Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1137/2023 25.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X11 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Ağdam rayonu, Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, məcburi köçkün, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, həbs olunanadək ünvan 4-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 6,757 qram, külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 dekabr 2022-ci il tarixdə, saat 20:30 dəqiqədə ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə dəvət olunmuş və orada təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılarkən əynində olan qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 6,757 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin istifadəçisidir. Lakin o, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində külli miqdarda narkotik vasitə olmamış, həmçinin heç vaxt külli miqdarda narkotik vasitə əldə edərək həmin vasitənin satışı ilə məşğul olmamışdır. O, 09 dekabr 2022-ci il tarixdə, saat 00:15 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Polis bölməsinə aparılmışdır. Polis əməkdaşları onu yaşadığı evdə saxlayaraq Polis bölməsinə aparmışlar. Polislər ona evdə demişlər ki, “mal”, yəni narkotik vasitələr haradadır? O da polislərə demişdir ki, “məndə mal yoxdur”. Bundan sonra onu Polis bölməsinə aparmışlar. O, polis əməkdaşlarına onda narkotik vasitə olmadığını desə də, polislər ona oğurluq cinayətini boynuna alaraq “sroka” (cəzaçəkmə müəssisəsinə) getməli olduğunu bildirmişlər. O da polislərə demişdir ki, “oğurluq etməmişəm, etmədiyim bir işi necə boynuma götürüm?”. O, oğurluq cinayətini boynuna alması barədə polislərin təklifini rədd etdikdən sonra polis əməkdaşları tərəfindən sərt şəkildə döyülmüşdür. O, 3 (üç) gün ərzində Suraxanı RPİ-nin 32ci Polis bölməsində, 3 (üç) gün ərzində də X5 saxlanılmışdır. Lakin polislər tərəfindən ona yetirilmiş xəsarətlər nə MSY-də, nə də ki, Bakı İstintaq Təcridxanasında qeydə alınmamışdır. Polis bölməsində olarkən döyülmə nəticəsində onun aldığı xəsarətlər qaşında və burun nahiyəsində şişlər şəklində, bədənində isə qaraltılar şəklində olmuşdur. Lakin bütün bu xəsarətlərin yaranmasına baxmayaraq, bu xəsarətlərin heç biri qeydə alınmamışdır. O, Polis bölməsində oğurluq cinayətini boynuna almaq təklifini qəbul etmədikdən sonra narkotik vasitənin üzərindən aşkar edilməsini onun boynuna qoymuşlar. Polislər ona həmçinin “əgər sən oğurluq törətdiyini boynuna almasan, o zaman sənin boynuna 01 kiloqram narkotik vasitə qoyacayıq” demişlər. O da demişdir ki, “elədirsə gətirin boynuma 01 kiloqram narkotik qoyun!”. Lakin polislər onun boynuna 01 kiloqram narkotik qoymamışlar. Sonra polislər ona demişlər ki, Polis bölməsində döyülməyi barədə heç bir yerə şikayət etməsə, onu narkotik vasitələrin istifadəçisi kimi rəsmiləşdirəcəklər. O da bununla razılaşmış, sonra videoçəkiliş zamanı onun razılığı ilə Polis bölməsindəki dolabdan götürülmüş və Rüfət adlı polis əməkdaşı tərəfindən onun cibinə qoyulmuş narkotik vasitəni o, cibindən çıxararaq həmin narkotik vasitənin onun üzərindən aşkar edildiyini etiraf etmişdir. Bundan sonra o, polislərin ona təqdim etdikləri sənədləri imzalamışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman Polis bölməsində 08 nəfər polis əməkdaşı olmuş və naroktik vasitəni ona verən şəxs Rüfət adlı polis əməkdaşı olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Ağdam rayonu, Seyidli kəndində daimi qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Onun 2015-ci il təvəllüdlü Gülsüm adlı qızı və 2016-cı il təvəllüdlü Elman adlı azyaşlı övladları var. O, rəsmi olaraq heç bir yerdə işləmir, lakin Qaraçuxur qəsəbəsində qaynaqçı kimi işləməklə ailəsinə çörək pulu qazanır. Əvvəllər o, məhkum olunmamışdır. O, təqribən 4-5 ilə yaxın müddətdir ki, narkotik vasitə heroini və marixuananı çəkmək yolu ilə qəbul edir, eləcə də narkotiki müxtəlif yollarla əldə edərək qəbul edir. Sonuncu dəfə, yəni 12 dekabr 2022-ci il tarixdə o, özünə məxsus mobil telefonunda «İnstagram» sosial şəbəkəsində xatırlamadığı səyfədə «Şüşə» kimi bildiyi narkotik reklamını görüb, hal-hazırda xatırlamadığı xarici nömrəni özünün istifadə etdiyi ***-***-**-** saylı nömrəsinin «Votsap» proqramı vasitəsilə zəng edərkən İran İslam Respublikası vətəndaşı kimi bildiyi, lakin adını demədiyi şəxslə danışıb həmin şəxsə «kakos» lazım olduğunu demişdir. Həmin şəxs də ona öz telefonundan kart nömrəsini göndərmişdir. O, həmin karta 50 (əlli) manat nağd pulu ödədikdən sonra həmin şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən «Avtoşkola» adlanan ərazidə yol kənarına ağacın dibinə narkotik vasitənin qoyulacağını və həmin yerdən gedib götürməyini ona bildirmişdir. O da saat 19:00 radələrində ona göndərilmiş yerləşmə xəritəsi vasitəsilə qeyd edilən ünvana gəlmiş, orada həmin şəxsin üzünü görmədən ağacın kənarına qoyduğu və yerini ona dediyi 01 ədəd ağ rəngli kağız bükümdə olan «kakos» kimi tanıdığı heroini götürüb əynində olan gödəkcəsinin sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. Həmin gün gecə saatlarında o, yaşadığı ünvan 5 ünvanının qarşısında tək dayanmış və bu zaman 2 (iki) nəfər polis geyimli şəxs avtomobildən düşərək ona yaxınlaşıb özlərini təqdim etmişlər, habelə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin işçiləri olduqlarını demişlər. Bundan sonra polislər onun şəxsiyyətini soruşmuşlar, o da həmin ərazidə yaşadığını demişdir. Bundan sonra onu Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə dəvət edərək orada həmin bölmənin təhqiqatçısı kimi özünü ona təqdim edən, polis mayoru Eldar Rəhimov üzərində Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılacağının zəruri olmasını bildirmişdir. Həmçinin ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunaraq dövlət hesabına vəkil dəvət olunmuşdur. O da buna etiraz etməmişdir. Təhqiqatçı tərəfindən xidməti otaqların birində videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. O da üzərində, yəni əynində olan gödəkcəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Üzərində şəxsi axtarış zamanı başqa qanununsuz maddə və ya əşya aşkar olunmamışdır. Sorğu-sual zamanı o, üzərindən aşkar edilmiş bükümlərin içərisində «kakos» kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik vasitəni həmin gün tanımadığı İran İslam Respublikasının vətəndaşından 50 manata öz şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını demişdir. Daha sonra isə təhqiqatçı tərəfindən digər polis əməkdaşlarının iştirakı ilə onun üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırılmış zərf 196 saylı möhürlə möhürlənmiş, sonra bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol, eləcə də qablaşdırılmış zərf onun tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Həmçinin təhqiqatçı tərəfindən ona təqdim olunmuş 09 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən ona hüquq və vəzifələri izah olunmuşdur. Keçirilən bütün prosesslər videoçəkilişlə qeydə alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı külli miqdarda ümumi çəkisi 6,757 qram narkotik vasitə heroinin ona aidiyyətının olmaması, göstərilən çəkidə narkotik vasitənin Rüfət adlı polis əməkdaşı tərəfindən onun cibinə qoyulması, saxlanılarkən və saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalaraq etirafedici ifadə verməsi ilə bağlı hissədə vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin verdiyi ifadəni mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, digər polis əməkdaşı ilə birlikdə 12 dekabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, yəni Z.Şərifov küçəsində saxlamışdır. Onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra polis əməkdaşı olduqlarını bildirmişlər və Vahidi Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə dəvət etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs saxlayaraq Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə təhvil vermişlər. Suraxanı RPİ-nin 32-ci PB-də videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt sonuncunun üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olduğunu və İran vətəndaşından aldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Suraxanı RPİ-nin 32-ci PB-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. O, 12 dekabr 2022-ci il tarixdə ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul məşğul olması, hazırda ünvan 5 ünvanının qarşısında olması və üstündə narkotik vasitə daşıması barədə məlumat almış və dərhal həmin məlumatı Suraxanı RPİ-nin rəhbərliyinə məruzə etmişdir. Müvafiq sənədləşmə aparıldıqdan sonra o, Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 oğlu ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsinə getmişdir. Həmin vaxt onlar ünvan 6 ünvanında yerləşən evin qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik maddə qəbul etməsi barədə məlumatın daxil olduğunu bildirərək Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə Suraxanı RPİnin 32-ci PB-nə gəlmişdir. Bundan sonra onlar 32-ci PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində öz istifadəsi üçün 1 (bir) ədəd ağ rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngdə narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan qış gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli kağıza bükülmüş içərisində gəhvəyi rəngdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə tanımadığı İran İslam Respublikasının vətəndaşından “zakladka” yolu ilə 50 manat ödəməklə sifariş etdiyini və həmin tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən götürüb özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülmüş 1 (bir) büküm kağız zərfə qoyularaq qablaşdırılmaqla imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O da protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 01, iş vərəqə 3) görünür ki, həmin gün “Vahid” adlı şəxsin narkotik vasitələri saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 4-5) görünür ki, “Vahid” adlı şəxsin barəsində daxil olmuş məlumat əsasında onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 01, iş vərəqə 12) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 15) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 01, iş vərəqə 29) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli ərizədən (cild 01, iş vərəqə 31) görünür ki, həmin gün Təqsirləndirilən şəxs təhqiqat orqanına müraciət edərək müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 01, iş vərəqə 32-33) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynindəki qəhvəyi rəngdə olan qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş, içərisində qəhvəyi rəngdə olan narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə heroin olduğunu və həmin heroini xx.xx.2022-ci il tarixdə tanımadığı İran İslam Respublikası vətəndaşından “zaklatka” yolu ilə 50 manat ödəməklə aldığını bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən digər predmet və əşya aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/7006 nömrəli ekspertiza rəyindən (cild 01, iş vərəqə 42-43) görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... (imza) Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 6,757 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 58) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 60-61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan (cild 01, iş vərəqə 80-81) görünür ki, həmin gün müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən müdafiə edilməkdən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 01, iş vərəqə 83- 84) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5(010)-898/2022 saylı qərarından (cild 01, iş vərəqə 89) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş 12 dekabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və göstərilən qərar qanuni hesab edilmişdir. xx.xx.2022-ci il tarixli Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin cavabından (cild 01, iş vərəqə 107) görünür ki, Təqsirləndirilən şəxs polisin nəzarəti altına götürülmüşdür. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan (cild 01, iş vərəqə 109-110) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 117) görünür ki, həmin gün axtarışda olan Təqsirləndirilən şəxs tutulmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 421 nömrəli məhkəmə-psixiatrik ekspertiza rəyindən (cild 01, iş vərəqə 150-151) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin 843 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən (cild 01, iş vərəqə 138- 139) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-68/2023 saylı qərarından (cild 01, iş vərəqə 135-137) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin cavabından (cild 01, iş vərəqə 141) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış və onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 169-178) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,657 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Ağdam Rayon Məhkəməsinin 2(013)-1371/2022 saylı qətnaməsinin surətindən (cild 01, iş vərəqə 96-98) görünür ki, Təqsirləndirilən şəxs ilə X1 arasında bağlanmış nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü Gülsüm və xx.xx.2016-cı il təvəllüdlü Elman adlı uşaqların saxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 140 manat, ümumilikdə isə 280 manat məbləğində alimentin tutulması qət edilmişdir. Təqsirləndirilən şəxsə aid şəxsin işin materiallarından (cild 02, iş vərəqə 36-54) görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarət izinin olması barədə qeydiyyat aparılmamış, əksinə xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, onun üzərində heç bir xəsarət aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Suraxanı rayon prokurorluğunun cavab məktubundan (cild 02, iş vərəqə 55) görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmasına dair rayon prokurorluğunda araşdırılan 392-c-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli Suraxanı rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından (cild 02, iş vərəqə 59-60) görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmasına dair rayon prokurorluğunda araşdırma aparılmış və fakt öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Əməlin tövsifi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunmuş ittihamı mübahisələndirmiş və bunu onunla izah etmişdir ki, o, ittiham aktında qeyd edildiyi kimi polis əməkdaşları tərəfindən 12 dekabr 2022-ci il tarixdə yaşadığı ünvanın qarşısında deyil, əksinə 09 dekabr 2022-ci il tarixdə yaşadığı evdə saxlanılmış, habelə saxlanıldığı zaman üzərində narkotik vasitə heroin olmamış, saxlanılarkən və saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyüldüyündən məcbur qalaraq etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs iddia etdiyi hallar bilavasitə irəli sürülmüş ittihamın qanuniliyi və əsaslılığına təsir edən hallar olduğundan göstərilən məsələlərə məhkəmədə aydınlıq gətirilmişdir. İlk növbədə məhkəmə tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı istintaq təcridxanasına sorğu verilərək ona aid şəxsi işin və tibbi kitabçanın materialları əldə edilərək məhkəmədə tədqiq edilmişdir. Göstərilən tibbi sənədlərdən isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həm MSY-nə, həm də istintaq təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçirilmiş və həmin vaxt onun üzərində hər hansı xəsarət izi aşkar edilməmişdir. Məhkəmə bununla kifayətlənməmiş və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməklə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması barədə Suraxanı rayon prokurorluğunda araşdırma aparılması məqsədi ilə həmin prokurorluq orqanına müraciət etmiş və məhkəmə qərarı əsasında göstərilən prokurorluqda araşdırma aparılmış, nəticədə 06 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və sair formada qanunsuz hərəkətlərə məruz qalması faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Döyülmə və işgəncə ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs iddia etdiyi hallar məhkəmədə öz təsdiqini tapmamışdır. Belə olduğu təqdirdə onun iddia etdiyi halların həqiqət kimi qəbul edilməsi mümkün deyil. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs 12 dekabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması və 14 dekabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə MSYdən azad edilməsi təsdiq olunur. Başqa sözlə, Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə həbsdən azad edildikdən sonra döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı səlahiyyətli orqanlara müraciət etmək imkanına malik olduğu halda bunu etməmiş, habelə ona qarşı irəli sürülmüş ittihamı (tutulduğu yeri və vaxtı, üzərində narkotik vasitə heroinin olmamasını) mübahisələndirməmişdir. Halbuki onun həbsdə olmadığı halda ittihamı və bununla bağlı məsələləri mübahisələndirməyə kifayət qədər imkanı olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs üzərində xəsarət izinin olmaması və belə izlərin qeydə alınmaması, eləcə də həbsdən azad olunduqdan sonra yuxarıda göstərilən məsələləri mübahisələndirməməsi ona dəlalət edir ki, bu hissədə onun iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bundan başqa, Təqsirləndirilən şəxs tutulduğu günü və yeri məhkəmədə mübahisələndirsə də, iddia etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir (yaşadığı evdə polis əməkdaşları tərəfindən saxlanılmasını görən şəxslərin dindirilməsi barədə vəsatət verməmiş, bunu əks etdirə biləcək görüntüləri məhkəməyə təqdim etməmişdir). Təqsirləndirilən şəxs məhkəmədə istifadəsində olmuş mobil nömrələr vasitəsi ilə anten məlumatlarının yoxlanılması barədə vəsatət versə də, göstərilən hissədə vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə anten məlumatları ilə bağlı vəsatəti rədd edərkən onu əsas tutmuşdur ki, məhkəmədə baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən video görüntüdə onun üzərindən mobil telefonun və sair predmetlərin aşkar edilməsi təsdiq olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən prosessual hərəkətin nəticəsinə dair tərtib edilmiş protokoldan da görünür ki, şəxsi axtarış zamanı onun üzərindən yalnız narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Şəxsi axtarışın keçirilməsini əks etdirən prosessual sənədlər əsasında onun üzərindən iddia etdiyi kimi mobil telefonun aşkar edilmədiyi halda mobil nömrələr vasitəsi ilə anten məlumatlarının yoxlanılması ağlabatan hesab edilə bilməz. Beləliklə, bu hissədə də Təqsirləndirilən şəxs iddia etdiyi halların həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, məcburi köçkün olmasını və 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, məcburi köçkün olmasını və 2 (iki) azyaşlı uşağının olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və onun 12 dekabr 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixədək 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulduğu vaxt təyin ediləcək cəzadan çıxılmaqla üzərində saxlanılacaq cəzanın əvvəli axtarışda olduğundan tutulduğu vaxtdan, yəni 15 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,657 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 dekabr 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixədək 2 (iki) gün həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə onun üzərində 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və üzərində saxlanılmış cəzanın əvvəli 15 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,657 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1137/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1137/2023
25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver