Məhkəmə qərarları › İş №1(101)-1134/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1134/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1134/2024 02.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X5 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X6 və X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2,841 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 20 sentyabr 2023-cü il tarixdə saat 3:30-da Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın arxa sol cibindən 1 ədəd kağıza bükülmüş təmiz çəkisi 2,534 qram və 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,307 qram külli miqdarda ümumi təmiz çəkisi 2,841 qram olan maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 sentyabr 2023-cü il tarixdə saat 23:00 radələrində Xətai rayonu ərazisində yerləşən “Bakı” kinoteatrının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ondan üzərində qanunsuz əşya olub-olmamasını soruşduqda, onlara üzərində 0,3 qram metafetamin olduğunu bildirib təqdim etmişdir. Sonra polis əməkdaşları xidməti avtomobildə həmin maddənin çəkisini müəyyənləşdirmişlər. Polislər çəkinin az olmasını bildirirək məsuliyyətə cəlb edə bilməyəcəklərini deyib onu Xətai RPİ-nin 34-cü PB-nə gətirmişlər. Orada polis əməkdaşları elektron tərəzidə psixotrop maddənin çəkisi artırmışlar. Polis bölməsində iki dəfə videoçəkiliş olmuşdur. Hər iki videoçəkilişdə psixotrop maddənin ona məxsus olmadığını demişdir. Lakin o, fiziki və psixi təsirlərə dözə bilməyib üçüncü dəfə videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış zamanı həmin maddənin ona məxsus olduğunu bildirmişdir. Belə ki, polislər kişiliyinə və mənliyinə zidd hərəkətlər etməklə onu təhdid etdiklərindən onların dediklərini demək məcburiyyətində qalmışdır. “Bakı” kinoteatrının yaxınlığında saxlanılmış və üzərində 0,3 qram metafetamin olmuşdur. Metafetamini saat 21:00 radələrində yaşadığı Hövsan qəsəbəsindən əldə etmişdir. Metafetamini əldə etdikdən 2 saat sonra onu saxlamışlar. Metafetamini ona satan şəxsin yaşadığı evi tanıdığından hər dəfə xəbər vermədən həmin şəxsin evinin qarşısına gedib ondan metafetamin almışdır. Onu 4 nəfər polis əməkdaşı saxlamışdır. Polislər əlini qandalla bağlayıb onu 5 kiloqram narkotik vasitə ilə ittiham edəcəklərini bildirmişlər. Müstəntiq onu ibtidai istintaq zamanı dindirməmişdir. Polis əməkdaşları bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişlər, lakin təcridxanaya daxil olarkən xəsarətlər tibbi kitabçaya qeyd edilməmişdir. Təcridxanaya daxil olarkən əlinin əzildiyi müəyyən olunsa da, həbs olunarkən xəsarət almadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 20 sentyabr 2023-cü il tarixdə Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 20 sentyabr 2023-cü il tarixdə saat 3:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində olan zaman müəyyən edib yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onu Xətai RPİ-nin 34-cü PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs 34-cü Polis Şöbəsinə aparıb üzərində şəxsi axtarış keçirilənə qədər onlar tərəfindən müşahidə altında saxlanılmışdır. Buna görə də üzərində olan psixotrop maddəni hər hansı bir üsulla kənara ata bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq təhqiqatçı Rahib Abdullayev tərəfindən şübhəli şəxs qismində tutulmuş və daha sonra videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının arxa sol cibindən 1 ədəd kağıza və 1 ədəd şəffaf sellofana bükülmüş bükülüləri təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülülər elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş bükülülərin içərisindəki maddənin metafetamin olduğunu və onu Bakı şəhəri, Suraxanı rayonunda olan zaman tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs 2 nəfər saxlamışlar. Təqsirləndirilən şəxs Qaçaq Nəbi küçəsində kinoteatrın yanında saxlamışlar. Təqsirləndirilən şəxs saxlayarkən onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı 2 bükümdə təxminən 2 qram metafetamin aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs vəkillə təmin olunmuşdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaqı zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, şahid X2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 113-115). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 34-cü PŞ-də videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli şalvarının arxa sol cibindən aşkar olunmuş 1 ədəd kağıza bükülmüş və 1 ədəd şəffaf sellofana bükülmüş maddələr elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisi 3,22 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 36-37). Cinayət işinin materiallarında olan “videodiskə baxış keçirilməsi barədə” 21 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının arxa sol cibindən 1 ədəd kağıza bükülmüş və 1 ədəd şəffaf sellofana bükülmüş olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (cild 1, iş vərəqə 72). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 sentyabr 2023-cü il tarixli 3-16-16/2- 6/4951 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №152” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut; Təqsirləndirilən şəxs “imza”” və digər ad, soyad, imzalar qeyd edilmiş 1 ədəd zərfdəki 2 ədəd büküm və onlardan kağız bükümdə təmiz çəkisi 2,534 qram, sellofan bükümdə isə təmiz çəkisi 0,307 qram, ümumi təmiz çəkisi 2,841 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata təqdim olunmuş 1 ədəd zərfdəki ümumi sayı 2 ədəd bükümdə olan metafetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psxiotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metafetaminin ümümi təmiz çəkisi 2,841 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 2,791 qram, cild 1, iş vərəqə 46- 48). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 7 oktyabr 2023-cü il tarixli 6354 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 129-130). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 9 mart 2024-cü il tarixli məktubundan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, sol said nahiyəsində, döş qəfəsinin və qarnın ön divarında köhnə çapıq toxumalar müşahidə edilmişdir. Təcridxanada saxlanıldığı müddətdə 17 noyabr 2023-cü il tarixdə öz-özünə xəsarət yetirmiş, müayinə zamanı sol qaşüstü nahiyədə üfiqi vəziyyətdə 2 sm ölçüdə çapılmış (kəsilmiş) yara müşahidə olunmuşdur (cild 2). Cinayət işinin materiallarında olan 26 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,791 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 131-136). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 9.04.2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 2.000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 95-107). Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli Amnistiya Qərarına əsasən Təqsirləndirilən şəxs 2000 manat məbləğində cərimə cəzasından azad edilmişdir (cild 2). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayətə görə cərimə cəzasından azad edildikdən 1 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 26). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 sentyabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 89-92). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 20 sentyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,791 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 20 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,791 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar