Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1139/2024 09.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərər çəkmiş şəxsin hüquqi varisi – X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxx 1979-cu il tarixdə Laçın rayonu, Minkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 14 noyabr 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan, yəni sürücülük hüququ olmadan alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmuş, nəticəsidə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmışdır. Belə ki, o, 15 sentyabr 2023-cü il tarixdə, saat 14:55-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Corolla» markalı, **-KB-*** qeydiyyat nişanlı avtomobili, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük hüququ olmadan alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə edib 3.24. «Maksimum sürətin məhdudlaşdırılması» qabağan yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsi hesab edilən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən 22,6-cı kilometrliyində, Bakı şəhəri istiqamətində 60- 70 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş, yəni əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda bu tələblərə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almamış, ehtiyatsızlıqdan piyada keçidi ilə yolu soldan sağa doğru adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə piyada keçidində vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə geniş həcmli qansızmalar ilə müşayiət olunan sağ və sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, sağ bud sümüyünün açıq sınığı, burun, üst və alt çənə, əng sümüklərinin, sağ və sol bazu sümüklərinin, sağ said və sağ baldır sümüklərinin, sol bazu oynağının qapalı sınıqları, sağ gicgah nahiyəsinin, boyun nahiyəsinin, sağ qulaq seyvanı nahiyəsinin əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin, sol gicgah nahiyəsinin, sağ yanaq nahiyəsinin, sağ bazu nahiyəsinin, qarın nahiyəsinin, sol çiyin qurşağı nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, sol bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, bel nahiyəsinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti alaraq ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmışdır, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələrində nəzərdə tutulan, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi, alkoqol sərxoşluğu vəziyyətində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, arvadından boşandığı üçün uşaqları anası ilə birlikdə ayrı yaşamışdır. 15 sentyabr 2023-cü il tarixdə, saat 12-13 radələrində yaşadığı evdə nahar edərkən evdə düzəldilmiş spirtli içki araqdan yarım litr içdikdən sonra övladları yadına düşmüş, onları görməkdən ötrü idarə etdiyi «Toyota Corolla» markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobillə Müşfiq qəsəbəsinə getmiş, lakin orada uşaqlarını ona göstərməmişlər. O, əsəbləşərək idarə etdiyi həmin avtomobillə oradan çıxmış, saat 14-55-də Bakı-Şamaxı yolu ilə üzü Bakı istiqamətində 60- 70 km/saat sürətlə hərəkətdə olub evinə gedən zaman Binəqədi rayonu ərazisində piyada zolaqları ilə yolu soldan sağa asta yerişlə keçən piyada qızı hərəkət hissəsinin sağ zolağında avtomobilinin ön sağ hissəsi ilə vurmuşdur. Bundan sonra həyəcanlandığı üçün avtomobili saxlamayaraq hadisə yerindən uzaqlaşıb «28 May» qəsəbəsində yerləşən atasıgilin həyət evinə getmişdir. Təxminən 15-20 dəqiqədən sonra yol polisi əməkdaşları gəlib onu evdən götürərək «Müşfiq DYP» postuna aparmışlar. Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən ölmüşdür. O, günahını səmimi etiraf etmiş və peşman olduğunu bildirmişdir. Bildirmişdir ki, hadisədən əvvəl avtomobili texniki cəhətdən saz və yüksüz vəziyyətdə olmuş, avtomobildə sərnişin olmamışdır ( iş vərəqə: 102-103). İfadənin elan və tədqiqindən sonra suallar ətrafında dindirilən Təqsirləndirilən şəxs göstərdi ki, mərhum piyada piyada keçidində dayanmış avtobusun qabağından anidən keçdiyindən o, piyadanı görməmişdir. Piyada ilə maşın arasındakı məsafə onun yadında qalmamışdır. O, ibtidai istintaqdakı ifadəsində göstərilən qədər içki içməmişdir. Şokda olduğu üçün tormoz vermə bilməmişdir. Hadisədən sonra aralıda maşından yerə düşmüş, elə şarait yaranmışdır ki, o, zərər çəkmişə yaxınlaşa bilməmiş və şokda olduğundan yenidən maşına oturmuşdur. Onun sürücülük hüququ olmuş, hətta bu hüququ məhdudlaşdırılmamışdır. Hadisədən sonra zərər çəkmiş şəxslə barışıq əldə olunmuş, hüzürləri verilmiş, qəbir daşı götürülmüşdür. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X3 ifadəsində göstərdi ki, mərhum, 2005-ci ildə Bakı şəhərində anadan olmuş qızı Zərərçəkmiş şəxs onunla eyni ünvanda - ünvan 3ə, saat 14.55 radələrində Bakı-Şamaxı- Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 22.6-cı kilometirliyində hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Corolla» markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən piyada qismində olan qızı Zərərçəkmiş şəxs vurmuş, nəticədə qızı Zərərçəkmiş şəxs hadisə yerində ölmüşdür. O, hadisə yerində olmamış, sadəcə hadisə barədə ona xəbər verilmişdir. Onda olan məlumata görə Təqsirləndirilən şəxs avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. Həmin günü qızının meyiti meyitxanada müayinə olunduqdan sonra onlara təhvil verilmiş və meyiti Qaradağ rayon Müşviqabad qəsəbə qəbiristanlığında dəfn etmişlər. Sonra yas mərasimi vermişlər. Təqsirləndirilən şəxs tərəfdən 3, 40 merasimləri verilmiş, mərhumun baş daşı hazırlanmışdır. Lakin aralarında barışıq olmamışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 12 oktyabr 2023-cü il tarixli, 191 nömrəli rəyindən görünür ki, mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs bədəni üzərində baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə geniş həcmli qansızmalar ilə müşayiət olunan sağ və sol təpəgicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, sağ bud sümüyünün açıq sınığı, burun, üst və alt çənə, əng sümüklərinin, sağ və sol bazu sümüklərinin, sağ said və sağ baldır sümüklərinin, sol bazu oynağının qapalı sınıqları, sağ gicgah nahiyəsinin, boyun nahiyəsinin, sağ qulaq seyvanı nahiyəsinin əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin, sol gicgah nahiyəsinin, sağ yanaq nahiyəsinin, sağ bazu nahiyəsinin, qarın nahiyəsinin, sol çiyin qurşağı nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, sol bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, bel nahiyəsinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Tədqiq olunan rəydən görünür ki, zərər çəkmiş şəxsin bədənində müəyyən olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Zərər çəkmiş Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər 15 sentyabr 2023-cü il tarixdə hərəkətdə olan avtomobilin Zərərçəkmiş şəxs vurması nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs ölümünə səbəb sağ və sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları nəticəsində inkişaf edən baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar olmuşdur. Beləliklə, Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəməkimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır (iş vərəqə: 56-63). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-trasoloji ekspertizasının 11 oktyabr 2023-cü il tarixli, 8/1512 nömrəli rəyindən görünür ki, hadisə yerindən asfalt üzərindən götürülmüş naməlum avtomobilə aid yan güzgü qapağı və buferdə olan dumana qarşı faranın plastmas çərçivəsi tədqiqata təqdim edilmiş və rəylə müəyyən edilmişdir ki, təqdim edilmiş «Toyota Corolla» markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotunda, qabaq bamperində, qabaq sağ qanadda, qabaq sağ farada, alın şüşəsində, sağ yan güzgüdə, qabaq sağ dirəkdə) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sail əlamətlərinə görə hər hansı bərk olmayan predmetin, o cülədən insanın (piyadanın) vurulması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş plastmas hissələrin üzərində olan zədələr, izlər piyadanı vurması nəticəsində yaranması mümkündür. Həmin hissələr hadisə zamanı avtomobildən ayrıla bilər. Təqdim edilmiş yan güzgü gövdəsinin qapağı və bamper gözlüyü, «Toyota Corolla» markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qırılmış, qopmuş hissələrinə uyğun gəlir və vahid bütövlük təşkil edirlər (iş vərəqə: 52-55). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 15 sentyabr 2023-cü il tarixli, 4843 nömrəli «sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı» ilə müəyyən edilmişdir ki, yol naqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs hadisə zamanı alkoqol sərxoşluğu vəziyyətində olmuşdur (iş vərəqə: 13). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİNnin BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16/2-129977/2023 nömrəli məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxsxx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək etibarlı olan) AC ******* nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilib, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2019-cü il tarixdə Qaradağ Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixədək müddətinə məhdudlaşdırılsa da sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir. Tədqiq olunan məktubdan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də suruculuk vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlamalıdır (iş vərəqə: 44). Cinayət işinə məhkəmə baxışı zamanı məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 30 oktyabr 2023-cü il tarixli, 8/3042 nömrəli rəyindən görünür ki, «Toyota Corolla» markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Hüseyxanov «Toyota Corolla» markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs «Toyota Corolla» markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 8-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Bundan başqa, tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum» sürətin məhdudlaşdırılması» qadağan yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı») tələblərinə uyğunsuzluq olmuşdur (iş vərəqə: 75-78). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİNnin BDYPİ-nin 710 saylı YPXA postunda TŞ kamerasına baxış keçirilməsi haqqında 04 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı istiqamətində hərəkətdə olan «Toyota Corolla» markalı avtomobilin hərəkətdə olub həmin istiqamətdə piyada keçidi ilə yolu soldan sağa keçən piyada qızı vuraraq hərəkətini davam etdirib hadisə yerindən yayınmışdır. Cinayət hadisəsinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət tədqiq olunan protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 48, 49). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «sübutların qiymətləndirilməsi haqqında» 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə «Toyota Corolla» markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil, nəqliyyat vasitəsinə aid yan güzgü qapağı və buferdə olan dumana qarşı faranın plastmas çərçivəsi, baş vermiş yol-nəqliyyat hadisəsini əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, avtomobil saxlanılması üçün sahibinə qaytarılmış, nəqliyyat vasitəsinə aid yan güzgü qapağı və buferdə olan dumana qarşı faranın plastmas çərçivəsi saxlanc anbarına təhvil verilmişdir (iş vərəqə: 79-82). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan, yəni sürücülük hüququ olmadan alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmuş, nəticəsidə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 46). Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi X3 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsi bağışladığını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, ehtiyatsızlıqdan da olmuş olsa belə, ağır cinayət törətməsi, sürücülük hüququ olmadan alkoqol sərxoşluğu vəziyyətində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi və zərər çəkmiş şəxsə yardım göstərmədən hadisə yerindən qaçması onun islahının yalnız azadlıqdan məhrum etmə cəzası təyini yolu ilə mümkünlüyünə dəlalət edir. Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri rəhbər tutulmalı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayətlərin məcmusu qaydasında ittiham olunduğu maddələrin sanksiyası çərçivəsində, cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə, əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinaytlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinaytlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək azadlıqdan məhrum etmə, CM-nin 264-cü maddəsinin sanksiyasında isə üç ilədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmasını nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növü ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edərkən müəyyən olundu ki, baxılan iş üzrə 14 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun barəsində həbs qətimkan tədbirinin seçildiyi 14 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 14 noyabr 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlardan başqa, məhkəmə iş üzrə maddi sübutların taleyi ilə əlaqədar məsələni müzakirə belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll olunmalıdır: - Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində saxlanılan “Toyota Corolla» markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid yan güzgü qapağı və buferdə olan dumana qarşı faranın plastmas çərçivəsi təyinatını itirdiyindən məhv edilməli; - baş vermiş yol-nəqliyyat hadisəsini əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı; - “Toyota Corolla” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat mərhələsində sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri - 195 (yüz doxsan beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə ittiham aktının arayış hissəsində iş üzrə mülki iddia olması qeyd olunsa da, məhkəmə baxışı zamanı müəyyən edildi ki, zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən nə məhkəməyədək icraat mərhələsində və nə də məhkəmə baxışı mərhələsində mülki iddia verilməmişdir. İş üzrə əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilsin və həmin cəza Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına birləşdirilsin. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlara dair məsələ hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində saxlanılan “Toyota Corolla» markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid yan güzgü qapağı və buferdə olan dumana qarşı faranın plastmas çərçivəsi təyinatını itirdiyindən məhv edilsin; - baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın; - “Toyota Corolla” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat mərhələsində sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə məhkəmə məsrəfləri - 195 (yüz doxsan beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1139/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1139/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver