Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1128/2025 09.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 08 avqust 1980-ci ildə Bakı şəhərində anadan olmuş (FİN № xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 28 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə, naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 8,199 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsi, 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 28 noyabr 2024-cü il tarixdə saat 20:00-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq 19cu Polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 1 bükümdə külli miqdarda - təmiz çəkisi 8,199 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü saat 11-30-da ona Polis bölməsindən zəng gəlmiş, telefonla danışarkən ona taksi sürücüsü ilə mübahisə etməsi, sonuncunun polis bölməsinə şikayət etdiyi bildirilmişdir. Əslində isə belə bir hadisə baş verməmiş və o, heç kimlə mübahisə etməmişdir. Lakin onu Polis bölməsinə çağırmışlar, o da, gələcəyini bildirmişdir. Həmin gün axşam çayxanada oturduğu zaman mülki geyimdə olan 4 nəfər ona yaxınlaşıb maşına mindirib aparmışlar. Maşında ona «Meşə qardaşları» qrupu ilə nə əlaqəsi olması barədə suallar verilmiş, o isə, həmin qrup barədə Kürdəxanıda təcridxanada olarkən eşitmişdir. Buna görə də polis işçilərinə «Meşə qardaşları» qrupu barədə məlumatı olmadığını, əgər əlaqəsi olsaydı, həmin vaxt özünün Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsindən buraxılmayacağını demişdir. Sonra onu 19-cu Polis şöbəsinə aparıb orada rəisin otağına salmışlar. Rəis onunla bir az kobud danışmışdır. Bundan sonra çəkiliş olmuş, həmin çəkiliş vaxtı o, polis işçilərinin ona verdiyi psixotrop maddəəni cibindən çıxarıb təqdim etmişdir. Ona göstərilən psixoloji təzyiqlər altında həmin maddənin ona məxsus olduğunu demişdir. Əslində isə o, dərvişlik edir və bir dərviş kimi Azərbaycanın bütün ərazilərində olan məsçidləri gəzərək orada söhbətlər aparır. Lakin onun heç bir radikallığı yoxdur. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni təsdiq etmədiyini, təzyiq altında olduğundan o cür ifadə verdiyini, özünün taksi sürücüsü ilə dava etmədiyini, ali təhsilli olduğunu və əvvəllər narkotik vasitələrdən istifadə etmədiyini, «İlahiyyət» məsçidindən çıxanda taksi sürücüsü ilə mübahisəsi olduğunu, saxlanıldıqdan sonra 19-cu Polis bölməsinə gətirildiyini, «Meşə qardaşları»nın kim olduğunu tutulandan sonra öyrəndiyini, 2019-cu ildə Azərbaycana gəldiyini, heç vaxt evlənmədiyini, ana və atasının rəhmətə getdiyini, kafedə çay içəndə polis əməkdaşlarının gəlib onu tutduqlarını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, psixotrop maddələrdən bir ildir istifadə edir. 28 noyabr 2024-cü il tarixdə “Papanin” adlanan yerə getmiş və tanımadığı şəxsdən 1 ədəd bükümdə “patı”nı 50 manat pul müqabilində alıb üzərində saxlamışdır ki, sonra istifadə edər. 28 noyabr 2024-cü il tarixdə saat 20:00 radələrində Nəsimi rayonu, Cavadxan küçəsi 3005 ünvanının qarşısında tək piyada olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və Nəsimi RPİ, 19-cu Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu həmin PŞ-yə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə həmin şöbənin inzibati binasına getmiş, orada ona hüquq və vəzifələri izah olunmuş, vəkillə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra ona şəxsi axtarış keçirilməsi ilə bağlı qərar elan edilmiş və vəkillə polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində qanunsuz əşyalar olubolmadığı soruşulmuş, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etmək təklif olunmuşdur. O, əynində olan tünd boz rəngli şalvarın sağ yan cibində saxladığı içində “patı” olan 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən büküm açıldıqda onun içində “patı” olduğu müəyyən edilmişdir. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi təklif etdikdə bildirmişdir ki, aşkar olunan maddə “patı”dır, həmin maddənin istifadəçisidir, aşkar edilən maddəni polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 50 manata öz istifadəsi üçün alıb üzərində saxlamışdır. Üzərindən aşkar edilən 1 ədəd bükümdə olan «patı» şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə 1 ədəd boş zərfə qoyularaq qablaşdınlmaqla, zərfin üzəri möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 69-72). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və sonda yazılmış qeydlərin ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini, həmin vaxt polis işçilərinin psixoloji təsiri və təzyiqləri altında bu cür ifadə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, 28 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun rəhbərliyi ilə əməliyyat müvəkkilləri Murad Rzazadə və Həsən Həsənlidən ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 20 radələrində onlar Nəsimi rayonu, Cavadxan küçəsi 3005 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlamış, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib 19-cu Polis şöbəsinə dəvət etmişlər. Orada təhqiqatçının otağında Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, müdafiəçinin və onların iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 1 ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim etmiş, bükümün içərisində ağ rəngli metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu, qeyd olunan maddəni 28 noyabr 2024-cü il tarixdə “Papanin” adlana yerdə şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Daha sonra həmin maddə boş zərfə qoyularaq qablaşdırılmış, şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahidlər - Bakı şəhəri, Nəsimi RPİ, 19-cu Polis şöbəsinin əməliyyat müvəkkilləri X2 və X3 ibtidai istintaq zamanı verdikləri ifadələri elan və tədqiq olunarkən, onların 28 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması və üzərinə şəxsi axtarış keçrilərkən külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi prosesində əməliyyat qrupunun üzvü kimi iştirak etmələri, bu zaman həmkarları Şahid məhkəmədəki ifadəsinə uyğun ifadələr vermələri müəyyən olundu (cild 1, iş vərəqi 100-102, 104-106). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə haqqında aparılması haqqında 28 noyabr 2024-cü il tarixli protokola və həmin protokola əlavə edilmiş DVD diskə baxış keçirilməsinə dair 29 dekabr 2024-cü il tarixli protokola əsasən, 28 noyabr 2024-cü il tarixdə saat 21:30-da Təqsirləndirilən şəxs üzərinə Nəsimi RPİ, 19-cu Polis şöbəsinin inzibati binasında həmin idarənin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə, içində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin kütlə zərfə qablaşdırıldıqdan sonra möhürlənmiş və zərf iştirakçılar tərəfindən imza edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, özünün həmin maddə istifadəçisi olduğunu, aşkar edilən maddələri polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 50 manata öz istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir (cild 1, iş vərəqi 34-37, 59). Məhkəmə-kimyəvi ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 3-16-16/2-6/5327 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 187” möhür əksi “1...Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 8,199 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 45-49). Məhkəmə-narkolojİ ekspertizasının xx.xx.2024-cü tarixli 7566 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 89-90). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 3691 №-li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 107-109). İbtidai istintaq orqanının 02 dekabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 8,199 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 8,099 qram hissəsi məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 92). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 99). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ittihamda qeyd olunan psixotrop maddənin ona məxsus olmadığını, hadisə günü saat 11-30-da ona Polis bölməsindən zəng gəldiyni və ona taksi sürücüsü ilə mübahisə etməsi, sonuncunun polis bölməsinə şikayət etməsi bildirildiyini, əslində isə belə bir hadisənin baş vermədiyini və onun heç kimlə mübahisə etmədiyini, həmin gün axşam çayxanada oturduğu zaman mülki geyimdə olan 4 nəfərin ona yaxınlaşıb maşına mindirib apardıqlarını, onu 19-cu Polis şöbəsinə aparıb rəisin otağına saldıqlarını, bundan sonra çəkiliş olduğunu və çəkiliş vaxtı o, polis işçilərinin ona verdiyi psixotrop maddəəni cibindən çıxarıb təqdim etdiyini, ona göstərilən psixoloji təzyiqlər altında həmin maddənin ona məxsus olduğunu dediyini, əslində isə onun dərvişlik etdiyini və bir dərviş kimi Azərbaycanın bütün ərazilərində olan məsçidləri gəzərək orada söhbətlər apardığını bildirib müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına, həmçinin cinayət işinə əlavə olunmuş videogörüntülərə əsasən, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş bir bükümdə psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İlkin sorğu zamanı, həmçinin istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin psixotrop maddə metamfetamin olduğunu, aşkar edilən maddəni polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 50 manata öz istifadəsi üçün alıb üzərində saxladığını, 28 noyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanarkən həmin maddənin əynindəki göy rəngli cins şalvarın sağ cibindən aşkar edilərək götürüldüyünü bildirmişdir. Həmçinin, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayon məhkəməsində işə baxılarkən verdiyi izahatında Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etmiş və peşman olduğunu bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkolojİ ekspertizasının xx.xx.2024-cü tarixli 7566 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi RPİ, 19-cu Polis şöbəsi tərəfindən tutulduğundan və hal-hazıra qədər həbsdə saxlanıldığından, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli, cəzanın başlanğıcı 28 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü tarixli 7566 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, şəxsin barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 8,099 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 110 (yüz on) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət təyin olunmuş cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 8,099 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1128/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1128/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver