Məhkəmə qərarları › İş №1(101)-1143/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1143/2020

26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1143/2020 26.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “DOST” Məhdud Məsuliyyətli Cəmiyyətində sahə nəzarətçisi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əldə edib yaşadığı ünvan 2 ünvanının həyətində qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə xx xxxx 2020-ci il tarixədək olan müddət ərzində ümumilikdə 26 ədəd tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx xxxx 2020-ci il tarixdə saat 12:25 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılaraq həmin evin həyətinə özünün icazəsi və iştirakı ilə keçirilmiş baxış zamanı evin həyətyanı sahəsinin sağ tərəfində yerləşən mişar daşı ilə hörülmüş üstü açıq olan yarımçıq tikilinin içərisində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi ümumi çəkisi 220,0 qram olmaqla əkilib becərilməsi qadağan olunmuş 26 ədəd, yaş vəziyyətdə, tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, tutulmazdan təxminən bir il yarım əvvəldən başlayaraq “nəşə” adlandırılan marixuana adlı narkotik vasitədən istifadə etmişdir. Marixuananı bir qayda olaraq Siyəzən rayonunda adını bilmədiyi, yalnız üzdən tanıdığı müxtəlif şəxslərdən əldə etmişdir. İki azyaşlı övladı var, həyat yoldaşı işləmir və özü ailədə yeganə qazanc gətirən şəxsdir. Uzun müddət peşəkar idmanla məşğul olaraq boks sahəsində ciddi uğurlar əldə etmiş, respublika yarışlarında və beynəlxalq turnirlərdə dövləti şərəflə təmsil etmiş, dəfələrlə ölkənin bayrağını ucaltmışdır. Sonradan isə məşqçi kimi fəaliyyət göstərməyə başlamışdır. İki azyaşlı uşaqlarını də peşəkar idmançı kimi yetişdirmək niyyətindədir və onları da intensiv şəkildə boks üzrə məşq etdirir. Uşaqları da artıq müxtəlif yarışlarda qələbələr qazanmışlar. Onun marixuana çəkməsi çox təsadüf nəticəsində baş vermişdir. Belə ki, o, ilk dəfə zədələrinin ağrısını azaltmaq üçün marixuana qəbul etmiş, sonradan isə bu vərdiş halına keçmişdir. Ailəsinin maddi vəziyyəti çox ağırdır. Yaşadığı rayonun icra orqanları bir idmançı kimi onun qayğısına qalaraq abadlıq işlərində işləməklə sosial işçi kimi onu işlə təmin etmişlər və o, aylıq təxminən 240 manat məvacib almışdır. Daha marixuanaya pul verməmək üçün sonuncu dəfə tanımadığı şəslərdən aldığı marixuananın içərisindəki toxumları yığıb öz həyətində əkib yetişdirərək istifadə etmək qərarına gəlmişdir. Buna görə də tutulmazdan təxminən üç ay əvvəl 30 ədəd xırda toxumları seçərək yaşadığı həyətyanı sahədə yerləşən yarımtikilidə torpağa basdırmış və onları sulayıb qulluq etməyə başlamışdır. Arabir həyətdə saxladığı heyvanların peyinindən kübrə kimi istifadə edərək onların dibinə tökmüşdür. Əkdiyi toxumlar cücərmiş və təxminən 26 ədəd kol yetişmişdir. xx xxxx 2020-ci il tarixdə günorta vaxtı yaşadığı ünvan 1 ünvanında olduğu zaman evin giriş qapısının döyüldüyünü eşidib qapını açmış və qapının qarşısında üç-dörd nəfər mülki geyimdə olan şəxs görmüşdür. Həmin şəxslər xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməklə məşğul olmaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyətsiz olduğunu başa düşüb səmimi olaraq yaşadığı evin həyətində yerləşən yarımçıq tikilinin içində çətənə bitkisi əkdiyini etiraf etmişdir. Polis əməkdaşları bununla bağlı yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirməli olduqlarını deyərək buna etiraz edib-etmədiyini sorumuşlar. O, polis əməkdaşları tərəfindən yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməyərək onları evin həyətinə dəvət etmişdir. Yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı onun yazılı şəkildə ərizəsi alınmış və hüquqları izah edilmişdir. Sonra polis əməkdaşları yaşadığı evdə narkotik vasitələr, psixotrop maddələr və hər hansı qanunsuz saxladığı əşyalar varsa həmin əşyaları təqdim etməsini, eyni zamanda yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə kollarını göstərməsini təklif etmişlər. O, polis əməkdaşlarını yaşadığı evin həyətyanı sahəsində yerləşən mişar daşı ilə tikilmiş yarımçıq tikiliyə dəvət edib orada əkdiyi çətənə kollarını göstərmişdir. Baxışda iştirak edən aqronom həmin bitkilərin yarpaqlarına və gövdəsinə baxıb bitkilərin narkotik xassəli çətənə bitkiləri olduğunu, diblərinin boşaldıldığını, diblərinə üzvi kübrə və su verilməklə bitkilərə qulluq göstərildiyini bildirmişdir. Sorğu zamanı o, həyətində yerləşən yarımçıq tikilidə əkdiyi bitkilərin çətənə bitkisi olduğunu, 2020-ci ilin təxminən may ayının əvvəllərində özündə olan çətənə bitkisi toxumlarını əkərək yetişdirdiyini, bitkilərə su və peyin verərək onlara qulluq etdiyini, təxminən bir il yarımdan artıq müddətdə qurudulmuş marixuananı çəkmək yolu ilə qəbul etdiyini, çətənə bitkilərini əkməkdə də məqsədinin bitkilər böyüdükdən sonra yığıb qurudaraq özünün istifadə etmək olduğunu, əkdiyi çətənə bitkisinin toxumlarını qəbul etdiyi marixuananın içindən götürüb yığaraq əldə etdiyini bildirmişdir. Polis əməkdaşları çətənə bitkilərini onun iştirakı ilə bir-bir torpaqdan çıxardıb saymışlar və onlarının sayının ümumilikdə 26 ədəd olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları aşkar olunmuş həmin kolları bir ədəd ağ rəngli sintetik kisəyə yığıb qablaşdıraraq üzərini möhürləmişlər və həmin qablaşmanın üzəri imzalanmışdır. Daha sonra yaşadığı evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsi davam etdirilmiş, lakin başqa qanunsuz heç nə aşkar olunmamışdır. Eyni zamanda onun üzərinə baxış keçirilmiş və üzərindən bir ədəd “Samsung J5” markalı mobil telefon aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Yaşadığı ünvana baxış keçirilməsi zamanı polis əməkdaşları tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Baxışın keçirilməsi başa çatdıqda sonra polis əməkdaşları sənədləşmə işlərinin aparılması ilə bağlı onu Bakı şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi ilə təmin olunmuş, sonra şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra keçirilmiş baxışın nəticəsinə dair polis əməkdaşları tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədən ailə vəziyyətinin, törətdiyi əməldən çox peşman olmasının, uzun müddət peşəkar idmanla məşğul olmasının, himayəsində iki azyaşlı uşağının olmasının, övladlarına və başqa uşaqlara məşqçilik etməsinin, ondan başqa ailəsində heç kimin işləməməsinin nəzərə alınaraq ona ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxx 2020ci il tarixdə Baş X1 İdarəsinə ünvan 3 saylı ünvanda qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona tapşırılmış və əməliyyat qrupunun üzvləri isə Baş İdarənin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 və həmin idarənin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı Seyidov Mirata Mirmöhsün oğlu təyin edilmişdir. Daxil olmuş məlumatla bağlı yaradılmış əməliyyat qrupu həmin tarixdə yəni, xx xxxx 2020-ci il tarixdə tam tərkibdə qeyd edilən ünvan 1 saylı ünvana yollanmışdır. Qeyd edilə rayon ərazisinə çatdıqda keçiriləcək baxış zamanı aşkar edilməsi ehtimal edilən bitkilərin yabanı və ya xüsusi aqrotexniki qulluq olunmasına qiymət verilməsi üçün bu sahədə xüsusi biliyə malik olan X3 Xaçmaz regional bölməsinin bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi vəzifəsində işləyən və ixtisasca aqronom olan X4 mütəxəssis qismində keçiriləcək baxışda iştirak etmək üçün dəvət olunaraq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra bilavasitə qeyd edilən ünvana getmişdir. Həyətyanı sahəsi olan evin giriş qapısı döyüldükdə qapını bir nəfər kişi açmışdır. Onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin vaxt baxış qrupun üzvü olan Şahid2 tərəfindən mobil telefonla videoya çəkilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs tərkibində narkotik vasitələr olan bitkiləri yaşadığı ünvanda əkib becərməklə kultivasiya etməsi barədə məlumata malik olduqlarını, ona görə də yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq həqiqətən də yaşadığı evin həyətyanı sahəsində olan yarımtikilidə çətənə əkdiyini etiraf etmiş və həmin yeri əyani olaraq göstərə biləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs həmin sahəyə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdikdən sonra həmin xüsusatı yazılı ərizə formasında bildirməsi təklif olunmuş, Orxan da ərizə yazaraq yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə və baxışın videoçəkilişlə aparılmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməyə başlanılmışdır. Belə ki, onlar hamısı Orxanın dəvəti ilə giriş qapısından evin həyətyanı sahəsinə daxil olmuşlar. Həmin ev iki mərtəbəli olmaqla qarşısında tikintisi tamamlanmamış, mişar daşı ilə ucaldılmış yarımtikili olmuşdur. Təqsirləndirilən şəxs əkdiyi çətənənin məhz həmin yarımtikilinin ayrıca otaq kimi olan hisssəsində yerləşdiyini demişdir. Yarımtikili birmərtəbəli olmaqla döşəməsiz və üstü açıq şəkildə olmuş, qapılar üçün arakəsmələr nəzərdə tutulsa da qapı olmamışdır. Bir qədər içəri daxil olduqdan sonra irəlidəki otaqların birində Təqsirləndirilən şəxs yerdə olan bitkiləri göstərib onların çətənə olduğunu, həmin bitkiləri təxminən 2020-ci ilin may ayının əvvəllərində əkdiyini və qulluq etdiyini bildirmişdir. Bundan sonra mütəxəssis Nizami Həmdullayev həmin bitkilərin becərildiyi sahəyə baxış keçirərək həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu, bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu, diblərinin boşaldıldığını, ətrafının otlardan təmizləndiyini, suvarılması üçün dairəyə alındığını və üzvi gübrələr verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs özü də deyilənləri təsdiq edərək həmin bitkiləri iki-üç gündən bir suladığını, peyinlə kübrələdiyini, diblərini boşaltdığını demişdir. Daha sonra həmin bitkilər gövdəsindən tutulmaqla bir-bir sayılaraq əkildiyi yerdən çıxarılıb döşəmədə toplanmış və onların ümumi sayı 26 ədəd təşkil etmişdir. Bundan başqa həmin yerdə ayrıca qabda Təqsirləndirilən şəxs sözlərinə görə həmin bitkiləri gübrələmək üçün istifadə etdiyi suya qoyulmuş mal peyini aşkar edilmişdir. Daha sonra mütəxəssis həmin bitkiləri özü ilə gətirdiyi ölçü aləti ilə ölçüb qeydiyyat apardıqdan sonra toplanmış bitkilər ağ rəngli torbaya yığılaraq qablaşdırılmış və torbanın üzərində qeydiyyat aparıldıqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evin ümumi həyətyanı sahəsinə, daha sonra onun üzərinə və yaşadığı evə baxış keçirilmiş, amma sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs və baxışda iştirak edən şəxslərə protokolun tərtib olunması məqsədi ilə Baş İdarənin yerləşdiyi Bakı şəhərinə getməli olduqları bildirilmişdir. Baş idarənin inzibati binasında təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təqdim olunmuş və bundan sonra hər kəs tərtib olumuş protokolu imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı evin həyətyanı sahəsinin sağ tərəfində yerləşən mişar daşı ilə hörülmüş üstü açıq olan yarımçıq tikilinin içərisindən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə edilmiş və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 34-37). Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/346 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində: “Təqsirləndirilən şəxs yaşadığı...ünvanı həyətyanı sahəsindən aşkar olunmuş...” sözləri yazılmış sintetik torbada 26 (iyirmi altı) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 220 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronumun rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi 220,0 qramdır, bu kütlənin 0,52 qramı tədqiqata sərf edilmişdir və qalıq çəki 219,48 qram təşkil edir (cild 1, iş vərəqə 43-46). Ambulator X2 xx xxxxxxxx 2020-ci il tarixli 2447 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarında sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 145-146). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2010 və 2012-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 119, 131-132). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (cild 1, iş vərəqə 120). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 101). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə özünü təqsirli bilərək səmimi peşman olmasını, əvəllər məhkum olunmamasını, yaşayış yer üzrə müsbət xasiyyətlənməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20- 21, 61-62, 84-88). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 219,48 qram təşkil edən çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən sinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi prosesinin videoçəkilişinin köçürüldüyü bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 44). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X9, məhkəmə mərhələsində isə Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı X7 vəkil işlədiyi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat, məhkəmə mərhələsində göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 17-18). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 219,48 qram təşkil edən çətənə (kannabis) bitkiləri məhv edilsin; - Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi prosesinin videoçəkilişinin köçürüldüyü bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X9 üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono”Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar