Məhkəmə qərarları › İş №1(101)-1124/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1124/2022

08.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1124/2022 08.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Xaçmaz rayonunun Arzu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Xaçmaz rayonu, Hacıəlibəy ərazi dairəsi, Arzu qəsəbəsində qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Əbülfəz Məhərrəmov 19 yanvar 2022-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanda yaşayan, qeyri-rəsmi nikah münasibətində olduğu Şahid4 evində olarkən, sonuncunun rəsmi qaydada boşanmış olduğu keçmiş əri Zərərçəkmiş şəxs həmin binanın qarşısına gələrək keçmiş arvadının övladları ilə birlikdə yaşadığı mənzilə yad kişi dəvət etməsindən əsəbləşib uca səslə onun, Şahid4 və sonuncunun uşağı Rəsul Atakişiyevin ünvanına nalayiq ifadələr, söyüşlər işlətməsinə görə ünvanına deyilən söyüşləri qəbul edə bilmədiyi üçün həmin mənzildən binanın qarşısına düşmüş, həyətdə olan Zərərçəkmiş şəxs onun üzərinə gələrək yenidən bu məzmunda mübahisə edib nalayiq formada söyüb təhqir etməsini özünün şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib hiddətlənərək qisas almaq niyyəti ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyəsinə əvvəlcə bir yumruq zərbəsi vurub sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz yuvasıətrafı nahiyənin bir ədəd sağlamlığa yüngül zərərvurmaya aid yumşaq toxumalarının hematoması xəsarəti yetirmiş, sonuncunun müqavimətinin qırıldığını görüb taxta parçasını yerdən götürərək uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs alın nahiyəsinə bir dəfə həmin taxta parçası ilə zərbə vurub baş beyin maddəsinin əzilməsi, baş beyinin yumuşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma, sağ tərəfli subdural hematoma (beyinin sərt qişası altına sərbəst qanın yığılması), alın-təpə sümüklərinin kəllə əsasına keçən açıq, çoxqəlpəli sınıqları ilə müşayiət olunan alıntəpə nahiyəsinin bir ədəd sağlamlığa ağır zərər vurmaya aid əzilmiş-cırılmış yarası xəsarətləri yetirmiş, bununla kifayətlənməyərək cinayətkar niyyətini davam etdirib əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vuraraq sol qaş, boyun və sol bel nahiyələrinin, döş qəfəsinin arxa səthinin qançır və sıyrıqlarına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra hadisə yerindən qaçmış, Zərərçəkmiş şəxs təcili tibbi yardım əməkdaşlarının müşayiəti ilə 3 saylı şəhər klinik xəstəxanasına aparılıb stasionar qaydada müalicə olunmasına baxmayaraq 24 yanvar 2022-ci il tarixdə saat 12:15-də almış olduğu ağır xəsarət nəticəsində müalicə olunduğu xəstəxanada ölmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, Şahid4 ilə 2020ci ilin iyun ayında iaşə obyektlərinin birində tanış olmuş, sonuncunun həyat yoldaşından rəsmi qaydada boşandığını, uşaqları ilə birlikdə yaşadığını bilmişdir. Xasiyyətləri uyğun gəldiyinə görə Səbirə ilə yaxın münasibətləri yaranmış, qarşılıqlı sevgi əsasında dini kəbin kəsdirərək ər-arvad kimi yaşamağa başlamışlar. Səbirənin övladları da onu qəbul etmiş, hətta ən yaxın və doğma adam kimi ona isinişmiş, özü də uşaqların bütün qayğılarını öz üzərinə götürmüş, faktiki ata kimi onları himayəsinə almışdır. Özü həm Xaçmazdə, həm də Bakıda yaşamış, Bakıda olarkən təbii ki ailəsi kimi bildiyi Səbirə və övladları ilə birlikdə qalmış, ər-arvad kimi bütün qayğıları, problemləri birgə həll etmişlər. Səbirənin yaxşı münasibətdə olduğu bütün qohum və tanışları da onu sonuncunun həyat yoldaşı kimi qəbul etmişdir. Səbirənin keçmiş əri Zərərçəkmiş şəxslə heç vaxt rastlaşmamış, lakin Səbirə sonuncu barəsində ona danışmışdır. Ümumi söhbətlərdən həmin şəxsin narkotik vasitə aludəçisi, cinayətə meylli və davakar bir insan olmasını, əvvəllər dəfələrlə Səbirəni döyüb işgəncə verdiyini, barəsində dəfələrlə polis tərəfindən araşdırma aparıldığını bilmişdir. 19 yanvar 2022-ci il tarixdə saat 21:30 radələrində Səbirəgildə olarkən həyətdən səs-küy, söyüş səsləri eşitmişdir. Həmin vaxt Səbirənin oğlu Rəsul, qızı Əfruzə, qardaşı qızları Şəms və Rübabə də evdə olmuşlar. Səbirə ona keçmiş əri Ramilin həyətdə səs-küy saldığını, onu və uşaqları əxlaqsız ifadələrlə söyüb biabır etdiyini, bu səhnəni bütün qonşuların da görüb eşitdiyini bildirmişdir. X7 ünvanladığı əxlaqsız ifadələri şəxsən özü də eşitmişdir. Səbirənin oğlu Rəsul eyvana çıxmış və həyətdə dayanıb baxan Ramil onu görən kimi uşağına “ay peysər, evdəki Qubalı kişini göndər həyətə" deyə çığırmışdır. Rəsul isə qonşulardan xəcalət çəkərək dərhal qayıdıb evə girmişdir. Amma Ramil uca səslə ən nalayiq söyüşlər işlətməkdə, artıq birbaşa onu və Səbirəni söyməkdə, aşağılamaqda davam etmişdir. Ramilin onun ünvanına dediyi çox əxlaqsız ifadələrə, söyüşlərə görə çox əsəbləşmiş və artıq dözə bilməyib, qeyrətinə sığışdırmayıb həyətə düşmüşdür. Həmin vaxt Ramilin əlində təxminən bir metr uzunluğunda uzunsov silindirik formalı taxta parçası ilə dayandığını görmüşdür. O, Ramilə yaxınlaşıb təxminən 1,5 metr məsafədə onunla üzbəüz dayanmış və ictimai yerdə olduğunu, nalayiq ifadələr işlətməməsini, dövlət orqanları qarşısında cavab verməli olacağını deyərək onu tanımadığı halda nə üçün ünvanına bu qədər ağır söyüşlər, əxlaqsız ifadələr işlətdiyini soruşmuşdur. Ramil onun dediklərinə məhəl qoymarayaq onlara dedikləri azmış kimi dövləti, bayrağı söyməyə başlamışdır. Bu biabırçı vəziyyətə son qoymaq üçün Ramilin üstünə getmiş, həmin anda Ramil sağ əlini belinin arxa tərəfinə aparmışdır. O anda Ramilin əlini bıçağa, ya da üstündə ola biləcək hansısa silaha atdığını düşünmüş, həm Ramilin özünü qabaqlamaq üçün, həm də onun və Səbirənin ünvanına, dövlətə və bayrağa ünvanladığı söyüşlərə dözməyərək onun üz nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs yumruğun təsirindən yerə yıxılmış və dərhal qalxmış, bundan sonra elə Ramilin özünün əlində olan taxta parçasını alıb onun alın nahiyəsinə bir dəfə həmin taxta parçası ilə zərbə vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə sərilərək uzanıqlı vəziyyətdə qalmışdır. O, əlindəki taxta parçasını yerə atıb daha evə çıxmayaraq həmin ərazidən uzaqlaşmış, sonra da Gəncə şəhərinə çıxıb getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs bir daha görməmişdir. Gəncədə olarkən Səbirə ona zəng edərək Ramilin xəstəxanada olduğunu, araşdırma aparıldığını bildirmiş və polisə təslim olmasını məsləhət görmüşdür. O da dərhal razılaşmış və Bakıya qayıdaraq Səbirə ilə birlikdə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gedərək təslim olmuş, hadisəni olduğu kimi danışmış və mübahisənin səbəbkarının elə Ramilin özünün olması polislərə də aydın olmuşdur. Baş vermiş hadisəyə görə çox təəssüflənir, peşmançılıq keçirir. Heç bir halda mərhumun ölməsini istəməzdi. Mərhumun anası ilə barışmağa cəhdlər edib, amma onu qəbul etmir və barışmırlar. Hüquqi varisin bütün ədavəti əslində Səbirə ilə olduğundan onunla barışmaq, bağışlamaq istəmir. Bütün bunları, həmin vəziyyətdə yalnız mərhum Ramilin özünün hərəkətlərinin bu hadisəyə səbəb olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı faktiki etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 göstərdi ki, oğlu Zərərçəkmiş şəxs 2004-cü il tarixdə əmisi qızı Şahid4 ilə ailə həyatı qurmuş, həmin evlilikdən 2006-cı il tarixdə oğlu Rəsul, 2015-ci ildə isə qızı Əfruzə doğulmuşdur. Onlar ailə qurduqdan sonra bir müddət Bayıl qəsəbəsində kirayə mənzildə yaşamış, təxminən 2007-ci il tarixdən etibarən isə Bakıxanov qəsəbəsində yaşamışlar. İlk əvvəllər Ramil və Səbirə mehriban olmuşlar, ailələrində heç bir mübahisə və narazılıq olmamışdır. Son 3-4 ildə onların ailəsində mübahisələr yaranmağa başlamışdır. Bunun səbəbi isə Səbirənin qardaşı qızı Şəmsi yaşadığı mənzilə gətirərək orada saxlaması, həmin qızın orada qaldığı müddətdə əxlaqsız hərəkətlər etməsi və bütün bunlardan oğlu Ramilin xəbər tutması olmuşdur. Ramil Şəmsin bu hərəkətləri barədə məlumat aldıqdan sonra həmin qızın onların evində qalmasını istəməmiş və bununla bağlı Səbirəyə etirazını bildirmişdir. Səbirə isə bu söz-söhbətlərin yayılmasında Ramili günahlandırmışdır. Bundan sonra onların münasibətləri pozulmuş, daim mübahisə etməyə başlamışlar. 28 fevral 2020-ci il tarixdə isə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onlar rəsmi olaraq boşanmışlar və uşaqlar Səbirənin himayəsinə verilmişdir. Həmin vaxtdan etibarən Ramil Bakıxanov qəsəbəsindəki mənzildən çıxmış, Rufanə adlı qadınla evlənib ailə qurmuş və sonuncunun evində yaşamağa başlamışdır. Şahid4 isə iki övladı ilə birlikdə Bakıxanov qəsəbəsindəki evdə yaşamağa davam etmişdir. Lakin ayrıldıqdan sonra Səbirə uşaqları Ramilə göstərməmiş, Ramil hər dəfə onun yaşadığı mənzilə gedərək övladları üçün darıxdığını desə də Səbirə onları görüşdürməmişdir. O, 19 yanvar 2022-ci il tarixdə təxminən saat 22 radələrində dəfələrlə Ramilə zəng edərək harada olması ilə maraqlanmaq istəmiş, lakin sonuncu onun zənglərinə cavab verməmişdir. Buna görə çox narahat olmuş və digər oğlu Elşənə zəng edərək Ramilin telefonlara cavab vermədiyini bildirmişdir. Təxminən bir neçə dəqiqə sonra Elşən ona tanımadığı bir nömrə verərək həmin nömrənin polis əməkdaşına məxsus olduğunu, həmin polis əməkdaşının onunla danışmaq istədiyini bildirmişdir. O, narahat olaraq dərhal həmin nömrəyə zəng etmişdir. Özünü Sənan kimi təqdim edən şəxs zəngə cavab verərək Zərərçəkmiş şəxs döyüldüyünü, təcili tibbi yardım maşını ilə 3 saylı şəhər kliniki xəstəxanasına aparıldığını bildirmiş və ondan Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gəlməsini xahiş etmişdir. O da Ramilin arvadı Rufanə ilə birlikdə həmin polis bölməsinə getmişdir. Polis Bölməsinin rəisi Ramilin Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən döyüldüyünü deyərək həmin şəxsi tanıyıb-tanımadığını soruşmuş, o isə belə bir şəxs tanımadığını bildirmişdir. Bundan sonra Rufanə ilə birlikdə 3 saylı şəhər kliniki xəstaxanasına getmiş və orada Ramilin huşsuz vəziyyətdə reanimasiya şöbəsində olduğunu, onun başında, gözündə, üzündə və bədənin müxtəlif nahiyyələrində bir sıra xəsarətlər olduğunu öyrənmişdir. Həkimlərdən oğlunun vəziyyəti ilə maraqlandıqda ona vəziyyətin yaxşı olmadığını, Ramilin hazırda suni nəfəs cihazına qoşulduğunu bildirmişlər. 24 yanvar 2022-ci il tarixdə təxminən saat 12 radələrində xəstəxanada olarkən həkimlər ona Ramilin öldüyünü bildirmişlər. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Ramillə onun arasında hər hansı düşmənçilik və ya ədavət olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Oğlu vəfat etdikdən sonra hadisənin baş verdiyi ünvanda yaşayan insanlardan hadisənin necə baş verməsi ilə maraqlanmış və ona məlum olmuşdur ki, həmin gecə Əbülfərz, Səbirə və Rəsul birləşərək oğlu Ramili döymüşlər, sonra onu sürüyərək binanın arxasına aparıb döyməyə davam etmişlər, oğlu tam huşsuz vəziyyətdə olduqdan sonra isə gətirib binanın qarşısına atmışlar. Bundan sonra Rəsul polisə zəng edərək Ramilin binanın qarşısında huşsuz vəziyyətdə olduğunu bildirmişdir. Həmçinin Ramilin binanın həyətində heç bir nalayiq ifadə işlətmədiyini, Əbülfərzin əlində olan taxta parçasını özü ilə evdən gətirdiyini öyrənmişdir. Eşitdiyinə görə Ramilin qonşusu Şahid2 Əbülfərzin evdə olduğundan xəbərdar olaraq bu barədə Ramilə məlumat vermiş, Ramil də öz evində başqa kişinin olduğunu bilib bunun səbəbini soruşmaq üçün həmin ünvana getmişdir. Həmin vaxt Fuaddan başqa Etibar adlı qonşu da hadisə yerində olmuşdur. Etibar işlədiyi Günəşli daş bazarında iş yoldaşı olan Camal adlı şəxsə həmin vaxt hadisə yerində olduğunu, Əbülfərzin taxta ilə Ramili vurduğunu, sonra isə başını yerdə olan beton parçasına çırpdığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, hadisə baş verən günə qədər ünvan 2 ünvanında oğlu Rəsul və qızı Əfruzə ilə birlikdə yaşamışdır. 2003cü ildə əmisi oğlu Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan 2006-cı ildə oğlu Rəsul, 2015-cı ildə isə qızı Əfruzə doğulmuşdur. Evliliklərinin ilk 3 ilində, yəni oğlu Rəsul dünyaya gələnə kimi Ramil çox mehriban, sakit təbiətli bir insan olmuş, oğlu doğulduqdan sonra isə onun xasiyyəti dəyişmiş, sonuncu artıq evə gəlməməyə, evdə olarkən isə daim mübahisə, dava-dalaş etməyə başlamışdır. Qaynanası da onunla yola getməmiş, bunun da əsas səbəbi o olmuşdur ki, vaxtilə qaynanası Ramilə öz bacısı qızını almaq istəmiş, amma qaynatası Ramilə onu, yəni özünün qardaşı qızını almışdır. Mübahisə və münaqişələr dözülməz vəziyyətə gəldiyinə, zərərli vərdişləri olan Ramilin dəfələrlə onu döyüb işgəncələr verdiyinə görə boşanmaq üçün məhkəməyə müraciət etmiş, 28 fevral 2020-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə onlar rəsmi olaraq boşanmışlar və uşaqlar onun himayəsinə verilmişdir. Onunla nikahda olduğu müddətdə də Ramil faktiki başqa bir qadınla da ər-arvad kimi yaşamışdır. Boşandıqdan sonra da Ramil ona rahatlıq verməmiş, dəfələrlə onun yaşadığı evə gələrək ona müxtəlif şəkildə təhdid etmiş, onu dəfələrlə döyərək xəsarətlər yetirmiş, bütün qonşular arasında əxlaqsız ifadələrlə söyüb biabır etmişdir. Təxminən 2021-ci ilin əvvəllərində ictimai iaşə obyektlərinin birində Təqsirləndirilən şəxsla tanış olmuş, aralarında yaxın münasibət yaranmış və o, sonuncunu tam yaxşı tanıdıqdan sonra onu övladları ilə də tanış etmək qərarına gəlmişdir. Əbülfərz ona və övladlarına qarşı çox mehriban olmuş, daim onların qeydinə qalmış, bütün ehtiyaclarını ödəmiş, övladlarına ata kimi yanaşmışdır. Övladları da onu artıq ata kimi qəbul edib çox sevmişlər. Keçmiş əri Ramildə görmədiyi qayğını, nəvazişi bir ər kimi Əbülfərzdə görmüş, ər-arvad kimi xoşbəxt yaşamağa başlamışlar. Əbülfərz Bakıda olarkən əri kimi onlarla birlikdə qalmışdır. Bu müddət ərzində onlar dini kəbin də kəsdirmişlər. Ətrafındakı bütün qohum-əqrabasına da Əbülfərzi təqdim etmiş, hamı ilə münasibətlər yaratmış, hər kəs Əbülfərzi onun həyat yoldaşı kimi qəbul etmişdir. Sonuncu dəfə Əbülfərz 31 dekabr 2021-ci il tarixdə rayondan qayıdıb evə gəlmiş və 19 yanvar 2022-ci il tarixədək onlarla birlikdə evdə olmuşdur. 19 yanvar 2022-ci il tarixdə saat təxminən 22 radələrində o, Əbülfərz, qızı Əfruzə, oğlu Rəsul, qardaşı qızları Rübabə və Şəms evdə olmuşlar. O, axşam yeməyi bişirmək üçün tavanı eyvandan götürərkən keçmiş əri Ramilin binanın həyətində uca səslə ağır söyüşlər işlətməklə, nalayiq ifadələrlə onu çağırdığını eşitmişdir. Əlindəki uzun, silindirik taxta parçasına bənzəyən əşyanı yerə döyəcləyən Ramil həm də əxlaqsız ifadələr işlətməklə “qubalını” aşağı göndərməsini tələb etmişdir. Bundan sonra oğlu Rəsul da onun yanına çıxıb eyvandan aşağı baxmağa başlamış və onu görə Ramil uşağa “Ay peysər, içəridə olan qubalı kişini aşağıya göndər” deyə qışqırmışdır. Amma onlar Ramilə cavab verməmiş, yenə qonşular arasında biabır olduqlarına görə xəcalət çəkərək içəriyə keçmişlər. O, içəri keçən kimi Əbülfərzin ayaqqabılarını geyinib aşağı düşdüyünü görmüşdür. Nə edəcəyini bilmədən yenidən eyvana çıxmış və Əbülfərzin həyətdə Ramilin qarşısında dayandığını görmüşdür. Əbülfərz Ramilə “qubalı kişi mənəm, nə istəyirsən” deyə soruşmuş, Ramil isə cavabında Əbülfərzi çox əxlaqsız söyüşlərlə söyməyə başlamışdır. O anda Əbülfərz Ramilin üz nahiyyəsindən bir dəfə yumruqla vurmuş, sonuncu da zərbənin təsirindən yerə yıxılmışdır. Onların əlbəyaxa olduğunu görüb qorxub içəri keçmiş, bir neçə dəqiqədən sonra isə narahat olub oğlu Rəsulla birlikdə binanın qarşısına düşmüşdür. Həmin vaxt Ramilin yerdə huşsuz vəziyyətdə uzandığını və bir neçə qonşunun ora toplaşdığını kənardan görmüşdür. O, çox qorxmuş, Əbülfərzin harada olduğunu bilmək üçün ətrafa baxmış, lakin onu tapa bilməmişdir. O, Əbülfərzə zəng etsə də onun mobil telefon nömrəsinə zəng çatmamışdır. Bundan sonra o, uşaqları da götürüb anasının yaşadığı evə getmək istəmiş, lakin yoldan geri evə qayıtmışdır. Evdə olarkən polis əməkdaşları gəlmiş və onu Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə dəvət etmişlər. Sonradan Əbülfərzlə danışmış, araşdırma aparıldığını, Ramilin xəstəxanada olduğunu demiş və könüllü polisə gəlməsini təklif etmişdir. Əbülfərz də gəlmiş, birlikdə polisə gedərək hadisəni bir daha danışmışlar. Hadisənin baş verməsinin səbəbkarı məhz mərhum Ramil olmuş, onun hərəkətləri nəticəsində bu gün Əbülfərz həbsdədir. Ona görə də məhkəmədən faktiki onun əri və ailəsinin başçısı olan Əbülfərzin barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X5 göstərdi ki, 19 yanvar 2022-ci il tarixdə evdə olarkən saat təxminən 11 radələrində qonşuluqda yaşayan Gülşən adlı qadın Səbirəyə Ramilin binanın pilləkənlərində olduğunu və Səbirəni axtardığını demişdir. Həmin vaxt o, Səbirə, Əbülfərz, Rəsul və Əfruzə evdə olmuşlar. Bundan sonra Səbirə ”WhatsApp” proqramı vasitəsi ilə ona mesaj yazaraq Ramilin həyətdə olduğunu, heç kimə bu barədə bir söz deməməsini, evdən çölə çıxmamasını tapşırmışdır. Belə ki, həmin vaxt onun ayağı sınıq olduğu üçün fizioterapiya qəbul etmək üçün həkimə gedəcəkmiş. O da Səbirənin dediyi kimi evdən bayıra çıxmamışdır. Bir müddət sonra Səbirə yenidən Gülşənə zəng edərək Ramilin həyətdə olubolmadığını soruşmuş, Gülşən də Ramilin artıq getdiyini bildirmişdir. Bundan sonra o, artıq evdən çıxmış və təxminən saat 18 radələrində evə qayıtmışdır. Evə gələndə Səbirə, Rəsul və Əfruzə evdə olmuş, Əbülfərz isə nə isə iş axtarmaq üçün evdən çıxıb getmişdir. Təxminən gecə saat 22 radələrində Şəms işdən qayıtmış, onun ardınca da Əbülfərz gəlmişdir. Evdə bir müddət çay içib söhbət etdikdən sonra Səbirə axşam yeməyinə lazım olan ərzaqları gətirmək üçün eyvana çıxmışdır. Eyvanın qapısı açılanda aşağıdan bir kişinin çox nalayiq ifadələr işlətdiyini eşitmişdir. Səbirə həyətdəki adama cavab verdikdə o, həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu anlamışdır. Ramil həyətdən Səbirəyə, oğlu Rəsula və Əbülfərzə qarşı nalayiq ifadələr, əxlaqsız sözlər işlədərək Əbülfərzi aşağı, binanın qarşısına çağırmışdır. Bundan sonra Əbülfərz aşağı düşmüşdür. O, tez Səbirənin yanına eyvana çıxmış, bacısı Şəmsə isə Əfruzənin yanında qalmasını tapşırmışdır. Eyvanda olarkən Ramilin əlindəki lopatka sapına bənzər taxtanı yerə vuraraq Əbülfərzə qarşı ağır söyüşlər söydüyünü, sonradan Əbülfərzin Ramilə tərəf getdiyini, Ramilin əlindəki taxta ilə Əbülfərzin çiynindən bir dəfə vurduğunu, Əbülfərzin dərhal həmin taxtanı zərbə ilə Ramilə tərəf itələdiyini və taxtanın Ramilin başına dəydiyini, lakin sonuncunun yerə yıxılmadığını, bundan sonra Əbülfərzin yumruqla Ramilin üzündən bir dəfə vurduğunu, sonuncunun zərbənin təsirindən yerə yıxıldığını və başının betona dəydiyini görmüşdür. Sonra Əbülfərz həmin ərazini tərk etmişdir. Bundan sonra Səbirənin halı pisləşmiş, o da dərhal sonuncunu evə keçirmişdir. Səbirə özünə gələndən sonra ona və Şəmsə evdə qalmalarını tapşırıb həyətə düşmüş, bir müddət sonra isə evə qayıdıb Səbail rayonunda yaşayan nənəsigilə gedəcəklərini demişdir. Onlar həyətə düşdükdə Ramilin yerdə uzanıqlı vəziyyətdə olduğunu, əllərini tərpətdiyini, ətrafına xeyli adam toplaşdığını görmüşlər. Onlar taksiyə əyləşərək Səbail rayonuna doğru hərəkətə başlamışlar. Təxminən Nərimanov rayonu ərazisində olarkən Səbirə fikrini dəyişərək geri qayıtmalı olduqlarını bildirmiş və evə qayıtmışlar. Bir neçə gün sonra isə Əbülfərz evə qayıtmış və Səbirə polisə zəng edərək Əbülfərzin gəlməsi barədə məlumat vermişdir. Həmin gün Əbülfərz və Səbirə birlikdə polis bölməsinə getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2021-ci ilin mart ayının sonlarından etibarən ünvan 3 ünvanında yerləşən “Təbriz Çörəyi” adlı çörək evində fərdi sahibkar kimi fəaliyyət göstərmiş, həm çörək istehsal etmiş, həm də pərakəndə satışı ilə məşğul olmuşdur. Ona görə də həmin ərazidə yaşayan sakinlərin əksəriyyətini üzdən tanımışdır. 19 yanvar 2022-ci ildə təxminən 23 radələrində “Allahverdi market”in qarşısından keçib işlədiyi çörək evinə doğru hərəkətdə olan zaman bir nəfər şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu, baş nahiyyəsindən qan axdığını, onun ətrafında xeyli insan toplaşdığını görmüşdür. O, əvvəlcə həmin şəxsi avtomobil vurduğunu düşünmüşdür. İdarə etdiyi avtomobili irəlidə saxlayıb hadisə yerinə yaxınlaşmış və yerdə uzanan şəxsin yanında təxminən 1 metr uzunluğunda bel sapına bənzər taxta parçası olduğunu görmüşdür. O, həmin şəxsin tərpəndiyini və üşüdüyünü görərək dərhal ətrafda olan şəxslərdən üzərinə örtməyə yorğan istəmiş, sonra isə polis orqanlarına zəng edərək bu barədə məlumat vermişdir. Təxminən iki-üç dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Bir az sonra isə təcili tibb yardım gəlmiş və həmin şəxs xəstəxanaya aparılmışdır. O anlarda həyəcanlı olduğu üçün yerdə uzanan şəxsin üzünə diqqətlə baxmamış, ona görə də onun kim olduğunu bilməmişdir. Sonradan orada yaşayan sakinlərdən həmin şəxsin X.Xasməmmədov küçəsi 1b ünvanında yaşayan Səbirə adlı qadının keçmiş həyat yoldaşı olduğunu eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, ailəsi ilə birlikdə Xasməmmədov küçəsi 1b ünvanında yaşayır. Zərərçəkmiş şəxs qonşu kimi tanıyır. İlk dəfə Ramillə qonşu toylarının birində tanış olmuş, elə həmin vaxtdan da telefon nömrələrini bir-birlərinə verib əlaqə saxlamışlar. Ramil Səbirədən boşandıqdan sonra arabir ona zəng edərək oğlu Rəsul barəsində maraqlanmışdır. Belə ki, onun oğlu Lətifin Rəsulla yaxşı münasibəti olduğuna görə o, oğlundan Rəsul haqqında məlumat alıb Ramilə demişdir. Sonuncu dəfə Ramil 2021-ci ilin dekabr ayının ortalarında ona zəng edərək yenə uşaqları ilə maraqlanmışdır. O, həmin vaxt evdə olsa da, Ramilə yalan danışaraq Şuşada olduğunu, ona görə ailəsi barədə məlumat verə bilməyəcəyini bildirmişdir. Çünki, Ramilin keçmiş həyat yoldaşı Səbirə artıq həmin evdə başqa bir şəxslə ər-arvad kimi yaşamış, o isə Ramilə bu barədə məlumat vermək istəməmişdir. Həmin gündən sonra bir daha Ramillə nə telefonla danışmış, nə də görüşmüşdür. 19 yanvar 2022-ci il tarixdə tanışı Nemətin oğlunun kiçik toyuna getmiş, həmin toydan çıxıb taksi ilə evə gələn zaman yolda olarkən qızı ona zəng edərək bildirmişdir ki, qonşu Səbirə binanın içərisində qışqıraraq deyir ki, guya Ramili Fuad həmin ünvana çağırıb, buna görə də Səbirənin qeyri-rəsmi yaşadığı Əbülfərz adlı şəxs Ramili vuraraq xəsarət yetirib. O isə bu deyilənlərdən xəbərdar olmadığını bildirmişdir. Bir müddət sonra həmin əraziyə çatdıqda Zərərçəkmiş şəxs qan içində huşsuz halda yerdə arxası üstə uzanıqlı vəziyyətdə olduğunu və bir neçə qonşunun ora toplaşdığını görmüşdür. O, dərhal yaşadığı mənzilə qalxmış, evdə hər şeyin qaydasında olduğunu görüb yenidən həyətə düşmüşdür. Həmin vaxt artıq polis əməkdaşları orada olmuş, bir müddət sonra isə təcili tibbi yardım gələrək Ramili xəstəxanaya aparmışdır. Sonradan 13-cü Polis Bölməsinin əməkdaşlarının dediklərinə əsasən ona məlum olmuşdur ki, Səbirənin qeyri-rəsmi ər-arvad kimi yaşadığı Əbülfərz adlı şəxs bel dəstəyinə bənzər əşya ilə Ramili vurub xəsarət yetirmişdir. Ramil Əbülfərz haqqında ona heç bir söz deməmişdir. O, Ramil və Səbirənin əvvəllər mübahisə etdiklərini şəxsən görməsə də, Ramilin Səbirəni bıçaqla vurduğunu, Səbirənin isə Ramilin üzərinə isti su atdığını, onların dəfələrlə mübahisə etdiklərini, münaqişəli ailə olduqlarını eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, uzun müddətdir ki, ünvan 4 ünvanındakı evin ikinci mərtəbəsindəki 6 nömrəli mənzildə qızı Gülşənlə birlikdə yaşayır. Mərhum Zərərçəkmiş şəxs və Şahid4 qonşu kimi tanımış, onların ailəsində tez-tez mübahisələr olduğunu bilmişdir. Səbirə və Ramil boşandıqdan sonra isə bu mübahisələr artmağa başlamışdır. 19 yanvar 2022-ci il tarixdə təxminən saat 22 radələrində binanın həyətində səs-küy eşidib aşağı düşmüş və Zərərçəkmiş şəxs arxası üstə yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. O, Ramilə yaxınlaşıb baxanda onun alın nahiyəsinin parçalandığını, başının ətrafının isə qan olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Ramil Səbirənin qeyri-rəsmi ər-arvad kimi yaşadığı şəxslə mübahisə edərək dalaşmışdır. O, həyətdə olanda artıq polis əməkdaşları ərazidə olmuş, bir müddət sonra isə təcili tibbi yardım maşını gələrək Ramili xəstəxanaya aparmışdır. O, Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, lakin Səbirənin Ramillə boşandıqdan sonra Əli kimi çağırılan başqa kişi ilə qeyri-rəsmi ərarvad kimi yaşadığını bilmişdir. O, həmin şəxslə bir dəfə binanın içərisində qarşılaşmış, onunla hər hansı münasibəti olmamışdır. Əbülfərzlə Ramil mübahisə edən zaman onları görməmiş, Əbülfərzin Ramili nə ilə vurduğunu bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə olunmuş və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 235-237). Əşyanın tanınması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş taxta parçaları arasından Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi taxta parçasını tanımışdır (cild 1, iş vərəqə 37) Hadisə yerinə baxış keçirilməsi haqqında 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ərazi ünvan 5 ünvanında yerləşən binanın qarşısında olan asfalt örtüklü sahədir (cild 1, iş vərəqə 4-8). "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskə baxış keçirilməsi haqqında 05 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2022-ci il tarixdə saat 21:44 və 21:45-də Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 13 saylı yaşayış binası və Bakıxanov qəsəbəsi, Fidan Şadlıq sarayı adlanan ərazilərdə, xx.xx.2022-ci il tarixdə saat 22:07-də isə Gəncə şəhərində müşahidə olunmuşdur (cild 2, iş vərəqə 59-64). Məhkəmə-tibb ekspertizasının 17 fevral 2022-ci il tarixli 20 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində baş beyin maddəsinin əzilməsi, baş beyinnin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma, sağ tərəfli subdural hematoma (beyinin sərt qişası altına sərbəst qanın yığılması), alın-təpə sümüklərinin kəllə əsasına keçən açıq, çoxqəlpəli sınıqları ilə müşayiət olunan alın-təpə nahiyəsinin bir ədəd əzilmiş-cırılmış yarası; sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz yuvasıətrafı nahiyənin yumşaq toxumalarının hematoması; sol qaş, boyun və sol bel nahiyələrinin, döş qəfəsinin arxa səthinin qançır və sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər həyati olub, Zərərçəkmiş şəxs xəstəxanaya daxil olmasından (xx.xx.2022-ci il, saat 23:40) az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir. Baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma, sağ tərəfli subdural hematoma (beyinin sərt qişası altına sərbəst qanın yığılması), alın-təpə sümüklərinin kəllə əsasına keçən açıq, çoxqəlpəli sınıqları ilə müşayiət olunan alıntəpə nahiyəsinin bir ədəd əzilmiş-cırılmış yarası uzunsov bərk-küt əşyanın bir güclü zərbəsinin təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş ağac sapı ilə zərərçəkmişin müxtəlif duruş (ayaqüstə, oturaq və uzanmış) vəziyyətlərində yetirilə bilərdi. Dərəcəsinə görə: baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma, sağ tərəfli subdural hematoma (beyinin sərt qişası altına sərbəst qanın yığılması), alın-təpə sümüklərinin kəllə əsasına keçən açıq, çoxqəlpəli sınıqları ilə müşayiət olunan alın-təpə nahiyəsinin bir ədəd əzilmiş-cırılmış yarası canlı şəxslərdə ümumilikdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz yuvasıətrafı nahiyənin yumşaq toxumalarının hematoması canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə; sol qaş, boyun və sol bel nahiyələrinin, döş qəfəsinin arxa səthinin qançır və sıyrıqları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma, sağ tərəfli subdural hematoma ( beyinin sərt qişası altına sərbəst qanın yığılması), alın-təpə sümüklərinin kəllə əsasına keçən açıq, çoxqəlpəli sınıqları ilə müşayiət olunan alın-təpə nahiyəsinin bir ədəd əzilmiş-cırılmış yarası ilə əlaqədar baş beyin maddəsinin əzilməsi olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə, saat 12:15-də xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs adına tərtib olunmuş xəstəlik tarixində xəstəxanaya daxil olarkən onun sərxoşluğu barədə qeydiyyat yoxdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 213-223). Məhkəmə-tibb ekspertizasının 05 fevral 2022-ci il tarixli 238 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 209-211). Kompleks məhkəmə-bioloji və tibbi kriminalistik ekspertizasının 28 fevral 2022-ci il tarixli 9/148 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A(İİ). Məhkəmə bioloji ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş taxta parçası üzərində çoxsaylı insan qanı ləkələri aşkar olunmudur. Qanın qrupu AB0 sistemi üzrə təyin olunduqda antigen qismində yalnız “A” antigeni alındı. AB0 sistemi üzrə bu antigen tək halda A(İİ) qrupunu formalaşdırıb xarakterizə etdiyindən bu qan ləkələrininin birmənalı olaraq AB0 sistemi üzrə həmin qruplu şəxsin (şəxslərin) qanı hesabına yaranmasını söyləmək olar. Beləliklə, taxta parçasında olan qan ləkələri AB0 sistemi üzrə A(İİ) qan qrupulu Zərərçəkmiş şəxs və ya eyni qruplu digər şəxsə məxsus ola bilər. Tədqiqata təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək üzərində olan ləkələrdə qan aşkar olunmamışdır (cild 2, iş vərəqə 128-135). Kompleks məhkəmə-bioloji və tibbi kriminalistik ekspertizasının 28 mart 2022-ci il tarixli 275 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəkdə əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır (cild 1, iş vərəqə 137-139). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 28 mart 2022-ci il tarixli 732 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur. O, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur, onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional nalından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə əlaqədar olmuşdur. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, iş vərəqə 176-179). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 71-73). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl təqsirin qarışıq formasında sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsdən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 34, 55-58). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs oğuna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil təhvil verilmiş bir ədəd taxta parçası məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 22 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd taxta parçası məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar