Məhkəmə qərarları › İş №1(101)-1141/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1141/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1141/2024 16.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə 08 avqust 1986-cı il tarixdə Laçın rayonu, Daşlı kəndində kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Laçın rayonu, Daşlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09.45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. 2.Belə ki, Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdə saat 20 radələrində bibisi oğlu X3 yaşadığı ünvan 2 ünvanında bacanağının qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə bir neçə saat ərzində spirtli içki qəbul etdikdən sonra sonuncu şəxsi münasibətlər zəminində onunla mübahisə edərək onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyərək ona qəsdən “sağ çiyin, sağ dirsək oynağı və sol bazu nahiyələrinin sıyrıqları, sol dirsək oynağı nahiyəsinin qançırları11 xəsarətləri İlə müşayiət olunan” sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi səbəbindən yaşadığı evdən istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik bıçaq götürüb həmin gün saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsinə gəlib yolun kənarında Zərərçəkmiş şəxsla rastlaşaraq, mübahisə edib həmin bıçaqla sonuncunun sol kürəkaltı, sol kürək, döş qəfəsi, qarın, sol bazu və sağ milbilək nahiyələrindən doqquz dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs “sol kürək nahiyəsinin daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin ön səthinin daxilə nüfuz etməyən bir ədəd, qarnın ön divarının daxilə nüfuz etməyən bir ədəd, sol bazunun dörd ədəd, sağ mil-bilək oynağının bir ədəd (cəmi 8 ədəd) deşilmiş- kəsilmiş yaraları” xəsarətləri ilə müşayiət olunan, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran və “sol kürəkaltı nahiyənin döş və qarın boşluqların nüfuz edərək sol tərəfli hemopnevmotoraksa (döş və qarın boşluqlarına qan və havanın yığılması), diafraqmanın və dalağın yaralanmasına (dalaq cərrahı yolla çıxarılmışdır) səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan, qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Sübutların tədqiqi: 3.Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs bacanağının qardaşıdır, hadisədən qabaq münasibətləri yaxşı olmuş, aralarında belə sözsöhbət birinci dəfə olmuşdur. Zərərçəkmiş şəxsi onu təhqir etdiyinə görə vurmuşdur. Saat təxminən 10 radələrində qonşusu və bibisioğlu Rəfinin həyətində yeyib-içdikdən sonra mübahisə etmişlər, Səyyaf ona hozu demiş, onun yaxşı oğlan olmadığını qeyd etmiş, izahatını və səbəbini istədikdə deməmişdir. Onlar “Spor” edə-edə qapının ağzına çıxmışlar, sonra Səyyaf onu yumruq və təpiklə vurmuşdur. Rəfi ilə Eldəniz onları araladıqdan sonra Səyyaf onun yoldaşının ünvanına nalayiq söyüş söymüşdür. Sonra evə gələrək mətbəx bıçağını götürmüş, yolda məhəllənin o biri tərəfində Səyyafla qarşılaşmış, səbəbini soruşduqda Səyyaf yenə də söyüş söymüş, söyəndən sonra Səyyafı vurmuş, sonra aralaşıb duraraq çıxıb getmişdir. Birincini vurduğunu bilir, ilk xəsarəti bədənini sol tərəfinə yetirmiş, qalanı isə yadında deyil. Onlar əlbəyaxa olmuşlar, yerdə biraz süpürləşmişlər və daha sonra aralanmışlar. Həmin vaxt orada ikisi olmuş, başqa heç kim olmamışdır. Hadisədən sonra bıçağı getdiyi istiqamətdə tullamış, ora qamışlıq olduğundan bilinmir. Ondan sonra evə gəlib paltarını dəyişərək çıxıb şəhərə getmiş, beyni biraz açılandan sonra 15-ci Polis Bölməsinə gedərək təslim olmuşdur. Ora gedərkən onu axtarmamışlar, özü getmişdir. Zərərçəkmiş şəxsin aldığı xəsarətlərlə bağlı maddi köməkliyi qardaşıgil göstərmiş, aralarında barışıq əldə olunmuş, əməlindən peşmandır. 4.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Laçın rayonu Daşlı kəndində anadan olmuş və 10 ildir özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi, ev 14-də ailəsi ilə birlikdə yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, ailəsini dolandırmaq üçün günəmuzd formada müxtəlif iş sahələrində fəhlə işləmişdir. 30 iyul 2023-cü il tarixdə axşam saatlarında o, bıçaqla bacanağı Vilayətin qardaşı Səyyafa bədən xəsarətləri yetirmişdir. Səyyaf ailəsi ilə birlikdə Zabrat qəsəbəsində onun yaşadığı evdən təxminən 300-400 metr məsafə aralıda yerləşən evdə yaşamışdır. Onun Səyyafla əvvəllər yaxın münasibəti olmuşdur. 30 iyul 2023-cü il tarixdə saat 20 radələrində o, yaşadığı evdə olmuşdur. Həmin vaxt o, tək olmuş, ailə üzvləri Vilayətin evində olmuşlar. Bibisi oğlu Rəfi onun yaşadığı ünvana gələrək onu yeyib- içmək üçün öz yaşadığı evə dəvət etmişdir. O, Rəfi ilə birlikdə yaxınlıqda yerləşən sonuncunun yaşadığı evə getmişdir. Onlar həyətdə yerləşən masanın arxasında əyləşmişlər. Orada həmçinin, Səyyaf və Rəfinin qonşusu Eldəniz olmuşdur. Onlar birlikdə yemək yemiş, dörd nəfər birlikdə 750 qram spirtli içki olan araq içmişlər. Onlar təxminən bir saat ərzində yeyibiçmişlər. Onlar yeyib-içərkən müxtəlif mövzulardan söhbət etmişlər. Söhbət əsnasında Səyyaf ona “sən yaxşı oğlan deyilsən” demişdir. O, Səyyafdan nə səbəbə ona yaxşı oğlan olmadığını dediyini soruşmuşdur. Səyyaf ona cavab verməmişdir. Səyyaf ona yaxşı oğlan olmadığının səbəbini demədiyi üçün o, sonuncudan bir daha bunun açıqlamasını verməsini tələb etmişdir. Səyyaf ona yaxşı oğlan olmadığını bir daha demiş, lakin, nə səbəbə yaxşı oğlan olmadığını deməmişdir. Bununla bağlı o, Səyyafla mübahisə edərək oturduqları masadan ayağa qalxmışlar. Onlar Rəfinin yaşadığı evin həyətindən küçəyə çıxmışlar. Həmin vaxt Səyyaf ona nalayiq söyüş söymüşdür. Səyyaf sərxoş olduğu üçün o, sonuncuya əhəmiyyət verməmişdir. Sonra Səyyaf onun üstünə hücum edib əlləri ilə üz nahiyəsindən bir neçə dəfə vurmuşdur. Səyyaf onu yerə yıxaraq yumruq və təpiklə çiynindən, qolundan, ayaqlarından, bədəninin müxtəlif nahiyələrindən dəfələrlə vurmuşdur. Rəfi və Eldəniz Səyyafı ondan aralaşdırmışlar. O, döyülüb xəsarət aldığını görmüşdür. Səyyaf onun arvadının ünvanına ağır təhqiramiz söyüşlər söymüşdür. Bundan sonra o, əsəbləşmişdir. O, yaşadığı evə gedib mətbəxdən bir ədəd çörək doğramaq üçün istifadə edilən bıçaq götürüb geri qayıtmışdır. Həmin vaxt o, Səyyafın orada olmadığını görmüşdür. Bundan sonra o Səyyafın yaşadığı ev istiqamətində getmişdir. O, Səyyafın yaşadığı evin həyət darvazasının qarşısında küçədə sonuncu ilə qabaqlaşmışdır. Saat 22 radələri olmuş və Səyyaf tək olaraq küçədə dayanmış, yanında başqa şəxs olmamışdır. Bıçaq onun əlində olmuş və o, dərhal Səyyafa yaxınlaşmışdır. O, Səyyafdan onu nə səbəbə döyüb xəsarət yetirdiyini soruşmuşdur. Səyyaf yenə ona nalayiq söyüşlər söymüş və onu vurmaq üçün üstünə gəlmişdir. O, əlindəki mətbəx bıçağı ilə Səyyafın bədəni istiqamətində bir dəfə zərbə endirmişdir. Sonra Səyyaf onu tutmuş və onlar əlbəyaxa olub yerə yıxılmışlar. Yerdə dalaşarkən əlində olan bıçaq bir neçə dəfə Səyyafa toxunmuş və xəsarət yetirmişdir. Sonra o, Səyyafdan aralaşmış və ayağa qalxıb oradan getmişdir. Yaşadığı evə gedərkən o, Səyyafa xəsarət yetirdiyi bıçağı xatırlamadığı ərazidə yolun kənarına atmışdır. O, yaşadığı evə getmişdir. Əynində olan paltarı Səyyafın qanı ilə bulaşdığı üçün o, həmin paltarlarını dəyişib başqa paltar geyinmişdir. O, qanlı paltarını kolluğa atmışdır. O, sakitləşmək üçün Bakı Bulvarına getmək qərarına gəlmişdir. O, tanımadığı şəxsin idarə etdiyi avtomobillə qeyd etdiyi Bulvara getmişdir. O, gecə səhərədək dəniz kənarı bulvarda gəzmiş və 31 iyul 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinə gəlmişdir.Təqsirləndirilən şəxs həmçinin, ifadəsində göstərmişdir ki, Səyyaf onun arvadının ünvanına ağır təhqiramiz söyüşlər söydüyü və onu döyüb xəsarət yetirdiyi üçün o, çox əsəbləşərək Səyyafa bıçaqla xəsarət yetirmişdir. Onun Səyyafa gücü çatmadığı üçün sonuncuya xəsarəti bıçaqla yetirmişdir. Lakin, onun Səyyafı öldürmək məqsədi olmamışdır. Səyyafa xəsarət yetirdiyi bıçaq düz, qatlanmayan mətbəx bıçağı olmuşdur. Bıçağın tiyəsi metal, ağ rəngli, ucu iti, bir tərəfi kəsici olmuşdur. Bıçağın dəstəyi sarı rəngli, taxta materialdan ibarət olmuşdur. Bıçağın tiyəsinin uzunluğu təxminən 10-15 sm olmuşdur. O, bıçağın harada olduğunu bilməmiş və bu səbəbdən təqdim edə bilməmişdir. Əvvəlcə Səyyaf yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vuraraq onu döymüş, nəticədə o, bədəninin bir neçə nahiyəsindən əzilmiş, göyərmiş, cırılmış xəsarətlər almışdır. Lakin, onun xəsarətləri cüzi olmuş, bununla bağlı şikayət ərizəsi yazmamışdır. Onun Səyyafla əvvəlcə mübahisə etməyi, sonra dalaşmağı təxminən 4-5 dəqiqə, Səyyafa bıçaqla xəsarət yetirməyi isə təxminən 2-3 dəqiqə ərzində baş verərək bitmişdir. O, əməlindən peşman olmuşdur (İ cild, səh. 70-74, 154-159). 5.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, səhv etmirsə hadisə 2023-cü ili avqust ayının 29-u olmuş, onun Rəfi adlı qohumunun evində yığışaraq bir yerdə yeyib-içmişlər, hardasa litrə yaxın spirtli içki qəbul etmişlər. Daha sonra mübahisə etməyə başlamışlar, biraz içkili olduqlarından aralarında dava yaranmışdır. O, Şəxsiyəti vurmuş, sonra Rəfi onları aralamışdır. O, söyüş söyərək evə getmiş, Şəxsiyət də gedib evdən bıçaq götürüb gəlmiş, təzədən yenidən dalaşmışlar. O, Şəxsiyəti yenə yerə yıxaraq döymüş, bundan sonra Şəxsiyət onu bıçaqla vurmuş, sonra isə yenə dalaşa-dalaşa qaçıb getmiş, amma günah onda olmuşdur. Hadisədən qabaq münasibətlər həmişə yaxşı olmuş, hadisənin yaranma səbəbi onun biraz “sən danışığını bilmirsən belə” deyərək Şəxsiyətə lağ etməsi olmuşdur. O, Şəxsiyətlə eyni küçədə yaşamış, ilk münaqişə onların aralarında başlamışdır. Münaqişəni o özü başlatmışdır. Birinci dəfə davaları Rəfinin qapısında həyətdə baş vermiş, o təqsirləndirilən şəxsi vurmuş və ağır söyüş söymüşdür. Birinci dava ilə ikinci dava arasında təxminən 10- 15 dəqiqə vaxt keçmişdir. İkinci davada əlində bıçağı görərək Şəxsiyəti vurmuşdur. Bıçaqlanma onların evinin yanında küçədə olmuşdur. O, evə çatana kimi Şəxsiyətin artıq bıçaq götürüb gəldiyini görmüş, bu zaman o, “bıçağı nəyə götürmüsən” demiş və dalaşmağa başlamışlar, birinci bıçaq əlinə dəymişdir. O, Şəxsiyətə əli ilə şillə vurmuş və yerə yıxaraq döyməyə başlamışdır. Yəqin ki, gücü çatmadığı üçün Şəxsiyət ona bıçaq vurmuşdur. O, Şəxsiyətin üzərində olaraq vurmuş, sonra ikisi də yorulduqlarından dayanmışlar. Bıçaqlanma olarkən orada heç kim olmamışdır. Sonra o, durub evə getmiş, evdən qardaşına xəbər etmişlər və qardaşı onu xəstəxanaya aparmışdır. Onun dalağını çıxarmışlar və xəstəxanada çox yatmışdır. Zərərçəkmiş şəxs kimi şikayət və tələbi yoxdur, barışmışlar. 6.Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Tədqiq edilmiş ifadəsində zərərçəkmiş şəxs göstərmişdir ki, azərbaycan dilində danışmış və başa düşmüşdür. O, latın qrafikalı azərbaycan əlifbası ilə yaza və oxuya bilmişdir. O, Ağdam rayonu Mərzili kəndində anadan olmuş və 2000-ci il tarixdən ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində özünə məxsus nömrəsiz evdə yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, ailəsini dolandırmaq üçün ev-tikinti işlərində usta işləmişdir. 30 iyul 2023-cü il tarixdə ona bədən xəsarəti yetirmiş Təqsirləndirilən şəxs onun doğma qardaşı Vilayətin bacanağı olmuşdur. Onun yaşadığı evlə Şəxsiyətin yaşadığı evin arasında təxminən 400- 500 metr məsafə olmuşdur. Onun Şəxsiyətlə münasibəti yaxşı olmuşdur. O və ailəsi qarşılıqlı olaraq Şəxsiyətin evinə gediş-gəlişi olmuşdur. 30 iyul 2023-cü il tarixdə o, Rəfi ilə birlikdə Zabrat qəsəbəsində işləyib işilərini qurtardıqdan sonra saat 17 radələrində yaşadıqları ünvana getmişlər. Rəfi ailə üzvlərinin rayonda olduğunu, evdə heç kimin olmadığını, sonuncunun yaşadığı evə getmələrini, araq alıb yeməklə içmələrini təklif etmişdir. O, Rəfinin təklifini qəbul etmiş və Rəfinin evinə gedərək yeyib-içməyə razılıq vermişdir. Onlar Rəfinin yaşadığı evin qarşı tərəfinə çatarkən Şəxsiyətlə qarşılaşmışlar. Rəfi Şəxsiyətə onunla birlikdə yaşadığı evə yeyib-içməyə gedəcəyini demiş və sonuncuya da onlarla birlikdə yeyib-içməyi təklif etmişdir. Şəxsiyət yaşadığı evdə araq olduğunu, evinə gedib həmin arağı gətirməsini və birlikdə yeyib içmələrini demişdir. O, Rəfi ilə birlikdə sonuncunun yaşadığı evə getmişlər. Rəfi qonşusu Eldənizi də yeyib-içməyə çağırmışdır. Eldəniz gələrək onlarla bir masada əyləşmişdir. Sonra Şəxsiyət bir ədəd 750 qramlıq araq gətirmiş, butulkada təxminən 400 qram araq olmuşdur. Onlar həyətdə yerləşən masada əyləşmiş və birlikdə yemək yemiş, Şəxsiyətin gətirdiyi arağı hissə-hissə olmaqla üçü də içməyə başlamışlar. Təxminən iki saat ərzində onlar yemək yemiş və arağın hamısını içib qutarmışlar. Onlar birlikdə yemək yeyib araq içərkən o, Rəfiyə və Şəxsiyətə ictimai yerdə özlərini apara bilmədiklərini, danışıq və hərəkətlərini idarə etmədiklərini, “qırro” olduqlarını demişdir. Şəxsiyət ona “sən bizi gözdən salırsan, düzgün danışmırsan” demişdir. O, Şəxsiyətə “sən danışma, sən yaxşı oğlan deyilsən” demişdir. Şəxsiyət ona “danışığına fikir ver” demişdir. O, Şəxsiyətə nə danışdığını bildiyini demiş və sonuncunun ona irad bildirməsi xoşuna gəlməmişdir. Bundan sonra o, Şəxsiyətə və ailə üzvlərinə ağır, təhqiramiz formada nalayiq söyüşlər söymüşdür. Sonra onlar masadan qalxmış və mübahisə edə-edə həyətdən küçəyə çıxmışlar. Eldəniz və Rəfi onları sakitləşdirməyə çalışmışlar, lakin, o, əsəbləşdiyi üçün sakitləşə bilməmişdir. Həmin vaxt küçədə heç kim olmamışdır. O, əsəbləşmiş vəziyyətdə olduğu üçün əli ilə Şəxsiyəti vurub yerə yıxmışdır. Sonra o, ayağı ilə Şəxsiyətin bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə vurmuş və eyni zamanda ailə üzvlərinə qarşı söyüşlər söymüşdür. Rəfi və Eldəniz onu Şəxsiyətdən ayırmışlar. O, evə gedərkən Şəxsiyətin arvadına təhqiramiz söyüş söymüş və sonra piyada olaraq yaşadığı evə doğru getmişdir. O, yaşadığı evin yerləşdiyi küçənin yaxınlığında dayanıb siqaret çəkməyə başlamışdır. Saat 22 radələrində o, küçədə dayanan zaman Şəxsiyətin gəldiyini görmüşdür. O, Şəxsiyətin onunla dalaşmaq üçün gəldiyini bilib sonuncuya yenidən nalayiq söyüşlər söymüş və üstünə getmişdir. Həmin vaxt Şəxsiyət əlindəki bıçaqla ona doğru bıçaqla zərbə endirmişdir. Bıçaq onun sol böyrünə batmış və o, xəsarət almışdır. Bundan sonra o, Şəxsiyətin əlini tutub bıçağı almağa çalışmışdır. O, təpiklə Şəxsiyətin qarnından zərbə endirib sonuncunu yerə yıxmışdır. Yerdə dalaşan zaman Şəxsiyət əlindəki bıçaqla bir neçə dəfə ona zərbələr endirmişdir. O, bədəninin müxtəlif nahiyələrindən xəsarət almış, lakin, bıçağı Şəxsiyətin əlindən ala bilməmişdir. Şəxsiyət onun əlindən çıxaraq qaçıb oradan uzaqlaşmışdır. O, ayağa qalxıb yaşadığı evə getmişdir. Arvadı Şəlalə evdə olmuş, o, sonuncuya Şəxsiyətlə dalaşdığını, Şəxsiyətin bıçaqla ona xəsarət yetirdiyini demişdir. Qardaşı Vilayət gələrək idarə etdiyi avtomobilə onu arvadı Şəlalə ilə birlikdə Sabunçu xəstəxanasına gətirmişlər. Həkimlər onu cərrahiyə əməliyyatı etmiş, səhəri gün o, ayılmışdır. O, xəstəxanada müalicə olunmuşdur. Onun Şəxsiyətdən heç bir şikayət və tələbi olmamışdır.Zərərçəkmiş şəxs həmçinin, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçaq düz mətbəx bıçağı olmuşdur. O, bıçağın digər əlamətlərini xatırlamamışdır. Şəxsiyət və o, araq içmiş və mübahisə etmişlər. Həmin vaxt o, Şəxsiyətə və ailə üzvlərinə ağır təhqiramiz söyüşlər söydüyü üçün sonuncu da əsəbləşib bıçaqla ona xəsarət yetirmişdir. Şəxsiyət ona xəsarət yetirdikdən sonra o, sonuncunu tutmuş və onlar əlbəyaxa olub dalaşmışlar. Şəxsiyət onun əlindən çıxan kimi qaçıb getmiş və Şəxsiyətin onu öldürmək məqsədi olmamışdır. Həmin vaxt onların yanında və ətrafda heç kim olmamış, Şəxsiyətin ona xəsarət yetirdiyini heç kim görməmişdir. Şəxsiyət əlindəki bıçaqla ona qarnından, kürəyindən, döş qəfəsindən, sol qolundan və sağ biləyindən bir neçə ədəd xəsarət yetirmişdir. Nəticədə onun dalağı yararsız vəziyyətə düşmüş və cərrahi yola çıxarılmışdır. Onun Şəxsiyətlə davası təxminən 3-4 dəqiqə ərzində baş verərək bitmiş, həmin vaxt Şəxsiyət əlindəki bıçaqla ona bədən xəsarəti yetirmişdir (İ cild, səh. 52-56). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 30 iyul 2023-cü il tarixində ona məxsus həyətdə dördü o, Şəxsiyət, Səyyaf və Eldəniz birlikdə yeyib-içmişlər. Şəxiyyət onun xalası oğlu, Səyyaf da qohumudur. Yeyib-içdikdən sonra mübahisə olmuş, mübahisə zamanı Səyyaf onlara “siz qırro” adamsınız” demişdir. Sonra da Şəxsiyətə yaxşı oğlan olmadığını demişdir. Mübahisə bu şəkildə başlamışdır. Onların mübahisəsi Səyyafın yaxşı oğlan deyilsən deməsinin üzərində olmuşdur. Onları dalaşmağa qoymayaraq çölə çıxarmışlar. Çıxardıqdan sonra çöldə söhbət yenə də davam etmişdir. Səyyaf Şəxsiyətə təhqiredici söyüşlər söyməyə başlamış, onlar aralamışlar. X9 təpik-yumruqla vuraraq söyüş söymüşdür. X5 vurmuşdur. Şəxsiyət yıxıldıqdan sonra onu təpiklə vurmuşdur. X7 Şəxsiyəti aralamışdır. Səyyaf Şəxsiyətə ağır ailə söyüşləri söymüşdür. Daha sonra onları aralaşdırmış və hər kəs evinə getmişdir. 8.Məhkəmə iclasında şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Laçın rayonu Daşlı kəndində anadan olmuş və ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, ailəsini dolandırmaq üçün ev tikinti işlərində işləmişdir. 30 iyul 2023-cü il tarixdə o, tanışı Səyyafla birlikdə Zabrat qəsəbəsində işlərini qurtardıqdan sonra saat 17 radələrində yaşadıqları ünvana getmişlər. Onun ailə üzvləri rayona getmiş və o, evdə tək olmuşdur. Bu səbəbdən o, Səyyafa evdə tək olduğunu, birlikdə onun yaşadığı evə getmələrini, yeyib-içmələrini təklif etmişdir. Səyyaf onun təklifini qəbul etmişdir. O, Səyyafla birlikdə yaşadığı evə gemişdir. Yolda o, dayısı oğlu Şəxsiyətlə qarşılaşmışdır. O, Şəxsiyətə Səyyafla birlikdə yaşadığı evdə yeyib-içəcəklərini demiş, sonuncunun da onlara qoşulmasını təklif etmişdir. Şəxsiyət onun təklifini qəbul etmiş və yaşadığı evdən araq götürüb gələcəyini demişdir. O, Səyyafla birlikdə yaşadığı evin həyətinə getmişdir. O, həyətdə masada süfrə təşkil etmişdir. Bundan sonra o, qonşusu Eldənizi də yeyib- içməyə çağırmışdır. Əvvəlcə Eldəniz, sonra isə Şəxsiyət gəlib masada əyləşmişdir. Onlar birlikdə yemək yemiş və spirtli içki olan araq içmişlər. Təxminən iki saat ərzində onlar yemək yemiş və arağın hamısını içib qutarmışlar. Bundan sonra Səyyaf ona və Şəxsiyətə ictimai yerdə özlərini apara bilmədiklərini, hərəkətlərini bilmədiklərini demişdir. X10 “sən qırro adamsan, yaxşı oğlan deyilsən” demişdir. Şəxsiyət isə “qırro” olmadığını demişdir. Bundan sonra Şəxsiyətlə Səyyafın arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Səyyaf Şəxsiyətə nalayiq söyüşlər söymüşdür. O və Eldəniz Səyyafı sakitləşdirməyə çalışsalar da sonuncu içkili vəziyyətdə olduğu üçün onlara məhəl qoymamışdır. Səyyaf Şəxsiyətlə sözlü mübahisə edə-edə onun yaşadığı evin həyətindən küçəyə çıxmışlar. Həmin vaxt Səyyaf Şəxsiyətin üstünə hücum çəkib əli ilə sonuncunu vurub yerə yıxmışdır. Sonra Səyyaf təpiklə bir neçə dəfə Şəxsiyətə zərbələr endirmişdir. O və Eldəniz Səyyafı tutub kənara çəkmiş və yaşadığı evə getməsini demişlər. Şəxsiyət döyülmüş vəziyyətdə yerdən qalxıb yaşadığı ev istiqamətində getmişdir. Həmin vaxt Səyyaf Şəxsiyətin arvadına ağır formada təhqiramiz söyüşlər söymüşdür. Şəxsiyət öz yaşadığı ev istiqamətində, Səyyaf isə öz yaşadığı ev istiqamətində getmişlər. Eldəniz isə yaşadığı evə getmişdir. O, da yaşadığı evə qayıtmışdır. O, həyətdə yeyib-içdikləri masanı yığışdırmış və sonra evində olmuşdur. Saat 23 radələrində o, tanışlarından Səyyafla Şəxsiyətin yenidən dalaşdığını, Şəxsiyətin bıçaqla Səyyafa xəsarət yetirdiyini, Səyyafın Sabunçu xəstəxanasına aparıldığını eşitmişdir. O, Eldənizlə birlikdə həmin xəstəxanaya getmişdir. Həkimlər Səyyafın xəstəxanaya yerləşdirildiyini və cərrahiyyə əməliyyatı olunacağını demişlər.Rəfi Sariyev həmçinin, ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətində və küçədə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla mübahisə edib dalaşması təxminən 4-5 dəqiqə ərzində davam etmiş, o və Eldəniz aralaşdırdıqdan sonra dava bitmişdir. Həmin vaxt onların yanında və ətrafda heç kim olmamışdır. Dava zamanı Səyyaf yumruqla Şəxsiyəti vurub yerə yıxmış və sonra yerdə ayağı ilə Şəxsiyəti bir neçə dəfə vurmuşdur. Sonra o və Eldəniz Səyyafı tutub Şəxsiyətdən aralaşdırmışlar. Səyyafı yaşadığı evə yola salarkən sonuncu Şəxsiyətin arvadına ağır təhqiramiz söyüş söymüşdür. Bundan sonra Şəxsiyət çox əsəbləşmişdir. Şəxsiyət sonradan Səyyafın yaşadığı evin yaxınlığında yerləşən küçədə sonuncuya bıçaqla xəsarət yetirmişdir (İ cild, səh. 99-102). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Allahverdi oğlu ifadəsində bildirmişdir ki, qonşusu Rəfigilin həyətində Səyyaf, Şəxsiyət, Rəfi və o oturub yeyib-içərkən orada Səyyafla Şəxsiyətin aralarında mübahisə olmuşdur. Yeyib-içdikdən X10 bir neçə kəlmə təhqiredici sözlər demiş, sonra bunların arasında mübahisə yaranmışdır. Mübahisə yarandıqdan sonra Səyyafla Şəxsiyəti aralaşdırmış, aralaşdırdıqdan sonra çölə çıxmışlar. Çölə çıxdıqdan sonra Səyyaf yenə də mübahisə etməyə başlamışdır. Şəxsiyət çəkildikcə Səyyaf yenə də mübahisə etmişdir. Hətta orada Şəxsiyəti çox təhqir etmişdir. Sonra Şəxsiyət aralaşmaq istəyərkən Səyyaf ona nalayiq söyüşlər söymüşdür. Yenə onları aralaşdırmışlar, Səyyaf yenə də məhəl qoymamışdır. Səyyaf Şəxsiyətin ailəsinə qarşı söyüş söyməyə başlamışdır. Bundan sonra Şəxsiyət yaxınlaşaraq “lazım deyil, qonşuyuq” demişdir. X6 vurmuşdur. Səyyaf Şəxsiyəti vurduqda Şəxsiyət yıxılmış, yıxılanda təpiklə vurmuş, onlar yaxınlaşaraq Səyyafla Şəxsiyəti aralaşdırmışlar. Aralaşdırdıqdan sonra Şəxsiyəti öz, Səyyafı da öz evlərinə göndərmişlər. Həqiqətən də Şəxsiyətdə günah olmamışdır. Hadisədən qabaq hamının münasibəti yaxşı olmuş, mehriban olmuşlar. Bıçaqlama halını görməmişdir. 10.Məhkəmə iclasında Şahid2 Allahverdi oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində anadan olmuş və ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmişdir. 30 iyul 2023cü il tarixdə saat 17 radələrində o, yaşadığı evdə olmuşdur. Həmin vaxt qonşusu Rəfi gələrək ona evdə tək olduğunu demiş və yeyib-içmək üçün onu yaşadığı ünvana dəvət etmişdir. O, Rəfinin təklifini qəbul edərək sonuncunun yaşadığı evin həyətinə getmişdir. O, Rəfinin həyətdə süfrə təşkil etdiyini, iş yoldaşı Səyyafın da orada olduğunu görmüşdür. Rəfi ailə üzvlərinin evdə olmadığını, dost-tanışlarını bir yerə toplayıb qonaqlıq vermək qərarına gəldiyini demişdir. Bundan sonra Rəfinin yaşadığı ünvana onun qohumu Şəxsiyət gəlmişdir. Şəxsiyət özü ilə bir ədəd araq gətirmişdir. Onlar masa arxasında əyləşib birlikdə yemək yemiş və spirtli içki olan araq içmişlər. Təxminən iki saat ərzində onlar yemək yemiş və arağın hamısını içib qutarmışlar. Yemək yeyərkən onlar bir-biri ilə ordan-burdan, müxtəlif mövzularda söhbət etmişlər. Bundan sonra Səyyaf içkili vəziyyətdə Rəfi və Şəxsiyətə ictimai yerdə özlərini apara bilmədiklərini, danışıq və hərəkətlərinə fikir vermədiklərini, hərəkətlərindən “qırro” adama oxşadıqlarını, dünyagörüşlərinin zəif olduğunu demişdir. Şəxsiyət isə Səyyafa “qırro” olmadığını demişdir. Bundan sonra Səyyaf və Şəxsiyətin arasında sözlü mübahisə baş vermişdir. Mübahisə zamanı Səyyaf Şəxsiyətə nalayiq söyüşlər söymüşdür. O və Rəfi Səyyafa sakitləşməsini, içkili vəziyyətdə olduğunu, əks təqdirdə aralarında dava baş verə biləcəyini demişlər. Lakin, Səyyaf içkili vəziyyətdə olduğu üçün onlara məhəl qoymamışdır. Səyyaf Şəxsiyətlə sözlü mübahisə edə-edə həyətdən küçəyə çıxmışlar. Həmin vaxt Səyyaf Şəxsiyətin üstünə hücum çəkib yumruqla sonuncunu vurub yerə yıxmışdır. Sonra Səyyaf təpiklə bir neçə dəfə Şəxsiyətə zərbələr endirmişdir. O və Rəfi Səyyafı tutub kənara çəkmiş və yaşadığı evə getməsini demişlər. Şəxsiyət döyülmüş vəziyyətdə yerdən qalxıb yaşadığı ev istiqamətində getməyə başlamışdır. Həmin vaxt Səyyaf Şəxsiyətin arvadına ağır formada təhqiramiz söyüşlər söymüşdür. Şəxsiyət geri qayıtmaq istəsə də, qayıtmamış və yoluna davam etmişdir. Səyyaf da öz yaşadığı ev istiqamətində getmişdir. Bundan sonra o, Rəfi ilə sağollaşıb yaşadığı evə getmişdir. Saat 23 radələrində o, tanışlarından Səyyafla Şəxsiyətin yenidən dalaşdığını, Şəxsiyətin bıçaqla Səyyafa xəsarət yetirdiyini, Səyyafın Sabunçu xəstəxanasına aparıldığını eşitmişdir. O, Rəfi ilə birlikdə həmin xəstəxanaya getmişdir. Həkimlər Səyyafın xəstəxanaya yerləşdirildiyini və cərrahiyyə əməliyyatı olunacağını demişlər.Şahid2 həmçinin ifadəsində göstərmişdir ki, Şahid1 yaşadığı evin həyətində və küçədə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla mübahisə edib dalaşması təxminən 5-6 dəqiqə ərzində davam etmiş, o və Rəfi aralaşdırdıqdan sonra dava bitmişdir. Həmin vaxt onların yanında və ətrafda başqa heç kim olmamışdır. Səyyaf yumruqla Şəxsiyəti vurub yerə yıxmış və sonra yerdə ayağı ilə Şəxsiyəti bir neçə dəfə vurmuşdur. Sonra o və Rəfi Səyyafı tutub Şəxsiyətdən aralaşdırmışlar. Səyyafı yaşadığı evə yola salarkən sonuncu Şəxsiyətin arvadına ağır təhqiramiz söyüş söymüşdür. Bundan sonra Şəxsiyət çox əsəbləşmişdir. Şəxsiyət sonradan Səyyafın yaşadığı evin yaxınlığında yerləşən küçədə sonuncuya bıçaqla xəsarət yetirmişdir (İ cild, səh. 104-108). 11.Məhkəmə-tibbi ekspertizasının 09 avqust 2023-cü il tarixli, 1929 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol kürəkaltı nahiyənin döş və qarın boşluqların nüfuz edərək sol tərəfli hemopnevmotoraksa (döş və qarın boşluqlarına sərbəst qan və havanın yığılması), diafraqmanın və dalağın yaralanmasına (dalaq cərrahi yolla çıxarılmışdır) səbəb olan 1 (bir) ədəd, sol kürək nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin daxilə nüfuz etməyən 1 (bir) ədəd, qarnın ön divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd, sol bazunun 4 (dörd) ədəd, sağ mil-bilək oynağının 1 (bir) ədəd (cəmi 9 ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla kənar şəxs tərəfindən yetirilə bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sol kürəkaltı nahiyənin döş və qarın boşluqların nüfuz edərək sol tərəfli hemopnevmotoraksa (döş və qarın boşluqlarına sərbəst qan və havanın yığılması), diafraqmanın və dalağın yaralanmasına (dalaq cərrahi yolla çıxarılmışdır) səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol kürək nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin daxilə nüfuz etməyən 1 (bir) ədəd, qarnın ön divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd, sol bazunun 4 (dörd) ədəd, sağ mil-bilək oynağının bir ədəd (cəmi 8 ədəd) deşilmiş-kəsilmiş yaraları isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (İ cild, səh. 127-130). 12.Məhkəmə-tibbi ekspertizasının 03 avqust 2023-cü il tarixli, 1871 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ çiyin, sağ dirsək oynağı və sol bazu nahiyələrinin sıyrıqları, sol dirsək oynağı nahiyəsinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasından (xx.xx.2023-cü il) 3-5 gün əvvələ uyğun gəlir, qərann təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (İ cild, səh. 125-126). 13.«Hadisə yerinə baxış keçirilməsi haqqında» 30 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşir (İ cild, səh. 5-12). 14.«İfadənin yerində yoxlanılması haqqında» 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yolun kənarını göstərib 30 iyul 2023-cü il tarixdə saat 22 radələrində orada Zərərçəkmiş şəxs yaşadığı evdən özü ilə götürdüyü mətbəx bıçağı ilə xəsarət yetirdiyini bildirmişdir. O, hadisədən bir neçə dəqiqə əvvəl Zərərçəkmiş şəxs Şahid1 yaşadığı evin həyətində və küçədə onunla dalaşıb onu döydüyünü, sonra isə arvadının ünvanına nalayiq söyüş söydüyünü, bu səbəbdən əsəbləşib yaşadığı evə getdiyini, evdən bıçaq götürüb oraya gəldiyini, Zərərçəkmiş şəxsla həmin yerdə rastlaşdığını, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini, həmin vaxt ətrafın qaranlıq olduğunu, heç kimin orada olmadığını, sonra oradan yaşadığı evə getdiyini, bıçağı getdiyi istiqamətdə xatırlamadığı ərazidə atdığını, bıçağın yerini göstərə bilməyəcəyini, harada olduğunu bilmədiyini, Səyyafı öldürmək imkanı olsa da bu imkandan istifadə etməyərək özünün Səyyafdan aralaşdığını və Səyyafı öldürmək məqsədinin olmadığını bildirmişdir (İ cild, səh. 40-43). 15.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 26 oktyabr 2023-cü il tarixli, 14052 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 114). 16.«Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə» 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 26). 17.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 4(008)- 612/2023 nömrəli qərardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 iyul 2023-cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 84-85). 18.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 4(008)- 649/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclasında həbsdən azad olunmuşdur (İ cild, səh. 93-97). 19.«Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında» 31 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 115-116). 20.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X2 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 160-161). 21.İş materiallarında olan 09 avqust 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir (İ cild, səh. 88). 22.İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il və xx.xx.2012ci il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 23.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 24.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 25.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 26.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 27.Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma olan ictimai təhlükəli əməl hesab olunur və cinayət məsuliyyəti yaradır. 28.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 29.Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən 1 (bir) ədədi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olması, xəsarətin deşici-kəsici alətin (alətlərin) təsirindən törənməsi, bıçaqla kənar şəxs tərəfindən yetirilə bilməsi, törənmə müddətinin xx.xx.2023-cü il tarixə uyğun gələ bilməsi müəyyən edilir və həmin xəsarətlərin zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi məhkəmə istintaqı zamanı araşdırılmış subutlarla tam təsdiq olunur. 30.Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 31.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 32.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər. 34.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin Şəxsiyətinə uyğun olmalıdır. 35.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 36.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın Şəxsiyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 37.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.12-ci maddələrinin tələblərini rəhbər tutaraq, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 38.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 39.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 40.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. 41.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. 42.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 43.Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında əsas cəza tədbiri qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması kimi yüngülləşdirici halların məcmusunu, habelə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, törətdiyi cinayət əməlinə mənfi münasibəti kimi halları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, eləcə də zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasına dair xahişinin nəzərə alınmaması ilə nəticələnə bilər və faktiki mahiyyətini itirə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. 44.Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. 45.Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. 46.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 47.Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 48.Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. 49.Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. 50.Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. 51.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 52.«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 25-ci bəndinə qeyd olunur ki, «Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir». 53.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 55.İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 56.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti başa çatanadək davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar