Məhkəmə qərarları › İş №1(101)-1144/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1144/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1144/2023 17.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2001-ci il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan kəndi, “Hacı Mövlan” bağlar ərazisində yerləşən nömrəsiz evdə yaşayan, 11 sentyabr 2022-ci il tarixdə tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və həbsdən azad olunmuş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə, naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – 2,053 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 11 sentyabr 2022-ci il tarixdə saat 23:30-da Nəsimi rayon Polis İdarəsi, 22-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 1 bükümdə təmiz çəkisi 2,053 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin yanvarında hərbi xidmətə çağırılmış və həmin ilin sentyabr ayında başlayaraq 44 gün davam edən Vətən müharibəsində iştirak etmişdir. Müharibədə yaranmış psixoloji gərginliyi ilə bağlı narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən “kokos” adı ilə tanıdığı heroindən istifadə etmişdir. Hərbi xidmətdə olarkən həmçinin yaralanmış, müharibə bitdikdən sonra bir müddət Bakı şəhərindəki hərbi qospitalda müalicə almışdır. Bundan sonra da imkanı olanda narkotik vasitə tapıb istifadə etmişdir. 31 avqust 2022-ci ildə “İnstagram”da tanış olduğu Məmməd adlı şəxslə yazışarkən ondan narkotik istəmiş, Məmmədin göndərdiyi bank kartına 01 sentyabr 2022-ci il tarixdə marketdən 20 manat məbləğində pul vurmuşdur. Sonradan Məmməd onun mesaj və zənglərinə cavab verməmiş, o da, artıq bu işin baş tutmayacağını fikirləşmişdir. Lakin 11 sentyabr 2022-ci il tarixdə Məmməd ona zəng vurub problemləri olduğunu, ona görə əlaqə saxlaya bilmədiyini demiş, axşam “28 May” metrosu tərəfdə narkotik yerləşdirəcəyini, həmin narkotiki gedib götürməsini bildirmişdir. Həqiqətən də həmin gün axşam saatlarında Məmməd ona “konum” göndərib “28 May” küçəsində Səməd Vurğun parkının yaxınlığında narkotik vasitə qoyduğunu söyləmiş, o da, çətinliklə həmin yeri tapıb oraya qoyulmuş narkotik vasitə heroin olan 1 ədəd bükümü götürmüşdür. Bundan sonra “28 May” küçəsi ilə piyada hərəkət etmiş, bir neçə dəqiqə sonra 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb Nəsimi rayon Polis idarəsi, 22-ci Polis şöbəsinin əməkdaşları olmalarını bildirmiş, onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu deyərək şəxsi axtarış keçirilməsindən ötrü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona vəkil təqdim edilmiş, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində olan əşyaları təqdim etmək təklif olunduqda, o, üzərində saxladığı həmin 1 büküm narkotik vasitəni şalvarın sağ yan cibindən çıxarıb təqdim etmiş, bükümün içərisində "kokos" kimi tanıdığı narkotik vasitə heroin olduğunu və şəxsi İstifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümə və içərisindəki kütləyə polis əməkdaşı tərəfindən baxış keçirilmiş və zərfə qoyulub üstü möhürlənərək imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən müharibədə keçirdiyi psixoloji gərginliyinə görə istifadə etdiyini, səhv hərəkət etdiyini başa düşdüyünü, hazırkı iş üzrə tutulandan sonra narkotik vasitələrdən istifadəni dayandırdığını, törətdiyi əmələ görə səmimi peşman olduğunu, onun müharibə iştirakçısı kimi medallarla təltif edildiyini bildirərək, cəza təyin edilərkən həmin halları nəzərə almağı xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 22-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 bildirdi ki, xidmət etdiyi ərazidə narkotik vasitə aludəçisi İsrayil adlı şəxsin üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuş və məlumat əsasında əməliyyat müvəkkili Şahid2lə birlikdə əməliyyat qrupu yaradılmışldır. Onlar 11 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Nəsimi rayonu, “28 May” küçəsinə gəlmiş, 108 saylı binanın qarşısında əlamətləri İsrayil adlı şəxsin əlamətlərinə uyğun gələn şəxsin hərəkət etdiyini görmüşlər. Saat 23:30 radələrində qeyd olunan şəxsə yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsin adının həqiqətən də İsrayil olmasını müəyyən etdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə polis şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxsin Yardımlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, bu zaman İsrayil əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin büküm açılaraq içərisində həqiqətən də narkotik vasitəyə bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra həmin 1 ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı ondan aşkar edilmiş narkotik vasitəni internet vasitəsi ilə tanış olduğu, özünü İran vətəndaşı kimi təqdim etmiş Məmməd adlı şəxsin bank kartına göndərdiyi 20 manat pulun qarşılığında əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 22-ci Polis bölməsinin əməliyyat müvəkkili Quliyev X3 Beybudlunun müəyyən edilərək saxlanılması və üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitənin aşkar edilib götürülməsi prosesində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə olunmuş 12 sentyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokola əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə, heroin əldə edib özündə saxlayaraq daşıması, 12 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanın qarşısında Nəsimi RPİ, 22-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 bükümdə çəkisi 2,053 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi faktı təsdiq olunur (cild 1, iş vərəqi 47-52). 12 sentyabr 2022-ci il tarixdə X2 üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynindəki cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 1 bükümün aşkar edilərək götürülməsinin videogörüntülərini əks etdirən 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qəbul edilmiş və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 70-72). Məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 6/5092 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN “Zərflər üçün 189“ dairəvi möhür əksi və “Beybudlu İ-imza, iştirakçılar-üç imza, tərtib etdi: E.Qaralovimza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdə təmiz cəkisi 2,053 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, iş vərəqəi 57-61). Ambulator narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6863 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 121-122). İbtidai istintaq orqanının 15 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,053 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübüt kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,003 qram çəkidə narkotik vasitə məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 106-107). Cinayət işinə əlavə olunmuş SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2020-ci il tarixdə hərbi xidmətə çağırılmış, baş atıcı kimi hərbi xidmət keçmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan İ-6931 №-li və İ-11390 №-li vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir (cild 1, iş vərəqi 85-86). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, idarənin informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 119-120). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün dəlillər gətirmədi. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını, 44 günlük Vətən müharibəsində iştirak etməsini, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, 44 günlük Vətən müharibəsində iştirak etməklə “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərarı nəzərə alınmaqla) məhkəmələrə tövsiyyə edilir ki, maddənin sanksiyasında azadlıqdan məhrum etmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda, belə cəza növü Cinayət Məcəlləsinin 52-1-ci maddəsi xatırlanmadan, birbaşa CM-nin 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 62-ci maddəsinin tətbiq olunmasını və ona həmin maddə ilə nəzərdə tutulmuş cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası deyil, daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələbinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə görə, məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 52-1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza tətbiqi ilə əlaqədar onun üzərinə maddədə nəzərdə tutulmuş müəyyən vəzifələr qoyulmalı, həmçinin onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət cinayət qanunvericiliyinə uyğun olaraq hesablanmaqla qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət qanunvericiliyinin həmin müddəasına uyğun olaraq, Təqsirləndirilən şəxs hazırkı iş üzrə faktiki olaraq 11 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 13 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri, ünvan 4 ünvanını təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00dək tərk etməmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası ambulator narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6863 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, ona tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan kustar üsulla hazırlanmış bir bükümdə 2,003 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 92 (doxsan iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş üzrə müdafiəçi - Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabata görə, o, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi ilə əlaqədar 35 saat vaxt sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 sentyabr 2022-ci il tarixdən hökmün çıxarıldığı 13 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icra müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 5 ünvanını təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş X2 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tətqiqatından sonra qalıq qalan 2,003 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar