Məhkəmə qərarları › İş №1(101)-1121/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1121/2023

23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1121/2023 23.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1991-ci ildə Masallı rayonunun Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Masallı rayonu Təklə ərazi dairəsi, Xoşçobanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 3, mənzil 21-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs internet resurslarında oynadığı qumar oyunlarında uduzması, eləcədə digər işləri ilə bağlı yaranmış borclarını ödəmək üçün pul vəsaiti əldə etmək məqsədilə tanıdığı Zərərçəkmiş şəxs məxsus əmlakı quldurluq yolu ilə ələ keçirmək niyyətilə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzindən idman malları mağazasından bir ədəd beysbol dəyənəyi əldə edib cinayətin törədilməsinə hazırlıq edərək 13 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzində iş saatının başa çatmasını, habelə hər iş gününün sonunda olduğu kimi elektrik enerjisi təchizatının dayandırılmasını gözləyib havanın qaralmasından istifadə edərək, Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi Sədərək Ticarət Mərkəzi 1-ci sırada yerləşən 96 nömrəli mağazanın qarşısına gələrək Zərərçəkmiş şəxs mağazada olduğunu görüb tanınmaması üçün özü ilə gətirdiyi tibbi maskanı üzünə keçirərək mağazaya qapısından qanunsuz girib hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək özü ilə gətirdiyi silah qismində istifadə olunan idman oyunları üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən xüsusi təyinatlı vurucu-dağıdıcı xassəyə malik olan beysbol dəyənəyi ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurduqdan sonra sonuncunun müqavimət göstərməsi nəticəsində dəyənək əlindən düşdüyündən mağazada stolun üzərində olan qayçını götürərək zorakı hərəkətlərini davam etdirib silah qismində tətbiq etdiyi həmin alətlə sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona sağ bud nahiyəsinin səthi əzilmiş yaraları, başın təpə, sağ kürək, sağ çiyinüstü, sağ bazu, sağ said və qarın nahiyələrinin sıyrıqları ilə müşayiət olunan, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə, habelə sağlamlığına həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağ qaşın tış səthinin əzilmiş yarası və sol ənsə nahiyəsinin dərialtı hematomasından ibarət yüngül, eyni zamanda qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgahalmacıq sümüklərinin qövsünün xətti yerini dəyişməyən sınığı və qançırından ibarət həyat üçün təhlükəli olan ağır zərər vurub müqavimətini sındıraraq Zərərçəkmiş şəxs əynində olan şalvarının cibindən 2.000 (iki min) manat, stulun üzərində olan gödəkçəsinin cibindən 28.000 (iyirmi səkkiz min) manat, həmin dövrün məzənnəsi ilə 4.981 (dörd min doqquz yüz səksən bir) manat təşkil edən 2.930 (iki min doqquz yüz otuz) ABŞ dollarından ibarət, ümumilikdə 34.981 (otuz dörd min doqquz yüz səksən bir) manat məbləğində pulu ələ keçirib zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir. Himayəsində iki azyaşlı uşağı vardır. 2014-cü ildən Sədərək Ticarət Mərkəzində təsərrüfat bazarında işləyir. Son 5-6 aydır ki, əmisi oğlu Xanların 3-cü sıra 18-ci dükanda «İmperator» santexnika aksesuarlarının satışı mərkəzində işləyir. İki ildir ki, telefon vasitəsilə onlayn qaydada «Fastloto» kimi tanınan qumar oyunu oynayır. Buna görə də hadisədən əvvəlki aylarda çoxlu borcu yaranmışdır. Bu səbəbdən müştərilər tərəfindən santexnika mallarının alınması üçün dükana ödənilən tam ödənişlərin 90-95 faizini qumara qoymuş, qalan hissəsini isə dükana müştərilər tərəfindən verilən beh kimi yazdırmışdır. Müştərilər alacaqları malın pullarını nağd şəkildə ödəsələr də, o, həmin pulu qumarda uduzmuş, əmisi oğluna müştərinin bir neçə günə pulu verəcəyini demişdir. Daha sonra isə başqa müştəridən malın pulunu alıb əvvəlki müştərinin mala görə verdiyi pulun əvəzinə dükana qoymuşdur. Qumar oynamağa davam etmiş və maddi vəziyyəti get-gedə pisləşmişdir. Çətin vəziyyətdə olduğundan pul axtarmağa başlamışdır. Hansı yolla olursa-olsun pul əldə edib, işlədiyi dükana aid pulları yerinə qaytarmaq istəmişdir. Zərərçəkmiş şəxs tanıyır. X3 Mərkəzində elektrik avadanlıqları satmaqla məşğul olmuşdur. Bazarda danışılan söhbətlərdən Şakirin gəlirinin daha çox olmasını bilmiş və sonuncuya hücum edərək onun pullarını ələ keçirmək qərarına gəlmişdir. Hadisədən bir gün əvvəl işlədiyi ticarət mərkəzində qara rəngli dəmir dəyənək alıb işlədiyi dükana qoymuşdur. Lakin orada ondan başqa işləyən şəxslərin bundan şübhələnəcəklərini düşünüb, dəyənəyi Şakirin işlədiyi elektrik malları dükanının yaxınlığında başqa bir dükanın kondisionerinin arxasında gizlətmişdir. 13 noyabr 2022-ci il tarixdə ticarət mərkəzində dükanların bağlanmasını gözləmişdir. Həmin gün saat 19 radələrində dükanı bağlayıb çıxmışdır. Həmin vaxt artıq bazarın işıqları sönmüşdür. İş yoldaşı Elçin onunla sağollaşıb gedəndən sonra bir gün əvvəldən gizlətdiyi dəmir dəyənəyi götürüb Şakirin mağazasına tərəf getmişdir. Sonuncunun dükanın qarşısında olduğunu görüb, bir qədər mağazanı kənardan müşahidə etmiş və onun dükanın içərisinə daxil olmasını gözləmişdir. Həmin vaxt əynində boz rəngli parça materialdan papaqlı poluver olmuşdur. Şakir dükana daxil olanda, sonuncunun arxasınca dükana daxil olmuş və qəflətən əlindəki dəmir dəyənəklə Şakirin baş nahiyəsindən və üzündən vurmuşdur. Bir neçə dəfə vurandan sonra Şakir yerə yıxılmış, yenidən ayağa qalxıb hər iki əli ilə onun belindən tutmuşdur. Bu zaman əlindəki dəyənək yerə düşmüşdür. Şakirə zərbə endirdikdən sonra sonuncu müqavimət göstərərək onu stolun üzərinə yıxmış, o da təsadüfən əlinə keçən qayçı ilə sonuncunu vurmağa başlamışdır. Şakirin qollarına və ayağına təxminən 14-15 zərbə vurandan sonra dükanda pul axtarmağa başlamışdır. Bu zaman stulun üzərində gödəkçə görmüşdür. Gödəkçəni əlinə götürəndə bir qədər ağır olmasını hiss etmişdir. Ciblərini yoxlamış və gödəkçənin içəri cibindən rezinə keçirilmiş pulu götürüb dükandan çıxmışdır. Pulu əynində olan qara gödəkçənin iç cibində gizlətmişdir. Əvvəlcə sürətlə qaçmış və sonra isə dayanıb əynində olan boz rəngli papaqlı poluveri yolun kənarında tullantılar yığılan yerə atmışdır. Dəmir dəyənəyi isə həmin ərazidə betonun arasına tullamışdır. Şirniyyat bazarının içərisində növbədə olan mühafizəçi onu görüb burada nə etdiyini soruşmuşdur. Sonuncuya yalandan boş qutu axtardığını demişdir. Bundan sonra saat 20:10 radələrində bazarın içərisində təzə dayanacaq tərəfdə tanımadığı taksiyə əyləşmiş və Lökbatan qəsəbəsinə getmişdir. Qaradağ şadlıq sarayının yanında taksi sifariş verib yaşadığı evə getmişdir. Həyat yoldaşına hadisə barədə heç nə deməmişdir. Səhəri günü Şakiri vuraraq əldə etdiyi pulun bir hissəsini götürmüş, qalan hissəsini evlərində gizlətmişdir. Sədərək Ticarət Mərkəzinə gələndən sonra pulu sayıb 12500 min manatını götürmüş, həmin pulu müştərilərin mal almaq üçün ona verdikləri və qumarda uduzduğu pulların əvəzinə əmisi oğlu Xanlara verib müştərilərin verdiyini demişdir. Həmin pulu cinayət yolu ilə əldə etdiyini Xanlara deməmişdir. 2000 manat pulu isə bazarda olan xırda borclarını ödəmişdir. 14 noyabr 2022-ci il tarixdə axşam işdən evə getdikdən sonra evdə gizlətdiyi pulun 2000 manatına qumar oynamış və «emanat» terminalı vasitəsilə ona göndərilən kartlara köçürmüşdür. Bundan sonra tutulduğu günə qədər yenə də onlayn qaydada qumar oynamış və Şakirdən ələ keçirdiyi pulları öz adına olan «Leo bank» vasitəsilə qumar oynadığı şəxslərin ona göndərdikləri bank kartlarına göndərmişdir. Bütün pulları uduzandan və xərcləyəndən sonra onda Şakirin dükanında ələ keçirdiyi 2930 ABŞ dolları qalmışdır. Həmin dolları Binə Ticarət Mərkəzində milli manata dəyişib işlədiyi dükanla bağlı müştərilərdən mala görə aldığı pulları ödəmişdir. 18 noyabr 2022-ci il tarixdə ticarət mərkəzində olarkən Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Bölmədə sorğu-sual zamanı 13 noyabr 2022-ci il tarixdə törətdiyi cinayət əməlini etiraf etmişdir. Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini tək törətmiş, yanında heç kəs olmamışdır. İnternet üzərindən onlayn qadada oynadığı qumar oyunlarında 25-30 min manat məbləğində pul uduzduğu üçün qeyd edilən cinayəti törətmişdir. Maddi problemlərlə əlaqədar ciddi psixi sarsıntı keçirmiş, həmin vaxt əməlinin pis nəticələnə biləcəyini düşünməmişdir. Zərərçəkmiş şəxsə ağır xəsarət yetirmək niyyəti olmamışdır. Şakirdə müəyyən qədər pulun olduğunu fikirləşdiyi üçün ona hücum etmişdir. Şakirə dəyənəklə 2-3 zərbə vurmuşdur. Zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadəsini qismən təsdiq edir, lakin, ona 30 zərbə vurmamış, zərbələrin sayı az olmuşdur. Zərərçəkmiş şəxsi yerə yıxaraq ona qayçı ilə xəsarət yetirmək niyyəti olmamışdır. Şakirə zərbə endirdikdən sonra sonuncu müqavimət göstərərək onu stolun üzərinə yıxmış, o da zərərçəkmiş şəxsdən xilas olmaq üçün təsadüfən əlinə keçən qayçı ilə sonuncunu vurmağa başlamışdır. Zərərçəkmiş şəxsə təxminən 14-15 zərbə vurmuşdur. İbtidai istintaq zamanı da müstəntiqə zərbələrin sayının 14-15 olduğunu demişdir. Hadisə törəğməzdən əvvəl tanınmamaq üçün maska taxmışdır. Pulu Şakirin paltosunun cibindən götürmüşdür. Sonuncunun paltosunun cibində pul olduğunu əvvəlcədən bilməmişdir. Bundan başqa, otaqdakı dolabı da yoxlamış, lakin, orada pul olmamışdır. Hadisədən 5 gün sonra saxlanılmışdır. Şakirdən götürdüyü pullarla borclarını qaytarmışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmiş və onunla barışıq əldə etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sədərək ticarət mərkəzində yerləşən mağazasında elektrik mallarının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs və sonuncunun əmisi oğullarını tanıyır. Elnuru mütəmadi olaraq Sədərək Ticarət Mərkəzində görmüş və onun mühafizəçi olduğunu fikirləşmişdir. Bəzən müştəriləri ondan aldıqları malların pulunu Elnura vermiş, sonuncu da gətirib həmin pulları ona vermişdir. Hadisəyə kimi Elnurla aralarında heç bir narazılıq olmamışdır. 13 noyabr 2022-ci il tarixdə axşam saatlarında zibilləri atmaq üçün çölə çıxmışdır. Mağazaya qayıdıb içəri daxil olduqda kimsə ona baş nahiyyəsindən ardıcıl olaraq iki-üç ağır zərbə endirmişdir. Müvazinətini itirərək yerə yıxılmışdır. Həmin vaxtı hava qaranlıq olduğundan və onu vuran şəxsin üzündə maska, başında isə papaq olduğundan onu tanımamış və Elnur olduğunu bilməmişdir. Həmin şəxsə müqavimət göstərmiş, əlbəyaxa olmuşdur. Bu zaman sonuncunun əlindəki dəmir dəyənək yerə düşmüşdür. Daha sonra Elnur stolun üstündəki qayçını götürüb onun bədəninin müxtəlif nahiyyələrinə təxminən 30-a yaxın zərbə vuraraq xəsarət yetirmiş, cibindəki pulları və gödəkçəsini götürüb getmişdir. Ən çox çiyin nahiyəsindən xəsarət almışdır. Elnur onun 30 min manat və 2.930 dollar pulunu ələ keçirmişdir. Hadisə barədə DİN-in 102 xidmətinə və Sədərək Ticarət Mərkəzinin ərazisində olan mühafizəçilərə xəbər vermişdir. Mühafizəçilər təcili tibbi yardım çağırıb onu xəstəxanaya aparmışlar. Hadisədən sonra xəstəxanada bir neçə gün qalıb müalicə olunmuşdur. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən ödənilmişdir. Sonuncu ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sədərək Ticarət Mərkəzində «Sabit» Mühafizə xidmətində işləyir. 13 noyabr 2022-ci il tarixdə ticarət mərkəzinin ərazisində olarkən saat 20 radələrində bir nəfər şəxsin əlində olan bükülünü tullantıların yığıldığı yerə atdığını görmüş və təmizlik işinə baxan şəxslərdən biri olduğunu düşünmüşdür. Daha sonra məsul şəxs olduğu posta yaxınlaşdıqda Zərərçəkmiş şəxs qan içində gəldiyini görmüş və ona yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. Şakir ona tanımadığı bir nəfər şəxs tərəfindən hücuma məruz qaldığını bildirmişdir. Dərhal hadisə barədə DİN-in 102 xidmətinə və TTY-a zəng edərək məlumat vermişdir. Qarşı posta məlumat verərək bir nəfər şübhəli şəxsin adam döyüb qaçdığını və onu tutmaq lazım olduğunu bildirmişdir. Daha sonra bir qədər əvvəl gördüyü şəxsin əlindəki bükülünü tullantıların içərisinə atdığı yerə baxanda orada qanlı paltar olduğunu görmüşdür. Bu barədə hadisə yerinə gələn polislərə məlumat vermişdir. Həkim briqadası da gəlmiş və Şakiri xəsətxanaya aparmışdır. Bundan başqa ərazidə polis əməkdaşları tərəfindən baxış keçirilərkən bir ədəd dəmir dəyənək də tapılmışdır. Əlindəki paltarı tullantıların içərisinə atan şəxsi uzaqdan gördüyü üçün onun sifətini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sədərək Ticarət Mərkəzində mühafizəçilərin növbə rəisinin köməkçisi vəzifəsində çalışır. 13 noyabr 2022-ci il tarixdə şirniyyat bazarında əraziyə ümumi baxış keçirərkən bir nəfər əynində tünd rəngli jaket olan şəxsin gəldiyini görüb bazar bağlandığı üçün ondan burada nə etməsi ilə maraqlanmışdır. Həmin şəxs malları yığmaq üçün karton qutu axtardığını demişdir. Sonuncuya saat 20:00-a kimi işini görüb qurtarmasını bildirmiş və oradan uzaqlaşmışdır. Bir müddət sonra, təxminən 20:10 radələrində digər köməkçi Əvəz Hüseynov mobil telefonla ona zəng edib, bir nəfər sahibkarın naməlum şəxs tərəfindən hücuma məruz qalması barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə getmiş və sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin qan içində olduğunu görmüşdür. Hadisə barədə DİN-in 102 xidmətinə və TTY-a zəng edərək məlumat verilmiş və bir müddət sonra DİN və TTY əməkdaşları hadisə yerinə gəlmişdir. Polis əməkdaşları ilə birlikdə əraziyə baxış keçirərkən orta yol 1-ci ərazinin 8-ci sırasının qarşısında beton qəlibin içərisindən bir ədəd əzilib deformasiyaya uğramış dəmir dəyənək tapmışlar. Karton qutular axtardığını deyən naməlum şəxsi gördüyü zaman baş vermiş hadisədən məlumatı olmamışdır. Həmin şəxslə qarşılaşdığı an Sədərək Ticarət Mərkəzinin təhlükəsizlik kameralarına düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Sədərək Ticarət Mərkəzində santexnika mallarının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs onun əmisi oğludur. Zərərçəkmiş şəxs da tanıyır. Şakir Sədərək Ticarət Mərkəzində elektrik avadanlıqlarının satışı ilə məşğuldur. Onun və əmisi oğlu Elnurun Şakirlə münasibəti yaxşı olmuşdur. Elnurun onlayn qaydada qumar oynaması və xeyli miqdarda borcunun yaranmasından onun və ailəsinin xəbəri olmuşdur. Dəfələrlə Elnurla o və onun öz ailəsi söhbət edib qumardan əl çəkməsini demişlər. Sonuncunun maddi vəziyyəti yaxşı olmadığından əmisi oğlu kimi ona maddi yardım göstərmişdir. Elnur internet üzərindən onlayn qaydada satışı yaxşı bacardığından sonuncuya onun dükanında oturub alver etməsi üçün şərait yaratmışdır. Elnur hadisəyə qədər son 2-3 ayı onun dükanında işləmiş və hamam aksesuarlarının satışı ilə məşğul olmuşdur. Müştərilərdən pulu adətən dükanda işləyən digər satıcı Elçin almış, bəzən Elnur da müştərilərdən pul almış, lakin, həmin pulları ya Elçinə, ya da ona vermişdir. 13 noyabr 2022-ci il tarixdə səhər saat 11 radələrində iş yerinə gəlmiş, iki üç saatdan sonra isə çıxıb getmişdir. Həmin vaxt Elnur və Elçin dükanda olmuşlar. Elnurun bazarda xeyli borcu olduğundan ona işləyib camaatın borcunu qaytarmağı tapşırmışdır. Elnur Binə qəsəbəsində «Gloriya» dükanında işləyən Faiqdən dəfələrlə satmaq üçün vanna götürüb həmin əşyaları satsa da, pulunu verməmişdir. Sonradan Elnur ona və başqa qohumlarına həmin pulları qumarda uduzduğunu etiraf etmişdir. Həmin gün axşam saat 18 radələrində Elçinlə Elnur dükanı bağlayıb çıxmışdır. 14 noyabr 2022-ci il tarixdə bazara gələndə naməlum şəxsin Zərərçəkmiş şəxs dükanına daxil olub başına küt alətlə vuraraq 30.000 min manata yaxın pulunu apardığını öyrənmişdir. Ayrı-ayrı adamların Elnurdan borclarını istəməsindən xəbəri olmuş, lakin, borca görə kiminsə onun yanında Elnuru sıxışdırmasını və borcunu tələb etməsini görməmişdir. 18 noyabr 2022-ci il tarixdə yaşadığı evdə olarkən Sədərək Ticarət Mərkəzindən ona zəng gəlmişdir. Zəng edən şəxs Elnurun Qaradağ RPİ-nin 10-cu PB-nə aparıldığını demişdir. Sonradan Elnurun 13 noyabr 2022-ci il tarixdə baş vermiş quldurluq hadisəsi ilə bağlı polisə aparıldığından xəbər tutmuşdur. Bir müddət sonra isə Şakirin dükanına 13 noyabr 2022-ci tarixdə hücum edərək pulunu ələ keçirən şəxsin onun əmisi oğlu Elnur olduğunu öyrənmişdir. Hadisədən əvvəlcədən xəbəri olmamışdır. Sonradan Elnurun cinayət əməlini qumardan yaranan borclarına görə törətməsini bilmişdir. Elnurun qumar oynamasına görə atası və öz ailəsi ilə dəfələrlə problemləri olmuşdur. Şəxsən Elnurun ona 5-6 min manat borcu olmuş, lakin, qohumu olduğu üçün həmin pulu ondan tələb etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Sədərək Ticarət Mərkəzində baş mühafizəçi vəzifəsində çalışır. 13 noyabr 2022-ci il tarixdə axşam saatlarında ticarət mərkəzində olarkən rabitə qurğusu vasitəsi ilə bir nəfər sahibkarın naməlum şəxs tərəfindən hücuma məruz qalması barədə məlumat almışdır. Dərhal hadisə yerinə getmiş və Zərərçəkmiş şəxs mağazasında yerdə uzanıqlı vəziyyətdə olduğunu, üzünün və başının qan içində olduğunu, mağazadakı bəzi əşyaların, eləcə də kreslosunun qırıldığını görmüşdür. Hadisə barədə DİN-in 102 xidmətinə və TTY-a zəng edərək məlumat verilmiş və bir müddət sonra DİN və TTY əməkdaşları hadisə yerinə gəlmişlər. Şakir yaralı olduğu üçün onu həkim briqadası xəstəxanaya aparmışdır. Hadisə barədə soruşduqda Şakir naməlum şəxsin onu qəflətən arxadan dəmir alətlə vuraraq 30 min manatdan çox pulunu apardığını demişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun atasıdır. Sonuncu Sədərək Ticarət Mərkəzində elektrik mallarının satışı ilə məşğul olur. Hərdənbir atasının işlədiyi dükana gedib ona köməklik etmişdir. 13 noyabr 2022-ci il tarixdə axşam saat 20 radələrində atasının tanışlarından kimsə ona zəng edib atasının işlədiyi Sədərək Ticarət Mərkəzində olan mağazasına hücüm olunduğunu və bir nəfər şəxsin atasının bədəninə müxtəlif xəsarətlər yetirib pulunu ələ keçirdiyini bildirmişdir. Odur ki, Sədərək Ticarət Mərkəzinə yollanmış və yolda atasının xəstəxanaya aparıldığını öyrənmişdir. Oradan birbaşa atasının aparıldığı 1 saylı X4 getmişdir. Həmin vaxt atası komada olduğundan onunla danışıb, hadisənin kimin törətməsini soruşa bilməmişdir. Daha sonra polis əməkdaşları da xəstəxanaya gəlmiş və hadisə araşdırılmışdır. Bir neçə gün atası xəstəxanada qalmışdır. Atası ayılandan sonra ona bildirmişdir ki, dükana daxil olan şəxs onun gödəkçəsinin cibindən 28.000 manat, 2930 ABŞ dolları, əynində olan şalvarın cibindən isə 2000 manat pul götürmüşdür. O, DİN-in 102 xidmətinə atasının şalvarının cibindən pul götürülməsi barədə məlumat vermişdir. 18 noyabr 2022-ci ildə atasına xəsarət yetirərək onun pulunu aparan şəxsin Sədərək Ticarət Mərkəzində işləyən Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Elnuru əvvəlcədən tanımış, sonuncunu Sədərək Ticarət Mərkəzində atasının yanında bir neçə dəfə görmüşdür. Onun və atasının Elnurla ədavəti olmamışdır. İşin 91-96-cı vərəqlərindəki 20 noyabr 2022-ci il tarixli protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılan zaman ifadəsində göstərdiklərini bir daha təsdiq edərək törətdiyi əməli əyani olaraq hadisə yerində göstərmişdir. İşin 144-145-ci vərəqlərindəki protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə hadisə yerindən götürülmüş bir ədəd boz rəngli poluver Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin poluverin ona məxsus olmasını, hadisə vaxtı Zərərçəkmiş şəxs işlədiyi dükana daxil olub ona qarşı zor tətbiq edərkən əynində olmasını, hadisə yerindən uzaqlaşarkən çıxarıb atdığını bildirmişdir. İşin 146-147-ci vərəqlərindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmişdir. Üzləşmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı quldurluq hadisəsini törətdiyini etiraf etmişdir. İşin 126-127-ci vərəqlərindəki məhkəmə-tibbi ekspertizasının 22 dekabr 2022-ci il tarixli 868 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində qapalı kəllə- beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah-alın açıq sümüklərinin qövsünün xətti yerini dəyişməyən sınığı və qançırı, sağ qaşın qış səthinin əzilmiş yarası, sol ənsə nahiyəsinin dərialtı hematoması, sağ bud nahiyəsinin səthi əzilmiş yaraları, başın təpə, sağ kürək, sağ çiyinüstü, sağ bazu, sağ said və qarın nahiyələrinin sıyrıqları kimi xəsarətlər aşkar edilmişdir. Göstərilən xəsarətlərdən qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah-almacıq sümüklərinin qövsünün xətti yerini dəyişməyən sınığı və qançırı, sağ qaşın tış səthinin əzilmiş yarası, sol ənsə nahiyəsinin dərialtı hematoması, başın təpə, sağ kürək, sağ çiyinüstü, sağ bazu, sağ said və qarın nahiyələrinin sıyrıqları bərk küt əşya (alət) təsirindən, sağ bud nahiyəsinin səthi əzilmiş yaraları isə deşisi-kəsici uca malik əşya (alət) ola bilsin qayçı təsirindən qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X4 müraciət etdiyi 13 noyabr 2022ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah-almacıq sümüklərinin qövsünün xətti yerini dəyişməyən sınığı və qançırı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ qaşın tış səthinin əzilmiş yarası və sol ənsə nahiyəsinin dərialtı hematoması həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Sağ bud nahiyəsinin səthi əzilmiş yaraları, başın təpə, sağ kürək, sağ çiyinüstü, sağ bazu, sağ said və qarın nahiyələrinin sıyrıqları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İşin 166-171-ci vərəqlərindəki materialların məhkəmə ekspertizasının 6 fevral 2023cü il tarixli 6/103 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti 1 saylı cədvəlində göstərilib. Həmin kənar lif mikro hissəciklərinin arasında, Zərərçəkmiş şəxs poluverin üzərindən aşkar edilmiş boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs gödəkçəsinin üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs poluverin tərkib liflərinə uyğun gəlirlər. İşin 176-177-ci vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 fevral 2023-cü il tarixli 460 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və halhazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 178-186-cı vərəqlərindəki maddi sübutların ekspertizasının 15 fevral 2023-cü il tarixli 04-2023/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin arxa səthinin sağ yarısının yuxarı hissəsində 3 (üç) ədəd, gecə köynəyinin arxa səthinin sağ yarısının yuxarı hissəsində 2 (iki) ədəd; cins şalvarın sağ ayaqlığının ön səthinin yuxarı hissəsində 2 (iki) ədəd və sol ayaqlığının ön səthində yuxarıda 1 (bir) ədəd, ortada 1 (bir) ədəd və gecə şalvarının sağ ayaqlığının ön səthinin yuxarı hissəsində 2 (iki) ədəd deşilmiş zədələr vardır. Bu zədələr iti ucu olan əşyanın (alətin), ola bilsin ki, hər hansı bir qayçı diliminin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin arxa səthinin sağ yarısının yuxarı hissəsində aşkar edilmiş zədələr onun bədən səthində müəyyən edilmiş sağ kürək, sağ çiyinüstü nahiyələrinin sıyrıqları ilə; cins şalvarın və gecə şalvarının sağ ayaqlığının ön səthinin yuxarı hissəsində aşkar edilmiş zədələr isə, onun bədən səthində müəyyən edilmiş sağ bud nahiyəsinin yaraları ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş digər xəsarətlər onun ekspertizaya təqdim olunmuş geyim əşyaları üzərində öz əksini tapmamışdır, bu da, yalnız onun bədəninin xəsarət alması ilə izah oluna bilər. Zərərçəkmiş şəxs məxsus və ekspertizaya təqdim edilmiş cins şalvarın sol ayaqlığı üzərində olan zədələr onun bədəni üzərində öz əksini tapmamışdır və bu, yalnız şalvarın zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus mayka və kəmərin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş dəyənək zavod üsulu ilə hazırlanmışdır. Xüsusi təyinatlı vurucu-dağıdıcı xassəyə malik olan idman oyunları (beysbol) üçün nəzərdə tutulmuş dəyənəkdir və soyuq silah hesab olunmur. Dəyənəyin üzərində sonradan onun təyinatını dəyişdirən heç bir dəyişiklik edilməmişdir. İşin 189-194-cu vərəqlərindəki maddi sübutların məhkəmə-tibbi bioloji ekspertizasının 15 fevral 2023-cü il tarixli 05/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0/İ/-dir (şəxsiyyət vəsiqəsinin surətinə əsasən). Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus mayka, alt köynək, poluver və şalvar üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız «H» antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə 0/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus kəmər üzərində qana şübhəli ləkə aşkar edilmədi. İşin 69-70-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in KTİ-nin arayışından görünür ki, bir ədəd kapişonlu idman gödəkçəsi bir ədəd ağ rəngli maska üzərində olan bioloji mənşəli materiallar və bir ədəd kapişonlu idman gödəkçəsinin kapişonunda aşkar edilmiş tük nümunələri Təqsirləndirilən şəxs məxsusdur. İşin 109-cu vərəqlərindəki protokoldan görünür ki, 13 noyabr 2022-ci il tarixdə Qaradağ rayonu Sədərək Ticarət Mərkəzi ərazisində qeydə alınmış video görüntülərin olduğu bir ədəd DVD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərkən, Təqsirləndirilən şəxs həmin videogörüntülərdəki şəxslərdən birinin onun özü olmasını, özünü şübhələndirməmək üçün ərazidə olan mühafizəçiyə yalandan boş qutu axtardığını deməsini, həmin görüntülərin zəərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus dükana basqın edib ona xəsarət yetirərək pulunu ələ keçirəndən bir qədər sonra qeydə alındığını bildirmişdir. İşin 197-212-ci vərəqlərindəki 28 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd poluver, bir ədəd beysbol dəyənəyi, bir ədəd tibbi maska, Zərərçəkmiş şəxs məxsus bir ədəd cins şalvar, bir ədəd sviter, gecə köynəyi, gecə şalvarı və 13 noyabr 2022-ci il tarixdə Qaradağ rayonu Sədərək Ticarət Mərkəzi ərazisində qeydə alınmış videogörüntülərin olduğu bir ədəd DVD disk maddi sübut kimi tanınmış, bir ədəd DVD disk iş materiallarına əlavə edilmiş, digər maddi sübutlar isə Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İşin 56-cı vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 120-ci vərəqindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdəki Zərərçəkmiş şəxs təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, sonuncu ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İşdəki «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Elay Əmənova və xx.xx.2021-ci il təvəllüdlü Nuray Əmənova adlı iki azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə Zərərçəkmiş şəxs dəyənəklə cəmi 2-3 zərbə vurduğunu bildirdi. Onun bu hissədə ifadəsi məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə həmin hissəsinə tənqidi yanaşır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 181.3.3-cü maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbi nəzərə alınmaqla CM-nin 181.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 18 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Qaradağ RPİ-də saxlanılan hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd poluver, bir ədəd beysbol dəyənəyi, bir ədəd tibbi maska, Zərərçəkmiş şəxs məxsus bir ədəd cins şalvar, bir ədəd sviter, gecə köynəyi, gecə şalvarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 13 noyabr 2022-ci il tarixdə Qaradağ rayonu Sədərək Ticarət Mərkəzi ərazisində qeydə alınmış videogörüntülərin olduğu bir ədəd DVD isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 210 (iki yüz on) manat onun işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən etmədi. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Qaradağ RPİ-də saxlanılan hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd poluver, bir ədəd beysbol dəyənəyi, bir ədəd tibbi maska, Zərərçəkmiş şəxs məxsus bir ədəd cins şalvar, bir ədəd sviter, gecə köynəyi, gecə şalvarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 13 noyabr 2022-ci il tarixdə Qaradağ rayonu Sədərək Ticarət Mərkəzi ərazisində qeydə alınmış videogörüntülərin olduğu bir ədəd DVD isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 210 (iki yüz on) manat onun işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar