Məhkəmə qərarları › İş №1(101)-1142/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1142/2021

09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1142/2021 09.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1982-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Zəngilan rayonu, Zəngilan şəhəri, H.Hacıyev küçəsi ev 1-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən fərdi evdə yaşamış, 12 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 avqust 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab olunan heroini və kulli miqdarda psixotrop maddə hesab olunan metafetamini əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayının əvvəllərində Sumqayıt şəhərinin Corat qəsəbəsində naməlum mənbədən, satış məqsədi ilə külli miqdarda bir ədəd şəffav rəngli selofan kəsiyi bükümündə və bir ədəd qara rəngli selofan kəsiyi bükümündə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil olan ayrı-ayrılıqda çəkiləri 43,696 qram və 52,705 qram - ümumi çəkisi 96,401 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini və bir ədəd qara rəngli selofan kəsiyi bükümündə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan ağ rəngli kristal formada təmiz çəkisi 28,964 qram olmaqla külli miqdarda metamfetamin psixatrop maddəsini qanunsuz əldə edib daşıyaraq yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən fərdi evə gətirərək həmin evdə saxlamışdır. 12 avqust 2020-ci il tarixdə, saat 01 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron Rayon Polis İdarəsinin (bundan sonra: RPİ) əməkdaşları tərəfindən saxlanılaraq onun yaşadığı ünvana baxış keçirilən zaman evin giriş hissəsinin sağ tərəfində yerləşən yataq otağında quraşdırılmış çarpayının üzərindəki balıncın altından ayrı-ayrılıqda çəkiləri 43,696 qram və 52,705 qram - ümumi çəkisi 96,401 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi və bir ədəd qara rəngli selofan kəsiyi bükümündə ağ rəngli kristal formada təmiz çəkisi 28,964 qram olmaqla külli miqdarda metamfetamin psixatrop maddəsi polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür ki, qeyd olunan bu hərəkətldəri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və külli miqdar təşkil etməyən miqdarda metafetamin psixotrop maddəsi alıb əldə etməsi, daşıması, saxlaması və satması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməsə də, tutulmazdan təxminən 4-5 ay əvvəl narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Tutulduğu gün səhər-səhər Sumqayıt şəhərinin Corat qəsəbəsində dəniz kənarında maşında olub dayanıb gözlərkən yolun əks tərəfində bir nəfər şəxsin əlində bir bükülü gətirib qazpaylayıcı qurğunun yanına qoyduğunu və şəklini çəkib təcili getdiyini görmüşdür. Son zamanlar o, narkotik vasitə satıcılarının satacaqları narkotiki müəyyən yerlərə qoyub şəklini çəkərək alıcılara göndərdiklərini, alıcının isə həmin şəkillər üzrə gedib həmin narkotik vasitəni götürdüklərini eşidib bilmişdir. Ona görə də o, naməlum şəxsin qoyduğu və şəklini çəkdiyi həmin bükülünün içərisindəkinin narkotik olduğunu təxmin etmiş, maşından düşərək gedib selofanda olan həmin bükülünü götürmüş və yaşadığı evə aparmışdır. Bükülünü götürdükdən sonra selofanın içərisinə baxmış, iki ədəd bükülüdə narkortikə oxşar maddə olduğunu görmüş, lakin evdə qonağı olduğundan bükülü paketi açıb içinə baxmağa, maddənin nə olmasını dəqiqləşdirməyə imkanı olmamış və balışının altında gizlətmişdir. Tapıb götürdüyü bükülüdəkinin şüşə adlandırılan psixotrop maddə və heroin narkotik vasitəsi olduğunu tutulduqdan sonra dəqiqləşdirmişdir. Onun evdə narkotik vasitə saxlamasından ailə üzvlərinin məlumatı olmamış, heç kimə narkotik vasitə satmamış, özü narkotik vasitələrin istifadəçisi olduğundan tapıb əldə etdiyi həmin narkotik vasitəni və psixotrop maddəni özünün şəxsi istifadəsi üçün saxlamışdır. 12 avqust 2020-ci il tarixdə, saat 01 radələrində yaşadığı evdə tək olmuş, yaşadığı evin qapısı isə açıq vəziyyətdə olmuşdur. Həmin vaxt bir nəfər polis formasında, 2 nəfər isə mülki geyimli polis əməkdaşı evə daxil olub polis əməkdaşları kimi özlərini təqdim etmiş, onun narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu və buna görə onun üzərində şəxsi axtarış və götürmə aparılacağı deyilmiş, həmçinin yaşadığı evdə baxış və götürmə istintaq hərəkətləri keçiriləcəyi ona bildirilmişdir. O, yaşadığı evə baxış keçirilməsinə və üzərində şəxsi axtarış aparılmasına heç bir etiraz etməmişdir. Yaşadığı fərdi yaşayış sahəsinə baxış keçirilməzdən öncə ona hüquq və vəzifələri tam olaraq izah olunmuşdur. Daha sonra evə polis əməkdaşları ilə birlikdə daxil olmuşlar. Ona yaşadığı evdə dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuşdur. O da evin giriş hissəsinin sağ tərəfindən yerləşən yataq otağına keçib orada olan çarpayılardan birinin üzərində olan balıncı qaldırmış, balıncın alt hissəsinə qoyduğu iki ədəd bükümü onlara təqdim etmiş və həmin kütlələrin el arasında «kokos» və «şüşə» kimi tanınan narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş və təxminən 1 həftə öncə Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində, dəniz sahilində təsadüfən tapdığını və özünün şəxsi istifadəsi üçün götürüb saxladığını və yaşadığı evə gətirdiyini bildirmişdir. Həmçinin baxış zamanı digər otaqlara da baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Onun təqdim etdiyi həmin kütlələrin içərisinə baxış keçirilmiş, zərfə qoyularaq üzəri möhürlənmiş və bütün iştirakçılar, o cümlədən onun müdafiəçisi Rasim Əliyev və onun özü tərəfindən imzalanmışdır. Yekunda baxış və götürmə barədə müvafiq protokol tərtib olunmuş və imzalarla təsdiqlənmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, evinə baxış və götürmə aparıldıqdan sonra üzərində də şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, lakin üzərində dövriyyəsi qanunla qadağan olunan əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Qeyd olunan bütün istintaq hərəkətləri zamanı hal şahidləri iştirak etməmiş, bütün proses video kamera vasitəsi ilə videolentə alınmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Abşeron RPİ-nin X2 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi barədə ona etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra Abşeron RPİnin TŞ-nin təhqiqatçısı polis kapitanı X3 və Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2dan və onun özündən ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmışdir. O, təhqiqatçı Cavanşir Mansirov və əməliyyatçı Şahid2lə bir yerdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 12 avqust 2020-ci il tarixdə, saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən fərdi evin qarşısına getmişlər. Evin sahibi, barəsində əməliyyat məlumatı daxil olmuş Təqsirləndirilən şəxs həmin evin qarşısında onların qarşısına çıxmışdır. Onlar özlərini təqdim edib Təqsirləndirilən şəxs onun narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və yaşadığı evə baxış keçiriləcəyi və üzərində şəxsi axtarış aparılacağı barədə xəbərdar edilmişdir. Təqsirləndirilən şəxs ona məxsus evə baxış keçirməsinə və üzərində şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlamazdan əvvəl ona təhqiqatçının qərarı ilə Abşeron rayon Vəkil Bürosundan təyin olunmuş vəkil X5 təqdim olunmuş, hüquq və vəzifələri izah edilmiş və üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış nəticəsində qanunla qadağan edilmiş əşyalar aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman evin yataq otağında solda olan çarpayının üzərindəki balıncın altından bir-birinin içərisinə yerləşdirilmiş iki ədəd qara rəngli sellofan kəsiyində olan bükülmlər və həmin bir ədəd şəffav rəngli sellofana bükülmüş büküm çıxararaq təqdim etmişdir. Həmin bükümlərə baxdıqa bükümlərdən iki ədəd qara rəngli sellofan bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə, bir ədəd şəffav sellofan bükümün içərisində isə ağ rəngli kristal formada maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin yataq otağında solda olan çarpayının üzərində olan balıncın altından çıxararaq təqdim etdiyi bir-birinin içərisində olan iki ədəd qara rəngli sellofana bükülmüş bükümün içərisində olan narkotik vasitə heroin, bir ədəd şəffav sellofan bükümün içərisində isə psixiatrop maddə olan metamfetamin olduğunu bildirmiş, həmin narkotik vasitəni və psixotrop maddəni bir həftə əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsində dəniz kənarında olan zaman tapmış və narkotik vasitələr qəbul etdiyinə görə özü ilə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən fərdi evinə daşımışdır. Şahid1 ifadəsinin yekununda göstərdi ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddə xüsusi olaraq zərfdə qablaşdırılmış, möhürlənmiş, imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokol ucadan oxunmuş və bütün iştirakçılar, o cümlədən imzalarla təsdiq etmişlər. Qeyd olunan bütün istintaq hərəkətləri video kamera vasitəsi ilə videolentə alınmış, video disk protokola əlavə edilmişdir. Prosesdə hal şahidləri iştirak etməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin digər əməkdaşı Şahid2 məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan baxış keçirilməsi və götürmə haqqında 12 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşdaığı Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evinə Abşeron RPİ-nin əməkdaşları tərnəfindəçn baxış keçirilmiş, baxış zamanı təhqiqatçı əməkdaşın təklifinə əsasən Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında solda olan çarpayının üzərində olan balıncın altından bir-birinin içərisində olan iki ədəd qara rəngli sellofanda olan bükülünü və bir ədəd şəffav rəngli sellofanda olan bükülünü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqdim olunan bükümlərə baxış keçirilir, bükümlərdən iki ədəd qara rəngli sellofan bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə, bir ədəd şəffav sellofan bükümün içərisində isə ağ rəngli kristal formada maddə olduğu müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs izah verib göstərmişdir ki, yaşadığı evinin yataq otağında solda olan çarpayının üzərində olan balıncın altından çıxararaq təqdim etdiyi bir-birinin içərisində olan iki ədəd qara rəngli sellofana bükülmüş bükümlərin içərisində olan maddə heroin narkotik vasitəsi, bir ədəd şəffav sellofan bükümün içərisində olan maddə isə metamfetamin psixiatrop maddəsidir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, Təqsirləndirilən şəxs izahatında təqdim etdiyi narkotik vasitəni və psixiatrop maddəni bir həftə əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsində dəniz kənarında olan zaman tapmış və narkotik vasitələr qəbul etdiyinə görə özü ilə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən fərdi evinə gətirməklə daşıdığını göstərmişdir (iş vərəqə: 24-25). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan şəxsi axtarış və götürmə barədə 12 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərində iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı əşya, o cümlədən narkotik vasitələr və ya psaixotrop maddələr aşkar edilməmiş və götürülməmişdir (iş vərəqə: 26-27). Məhkəmə baxışı zamanı tədqiq olunan baxışı, şəxsi axtarış və götürmə barədə hər iki protokolla müəyyən edildi ki, Təqsirləndirilən şəxs saxlanılması, onun yaşayış evinə baxış keçirilməsi, üzərində şəxsi axtarış aparılması, evdən narkotik vasitəyə, psixotrop maddəyə şübhəli maddələrin götürülməsi prosesi «Panasonic» markalı videokamera vasitəsi ilə videolentə alınmış, videoçəkiliş bir ədəd DVD diskə yerləşdirilmiş və müvafiq protokola əlavə edilmişdir. Qeyd olunan DVD farmatlı diskə baxış keçirilməsi haqqında protokolun məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tədqiq olunan protokolda Təqsirləndirilən şəxs saxlanılması, onun yaşayış evinə baxış keçirilməsi, üzərində şəxsi axtarış aparılması, evdən narkotik vasitəyə, psixotrop maddəyə şübhəli maddələrin götürülməsi barədə qeyd olunanlarla sonuncunun evinə baxış keçirilməsi, şəxsi axtarış və götürmə barədə 12 avqust 2020-ci il tarixli protokolda qeyd olunanlar eynilik təşkil edir və hər hansı qanun pozuntusu müəyyən edilməmişdir (iş vərəqə: 49-52). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs saxlanılması, onun yaşayış evinə baxış keçirilməsi, üzərində şəxsi axtarış aparılması, evdən narkotik vasitəyə, psixotrop maddəyə şübhəli maddələrin götürülməsi barədə 12 avqust 2020-ci il tarixli prosesi özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş və nümayiş olunan videogörüntülərlə müəyyən olundu ki, videogörüntülər baxış keçirilməsi və götürmə haqqında 18 may 2020-ci il tarixli protokolla, həmçinin qeyd olunan DVD diskə baxış keçirilməsi haqqında protokolla uyğunluq təşkil edir (cinayət işinə əlavə edilmişdir). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizanın 12 avqust 2020-ci il tarixli, 6/1523 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs... yazısı olan paketdə 01(bir) ədəd şəffav poletilen bükümdə təmiz çəkisi 43,696 qram açıq qəhvəyi rəngli, daşlaşmış vəziyyətdə olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiq olunan rəydən görünür ki, bir ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış və qara rəngli poletilendə qablaşdırılmış 2 (iki) ədəd şəffav poletilen bükümdə təmiz çəkisi 52,705 qram olan tünd qəhvəyi rəngli, toz şəkilli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisi 96,401 qram təşkil edir. Bundan başqa, tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ağ kristaldan ibarət, kustar üsulla hazırlanmış maddə metanfetamin psixiatrop maddəsidir və təmiz çəkisi 28,964 qram təşkil edir. Tədqiq olunan rəylə müəyyən olunur ki, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş siyahı»ya əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin», metamfemin isə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxildir. (Siyahı 1).(iş vərəqə: 39-41). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 26 oktyabr 2020-ci il tarixli, 2988 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində asıllıq sindromu - narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 115-116). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməyədək icraat mərhələsində qəbul edilmiş 24 avqust 2020-ci il tarixli, həmçinin sübutların qiymətləndirilməsi barədə 26 oktyabr 2020-ci il tarixli qərarlardan görünür ki, həmin iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 96,251 qram çəkidə heroin narkotik vasitəsi və 28,864 qram çəkidə metanfetamin psixatrop maddəsi, Təqsirləndirilən şəxs saxlanılması, onun yaşayış evinə baxış keçirilməsi, üzərində şəxsi axtarış aparılması, evdən narkotik vasitəyə, psixotrop maddəyə şübhəli maddələrin götürülməsi barədə 12 avqust 2020-ci il tarixli prosesi özündə əks etdirən bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 96,251 qram çəkidə heroin narkotik vasitəsi və 28,864 qram çəkidə metanfetamin psixatrop maddəsi saxlanılması üçün Abşeron RPİ-nin “maddi sübutların saxlanılması otağına” təhvil verilmiş, bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmışdır (iş vərəqə: 81, 117-124). Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumi çəkisi 96,401 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi və 28,964 qram olmaqla külli miqdarda metamfetamin psixatrop maddəsi aşkar edilib götürülməsi faktına görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq olunmuş həmin cinayət işindən, aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə ayrıca icraatda cinayət işi ayrılmışdır(iş vərəqə: 81, 238-242). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə etdiyi heroin narkotik vasitəsinin təmiz çəkisi 96,401 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi isə 28,864 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş həm heroin narkotik vasitəsi və həm də metamfetamin psixotrop maddəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi heroin narkotik vasitəsinin təmiz çəkisinin 96,401 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin isə 28,864 qram miqdarda olmaqla “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununda nəzərdə tutulan külli mirqdar hədlərindən dəfələrlə çox olması, aşkar edilmiş heroin narkotik vasitəsinin müxtəlif miqdarlarda 02 ədəd bükümlərdə olması, aşkar edilib götürülmüş vasitələrin müxtəlif növlərdə olması və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını və daşımasını bir daha təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, ondan aşkar edilib götürülən heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini təsadüfən tapması və aşkar edilib götürülənədək tapdığı bükülülərdəki əşyaların nə olduğunu dəqiqləşdirmədiyi barədə göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 19 aprel 2020-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır (iş vərəqə: 89-91, 99-104). Məhkəmə Təqsirləndirilən şəxs baxılan cinayət işi üzrə törətmiş olduğu cinayət əməlinin 12 avqust 2020-ci il tarixdə aşkarlandığını, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olduğunu qeyd edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum edilmiş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaradır və bu hal cəza təyin edilərkən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə (Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi) əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi (Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi) cinayətin residivini yaradır. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2007 və 2008-ci il təvəllüdlü iki nəfər azyaşlı uşaqları vardır, Zəngilan rayonundan məcburi köçkündür və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, onun Zəngilan rayonundan məcburi köçkün olmasını və məskunlaşdığı yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən, əməlinin cinayətlərin residivini yaratmasını isə Azərbaycan Respublikası CM-nin 61.1.1-cı maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar qismində nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddəsinə əsasən isə cinayətlərin resedivi cəzanı ağırlaşdıran hallardan biridir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində residivə görə cəza təyinetmənin tələbləri nəzərə alınmaqla, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin ediləcək cəza həmin maddənin sanksiyasında konkret olaraq nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 26 oktyabr 2020-ci il tarixli, 2988 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1-ci və 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən onun əməlinin cinayətlərin residivini yaratmasını və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini qeyd edir və Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, onlar təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 12 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs 12 avqust 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 avqust 2020-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 12 avqust 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi qiymətləndirilməklə Abşeron RPİ-nin “maddi sübutların saxlanılması otağı”nda saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 96,251 qram çəkidə heroin narkotik vasitəsi və 28,864 qram çəkidə metanfetamin psixatrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs saxlanılması, onun yaşayış evinə baxış keçirilməsi, üzərində şəxsi axtarış aparılması, evdən narkotik vasitəyə, psixotrop maddəyə şübhəli maddələrin götürülməsi barədə 12 avqust 2020-ci il tarixli prosesi özündə əks etdirən bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmışdır. İş üzrə məhkəmə məsrəfləri – 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxsdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 12 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq halda çəkisi 96,251 qram olan heroin narkotik vasitəsi və 28,864 qram çəkidə metanfetamin psixatrop maddəsi məhv edilsin; - Təqsirləndirilən şəxs saxlanılması, onun yaşayış evinə baxış keçirilməsi, üzərində şəxsi axtarış aparılması prosesini özündə əks etdirən bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri - 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar