Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1143/2025 13.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X9 oğlunun sədrliyi, hakimlər X7 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 qızının, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1999-cu ildə Türkiyə Respublikası, İstanbul şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2amış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin külli miqdarda narkotik vasitə heroin əldə etmiş, üzərində daşımaqla, saxlamış, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 0,433 qram çəkidə narkotik vasitə heroin əldə edib özündə saxlamaqla daşımış, Yasamal rayon polis idarəsinin Narkotiklə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 25 iyul 2024-cü il tarixdə, saat 15:35-də ünvan 3 ünvanın qarşısında saxlanılıb Yasamal RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,433 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 0,314 qram çəkidə psixotrop maddə metamfetamin, külli miqdarda, 2,076 qram narkotik vasitə heroin əldə edib özündə saxlamaqla daşımış, Yasamal rayon polis idarəsinin Narkotiklə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 noyabr 2024-cü il tarixdə, saat 11:55-də ünvan 5 ünvanın qarşısında saxlanılıb Yasamal RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,314 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 2,076 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır: Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, onu evindən aparmışdırlar. Səhər vaxtı onu tutmuşdurlar. Polis əməkdaşları onu aparan zaman qonşusu hadisəni görmüşdür. Ona idarədə təzyiq altında video çəkdirmişdirlər. Birinci epizodda onu küçədən tutmuşdurlar. Tutulana kimi narkotik vasitədən istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən, Türkiyə Respublikasında anadan olduğunu, birinci epizodda Yasamal Rayon Polis İdarəsi yaxınlığında günorta radələrində tutulduğunu, həmin vaxt narkotiki istifadə etmək üçün piyada yol getdiyini, Talıb adlı şəxslə sonradan görüşdüyünü, tutulan zaman Talıb, Könül, Elnurə adlı şəxslərin yanında olduğunu, həmin şəxslərin onun narkotik vasitə istifadəçisi olduğunu bildiyini, otelin qabağında tutulduğunu, Talıb adlı şəxsin əvvəllər narkotik istifadə etdiyini, hal-hazırda istifadə etmədiyini, polis idarəsində aldığı qədər narkotik vasitənin aşkarlandığını, metamfetamin və heroin adlı narkotik vasitələrdən istifadə etdiyini, birinci epizodda ona təzyiq göstərilmədiyini, ikinci epizodda onu evinin içində tutduqlarını, həmin gün üzərində 01 qram narkotik vasitə heroin olduğunu, 12-13 ədəd isə metamfetamin olduğunu, üzərindən 1 büküm metamfetamin, 1 büküm heroin aşkarlandığını, özünün 1,4 qram narkotik vasitə alıb istifadə etdiyini və tərəzidən istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir: Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 25 iyun 2024-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinə Talıb adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Əldə etdikləri məlumata əsasən Yasamal RPİ-nin yaxınlığında yerləşən “500 Otel”-in qarşısına gəlmiş, oradakı 5 nəfər- Talıb, Cəbrayıl, Hüseyn, Könül və Elnurə adlı şəxsləri saxlayıb Yasamal RPİ-nə gətirmişdirlər. İdarə rəisinə məruzə edildikdən sonra Təhqiqat şöbəsində üstlərinə baxış keçirilmişdir. Hüseyn adlı şəxs könüllü olaraq bildirib ki, narkotik vasitə istifadəçisidir. Üzərində olan 1 bükümü Alatava adlanan ərazidən 10 manata öz istifadəsi üçün almışdır. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat barədə məlumat Etibar adlı şəxsə daxil olmuşdur. Məlumat Talıb barəsində daxil olmuşdur, Hüseyn və digər şəxslər də onun yanında olduğu üçün Talıbla birlikdə saxlanılıblar. Hüseyn adlı şəxsin üzərindən heroin çıxmışdır və bildirmişdir ki, öz istifadəsi üçün Alatavadan almışdır. Hüseyn ilə birlikdə saxlanılan digər şəxslərin də üzərinə ayrı-ayrılıqda baxış keçirilmişdir və hər birinin üzərindən narkotik vasitə çıxmışdır. Talıb adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğu səbəbi ilə onu saxlamaq üçün getmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Umid oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs birinci dəfə CM-nin 234.1-ci maddə ilə şübhəli bilib tutmuşlar. İkinci dəfə 09 noyabr 2024-cü il tarixdə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olur. Eyni zamanda CM-nin 234.1-ci maddəsi ilə axtarışa verilmişdir. Onlar Şahid4 ilə birlikdə ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxsi görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib, onu Yasamal RPİ-nə dəvət etmişlər. İdarədə təhqiqatçının otağında video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, bildirmişdi ki, narkotik vasitəni öz şəxsi istifadəsi üçün almışdır. Şahid ona verilən suallara cavab olaraq X1 rəisi olduğu üçün hər iki tədbirdə iştirak etdiyini, Təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilinib axtarışa verildiyini, baxış zamanı təqsirləndirilən şəxsin üzərindən iki büküm metamfetamin və heroin çıxdığını, narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olması barədə əmliyyat məlumatı daxil olduğunu. Təqsirləndirilən şəxsi həmin məlumat əsasında tutduqlarını, birinci dəfə tutulanda İran vətəndaşından narkotik vasitə aldığını bildirdiyini, ancaq hansı İran vətəndaşından aldığını bilmədiyini, ikinci dəfə tutulanda narkotik vasitəni kimdən aldığı barədə nə dediyini xatırlamadığını, Təqsirləndirilən şəxsi axırıncı dəfə tutarkən iki nəfər olduqlarını, onu saxladıqları yerdə videoçəkiliş aparılmadığını, o idarəyə gətirdikdən sonra təhqiqatçının otağında videoçəkiliş aparıldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 09 noyabr 2024-cü il tarixdə keçirilən əməliyyat tədbiri nəticəsində Yasamal rayonu, Ü.Əkbərov küçəsində Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nə gətirilmişdir. Polis idarəsində təhqiqatçının otağında kamera çəkilişi vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı Hüseynin üzərindən iki büküm narkotik vasitə aşkar olunaraq götürülmüş və qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid ona verilən suallara cavab olaraq tədbirdə iki nəfər olduqlarını, təqsirəndirilən şəxs saxlanılarkən və üzərinə baxış keçirilərkən ona heç bir təsir-təyiq göstərilmədiyini, saxlanılarkən video çəkiliş aparılmadığını, videoçəkilişin polis idarəsində, təhqiqatçının otağında aparıldığını, tədbirdə iki nəfər polis əməkdaşı olduqlarını, şəxsi saxlayarkən iki nəfər olduqlarını, ona müdafiəçinin iştirakı ilə baxış keçirildiyini bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizanın keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3830 nömrəli 26 iyul 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində ‘Azərbaycan Respublikası DİN Zərflər üçün №42” dairəvi möhür əksləri olan, “imza" Təqsirləndirilən şəxs; Müdafiəçi: “imza" T.Kərim; “imza" Şahid3; “imza" Şahid2; Təhq: “imza” A.Qədiməliyev” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,433 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. ( cild 1 i/v 127-130 ) Məhkəmə-kimyəvi ekspertizanın keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5192 nömrəli 10 noyabr 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №42” dairəvi möhür əksləri olan Təqsirləndirilən şəxs üzərindən..." sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,076 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir bükümdə təmiz çəkisi 0,314 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. ( cild 1 i/v 40-45 ) Məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi X11 ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2024-cü il tarixli 7129 nömrəli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində Asalılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1 i/v 207-208 ) Ambulator məhkəmə-psixiatrik ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli 3689 nömrəli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xətəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtiqarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. ( cild 1 i/v 238/239) Şəxsi axtarış və götürmə aparılması haqqında 25 iyul 2024-cü il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. ( cild 1 i/v 119-120 ) Şəxsi axtarış və götürmə aparılması haqqında 09 noyabr 2024-cü il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür ( cild 1 i/v 32-33 ) Təqsirləndirilən şəxs üzərinə 25 iyul 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin görüntülərini özündə əks etdirən bir ədəd cd diskə keçirilmiş baxış protokolu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. ( cild 1 i/v 158-159 ) Təqsirləndirilən şəxs üzərinə 09 noyabr 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin görüntülərini özündə əks etdirən bir ədəd cd diskə keçirilmiş baxış protokolu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. ( cild 1 i/v 82 ) Təqsirləndirilən şəxs üzərinə 25 iyul 2024-cü il və 09 noyabr 2024-cü il tarixlərdə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş kustar üsulla hazırlanmış təmiz çəkisi 0,433 qram və 0,314 qram narkotik vasitə heroinin, təmiz çəkisi 2,076 qram psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut qismində tanınmış, ekspertiza təqdiqatından sonra müvafiq olaraq qalıq 0,383 qram və 0,264 qram narkotik vasitə heroin və 2,026 qram psixotrop maddə metamfetaminin saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. ( cild 1 i/v 160-79) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağstafa Rayon Polis İdarəsində Azərbaycan Repsublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi baxılması üçün xx.xx.2015- ci il tarixdə Ağstafa rayon məhkəməsinə göndərilmişdir. ( cild 1 i/v 164-165 ) Cinayət işinə əlavə olunmuş Ağstafa rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 85.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. ( cild 1 i/v 196-199 ) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya şöbəsinin 06/2016 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Mokrani X5 Rayon Məhkəməsinin 1(015)-30/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünə əsasən ödəməli olduğu 500 (beş yüz) manat məbləğində cərimə cəzasını bugünədək ödəməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə, CM-nin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 18.1., 83.3.3. və 83.6. maddələri. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin president hüququ: Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Narktoik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 26-cı bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 34-38-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 28, 38,39, 40, 41-ci bəndlərindəki normativ aktlara əsasən). Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 25-ci bəndi). Təqsirləndirilən şəxsin təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 18, 19, 20, 21-ci bəndləri). Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağstafa Rayon Polis İdarəsində Azərbaycan Repsublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi baxılması üçün xx.xx.2015-ci il tarixdə Ağstafa rayon məhkəməsinə göndərilmiş, Ağstafa rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 85.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya şöbəsinin 06/2016 nömrəli məktubundan göründüyü kimi, Mokrani X5 Rayon Məhkəməsinin 1(015)-30/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünə əsasən ödəməli olduğu 500 (beş yüz) manat məbləğində cərimə cəzasını bugünədək ödəməmişdir. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır (qərarın 24-cü bəndi). Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrnin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 22-ci bəndi). İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 11 noyabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 71). Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək şübhəli şəxs qismində saxlanımışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr (qərarın 23, 29 və 30-cu bəndləri). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 9 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan, Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalan 0,383 qram və 0,264 qram narkotik vasitə heroin və 2,026 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 2 ədəd video disk cinayət işinin materiallarında saxlanılmalıdır. (qərarın 31-ci bəndi). Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 32-ci bəndi). Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi1 275 (iki yüz yetmiş beş) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1- 1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökm üzrə təyin edilmiş cəza ilə Ağstafa rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən təyin edilmiş 500 manat cərimə cəzası qismən birləşdirilərək ona qəti olaraq 500 manat cərimə cəzası və 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 500 manat cərimə cəzası və 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalan 0,383 qram və 0,264 qram narkotik vasitə heroin və 2,026 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 2 ədəd video disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi1 275 (iki yüz yetmiş beş) manat məbləğində pul ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1143/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1143/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver