kimi, ibtidai istintaq orqanı həm də məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının rəyini Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın təsdiqi üçün sübut əhəmiyyətli sənəd kimi qiymətləndirmişdir ki, tədqiq olunan həmin rəy ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticəsini özündə ehtiva edir, yəni təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin olub-olmaması, belə bir xəstəlik müəyyən olunduğu təqdirdə isə şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli tədbirlərin tətbiq edilib-edilməməsi məsələsi məhkəmə tərəfindən həmin rəyin nəticəsinə uyğun həll edilir. Odur ki, bu rəydən təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını, daşımasını və s. təsdiq edən sübut kimi istifadə oluna bilməz. Daha sonra, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər hansı növdən olan narkotik vasitələr və ya pesixotrop maddələr aşkar edilməmiş, o, narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi məhkəmənarkoloji ekspertizasının 09 fevral 2022-ci il tarixli, 611 saylı rəyindən də göründüyü kimi, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Tədqiq olunan həmin rəyin təsviri hissəsindən göründüyü kimi, Təqsirləndirilən şəxs tədqiqat aparılarkən ekspertlərə 3-4 il ərzində heroin narkotik vasitəsindən ineksiya yolu ilə, son 3-4 ay ərzində isə metamfetamin psixotrop maddəsini heroinlə qatıb ineksiya yolu ilə istifadə etdiyini etiraf etmişdir (iş vərəqə: 116-117). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun bir ədəd bükümdə aşkar edilb götürülmüş heroin narkotik vasitəsini və bir ədəd bükümdə metamfetamin psixotrop maddəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyn edilməmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib bir ədəd bükümdə götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 3,913 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar və metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 0,408 qram olmaqla eyni siyahıya əsasən şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. Lakin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarından da göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 3,913 qram olmaqla külli miqdar, ondan aşkar edilmiş metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 0,408 qram təşkil etməsi, bu miqdar narkotik vasitənin və psixotrop maddənin hər birinin ayrı-ayrılıqda bir ədəd bükümdə aşkar edilib götürülməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi və satmaq niyyətində olması kimi qiymətləndirilməməlidir və bu miqdar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Qeyd olunan həmin qərardan da göründüyü kimi, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin tək kütləsinin külli miqdar təşkil etməsi və aşkar edilib götürülmüş psixotrop maddənin şəxsi istehlak miqdarı hədlərində olması və aşkar edilmiş maddələrin hər birinin ayrı-ayrılıqda bir ədəd bükümdə olması onun narkotik vasitələri və ya psixotrop maddələri satmaq niyyətində olması qənaətinə gəlməyə əsas vermir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutların olması zəruridir və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, eyni məqsədlə saxlaması və daşımasını, satış məqsədilə ayrı-ayrı kiçik bükümlərə ayırmasını, həmçinin hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini və ya ondan satış məqsədilə hər hansı avadanlıq aşkar edilməsini təsdiq edən heç bir sübut növü müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin mənasına və Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının on dördüncü bəndindən irəli gələn tövsiyyələrə əsasən məhkəmə qeyd edir ki, narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması öz təstiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar edilib götürülən heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin hər birinin ayrı-ayrılıqda bir ədəd ədəd bükümlərdə olmaqla heroin narkotik vasitəsinin külli miqdar meyarına, istintaqçının özünün hüquq düşüncəsinə, fərziyyə və şübhələrinə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsindən həmin Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsifi məsələsinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla sonuncu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinəyətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin hamısının ona aid olmaması, onda bildiyinə görə cəmi 1,9 qram heroin narkotik vasitəsi olması barədə göstərdiklərini cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəlcə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş və hökm üzrə nəzərdə tutulan xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqə: 96-97). Göründüyü kimi, Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət hadisəsinin törədildiyi vaxtda ödənilməmiş məhkumluğu olmamışdır və sonuncu məhkumluğu olmayan şəxs kimi nəzərə alınmalıdır. İşdə olan rəsmi sənədlərlə təsdiq olunur ki, Təqsirləndirilən şəxs himayəsində 2006cı il təvəllüdlü bir nəfər yetkinlik yaşına çatmayan uşağı vardır (iş vərəqə: 147). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməsə də, onun himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması onun barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 09 fevral 2022-ci il tarixli, 611 saylı rəyi əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin vıə psixostimulyatorların birgə istifadəsindən nəticələnən asliliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun məhkumluğu ödənilmiş şəxs kimi ilk dəfə azadlıqdan məhnum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 yanvar 2022-ci il tarixdə barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin vvəli 12 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 3,813 qram heroin narkotik vasitəsi və 0,358 qram metamfetamin psixotrop maddəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 12 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,813 qram narkotik vasitə heroin və 0,358 qram psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar