Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1143/2022 30.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 iyul 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 236.2.2-ci və 236.2.3-cü maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluqları ödənilmiş, Xaçmaz rayonunun Nərəcan kəndində qeydiyyatda olan və faktiki Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük-tərəvəzçilik sovxozunda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə külli miqdarda üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,233 qram, 2,108 qram, 1,470 qram olmaqla ümumi təmiz çəkisi 20,811 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 1060 qram olmaqla ümumi təmiz çəkisi 2110 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi 7100 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində istintaqla müəyyən edilməmiş vaxtda və yerdən qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitələri və psixotrop maddələri üzərində saxlamaqla müvəqqəti yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar massivi, Yeni yaşayış sahəsində yerləşən nömrəsiz bağ evinin həyətindəki istixananın yataq otağına daşımış, qeyd edilən kustar üsulla hazırlanmış üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 17,233 qram, 2,108 qram, 1,470 qram olmaqla ümumi təmiz çəkisi 20,811 qram olan psixotrop maddə metamfetamini otaqdakı nəfəslik tipli pəncərənin qarşısında, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram və 1060 qram olmaqla ümumi təmiz çəkisi 2110 qram olan heroini həmin otaqdakı paltar dolabının üst hissəsində, bir ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi 7100 qram olan qurudulmuş marixuananı isə həmin dolabın alt hissəsində yerləşdirməklə saxlamış, 12 mart 2022-ci il tarixdə saat 00:30 dəqiqədə Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilinərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində saxlanılmış və Xəzər rayon Polis İdarəsinə gətirilmiş, xidməti otaqların birində üzərində şəxsi axtarış aparılmış, sorğu zamanı onun müvəqqəti yaşadığı yerdə külli miqdarda narkotik vasitə və psixotrop maddə saxlaması barədə məlumatlar əldə olunaraq Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar massivi, yeni yaşayış sahəsində yerləşən bağ evinin həyətində olan istixananın yataq otağına baxış keçirilmiş, baxış zamanı istixananın yataq otağının giriş qapısının sol tərəfində yerləşən paltar dolabının üst hissəsindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram və 1060 qram olmaqla ümumi təmiz çəkisi 2110 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, dolabın alt hissəsindən bir ədəd ağ rəngli sintetik torbada ümumi təmiz çəkisi 7100 qram olan narkotik vasitə qurudulmuş marixuana, otaqdakı nəfəslik tipli pəncərənin qarşısından isə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,233 qram, 2,108 qram və 1,470 qram olmaqla ümumi təmiz çəkisi 20,811 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 12 mart 2022-ci il tarixdə gecə saat 00:30 radələrində yaşadığı Zirə qəsəbəsində yerləşən istixananın qarşısında olan vaxt iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhələndiklərini bildirərək onlarla birlikdə Xəzər rayon Polis İdarəsinə getməsini təklif etmişlər, o da razılaşaraq polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə getmişdir. Orada ona vəkil təqdim edilmiş və vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunaraq üzərinə axtarış aparılacağı bildirilmişdir. Bundan sonra dəvət olunmuş hal şahidlərinin və müdafiəçinin iştirakı ilə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, o isə üzərində qanunla qadağan edilmiş əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin heç nə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı polislər onu sorğu-sual etmiş, o da sorğu-sual zamanı narkotiklə bağlı məlumatın düz olduğunu bildirmiş və həqiqətən yaşadığı ünvanda, yəni Zirə qəsəbəsində yerləşən bağ evində marixuana, heroin və metamfetamin saxladığını etiraf etmişdir. O, həmin narkotik vasitələri, metamfetamini adını Siyan kimi bildiyi İran vətəndaşından almışdır. Sosial şəbəkə vasitəsilə tanış olduğu həmin şəxs “WhatsApp” proqramı vasitəsilə +**********51 nömrədən ona zəng vuraraq narkotik vasitəni atdığı yeri bildirmiş, o da gedib götürmüşdür. Şəxsi axtarış bitəndən sonra polis əməkdaşları onu da götürüb Xəzər rayonu, Zirə qəsəbəsi bağlar massivində yerləşən yaşadığı evə getmiş və evində axtarış aparılmasına etiraz etməməsi barədə ərizə yazmışdır. Daha sonra evin həyətinə daxil olmuşlar və o, orada olan istixananın içərisindəki yataq otağından bir ədəd torbada olan marixuananı, iki bükümdə heroini və üç bükümdə metamfetamini polis əməkdaşlarına təqdim etmiş, onlar da həmin maddələri qablaşdıraraq götürmüşlər. Bütün bu proses həm də videoçəkiliş aparılmaqla rəsmiləşdirilmişdir. Sonda tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Törətdiyi əməldən çox peşmandır. Amma onun qaçaqmalçılığa heç bir aidiyyəti yoxdur. Onda aşkar edilmiş marixuana, heroin və metamfetamini kimin, nə vaxt, necə və haradan gətirdiyini bilmir. Adını Siyan kimi və iranlı olduğunu bildiyi şəxs sadəcə ona zəng edib bu maddələrin Zirə qəsəbəsi ərazisində qoyulduqları yerin şəklini atmışdır. Amma onların hansısa xarici ölkədən gətirilib-gətirilməməsini, Siyanın özünün əslində iranlı olub-olmadığını da bilmir. Əməlindən səmimi peşmandır. Ona görə də bütün bu halların, həm də himayəsində xəstə övladının olmasının nəzərə alınmasını və ona etdiyi əmələ görə cəza təyin olunmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin əməkdaşı Şahid1 göstərdi ki, 11 mart 2022-ci il tarixdə məxfi mənbədən Xəzər rayonu, Zirə qəsəbəsi, bağlar massivində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında ondan və Xəzər rayon Polis İdarəsinin Cinayətaxtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 12 mart 2022-ci il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs Zirə qəsəbəsində yerləşən istixananın yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Daha sonra xidməti otaqlardan birində hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onda narkotik vasitələr olub-olmaması ilə bağlı sorğu-sual edilərkən Zirə qəsəbəsində yaşadığı bağ evində qurudulmuş marixuana, heroin və metamfetamin olduğunu etiraf etmişdir. O, həmin narkotik vasitələri və psixotrop maddəni İran vətəndaşı olan Siyan adlı şəxsdən alıb yaşadığı evdə saxladığını, həmin şəxslə sosial şəbəkə vasitəsilə tanış olduğunu, onunla “WhatsApp” proqramı vasitəsilə +**********51 nömrəsi ilə əlaqə saxladığını, Siyanın bank kartına pul köçürdükdən sonra sonuncunun narkotik vasitəni atdığı yerin şəklini ona göstərdiyini, onun da həmin yerə gedib narkotik vasitəni oradan götürdüyünü, yaşadığı ünvanda elektron tərəzi ilə ölçüb alıcılar üçün müxtəlif yerlərə qoyduğunu, alıcılar onun kartına pul köçürdükdən sonra narkotik vasitəni qoyduğu yerlərin şəkilini onlara göndərdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra əməliyyat qrupu, müdafiəçi və Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən yaşadığı ünvana gedərək videoçəkiliş ilə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda yerləşən istixananın otaqlarından birində paltar dolabının üst gözündən iki ədəd böyük bağlama, alt gözündən bir ədəd ağ rəngli sintetik torba, nəfəslik tipli pəncərənin qarşısından isə bir ədəd elektron tərəzi və həmin tərəzinin yanında üç ədəd büküm aşkar edilmişdir. Aşkar edilmiş iki ədəd böyük bağlamanın içinə baxış keçirən zaman onların içində toz halında qəhvəyi rəngli spesifik qoxuya malik maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin heroin olduğunu, onu İran vətəndaşı olan Siyandan aldığını bildirmişdir. Daha sonra isə nəfəslik tipli pəncərənin qarşısından aşkar edilmiş üç ədəd bükümə baxış keçirilmiş və onların içərisindən ağ rəngli, spesifik qoxuya malik kristal halında olan maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin “şüşə”, yəni metamfetamin olduğunu, onları da Siyandan aldığını bildirmişdir. Paltar dolabının alt gözündən aşkar edilmiş ağ rəngli sintetik torbanın içinə baxış keçirən zaman isə oradan yaşıl rəngli quru bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu, onu da Siyandan aldığını bildirmişdir. Aşkar edilmiş maddələr qablaşdırılaraq götürülmüş, bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs bir neçə il əvvəldən tanımışdır. Təqsirləndirilən şəxs onun qayını Şahid4 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, Bağ massivi, yeni yaşayış sahəsində yerləşən bağ evinin həyətindəki istixanada gözətçi işləmiş, o isə həmin istixanada briqadir işləmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində müvəqqəti olaraq istixananın yataq otağında yaşamışdır. O isə Zirə qəsəbəsində yeni sahə yaşayış massivində yerləşən evində yaşamışdır. 24 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs dayısı oğlunun ona pul göndərəcəyini, lakin bank kartının olmadığını deyərək “Azərbaycan Beynəlxalq Bank”ına aid bank kartını ona verməsinin xahiş etmişdir. O da razılaşaraq “Azərbaycan Beynəlxalq Bank”ına aid bank kartını Təqsirləndirilən şəxs vermişdir. Həmin gün onun kartına 700 manat məbləğində pul köçürülmüş, o da həmin pulu Zirə qəsəbəsində fəaliyyət göstərən “Araz” marketin qarşısında yerləşən bankomatdan çıxararaq Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onunla birlikdə olmuşdur. 17 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən ondan bank kartını ona verməsini xahiş etmiş, o da razılaşıb həmin kartını Təqsirləndirilən şəxs vermişdir. Həmin gün onun kartına 600 manat məbləğində pul köçürülmüş, o da pulu yenə həmin yerdə bankomatdan çıxararaq Təqsirləndirilən şəxs vermişdir. 23 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən ondan kart istəmiş, o isə artıq həmin kartına pul göndərilə bilmədiyini bildirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs ondan başqa kart istəmişdir. O, İsrafildən karta kimin pul göndərəcəyini soruşduqda sonuncu dayısı oğlunun pul göndərəcəyini bildirmişdir. Bundan sonra o arvadı Ülkər Atayevanın “Kapital Bank"a aid kartı Təqsirləndirilən şəxs vermişdir. Həmin gün karta 1000 manat pul göndərilmiş, o da həmin pulun 990 manatını Zirə qəsəbəsində yerləşən “Laçın” marketin qarşısındakı bankomatdan çıxararaq Təqsirləndirilən şəxs vermişdir. Belə ki, həmin pulun 10 manatını bankomat faiz olaraq tutduğu üçün 990 manat pul çıxarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ondan kart istəməmişdir. 12 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğu üçün Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onun məlumatı olmamış, sonuncu bu işlə məşğul olarkən əldə etdiyi qazancdan ona verməmişdir. Onunla Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin satışı ilə məşğul olaraq qazanc əldə etmək barədə qabaqcadan razılaşma olmamışdır. O, narkotik vasitə istifadə etmir. Nə o, nə də arvadı Ülkər Atayeva bank kartına göndərilən pulların konkret olaraq kim tərəfindən və nə məqsədlə göndərildiyini bilməmişlər. Təqsirləndirilən şəxs ona dayısı oğlunun onun Xaçmaz rayonunda olan bağını sataraq pulunu hissə-hissə göndərdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs təxminən bir neçə ildir tanıyır, sonuncu ona məxsus Zirə qəsəbəsi, Bağlar massivi, yeni yaşayış sahəsində yerləşən bağ evinin həyətindəki istixanada gözətçi işləmişdir. Təqsirləndirilən şəxs hər il qış fəslində istilik sistemləri işə başladıqdan sonra mühafizəçi kimi işləmiş, yay aylarında işdən çıxmışdır. Sonuncu dəfə 2021-ci ilin təxminən sentyabr ayından İsrafil onun istixanasında işləməyə başlamış və işlədiyi müddətdə müvəqqəti olaraq istixananın yataq otağında yaşamışdır. 12 mart 2022-ci il tarixdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğu üçün Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onun məlumatı olmamış, sonuncu bu işlə məşğul olmaqla əldə etdiyi qazancdan ona verməmişdir. Təqsirləndirilən şəxs ilə onun arasında qabaqcadan əlbir olaraq narkotik vasitələrin satışı ilə məşğul olmaq barədə razılaşma olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Baxış keçirmə barədə 12 mart 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün yazıldığı diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış zamanı sonuncu istixanada olan yataq otağının giriş qapısının sol tərəfində olan paltar dolabının içərisindən şəffaf sellofan torbada üzəri skoçlanmış vəziyyətdə olan iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Bükümün içərisinə baxdıqda orada qəhvəyi rəngli tozşəkilli maddə olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yataq otağında olan pəncərənin qarşısındakıiki balaca və bir böyük bükümü təqdim edərək onların “şüşə” olduğunu, yataq otağında pəncərənin önündə olan bir ədəd ağ rəngli elektron tərəzini təqdim edərək narkotik vasitələri həmin tərəzi ilə çəkdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yataq otağında olan paltar şkafından bir ədəd un kisəsini çıxarıb təqdim edərək onun içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin istintaq hərəkəti zamanı videoçəkiliş aparılaraq müvafiq disk protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 36-38, 86). Məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2022-ci il tarixli 6/1441 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs məxsus istixanadan aşkar olunaraq götürülmüş...” sözləri olan 1 №li zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,233 qram, 2,108 qram, 1,470 qram, ümumi təmiz çəkisi 20,811 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, 2 №-li zərfdəki bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamış, bağlamadakı 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qr., 1060 qr., ümumi təmiz çəkisi 2110 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrimin siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2109,9 qram, metamfetaminin qalıq çəkisi 20,711 qram təşkil etmişdir (cild 1, iş vərəqə 46-52). Məhkəmə-bioloji ekspertizasının 12 mart 2022-ci il tarixli 7/243 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs ...” yazısı və imzalar olan 01 ədəd ağ rəngli sintetik torbadakı təmiz çəkisi – 7100 qram (7 kq 100 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus...tərəzi..." yazısı və imzalar olan kağız paketdəki 01 ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 7099,8 qram təşkil etmişdir (cild 1, iş vərəqə 53-57). Təqsirləndirilən şəxs istifadəsindəki mobil telefona baxış keçirilməsi haqqında 15 mart 2022-ci il tarixli protokoldan görünür ki, telefonda 11 ədəd fotoşəkil müəyyən edilmişdir. Həmin fotolordan birində Şahid3 məxsus “Azərbaycan Beynəlxalq Bank”ına aid **********057334 nömrəli ödəniş kartı əks edilmişdir. Dörd ədəd fotoda isə müxtəlif məkanlar əks edilmişdir ki, həmin məkanlar Təqsirləndirilən şəxs narkotik vasitələri satıcılar üçün qoyduğu yerlərdir. Bir ədəd fotoda ərəb və ya fars hərfləri ilə Xəzər rayonu, Zirə qəsəbəsində işarələnmiş yer, üç ədəd fotoda elektron tərəzi və həmin tərəzidə psixotrop maddə olan metamfetamə oxşar kristal kütlə, bir ədəd fotoda isə üzərinə 20 daş, 1 em 40 sözləri yazılmış büküm əks edilmişdir. Bundan başqa, həmin telefona baxış zamanı aşkar edilmiş 04 ədəd videogörüntüdə Təqsirləndirilən şəxs narkotik alıcıları ilə narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqlarını əks etdirən videogörüntü və alıcılara satış üçün təqdim etdiyi metamfetaminə və heroinə oxşar kütlələrin görüntüləri olmuşdur (cild 1, iş vərəqə 92-100). Ödəniş kartı üzrə çıxarışa baxış keçirilməsi haqqında 06 aprel 2022-ci l tarixli protokoldan görünür ki, Şahid3 məxsus “Azərbaycan Beynəlxalq Bank”ına aid **********057334 nömrəli ödəniş kartına 24 yanvar 2022-ci il tarixdə 700 manat, 18 fevral 2022-ci il tarixdə isə 600 manat pul köçürülmüşdür. X4 məxsus 416973******3528 nömrəli “Kapital Bank”a aid ödəniş kartına 24 fevral 2022-ci il tarixdə 1000 manat pul köçürülmüşdür (cild 1, iş vərəqə 113-118). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 mart 2022-ci il tarixli 1293 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 138-139 ). Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni əldə etdiyi mənbə müəyyən olunmadığından ibtidai istintaq orqanının 05 may 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 163- 164). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 iyul 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 236.2.2-ci və 236.2.3-cü maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 28 dekabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 111-112, 128-136) . Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülərək göstərilmişdir ki, o, 2022-ci ilin mart ayının təxminən əvvəllərində Bakı şəhərində şəxsiyyəti istintaqa müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı «Siyan» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilərək realizə edilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq «Siyan» adlı şəxsin qanunsuz yolla və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi külli miqdarda üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 17, 233 qram, 2,108 qram, 1,470 qram olmaqla ümumi təmiz çəkisi 20,811 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 1060 qram olmaqla ümumi təmiz çəkisi 2110 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi 7100 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində istintaqla müəyyən edilməmiş yerdən tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə etmiş, həmin narkotik vasitələri və psixotrop maddələri üzərində saxlamaqla müvəqqəti yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar massivi, Yeni yaşayış sahəsində yerləşən nömrəsiz bağ evinin həyətindəki istixananın yataq otağına daşımışdır. Lakin məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, bu əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Təqsirləndirilən şəxsə qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın özündə belə birbaşa göstərilmişdir ki, “...əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq «Siyan» adlı şəxsin qanunsuz yolla və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi” külli miqdarda metamfetamini, heroini və qurudulmuş marixuananı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində istintaqla müəyyən edilməmiş yerdən əldə etmiş, üzərində saxlamaqla daşımışdır. Göründüyü kimi, narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisinə bilavasitə gətirib konkret yerə yerləşdirən şəxsin və ya şəxslərin kim olacağı barədə hər hansı məlumatı olmayan Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan şəkildə hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs yalnız telefonla əlaqə saxlayıb razılıq əldə etməsi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, Təqsirləndirilən şəxs qeyriləri tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra həmin şəxslərin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir və ona görə də təqsirləndirilən şəxs məhz törətdiyi sübuta yetirilən bu əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə söykənir, onun həmin əməli törətməsi barədə sübutlar təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs barəsində cinayət işini təhqiqat orqanı tərəfindən toplanmış ilkin materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlamışdır (cild 1, iş vərəqə 1). Təhqiqat orqanın topladığı ilkin materiallarda olan bütün dəlillər də Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat ətrafında cəmlənmişdir (cild 1, iş vərəqə 3- 11). Yəni, qaçaqmalçılıq cinayəti ilə bağlı hər hansı məlumat olmamışdır və külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin Bakı şəhəri, Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində əldə olunması, onların həmin yerə qabaqcadan iranlı olması ehtimal edilən Siyan adlı şəxs tərəfindən yerləşdirilib gizlədilməsi barədə bütövlükdə cinayət işində olan məlumatlar yalnız Təqsirləndirilən şəxs özünün ifadəsinə əsaslanır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin məhz 234.4.3 -cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş (cild 1, iş vərəqə 12) və eyni maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqə 61-62). Təqsirləndirilən şəxs qismində dindirilərkən də Təqsirləndirilən şəxs özünü ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək etirafedici ifadə vermişdir (cild 1, iş vərəqə 70-71). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş yuxarıda qeyd olunan ittiham üzrə nəticəyə gələrkən məhkəmə xüsusi vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223-cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında əsaslandırılmış qərar çıxarılmalı, həmin qərarda həm də cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi göstərilməklə ittihamın mahiyyəti, cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü göstərilməlidir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında haqqında 06 may 2022-ci il tarixli qərarda isə ona ittiham elan olunarkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə münasibətdə bu zəruri əlamətlərin heç biri əksini tapmamış, ümumi fikir şəklində onun 2022-ci ilin mart ayının təxminən əvvəllərində Bakı şəhərində şəxsiyyəti istintaqa müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı «Siyan» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilərək realizə edilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq «Siyan» adlı şəxsin qanunsuz yolla və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, üzərində saxlamaqla daşıması göstərilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında bu qərarın bilavasitə özündən də göründüyü kimi, təqsirləndirilən şəxsin törədilməsində iştirak etdiyi israr edilən qaçaqmalçılıq cinayətinin kim tərəfindən və nə vaxt törədilməsi, cinayətin törədildiyi yer, onun törədilmə üsulu ümumiyyətlə müəyyən edilməmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının izah və tövsiyələrində əks olunmuş hüquqi mövqe ilə də birbaşa ziddiyyət təşkil edir. Digər tərəfdən, həmin qərarda göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. İbtidai istintaq orqanının iştirakçılıqla bağlı mücərrəd mövqeyi də hər hansı sübuta əsaslanmır və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən “gömrük nəzarətindən gizli qaçaqmalçılıqla keçirilməsi”nin hansı hərəkət və ya hərəkətsizliklə edilməsi barədə hər hansı dəlil mövcud deyildir. Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən və naməlum vaxtda törədilmiş külli miqdarda narkotik vasitənin və psixotrop maddənin dövlət sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cinayətinin törədilməsində iştirak edərək hansı hərəkətləri etməsi müəyyənləşdirilməmiş, ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham elan olunarkən bu əməli törətməsinə dair Cinayət-Prosessual Məcəllənin 223-cü maddəsində nəzərdə tutulmuş zəruri elementlərin heç biri göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 6 may 2022-ci il tarixli qərarında ifadə edilmiş qəti hüquqi mövqeyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayəti ilə bağlı obyektiv cəhəti təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etməməsi işin mübahisəsiz halıdır. Bununla belə, təqsirləndirilən şəxsin əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcudluğu ilə bağlı hər hansı sübut olmadığı bir halda ona ibtidai istintaq orqanı tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətini törətməsi ittihamı irəli sürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Amma bu halda da Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsinin hansı hərəkətlərlə ifadə olunması barədə hər hansı sübut mövcud deyildir. Digər tərəfdən, bütövlükdə iş üzrə ittiham aktında istinad edilən bütün sübutlar məcmusu – təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlər isə Təqsirləndirilən şəxs tərəfindən qaçaqmalçılıq cinayəti törədildiyinə dəlalət edən hər hansı məlumat yükü daşımır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən «Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.» Sübutların qiymətləndirilməsinə dair Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 145-ci maddəsində təsbit olunan qaydalara görə: «145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.» Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri müəyyən edilmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qeyd olunan epizod üzrə qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə əsası ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə bəraət verilməli, o, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X7 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 12 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 22, 82-85). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2109,9 qram təşkil edən heroin, qalıq çəkisi 20,711 qram təşkil edən metamfetamin, qalıq çəkisi 7099,8 qram təşkil edən qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd CD disk və “Samsung” markalı mobil telefondan aşkar olunmuş 11 ədəd fotoşəkil və 04 ədəd videogörüntünün əks olunduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 159 (bir yüz əlli doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 46, 362). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən (cild 1, iş vərəqə 183), məhkəmə mərhələsində isə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı isə Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı hissədə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2109,9 qram təşkil edən heroin, qalıq çəkisi 20,711 qram təşkil edən metamfetamin, qalıq çəkisi 7099,8 qram təşkil edən marixuana və bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd CD disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefondan aşkar olunmuş 11 ədəd fotoşəkil və 04 ədəd videogörüntünün əks olunduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 159 (bir yüz əlli doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına X3 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1143/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1143/2022
30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver