Məhkəmə qərarları › İş №1(101)-1131/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1131/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1131/2022 05.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X4 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan (fəhlə), Bakı şəhər, Xəzər rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əsiz fərdi evdə yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd şəffaf polietilen bağlamada, ümumi təmiz çəkisi - 1081,225 (1 kq, 81,225 qram) qram qəhvəyi rəngli, tozşəkilli maddə halında olub külli miqdar təşkil edən narkotik vasitə heroini əldə etməklə üzərində saxlayaraq daşıyıb müvəqqəti yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən nömrəsiz evə gətirmiş, həmin ünvanda qanunsuz olaraq əldə etdiyi narkotik vasitənin 3,225 qramını 01 ədəd şəffaf sellofan büküm halına salıb hazırlayaraq üzərində qanunsuz olaraq saxlayıb daşımış, xx.xx.2022-ci il tarixdə, saat 16:00-da Xəzər RPİ-nin Narkotiklərə qarşı Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, müvəqqəti yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Xəzər RPİ-nin inzibati binasına gətirilmiş və orada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış, baxış və götürmə aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli, sellofana bükülmüş, içərisində 3,225 qram, yəni külli miqdarda olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmin gün, saat 18:10-da əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən nömrəsiz fərdi evdə axtarış keçirilərkən evin yataq otağındakı televizorun alt hissəsində yerləşən kiçik ölçülü dolabın içərisindən 01 ədəd şəffaf polietilen bağlamada, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilmiş narkotik vasitə heroinlə eyni olub kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısına daxil edilən, təmiz çəkisi –1.078 (1 kq, 78 qram) qram, yəni külli miqdar təşkil edən, qəhvəyi rəngli, tozşəkilli maddə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o 15 ildir ki, narkotik vasitə istifadə edir. 24 fevral 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Kolxoz küçəsində yerləşən evində nahar etdikdən sonra yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, iki qadının ondan şikayət etdiyini bildirmiş, o, edilən şikayətin səbəbini soruşduqda, həmin şəxs ona bildirmişdir ki, narkotiklə məşğul olan iki nəfərin adını verməlisən. O razılaşmadıqda onu polis bölməsinə aparmışlar. Orada cibinə narkotik vasitə qoyub, hal şahidlərinin iştirakı ilə cibindən çıxarmışlar və bu barədə protokol tərtib etmişlər. Onun tutulması ilə bağlı göstərişin olmasını bildirmişlər. Sonra onu evinə aparmışlar. Evinə də 1 kq narkotik vasitə qoyub, hal şahidlərinin iştirakı ilə onu da çıxarıb guya onun olduğunu bildirmişlər. Ancaq nə cibində, nə də evində heç bir narkotik vasitə olmamışdır. Onları cibinə və evinə polis işçiləri özləri qoymuşlar. O suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Kolxoz küçəsində yerləşən ev oğlunun kirayədə yaşadığı evdir. O, fəhlə işləyir. İşinə yaxın olsun deyə o da gedib oğlunun evində qalırmış. Oğlu da geçələr evinə gəlirmiş. 15 ildir ki narkotik vasitə olan heroindən istifadə edirmiş. O, fəhlə işləyir, onda 1 kq. narkotik vasitə hardan ola bilər. O, narkotik vasitəni gündəlik 10 manata Yasamal, Suraxanı, Mərdəkandan satanlardan alıb istifadə edirmiş. O, mobil telefon işlətməmişdir. İstintaq zamnı ifadəsində nə yazılmasından xəbəri yoxdur. Sadəcə imza etməsini demişlər, o da imzalamışdır. Ona heç bir təzyiq, təsir göstərilməmişdir. Məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, özü isə 15 ildən artıqdır ki, narkotik vasitə istifadəçisidir. Tutulmamışdan təxminən 20 gün əvvəl Yasamal ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 5.000 (beş min) manat vermək müqabilində öz şəxsi istifadəsi üçün narkotik vasitə heroin (kokos) almışdır. Həmin 5.000 (beş min) manat pulu o həmin şəxsə sonradan verəcəyini bildirmişdir. Aldığı həmin narkotik vasitəni evdə saxlamışdır. Sonuncu dəfə tutulmamışdan 3 gün əvvəl həmin narkotik vasitədən bir büküm düzəldib sellofan bükümdə istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. Sonuncu dəfə 24 fevral 2022-ci il tarixdə axşam saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Kolxoz küçəsində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Xəzər rayon Polis İdarəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin və 2 nəfər hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd özü düzəltdiyi həmin sellofan bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış davam etdirilmişdir. Lakin iş üzrə sübut əhəmiyyətinə malik hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra həmin maddə içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, müstəntiq, müdafiəçi, və digər iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. O, sorğu zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni 20 gün bundan əvvəl Yasamal rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən aldığını, həmçinin kirayə yaşadığı mənzildə narkotik maddə saxladığını, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən kirayə yaşadığı nömrəsiz evə getmişlər. Videoçəkiliş vasitəsilə kirayə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı o, yataq otağında televizorun altında olan dolabda saxladığı bükülmüş vəziyyətdə olan narkotik vasitəni təqdim etmişdir. Həmin bükümün içindən açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş maddə qablaşdırılaraq götürülmüşdür. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Bakı şəhəri, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 24 fevral 2022-ci il tarixdə saat 16:00-da alınmış əməliyyat məlumatı əsasında iş yoldaşı, Xəzər RPİ-nin NMB-nin kiçik inspektoru, polis baş serjantı Şahid1 və onun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yaşadığı evinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş və bu barədə onlar tərəfindən polis idarəsinin rəisinin adına raport yazılmışdır. Polis idarəsinə gətirməzdən əvvəl onlar artıq həmin şəxsin anket məlumatlarını və yaşayış yerini müəyyən etmişlər. Lakin polis idarəsində həmin şəxsin anket məlumatları bir daha yoxlanılan zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş, evli, orta təhsilli, Bakı şəhəri Xəzər rayonu. Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 10, ev 1-də pasport qeydiyyatında olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, idarəyə müdafiəçi və 2 nəfər hal şahidləri dəvət olunmuşdur. Xidməti otaqların birində 2 nəfər hal şahidlərinin, müdafiəçinin, onun və Xəzər RPİ-nin NMB-nin kiçik inspektoru, polis baş serjantı Şahid1 iştirakı ilə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Hüseynzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Müstəntiqin bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə müstəntiq tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilmişdir. Müstəntiq tərəfindən bu barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni təxminən 20 gün bundan əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən nömrəsiz fərdi evində saxladığı narkotik vasitə ilə birlikdə öz şəxsi istifadəsi üçün ümumilikdə 5000 manata aldığını bildirmişdir. Daha sonra müdafiəçi şübhəli şəxsə aşkar edilmiş narkotik vasitənin ona aid olub-olmamasını və ona qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olubolmamasını soruşmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə narkotik vasitənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin qablaşdırılaraq ekspertizaya göndəriləcəyini qeyd edərək Təqsirləndirilən şəxs faktiki olaraq yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən nömrəsiz fərdi evində axtarış, baxış və götürmə istintaq hərəkətinin aparılacağını bildirmişdir. Daha sonra Xəzər RPİ-nin inzibati binasından çıxıb Təqsirləndirilən şəxs göstərməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısına gəlmişlər. Evin qarşısına gələrkən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsində qeydiyyatda olub yaşadığını, lakin hazırda qarşısında dayandıqları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Kolxoz küçəsində yerləşən nömrəsiz fərdi evdə də kirayə yaşadığını bildirərək evə baxış keçirilməsinə hər-hansı bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və Xəzər RPİ-nin NMB-nin kiçik inspektoru, polis baş serjantı Şahid1 iştirakı ilə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Hüseynzadə tərəfindən Təqsirləndirilən şəxs faktiki olaraq kirayə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən nömrəsiz fərdi evdə axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi nömrəsiz fərdi evdə narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olub-olmaması, əgər varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı evinin həyətindən keçərək evin içərisinə daxil olub yataq otağındakı televizorun alt hissəsində yerləşən kiçik ölçülü dolabın qapısını açıb içəridən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə əyani baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni təxminən 20 gün bundan əvvəl Yasamal rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən sonradan pulunu ödəyəcəyi şərti ilə 5.000 (beş min) manat pul müqabilində öz şəxsi istifadəsi üçün alıb saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Xəzər RPİ-nin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitənin hazırda kirayə yaşadığı evindən aşkar olunan narkotik vasitə ilə eyni tərkibli olduğunu və hər iki narkotik vasitəni eyni mənbədən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs kirayə yaşadığı evinin yataq otağından aşkar edilmiş 01 ədəd bükümdə, şəffaf rəngli sellofana bükülmüş olan narkotik vasitə heroinə bənzər maddə müstəntiq tərəfindən qablaşdırılaraq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 43 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra, axtarış davam etdirilərkən evin dəhlizindən, qonaq otağı və yataq otağından hər hansı narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Həmçinin qeyd etmişdir ki, şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş “İphone 11 Promax” markalı mobil telefon vasitəsilə iş yoldaşı, Xəzər RPİ-nin NMB-nin kiçik inspektoru, polis baş serjantı Şahid1 tərəfindən aparılmışdır. Məhkəmədə şahid Xəzər RPİ-nin NMB-nin kiçik inspektoru, polis baş serjantı Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində Şahid2 məhkəmədə verdiyi ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, 24 fevral 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, S. Yesenin küçəsində yerləşən “Abşeron” marketin yaxınlığından keçərkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis idarəsinə gətirilmiş şəxsin üzərinə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyini xahiş etmişlər. O etiraz etməmiş və polislərlə birlikdə Xəzər Rayon Polis İdarəsinə getmişdir. O, idarəyə gələrkən başqa bir nəfər şəxs də hal şahidi qismində orada olmuşdur. Polis əməkdaşları hal şahidinin hüquq və vəzifələrini onlara izah etmişlər. İdarədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis İdarəsində xidməti otaqların birində onun, digər hal şahidi, vəkil və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qeyri-qanuni əşya varsa çıxarıb təqdim etsin. Müstəntiqin bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində heroinə bənzər kütlə aşkar edilmişdir. Müstəntiq tərəfindən bu barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni tutlmamışdan 20 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu, ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən nömrəsiz fərdi evində saxladığı narkotik vasitə ilə birlikdə öz şəxsi istifadəsi üçün ümumilikdə 5000 manata aldığını bildirmişdir. Daha sonra müdafiəçi şübhəli şəxsə aşkar edilmiş narkotik vasitənin ona aid olubolmamasını və ona qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olubolmamasını soruşmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə narkotik vasitənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin qablaşdırılaraq ekspertizaya göndəriləcəyini qeyd edərək Təqsirləndirilən şəxs faktiki olaraq yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən nömrəsiz fərdi evində axtarış, baxış və götürmə istintaq hərəkətinin aparılacağını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində Şahid4 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə və Bakı şəhər, Xəzər rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 1(003)-254/2020 saylı hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 03(üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 02 sentyabr 2020-ci il tarixdən hesablanmış, 10 noyabr 2021-ci il tarixdə Amnistiya aktına əsasən cəzadan azad edilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 24 fevral 2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 26 fevral 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması haqqında 25 fevral 2022-ci il tarixli qərarından məlum olur ki, həmin qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hərhansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Müstəntiqin bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümü çıxararaq təqdim etmiş və bildirmişdir ki, həmin bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli maddə kakosdur (heroin), həmin maddəni təxminən 20 gün bundan əvvəl Bakı şəhəri, Yasamal rayonu, ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən nömrəsiz fərdi evində saxladığı narkotik vasitə ilə birlikdə öz şəxsi istifadəsi üçün ümumilikdə 5000 manata almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə və psixotrop maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmaqla Azərbaycan Respublikası DİNnin «zərflər üçün» 43 saylı möhürlə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üçün əhəmiyyətli ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş edilmiş axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Kolxoz küçəsində yerləşən nömrəsiz fərdi evdə kirayə yaşadığını bildirərək evə baxış keçirilməsinə hər-hansı bir etirazının olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi nömrəsiz fərdi evdə narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olub-olmaması, əgər varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı evinin həyətindən keçərək evin içərisinə daxil olub yataq otağındakı televizorun alt hissəsində yerləşən kiçik ölçülü dolabın qapısını açıb içəridən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni təxminən 20 gün bundan əvvəl Yasamal rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən sonradan pulunu ödəyəcəyi şərti ilə 5.000 (beş min) manat pul müqabilində öz şəxsi istifadəsi üçün alıb saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Xəzər RPİ-nin inzibati binasında üzərinə keçirilən baxış zamanı aşkar olunmuş narkotik vasitənin hazırda kirayə yaşadığı evindən aşkar olunan narkotik vasitə ilə eyni olduğunu və hər iki narkotik vasitəni eyni mənbədən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs kirayə yaşadığı evinin yataq otağından aşkar edilmiş 01 ədəd bükümdə, şəffaf rəngli sellofana bükülmüş olan narkotik vasitə heroinə bənzər maddə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 43 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra, axtarış davam etdirilərkən evin dəhlizindən, qonaq otağı və yataq otağından hər hansı narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 04 dəqiqə 14 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xəzər RPİ-nin İŞ-nin müstəntiqinin sorğu-sualı əsasında şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir və özü barəsində iştirakçılara məlumat verərək Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsində qeydiyyatda olub yaşadığını, lakin hazırda qarşısında dayandıqları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Kolxoz küçəsində yerləşən nömrəsiz fərdi evdə də kirayə yaşadığını bildirərək evə baxış keçirilməsinə hər-hansı bir etirazının olmadığını bildirir. Videogörüntünün 00:57-ci saniyəsindən etibarən müstəntiq şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi nömrəsiz fərdi evdə narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olub-olmamasını, əgər varsa könüllü surətdə təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı evinin həyətindən keçərək evin içərisinə daxil olub yataq otağındakı televizorun alt hissəsində yerləşən kiçik ölçülü dolabın qapısını açıb içəridən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş kütləni çıxarıb təqdim edir. Videogörüntünün 01-ci dəqiqəsinin 40-cı saniyəsindən etibarən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə müstəntiq tərəfindən əyani baxış keçirilir. Baxış zamanı bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilir. Videogörüntünün 01-ci dəqiqəsinin 47-ci saniyəsindən etibarən bu barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni təxminən 20 gün əvvəl Yasamal rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən sonradan pulunu ödəyəcəyi şərti ilə 5.000 manat pul müqabilində öz şəxsi istifadəsi üçün alıb saxladığını bildirdi. Həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar olunmuş narkotik vasitənin hazırda evindən aşkar olunan narkotik vasitə ilə eyni tərkibli olduğunu və hər iki narkotik vasitəni eyni mənbədən aldığını bildirdi. Videogörüntünün 03cü dəqiqəsinin 42-ci saniyəsindən etibarən evə baxış davam etdirilir, lakin iş üzrə sübut əhəmiyyətinə malik olan hər hansı bir əşya və ya predmet aşkar edilmir. Videogörüntünün 04-cü dəqiqəsinin 12-ci saniyəsindən etibarən müstəntiq Təqsirləndirilən şəxs kirayə yaşadığı evinin yataq otağından aşkar edilmiş 01 ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş olan maddənin qablaşdırılaraq ekspertizaya göndəriləcəyini bildirir və istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb edir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 fevral 2022-ci il tarixli 6/1167 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,225 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs mənzilinə baxış zamanı aşkar edilmiş...” yazısı və imzalar olan 1(bir) ədəd bağlamadakı təmiz çəkisi 1078 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1081,225 qram (1 kq 81,225 qram) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2052 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi vardır. Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğu və o əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş ümumi təmiz çəkisi 1081, 225 qram (1 kq 81,225 qram) olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı qalıq qalmış 1080,925 qram hissəsi hökm qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs evində keçirilən axtarış, baxış, götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd CD formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 24 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili X2 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin təyin edilsin, o ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş ümumi təmiz çəkisi 1081, 225 qram (1 kq 81,225 qram) olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı qalıq qalmış 1080,925 qram hissəsi hökm qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs evində keçirilən axtarış, baxış, götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd CD formatlı disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili X2 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar