Məhkəmə qərarları › İş №1(101)-1138/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1138/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1138/2021 25.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, kiçik ədliyyə müşaviri X7, həmin şöbənin prokuroru, ədliyyə müşaviri X8, Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Quliyev Feyruz Məhərrəm oğlunun və rus - Azərbaycan dilləri üzrə tərcüməçi X5 iştirakları ilə məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: 17 may 2021-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1138/2021 №-li cinayət işi daxil olmuşdur. İş materiallarına əsasən həmin cinayət işi 18 fevral 2021-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X16 oglu tərəfindən Təqsirləndirilən şəxs barəsində Azarbaycan Respublikasi CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və ilkin istintaq hərəkətləri aparılmışdır. Cinayət işinin başlanılmasına əsas 17 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitə heroinin onun üzərində aşkar edilməsi faktı olmuşdur. 17 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs kimi tutulmuşdur. 18 fevral 2021-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın aparılması Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X1 icraatına verilmiş və ibtidai istintaqın aparılması davam etdirilmişdir. X4 19 fevral 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3cü maddəsinə tövsif edilmişdir. 19 fevral 2021-ci il tarixdə X4 eyni tarixli qərarı əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Suraxanı rayon məhkəməsinin həmin tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti və bununla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin edilməyərək Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə, 18 may 2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Suraxanı rayon məhkəməsinin 7 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 20 gün müddətinə, yəni 27 may 2021-ci il tarixədək uzadılmışdır. 7 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib olunmuş ittiham aktı Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində 10 manat ödənişlə külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,692 qram qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı asasında Suraxani RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 17 fevral 2021-ci il tarixdə saat 18:05 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 17 saylı evin 11 nömrəli mənzilinin qarşısında saxlanılıb ünvan 1 ünvanda yerləşən Suraxani RPİ-nin inzibati binasina gətirilərək videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman, əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən həmin narkotik maddə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.2ci maddəsinin tələblərinə əsasən cinayət işinin materiallarını öyrənərkən və işə hazırlıq iclasında baxarkən məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan bir sıra kobud pozuntulara yol verildiyini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və həmin Məcəllənin 303.3.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması kobud pozuntular hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının aşağıdakı hüquqlarını təmin etməlidir: cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək (m. 26.2.1); ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək (m. 26.2.2); ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək (m. 26.2.3). Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 26.4cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. Həmin Məcəlləsinin 90.7.11 və 91.5.11-ci maddələrinə əsasən şübhəli və təqsirləndirilən şəxsin ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək hüququ vardır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs iştirakı ilə təhqiqat və ibtidai istintaq zamanı icra edilmiş bütün istintaq hərəkətləri Azərbaycan dilində aparılmış, o cümlədən verdiyi izahat və ifadələr də kompyuter vasitəsi ilə tərtib edilməklə Azərbaycan dilinin latın qrafikli əlifbası ilə yazılmışdır. Müstəntiq O.Allahquliyev tərəfindən kompyuterlə yazılmış şübhəli şəxs Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixli dindirilmə protokolunda aşağıdakı mətn yazılmışdır: “Mən Bakı şəhərində anadan olmuşam və Bakı şəhərində təhsil almışam. Belə ki, orta məktəbə Bakı şəhərində getmişəm və uzun müddətdir ki, Suraxanı rayonunda yaşayıram. Latın qrafikli Azərbaycan əlifbası ilə sərbəst yazıb oxumağı bacarıram, ona görə də ifadəmin latın qrafikli Azərbaycan əlifbası ilə kompyuter vasitəsi ilə mütəxəssisin və tərcüməçinin iştirakı olmadan yazılmasına etirazım yoxdur.” (i.v. – 53- 55) Lakin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hansı dildə təhsil alması və onun milliyəti dəqiqləşdirilməmiş, onun ana dilində və ya bildiyi başqa dildə daha səlis və sərbəst danışması, həmçinin Azərbaycan dilində yazılanları oxumaq, deyilənləri qavramaq və hüquqi terminləri anlamaq bacarığı təhqiqatçı və müstəntiq tərəfindən araşdırılmamışdır. Halbuki, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs göstərdi ki, o, Azərbaycan Respublikasının vətəndaşı olmaqla milliyətcə tatardır. Rus dilində orta və orta ixtisas təhsili almış, onun ana dili və bildiyi dil rus dilidi, rus dilində daha səlis danışır, fikirlərini izah edir, oxuyur, yazır, deyilənləri qavrayır və hüquqi terminləri anlayır. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Elnur Nuriyevin təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirin seçilməsinə dair 19 fevral 2021-ci il tarixli və həmin məhkəmənin hakimi Anar İbrahimovun təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirin müddətinin uzadılmasına dair 7 may 2021 tarixli qərarlardan göründüyü kimi, hər iki halda məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəmə tərəfindən Təqsirləndirilən şəxs tərcüməçi ilə təmin edilmişdir. (i.v. – 78-82, 143-145) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.7-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 292.4-cü maddəsinin tələblərinə əsasən cinayət prosesinin aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş və tərcüməçi tərəfindən imzalanmış tərcümələri, habelə həmin sənədlərin məhkəmə icraatının aparıldığı dildə yazılmış surətləri verilməlidir. Lakin iş materiallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən şübhəli və təqsirləndirilən şəxsin hüquq və vəzifələri ilə bağlı bildirişlər, ittiham aktı və ona əlavələr, eləcə də şübhəli və təqsirləndirilən şəxsə verilməli olan digər sənədlər onun bildiyi dilə tərcümə edilərək verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qanunvericiliyin həmin müddəsına əsasən məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı digər kobud qanun pozuntularına da yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin İV hissəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan aşağıdakı əməliyyat-axtarış tədbirlərini həyata keçirə bilərlər: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Həmin maddənin V hissəsinə əsasən maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. İş materiallarında olan Təqsirləndirilən şəxs Qayfaulovna barəsində “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 17 fevral 2021-ci il tarixli qərarın giriş hissəsində qərarın Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən tərtib edilməsi göstərilsə də, sonda qərar həmin bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 imzası ilə təsdiq olunmuşdur. Bundan başqa, qərarın təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs artıq Suraxanı RPİ-nə gətirilməsi göstərilsə də, qərarın nəticə hissəsində onun yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, olduğu yerin müəyyən edilməsi, həmçinin onun yaxalanması və ətrafında sair təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurətinin olması göstərilmişdir. (i.v. – 4-5) Eyni ilə “Əməliyyat qrupunun təşkil edilməsi” barədə 17 fevral 2021-ci il tarixli protokolun əməliyyat qrupuna daxil edilməyən Suraxanı RPİ-nin NMB-nin rəisi, polis mayoru Anar İbrahimov tərəfindən tərtib edilməsi göstərilsə də, bu protokol da əməliyyat müvəkkili Şahid1 imzası ilə təsdiq edilmişdir. (i.v. – 9) Qeyd edilənlərlə bağlı məhkəmə nəzarətini həyata keçirən Suraxanı rayon məhkəməsinə də əməliyyat orqanının həmin qərarı göndərilmiş və məhkəmənin 19 fevral 2021-ci il tarixli qərarı ilə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nə gətirilməsindən sonra onunla bağlı əməliyyat tədbirləri həyata keçirilmişdir. (i.v. – 6a) Məhkəmə hesab edir ki, bu hal əməliyyat tədbirlərini həyəta keçirən polis əməkdaşlarının qəbul etdikləri qərarın və keçirdikləri əməliyyat-axtarış tədbirlərin əsaslı və qanuni olmasına şübhələr yaratmaqla, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması da məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1 və 289.3.2-ci maddələrinin tələblərinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm halları, həmçinin təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar göstərilməlidir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə etməkdə, saxlamaqda və daşımaqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmasına baxmayaraq, həm ittiham aktında, həm də Təqsirləndirilən şəxs narkotik vasitə heroinin əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması haqqında 22 aprel 2021-ci il tarixli qərarda həmin Məcəllənin 234.2-ci maddəsi ilə cinayət işinin ayrılması qeyd edilmişdir. Bu uyğunsuzluq Təqsirləndirilən şəxs elan edilmiş ittihamı şübhə altına qoymaqla ittiham aktında ziddiyyətə səbəb olur. (i.v. – 121-122) Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, təhqiqat və ibtidai istintaq orqanı tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 303.3-cü maddəsi ilə müəyyən edilmiş aşağıdakı kobud pozuntulara yol verilmişdir: təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (maddə 303.3.1); cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması (maddə 303.3.2); cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması (maddə 303.3.6); cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi (maddə 303.3.7.) Məhkəmə, gəldiyi nəticələrin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Belə ki, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 3 bəndinin tələblərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir: ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq (“a” yarımbəndi); məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək (“e” yarımbəndi). Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra: Avropa Məhkəməsi) (Brozisek İtaliyaya qarşı, § 41; Tabai Fransaya qarşı qər.) işində qeyd edir ki, təqsirləndirilən şəxsin məlumatın verildiyi dili yaxşı bilmədiyi müəyyən edilibsə və ya bunun güman edilməsi üçün əsas varsa, hakimiyyət orqanları onu tərcümə ilə təmin etməlidirlər. Bundan başqa, Avropa Məhkəməsi (Kamasinski Avstriyaya qarşı, § 79, Ermi İtalyaya qarşı {BP}, § 68) işlərində qeyd edir ki, 6-cı Maddənin 3 (a) yarımbəmdi əcnəbi təqsirləndirilən şəxs üçün müvafiq məlumatın yazılı qaydada və ya yazılı tərcümə formasında təmin edilməli olduğunu müəyyən etməsə də, məhkəmə tərəfindən istifadə olunan dillə tanış olmayan təqsirləndirilən şəxs – ittiham aktının başa düşdüyü dilə yazılı tərcüməsi ilə təmin olunmadığı halda – praktiki olaraq əlverişsiz mövqedə ola bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, konkret hallarda həmin Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 163.4-cü maddəsinə əsasən ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq mərhələsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, sonradan həmin qətimkan tədbirinin müddəti 27 may 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə həmin məsələ ilə bağlı müzakirə apararaq belə qərara gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 4 ayadək, yəni 17 iyun 2021-ci il tarixədək uzadılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Ona görə də, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X11 və Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X6 barəsində xüsusi qərar çıxarılmalı və Azərbaycan Respublikasının Daxili İşlər nazirinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü, 306.2ci və 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı :

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.2, 303.3.6 və 303.3.7-ci maddələri ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 4 ayadək, yəni 17 iyun 2021-ci il tarixədək uzadılsın.

3. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X11 və Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X6 barəsində xüsusi qərar çıxarılsın.

4. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar