Məhkəmə qərarları › İş №1(101)-1143/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1143/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1143/2023 30.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X5, müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 27B, mənzil 51-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanının qarşısında olan zaman əvvəlcədən orada saxladığı özünə məxsus avtomobilinin qonşusu X5 idarə etdiyi avtomobilin toxunması nəticəsində zədələnməsini zənn edib qeyd olunan ünvanın qarşısında Rafael Həbillayevə yaxınlaşaraq məsələni aydınlaşdırarkən Rafael Həbillayevin ona bu barədə məlumatlı olmamasını bildirməsinə inanmamasına görə aralarında yaranmış sözlü mübahisə zamanı Rafael Həbillayevin onu itələyərək ünvanına nalayiq ifadələr işlətməsinə görə sonuncudan qisas almaq niyyətilə avtomobilində olan zavod üsulu ilə hazırlanmış qatlanan tipli, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən məişət təyinatlı cib bıçağını götürüb həmin bıçaqla Rafael Həbillayevin bədən nahiyəsindən qəsdən zərbələr vuraraq ona sağ bazunun aşağı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və qarının ön divarının sağ qabırğaaltı nahiyəsinin periton boşluğuna nüfuz edən qaraciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs X9 onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 27B-də qonşusudur. Həmin binada o, 25 il yaşamış, Rafael isə hadisədən bir həftə əvvəl binada kirayədə yaşayırdı. Hadisəyə qədər onun Rafael ilə heç bir münasibəti olmamışdır. Hər ikisi taksiçilik fəaliyyəti ilə məşğul olurdu. Belə ki, onun istifadəsində qara rəngli «Nissan Sunny» markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobili, Rafaelin istifadəsində isə göy rəngli «Toyota Prius» markalı maşını vardı. O, hər gün avtomobilini gətirib binanın qarşısında eyni yerdə saxlamışdır. Rafael də öz maşınını gah onun maşınının yanında, yer olmayanda isə bir az aralıda saxlayırdı. 04 avqust 2022-ci il tarixdə axşam maşınını həmişəki kimi binanın qarşısına qoyaraq evinə getmişdir. Avtomobilini saxlayan günün səhərisi, yəni xx.xx.2022-ci il tarixdə həyətə endikdə avtomobilinin ön hissəsinin sürtüldüyünü görmüşdür. O düşünmüşdür ki, onun avtomobilini Rafael öz maşını ilə sürtmüşdür. Belə ki, onun maşının qabaq hissəsində göy rəngdə Rafaelin maşının rənginə uyğun boya izləri qalmışdır. Bununla bağlı xx.xx.2022-ci il tarixdə Rafaelə dedikdə o, ona avtomobilini sürtmədiyini bildirmişdir. Lakin o Rafaelə inanmamış və aralarında söz mübahisəsi yaranmış, onlar əlbəyaxa olmuşlar. Onlar bir birlərinə zərbələr vurduqdan sonra Rafael onu itələmiş və ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman o avtomobilində meyvə və ərzaq doğramaq üçün uzun illər saxladığı mətbəx bıçağı götürərək Rafaelin qarşısında fırlatmışdır ki, sonuncu ondan qorxub aralansın. Rafael ondan cavan olmaqla fiziki cəhətdən də daha güclü idi. Əlbəyaxa davanı davam etsəydilər Rafael onu döyəcəkdi. Bıçağı fırladan zaman bir dəfə Rafaelin sağ qolundan , bir dəfə isə qarnından xəsarət yetirmişdir. Yalnız bundan sonra Rafael ondan aralanaraq «skorıy, skorıy» deyə qışqıraraq təcili yardım çağırılmasını demişdir. Onun çağırışına kimsə təcili tibbi yardımı çağırmış və təcili tibbi yardım maşını gələrək Rafaeli xəstəxanaya aparmışdır. O isə bıçağı götürərək mənzilinə qalxmış və polis əməkdaşlarını gözləmişdir. Bir azdan evinə gələn polislərə bıçağını təqdim edərək onlarla birlikdə polisə getmişdir. Rafaelin müalicəsi üçün tələb olunmuş 3.200 manatı ona ödəmişlər. Rafaellə barışmış, sonuncu müstəntiqə barışıq ərizəsini təqdim etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Belə ki, o, hadisədən 2 ay əvvəl Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 27B binanın 1-ci mərtəbəsində kirayə mənzil tutaraq ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Təqsirləndirilən şəxs o zaman tanımamışdr. O, istifadəsində olan göy rəngli «Prius Toyota» markalı maşınla sərnişin daşımaqla məşğul olmuşdur. Evə gəldikdə isə maşınını həyətdə boş bir yerdə saxlamışdır. O heç vaxt maşınını həyətdə olan digər maşınlara sürtməmiş, heç bir maşını zədələməmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axşam vaxtı həyətdə ona guya onun maşınının qabaq hissəsini öz maşını ilə sürtməsi barədə iradı qəbul etməmiş, bu zəmndə aralarında mübahisə yaranmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə onlar məhəllədə Təqsirləndirilən şəxslə qarşılaşdıqda sonuncu yenidən ona təkidlə avtomobilini sürtdüyünü bildirmiş, onların arasında yenə mübahisə yaranmış, bir-birilərini söymüşlər, o, əsəbləşərək Təqsirləndirilən şəxs maşınının qabaq farasına yumruqla zərbə vurmuşdur. Təqsirləndirilən şəxs isə maşınından bıçaq götürərək ona qarın nahiyyəsi və qolundan xəsarətlər yetirmişdir. Qolundakı xəsarət yüngül olmuş, lakin qarın nahiyyəsinə bıçaqla yetirdiyi xəsarət ağır olmuşdur. Bu zərbələrə baxmayaraq o özünü itirməmiş, yaxınlıqda olan meyvə dükanına gedərək təcili yardım maşını çağırmasını xahiş etmişdir. Az müddətdən sonra təcili tibbi yardım maşını gələrək onu xəstəxanaya aparmışdır. Yolda huşunu itirmiş, cərrahiyə əməliyyatının keçirilməsindən xəbəri olmamışdır. Hal-hazırda özünü yaxşı hiss edir. Təqsirləndirilən şəxs onun müalicə xərclərini ödəmiş, onunla barışmış, ona qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəməyə notarial qaydada təsdiq olunmuş barışıq ərizəsini təqdim edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün və zərərçəkmiş şəxsin ibtdai istintaq və məhkəmə istinaqı zamanı verdiyi ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisinə ünvanlanmış raportdan (HK-2-3369) müəyyən olunur ki, xx.xx.2022ci il tarixdə saat 22.35 radələrində Respublika Xəstəxanasından tibb bacısı İsmayılovanın vətəndaş X5 Bakı şəhəri Nəsimi rayonu 27B ünvanında qarnın ön boşluğuna nüfuz etmiş kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi” barədə protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, 27B ünvanında yerləşən yaşayış binasının qarşısıdır, hadisə yerinə hadisəni törətmiş Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, sonuncu törətdiyi əməli etiraf etmiş, əməli törətdiyi yeri göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli Nəsimi RPİ-nin rəisinə ünvanlanmış rapotdan müəyyən olunur ki, vətəndaş X9 xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə məlumat verərək, yaşadığı ünvan 6 ünvanının qarşısında adını bilmədiyi qonşusu tərəfindən sağ ciyər nahiyəsinə və sağ qoluna bıçaqla xəsarət yetirilməsini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “götürmə haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayonu 27B ünvanında törədilən hadisəni səmimi etiraf etmiş və könüllü olaraq hadisə zamanı itifadə etdiyi bıçağı olaraq təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan əməli törətdiyinə görə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq Mahmud Sarıvəllinin xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən imtina edilmiş və Əliyev X12 RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmədə elan edilib araşdırılış xx.xx.2022-ci il tarixli “başqa yerə getməmək haqqında” iltizamdan müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 6 mənzil 51 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 01 gün həbsdə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxs X9 tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş fiziki ziyan müqabilinə müalicə xərcləri və ziyan qarşılığı kimi 3200 (üç min iki yüz) manat pulu təqsirləndirilən şəxsin qohumu X6 iştirakı ilə zərərçəkmiş şəxs X10 təhvil almışdır. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxs X10 tərəfindən öz imzası ilə təsdiqlənərək Nəsimi RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Rafiq oğlu tərəfindən onun müalicə xərcləri ödənilmişdir. Zərərçəkmiş şəxs Həbillayev Rafail Təqsirləndirilən şəxslə barışdığını və aralarında halhazırda heç bir ədavət və düşmənçlik olmadığını bildirmiş və ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 100 nömrəli rəyindən müəyyən olunur ki, X7 aşağıdakı xəsarətlər qeyd edilmişdir: qarının ön divarının sağ qabırğaaltı nahiyəsinin periton boşluğuna nüfuz edən qaraciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan deşilmişkəsilmiş yarası; sağ bazunun aşağı 1/3-nin ayır səthinin deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə, qarın nahiyəsində olan xəsarət həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, sağ bazu nahiyəsinin xəsarəti sağlamlığın qısa müddətəpozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 647/2022-MTBŞ nömrəli rəyindən müəyyən olunur ki, ekspertizaya maddi sübut kimi təqdim edilmiş bıçaq üzərində tədqiqat zamanı qan aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə kriminalistik ekspertizasının xx.xx.2022ci il tarixli, 523-2022/MTKŞ nömrəli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan tipli, məişət təyinatlı cib bıçağıdır, deşici-kəsici xassəyə malikdir və soyuq silah hesab olunmur. Təqdim edilmiş bıçağın üzərində sonradan heç bir düzəliş edilməmişdir. Təqdim olunmuş bıçağın üzərində məhkəmə-bioloji tədqiqat zamanı qan ləkələri aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış ambulator-məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 735 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan müəyən olunur ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Tofiq oğluna Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd bıçaq iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxs X8 həm ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizə və qəbzdən, həmçinin məhkəmə baxışı zaman notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı hal-hazırda heç bir şikayət və tələbi yoxdur, gələcəkdə bununla bağlı heç bir iddiası və tələbi olmayacaqdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xasiyyətnaməsindən və onu xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu 4-cü mkr, 20 Yanvar 27B mənzil 51-də qeydiyyatdadır və həmin ərazi 77 saylı Mənzil Kommunal İstismar sahəsinə onun barəsində heç bir şikayət daxil olmayıb, ailəlidir, orta təhsillidir, ailədə tək əmək haqqı alaraq ailəni dolandıran şəxsdir və himayəsində şəkərli diabet xəstəliyindən əziyyət çəkən valideyni vardır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvəllər məhkum olmamışdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə uyğun olaraq cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməməsi ilə bağlı müddəa Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkündür. Məhkəmə nəzərə alır ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi məqsədi qoyulmuş, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tətbiqi genişləndirilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə halda iş üzrə maddi sübut olan Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş bir ədəd bıçaq məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 216 AZN (iki yüz on altı manat) pul 19 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş bir ədəd bıçaq məhv edilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 216 AZN (iki yüz on altı manat) pul Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar