Məhkəmə qərarları › İş №1(101)-1132/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1132/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1132/2023 30.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X8 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, üzərində çəkilməmiş cəzası olan, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 37-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 20-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan «Dovşan» ləqəbli şəxsdən 50 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 4,978 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istifadəsi üçün alaraq əldə edib, daşımaqla üzərində saxlamış və Suraxanı RPİ-nin Narkotiklə Mübarizə bölməsinin və Suraxanı RPİnin 31-ci PB-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində ünvan 1 ünvanının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına aparılaraq orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ cibindən 05 ədəd şəffaf sellofan kəsiyi bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,015 qram, 1,034 qram, 1,143 qram, 0,985 qram, 0,801 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 4,978 qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, bibisi oğlu Orxan Səftərli ilə birlikdə Bülbülə kəndində özünün yaşadığı evdə olarkən qapı döyülmüşdür. O, qapını açmış və həmin vaxt 4 (dörd) nəfər polis əməkdaşı həyətə daxil olaraq onun üzərinə, eləcə də yaşadığı evə baxış kecirmişdir. Lakin onun üzərindən və yaşadığı evdən heç bir narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu və bibisi oğlu Orxanı Polis bölməsinə aparmışlar. 1 (bir) saatdan sonra polis əməkdaşları gələrək 5 (beş) ədəd ayrı-ayrı bükümü onlara verib demişlər ki, “bunları öz üzərinizə götürün, yoxsa evinizə aparıb qoyacayıq və sonra çəkilişlə çıxaracayıq”. Evdə heç kim olmadığına görə polislər onları Polis bölməsinə apardıqda onun yaşadığı evin açarlarını götürmüşlər. O da qorxmuşdur ki, yaşadığı evin açarları polislərdə olduğundan polislər dediklərini edə bilərlər, yəni aparıb həmin evə narkotik vasitə yerləşdirə bilərlər. Ona görə də o, bibisi oğlu Orxanla birlikdə məcbur qalıb videoçəkilişlə 5 (beş) ədəd bükümü öz üzərinə götürmüşdür. Sonra həm onun, həm də bibisi oğlu Orxanın barəsində cinayət işi başlanmışdır. O, elan edilmiş ittihamla razı deyil. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılması, həmin vaxt üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən saxlanılarkən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ona daxil olan məlumat əsasında təqsirləndirilən şəxs Sadıqov X2 qəsəbəsində onun və digər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs 31-ci Polis bölməsinə dəvət etmişlər və sonuncu da onlarla razılaşaraq 31-ci Polis bölməsinə getmişdir. 31-ci Polis bölməsində təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs səmimi etiraf edərək üzərində narkotik vasitə olduğunu bildirmiş və çəkiliş zamanı üzərində olan bükümlərdəki narkotik vasitəni onlara təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. 31-ci Polis bölməsində polis əməkdaşları tərəfindən hər hansı formada Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilməmiş, habelə sonuncuya işgəncə verilməmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs Bülbülə qəsəbəsində, yəni kəndin içində küçələrin birində saxlamışlar, həmin vaxt Təqsirləndirilən şəxs tək olmuş, əməliyyatda onunla bərabər Şahid2 da iştirak etmiş, əməliyyat qrupuna o, rəhbərlik etmiş, Polis bölməsinə gedərkən yolda Təqsirləndirilən şəxs cibindən nəsə atmağa heç bir cəhd göstərməmiş, nə onun tərəfindən, nə də ki, digər polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs bibisi oğlunu və ya digər ailə üzvlərini tanımır, təqsirləndirilən şəxsin qohumları ilə bağlı heç bir əməliyyat tədbirində iştirak etməmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 5 (beş) ədəd bükümdə narkotik vasitə aşkarlanmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun işlədiyi polis orqanına Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı daxil olduqdan dərhal sonra bu barədə rəhbərliyə məruzə edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmışdır. O, həmin qrupun üzvü olmuşdur. Həmin qrupun rəhbəri isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində şöbə rəisi vəzifəsində xidmət edən Şahid1 olmuşdur. Onlar əməliyyat qrupu olaraq Təqsirləndirilən şəxs yaşadığı küçədə sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və şübhəli şəxs qismində əməliyyat qrupu ilə birgə Polis bölməsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da onlarla razılaşmışdır. Orada Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü könüllü şəkildə şalvarının cibində olan 5 (beş) ədəd bükümdə olan narkotik vasitəni və şəxsi telefonunu onlara təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən çıxmış bükümləri sonuncu “Dovşan” ləqəbli şəxsdən 10 (on) manata aldığını bildirmişdir. Həmin “Dovşan” ləqəbli şəxs Həsənqulunun qonşuluğunda yaşayan, əsl adı Nurlan olan şəxs olmuşdur. Onda olan məlumata görə “Dovşan” ləqəbli şəxs, yəni Nurlan da hazırda həbsdədir. Lakin onun bununla bağlı dəqiq məlumatı yoxdur. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman onun yanında başqa şəxs olmamış, yəni Həsənqulu tək olmuş, onlar Həsənqulunu küçədə saxlamışlar, Həsənquluya hər hansısa bir formada mənəvi və fiziki işgəncə göstərilməmiş, Həsənqulu saxlanılan zaman “Dovşan” ləqəbli şəxs saxlanılmamış, çünki onlar əməliyyat qrupu olaraq birinci Həsənqulunu saxlamışlar, Həsənqulunu saxladıqdan sonra onlar əməliyyat qrupu olaraq “Dovşan” ləqəbli şəxsi axtarsalar da sonuncunu tapa bilməmişlər, həmçinin onlar “Dovşan” ləqəbli şəxsin barəsində nə qədər əməliyyat məlumatı toplamağa cəhd etsələr də, nəticədə heç nə alınmamış, onlar Həsənqulunu yaşadığı evin yaxınlığında küçədə günorta saatlarında saxlamışlar, Həsənqulunun Orxan adlı bibisi oğlu olmuş, Orxan narkotik vasitələrin satışı ilə məşğul olmuş, hətta Orxanın ya dayısı, ya əmisi də narkotik vasitələrin satışı ilə məşğul olmuş, Orxan və Həsənqulu eyni müvəqqəti saxlanılma yerində olmuşlar, müvəqqəti saxlanılma yerində Orxan və Həsənqulu əvvəlcədən öz ifadələrini dəqiqləşdirmişlər, habelə Orxan və Həsənqulu 12-13 yaşından narkotik vasitə aludəçisi olmuşlar, Orxan və Həsənqulunun yaşadığı bütün məhəllə sonuncuların əlindən qan ağlamış, sonuncular tutulanda bütün məhəllə sevinmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, “Həsən” adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, “Həsən” adlı şəxsin xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün saat 15:30-da xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq 31-ci Polis bölməsinə aparılmışdır. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 9) görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində olacağı və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 14) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 30) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 35-36) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və həmin vaxt onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 5 (beş) ədəd bükümdə narkotik vasitə heroinə oxşar vasitə, həmin şalvarın sol cibindən 1 (bir) ədəd “Philips” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs 5 (beş) ədəd bükümün hər birində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitələri “Dovşan” ləqəbli şəxsdən bükümün birini 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/6701 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 53-54) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün № 195» dairəvi möhür əksi, «1) (imza) Təqsirləndirilən şəxs..» sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 05 (beş) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,015 qram, 1,034 qram, 1,143 qram, 0,985 qram, 0,801 qram, ümumi təmiz çəkisi 4,978 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərardan (cild 1, iş vərəqə 66) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan (cild 1, iş vərəqə 68-69) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-668/2022 saylı qərarından (cild 1, iş vərəqə 97-100) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni 22 noyabr 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 136-137) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət işi (başqa cinayət işi) xx.xx.2022-ci ildə məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 126-127) görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalıb-qalmaması barədə suala cavab olaraq bildirmişdir ki, bununla bağlı (polis əməkdaşları tərəfindən döyülməsi) onun verdiyi izahat həqiqətə uyğun deyil, belə məzmunda izahatı ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham elan edildiyinə görə vermiş, əslində isə saxlanılarkən üzərində narkotik vasitə heroin olmuş, habelə polislər tərəfindən ona heç bir psixi və fiziki təzyiq edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 1272 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 128-129) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 604 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 130- 131) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman və hazırkı dövrdə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 1, iş vərəqə 140-147) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsi, onun əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona yeni məzmunda ittiham elan edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,778 qram təşkil edən narkotik vasitə heroinin saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan (cild 1, iş vərəqə 151-152) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 158-159) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək etirafedici ifadə vermişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı rayon prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan (cild 01, iş vərəqə 249-250) görünür ki, Təqsirləndirilən şəxs şikayəti üzrə araşdırma aparılmış və nəticədə cinayət işinin başlanması rədd edilmişdir. Habelə araşdırma zamanı ekspertiza keçirilmiş və xx.xx.2023-cü il tarixli 35 t/s saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi kitabçada qeyd olunanlara əsasən onun bədəni səthi üzərində xx.xx.2022-ci il tarixə uyğun gələn xəsarətlər müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1133/2023 saylı hökmündən (cild 02, iş vərəqə 13-20) görünür ki, X4 xx.xx.2022-ci il tarixdə, saat 14:30-da saxlanılaraq polis orqanına aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt üzərindən 4 (dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 5,627 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Nəticədə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə əməlində cinayətlərin residivi olduğuna görə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1665 saylı cavab məktubundan (cild 02, iş vərəqə 35) görünür ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-239/2022 saylı hökmü xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış, həmçinin həmin gün icraya yönədilmişdir. xx.xx.2023-cü il tarixli Bakı Şəhər Probasiya İdarəsinin 21-1/3-2504114 saylı cavab məktubundan (cild 02, iş vərəqə 36) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və üzərində 1 il 8 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış məhkum Təqsirləndirilən şəxs həmin cəzanı çəkməmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-239/2022 saylı hökmündən (cild 1, iş vərəqə 134-135) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 1 il 8 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs aid şəxsi işin materiallarından (cild 01, iş vərəqə 225-247) görünür ki, Təqsirləndirilən şəxs həm Polis İdarəsinin MSY-nə, həm də istintaq təcridxanasına təhvil verilərkən onun üzərində xəsarət olmamış, habelə xəsarət izləri ilə əlaqədar heç bir qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, eləcə də irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamış və daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində ünvan 1 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və bundan sonra Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan göy rəngli cins şalvarının cibindən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,015 qram, 1,034 qram, 1,143 qram, 0,985 qram, 0,801 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 4,978 qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə şəxsi axtarış zamanı cibindən çıxartdığı narkotik vasitə heroinə aidiyyətinin olmadığını, küçədə deyil, yaşadığı evdə saxlanıldığını, həmin vaxt onun yanında bibisi oğlu Orxan Səftərlinin olduğunu, hər ikisinə polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq edildiyini, həmin vaxt onun və bibisi oğlu Orxan Səftərlinin üzərində narkotik vasitə heroin olmadığını, onun və bibisi oğlu Orxanın üstünə narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunmuş ittihamı bütövlükdə mübahisələndirdiyindən məhkəmə onun iddia etdiyi halları yoxlamış və həmin halların həqiqiliyini araşdırmışdır. Bu araşdırma nəticəsində isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs aid şəxsi işin materialları və tibbi kitabça məhkəmə istintaqında əldə edilib araşdırılarkən müəyyən edilmişdir ki, o, saxlanıldığı istintaq təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçirilmiş, lakin həmin vaxt onun üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilərkən üzərində xəsarətin olmasını və tutularkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə, işgəncəyə və ya digər formada qeyri-insani rəftara məruz qalmasını bildirməmişdir. Bu hissədə qeyd edilməlidir ki, cinayət işinə məhkəmədə baxılarkən onun polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalıb-qalmaması barədə Bakı şəhəri Suraxanı rayon prokurorluğunda araşdırma aparılmış, həmin araşdırma zamanı ekspertiza təyin edilmiş və keçirilmiş ekspertiza nəticəsində onun üzərində tutulduğu günə təsadüf edən hər hası xəsarətin olmaması müəyyən edilmiş, bunun nəticəsində də cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması zamanı fiziki təzyiqə məruz qalması kimi iddia etdiyi halları məhkəmə istintaqında müəyyən etmək mümkün olmamışdır. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü müdafiə etmək məqsədi ilə yalan ifadə verməsi məhkəmədə heç bir şübhə doğurmur. Həmçinin Təqsirləndirilən şəxs öz bibisi oğlu Orxan Səftərli ilə birlikdə saxlanılmasını və həmin vaxt onların üzərində narkotik vasitə olmamasını iddia etsə də, məhkəmədə araşdırılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən məlum olmuşdur ki, Orxan Səftərlinin polis əməkdaşları tərəfindən saxlanılması Təqsirləndirilən şəxs saxlanılması gününə təsadüf etsə də, onlar 1 (bir) saat ara ilə saxlanılmışlar. Bu isə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs bibisi oğlu Orxan Səftərli ilə eyni vaxtda saxlanılması həqiqətə uyğun deyil. Məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi halları yoxlayıb və həmin halların həqiqət olmaması nəticəsinə gələrək hesab edir ki, o, məhkəmə istintaqında yalan ifadə verərək qanunsuz əməllərinə haqq qazandırmaq və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. O da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra bir neçə dəfə etirafedici ifadə verməklə törətmiş olduğu cinayətin üsulunu və mexanizmini açıqlamışdır. İbtidai araşdırma zamanı onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edildiyi və həmin maddə ilə ona ittiham elan edildiyi halda isə o, bu ittihamla razılaşmayaraq əvvəlki ifadələrindən imtina etmişdir. Lakin ibtidai araşdırmanın sonunda, yəni xx.xx.2023-cü il tarixdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1.-1-ci maddəsinə tövsif edildikdən sonra, yəni tutulduqdan 3 (üç) ay 20 (iyirmi) gün sonra yenidən etirafedici ifadə verərək törətmiş olduğu cinayət əməli barədə ətraflı məlumat vermişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs tez-tez mövqeyini dəyişdirməsi onun özünü müdafiə etməsinə yönəlmiş üsullardan biri kimi çıxış edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə inkaredici ifadə verərkən səmimi olmamış və bununla da qanunsuz əməllərinə haqq qazandırmaq istəmişdir. Ona görə də məhkəmə onun məhkəmədə verdiyi ifadəsini yalan ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs həbs edildikdən sonra saxlanıldığı istintaq təcridxanasına təhvil verilərkən onun üzərində xəsarətin aşkar edilməsi ilə bağlı qeydiyyatın aparılmaması, habelə döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməməsi onun iddia etdiyi halların həqiqət olmasını istisna edir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar, yəni onun polis əməkdaşları tərəfindən döyülməsi və sair formada işgəncəyə məruz qalması, ona aid olmayan narkotik vasitənin ona məxsus olmasına dair ondan etirafedici ifadə alınması halları həqiqətə uyğun deyil. Odur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal/hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-239/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə və 2 gün şübhəli şəxs qismində saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində 1 il 8 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsa da, başqa sözlə, o, qəsdən az ağır cinayət törətməyə görə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivini yaratmır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini (nisbətən az olmasını) və onun cavan olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-239/2022 saylı hökmü ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən və o, həmin cəzanı çəkmədiyindən hazırkı cinayət işi üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-239/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən qismən toplanmalı və ona hökmlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq qəti cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 22 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 1272 nömrəli ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,778 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarışın keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 55 (əlli beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hazırkı hökm ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 1(010)-239/2022 saylı hökmü ilə onun üzərində saxlanılmış və çəkilməmiş 1 il 8 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 10 (on) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 22 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,778 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd mobil telefon onun yaxın qohumlarına qaytarılsın, şəxsi axtarışın keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar