Məhkəmə qərarları › İş №1(101)-1133/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1133/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1133/2025 08.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonu, Bambaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlayaraq və daşıyaraq Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddənin satış məqsədi ilə tanışı X3 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Mənnan” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin yerləşdiyi ünvan barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra xx.xx.2024-cü ildə Bakı şəhəri, Nərimanov rayonu, ərazisində gizlədilmiş xüsusilə külli miqdarda olmaqla ümumi təmiz çəkisi 875,0 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib müvəqqəti yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsində yerləşən “Şeş-Beş” otelin 612 nömrəli otağında daşımaqla dolabın içərisində saxlamışdır. O, xx.xx.2024-cü ildə saat 17:45 radələrində BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində “Şeş-Beş” otelin qarşısında saxlanılaraq müvəqqəti yaşadığı “Şeş- Beş” otelin 612 nömrəli otağına video çəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı dolabdan çıxarıb təqdim etdiyi ağ rəngli sellofan torbanın içərisindən 01 ədəd bükümdə xüsusilə külli miqdarda təmiz çəkisi 875,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkilli Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə onun tərəfindən Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Bununla əlaqədar onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, o, DİN-in BNMİ-in əməliyyat müvəkkilləri Şahid4 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar birlikdə məlumat əsasında xx.xx.2024-cü ildə saat 17:45 radələrində Bakı şəhəri, Nərimanov rayonu M.Nərimanov küçəsində yerləşən “Şeş- Beş” otelin qarşısına getmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs otelin qarşısında olduğunu görüb, yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs da özünü təqdim etmiş, bundan sonra onlar sonuncuya üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmiş, sonuncu da üzərində heç bir qanunsuz maddə və predmet olmasa da, müvəqqəti yaşadığı “Şeş-Beş” otelin 612-ci otağında narkotik vasitələr saxladığını deyərək həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Buna görə də onlar Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun müvəqqəti yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsində yerləşən “Şeş-Beş” otelinin 612-ci otağına getmiş, baxışda iştirak etməsi üçün oteldə adminstartor işləyən Şahid1 da dəvət etmişdir. Orada Təqsirləndirilən şəxs otaqda saxladığını bildirdiyi narkotik vasitələri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs qaldığı otağın dolabında gizlətdiyi 01 ədəd sellofan torbanı təqdim etmiş, həmin sellofan torbaya baxış keçirilərkən içərisində 01 ədəd bağlamada psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin maddənin psixotrop maddə olan metamfetamin olmasını, həmin maddəni İİR-ın vətəndaşının vasitəsi ilə xx.xx.2024-cü ildə qoyulduğu yerdən ona deyiləcək ünvanlara qoymaq məqsədi ilə götürdüyünü, bunun qarşılığında həmin şəxsin ona 500 manat pul verəcəyinə söz verdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs otaqda masanın üzərində olan 01 ədəd “Realme” markalı mobil telefonu təqdim etmişdir. Aşkar edilmiş psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 908,97 qram olması müəyyən edilmiş, aşkar edilmiş psixotrop maddə metamfetmin və 01 ədəd elektron tərəzi qablaşdırılmış, möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Tərtib edilmiş protokol imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçı Anar Aslanova həvalə edilmiş, sonuncu da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etmiş, həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Sonuncu qadın olduğu üçün şəxsi axtarışda iştirak etməsi üçün X4 da dəvət edilmiş, şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, sonuncu da üzərində heç bir əşya və predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən heç bir maddə və predmet aşkar edilməmişdir. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən heç bir fiziki və psixi təzyiq olmamışdır.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BNMİ-in əməliyyat müvəkkilləri Şahid4 və Şahid3 onlardan əvvəl məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadələr verərək göstərmişlər ki, “Şeş-Beş” otelin 612 nömrəli otağında baxış keçirilərkən Təqsirləndirilən şəxs qaldığı otağın dolabında gizlətdiyi 01 ədəd sellofan torbanı təqdim etmiş, həmin sellofan torbaya baxış keçirilərkən içərisində 01 ədəd bağlamada psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin maddənin psixotrop maddə olan metamfetamin olmasını, həmin maddəni İİR-ın vətəndaşının vasitəsi ilə xx.xx.2024-cü ildə qoyulduğu yerdən ona deyiləcək ünvanlara qoymaq məqsədi ilə götürdüyünü, bunun qarşılığında həmin şəxsin ona 500 manat pul verəcəyinə söz verdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid4 və Şahid3 verilmiş suallara cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən heç bir fiziki və psixi təzyiq olmamışdır.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 6 il müddətdir ki, ünvan 1 ünvanında yerləşən “Şeş-Beş” oteldə administrator vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs bir kişi ilə təxminən 2 gün müddət həmin oteldə qalmış, belə ki, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək 1 gecə qalmış, xx.xx.2024-cü il gecə saatlarında yenidən otelə qayıtmış və bir gecədə qalmışlar. xx.xx.2024-cü ildə həmin kişi Təqsirləndirilən şəxs otelə yerləşdirdikdən sonra oteli tərk etmişdir. Sonuncu oteldə gecələməsi üçün otelin 2-ci mərtəbəsində yerləşən 612 nömrəli otaq ayrılmışdır. xx.xx.2024-cü ildə saat təxminən 17:45 radələrində Təqsirləndirilən şəxs polis əməkdaşları ilə otelə daxil olmuş, polis əməkdaşları Təqsirləndirilən şəxs qalmış olduğu 612 nömrəli otağa video çəkilişlə baxış keçirəcəklərini bildirmişlər. O da öz növbəsində baxış üçün polis əməkdaşlarına şərait yaratmış və bütün çəkilişin şahidi olmuşdur. Onlar 612 nömrəli otağa daxil olduqda polis əməkdaşları Təqsirləndirilən şəxs gizləditdiyi narkotik vasitələri təqdim etməsini bildirmiş, sonuncu da otaqda olan dolabdan sellofan paketdə kristalşəkilli maddə və elektron tərəzi təqdim edərək həmin maddənin “patı” olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin tərəzi və maddəni götürüb qablaşdıraraq möhürləmişlər. O, Təqsirləndirilən şəxs sadəcə müştəri kimi tanımış, sonuncunun otaqda gizlətdiyi narkotik vasitədən heç bir məlumatı olmamışdır. Çünki, Təqsirləndirilən şəxs otağı təmizlətmək üçün xadimə tələb etməmiş və müştəri olduğu üçün onlar Təqsirləndirilən şəxs narahat etməmişlər.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6\4718 saylı rəyindən görünürü ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd zərfdə və bir ədəd sellofan bağlamada olan: üzərində “Vət. Təqsirləndirilən şəxs...”sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamada təmiz çəkisi 875,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Üzərində “Vət. Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd elektron tərəzidə psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Qeyd: Metamfetaminin təmiz çəkisi: - 875,0 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 874,95 qram. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (İ cild i/v 44-49).

7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 3263 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Sonuncus törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Sonuncunun hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (l cild 144-146).

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7229 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( l cild i/v 147-148).

9. Şübhəli şəxsin ünvanına baxışın gedişatını özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü ildə saat 17:50-dən 18:03-dək Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsində yerləşə “Şeş-Beş” otelin 612 nömrəli otağında qeydə alınmışdır. BNMİ-nin əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir, daha sonra sonuncuya qeyd edilən ünvanda olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bundan sonra sonuncu qaldığı otağın dolabında gizlətdiyi 1 ədəd sellofanda olan və həmin sellofanın içərisində olan 1 ədəd bağlamada metamfetaminə bənzər kütləni və 1 ədəd tərəzini, otaqda stolun üzərində olan 1 ədəd üzərində ***-***-**-** saylı nömrə olan “Realme” markalı mobil telefonu təqdim edir. Daha sonra həmin metamfetaminə bənzər kütlələr və 1 ədəd tərəzi qablaşdırılıb, möhürlənərək üzəri saxlanılan şəxs və Şahid2 tərəfindən imzalanır. Həmin metamfetaminə bənzər maddələr elektron tərəzidə çəkilir və maddələrin çəkisi 908,97 qram müəyyən olunur. Bundan sonra otağın digər hissələrinə baxış keçirilir və iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilmir. İş üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd mobil telefon götürülür. Şahid1 verilən suallara cavab olaraq, otelin otaqlarının qeydiyyatında işlədiyini, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olunmuş maddələrin metamfetamin (patı) olmasını, həmin maddələri İİR-nın vətəndaşının vasitəsi ilə dünən götürdüyünü, həmin maddələri sonuncunun göstərişi ilə ünvanlara çatdıracağını, bunun müqabilində ona 500 manat məbləğində pul verəcəyini və polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq olunmadığını bildirir (İ cild i/v 12).

10. Şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü ildə saat 21:10-dən 21:14-dək BNMİ-nin inzibati binasında qeydə alınmışdır. BNMİ-nin Təhqiqat Qupunun təhqiqatçısı X5 ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir, daha sonra sonuncuya paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Sonuncu üzərində qanunla qadağan edilmiş əşyanın olmamasını bildirir. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir (İ cild i/v 37).

11. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, maddi sübutlar qismində tanınaraq baxış və şəxsi axtarışın gedişatını özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 874,95 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi isə saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (İİ cild i/v 191-206).

12. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-899/2025 saylı qərarından (sədrlik edən X6) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmayaprossesual rəhbərliyi həyata keçirmiş prokurora qaytarılmışdır (İİ cild i/v 31-36). Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

13. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-in 234.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaqı aparan müstəntiq onunla qərəzli mövqe göstərmişdir. O, təxminən iki il müddət əvvəl X3 ilə tanış olmuş və birlikdə bir müddət qeyri-rəsmi ər arvad münasibətində yaşamışlar. İki il əvvəl A.R.Aslanov dostu ilə narkotik vasitələrdən istifadə etdiyi üçün polis əməkdaşları tərəfindən tutulmuşdur. A.R.Aslanov narkotik vasitələrdən istifadə etdiyi üçün aralarında bununla bağlı mübahisələr yaranmışdır. O, əvvəlkinə narkotik vasitələrdən istifadə etməməsini və bu işlərdən uzaq durmasını bildirmişdir. Lakin A.R.Aslanov narkotik vasitələrdən istifadə etməyə davam etdiyi üçün o, əvvəlkindən ayrılaraq yaşadığı Masallı rayonuna geri qayıtmışdır. Onun ilk evliliyindən bir xəstə oğlan uşağı vardır. A.R.Aslanov onu barışması üçün uşağı ilə hədələyərək, əgər barışmasa onu da, oğlunu da öldürəcəyəni bildirmişdir. Hətta A.R.Aslanovla mübahisəsi düşərkən DİN-in 102 xidmətinə də zəng etmişdir. Bir dəfə polis əməkdaşları onu saxlamaq istəyərkən A.R.Aslanov polis əməkdaşlarının avtomobilini öz avtomobili ilə əzərək qaçmışdır. Təxminən 2024-cü ilin sentyabr ayında A.R.Aslanov yaşadığı Masallı rayonuna gələrək ona yalvar-yaxar edərək onunla barışmaq istədiyini, Bakı şəhərinə qayıdaraq birlikdə ev tutub yaşamağı təklif etmişdir. O da A.R.Aslanovun ona qarşı artıq dürüst olacağını düşündüyündən Ayxanla birlikdə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra sonuncu kirayə ev tapana qədər birlikdə Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsində yerləşən “Şeş-Beş” oteldə qalmağı ona təklif etmiş, o da etiraz etməmiş və onlar birlikdə “Şeş-Beş”otelin 612-ci otağında qalmağa başlamışlar. Həmin vaxt uşağı yanında olmamış, onu gətirməmişdir. Onlar bir gün oteldə qalıb səhərisi gün ev axtarmağa başlamışlar, ev tapa bilmədikləri üçün oteldəki qaldıqları otağı dəyişmişlər. Onlar həmin gün oteldə qalmış, səhərisi o, yuxudan ayılarkən A.R.Aslanovun otaqda olmadığını görmüşdür. A.R.Aslanova zəng edərkən sonuncu telefona cavab verən zaman polis əməkdaşlarının onun arxasınca düşərək izlədiklərini, buna görə də onun zəng vurmamağını, zəngini gözləməyini bildirmişdir. Bundan sonra paltarlarını geyinib A.R.Aslanovun zəngini gözləmiş, bir qədər sonra sonuncu ona zəng vuraraq polislərdən qaça bildiyini və on beş dəqiqəyə gələcəyini bildirmişdir. Bundan sonra A.R.Aslanovla görüşmək üçün “Şeş-Beş” otelin qarşısına çıxmış və piyada bir qədər irəliləyərkən mülki geyimli şəxslər onun qolundan tutmuş, o da qorxduğu üçün qışqırmışdır. Həmin şəxslər polis əməkdaş olduqlarını və qorxmamağı və A.R.Aslanovu axtardıqlarını ona bildirmişlər. Daha sonra sonuncunun hansı otaqda qaldığını soruşmuş, otelə girərkən otelin qeydiyyatçıları ilə aralarında bir az mübahisə yaranmış, sonra qaldıqları otağa çıxmışlar. Polis əməkdaşları ona A.R.Aslanovu oraya çağırmağı bildirmiş, o da uşağına görə qorxduğundan zəng vurmayacağını, özlərinin A.R.Aslanova zəng vurmasını istəmişdir. Daha sonra polis əməkdaşları özləri A.R.Aslanova zəng vuraraq onun polis əməkdaşlarının əlində olduğunu bildirmiş və A.R.Aslanov da polis əməkdaşlarına gələcəyini bildirmişdir. Lakin iki saata yaxın müddət gözləsələr də, A.R.Aslanov gəlib çıxmamış, bundan sonra polis əməkdaşlarından biri ona bir video çəkəcıklərini və A.R.Aslanovun da qorxub gələcəyini bildirmişdir. Ona nə desələr çəkiliş zamanı həmin sözləri deməyi, onu tutmayacaqlarını, işlərinin A.R.Aslanovla bağlı olduğunu bildirmişlər. O da polis əmədkalarına inadığı üçün razılaşmış və birlikdə otelin qarşısına çıxmışlar. Ordan çəkiliş edib otağa qalxmışlar. Polis əməkdaşları ona otağın çəkməcəsinə narkotik vasitə yerləşdirdiklərini, həmin maddəni götürüb, ona məxsus olduğunu, ondan çəkiliş zamanı dolabın içərisində olan sellofan paketi çıxarıb təqdim etməyi, həmin maddəni xx.xx.2024cü ildə İİR-ın vətəndaşı kimi tanıdığı şəxsin göstərişi ilə qoyulduğu yerdən müxtəlif ünvanlara qoymaq məqsədi ilə götürdüyünü, bunun qarşılığında həmin şəxsin ona 500 manat məbləğində pul verəcəyinə vəd verdiyini bildirməyini və çəkilişdən sonra onu buraxacaqlarını bildirmişlər. Hətta o, onların bildirdiklərini, iranlının adını yadında saxlayıb deyə bilmədiyi üçün dəfələrlə ona əsəbləşmiş və qışqırmışlar. Videonu çəkdikdən sonra A.R.Aslanova göndərmişlər, lakin sonuncu gəlmədiyi üçün onu polis idarəsinə aparmışlar. Orada yenidən çəkiliş etməyi və bu dəfə A.R.Aslanovun onun polis idarəsində olduğunu görməyini istəmişlər. Onu aldada-aldada, oxumağı-yazmağı bilmədiyi halda bütün sənədlərə imza çəkdirmişlər. Həmin narkotik vasitənin otel otağında olan dolaba kim tərəfindən qoyulduğunu bilməmişdir. O, sənədlərə imza çəkərkən yanında vəkil olmamışdır.

14. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmiş, lakin A.R.Aslanov narkotik vasitələrdən istifadə etmiş və hətta onun yanında da narkotik vasitə istifadə etmişdir. Onun narkotik vasitələrdən istifadə etməsi barədə ekspertiza keçirilməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən polis əməkdaşlarının ona öyrətdiklərini bildirmişdir. Bundan başqa ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməmişdir. Daha sonra xəstə uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

15. Maddə 234.4-1. Bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

16. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

17. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

18. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

19. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

20. Maddə 56.1.3. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır ve ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.

21. Maddə 93.1.2. Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

22. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

23. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

24. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

25. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

26. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

27. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

28. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

29. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

30. Maddə 193.2. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir).

31. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

32. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”na əsasən psixotrop maddə olan metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə xeyli miqdardan, 2 qram olduqda isə külli miqdarda, 400 qram olduqda xüsusilə külli miqdarda hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

33. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

34. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

35. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

36. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarı

37. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

38. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Avropa Məhkəməsinin president hüququ:

39. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

40. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlayaraq daşıması əməlini törətməsi şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, ekspertiza rəyləri, şübhəli şəxsin ünvanına baxış keçirilməsi protokolları, DVD diskdə olan video görüntülərlə və digər toplanmış sübutlarla tam təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsin ünvanından aşkar edilmiş psixotrop maddə olan metamfetaminin xeyli miqdarından 5.833 dəfə, külli miqdarından 437.5 dəfə və xüsusilə külli miqdarından 2.1 dəfə artıq, həmçinin elektron tərəzinin olması və digər sübutlar psixotrop maddənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.

41. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, yaşadığı ünvandan aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ona aid olmaması, yaşadığı ünvana videoçəkilişlə keçirilən baxış zamanı polis əməkdaşları tərəfindən aldadılaraq psixotrop maddə olan metamfetaminin ona məxsus olmasını bildirməsi və heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməməsi barədə ifadələrini özünü müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.

42. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs işləməyə gücü olmadığı və xəstə olduğu üçün, həmçinin uşağının gözü görmədiyindən və sonuncunun əməliyyat olması üçün çarəsiz qalaraq İranlı ilə razılığa gələrək sonuncunun bildirdiyi yerlərə narkotik vasitə yerləşdirməyi qarşılığında 500 manat məbləğində pul əldə edəcəyini bildirmişdir (İ cild 99-103). Həmçinin şübhəli və təqsirləndirilən şəxsin dindirmə (İ cild i/v 57-60, 188-191) protokollarından görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə özünü törətdiyi əməldə təqsirli bilmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir.

43. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin ünvanına baxışın keçirilməsinin gedişatını əks etdirən DVD diskdə olan video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs ünvanından aşkar olunmuş psixotrop maddə olan metamfetamini İİR-nın vətəndaşının vasitəsi ilə xx.xx.2024-cü ildə götürdüyünü, həmin maddələri sonuncunun göstərişi ilə ünvanlara çatdıracağını, bunun müqabilində ona 500 manat məbləğində pul verəcəyini və polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq olunmadığını bildirmişdir (İ cild i/v 12).

44. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini bildirsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7229 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( l cild i/v 147-148).

45. Bununla da məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilmişdir.

46. Narkotoik vasitə və psixotrop maddənin təqsirləndirilən şəxsin yaşadığı ünvandan aşkar edilməsi, qablaşdırılması, həmin vasitənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir (hökmün 25-ci bəndi).

47. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən xüsusilə külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır (hökmün 32-ci bəndi).

48. Beləliklə, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şübhəli şəxsin ünvanına baxış keçirilməsi protokolları, baxışı özündə əks etdirən DVD diskdə olan video görüntüləri, ekspertiza rəylərini və digər sübutları tədqiq edib, araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlayaraq daşıması cinayətini törətməsi təqsirliliyi sübuta yetirildiyindən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, onun barəsində ittiham hökmü çıxarılmalıdır (hökmün 23-cü bəndi).

49. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur (hökmün 15-ci bəndi).

50. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

51. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qadın olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir.

52. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.

53. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild i/v 131-132) .

54. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

55. Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyindən cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 20-ci bəndi).

56. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2024-cü ildən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (İ cild i/v 20, 103-108, İİ cild 18-19). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.

57. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024cü ildən hesablanmalıdır (hökmün 29-cu bəndi).

58. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır ((İ cild i/v 147-148), (hökmün 21-ci bəndi)).

59. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır.

60. İş üzrə maddi sübut olan, Nərimanov RPİ-nin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış 874,95 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (hökmün 29-cu bəndi).

61. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

62. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 30-cu bəndi).

63. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 22 və 31-ci bəndləri).

64. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Nərimanov RPİ-nin saxlanc anbarında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 874,95 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar