Məhkəmə qərarları › İş №1(101)-112/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-112/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-112/2025 07.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Sabirabad şəhəri H.Həmidov küçəsi dalan 3 ev 2C-də qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 2,492 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları

2. Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan «İbiş» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, təmiz çəkisi 2,492 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib «İbiş» adlı şəxslə birlikdə istintaqa məlum olmayan digər şəxslərə satmaq niyyəti ilə əldə edib üzərində saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyinə qədər daşımış, 31 may 2023-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək həmin ünvanda saxlanılaraq həmin polis şöbəsinə gətirilmiş, 12-ci polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki ağ rəngli cins şortun (qısa şalvarın) sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,492 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 həmin şöbənin rəisinə raportla məruzə edərək xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində Təqsirləndirilən şəxs Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi fərdi evin qarşısında özünü şübhəli aparması, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşlarının şəxsiyyəti təsdiq edən sənədi xahiş etdikləri vaxt sənədlərin üzərində olmadığını bildirərək yayınmağa çalışması, həmçinin üzərində nəsə gizlətməsi ilə bağlı şübhələr yaratması, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşlarının əməkdaşlarının suallarına dağınıq cavablar verərək və tez bir zamanda sonunculardan yayınaraq getmək istəməsi, üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnmələrinə əsas verdiyindən Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmələri barədə məlumat vermişlər.

4. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 15) görünür ki, xx.xx.2023-cü il tarixda saat 11:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur.

5. xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 26-28) görünür ki, Təqsirləndirilən şəxs əynindəki ağ rəngli cins şortun sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə, həmin şortun sol yan cibindən bir ədəd Samsung markalı telefonu könüllü təqdim etmiş, sonuncuya verilmiş suallara cavab olaraq həmin maddələrin narkotik vasitə “Şüşə” olduğu və Sabunçu rayonu, Anaşkin küçəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 25 manata alaraq istifadə üçün üzərində saxladığını, 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir.

6. Məhkəmə-kimyəvi ekspertizasının 31 may 2023-cü il tarixli 6/3109 nömrəli rəyindən (cild 1, iş vərəqə 35-39) görünür ki, tadqiqat obyekti üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən” sözləri, imzalar olan, “Azərbaycan Respublikası DİN Zərflər üçün №159" dairəvi möhür əksiləri olan bir ədəd zərf təqdim olunmuşdur. tədqiqatın nəticəsi hissəsində zərfin içərisindəki təmiz çəkisi 2,492 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafentamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 2,492 qram, tədqiqata sərf edildi - 0,050 qram, 49 – 2,442 qramdır.

7. xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 50) görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 Rəşad Yaşar oğluna məxsus üzərində ***-***-**-** mobil nömrə istifadə olunan “Samsung Galaxy J6” markalı telefona baxış zamanı, mobil telefonun ismarıc qutusunda +9xx-xx-7333219 mobil nömrəsi ilə 15 may 2023-cü il tarixdə saat 03:18-də yazışma olduğu, həmin yazışmanın mətnində qarşı tərəf “GAG GELİREM BAYAXKİ YERE SEBİRLİ OL ORDASAN YAZ MENE GETMİSENSE CATM ORA ATRAM SABUCUYA QAYDRAM” həmin tarixdə saat 03:26-da “GAGA DAS YA KOLA İSTİYEN VAR VEREY CUNKİ TAKSİ 14 MANAT YAZB VERMELİYEM SOFERİN YANDA ACG DANSA BİLMİREM DİYE YAZRAM KONUMA GETMİŞDİM GAYDRAM” deyə yazılmış, saat 04:03-də Təqsirləndirilən şəxs cavab olaraq “bayaqki yerde deylem rewad gilin mejlesindeyem cavid marketin yaninda/Acda bu poxuda blet, senol uje hormetsizdiy gorureme mendeki bele wey gorende kecmirem sonra” məzmunda ismarıc göndərilmiş, 21 may 2023-cü il tarixdə saat 21:36-da “İbrahim (İbiw)” qeyd olunmuş -994-70-909-01-21 nömrənin istifadəçisi ilə “Rewqa 3 ddne qalib hec olmuya 1dene qalib. Eledise mene birnsoz de.Alinmasa iwimi bilim yetum” yazılı ismarıc aşkar edilmiş, mobil telefonun daxil olan və çıxan zənglər siyahısına və fotoşəkillər bölməsinə baxış keçirilən zaman istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmiş və fotoşəkillərin içərisində elektron tərəzi şəkli aşkar edilmişdir.

8. xx.xx.2023-cü il tarixli DVD diskə baxış protokolundan (cild 1, iş vərəqə 51) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınaraq bir ədəd DVD diskə köçürülmüş, cinayət işinin materiallarına əlavə edilmiş video çəkilişə kompüter vasitəsi ilə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının müşayiəti ilə Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 xidməti otağına daxil olduğu, X6 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb 12ci polis şöbəsinə gətirildiyini, üzərində video çəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmiş, hüquq və vəzifələrini izah etmiş, şəxsi axtarışda iştirak etmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və polis baş leytenantı Şahid2 özlərini təqdim etmişlər, sonra X6 Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs əynində olan qısa şortun (şalvarın) sağ yan cibindən bir ədəd şəffaf sellofan büküm və sol cibindən bir ədəd mobil telefon çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, X6 bükümü açmış və içərisində kristallik formada psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu görünmüş, sorğu zamanı Təqsirləndirilən şəxs maddəni Anaşkin küçəsində üzdən tanıdığı şəxsdən 25 manat pulun müqabilində öz istifadəsi üçün aldığını bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı bir maddə, əşya aşkar edilməmiş, X6 içərisində metamfetaminə bənzər maddənin olduğu bir ədəd bükümü ağ rəngli bir ədəd kağız zərfə qoymuş, möhürləmiş, iştirakçılar zərfin üzərini imzalamışlar. Eləcə də bir ədəd mobil telefon bir ədəd zərfdə qablaşdırılmışdır. Bununla da, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatmış, video çəkiliş 07 dəqiqə 20 saniyə müddətində davam edərək bitmişdir.

9. xx.xx.2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 52) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir.

10. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 54-55) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmış və ona həmin maddə ilə ittiham irəli sürülmüşdür.

11. xx.xx.2023-cü il tarixli, 4(008)-439/2023 nömrəli Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 74-79) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 may 2023-cü il tarixdən, saat 11:30-dan hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən məhkəmədə törədilmiş cinayət əməlində təqsirli bildiyini, narkotik vasitəni başqa şəxslərə verdiyini, bunun müqabilində isə həmin narkotiki satan şəxslərin ona istifadəsi üçün pulsuz narkotik vasitə verdiklərini, əməlindən səmimi peşman olduğunu, iki azyaşlı övladının olmasını bildirərək barəsində verilmiş vəsatətin təmin edilməməsini xahiş etmişdir.

12. xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 84-85) görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd kağız paketdə qablaşdırılmış bir ədəd zərfdəki bir ədəd bükümdə olan təmiz çəkisi 2,442 qram olan psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, metamfetaminin 0,050 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 2,442 qramı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 №67” mətninə malik ştampla möhürlənmiş vəziyyətdə Bakı şəhəri Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlama yerində saxlanılması qərara alınmışdır.

13. xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 86-87) görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J6” markalı bir ədəd mobil telefon cinayət təqiqbi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlama yeridə saxlanılması qərara alınmışdır.

14. 05.09.2023-cü il tarixli, 5766 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 X8 X9 üzrə rəyindən (cild 1, iş vərəqə 110-111) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

15. 15.09.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 86-87) görünür ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu rayon polis idarəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəmə göndərilmişdir. Təqsirləndirilən şəxs barəsində Sabunçu rayon polis idarəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olmuş ********* nömrəli cinayət işi üzrə icraata 13 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir.

16. xx.xx.2022-ci il tarixli, 1(008)-822/2022 nömrəli Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmündən (cild 1, iş vərəqə 114-119) görünür ki, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

17. 16.09.2023-cü il tarixli ********* nömrəli cinayət işindən ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 131-133) görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında çıxış etdiyi şəxsiyyəti istintaqa məlum olmayan «İbiş» adlı şəxsin barəsində, eləcə də, Təqsirləndirilən şəxs külli miqdarda təmiz çəkisi 2,492 qram olan psixotrop maddə metamfetamini əldə etdiyi mənbə ilə bağlı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və cinayət işindən sənədlərin surəti həmin cinayət işinə əlavə edilməklə icraata qəbul edilmişdir.

18. 20.09.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan (cild 1, iş vərəqə 137-138) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə elan edilmiş ittihama dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir.

19. xx.xx.2024-cü il tarixli Bakı Şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum xx.xx.2024-cü il tarixədək probasiya qeydiyyatına alınmamış və bu səbəbdən məhkuma təyin olunmuş cəza çəkilməmişdir.

20. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Ramana qəsəbəsində xidmətdə olduğu zaman, 31 may 2023-cü il tarixində, günorta saat 11:30 radələrində, şübhəli şəxs qismində saxlamışlar. Rəşad ilə ilkin söhbət zamanı sonuncunun narkotik vasitələrin təsiri altında olduğu və onlardan yayınmaq istəməsi aydın formada hiss olunmuşdur. Onlar bu zaman Rəşadı şübhəli şəxs qismində saxlayaraq, 12-ci polis bölməsinə gətirmişlər. Polis bölməsində, təhqiqatçının otağında, videoçəkiliş vasitəsilə şübhəli şəxsin üzərində müvafiq istintaq hərəkətləri həyata keçirilmişdir. Şübhəli şəxsin üzərinə baxış zamanı, o könüllü olaraq üzərində olan 01 ədəd mobil telefonu və narkotik maddə metamfetamini çıxararaq təqdim etmişdir. Metamfetamin şəffaf sellofan paketdə olmuşdur. Təqsirləndirilən şəxs ilkin ifadəsində narkotik maddəni şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs metamfetamini Anaşkin küçəsindən, tanımadığı şəxsdən 25,00 Azərbaycan manatı qarşılığında əldə etdiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar təqsirləndirilən şəxsin narkotik vasitələrin təsiri altında olduğunu hiss edərək, sonuncudan şübhələnmişlər,təqsirləndirilən şəxsi Şuşa Ramana qəsəbəsində saxlamışlar, lakin dəqiq ünvanı hazırda xatırlamır.Təqsirləndirilən şəxsi həyət evlərinin qarşısında saxlamışlar.Onlar şübhəli şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman o küçədə alt paltarında gəzişmişdir. Bundan əlavə o narkotik vasitənin təsiri altında olmuş və onun sərxoşluğu hiss olunmuşdur. İlkin söhbət zamanı şübhəli şəxs onlardan yayınmaq istəmişdir. Şübhəli şəxsi polis bölməsinə dəvət edən zaman sonuncu onlardan yayınmaq istəmişdir. Lakin hər hansı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxladığı yer, 12-ci polis bölməsindən avtomobil ilə 20-25 dəqiqəlik məsafədə yerləşmişdir. O videoçəkilişdə iştirak etmiş. Şübhəli şəxsə narkotik maddələri haradan əldə etməsi sualı verildikdə, o şəxsi istifadəsi üçün, tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir.

21. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs təxminən 02 il bundan əvvəl tərəflərindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmuşdur. Lakin aradan uzun müddət keçməsi ilə əlaqədar olaraq hadisəni və əməliyyat tədbirinin təfərrüatlarını hazırda xatırlamır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs Sabunçu rayonu, Şuşa Ramana qəsəbəsində tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxsdən şübhələndikləri üçün onu saxlamışlar. Hadisənin üzərindən çox vaxt keçdiyi üçün, təqsirləndirilən şəxsi məsuliyyətə cəlb etməyə səbəb olan şübhənin mahiyyətini hazırda xatırlamır. Təqsirləndirilən şəxs gündüz vaxtı küçədə alt paltarında gəzişmişdir. Bundan əlavə o narkotik vasitənin təsiri altında olmuş və sərxoşluğu hiss olunurdu. Təqsirləndirilən şəxsə yaxınlaşaraq pzlərini təqdim etmişlər və onu 12-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində, videoçəkiliş vasitəsilə şübhəli şəxsin üzərinə baxış istintaq hərəkəti keçiridli. Bu zaman şübhəli şəxsin üzərindən narkotik vasitə aşkar olunmuş və o öz təqsirini könüllü olaraq etiraf etmişdir. Şübhəli şəxs ilkin izahatında narkotik maddələri Elşən Mehdiyev (köhnə Anaşkin) küçəsindən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsi yolun kənarında, evlərin qarşısında saxlamışlar. Təqsirləndirilən şəxsi məsuliyyətə cəlb etdikləri Şuşa Ramana qəsəbəsində adətən evlər yolun kənarında yerləşmişdir. Əməliyyatın detallarını tam dəqiqliyi ilə xatırlamır. Təqsirləndirilən şəxsi saxladıqları yer, onun yaşadığı ünvana yaxın olmuşdur. Təqsirləndirilən şəxsi saxladıqları anda əynində hansı paltar olmuşsa, elə həmin paltarlarla da polis idarəsinə aparmışlar.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

22. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 31 may 2023-cü il tarixdə polis əməkdaşları onu evindən həbs edərək aparmışlar. O, ittiham aktında yazılan onun küçədə tutulması ilə bağlı hissə ilə razı deyildir. Onun üzərində heç nə aşkar edilməmişdir. Onu postpatrul xidmətinin 3 nəfər əməkdaşı tutaraq gətirmişlər. Polis bölməsində narkotik vasitəni qarşısına qoyaraq demişlərdir ki,o həbsə getməlidir. Verilən suallara cavab olaraq bildirmişdir ki, heroin istifadə etmiş, lakin metamfetamin istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən ona təzyiq olunmuş, onun evinə gələrək, paltarını geyinməyə imkan verməyərək, evdən aparmışlar. O, taksi fəaliyyəti ilə məşğul olmuş, taksi fəaliyyəti zamanı taksiyə minənlər və öz tanışları vasitəsilə narkotik vasitə əldə etmişdir. Heç vaxt Anaşkin küçəsinə gedərək oradan narkotik vasitə götürməmişdir. Hər dəfə 0,5-1 qram heroin əldə etmiş, həmin maddəni 1-2 gün istifadə etmiş, artıq qalan narkotik vasitəni üzərində gəzdirmişdir. O, evdə olarkən, polis əməkdaşları gələrək ifadə vermək üçün onu bölməyə dəvət etmişlər, onu aparmağa 03 avtomobil gəlmiş, qapını döyməmişlər, birbaşa sındıraraq içəri daxil olmuşlar, həmin zaman evdə həyat yoldaşı və uşaqları olmuşlar. Onun evində yalnız öz ailəsi yaşayır. O, duş qəbul edən zaman, polis əməkdaşları gələrək, onu çağırmışlar və tələmtələsik aparmışlar, həmin zaman onun heç öz evinə girmək şansı belə olmamış, əynində yalnız şort, mayka, ayağında səndəl olmuşdur. İstifadəsində ***-**-** nömrəli mobil telefon olmuş, başqa mobil sim nömrəsi olmamışdır. O, heroin əldə etmək üçün, istər-istəməz başqa şəxslərlə ünsiyyətə daxil olmuşdur. Heç vaxt narkotik vasitə satmamış, lakin ondan narkotik maddəni başqa istifadəçilər istəmiş, o isə heç kimə verməmişdir. Həmin şəxslərin arasında ola bilsin ki, “İbiş” adlı şəxs də olmuşdur. Hazırda hər hansı mobil nömrəni xatırlamır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

23. CM-nin 234.4.1. və 234.4.3. maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

24. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

25. Maddə 18.4.4. residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır.

26. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardan biridir.

27. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

28. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

29. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

30. Maddə 67.1 Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

31. Maddə 68.1.1-1 Hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

32. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

33. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

34. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

35. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

36. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

37. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

38. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

39. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

40. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

41. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

42. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

43. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

44. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı

45. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

46. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

47. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ:

48. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Məhkəmənin hüquqi dəyərləndirməsi:

49. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsə məxsus ***- ***-**-** mobil nömrə istifadə olunan “Samsung Galaxy J6” markalı mobil telefonun ismarıc qutusunda +**********19 mobil nömrəsi ilə 15 may 2023-cü il tarixdə saat 03:18-də yazışma olduğu, həmin yazışmanın mətnində qarşı tərəf “GAG GELİREM BAYAXKİ YERE SEBİRLİ OL ORDASAN YAZ MENE GETMİSENSE CATM ORA ATRAM SABUCUYA QAYDRAM” həmin tarixdə saat 03:26-da “GAGA DAS YA KOLA İSTİYEN VAR VEREY CUNKİ TAKSİ 14 MANAT YAZB VERMELİYEM SOFERİN YANDA ACG DANSA BİLMİREM DİYE YAZRAM KONUMA GETMİŞDİM GAYDRAM” məzmunda yazılmış və saat 04:03-də Təqsirləndirilən şəxs cavab olaraq “bayaqki yerde deylem rewad gilin mejlesindeyem cavid marketin yaninda/Acda bu poxuda blet, senol uje hormetsizdiy gorureme mendeki bele wey gorende kecmirem sonra” məzmunda ismarıc aşkar edilmişdir. Həmin sms mətnlərinin məzmununda olan “daş və kola” kimi narkotik vasitəni adlandırdıqlarına və narkotik vasitə dövriyyəsi ilə bağlı məzmunda olmasına əsaslı şübhələr vardır. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.

50. Bundan başqa təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-439/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək törədilmiş cinayət əməlində özünü təqsirli bildiyini, narkotik vasitəni başqa şəxslərə verdiyini, bunun müqabilində isə həmin narkotik satan şəxslərin ona istifadəsi üçün pulsuz narkotik vasitə verdiklərini bildirmişdir.

51. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

52. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 6 və 40-cı bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

53. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Beləki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs özünə məxsus olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə İbiş adlı şəxslə dəfələrlə sms yazışmaları və danışıqlar aparmış və həmin danışıqların mətni narkotik vasitənin əldə edilməsi və realizə olunması ilə bağlı olmuşdur.

54. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət olması və ya döyülməsi barədə məlumat verməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

55. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 32,33,34,35ci bəndlərindəki normativ aktlara əsasən).

56. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq halda olmasını habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir.

57. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 32-ci bəndi).

58. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

59. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 24,25,26,27,28-ci bəndləri).

60. Elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumatda görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Yaşar Həsənzadə adlı və xx.xx.2017-ci il təvəllüdlü Fatimə Həsənzadə adlı iki övladı vardır. Həmin hal təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən haldır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

61. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 1(008)-822/2022 nömrəli Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmündən və xx.xx.2024-cü il tarixli Bakı şəhər Probasiya idarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum xx.xx.2024-cü il tarixədək probasiya qeydiyyatına alınmamış və bu səbəbdən məhkuma təyin olunmuş cəza çəkilməmişdir.

62. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır (qərarın 25-ci bəndi).

63. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilindəaşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

64. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 29-cu bəndi).

65. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2023-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 15,74-79). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 36 və 37-ci bəndləri).

66. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 31 may 2023cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

67. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

68. İş üzrə maddi sübut olan, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,442 qram miqdarında psixotrop maddə məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 38-ci bəndi). 69 İş üzrə maddi sübut olub Bakı Şəhər Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan “Samsung Galaxy J6” markalı bir ədəd mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. (qərarın 38-ci bəndi).

70. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

71. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir ) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 39-cu bəndi).

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-822/2022 nömrəli hökmü ilə ona təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 31 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı Şəhər Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra 2.442 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilsin, üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı Şəhər Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan “Samsung Galaxy J6” markalı bir ədəd mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar