Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1134/2021 25.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 24 avqust 1981-ci il tarixdə Zəngilan rayonunun Q.Müşlan kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Zəngilan rayonunun Q.Müşlan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yerləşən nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 567,969 qram olan narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 505 qram olan psixotrop maddə metafetamini əldə edib həmin psixotrop maddə metafetamini və narkotik vasitə heroinin bir hissəsini - təmiz çəkisi 515 qramını yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz evinə daşıyıb orada saxlamış, digər hissəsini - təmiz çəkisi 52,969 qram külli miqdara narkotik vasitə heroini isə üzərində saxlayıb daşımış və 17 yanvar 2021-ci il tarixdə saat 1 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən külli miqdarda təmiz çəkisi 52,969 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin tədbirlərin davamı olaraq həmin tarixdə saat 4 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz evinə baxış keçirilən zaman evin yataq otağındakı taxta konstruksiyalı dolabın qarşısında olan plastik səbətdə gizlətdiyi 1 ədəd torbada külli miqdarda təmiz çəkisi 505 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 1 ədəd torbada külli miqdarda təmiz çəkisi 515 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi və həmçinin 2.100 manat pul aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 yanvar 2021-ci il tarixdə gecə saat 1:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Bundan sonra idarədə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və ya narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuş, o da əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 büküm “kakos” adlandırılan narkotik vasitə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılmış və əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd açar və 100 manat pul aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi içərisində narkotik vasitə kakos olan bükümə baxış keçirilərək çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş və heroinin çəkisinin 55 qram olması müəyyən edilmişdir. Həmin 1 büküm içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş, üzəri o və müdafiəçisi tərəfindən imzalanmışdır. 1 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 1 ədəd açar isə özünə qaytarılmışdır. O, sorğu zamanı narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Əhməd” adlı şəxsin vasitəsi ilə 2020-ci ilin sentyabr ayında Xətai rayonunda Su-tikinti deyilən yerdən zibil tullantılarının yanından götürdüyünü, həmçinin ona məxsus evdə narkotik vasitə saxladığını, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizəsi alınmışdır. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 1 ünvanında yerləşən özünə məxsus nömrəsiz evə getmişlər. Həmin evin yataq otağında narkotik maddə saxladığını bildirib içərisində heroin və metafetamin olan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi torbaların içərisinə keçirilən baxış zamanı 1 büküm “kakos” adlandırılan narkotik vasitə heroin, 1 büküm “şüşə” adlandırılan psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi bükümlərin içərisinə baxış keçirilmiş və çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilib qablaşdırılmış, DİN-in 7 nömrəli möhürü ilə möhürlənərək üzəri o və müdafiəçisi tərəfindən imzalanmışdır. Daha sonra evin qonaq otağına və yataq otağına baxış keçirilmiş, baxış zamanı qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Polis əməkdaşları ona fiziki və psixi təsir göstərməmişlər. Narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün almışdır. O, Əhmədlə İranda tanış olmuş və həmin şəxslə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Üzərinə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədi olmamışdır. Ad və soyadlarını bilmədiyi polis əməkdaşları yaşadığı evdən 45.000 manat pulunu götürmüşlər. Bununla bağlı aidiyyatı qurumlara müraciət etməmiş, ibtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində heroinin qramını 20 manata satdığını, yaşadığı evə baxış zamanı narkotik maddələrin satışından qazandığı 2.000 manat pulun aşkar edilərək götürüldüyünü bildirmişdir (cild 1, iş vərəqə 70-73, 158-161). Həmin ifadələrin məzmunundan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf edərək işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla da sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 yanvar 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Sabunçu rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün tərəfindən Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq o və həmin idarənin XMİÜ baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 17 yanvar 2021-ci il tarixdə saat 1 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş, idarədə şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 büküm “kakos” adlandırılan narkotik vasitə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış aparılmış və əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd açar və 100 manat pul aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi içərisində narkotik vasitə “kakos” adlandırılan heroin bükümə baxış keçirilmiş, çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkildikdə çəkisinin 55 qram olması müəyyən edilmişdir. Sonra həmin 1 büküm içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 nömrəli möhürü ilə möhürlənərək üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. 1 ədəd “Samsung” markalı mobil telefon və narkotik maddələrin satışından qazandığı 100 manat pul iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülmüş, 1 ədəd açar isə təqsirləndirilən şəxsə qaytarılmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Əhməd” adlı şəxsin vasitəsi ilə 2020-ci ilin sentyabr ayında Xətai rayonunda Sutikinti deyilən yerdən zibil tullantılarının yanından götürdüyünü, heroinin qramını 20 manata satdığını, həmçinin ona məxsus evdə narkotik vasitə saxladığını, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bununla bağlı təqsirləndirilən şəxsin ərizəsi alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçinin və onların iştirakı ilə ünvan 1 ünvanında yerləşən təqsirləndirilən şəxsə məxsus nömrəsiz evə getmişlər. Təqsirləndirilən şəxs həmin evin yataq otağında narkotik maddə saxladığını bildirib içərisində heroin və metafetamin olan torbanı təqdim etmişdir. Torbaların içərisinə baxış zamanı içərisindən 1 büküm “kakos” adlandırılan narkotik vasitə heroin, 1 büküm “şüşə” adlandırılan psixotrop maddə metafetamin, 1 ədəd elektron tərəzi və narkotik maddələrin satışından qazandığı 2.000 manat pul aşkar edilərək götürülmüşdür. Sonra həmin bükümlərin içərisinə baxış keçirilərək çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilib qablaşdırılmış, DİN-in 7 nömrəli möhürü ilə möhürlənərək üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra evin qonaq otağına və yataq otağına baxış keçirilmış, ancaq qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 2.000 manat pulu narkotik vasitələrin satışından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsi yaşadığı evin yaxınlığında tutmuşlar. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxsin yaşadığı evə öz razılığı ilə baxış keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/214 nömrəli 17 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ ...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 52,969 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri olan bağlamadakı 1 ədəd torbada təmiz çəkisi 505 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 1 ədəd torbada təmiz çəkisi 515 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların miqdarını müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Kağız paketdəki və bağlamadakı heroinlər xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eynidir və onların ümumi təmiz çəkisi 567,969 qramdır. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: Kağız paketdəki heroinin təmiz çəkisi 52,969 qram, tədqiqata sərf olundu 0,050 qram, qalıq 52,919 qram. Bağlamadakı metafetaminin təmiz çəkisi 505 qram, tədqiqata sərf olundu 0,050 qram, qalıq 504,95 qram. Bağlamadakı heroinin təmiz çəkisi 515 qram, tədqiqata sərf olundu 0,050 qram, qalıq 514,95 qram, cild 1, iş vərəqə 44-49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 895 nömrəli 29 mart 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 133-134). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin girişindən sol tərəfdə yerləşən yataq otağındakı taxta konstruksiyalı dolabın qarşısında olan plastik səbətdə gizlətdiyi 1 ədəd sellofan torbanı təqdim etmişdir. Torbanın içinə əlverişli şəraitdə hərtərəfli baxış keçirilməsi üçün torba qonağ otağında olan masanın üzərinə qoyulmuş, və içindən 1 bükümdə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər, 1 bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metafetaminə bənzər kütlələr, 1 ədəd elektron tərəzi və 2.000 manat pul aşkar olunmuşdur. Sonra 1 büküm heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 520 qram olmuşdur. Sonra 1 büküm metafetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 513 qram olmuşdur. Aşkar olunmuş predmetlər və 1 ədəd elektron tərəzi aşkar olunduqları sellofan torbaya yerləşdirilərək ağzı bağlanmış və üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Daha sonra qonaq otağına və yataq otağına baxış keçirilmiş və evin digər hissələrindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən özünə məxsus nömrəsiz evdən aşkar olunmuş heroin və metafetaminin özünə məxsus olduğunu, həmin narkotik maddələri İran İslam Respublikasının vətəndaşı “Əhməd” adlı şəxsin vasitəsilə Bakı şəhəri, Xətai rayonu ərazisində qoyulan yerdən götürdüyünü, narkotik maddələrdən istifadə etdiyini, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından heç kimin məlumatı olmadığını, yaşadığı evdən aşkar olunan 2.000 manat pulu narkotik maddələrin satışından qazandığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, hər hansı fiziki və psixi probleminin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 33-35). Cinayət işinin materiallarından görünür ki, “Əhməd” adlı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı barədə mənbəyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 135-140). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğu əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 102-103). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı vardır (cild 1, iş vərəqə 122-123). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19). İş materiallarında olan Sabunçu rayon məhkəməsinin 18 yanvar 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 yanvar 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 87-89). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 17 yanvar 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 52,919 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 504,95 qram olan psixotrop maddə metafetamin və qalıq çəkisi 514,95 qram olan narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən və evindən narkotik vasitə olan heroinin və psixotrop maddə olan metafetaminin aşkar edilməsinin görüntülərini özündə əks etdirən 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işinin materiallarında olan ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunmuş 2.100 AZN pul vəsaitini narkotik vasitələrin satışından əldə etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Həmin normanın tələblərini nəzərə alıb məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan 2.100 AZN pul vəsaiti xüsusi müsadirə olunaraq dövlət nəfinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 52,919 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 504,95 qram olan psixotrop maddə metafetamin və qalıq çəkisi 514,95 qram olan narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, Təqsirləndirilən şəxs üzərindən və evindən narkotik vasitə olan heroinin və psixotrop maddə olan metafetaminin aşkar edilməsinin görüntülərini özündə əks etdirən 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan 2.100 AZN pul vəsaiti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinin tələbinə görə xüsusi müsadirə olunaraq dövlət nəfinə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1134/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1134/2021
25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver