Məhkəmə qərarları › İş №1(101)-1129/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1129/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1129/2024 02.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X13 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi X7 və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci ildə Qazax rayonu, Dağ Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında müvəqqəti yaşamış, ünvan 2 avqust 2023-cü il tarixli qərarına əsasən barəsində əvvəli 23 avqust 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdə, saat 05:00 radələrində ünvan 3 ünvanında yerləşən “Əfətli” adlı marketdən spirtli içkilər alaraq marketin qarşısında spirtli içkiləri qəbul etdikdən sonra aralarında düşmənçilik və ya ədavət olmayan həmin marketdə satıcı işləyən Zərərçəkmiş şəxs ona 2 (iki) manat məbləğində borclu qaldığını bildirdikdən sonra sonuncuya borcunu günorta saatlarında ödəyəcəyini bildirib oradan kənarlaşaraq yaxınlıqda yerləşən işlədiyi avtoyuma məntəqəsinə gedib orada telefonunu tapa bilmədikdə telefonunun “Əfətli” marketin qarşısında qalacağını ehtimal edib həmin ünvana qayıdaraq telefonunu axtarıb orada tapa bilmədiyindən Zərərçəkmiş şəxs telefonunu görüb-görmədiyini soruşduqda Zərərçəkmiş şəxs ona borcunu ödədikdən sonra telefonu verə biləcəyini dedikdə telefonunu qaytarmamasını cüzi səbəb kimi bəhanə edərək sonuncunu qəsdən öldürmək qərarına gəlib ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla bu cinayətkar niyyətini həyata keçirmək məqsədilə soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını şortikin sağ yan cibindən çıxararaq törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərər çəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, sonuncunun öldürülməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək, cinayətkar niyyətini həyata keçirmək üçün həmin bıçaqla Zərərçəkmiş şəxs ölümünə səbəb olan, sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısının ön səthində, məmə xətti üzrə sol körpücüküstü nahiyədən döş boşluğuna nüfuz edərək sol ağciyərin ön səthinin zirvəsinin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə ilə müşayiət edilən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara xəsarətini yetirərək xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 avqust 2023-cü il tarixdən ünvan 1 ünvanda yerləşən avtoyuma məntəqəsində fəhlə işləməyə başlamışdır. Gündəlik 20-30 manat pul qazanmış və həmin puldan dolanmaq üçün ailəsinə göndərmişdir. O, məntəqədə tək işləmişdir. İş qurtardıqdan sonra, təxminən saat 22:00 radələrində avtoyuma məntəqəsini bağlamışdır. 21 avqust 2023-cü il tarixdə axşam saatlarında təxminən saat 22:30 radələrində avtoyuma məntəqəsini bağlamış və yorğun olduğundan spirtli içki qəbul etmək qərarına gəlmişdir. Avtoyuma məntəqəsinə qarşıdan baxdıqda sol tərəfdə, yerləşən adını xatırlamadığı kafedə oturub yemək yemiş və bir qədər, təxminən 300 qram spirtli içki qəbul etmişdir. 22 avqust 2023-cü il tarixdə saat 01 radələrində oradan yaxınlıqda yerləşən “Global” adlı oteldə getmiş və qalmaq üçün özünə yer tutmuşdur. Oteldən çıxıb avtoyuma məntəqəsinə, oradan da piyada 400-500 metr kənarda, “Ulduz” metrostansiyasi yaxınlığında yerləşən “Əfətli” marketə getmişdir. “Əfətli” market 24 saat işləmişdir. Satıcını üzdən tanımış, adını belə bilməmişdir. Əfətli marketə gedib 250 qramlıq spirtli içki olan araq və bir az yemək üçün kolbasa və su almışdır. Mağazanın qarşısında olan stulda əyləşərək orada yemək yeməyə spirtli içki içməyə davam etmişdir. 250 qramlıq araq qurtardıqdan sonra yenidən bir ədəd də 250 qramlıq araq almışdır. Təxminən saat 04:00 radələrinədək orada əyləşmiş və spirtli içki olan araq içmişdir. Orada bir nəfər ona yaxınlaşıb ac olduğunu bildirmiş və ondan yemək istəmişdir. O, da həmin şəxsə yemək alıb vermişdir. Həmin adamı tanımamış, yoldan keçən bir nəfər olmuşdur. Yeməyi vermiş və bir müddətdə orada oturmuşdur. O, ümumilikdə 800 qram araq içmişdir. Həmin arağı içdikdən sonra marketin satıcısından nə qədər borcu olduğunu soruşmuşdur. Mağazaya nə qədər pul ödədiyini xatırlamamışdır. Onun mağazaya təxminən 2 manat borcu qalmışdır. Mağazanın satıcısı ondan pulu tələb etmişdir. Qeyd etdiyi kimi o, təxminən 6 gün əvvəl yaxınlıqda yerləşən avtoyuma məntəqəsində işləməyə başlamışdır. Buna görə orada işləyən şəxsləri tanımamışdır. “Əfətli” marketin satıcısını üzdən tanımışdır. Onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Satıcı ondan pulu tələb etdikdə yaxınlıqda avtoyuma məntəqəsində işlədiyini və pulu sabah günorta saatlarında çatdıracağını bildirmişdir. Mağazanın satıcısı isə ondan pulu tələb etməyə davam etmişdir. O, da satıcıya fikir verməmişdir və oradan kənarlaşaraq 400-500 metr kənarda yerləşən işlədiyi avtoyuma məntəqəsinə getmişdir. Avtoyuma məntəqəsi qalmaq üçün otaq vardır. O, otaqda stolun üzərində olan çörək və ərzaq doğramaq üçün istifadə etdiyi bıçağı götürərək üzərində olan qara rəngli yumruboğaz köynəyin qollarını kəsmişdir. Bıçağı dəstəyi taxtadan hazırlanmışdır və açıq qəhvəyi rəngli olmaqla taxta teksturalıdır. Tiyəsi isə dəmirdəndir və kəsici tərəfi mişar formalıdır. Üzərində “Made in Brazilia” sözləri yazılmışdır. Həmin vaxt içkili olduğundan bıçaq cibində qalmışdır. Köynəyi kəsdikdən sonra telefonunun olmadığını görmüşdür. Telefonu axtarmış lakin tapa bilməmişdir. Telefonun “Əfətli” marketin qarşısında qaldığını fikirləşib oraya getmişdir. Həmin vaxt bıçaq cibində qalmışdır. O, “Əfətli” marketin qarşısına çatmışdır. Orada Əfətli marketin satıcısını görmüşdür. Satıcı, adının sonradan Samir olduğunu bildiyi şəxs marketin qarşısında, marketə qarşıdan baxdıqda sağ tərəfdə olan soyuducuların yanında iş görmüşdür. O, satıcını üzdən tanımışdır. Ondan telefonunu görüb-görmədiyini soruşmuşdur. Zərərçəkmiş şəxs ona “borcunu gətirib verəndə telefonunu apararsan” demişdir. O da Zərərçəkmiş şəxs cəmi 2 manat borcu olduğunu bildirmişdir. Əlini cibinə atdıqda bıçaq olduğunu görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs üzü o, tərəfə soyuducuların qarşısında iş görmüşdür. Şortikin sağ yan cibində olan bıçağı çıxararaq marketin qarşısında soyuducuların yanında bıçaqla bir dəfə çiyin nahiyəsinə yuxarıdan aşağı zərbə endirmişdir. Ona bıçaqla zərbə endirəndə Zərərçəkmiş şəxs onunla üzbə-üz dayanmışdı. O, bir dəfə bıçaqla zərbə endirdikdən sonra oradan uzaqlaşmışdır. Ona bıçaqla xəsarət yetirdiyini bildikdən sonra uşaqlarını görmək üçün yaşadığı Ağstafa rayonuna getmək qərarına gəlmişdir. Avtoyuma məntəqəsinə getmiş və orada olan paltarlarını götürmüşdür. Oradan “Global” adlı otel istiqamətində getmişdir. Bıçağı orada olan birmərtəbəli obyektin damına atmışdır. Oradan Zərərçəkmiş şəxs prospekti istiqamətində getmişdir və avtobusla gedərək avtovağzala getmişdir. Avtovağzaldan da nömrəsini xatırlamadığı mikroavtobusla Ağstafa rayonuna getmişdir. Günorta saatlarında rayona çatmışdır. Evə getmiş, uşaqları görmüşdür. Bir neçə saat evdə oturduqdan sonra polis əməkdaşları gələrək onu tutmuşlar və Ağstafa Rayon Polis şöbəsinə aparmışlar. Əlavə olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Hadisədən əvvəl Zərərçəkmiş şəxs əlini cibinə saldığından o, qorxmuş, sonuncunun cibindən bıçaq çıxarmasından ehtiyat etmiş, Zərərçəkmiş şəxs qabaqlayaraq bıçaqla zərbə endirmişdir. Zərərçəkmiş şəxs bıçaqla vurarkən hadisənin şahidi olamamışdır. Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən onun bildiyinə görə bıçaq çiynindən dəymişdir. Zərər çəkmiş şəxsi öldürmək istəməmiş, törətdiyi əməldə xuliqanlıq niyyəti, ümumiyyətlə, olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə özünü təqsirli bilir. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkilini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxsin hüquqi varisi X4 etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə X4 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu, aralarında barışıq əldə etmədiklərini bildirmiş, Təqsirləndirilən şəxs barəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, atası Mehrab və anası Zərifənin birgə nikahından o və 1989-cu il təvəllüdlü Sadiq Məhərrəmov, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs doğulmuşdur. Zərərçəkmiş şəxs Ağcabədi rayonu, Kəhriz kəndində yaşamış, orada doğulub böyümüşdür. Subay olmuş, özünə məxsus heyvan, mal-qara saxlamaqla, ustalıqla məşğul olmuşdur. Bakı şəhərinə hadisədən 5 ay əvvəl gəlmişdir. Ulduz metro stansiyası yaxınlığında yerləşən “Əfətli” marketində satıcı olaraq işə başlamış və orada işləmişdir. O və ailə üzvləri o cümlədən, mərhum qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər görməmiş və onunla heç bir düşmənçilikləri və ya ədavətləri olmamışdır. Onun hadisədən məlumatı olmamışdır, hadisənin şahidi olmamış, görməmişdir. 22 avqust 2023-cü il tarixdə saat 08:00 radələrində əmisi Rais Məhərrəmov ona zəng edərək qardaşı Zərərçəkmiş şəxs həmin gün səhər saat 06:00 radələrində bıçaqlandığını və öldüyünü bildirmişdir. O da yaşadığı Mingəçevir şəhərindən Ağcabədi rayonu, Kəhrizli kəndinə getmişdir. Orada qardaşının meyitinin gətirilməsini gözləmiş və dəfn üçün hazırlıq işləri həyata keçirmişdir. Zərərçəkmiş şəxs təxminən 22 avqust 2023- cü il tarixdə saat 17:00 radələrində Ağcabədi rayonu, Kəhrizli kəndinə gətirmişlər. Qardaşı Zərərçəkmiş şəxs həmin gün kəndin qəbristanlığında dəfn etmişlər. Baş vermiş hadisə ilə bağlı şikayətçi olmuş və təqsirləndirilən şəxsin ən ağır maddə ilə ittiham elan olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir bildirmişdir ki, Bakı şəhərində özünə məxsus “Opel Vectra” markalı ** RX *** dövlət nömrəli nişanlı avtomobil ilə sürücülük edərək gəlir əldə etmişdir. O da rayonda iş-güc, dolanışıq olmadığından Bakı şəhərində taksi sürücüsü işləmişdir. Dayısı oğlu Şahid2 ona zəng edərək rayonda iş olmadığını bildirmişdir. O da “Toyota Prius” markalı avtomobil icrayə götürərək taksi fəaliyyəti ilə məşğul ola biləcəyini və gəlir əldə edəcəyini bildirmişdir. Şamil 19 avqust 2023-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. “Toyota Prius” markalı ** CH *** dövlət nömrə nişanlı avtomobili icarəyə götürmüşdür. Onlar birlikdə kirayə ev axtarmağa başlamışlar. Lakin qalmağa normal ev tapa bilməmişlər. O, 19-21 avqust 2023cü il tarixdə gecəni avtomobildə qalmışdır. “Əfətli” marketin satıcısı Samir dostu olmuşdur. O, mağazanın qarşısında avtomobilini yerləşdirmişdir. Onun avtomobilinin kondisioneri işləmədiyindən və hava isti olduğundan Şamilin icarəyə götürdüyü avtomobildə kondisioneri qoşmuş və yatmışlar. Yuxudan oyanmaq və işləmək üçün telefonun telefonunun zəngini saat 05:50-ə qurmuşdur. Səhər saat 05:50 radələrində mağazanın satıcısı Zərərçəkmiş şəxs Şamil tərəfin şüşəsini döyərək onu çağırmışdır. O, pəncərəni açdıqda Samir bıçaqlandığını və onu xəstəxanaya aparmasını xahiş etmişdir. O, avtomobildən düşmüş və Samiri öz avtomobilinə mindirərək onu xəstəxanaya aparmışdır. Samir avtomobilə oturan zaman avtomobilə çoxlu qan axmış, qısa müddət ərzində avtomobil qan ilə dolmuşdur. O, X22 aparmış, orada sonuncunu qəbul etmədiklərindən yenidən başqa bir xəstəxanaya aparmış və orada da Samiri qəbul etməmişlər. Bundan sonra 5 saylı şəhər klinik xəstəxanasına aparmış, burada sonuncunu müayinə edərək öldüyünü bildirmişlər. Samir ona hadisənin kim tərəfindən və necə törədilməsi barədə heç bir məlumat verməmişdir. O, hadisənin şahidi olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələri məhkəmə iclasında elan olunmuşdur. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 avqust 2023-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən “Əfətli” marketdir. Market yolun kənarında yerləşir. Səki asfalt örtüklüdür. Marketə qarşıdan baxdıqda sol tərəfdə “Manqal dönər” adlı, sağ tərəfdə isə üzərində “isti qutab” yazılmış kafe vardır. Market bir mərtəbəlidir, qarşıdan baxdıqda marketin giriş qapısından sağ tərəfdə içərisində su və şoklar olan iki qapılı, üzərində "Coca-Cola” yazılmış bir ədəd, içərisində enerji içkiləri olan üzərində “dinamit” yazılmış bir ədəd, ümumilikdə iki ədəd soyuducu vardır. Soyuducudan bir metr məsafədə qapıya tərəf üst-üstə su və şirin su yığılmışdır. Qapıdan sol tərəfdə içərisində müxtəlif şirin su, su və meyvə şirələri olan 3 ədəd bir qapılı soyuducu vardır. Marketə qarşıdan baxdıqda sağ tərəfdə üzərində “Coca-Cola” yazılmış qırmızı rəngli soyuducunun qarşısında qana bənzər ləkələr müşahidə olunur. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən hadisəni törətdiyi bıçağı atdığı yeri göstərdiyindən ünvan 4 ünvanda yerləşən obyektin damına baxış keçirilmiş və dama baxış keçirilən zaman qatlanmayan dəstəyi qəhvəyi rəngli ağac teksturalı bıçaq aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-tibb ekspertizası üzrə 28 avqust 2023-cü il tarixli, 1065 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizası zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə tibb ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 99 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakı xəsarət aşkar olundu: döş qəfəsinin sol yarisının ön səthində, məmə xəti üzrə sol körpücüküstü nahiyədən döş boşluğuna nüfuz edərək sol ağciyərin ön səthinin zirvəsinin zədələnməsi ilə müşayiət edilən 1 (bir) ədəd deşilmişdeşilmiş- kəsilmiş yara xəsarəti, bu xəsarət həyatidir, deşilmiş-kəsilmiş yaranın bir kənarı iti, digər kənarı isə küt olan deşici-kəsici alətin təsirindən törənmişdir, belə ki, ekspertizaya təqdim edilmiş bıçağın və ya ona oxşar biçağların təsirindən törənə bilərdi, qeyd olunan xəsarət döş qəfəsinin sol yarısının, ön səthinin məmə xətti üzrə sol körpücüküstü nahiyədən döş boşluğuna nüfuz edərək sol ağciyərin ön səthinin zirvəsinin zədələnməsi ilə müşayiət edilən 1 (bir) ədəd, deşilmiş-kəsilmiş yara dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb-döş qəfəsinin sol yarisının, ön səthində məmə xətti üzrə sol körpücüküstü nahiyədən döş boşluğuna nüfuz edərək sol ağciyərin ön səthinin zirvəsini zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinədən 2-4 saat əvvələ uyğun gəlir, bu ilkin meyit əlamətləri ilə öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının bayır səthində olan deşilmiş-kəsilmiş yara kanalının istiqaməti yuxarıdan aşağıya, öndən bir qədər arxaya doğrudur, yara kanalının uzunluğu 10 sm-ə qədər ola bilərdi. Xəsarətin qarşılıqlı mübarizə və ya özünü müdafiə xarakterli olub-olmamasının məhkəmə-tibbi morfoloji xüsusiyyətləri yoxdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs qeyd olunan xəsarəti aldıqdan sonra qısa müddətdə sərbəst hərəkət etmək iqtidarında olmuşdur, bir neçə dəqiqədən bir neçə on dəqiqə civarında ola bilərdi. Zərərçəkmiş şəxs qeyd olunan xəsarəti yəni 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaranı alarkən ayaqüstü vəziyyətdə, xəsarəti yetirən şəxsə qarşı-qarşıya ola bilərdi. İş materiallarında olan məhkəmə-bioloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 593/2023-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(ll), ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus cins şalvar(kəmərlə), kofta, tuman və 01 cüt ayaqqabı üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Belə olan halda bu qan ləkələri Abeta/H/(ll) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş çubuqlu pambıq topası № 1,3,4 üzərində zəif intensivlikdə qan ləkələri aşkar olundu. Həmin ləkələrdə zülal aşkar olunmadığı üçün qanın növünü təyin etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmş çubuqlu pambıq topası №2 üzərində qan, Zərərçəkmiş şəxs məxsus 01 cüt corab, Təqsirləndirilən şəxs məxsus şort və kofta üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarında olan məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 433-MTKŞ/2023 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin ön səthinin sol yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici- kəsici alətin təsirindən əmələ gələ bilərdi və bu zədənin zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin ön səthinin sol yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun döş qəfəsinin sol yarısının körpücük üstü nahiyədən daxiiə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşmələrinə görə nisbi olaraq uyğun gəlir. Ekspertizaya təqdim edilmiş: Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabı, bir cüt corab, trusik və şalvarın üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş X6 məxsus şortik və maykanın üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2487 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Fləmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs kinlilik, inadkarlıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi- psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur, o, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Həmçinin Təqsirləndirilən şəxs hal-hazırda etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilər. Təqsirləndirilən şəxs hadisə zamanı psixi-emosional sferasında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olan və ya olmayan gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs psixi inkişafı nəzərə alınmaqla, o, yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışının mümkün nəticələrini görə bilər. Təqsirləndirilən şəxs özündən uydurmağa və yalan danışmağa meyililik müşahidə olunmadı. İş materiallarında olan “Ağsafa Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Təqsirləndirilən şəxs narkoloji və psixatrik kabinetlərdə qeydiyyatı yoxdur. İş materiallarında olan Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 23 avqust 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, ünvan 2 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 22 dekabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutetmə məsələlərinə həsr olunmuş XV fəslinin qaydaları da cinayət-prosessual qanunun qeyd olunan ümumi prinsipləri əsasında formulə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən qismən etiraf edilsə də onun təqsiri iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, mərhum Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, sonuncu əlini cibindən saldığından qorxması və bu səbəbdən özünü müdafiə etmək məqsədi ilə mərhumu bıçaqla vurması, əməlində xuliqanlıq niyyətinin olmaması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə qeyd edir ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il qərarının 6-cı bəndinə əsasən "Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərər çəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərər çəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərər çəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” Şəxsin əməlində xuliqanlıq niyyətinin olub-olmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: Şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; -şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; -şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib-etdirməməsi. Hazırki cinayət işində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətinin subyektiv cəhətinin mütləq şərti olan cinayətin motivi – xuliqanlıq niyyəti təqsirləndirilən şəxsin əməlində öz əksini tapmışdır, belə ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayəti törətmişdir. Ali Məhkəmənin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində izah edildiyi kimi xuliqanlıq niyyətini “əsaslı səbəb”in olmaması ilə deyil, təqsirkarın səbəbsiz olaraq hərəkət etməsi və yaxud cüzi səbəbi bahanə etməsi ilə əlaqələndirmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallarından və ittihamın özündə təsvir olunmuş xüsusatlardan da görünən odur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini məhz zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iki manat məbləğindəki borca görə ona məxsus olan mobil telefonu qaytarmamasını bahənə etməklə törətmişdir. Belə ki, cinayət işinin mübahisəsiz hallarından açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməsinə səbəb məhz mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs satıcı işlədiyi mağazaya Təqsirləndirilən şəxs borclu olduğu 2 manat məbləğində borcu ödədiyi təqdirdə sonuncuya məxsus olan mobil telefonu qaytaracağını bildirməsi ilə bağlı olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə aralarında heç bir ədavət, düşmənçilik, münaqişəli vəziyyət olmamasına baxmayaraq, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında sözgedən münasibətlər zəminində baş vermiş hadisənin xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilməsi işin faktiki hallarına və tərəflərin münasibətlərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, mənfi xarakterizə olunmayan şəxsiyyətini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə aralarında barışıq əldə etmədiklərini, sonuncunun ona qarşı şikayətçi olduğunu, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahlarından 27 mart 2016-cı il təvəllüdlü X11 və 29 aprel 2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. İş materiallarında olan Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Dağ Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayon Dağ Kəsəmən kəndində qeydiyyatdadır. Təqsirləndirilən şəxs yaşadığı müddətdə onun barəsində kənd inzibati ərazi dairəsi nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarında olan Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Dağ Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri həyat yoldaşı X9, X11, X8 ilə Ağsatafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəriman Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 23 avqust 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində Nərimanov rayon prokurorluğunda saxlanılan meyitə baxış keçirilməsi zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus tünd göy rəngli cins şalvar, köynək, bir cüt ayaqqabı, bir cüt corab, alt paltarı dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməli, hadisə yerinə baxış zamanı götürülmüş qanabənzər ləkələr hopturulmuş pambıq tamponlar məhv edilməli, cinayətin aləti hesab edilən bir ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs məxsuna tünd yaşıl rəngli şortik, qara rəngli mayka Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Müdafiəçi məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Müdafiəçi məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli 23 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut qismində tanınaraq Nərimanov rayon prokurorluğunda saxlanılan meyitə baxış keçirilməsi zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus tünd göy rəngli cins şalvar, köynək, bir cüt ayaqqabı, bir cüt corab, alt paltarı dəyəri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin, cinayətin aləti hesab edilən bir ədəd bıçaq, hadisə yerinə baxış zamanı götürülmüş qanabənzələr ləkələri hopturulmuş pambıq tamponlar məhv edilsin, Təqsirləndirilən şəxs məxsus tünd yaşıl rəngli şortik, qara rəngli mayka Təqsirləndirilən şəxs geri qaytarılsın. Müdafiəçi məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar