Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1133/2023 04.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X5 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 29 sentyabr 2022-ci il hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş), məhkumluğu ödənilməmiş, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində səhər saatlarında şəxsiyyəti istintaqa məlum olmayan Dovşan ləqəbli şəxsdən 40 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi külli miqdarda 5,627 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin şəxsi istifadəsi üçün alaraq üzərində saxlamış və Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 noyabr 2022-ci il tarixdə saat 14:30-da ünvan 2 ünvanının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan boz rəngli cins şalvarının qabaq sol yan cibindən 4 ədəd şəffaf sellofan kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 1,951 qram, 1,524 qram, 1,197 qram və 0,955 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 5,627 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 noyabr 2022-ci il tarixdə polis əməkdaşları onu və dayısı oğlu X3 Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Əzizbəyov küçəsində yerləşən yaşadığı evdə tutmuşlar. Polis əməkdaşları yaşadığı evin həyət qapısını döydükdən sonra dayısı oğlu Vüqar qapını açmışdır. Polis əməkdaşları birinci dayısı oğlunu saxlamış, sonra isə onu yatdığı yataqda qandallamışlar. Suraxanı RPİ-nin X2 rəisi olan Anar adlı polis əməkdaşı, İzzət, Siyavuş və digər polis əməkdaşları onları yaşadıqları evdə tutub Suraxanı RPİ-nin 31-ci PB-nə gətirmişlər. İttiham aktında günorta saat 14:30 radələrində saxlanıldıqları yazılsa da, onları səhər saat 10:00 radələrində tutmuşlar. Polis əməkdaşları onu tutanda evdə dayısı oğlundan başqa heç kim olmamışdır. Onlar birlikdə tutulsa da, dayısı oğlu Həsənqulunun barəsində ayrı cinayət işi, onun barəsində isə ayrı cinayət işi başlanılmışdır. Polislər onu bölməyə apardıqdan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham edilməyi qəbul etməsə, yaşadığı evdə axtarış aparacaqlarını və oradan 1 kq narkotik vasitə aşkar edəcəklərini bildirmişlər. O da narkotik vasitə istifadəçisi olduğu üçün polislərin təklifi ilə razılaşmış və şəxsi axtarış zamanı 4 büküm narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. İttiham aktında qeyd edilən 4 büküm narkotik vasitənin çəkisinin 5 qram olması mümkün deyildir. Narkotik vasitə istifadəçisi olsa da, saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Gündəlik olaraq 1-2 “çet” heroindən istifadə etmişdir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, saxlanılmazdan təxminən 1 ay əvvəl cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Tutulan zaman üzərində heç bir narkotik vasitə olmamış, “Dovşan” ləqəbli şəxsi tanımamış, polis əməkdaşları şəxsi axtarış zamanı “Dovşan” ləqəbli şəxsdən narkotik vasitə aldığını bildirməyini tələb etmişlər. Saxlanılan zaman evdə ondan başqa dayısı oğlu olmuş, ailə üzvləri isə işdə olmuşdur. İbtidai istintaq zamanı heç nə yazmamış, heç bir sənədə də imza etməmişdir. Dayısı oğlu Həsənqulu Sadıqov və o birlikdə saxlanılmış, saxlanılan zaman üzərlərində heç bir qanunsuz əşya olmamışdır. Polis bölməsində olarkən ona fiziki təsir göstərmişlər. Barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında döyüldüyünü dediyi üçün Baş Prokurorluğun əməkdaşı izahatını almış, lakin həmin araşdırmanın nəticəsi barədə ona məlumat verilməmişdir. 3 saylı İstintaq Təcridxanasına daxil olarkən bədənində xəsarətlər aşkar olunsa da, həmin xəsarətlər tibbi kitabçada qeyd edilməmişdir. Şəxsi axtarış zamanı narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Anar adlı polis əməkdaşı və digər polis əməkdaşları onu dəyənəklə döymüş, ibtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. İbtidai istintaq qurtarana yaxın müstəntiq və NMB-nin rəisi Anar müəllim MSY-yə gəlib əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif olunduğunu demişlər. Yaşadığı evdə saxlanılan zaman Şahid1 orada olmamış, onu Anar, Siyavuş, Həbib və digər adını bilmədiyi polis əməkdaşı saxlamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, bir müddət narkotik vasitə kimi tanıdığı heroindən istifadə etmişdir. 22 noyabr 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Bülbülə qəsəbəsində adını bilmədiyi Dovşan ləqəbi ilə tanıdığı şəxsdən bir bükümü 10 manata olmaqla ümumilikdə 40 manata 4 ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə heroin alaraq öz istifadəsi üçün əynindəki boz rəngli cins şalvarının qabaq sol yan cibində saxlamışdır. Həmin gün saat 14:30 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M. Əzizbəyov küçəsində olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələri əldə edib saxlanması və daşınmasında şübhəli olduğunu deyərək onu 31-ci PB-nə dəvət etmişlər. PB-nin inzibati binasında xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı barədə qərar ona elan olunmuş, üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması qadağan olunmuş hər hansı bir əşya, vasitə və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, öz istifadəsi üçün alıb əynindəki boz rəngli cins şalvarının qabaq sol yan cibində saxladığı 4 ədəd şəffaf sellofan kəsiyi bükümündə olan narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi bükümlərdə narkotik vasitə heroin olduğunu, həmin maddəni Suraxanı rayonu, Bülbülə qəsəbəsində adını bilmədiyi Dovşan ləqəbi ilə tanıdığı şəxsdən bir bükümünü 10 manata olmaqla ümumilikdə 40 manata aldığını bildirmişdir. Təqim etdiyi 4 bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulmuş, zərf möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır (cild 1, iş vərəqə 75-76). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 22 noyabr 2022-ci il tarixdə 31-ci PB-nə “Orxan” adlı şəxsin Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Əzizbəyov küçəsində narkotik vasitənin qanunsuz istifadəsi və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Orxan” adlı şəxsin ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra bu barədə dərhal rəhbərliyə məruzə edilmişdir. Polis bölməsinin rəisinin əmri və onun rəhbərliyi ilə Suraxanı RPİ-nin X2 əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyataxtarış tədbirlərinin icrasına başlamışlar. 22 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Əzizbəyov küçəsində olduğunu müəyyən edib orada ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə şübhəli olduğunu deyib Suraxanı RPİnin 31-ci PB-nə dəvət etmişlər. Polis bölməsinin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış aparılmasına başlamazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunduqda o, əynindəki boz rəngli cins şalvarının qabaq sol yan cibindən 4 ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf sellofan kəsiyi bükümlərini çıxarıb təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu və bir bükümünü 10 manata olmaqla, ümumilikdə 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs o və Şahid2 tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən 4 büküm heroin aşkar edilmiş, o, həmin heroini Suraxanı rayonu, Bülbülə qəsəbəsində adını bilmədiyi “Dovşan” ləqəbli şəxsdən bir bükümünü 10 manata olmaqla, ümumilikdə 40 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Əzizbəyov küçəsində yaşadığı evin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlayan şəxslərdən biri olmasaydı, şəxsi axtarışda iştirak etməzdi. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz daşınması və istifadəsi ilə bağlı olmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının qabaq sol yan cibindən 4 ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf sellofan bükümlərini təqdim edərək həmin bükümlərin içərisində kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, təqdim etdiyi narkotik vasitəni Suraxanı rayonu, Bülbülə qəsəbəsində adını bilmədiyi Dovşan ləqəbli şəxsdən bir bükümünü 10 manata olmaqla, ümumilikdə 40 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir (cild 1, iş vərəqə 33-34). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli 6/6700 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün N 195” dairəvi möhür əksi, “...Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza),..” sözləri və imzalar olan 1 ədəd zərfin içərisində 4 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 1,951 qram, 1,524 qram, 1,197 qram, 0,955 qram, ümumi təmiz çəkisi 5,627 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 5,627 qram, tədqiqata sərf edildi 0,16 qram, qalıq 5,467 qram, cild 1, iş vərəqə 49-51). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 4 mart 2023-ci il tarixli 1275 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 134-135). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 4 mart 2023-cü il tarixli 605 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman və hazırkı dövrdə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 132-133). Cinayət işinin materiallarında olan 10 mart 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 5,467 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 146-153). Məhkəmənin sorğusu əsasında "xxxx" MMC-dən məhkəməyə daxil olmuş 22 iyun 2023-cü il tarixli sənədlərdən görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi 22 noyabr 2022-ci il tarixdə saat 14:39-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsinin ərazisini göstərmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 29 sentyabr 2022-ci il hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 111-112 və 136-143). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 28). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 95-98). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 noyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 5,467 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 22 noyabr 2022ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 5,467 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1133/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1133/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver