Məhkəmə qərarları › İş №1(101)-1142/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1142/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1142/2024 14.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi - X3, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində – CM) 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 14 iyun 2023-cü il tarixdə, saat 11 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmadan idarə etdiyi, qohumu Zərərçəkmiş şəxs məxsus “İnfiniti FX-35” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində, Azərbaycan Respublikası “Qobustan Milli Qoruğu” yolu ilə “Qobustan Milli Qoruğu” istiqamətində asfalt yolla 120 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka ziyan vurmamalı, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə riayət etməyərək mövcud şəraitdə idarəetməni itirərək avtomobili hərəkətdə olduğu yolun sol tərəfinə istiqamətləndirib aşırmış, nəticədə ehtiyyatsızlıqdan avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, sol bazu nahiyəsinin, burun belinin, sol çiyin qurşağının arxa səthinin, sağ bazu nahiyəsinin, döş qəfəsinin arxa səthinin qançırları, başın alın nahiyəsinin, sol said, alt dodaq və alt çənə nahiyələrinin sıyrıqları dərəcələrinə görə, ümumilikdə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, hadisə günü zərəçəkmiş şəxs onu gəlib evdən götürmüşdür. Son zəng günü olduğu üçün gəzdikdən sonra zərərçəkmiş şəxsə restoranda oturmağı təklif etmiş, sonuncu onunla razılaşmışdır. Zərərçəkmiş şəxs də ona dağa gedib orada yeyib-içməyi bildirmişdir. O da əvvəllər zərərçəkmiş şəxsin belə təklifləri olsa da razılaşmamış, amma hadisə günü razılaşmışdır. Zərərçəkmiş şəxslə dağa gedib yeyib-içdikdən sonra evə qayıdırmışlar. Dağdan qayıdanda yolda Həbibdən avtomobili öyrənmək üçün sürmək istəmiş, sonuncu da avtomobili ona vermişdir. Yenicə sükan arxasında əyləşmiş və yol gedirmişlər, birdən avtomobilin qaz pedalında problem yaranmışdır. Qaz pedalında yaranmış problemi aradan qaldırmaq üçün Həbib ona sürəti biraz da artırmağını bildirmişdir. O da Həbib dediyi kimi etmiş, amma heç bir şey alınmamışdır. Qabaqda döngə olmuş, döngəyə 100 metr qalmış Həbib avtomobilin sükanını əlindən alıb fırlatmışdır. Həmin vaxt avtomobilin təkəri çökəkliyə düşən kimi avtomobil çevrilmiş, bundan sonra özündə olmamış, ayılanda isə yerdə uzandığını görmüşdür. Özünə gələndən sonra bir təhər toparlanıb ayağa qalxmışdır. Avtomobilə baxdıqda avtomobildə kiminsə olduğunu görməmişdir. Tanımadığı bir şəxs kənarda kiminsə olduğunu bildirmişdir. Həmin şəxs Həbib olmuş, sonuncu ağzı qanlı yerə uzanmış, o, ağlamağa başlamış, Həbibin ölməyini istəməmişdir. O da Həbibin yanında uzanmış, daha sonra isə X18 gəlib onu aparmış, nə qədər kömək etməkləri üçün yalvarsa da kömək etməmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, qaz əyləcində problem yaranan vaxtı avtomobilin əyləc sistemi də işləməmişdir. İbtidai istintaqda avtomobilin əyləc sisteminindəki problemin qeyd olunub-olunmamasını dəqiq bilmir. Onun sürücülük hüququ yoxdur. Sürücülük hüququ olmadığını bilirmiş, sadəcə öyrənmək niyyəti ilə avtomobili götürmüşdür. İbtidai istintaqda 1-ci dəfə ifadə verəndə avtomobili zərəçəkmiş şəxsin idarə etdiyini demiş, lakin sonradan avtomobili özünün idarə etdiyini bildirmişdir. Qaz pedalında problemin olmasını zərərçəkmiş şəxsin hüquqi varisi bilirdi. O, avtomobili 50-60 km/saat sürətlə idarə etmiş, sürəti 80 km/saat sürətə qaldırmaq istəyəndə qaz pedalında problem yaranmışdır. Həbib problemin aradan qaldırılması üçün sürətin biraz da artırmasını bildirmişdir. Avtomobilin sürəti 100-120 km/saat sürətə qalxsa da qaz pedalında problem aradan qalxmamış və hadisə baş vermişdir. Qaz pedalında problem yarananda əyləcdən istifadə etmək istəyəndə əyləc də işləməmişdir. Ailə üzvlərindən atası Həbibin mərasimlərində iştirak etmişdir. Həbiblə doğma qardaş kimi olmuşlar. Hadisə günü spirtli içki içməmiş, ümumiyyətlə spirtli içki içən olmamışlar, çünki hər ikisi namaz qılırdılar. Avtomobillə hərəkətdə olduqları vaxt yağışdan sonra yaranan çökəkliyə avtomobilin təkəri düşdükdən sonra çevrilməyə başlamışdır. Avtomobilin əl əyləci var idi, amma ondan istifadə etmək heç birinin ağlına gəlməmişdir. Ümumiyyətlə avtomobildən anlayışı var. Hadisədən qabaq 1 dəfə avtomobil idarə etmişdir. Həbibin avtomobilini isə ilk dəfə sürürdü. Hadisə baş verəndə artıq avtomobilin sürəti 100-120 km/saat olardı. Hadisədən sonra bir təhər özünə gəlib ayağa qalxmış və Həbibə yaxınlaşanda sağ idi, nəfəs alırdı. O, hadisə vaxtı qolu və çiyni sınmış, kəllə-beyin travması almış və beli, qolları sıyrılmışdır. Hadisə zamanı avtomobili o, idarə etmişdir. Son zəng günü şəhərdə avtomobillərin sıxlığı çox olduğunu bilir, amma onlar şəhərdən kənarda olduqları üçün avtomobili idarə etməyi Həbibdən istəmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinə avtomobilə dəymiş ziyanı ödəmək fikirləri var. Hadisə zamanı sol qaşı partlamış, amma tikiş qoymamışlar, qolunda, başında və digər nahiyələrində xəsarətləri var. Hadisədə aldığı xəsarətlərlə bağlı xəstəxanada olmuş və hamısı qeydiyyata alınmışdır. Hadisədən sonra qorxduğu, çəkindiyi və özündə olmadığı üçün, hadisəni xatırlamadığı üçün ibtidai istintaqda əvvəllər fərqli ifadə vermiş, sonradan hadisədə baş verənlərin hamısı yadına düşdüyü üçün olduğu kimi ifadə vermişdir. İlk ifadəsində hadisə zamanı avtomobili zərərçəkmiş şəxs idarə etdiyini bildirmiş, hadisədən sonra özündə olmadığından müstəntiq ilk ifadəsini xəstəxanada aldığı üçün həmin vaxt fərqli ifadə vermişdir. O, etdiyi əməldən peşmandır, hadisə istəmədən baş vermiş, zərərçəkmiş şəxsin hüquqi varisinə azadlığa çıxdıqdan sonra övladlıq edəcək, oğlu əvəzinə vəzifə borcunu yerinə yetirəcəkdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs dayısı oğludur. Həbibin özünə məxsus “İnfiniti FX-35” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Zərərçəkmiş şəxslə məlum hadisəyə qədər çox yaxşı münasibəti olmuşdur, onunla arasında hər hansı bir ədavət və narazılıq olmamışdır. Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “X9” kran maşinisti işləmiş, lakin onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. Kran idarə etmək üçün sertifikat almış, həmin sertifikat əsasında kranı idarə etmiş, lakin kran sürməmişdir. Yəni kranla zavod ərazisində yük qaldırma və boşaltma işlərinə baxmışdır. 14 iyun 2023-cü il tarixdə, saat 11 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsində dayısı oğlu Həbiblə görüşmüşdür. Həbib özünə məxsus “İnfiniti FX-35” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Həmin vaxt Həbib ona bildirmişdir ki, Qobustan Muzeyinə gedib orada qutabla çay içsinlər, o, Həbibin təklifi ilə razılaşıb onun idarə etdiyi avtomobilə əyləşmiş və birlikdə Qobustan Muzeyinə getmişlər. Orada olan restoranda qutab və çay sifariş etmişlər. Qeyd etmişdir ki, o, özü həmdə Həbib namaz qılaraq ibadət edir, spirtli içkilərdən istifadə etmirlər. Orada qutabla çay içdikdən sonra yenidən Qobustan qoruğuna doğru hərəkət etməyə başlamışlar. Yolda Həbibdən xahiş etmişdir ki, idarə etdiyi avtomobili sürmək istəyir. Həbib də onun xahişini nəzərə alıb avtomobili saxlamış və o sükan arxasına keçmişdir. Həbib özü isə qabaq sağ oturacaqda sərnişin qismində əyləşmişdir. O, Həbibə məxsus “İnfiniti FX-35” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili Qobustan qoruğu yolu ilə Qobustan qoruğu istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt avtomobili 50-60 km/saat sürətlə hərəkət etdirirdi. Təxminən saat 13 radələrində o, özü sükan arxasında olduğu zaman həmin avtomobillə təxminən 1 km-dən çox məsafə qət etdikdən sonra ayağını qaz əyləcinə sıxmışdır ki, biraz da sürətli getsinlər, bu zaman avtomobilin qaz əyləci ilişmişdir. O, Həbibə demişdir ki, qaz əyləci ilişib, Həbib də bildirmişdir ki, qaz əyləcini bir də sıxım, təkrar açılacaq. O, Həbibin dediyi kimi qaz əyləcini birdə sıxmış, bu zaman avtomaşın daha da sürətlənmişdir. Hərəkətdə olduğu yolda təxminən 100 metr aralı məsafədə sərt döngə olmuşdur. O, hərəkətdə olan zaman ani olaraq Həbib avtomobilin sükanından tutub sol istiqamətə döndərmişdir. Artıq o, idarə etməni itirmiş və avtomobil yolun torpaq hissəsinə çıxmışdır. Avtomobilin qabaq təkərləri xəndəyə düşən kimi avtomobil aşmağa başlamış və həmin an zərbənin təsirindən o, huşunu itirmişdir. Təxminən 5 dəqiqə sonra özünə gələndə görmüşdür ki, yerdə torpağın üstündə uzanmış vəziyyətdədir və sifətindən qan gəlir. Bir təhər ayaq üstə qalxmış və görmüşdür ki, Həbibin avtomobili əzilmişdir. O, yavaş-yavaş əyilmiş vəziyyətdə avtomobilə yaxınlaşıb avtomobilin içinə baxdıqda Həbibin avtomobildə olmadığını görmüşdür. Sonra səs eşitmiş, tanımadığı kişi cinsli şəxs bildirmişdir ki, burada bir nəfər adam var. O, görmüşdür ki, Həbib avtomobildən bir qədər aralıda torpağın üzərində ağzı üstə uzanmışdır. Bir təhər Həbibə yaxınlaşmış, həmin vaxt Həbibin ağzından qan gəlirmiş, heçnə danışa bilməmiş, eləcə də çətinliklə nəfəs alırdı. Həmin vaxt X18ın işçiləri onu X18 avtomobilinə əyləşdirmiş, avtombilə minərkən Həbib orda qalmışdır. O, X18 avtomobilinin işçilərindən xahiş etmişdir ki, Həbibə kömək etsinlər. X18 avtomobilində olarkən huşu özündən getmiş və huşu özünə gələndə görmüşdür ki, xəstəxanadadır, həkimlər ona tibbi yardım göstərirlər. O, verilən suallara cavab olaraq göstərmişdir ki, törətmiş olduğu yol nəqliyyat hadisəsi 14 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Qobustan qoruğu yolunda Qobustan qoruğu istiqamətində baş vermişdir. Onun üçün təhlükə qaz əyləci ilişdiyi andan yaranmış və həmin andan “İnfiniti FX-35” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət hissəsindən çıxana kimi təxminən 4-5 saniyə vaxt keçmişdir. Onun zənnincə, Həbib həmin an düşünmüşdür ki, avtomobil sərt döngədən dönməyərək hadisə olacağını güman etdiyi üçün Həbib sükanı sol tərəfə burmuş, belə ki, o sürətlə hərəkti davam etdirib sərt döngədən dönə bilməsəydilər hər ikisi də ölə bilərdi. Həmin an o, çox həyacanlı olmasına baxmayaraq avtomobilin sürəti təxminən 120-130 km/saat olarmış, çünki o, ikinci dəfə qaz əyləcini sıxdıqda avtomobilin sürəti ani olaraq yüksəlməyə başlamışdır.O, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığını, hadisə zamanı yol örtüyü asfalt olmaqla quru halda olduğunu, hadisə zamanı spirtli içki nə də ki, narkotik vasitə qəbul etmədiyini, ümumiyyətlə həm spirtli içkilərdən, həmdə narkotik vasitələrdən istifadə etmədiyini, çünki namaz qılaraq ibadət etdiyini bildirmişdir. Həmin vaxt avtomobildə yük olmadığını, hadisə vaxtı avtomobildə onun özü ilə Həbibdən başqa heç kimin olmadığını, hadisə zamanı sükan arxasında özünün olduğunu, avtomobili özünün idarə etdiyini, ekspertizanın verdiyi rəylərlə tamamilə razı olduğunu və törətdiyi cinayət hadisəsindən peşman olduğunu, hadisədən sonra dayısı oğlu Həbibin rəhmətə getdiyini öyrəndiyini, çox möhkəm qorxduğunu və hansı səbəbdən hadisə barədə ilkin olaraq düzgün ifadə vermədiyini heç özünün də bilmədiyini, törətmiş olduğu yol nəqliyyat hadisəsi barədə heç kimin məlumatının olmadığını, heç kimin ona yalan ifadə vermək barədə nəyisə izah etmədiyini, nəyə görə yalan danışdığını özünün də bilmədiyini göstərmişdir. Bir müddət keçdikdən sonra vicdan hissi onu çox narahat edirmiş, çünki onun mərhum dayısı oğlu Həbiblə çox yaxşı münasibəti olmuşdur. Həbibin rəhmətə getməyinə inana bilməmiş, həmçinin istintaqa yalan verdiyi ifadəyə görə çox narahat olmuşdur. 13 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında fikirləşib qərara gəlmişdir ki, istintaqa gedib törətdiyi yol nəqliyyat hadisəsi barədə düzgün ifadə verəcəkdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 göstərmişdir ki, hadisə günü evdə olmuşdur. Avtomobil qəzaları olması barədə xəbər gəlmişdir. Son zəng günü çoxlu avtomobil qəzaları olur. Həmin günü də, son zəng günü olduğu üçün qəza törətmiş şəxslərdən biri onun oğlu olmasına inanmamışdır. Daha sonra isə zəng gəlmişdir ki, oğlu Həbib avtomobil qəzası törədib. O, suallara cavab olaraq bildirmişdir ki, hadisə olan gündən şikayətçi olmamış, sadəcə ona dəymiş ziyanın ödənilməsini istəyir. Qəza zamanı aşmış avtomobil oğluna məxsus olmuşdur. Avtomobili oğlu özü almışdır. Avtomobilə 18600 manat dəyərində ziyan dəymişdir. 18600 manat avtomobilin təmirinə lazım olacaq xərclərdir. Avtomobil hal-hazırda da cərimə meydançasındadır. Avtomobilin hər bir sistemi işləyirdi. Aşmış avtomobildə 1 dəfə qaz əyləcində problem olmuş, amma əyləc sistemində problem olmamışdır. Hadisə düz yolda baş vermişdir. Onun heç bir şikayəti yoxdur, amma avtomobilə dəymiş ziyanla bağlı tələbi var. Oğlunun hüzr mərasimi ilə bağlı təqsirləndirilən şəxsin yaxın qohumları köməklik göstərmişlər. Qaz əyləcində olan problemlə bağlı avtomobili ustaya aparmamışlar, oğlu maaşını alanda aparacağını demişdir. Qaz əyləcində yaranmış problem baş vermiş hadisədən 20 gün əvvəl də olmuşdur. Avtomobildə ilk dəfə qaz əyləcində problem olan vaxt oğlu tək olmuşdur. Evə gələndə avtomobildə olan problemi demişdir. Qaz əyləcində problem olanda oğlunun dediyinə görə ayağı ilə əyləcin arxasından itəliyərək düzəltmişdir. Hadisə baş verən günü məktəblərdə son zəng günü idi. Təqsirləndirilən şəxs onun bacısı oğludur. Təqsirləndirilən şəxsin ailə üzvləri avtomobilə dəymiş 13600 manat ziyanla bağlı heç bir pul ödəməsələr də, amma öz aralarında razılığa gəlmişlər, bank hesabı açdırıb hər ay ora ödəniş olunacaqdır. Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbim yoxdur. Məhkəməyə barışıqla bağlı ərizə təqdim etmiş, təqsirləndirilən şəxsin ailə üzvləri ilə barışmış, avtomobilə dəymiş ziyanı da tələb etmir. Ümumiyyətlə, avtomobilə dəymiş ziyanı da istəmir. Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti, heç bir tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin cəza məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, günorta vaxtı qəza ilə bağlı xəbər etmişlər. Hadisə yerinə çatanda Zərərçəkmiş şəxs yerdə uzanmış, oğlu Təqsirləndirilən şəxs isə X18 maşınında olmuşdur. Təqsirləndirilən şəxs ikinci X18 maşını gəldikdən sonra xəstəxanaya aparmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, hadisə yerində olarkən oradakı şəxslər qəza baş verdiyini bildirdi. «İnfiniti FX-35» markalı avtomobil təkərlərinin üzərində dayanmışdı. «İnfiniti FX-35» markalı avtomobildə olan hər iki şəxs hadisə yerində idi. Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə, Təqsirləndirilən şəxs isə X18 maşınında idi. Polislər Təqsirləndirilən şəxs xəstəxanaya apardıqdan sonra hadisə yerinə gəlmişlər. Hadisə yerində onlardan başqa Qobustan qəsəbəsinin sakinlərindən var idi. Hadisə yerində olan başqa şəxslər qəzanın kim tərəfindən törədildiyini bilmirdi. Onlar orda olan vaxt polislər gəlməmişlər. Polisə kimin məlumat verdiyini bilmir. X18a hadisə yerində olan Qobustan sakinlərindən kimsə məlumat vermişdi. Hadisə yerinə çatanda Təqsirləndirilən şəxs vəziyyəti pis idi. Zərərçəkmiş şəxs qaldırmış və vəfat etdiyini görmüşdür. Hazırda Zərərçəkmiş şəxs ailəsi ilə münasibətləri yaxşıdır. Zərərçəkmiş şəxs ailəsinə maddi və mənəvi dəstək olmuşlar və sonuncular tərəfdən hər hansı şikayət yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadənin doğru olduğun təsdiq edir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs münasibətləri çox yaxşı olmuşdur. Qəza baş verdiyi yerlə evlərinin arası 1-2 km olar. Təqsirləndirilən şəxs avtomobil idarə etdiyini ilk dəfə eşitmişdir. Öz avtomobilləri olmuş, Təqsirləndirilən şəxs öz avtomobillərini idarə etməmişdir. Avtomobilə vurulmuş ziyanla bağlı qarşı tərəflə razılaşmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hadisə yerinə gedəndə Zərərçəkmiş şəxs ölmüş, Təqsirləndirilən şəxs X18 maşını ilə xəstəxanaya aparılmışdır. Zərərçəkmiş şəxs hadisə yerindən evinə aparmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əmisi nəvəsidir. Zərərçəkmiş şəxs də qohumudur. Hadisə yerinə Zərərçəkmiş şəxs ailə üzvlərindən gələn olmamışdır. Təqsirləndirilən şəxs arada avtomobil idarə edirdi. İbtidai istintaqdakı ifadəsini dəyişdirib öz yazdığının qeyd olunmağın tələb etmişdir. İbtidai istintaqdakı ifadənin “Təqsirləndirilən şəxs ilə hadisədən sonra görüşdüyü barədə” olan hissəsində dəyişiklik etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə görüşməmişdir. Təqsirləndirilən şəxs sakit, yaxşı biridir. Hadisədən əvvəl kimsə ilə davası və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs hərbi xidmət keçmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, arvadı X2 və oğlu Zərərçəkmiş şəxs ilə yaşamışdır. Mərhum Zərərçəkmiş şəxs özünə məxsus “İnfiniti FX-35” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Avtomobili idarə etmək üçün Həbibin sürücülük vəsiqəsi də olmuşdur. Oğlu subay olmaqla, adını bilmədiyi inşaat müəssisəsində fəhlə işləmişdir. Hadisə olmamışdan bir neçə gün əvvəl oğlu ona demişdir ki, avtomobilin sürət əyləci ilişir. O, Həbibə demişdir ki, avtomobili idarə etməsin. Həbib isə bildirmişdir ki, aylıq məvacibini aldıqdan sonra avtomobili təmir etdirəcəkdir. 14 iyun 2023-cü il tarixdə oğlu Həbib qəsəbədə yaşayan bibisi oğlu, yəni onun özünün bacısı oğlu Təqsirləndirilən şəxs ilə birlikdə avtomobillə Qobustan qəsəbəsində avtomobillə gəzirmiş. Yaşadıqları evdən təxminən 4 km məsafədə avtomobil aşmış, nəticədə Həbib hadisə yerində ölmüş, bibisi oğlu isə aldığı xəsarətlə xəstəxanaya aparılmışdır. Hadisə saat 13 radələrində baş vermişdir. O, hadisə yerinə gəldiyi zaman yaralı olan bacısı oğlu həkimlər tərəfindən xəstəxanaya aparılmışdır. Oğlunun meyidi isə Məhkəmə Tibbi Ekspertizası Qaradağ rayon Pataloji Anatomiya şöbəsinə aparılmışdır. 13 sentyabr 2023-cü il tarixədək onlar hadisənin oğlu Zərərçəkmiş şəxs tərəfindən törədildiyini bilmişdir. 13 sentyabr 2023-cü il tarixdə qohumu Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsi barədə polis əməkdaşlarına səmimi ifadə verdiyini bilmişlər. Hazırda ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində oğlu Zərərçəkmiş şəxs məxsus “İnfiniti FX-35” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili qohumu Təqsirləndirilən şəxs idarə edən zaman Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Qobustan qoruğu yolunda Qobustan qoruğu istiqamətində yol nəqliyyat hadisəsi törətmişdir. Lakin o, özü bu hadisənin şahidi olmamışdır. Hadisə barəsində göstərdikləri bunlardan ibarət olmuşdur. Şahid qismində dindirilmiş X7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur. Həmçinin Zərərçəkmiş şəxs onun qaynı oğludur. Zərərçəkmiş şəxs özünə məxsus “İnfiniti FX-35” minik markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Avtomobili idarə etmək üçün Həbibin sürücülük vəsiqəsinin olmasından məlumatı olmuşdur. Lakin oğlu Ziyanın sürücülük vəsiqəsi olmamışdır. Oğlu Ziya X9 Kran maşinisti işləyir. 14 iyun 2023-cü il tarixdə, saat 14 radələrində yaşadığı evdə olan zaman eşitmişdir ki, oğlu Ziya ilə Həbib idarə etdiyi avtomobillə Qobustan Qoruğu yolunda yaşadıqları evdən təxminən 4 km aralı məsafədə yol nəqliyyat hadisəsi törədib. O, bu xəbəri eşidən kimi dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda oğlu X15 Yardım həkimləri tərəfindən avtomobilə uzanıldığını, Həbibin isə yerdə ağzı üstü uzandığını görmüşdür. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, həmin vaxt Həbibin artıq rəhmətə getdiyini eşitmişdir. X18 həkimləri oğlu Ziyanı X12 aparmışlar. Ziya həkimlər tərəfindən müayinə olunduqdan sonra oğlundan hadisənin baş vermə səbəbini soruşmuş, Ziya bildirmişdir ki, dayısı oğlu Həbiblə Qobustan qəsəbəsində görüşmüş, Həbib idarə etdiyi “İnfiniti FX-35” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə onunla birlikdə Qobustan Muzeyinə getmiş, orada restoranda qutabla çay içdikdən sonra Qobustan Qoruğuna getmək qərarına gəlmişlər. Həbib avtomobili idarə edərkən avtomobilin qaz əyləci ilişdiyi üçün Həbib idarəetməni itirmiş və avtomobil yoldan çıxaraq torpaq hissədə aşmışdır. O, verilən suallara cavab olaraq oğlu Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olan paltarların harada olmasından məlumatının olmadığını, qohumu Zərərçəkmiş şəxs özünə məxsus “İnfiniti FX-35” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qaz əyləcinin nasaz olmasından məlumatının olduğunu, oğlu Təqsirləndirilən şəxs avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmadığını bildirmişdir. O, oğlu Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı avtomobili idarə etməsindən məlumatının olmadığını, hazırda oğlu Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törətməsindən məlumatının olduğunu, oğlu Ziyanın həmin yol nəqliyyat hadisəsini törətməsini bilsəydi özünün oğlu Ziyanı polisə təqdim edəcəyini, lakin Ziyanın bu barədə heç kimə bir söz demədiyini, oğlu Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törətməmişdən əvvəl hansısa avtomobil idarə etməsindən məlumatının olmadığını, Ziyanın hər halda avtomobil idarə etməyi öyrənmək üçün Həbibdən avtomobili aldığını, lakin avtomobil idarə etməkdə çətinlik çəkdiyindən yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qohumlarıdır. Zərərçəkmiş şəxs özünə məxsus “İnfiniti FX-35” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Avtomobili idarə etmək üçün onun sürücülük vəsiqəsinin olmasından məlumatı olmuşdur. Təqsirləndirilən şəxs isə Qobustan qəsəbəsində yerləşən X9 Kran maşinisti işləyir. 14 iyun 2023-cü il tarixdə, saat 14 radələrində yaşadığı evdə olan zaman eşitmişdir ki, qohumları Həbib ilə Ziya Həbibin idarə etdiyi avtomobillə Qobustan Qoruğu yolunda yol nəqliyyat hadisəsi törədib. O, bu xəbəri eşidən kimi dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda Həbibin yerdə ağzı üstü uzandığını görmüşdür. Bundan sonra o, mobil telefonla baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Təxminən 5 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Həmin vaxt Həbibin artıq rəhmətə getdiyini eşitmişdir. X11 Tibbi Yardım həkimləri tərəfindən X12 apardığını eşitmişdir. Daha sonra qohumları mərhum Həbibin hüzr mərasimində iştirak etmişlər. Hüzr mərasimi qurtardıqdan sonra o şəxsi işləri ilə məşğul olmağa başlamışdır. O, verilən suallara cavab olaraq hadisədən sonra Ziyanı görmədiyini, nədə ki ondan hadisə barədə bir məlumat almadığını, Zərərçəkmiş şəxs özünə məxsus “İnfiniti FX-35” minik markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qaz əyləcinin nasaz olmasını mərhum Həbibin hüzr mərasimində eşitdiyini, lakin mərhum Həbibin əvvəllər ona bu barədə heç bir söz demədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Qaradağ rayonu, Qobustan qəsəbəsi, Muzey yolunda baş vermişdir. (İ cild, i.v. 4- 8) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild,i.v. 58) xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild, i.v. 65) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN-in Baş X19 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. (İ cild, i.v. 66) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X17 439/2023-MTBŞ saylı, xx.xx.2023-cü il tarixli və 541/2023-MTBŞ saylı, xx.xx.2023-cü il tarixli rəylərindən görünür ki, təqdim edilmiş avtomobilin hava yastığı üzərində olan ləkədə insan qanı aşkar olundu. Bu ləkədə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə “A” və “H” antingenləri alındı. Belə olan halda bu qan ləkələri Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs (əgər onun qanında müşayiətçi “H” antingeni varsa) məxsus ola bilər. Lakin qanın qarışıq olduğu halında isə ləkələrdə, həmçinin Oalfa, beta (İ) qruplu şəxs Təqsirləndirilən şəxs qarışıq qanının olması da inkar olunmur. Ekspertizaya təqdim edilmiş avtomobilin hava yastığı üzərində olan ləkələrdə ağız suyu aşkar olunmadı. (İ cild, i.v. 67-73, 97-102) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X17 44 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, sol bazu nahiyəsinin, burun belinin, sol çiyin qurşağının arxa səthinin, sağ bazu nahiyəsinin, döş qəfəsinin arxa səthinin qançırları, başın alın nahiyəsinin, sol said, alt dodaq və alt çənə nahiyələrinin sıyrıqları aşkar edilmiş, qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən yaranmışlar, ölümlə bir başa səbəbli əlaqəli olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. 2. Mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni idarə etdiyi avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. 3. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın yumşaq toxumasının əzilməsi, baş beyin toxumasına və beyin qişalarına qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2023-cü il, saat 18:00-da) 4-6 saat əvvəl baş vermişdir. 4. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr isə aşkar edilməmişdir. (xx.xx.2023-cü il tarixli 2109/K saylı AKT) (İ cild, i.v. 74-79) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X17 493 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan sol qaşaltı nahiyəsinin əzilmiş yarası və burun arakəsmə sümüyünün sınığı, sağ bazu sümüyünün böyük qabarının qapalı, yerinidəyişən sınığı, onurğanın döş şöbəsinin ön cisminin X (Th10) və onurğanın bel şöbəsinin ön cisminin l-İİ (L1-L2) fəqərələrinin sınığı, sol said nahiyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X12 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduğu minik avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. (İ cild, i.v. 80-83) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/1923-8/1939 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, “İnfiniti FX-35” markalı 99UY696 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr rəyin tədqiqi hissəsində göstərilmişdir və həmin zədələr avtomobilin aşması zamanı bərkliyi sərt olan cisimlərlə təmasda olmasından yaranmağa xarakterikdir. “İnfiniti FX-35” markalı 99UY696 dövlət qeydiyyat nişanlı avtomobilin qaz pedalının ilişərək avtomobilin sürətlənməyə başladığı halında belə sürücünün tormozlamadan istifadə edərək avtomobilin sürətlənməsinin qarşısını almağa və həmçinin dayandırmağa texniki imkanı olur. Yəni istintaq tərəfindən göstərilən hallarda sürücü tərəfindən normal idarə olunması zamanı avtomobilin aşmasına səbəb olmur. (İ cild, i.v. 90-94) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 125-126) xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. (İ cild,i.v. 142-149) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 150) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 152-153) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(002)-203/2023 saylı, xx.xx.2023-cü il tarixli, 4(002)-234/2023 saylı və xx.xx.2023-cü il tarixli, 4(002)- 241/2023 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2023cü il tarixədək uzadılmışdır. (İ cild,i.v. 189-191, 209-211, 223-225) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 23/770R saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1. Ekspertiza nəticəsində, təqdim olunmuş “İnfinity FX-35” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 01 (bir) ədəd hava yastığı üzərində aşkar edilmiş və şərti olaraq tərəfimizdən “3” və “4” ilə işarələnmiş qanabənzər ləkələrin insana məxsus qan nümunəsi olduğu, “1” və “2” ilə işarələnmiş qanabənzər ləkələrin insana məxsus qan nümunəsi olmadığı müəyyən edildi. 2. Həmçinin ekspertiza nəticəsində müəyyən edildi ki, təqdim olunmuş “İnfinity FX-35” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 01 (bir) ədəd hava yastığı üzərində aşkar edilmiş və şərti olaraq tərəfimizdən “3” və “4” ilə işarələnmiş qanabənzər ləkələrdə mövcud olan qan nümunəsi Təqsirləndirilən şəxs məxsusdur. (eyni yumurta əkizi istisna olmaqla) 3. Ekspertiza nəticəsində müəyyən edildi ki, təqdim edilmiş 01 (bir) ədəd hava yastığı üzərində aşkar edilmiş və şərti olaraq tərəfimizdən “1” və “2” ilə işarələnmiş ləkələrdən götürülmüş tədqiqat nümunələri üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş 01 (bir) ədəd hava yastığı üzərində aşkar edilmiş və şərti olaraq tərəfimizdən “1” və “2” ilə işarələnmiş ləkələrdən götürülmüş tədqiqat nümunələri üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı. (İ cild,i.v. 226-232) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/2844 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, “İnfiniti FX-35” markalı 99UY696 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (İ cild,i.v. 233-236) Zərərçəkmiş şəxsin hüquqi varisi X3 xx.xx.2023, xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, təqsirləndirilən şəxsi bağışlayır. (İ cild, i.v. 241) xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “İnfiniti FX-35” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı minik avtomobil, 01 ədəd hava yastığı maddi sübut kimi tanınmış və “İnfiniti FX-35” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı minik avtomobil 13 saylı Cərimə Meydançasında saxlanılmış, 01 ədəd hava yastığı saxlanılmasından ötrü Qaradağ RPİ-nin saxlanc otağına təhvil verilmişdir. (İ cild, i.v. 242- 251) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 253-255) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 263-1.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.12, 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını, özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, hadisə nəticəsində özünün az ağır xəsarət alması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, CM-nin 60-cı maddəsinin tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarları ilə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır, xx.xx.2023-cü il tarixdə həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdə isə həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 235 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, 13 saylı Cərimə Meydançasında saxlanılan “İnfiniti FX-35” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili və Qaradağ RPİ-nin saxlanc otağına təhvil verilmiş 01 ədəd hava yastığı hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalıdır. Müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 50 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və 13 saylı Cərimə Meydançasında saxlanılan “İnfiniti FX-35” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı minik avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc otağına təhvil verilmiş 01 (bir) ədəd hava yastığı hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 235 (iki yüz otuz beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar