Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1137/2022 23.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Kredo” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 11 yanvar 2022-ci il tarixdə Əmircan qəsəbəsində istintaqa məlum olmayan mənbədən külli miqdarda 06 ədəd bükümdə ümumi təmiz çəkisi 2,912 ram olan vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,175 qram olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin və 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilinərək 13 yanvar 2022-ci il tarixdə saat 18:20 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsində saxlanılaraq 31-ci Polis bölməsinə gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sol yan cibindən üzərində “ACC LONG” yazılmış dərman qutusunun içərisindən 01 (bir) ədəd kağız bükülüyə bükülmüş 6 (altı) ədəd ağ kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 0,499 qram, 0,313 qram, 0,525 qram, 0,413 qram, 0,717 qram, ümumi təmiz çəkisi 2,912 qram olan, tünd qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,175 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, tutulana qədər Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 43, mənzil 84-də ailə üzvləri ilə yaşamış, narkotik vasitələrdən son 1 ay ərzində istifadə etmişdir. Narkotik vasitəni “Komsomolski” adlanan dairədən adını bilmədiyi, lakin üzdən tanıdığı adamlardan almışdır. O, həmin adamlara yaxınlaşıb 5 manat verib narkotik vasitə almışdır. Sonuncu dəfə narkotik vasitəni 20 manata almış, oradan çıxıb Suraxanıya dostları ilə görüşməyə getmiş, daha sonra Əmircan qəsəbəsinə gəlmişdir. Yolda gəzdiyi zaman ona maşın yaxınlaşmış və maşının içində olan polis əməkdaşları adını soruşub üstünə axtarış keçirmişlər. Onun üzərindən heç nə aşkar edilməmiş, ondan burada nə etdiyini soruşduqları zaman, o, 213 nömrəli avtobus yoluna getdiyini bildirmişdir. Polis əməkdaşları maşına minib getmiş, o da yoluna davam etmişdir. Daha sonra polis əməkdaşları maşını saxlayıb, onun üzərinə yenə axtarış keçirmişlər. O, narkotik vasitəni kəmərin altına qoyduğundan polis əməkdaşları yenə üzərindən heç nə aşkar edə bilməmişlər. Daha sonra onu maşına mindirib, polis bölməsinə aparmışlar. Maşında onun papağını sifətinə salaraq, mal çıxarıb bu narkotik vasitənin onun olduğunu və boynuna götürməli olduğunu demişlər. O etiraz edərək, boynuna götürməyəcəyini bildirmişdir. Bölməyə çatanda kəmərində gizlətdiyi narkotik vasitə ayağına düşmüşdür. Polis əməkdaşları bunu görüb narkotik vasitəni cibinə qoymağını bildirmişlər. Sonra onun üzərinə polis bölməsində xidməti otaqların birində baxış keçirmişlər. O, cibində olan narkotik vasitəni təqdim etmişdir. Onun üzərində 6 bükümdə heroin, 1 bükümdə metamfetamin olmuş, üzərindən başqa heç nə aşkar olunmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, adını bilmədiyi şəxsdən narkotik vasitəni 4 dəfə, sonuncu dəfə 6 büküm heroin, 1 büküm metamfetamin almışdır. O, narkotik vasitəni aldıqdan 2-3 saat sonra polis əməkdaşları onu saxlamışlar. Saxlanılarkən ona xəsarət yetirilməmişdir. Videoçəkiliş zamanı olan şeyləri danışmışdır. Aldıqlarını öz istifadə üçün almış və vaxtaşırı istifadə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin Cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə 31-ci Polis bölməsinin rəisinə raportla məruzə edilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o özü, üzvü isə Şahid1 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlamışlar. Həmin gün saat 18 radələrində o və Şahid1 Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsinə gəlmiş, narkotik vasitələri saxlaması və istifadəsi barədə əsaslı şübhələr olan Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və Nicatdan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Onlar narkotik maddələrin əldə olunması saxlanması daşınması və gəzdirilməsində şübhəli olduğunu bildirib Nicata onlarla 31-ci Polis bölməsinin inzibati binasına gəlməsini tələb etmişlər. Nicat da onlarla razılaşaraq 31-ci Polis bölməsinə, inzibati binasında yerləşən otaqlardan birinə gəlmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsinə başlanılmışdır. Təhqiqatçı Nicata şübhəli şəxsin hüquq və vəzifələrini izah edib üzərində şəxsi axtarış aparılacağı barədə qərarı elan etmiş və üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarın sol yan cibindən dərman qutusunu çıxararaq stolun üstünə qoymuşdur. Təhqiqatçı həmin dərman qutusunun qapağını açmış və barmağı ilə həmin qutunun içərisində olan kağızı çıxarmışdır. Sonra təhqiqatçı həmin kağızı açmış və həmin kağızın içərisində 01 ədəd gümüşü rəngli kağız büküm və 06 ədəd ağ rəngli kağız büküm olduğu müəyyən olunmuşdur. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olması barədə Nicata sual vermiş, Nicat da həmin bükümlərdə "kakos" və "şüşə" kimi tanıdığı narkotik maddələrin olduğunu bildirmişdir. Sonra təhqiqatçı həmin bükümləri bir-bir açmışdır. Həmin vaxt 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə ağ rəngli maddə, 06 ədəd bükümdə isə qəhvəyi rəngli tozşəkilli maddə olduğu müəyyən olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, ünvan 1-də yaşayan "Nicat" adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, "Nicat" adlı şəxsin müəyyən edilməsi, ifşa olunması və yaxalanması istiqamətində təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsində saat 18:20 radələrində saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynindəki boz rəngli şalvarın sol yan cibindən üzərinə “ACC long” yazısı olan dərman qutusunun içərisində kağız bükülüyə bükülmüş 6 (altı) ədəd içərisində qəhvəyi rəngli maddə olan ağ rəngli kağıza bükülmüş bükümləri, 1 (bir) ədəd içərisində ağ rəngli kristal formalı maddə olan gümüşü rəngli bükümü təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 6 (altı) ədəd içərisində qəhvəyi rəngli maddə olan ağ rəngli kağıza bükülmüş bükümün içərisində narkotik vasitə heroin, 1 (bir) ədəd içərisində ağ rəngli kristal formalı maddə olan gümüşü rəngli bükümün içərisində narkotik maddə metamfetamin olduğunu, narkotik vasitəni 2 gün əvvəl tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddi sübutlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 29-30). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən disk DVD formatlıdır. Diskin üzərində yazılar yoxdur, ağ rənglidir. Diskdə olan videogörüntüyə baxış zamanı müəyyən olunur ki, təhqiqatçı X6 Məmmədova şübhəli şəxsin hüquq və vəzifələrini izah edib üzərində şəxsi axtarış aparılacağı barədə qərarı elan edir və üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs bu təklifdən sonra özü könüllü olaraq əynində olan boz rəngli cins şalvarının sol yan cibindən üzərində "ACC long" yazılmış dərman qutusunu çıxararaq stolun üstünə qoyur. Təhqiqatçı həmin qutunu götürür və Təqsirləndirilən şəxs qutuda nə olması barədə soruşur. Təqsirləndirilən şəxs da həmin qutuda "kakos" və "şüşə" kimi tanıdığı narkotik maddələr olduğunu bildirir. Sonra təhqiqatçı həmin qutunun qapağını açır, barmağı ilə həmin qutunun içərisində olan bir ədəd kağızı çıxarır, kağızı açır, kağızın içərisində 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş və 06 (altı) ədəd ağ rəngli bükümlər olduğu müəyyən olunur. Təhqiqatçı həmin bükümlərdə nə olduğunu bir daha Təqsirləndirilən şəxs soruşur. Təqsirləndirilən şəxs bir daha həmin bükümlərdə "kakos" və "şüşə" kimi tanıdığı narkotik maddələr olduğunu bildirir. Sonra təhqiqatçı həmin bükümləri bir-bir açaraq iştirakçılara və kameraya nümayiş etdirir. Həmin altı ədəd kağız bükümdə qəhvəyi rəngli tozşəkilli maddə, bir ədəd gümüşü rəngli bükümdə isə ağ rəngli kristalşəkilli maddə olduğu müəyyən edilir. Təhqiqatçı, Təqsirləndirilən şəxs həmin maddələri kimdən, nə vaxt və hansı məbləğ müqabilində aldığını soruşur. Təqsirləndirilən şəxs həmin narkotik maddələri iki gün qabaq ümumilikdə 20 manat ödəməklə aldığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümlər onun üzərindən aşkar edilmiş qutuya, qutu isə bir ədəd zərfə qoyularaq qablaşdırılır, üzəri möhürlənir və iştirakçılar tərəfindən imzalanır (cild 1, iş vərəqi 57). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/244 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: " şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...." yazısı olan zərfdəki üzərində "ACC long" yazısı olan plastik qutuda: - 6 (altı) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 0,499 qram, 0,313 qram, 0,525 qram, 0,413 qram, 0,717 qram, ümumi təmiz çəkisi 2,912 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; - 1 (bir) ədəd "gümüşü" rəngli kağız bükümdə təmiz çəkisi 0,175 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - üzərində "ACC long" yazısı olan plastik qutuda heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 42-48). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, baxış keçirilən ev Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 43, mənzil 84 ünvanındadır. Bina 7 mərtəbədən ibarətdir. Mənzil 6-cı mərtəbədə yerləşir. Mənzilin giriş qapısı qırmızı rəngli dəmir qapıdır. Mənzilə daxil olduqda sağ hissədə mətbəx, öndə ümumi dəhliz, sağ tərəfdə sanitar qovşağı, içəri daxil olduqda 1 otaqdan ibarət yataq və qonaq otağı kimi istifadə olunan otaq, irəlidə isə bir yataq otağı vardır. Ev əşyalarla tam doludur, döşəmə taxtadan ibarətdir. Evin ön və arxa hissələrdən ibarət olmaqla iki pəncərəsi vardır. Baxış zamanı mənzildə iş üçün əhəmiyyət kəsb edəcək sübutlar və hallar aşkar edilməmişdir (cild 1, iş vərəqi 38-41). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 340 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Aslan oğlunda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Aslan oğlu hazırda Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 135-137). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 937 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 138- 139). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə 13 yanvar 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 50). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "Azercell” MMC-dən daxil olmuş diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən olunur ki, həmin diskdə 05 ədəd fayl vardır. Həmin fayllar sıra ardıcıllığı ilə "txt" "sms txt" "abunechiler.xls" "antena 2021 xls" "antena 2022 xls" başlıqlıdır. "abunechiler" faylına baxıldıqda nömrələrin kimə məxsus olması barədə məlumatlar vardır. Təqsirləndirilən şəxs ona məxsus olduğunu bildirdiyi ***-***-**-** nömrəsinin anası X2 məxsus olduğu müəyyən olunur. Sms mətnləri olan fayla baxıldıqda müxtəlif məzmunlu sms mətnlərinin olduğu müəyyən edilir. 31 dekabr 2021-ci il tarixdə saat 00:21:25-da Mehparə Musayevanın adına olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə "yarı alınmadı, ancaq çet qalıb məzmunlu mesaj göndərildiyi müəyyən olunur. "abunechiler" faylına baxıldıqda ***-***-**-** nömrəsinin 06 fevral 1992-ci il təvəllüdlü X4 məxsus olduğu müəyyən edilir. xx.xx.2022-ci il tarixdə saat 17:45:12-da ***- ***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə "Nicat 05 manat tap, 05 manat tapmışam. Normal çet verim. 05 manat çatmır." məzmunlu mesaj göndərilmişdir. Təqdim olunmuş diskdə ***-***-**-** mobil nömrəsinin kimə məxsus olması barədə məlumat göstərilməmişdir (cild 1, iş vərəqi 143). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 05 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6 (altı) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 0,499 qram, 0,313 qram, 0,525 qram, 0,413 qram, 0,717 qram, ümumi təmiz çəkisi 2,912 qram olan narkotik vasitə heroin, 1 (bir) ədəd "gümüşü" rəngli kağız bükümdə təmiz çəkisi 0,175 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,732 qram heroin və 0,125 qram metamfetamin saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 150-158, 166, 177). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, istintaq zamanı aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən olunması məqsədilə hazırkı cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqi 160-161). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman ondan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni özünün istifadəsi məqsədilə əldə edib saxlaması və gəzdirməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin müxtəlifliyini, onların şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə ayrı-ayrı bükümlərə bükülməsi hallarını və yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 dekabr 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və təyin edilmiş cəzanın müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır (cild 1, iş vərəqi 114-125). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs təyin etdiyi azadlığın məhdudlaşdırılması cəzası çəkilib qurtardığı xx.xx.2021-ci il tarixindən bir ildən az vaxt keçdiyinə görə məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs daha əvvəl qəsdən törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyi üçün məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud deyildir. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 15 yanvar 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1 iş vərəqi 19, 88-89, 182-184). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 13 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatları keçirildikdən sonra qalıq çəkisi 2,732 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,125 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,732 qram qalıq çəkidə narkotik vasitə heroin, 0,125 qram qalıq çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1137/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1137/2022
23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver