Məhkəmə qərarları › İş №1(101)-1139/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1139/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1139/2025 08.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 13-cü Nərimanov döngəsi, ev 6 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan küçəsi 4 və 7 kəsişməsində yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd bükümündə təmiz çəkisi 3,346 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini külli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd bükümdə təmiz çəkisi 3,346 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini külli miqdarda əldə edib üzərində saxlamaqla 6 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan küçəsinin 4 və 7ci kəsişməsinə kimi daşımış, həmin gün orada saat 16:37-də piyada hərəkətdə olarkən Xəzər RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq orada videoçəkiliş keçirilərək üzərinə şəxsi axtarış aparılan zaman üzərindən qanunla qadağan olunmuş kütlə və ya əşya aşkar edilməsə də, Xəzər RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Xəzər RPİ-nin inzibati binasına aparılmış, həmin gün saat 17:30-da Xəzər RPİ-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərinə şəxsi axtarış aparılan zaman sol ayağında olan qara rəngli corabın içərisindən təmiz çəkisi 3,346 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış həmin külli miqdarda psixotrop maddə metamfetamin 1 ədəd şəffaf sellofan bükümündə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Şəxsi axtarış və götürmə haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol ayağında olan qara rəngli corabının içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs sol ayağında olan qara rəngli corabının içərisindən çıxarıb təqdim etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş bükümün içində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir (cild 1, iş vərəqi 32-33).

4. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 7 noyabr 2024-cü il tarixli, 6/5183 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 3,346 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir” (cild 1, iş vərəqi 39-43).

5. Məhkəmədə tədqiq edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, bir müddətdir ki, psixotrop maddələrdən istifadə edir və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini tanımadığı müxtəlif şəxslərdən alıb istifadə edir. Sonuncu dəfə 6 noyabr 2024-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində “patı” kimi metamfetamini 20 manata alıb sol ayağında olan qara rəngli corabın içərisinə qoymuşdur ki, sonra istifadə etsin. Bildirmişdir ki, həmin günü xalasıoğlu və xalasıoğlunun arvadı ilə görüşüb bağlarına getməli İmiş və həmin vaxtı onların yanında olanda əlinə cibini salıb psixotrop maddənin cibindən çıxmaması üçün sol ayağında olan qara rəngli corabına qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində o, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan küçəsi 4 və 7-ci kəsişmələrində olduğu zaman iki nəfər polis əməkdaşı video çəkilişlə ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun kim olmağı barədə soruşmuşlar. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar onun narkotik maddələrin qanunsuz dövriyyəsində və üzərində olması barədə şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu yaxınlıqda olan Xəzər RPİnə dəvət etmişlər və o da razılaşıb Xəzər RPİ-nə gəlmişdir. Orada şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqda video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməsi təklif olunmuşdur. O da sol ayağında olan qara rəngli corabın içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içinə baxılmış və ondan həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. O da həmin bir ədəd bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, onu 6 noyabr 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən 20 manata alıb özünün istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş 1 ədəd büküm götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, və iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 57-58).

6. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin rəisi Şahid1 ifadəsindən görünür ki, 6 noyabr 2024cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində “Yunis” adlı şəxsin narkotik vasitə və ya psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xəzər RPİ-nin CAŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı “Yunis” adlı şəxsin anket məlumatları öyrənilmiş və məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1983-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 kəsişməsində yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun tərəfindən raportla idarənin rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə o və Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. 6 noyabr 2024-cü il tarixdə, saat 16:37-də onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan küçəsi 4 və 7 kəsişməsində saxlanılaraq Yunisə özlərini təqdim etdikdən sonra narkotiok vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və sonra Yunisə təklif etmişlər ki, üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış və hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs araşdırma aparılmasından ötrü Xəzər RPİ-nə dəvət etmişlər. Yunis etiraz etməmiş və onlar Yunisi RPİ-yə gətirmişlər. Orada onun tərəfindən raportla idarə rəisinə məruzə olunmuşdur. Müvafiq araşdırma aparılması baş müstəntiq polis mayoru Vasif Zeynallıya həvalə olunmuş və müstəntiq tərəfindən araşdırma aparılmasına başlanılmışdır. Onlar Yunisi küçədə saxlayarkən üzərinə baxış keçirtdikləri və heç bir kütlə və əşya aşkar edilmədiyinə dair raportu və mobil telefonla apardıqları videoçəkilişi müstəntiqə təqdim etmişlər. İdarənin inzibati binasında baş müstəntiq polis mayoru X1 xidməti İş otağında onun və Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs və Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə üzərində şəxsi axtarış, baxış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Müstəntiqin bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs sol ayağında olan qara rəngli corabının içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə müstəntiq tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində psixotrop maddə hesab olunan metamfetamänə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs sol ayağında olan qara rəngli corabının içərisindən çıxarıb təqdim etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş bükümün içində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra müdafiəçi şübhəli şəxsə aşkar edilmiş psixotrop maddəyə bənzər kütlənin özünə aid olubolmamasını və özünə qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olubolmamasını soruşmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə psixotrop maddənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən özünə qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Bundan sonra müstəntiq şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümü 1 ədəd zərfdə qablaşdırmış və istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Həmçinin qeyd etmişdir ki, şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş “Samsung” markalı mobil telefon vasitəsilə onun tərəfindən aparılmışdır (cild 1, iş vərəqi 95-97).

7. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqi 98- 101).

8. Məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2024-cü il tarixli əməliyyat raportundan görünür ki, Xəzər RPİ-nin CAŞ-nin rəisi polis mayoru Şahid1 və Xəzər RPİnin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən 6 noyabr 2024-cü il tarixdə, saat 16:37-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan küçəsi 4 və 7 kəsişməsində dayanan Yunis adlı şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və sonra Yunisə təklif etmişlər ki, üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış və hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs araşdırma aparılmasından ötrü Xəzər RPİ-yə dəvət etmişlər (cild 1, iş vərəqi 11).

9. Məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 5 dəqiqə 24 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xəzər RPİ-nin İŞ-nin müstəntiqinin sorğu-sualı əsasında şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir və özü barəsində İştirakçılara məlumat verir. Videogörüntünün 00:23-cü saniyəsindən etibarən müstəntiq şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Müstəntiqin bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntünün 00:35-ci saniyəsindən etibarən sol ayağında olan qara rəngli corabının içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoyur. Videogörüntünün 00:45-ci saniyəsindən etibarən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə müstəntiq tərəfindən əyani baxış keçirilir. Baxış zamanı bükümün içərisində psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə aşkar edilir. Videogörüntünün 00:57-ci saniyəsindən etibarən bu barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümün içərisində “patı" kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən aldığını bildirir. Videogörüntünün 02:31-ci saniyəsindən etibarən müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilmir. Videogörüntünün 03:21-ci saniyəsindən etibarən müstəntiq şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümü 1 ədəd zərfdə qablaşdırır. Videogörüntünün 05:11-ci saniyəsindən etibarən müdafiəçi şübhəli şəxsə aşkar edilmiş psixotrop maddəyə bənzər kütlənin ona aid olub-olmamasını və ona qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olub-olmamasını soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə psixotrop maddənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirir. Videogörüntünün 5-ci dəqiqəsinin 23-cü saniyəsindən etibarən müstəntiq istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb edir (cild 1, iş vərəqi 93).

10. Kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3483 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda və törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir (cild 1, iş vərəqi 105- 107).

11. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7417 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 103-104).

12. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə, təmiz çəkisi 3,346 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və təqsirləndirilən şəxsin üzərində aparılmış şəxsi axtarışın videogörüntü fayllarının saxlanıldığı 1 ədəd disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalan 3,296 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş, disk isə cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 133-147).

13. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində araşdırma aparılması üçün material ayrılmışdır (cild 1, iş vərəqi 150-151).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

14. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, onu Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivində evinin yaxınlığında tutub, Xəzər RPİ-yə aparmışlar. Üzərinə baxış keçirilən zaman bıçaq aşkar olunmuşdur. Sonra onu aldadıb, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət törətməsini nəzərdə tutan sənədlərə imza etməyini deyib, kömək edəcəklərini bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitə verib, şəxsi axtarış zamanı təqdim etməsini bildirmişlər. Şəxsi axtarış zamanı da polislər dediklərini etmiş və narkotik vasitəni Suraxanıda tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, o, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Axırıncı dəfə tutulmazdan 1 həftə əvvəl narkotik vasitə istifadə etmişdir. Polislər tutulmağının sifarişlə olduğunu bildirmişlər. O, yalnız narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Polislər tərəfindən ona qarşı təzyiq göstərilməmişdir. Tutulduğu gün ailəsi ilə xalasıoğlugilə getmişdir. Polislərdən onun tutulmağını kimin istədiyini soruşmamışdır. Onun heç kəslə düşmənçiliyi yoxdur. Onu kimin tutdurduğunu bilmir. Polislər narkotik vasitəni qəbul etməyini bildirdikdə, o, etiraz etmişdir. Polis əməkdaşları ona bıçağa görə cinayət işi başlansa, vəziyyətinin daha ağır olacağını deyib, narkotiki qəbul etməyini bildirmişlər. İxtisasca mühasibdir. Saxlanılan zaman işləməmişdir. Əvvəllər sürücü və mühasib işləmişdir. Yaşadığı ərazidə narkotik vasitənin satışı ilə məşğul olurlar, o, narkotik vasitənin satışına icazə vermədiyi üçün onu tutmuşlar. Baş verən faktı təsdiq edəcək çox adam var. O, narkotik vasitə satan heç bir şəxsi tutub polisə təhvil verməmişdir. Başqa ərazidə narkotik vasitə sata bilərlər, ancaq onun yaşadığı yerdə sata bilməzlər. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

15. CM-nin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

16. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

17. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

18. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

19. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

20. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

21. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

22. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

23. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

24. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

25. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

26. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

27. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

28. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

29. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 - 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu

30. Həmin Qanuna əlavə edilmiş İİ Siyahıya əsasən, psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

31. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

32. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

33. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

34. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

35. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

36. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin presedent hüququ:

37. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

38. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməsə də, onun bu ifadəsi cinayət işi üzrə toplanmış sübutlar; şəxsi axtarış və götürmə aparılması haqqında protokol, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri, məhkəmədə tədqiq edilmiş şahid ifadələri, diskə baxış keçirilməsi haqqında protokol, məhkəmə ekspertizaların rəyləri, maddi sübutlar və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəni, cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirərək sübut hesab etmir.

39. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 23-cü bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

40. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 31-33-cü bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

41. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs üzərində ittihamda göstərilən miqdarda psixotrop maddə aşkar edilmədiyini, psixotrop maddənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı psixi təsir göstərildiyini bildirərək özünü təqsirli bilməmişdir.

42. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixi təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

43. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 25, 35-37-ci bəndlərindəki normativ aktlara əsasən).

44. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 22-ci bəndi).

45. Təqsirləndirilən şəxs şəxsin təqsirli bilindiyi Azərbaycn Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

46. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 15-19-cu bəndləri).

47. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Zümrüd Bağırlı və xx.xx.2017-ci il təvəllüdlü Rüqəyya Bağırlı adlı 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.3-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (cild 2).

48. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

49. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 101-102).

50. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

51. Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 19-cu bəndi).

52. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 6 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə barəsində həbsetmənin əvvəli 6 noyabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 13-14, 74-78).

53. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 21, 26-27-ci bəndləri).

54. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 6 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

55. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

56. İş üzrə maddi sübut olan, Bakı şəhəri Xəzər RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 3,296 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü fayllarının saxlanıldığı 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 28-ci bəndi).

57. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

58. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 29-cu bəndi).

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsnın tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 6 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 3,296 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Səbuhi Hüseynov

Hakimlər Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar