Məhkəmə qərarları › İş №1(101)-1119/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1119/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1119/2024 29.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi – «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşları olması ehtimal edilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 9,876 qram narkotik vasitə heroini və təmiz çəkisi 22,918 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, 12 iyun 2023-cü il tarixdə saat 22.30 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsi nömrəsiz evin qarşısında Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları tərəfindən yaşadığı ünvan 3 ünvanda yerləşən evinə axtarış keçirilən zaman evin mətbəxində gizlətdiyi hər birinin üzərində narkotik vasitə heroinə məxsus olan izlər olan 3 ədəd elektron tərəzi, bir bükümdə təmiz çəkisi 9,876 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda təmiz çəkisi 22,918 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Əziz kmi təqdim edən iranlını əvvəllər tanımamış, Afət adlı tanış qadının evində olarkən sonuncunun həmin iranlı ilə mobil telefon vasitəsilə ilə görüntülü danışdıqlarını görmüş, həmin iranlı şəxs həmin vaxt onu da görmüş və ondan qadın kimi xoşu gəlmiş, ona təklif etmişdir ki, onunla qadın-kişi münasibəti qursun, sonra növbəti dəfə Afət adlı qadının evində olarkən yenə də Əziz adlı iranlı ilə danışan zaman, iranlı Afətin telefonu vasitəsi ilə danışmamaq üçün ondan öz mobil telefon nömrəsini almışdır; növbəti dəfə xəstəxanada olarkən iranlı ilə danışdığı vaxt uşaqlarının xəstə olmasını, özünün xəsəxanada olmasını, dərman almalı olduğunu bildirərkən, iranlı ona bir şeyin yerini deyəcəyini və həmin əşyanı oradan götürməsi müqabilində ona 30-40 manat pul verəcəyini təklif etmiş, o, iranlınını təklifi ilə razılaşaraq xəstəxanadan çıxdıqdan sonra iranlının onun mobil telefonuna şəklini atdığı Xırdalan qəsəbəsindəki yerə gedib həmin əşyanı götürüb yaşadığı evə gətirmiş, Əziz ona dediyi vaxt həmin əşyanı göstərdiyi yerə aparmalı olduğunu bildirmiş, o da Əzizin dediyi yerə həmin əşyadan aparıb qoymuşdur. Birinci dəfə idi ki, belə bir iş görmüş, əvəzində Əziz onun kartına 35 manat pul göndərmişdir. Həmin əşyanın narkotik vasitə olduğunu bilməmişdir, ümumiyyətlə əvvəllər belə işlərlə məşğul olmamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda anası və 3 azyaşlı uşaqları ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir dövlət işində işləmir. Anası İradə kafelərdə xadimə işləyir, özü isə uşaqlara evdə nəzarət edir. 2007-ci ildə Amil adlı şəxslə qeyri-rəsmi ailə qurmuş və həmin şəxslə 2018-ci ilə qədər yaşamışdır. Amildən iki azyaşlı övladı var, 2013-cü il təvəllüdlü Ləman və 2017-ci il təvəllüdlü Xumar. Amillə ayrılandan sonra Zaur adlı şəxslə yaşamağa başlamış və Zaurdan da bir oğlu var, 2020-ci il təvəllüdlü Uğur. Zaurdan 2022-ci ildə ayrılmış, hazırda nə Zaurla, nə də Amillə heç bir əlaqəsi yoxdur. 2022-ci ilin dekabr ayında Əmircan qəsəbəsində yaşayan rəfiqəsi Afətin evində olan zaman görmüşdür ki, Afət WhatsApp vasitəsi ilə videogörüntü ilə hansısa kişi ilə danışır. Həmin kişini Afət ona göstərmiş və o, videogörüntülü həmin şəxslə Afətin telefonu ilə danışmağa başlamışdır. Həmin şəxs özünü ona İran İslam Respublikasının vətəndaşı Əziz kimi təqdim etmişdir. Əzizlə kişi-qadın münasibəti kimi tanış olmaq istəmişdir. Buna görə də Əziz ona demişdir ki, ondan xoşu gəlir və onun nömrəsini götürmüşdür. Bundan sonra Əzizlə yazışmağa başlamışlar. Həmin vaxtı aralarında narkotiklərə aid heç bir söhbət olmamışdır. Əzizlə 2022-ci ilin dekabr ayından 2023-cü ilin fevral ayına qədər yazışmışdır. Əziz onun ailə problemlərini bilirmiş ki, onun maddi vəziyyəti pisdir, işləmir, 3 azyaşlı uşağı var, dolana bilmir. Əziz ona demişdir ki, ona narkotik vasitələr və psixotrop maddələr göndərəcək, o həmin narkotik vasitələri və psixolrop maddələri onun dediyi yerlərə qoysun, sonra yerinin şəkillərini və həmin yerin lokasiyasını ona göndərsin. Əvvəllər bunu etməyə qorxmuş, lakin sonra pula ehtiyacı olduğuna görə razılaşmışdır. Əziz demişdir ki, hər bir əməliyyata görə onun kartına 30-40 manat pul göndərəcək, o da razılaşmışdır. Əziz ona şəkilləri və lokasiyanı ataraq bildirmişdir ki, həmin yerlərdə narkotik vasitələr və psixotrop maddələr var, ona göstəriş vermişdir ki, onları götürüb evində saxlasın və lazım olanda deyəcək ki, həmin narkotik vasitələri hansı ünvanlara qoysun. Əzizin göndərdiyi ünvandan, çöllıikdən, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürüb Suraxanı rayonunun ərazisində yerləşən evinə gətirmişdir. Orada elektron tərəzi vasitəsilə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini xırda hissələrə bölürmüş, sonra da həmin hissələri Əzizin ona dediyi yerlərə qoyub onların şəkillərini çəkmiş və lokasiyalarını WhatsApp vasitəsilə Əzizə göndərirmiş. Hər bir əməliyyata görə Əziz onun bank kartına 30-40 manat pul göndərmişdir. Əziz narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olur. Onun ünvanlara qoyduğu narkotik vasitələri və psixotrop maddələri digər tanımadığı şəxslər gəlib götürürmüş və buna görə də Əzizin kartına pul göndərirmişlər. Həmin şəxsləri tanımamış və onlarla əlaqəsi olmamış. Özü narkotik vasitələrin istifadəsi ilə heç vaxt məşqul olmamışdır. Maddi imkanı zəif olduğu üçün Əzizlə birlikdə narkotik vasitələrin satışı ilə məşqul olmağa məcbur olmuşdur. Sonuncu dəfə təxminən 2023-cü ilin iyun ayininin əvvəllərində Əziz demişdir ki, Xırdalan şəhərinə getməli və oradan iki bükümdə, bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamini çöllükdən yolun kənarından götürüb evinə gətirməlidir. O, da onun dediyi kimi etmişdir. Əzizin ona WhatsAppla göndərdiyi lokasiyaya və şəkilə görə o, Xırdalan şəhərinə getmiş və orada yolun kənarında iki bükümdə - bir bükümdə narkotik vasitə heroini, digər bükümdə isə psixotrop maddə metamfetamini götürüb yaşadığı ünvan 3 ünvanına gətirmişdir. Orada narkotik vasitə heroini və psixotrop maddə metamfetamini evində mətbəxtdə gizlətmişdir. Narkotik vasitə heroin təxminən 15 qram, metamfetamin isə təxminən 25 qram olmuşdur. O. Əzizlə danışanda bildirmişdir ki, evində olan heroini və metamfetamini Suraxanı rayonuna ona rahat olan əraziyə qoysun. O da bir neçə dəfə Əzizin ona dediyi heroini və metamfetamini Suraxanı RPİ-nin Dövlət yol polis böbəsinin yaxınlığına qoymuş və həmin yerin şəklini və lokasiyasını Əzizə göndərmişdir. Əziz də onun 4098 5844 7846 5253 saylı kartına 30-40 manat pul göndərmişdir. 12 iyun 2023-cü il tarixdə saat 22.30 radələrində yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsində yerləşən nömrəsiz evin qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onu 12-ci Polis Şöbəsinə aparmışlar. Orada bildirmişlər ki, o, narkotik vasitələrin satışında şübhəlidir, hüquqları ona izah olunmuş, onu şübhəli şəxs qismində tutmuşlar. Bundan sonra hüquqlarını müdafiə etmək üçün dövlət tərəfindən təyin olunmuş vəkili təqdim etmişlər. Sonra bildirilmişdir ki, üzərinə axtarış keçiriləcək və istəməmişdi ki, vəkili həmin axtarışda iştirak etsin. Buna görə də ərizə yazmışdır ki, vəkil axtarışda iştirak etməsin. Vəkil bölmənin xidməti otağından çıxanda üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilmiş və axtarış zamanı üzərindən heç bir qeyri qanuni əşya və narkotik vasitə aşkar olunmamışdır. Həmin vaxt üzərində olan ağ rəngli Samsung markalı mobil telefon götürülmüşdür. Polis əməkdaşlarının suallarına cavab verərkən etiraf etmişdir ki, narkotik vasitələrin satışı ilə məşqul olur və buna görə də bilmişdir ki, evində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxlayır. Bundan sonra polis əməkdaşları onun razılığı və icazəsi ilə yaşadığı ünvan 4 ünvana axtarış keçirmişlər. Axtarış zamanı evinin mətbəxində saxladığı iki bükümdə olan - bir bükümdə heroin, ikinci bükümdə isə metamfetamin və üç ədəd elektron tərəzi, bir ədəd «Kotel» markalı mobil telefon və Leo bank tərəfindən verilmiş 4098 5844 7846 5253 nömrəli bank kartı aşkar olunaraq götürülmüşdür; həmin narkotik vasitələri Əziz adlı İran İslam Respublikasının vətəndaşından götürdüyünü və onları hissələrə bölüb müxtəlif ünvanlara çatdırdığını bildirmişdir; Əzizə həmin narkotik vasitələrin və psixotrop maddələrin satmasında köməklik göstərirmiş. Bu əməlindən peşmandır, maddi imkanı pis olduğu üçün bu cinayəti törətmişdir. Özü narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə heç vaxt məşğul olmamışdır. Narkotik vasitə hcroinin və psixotrop maddə metamfetaminin aşkar olunub götürülməsi ilə əlaqədar protokol tərtib olunmüş, protokolu və zərfi imzalamışdır. Həmin şəxsin anket məlumatlarını bilmir, yalnız onu Əziz kimi tanıyır, onu heç vaxt görməmişdir. Əziz adlı şəxsin nömrəsi +98*** *** ** **dir. Özü (055) ***-**-** WhatsApp nömrə işlədir. Bundan əlavə də (050) ***-**-** saylı nömrəni işlədir, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona təzyiq olunmayıb. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olur, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşı olan özünü Əziz adı ilə təqdim edən şəxsdən alır, Əziz adlı şəxsi heç vaxt görməmişdir, Əzizlə istifadəsində olan nömrə ilə WhatsApp vasitəsi ilə əlaqə saxlamışdır, narkotik vasitələri almaq üçün Əzizin kartına pul göndərir, Əziz isə narkotik vasitələrin yerinin lokasiyanı ona göndərir, o da həmin yerə gedib narkotik vasiəni götürüb istifadə edirmiş. O narkotik vasitəni götürmək üçün getdikdə görmüşdür, ki, qara rəngli paltarda dolu bədənli kiçik boylu bir qadın gəlib sağa-sola baxmaqla özünü şübhəli aparıb nəsə küçəyə qoyur, sonra həmin yerin şəklini çəkərək iti addımlarla uzaqlaşır. Qadın oradan getdiklən bir neçə dəqiqə sonra Əziz həmin yerin şəklini və lokasiyanı ona göndərirmiş, o da başa düşmüşdür ki, həmin qadın Əzizin göstərişi ilə onun dediyi yerlərə narkotik vasitələri və psixotrop maddələri qoyur. Sonradan polis bölməsində bilmişdir ki, qadının adı Təqsirləndirilən şəxsdır. Təqsirləndirilən şəxs birbaşa narkotik vasitə almamış, sonuncu ilə söhbət etməmiş və ünsiyyətdə olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 12 iyun 2023-cü il tarixdə Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan Zaur adlı şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 12 iyun 2023-cü il tarixdə saat 20 radələrində Şahid1 Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində saxlanılaraq Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirilmişdir. Şahid1 bildirmişdir ki, narkotik vasitələrin istifadəsi ilə məşğul olur, narkotik vasitələri və psixotrop maddələri daimi olaraq İran İslam Respublikasının vətəndaşı Əziz adlı şəxsdən alır. Əziz adlı şəxsin ona göndərdiyi bank kartına pul göndərir. Əziz adlı şəxsdə ona sifariş etdiyi narkotik vasitələrin və psixotrop maddələrin lokasiyasını WhatsApp vasitəsi ilə göndərir, o da həmin narkotik vasitəni və psixotrop maddəni Əzizin ona göndərdiyi yerdən götürür. Əziz adlı şəxsdən aldığı narkotik vasitəni və psixotrop maddəni Əfsanə adlı qadın Əzizin müəyyən etdiyi yerə qoyurmuş. Daha sonra Əfsanə adlı qadının yaxalanması istiqamətində əməliyyat tədbiri keçirilmiş və Əfsanə 12 iyun 2023-cü il tarixdə saat 22:30 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsində saxlanılaraq 12-ci polis şöbəsinə gətirilmişdir. Videoçəkiliş aparılmaqla üzərinə axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qeyri qanuni əşya və narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur, İran İslam Respublikasının vətəndaşı Əziz adlı şəxslə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirir. Əziz adlı şəxsin ona göndərdiyi narkotik vasitələri və psixotrop maddələri evində saxlayır. Bundan sonra Təqsirləndirilən şəxs razılığı əsasında onun yaşadığı ünvan 5 ünvanda yerləşən evə baxış keçirilmiş, evin mətbəxində yerləşən masanın üzərində bir selofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə və bir sellofan bükümdə narkotik vasitə heroinə oxşar olan maddə aşkar olunmuşdur. Bundan əlavə mətbəxidə olan soyuducunun üzərində 3 ədəd elektron tərəzi, bir ədəd «KGTEL» markalı mobil telefon və 01 ədəd Leo banka aid olan kart aşkar olunaraq götürülmüşdür. İbtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 və Şahid4 da Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. Baxış və götürmə aparılması barədə 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanına videoçəkiliş aparılmaqla baxış keçirilən zaman sonuncu evin mətbəxində yerləşən masanın üzərində olan bir selofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə və bir sellofan bükümdə narkotik vasitə heroinə oxşar olan maddə və soyuducunun üzərində olan 3 ədəd elektron tərəzi, bir ədəd «KGTEL» markalı mobil telefon və 01 ədəd 4098 5844 7846 5253 nömrəli Leo banka aid olan kartı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə olan maddələrin «Kakos» və «Patı» olmasını, həmin narkotik maddələri «Əziz» adı ilə tanıdığı İİR vətəndaşının vasitəsi ilə əldə etdiyini və pul müqabilində onun deyəcəyi yerə qoymaq məqsədində olduğunu bildirmişdir. Bükümlərdəki maddələr və elektron tərəzilər qablaşdırılıb möhürlənərək götürülmüşdür (1-ci cild iş vərəqi 64-65). Məhkəmə-kimyəvi ekspertiza üzrə 23 iyul 2023-cü il tarixli 6/3321 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün 159 JVh-li dairəvi möhür əksi», «Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu Suraxanı qəs... götürülmüş maddələr və tərəzi...» yazısı və imzalar olan 1 ədəd zərfdəki 1 ədəd selofan bükümdə təmiz çəkisi 9,876 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 22.918 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psxotrop maddə metamfetamindir; təqdim edilmiş 3 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqat aparılmamışdır (1-ci cild iş vərəqi 77-80). Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3896 nömrəli ekspert rəyində əsasən müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 140-141). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır (1-ci cild iş vərəqi 140-141). Şübhəli şəxsin tutulması haqqında 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 46). İşdə olan 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 114-116). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri-digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıması və saxlaması özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı onun əməli sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Musayeva (İsmayılzadə) Ləman Amil qızı, xx.xx.2017-cü il təvəllüdlü X4 və xx.xx.2020-cü il təvəllüdlü X5 təvəllüdlü olmaqla 3 (üç) azyaşlı uşağı vardır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən təqsirini etiraf etməsini, cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmiş, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdən 14 iyun 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasına günə gün hesabı ilə hesablanmasını, ona təyin edilməli olan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq qəti cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsində göstərilir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2-ci maddəsinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsində qeyd olunan şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə müəssisələrində cəza çəkərkən həll edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2013, xx.xx.2017 və xx.xx.2020-ci il təvəllüdlü azyaşlı uşaqlarının gələcək taleyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın icrası himayəsindəki azyaşlı uşaqları on dörd yaşına çatanadək təxirə salınmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təxirə salınmasında məhkəmənin əsas məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, onları qoruyub saxlamaq, azyaşlı uşaqları zəruri valideyn qayğısından məhrum etməmək və onların tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, azyaşlı uşaqlara zəruri şəraiti təmin etmək imkanını, onun tərbiyəsinə olan münasibəti də nəzərə alır. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxsnun barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizasının 23 iyul 2023-cü il tarixli 6/3321 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs evindən aşkar edilmiş bir bükümdə təmiz çəkisi 9,876 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda təmiz çəkisi 22,918 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin kustar üsulla hazırlanmışdır. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,826 qram narkotik vasitə heroin, 22,868 qram psixotrop maddə metamfetamin və 3 ədəd elektron tərəzi məhv edilsin; 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdən 14 iyun 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən X1 azyaşlı uşaqları on dörd yaşına çatanadək Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Suraxanı RPİnin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,826 qram narkotik vasitə heroin, 22,868 qram psixotrop maddə metamfetamin və 3 ədəd elektron tərəzi məhv edilsin; 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar