Məhkəmə qərarları › İş №1(101)-1145/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1145/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1145/2025 23.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 az yaşlı uşağı olan, ali təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin üzərində zor göstərməklə, onun haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi və hədə-qorxu ilə tələb etməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə əməlini törətmişdir.

İşin faktiki halları:

2. Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olarkən müştəri qismində tanıdığı Zərərçəkmiş şəxs ilə xx.xx.2023-cü ildə idarə etdiyi avtomobildə sonuncunun könüllü razılığı əsasında aralarında olan cinsi əlaqəni əks etdirən görüntüləri, daha sonra isə Zərərçəkmiş şəxs ilə whatsapp tətbiqində videogörüntü ilə aralarındakı danışıq zamanı sonuncunun intim görüntülərini öz telefonu vasitəsilə qeydə alıb saxlamış, özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2023-cü ildə ünvan 4 ünvanında yerləşən Elmi– Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda olarkən Zərərçəkmiş şəxs həmin görüntüləri göndərərək pul tələb etmiş, həmçinin tələb etdiyi pulu verməyəcəyi təqdirdə sonuncunun şəxsiyyətinə xələl gətirəcək həmin rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacağı hədəsi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs, sonuncu tərəfindən xx.xx.2023-cü ildə saat 10:58-də “Birbank” mobil tətbiqi vasitəsilə onun istifadəsindəki "xxxx" ASC-yə aid “Leobank” kartının hesabına göndərilmiş 1.000 (bir min) manat, həmin gün saat 11:03-də mobil tətbiq vasitəsilə onun istifadəsindəki həmin bank kartına göndərilmiş 1.500 (bir min beş yüz) manat, xx.xx.2023-cü ildə mobil tətbiq vasitəsilə onun istifadəsindəki həmin bank kartına göndərilmiş komissiya haqqı ilə birlikdə 2.509,81 (iki min beş yüz doqquz manat 81 qəpik) manat məbləğində pulu, xx.xx.2023-cü ildə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3002 ünvanda yerləşən “Bravo” marketin qarşısında Zərərçəkmiş şəxs 2.700 (iki min yeddi yüz) manat məbləğində pulu və xx.xx.2023-cü ildə ünvan 6 ünvanında yerləşən "xxxx" ASC-nin filialının qarşısında sonuncudan 3.000 (üç min) manat məbləğində pulu hədə-qorxu ilə tələb etməklə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 10.709,81 (on min yeddi yüz doqquz manat səksən bir qəpik) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmuşdur.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə, saat təxminən 07:00 radələrində “Bolt” taksi şirkəti vasitəsilə taksi sifariş etmiş, həmin sifarişə Təqsirləndirilən şəxs adlı taksi sürücüsü gəlmiş və onu “Toyota Prius” markalı avtomobil ilə yaşadığı ünvandan götürərək Yasamal rayonu ərazisində yerləşən iş yeri - Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutuna aparmışdır. O, işdə olarkən Təqsirləndirilən şəxs ona tanış olmaq məqsədi ilə mesaj yazmış və bir neçə dəfə zəng etmişdir. O, Təqsirləndirilən şəxs zənglərinə cavab verməsə də, sonuncunun yazdığı mesajları oxumuşdur. Həmin mesajlarda Təqsirləndirilən şəxs özünün Binəqədi rayonunda yaşadığını, işdən çıxarkən onu evinə apara biləcəyini bildirmiş, o isə sonuncunun həmin mesajına cavab yazaraq axşam evə getməyəcəyini qeyd etmişdir. xx.xx.2023-cü ildə, saat 17:00 radələrində işdən çıxıb İçərişəhərdə yerləşən restorana iftar qonaqlığına getmək üçün taksi sifariş verərkən whatsapp tətbiqi vasitəsilə səhvən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng etmişdir. Sonuncu telefona cavab verərək onu restorana, daha sonra isə evinə apara biləcəyini bildirmiş və o da Təqsirləndirilən şəxsla razılaşmışdır. Bundan sonra sonuncu onu İçərişəhərdə yerləşən restorana, xx.xx.2023-cü ildə saat 22:00 radələrində həmin restorandan çıxdıqdan sonra isə evinə aparmışdır. Avtomobildə gedən zaman söhbətləşmiş və onlar arasında yaxın ünsiyyət başlamışdır. Təxminən Binəqədi rayonu ərazisində Təqsirləndirilən şəxs qaranlıq bir yerdə avtomobili saxlayaraq arxa oturacaqda onun yanına əyləşmiş və onlar könüllü olaraq təbii yolla cinsi əlaqədə olmuşlar və sonrasında Təqsirləndirilən şəxs onu evinə aparmışdır. xx.xx.2023-cü ildə səhər saatlarında o, evdə yatağında olarkən Təqsirləndirilən şəxs ona whatsapp tətbiqi vasitəsilə zəng etmiş, sonuncunun zənginə cavab verərkən Təqsirləndirilən şəxs videozəngə keçərək ondan kameranı açmasını istəmişdir. O, həmin vaxt gecə paltarında olmuş, Təqsirləndirilən şəxs ona əvvəlki gün olan münasibətdən sonra utanmamasını bildirərək, paltarının yaxasını açmasını istəmişdir. O da əvvəlkinin istəyinə uyğun olaraq paltarının yaxasını açmış və Təqsirləndirilən şəxs görüntülü danışaraq ona baxmışdır. Həmin gün sonuncu onunla danışarkən ondan maddi kömək istəmiş və ona avtomobilin ehtiyyat hissəsinin fotoşəklini ataraq həmin batareyaların xarab olduğunu, onları düzəltmək üçün isə 2.000 (iki min) manat məbləğində pul lazım olduğunu bildirmişdir. O isə Təqsirləndirilən şəxs yalnız 50 (əlli) və ya 100 (bir yüz) manat məbləğində pul göndərib köməklik edə biləcəyini bildirmişdir. Bunun qarşılığında sonuncu avtomobili ustaya aparacağını, əgər avtomobil düzəlməsə ona avtomobil almalı olduğunu bildirmişdir. Sonuncu ondan yüksək məbləğdə pul tələb etdiyi üçün Təqsirləndirilən şəxs mobil nömrəsini bloklamışdır. Bir müddət keçdikdən sonra ***-***-**-** saylı GSM mobil nömrəsindən ona mesaj gəlmiş, mesajda xx.xx.2023-cü ildə, səhər saatlarında Təqsirləndirilən şəxsla etdikləri video zəngin və xx.xx.2023-cü ildə avtomobilin içərisində olan cinsi əlaqədə olmalarının görüntüləri olmuşdur. Təqsirləndirilən şəxs mesajda ona “sən çaşdın məni bloka atmağı sənə göstərəcəm” deyə bildirmişdir. Təqsirləndirilən şəxs videoları atdıqdan sonra daha əvvəl kömək olaraq istədiyi 2.500 (iki min beş yüz) manatdan artıq pulu ona hədə-qorxu gələrək tələb etmiş və o da çarəsiz qalaraq pul axtarmağa başlamışdır. O, xx.xx.2023-cü ildə 2.500 (iki min beş yüz) manat, xx.xx.2023-cü ildə isə növbəti 2.500 (iki min beş yüz) manat məbləğində pulu öz “Birkart” hesabından Təqsirləndirilən şəxs “Leobank” hesabına göndərmişdir. xx.xx.2023-cü ildə 2.700 (iki min yeddi yüz) manat məbləğində pulu Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Bravo” marketin içərisində olan “Kapitalbank”- dan kredit götürərək Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2023-cü ildə isə ünvan 8 ünvanında yerləşən "xxxx"- dan 2.100 (iki min yüz) manat nağd kredit götürmüş və “Bolkart”ında olan 900 (doqquz yüz) manat məbləğində pulu çıxarıb həmin pula əlavə edərək Təqsirləndirilən şəxs vermişdir. O, bütün bu pulları Təqsirləndirilən şəxs onun şəkillərini sosial şəbəkələrdə paylaşmasından, onu iş yerində, cəmiyyətdə rüsvay edəcəyindən qorxduğu üçün vermişdir. Beləliklə, sonuncu hədə-qorxu ilə tələb etməklə, ümumilikdə 10.700 (on min yeddi yüz) manat məbləğində pulu ondan almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onların bir yerdə olduğu şəkilləri və videolarını hər yerdə yayıb onu rüsvay edəcəyi hədəsi ilə ondan pullar tələb etmiş və o, həmin pulları Təqsirləndirilən şəxs borc olaraq deyil, məhz sonuncunun ona hədə-qorxu gəlməsi nəticəsində vermişdir. Həmçinin bildirmişdir ki, o, həmin görüntülərə baxarkən stres keçirdiyi üçün onları qeydə almaq imkanı olmamış, bir-iki dəqiqə sonra isə Təqsirləndirilən şəxs whatsapp tətbiqi vasitəsilə göndərdiyi həmin görüntüləri silmişdir. Sonuncu tərəfindən ona göndərilən fotoşəkillər və videolar real idi və yaşanmışdı. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın verilməsini, onunla barışmamasını və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 137).

5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-869/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci ilədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü ildən hesablanmışdır (İ cild i/v 191-192).

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-730/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx.xx.2025-ci ilədək uzadılmışdır (İ cild i/v 231-233).

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-147/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 20 gün, yəni xx.xx.2025-ci ilədək uzadılmışdır (İ cild i/v 303-306).

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır (İİ cild i/v 4-5).

9. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İİ cild i/v 29-30).

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘’Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi’’ X7 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 393 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssilərə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi faəliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtiarında olmuşdur. Buna görə də sonuncu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-in 21-ci maddəsinin təsiri altına düşmür (İ cild i/v 248- 249).

11. Mobil telefon yazışmalarına baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs "Həzrət Abbasa and olsun bacını gətirmişəm həkimə bura travmatologiyaya tüpürəcəm hər şeyə qoyacam buları burda çıxıb gəlib sürüyəcəm orda başımı xarab eləmə", "sən öl elə bilmə hər şey təmiz silinib", həmçinin Zərərçəkmiş şəxs tərəfindən ona fotoşəkil göndərilib dərman içərək intihar edəcəyini bildirdiyi mesaja cavab olaraq “mən də bütün şəkil videoları atıram internetə, qoy hamı bilsin" məzmunda onu rüsvay edəcək video görüntü və fotoşəkil olması, həmin görüntüləri sosial şəbəkədə yerləşdirməsi ilə hədələyib pul tələb etməsinə dair mesajlar göndərilmişdir (İ cild i/v 253).

12. Cinayət işinin materiallarına əlavə edilmiş səs yazıları olan DVD diskə və protokola məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs “Başa düşmədim ee mən sənə vəziyyəti nə qədər başa salmalıyam ee mən səni başa düşmürəm e sən nə istiyirsən indi səə bir quranlıq sənlə söbət eləmişəm vəziyyəti başa salmışam ki, budu indi sən durub məynən, nə qabaqdan gəlmişdiy eliyirsənə mənim başım çıxmır neyləmək istiyirsən. Mən ən dəqiqəyə ordayam gəlirəm iş yerivin qabağına sən aşağı düşməsən mən səni çağıtdıracam aşağı görəm səynən xoşduğnan alınmır", "mən vara mən bilirdim sən belə eliyəcəysən üz gələcəysən də mənə başa düşdün? Allah haqqı bilirdim bilirsən necədi yəni insanlar belədi yəni nə vaxtsa kiməsə ürəyini açırsan, nə vaxtsa kiməsə işin düşür nə vaxt söz verirsən ki, dediyim hər şeyi eliyəcəm və o dediyim hər şeyi eliyəcəmi eliyirsən yəniki şəkiləri siləcəm narahat olma srazu sənin əlivə kozur düşdü başa düşdün ujə mənə dil gəlirsən uje vəziyyəti başa salıram", sən səhv buraxdın və mən səə bir şey demək istiyirəm sənin o səhvini gözdüyürdüm şəxsən yəni fikirləməginən Elvin mənə heçnə eləməz mən elə elə bi adamam ki, verdiyim sözü tutan adamam ama heç vaxt özümə qarşı olan səhvi bağışdıyan adam döləm sən də məə qarşı səhv buraxdın", "bidənə dönər alım gəlirəm acından ölürəm, pamdartdayam çıxanda mənə xəbər elə unibankda elə yaxındadı o 20 nömrəli məktəbin yanında var indi gördüm tüşəsən ora", "başqa bilmirəm nə tapırsan hardan tapırsan o pullu büyünləri götürməliyik başqa söbət olmasın", "mən də səə dərəm ki, məcbur eliyirsən də danışmağa qoymursan ağzımı açıram orda vıdı vıdı vıdı bir kəlmə söz ağzımı açıb deyə bilmirəm. Mən də dirəm ki bir saxla sox icivə gör mən nə deyirəm ondan sonra başda dırıllamağa uje məə o qədər əsəb eliyirsən həzrət Abbasa and olsun bacını gətirmişəm həkimə bura travmatologiyaya tüpürəcəm hər şeyə qoyacam buları burda çıxıb gəlib sürüyəcəm orda başımı xarab eləmə ", "Allaha dirəm xəstəxnadaym səsimi çıxarda bilmirəm ama içimdə o qədər əsəb yığılıb Allaha and olsun dirəm gəlib səni öldürərəm orda uşağıvı yetim qoyaram uje əsəbdən partdıyıram özümü də öldürərəm səni də mənim başımı xarab elmə" deyə bildiririr (İ cild i/v 61, 254).

13. 14.02.2025-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan və qəbzlərin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs məxsus “Birbank” tətbiqindən Təqsirləndirilən şəxs “Leobank” kartına xx.xx.2023-cü il tarixdə ilk olaraq 1.000 (bir min) manat, beş dəqiqə sonra 1.500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 2.500 (iki min beş yüz) manat, növbəti günü, xx.xx.2023-cü il tarixdə yenə də “birbank” tətbiqindən Təqsirləndirilən şəxs “Leobank” kartına əvvəlki tərəfindən 2.500 (iki min beş yüz) manat məbləğində pul köçürülmüşdür (İ cild i/v 241-244).

14. xx.xx.2023-cü il tarixli, GTKR0899277B207 saylı kredit müqaviləsinə əlavədən görünür ki, Zərərçəkmiş şəxs illik 24% dərəcəsi ilə 24 ay müddətinə 2.700 (iki min yeddi yüz) manat məbləğində kredit götürmüşdür (İ cild i/v 20).

15. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında Zərərçəkmiş şəxs 3.000 (üç min) manat məbləğində pulu aldığını etiraf edir (İ cild i/v 31-33).

16. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i/v 206).

17. xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, səs yazılarını özündə əks etdirən 01 ədəd DVD disk, bank çıxarışları və Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan whatsapp yazışmaları maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild i/v 256-261).

18. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs maddi ziyanın vurulmasına görə 10.700 (on min yeddi yüz) manat, mənəvi ziyanın vurulmasına görə 3.000 (üç min) manat, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat olmaqla cəmi 14.020 (on dörd min iyirmi) manat məbləğində pul vəsaitinin və hazırki iddiaya görə ödənilmiş 133 (bir yüz otuz üç) manat dövlət rüsumunun alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir (İİ cild i/v 17-19).

19. 73475343 nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən mülki iddia üçün nəzərdə tutulmuş 133 (bir yüz otuz üç) manat məbləğində dövlət rüsumu ödənilmişdir (İİ cild i/v 20).

20. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli, EM-1112VK-16347/25 saylı müqavilədən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 320 manat məbləğində pul vəsaiti Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ödənilmişdir (İİ cild i/v 21-23).

21. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

22. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, taksi kimi fəaliyyət göstərmiş, xx.xx.2023-cü ildə həmin vaxt tanımadığı Zərərçəkmiş şəxs sifarişi əsasında sonuncunu 1 saylı Şəhər Klinikasının yanından Nəbabət bağına aparmış, həmin gün axşam saat 5-6 radələrində maşında başqa müştəri olan vaxt ona zəng gəlmiş, maşında müştəri olduğuna görə o, telefonu açmamışdır. Sonrasında ona həmin nömrənin “Whatsapp” hesabından “nömrə səhv yığılıb, üzrlü hesab edin” şəklində mesaj gəlmiş, hesabın profil şəklinə baxanda onun səhər apardığı müştəri olduğunu anlamışdır. Zərərçəkmiş şəxs ona iftarla bağlı əvvəlcə İçəri Şəhərə restorana, restorandan da evə gedəcəyini və bunun üçün maşın lazım olduğunu, əgər razılaşsa ona yaxşı ödəniş edəcəyini bildirmiş, o isə razılaşaraq xx.xx.2023-cü ildə sonuncunu “İçərişəhər”ə aparmışdır. Ondan sonra başqa müştəri götürmüş, saat 9-10 arasında Zərərçəkmiş şəxs özünün xahişi ilə restorandan götürüb Binəqədi qəsəbəsinə aparmışdır. Qeyd etdiyi ünvanı tanımadığı üçün oraya canlı məkanla getmiş və yolda maşında Zərərçəkmiş şəxs ilə söhbət etmişdir. O, Daxili Qoşunlarda işlədiyini, sonra ikinci qrup əlilliklə bağlı pensiyaya çıxdığını bildirmiş, Zərərçəkmiş şəxs də özü barədə, yəni ailəli olub boşanması, bir qız övladının olması barədə ona danışmış və səhər gəlib onu işə aparmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ünvana çatdırdıqdan sonra sonuncu axşam ondan evə çatıb-çatmamasını soruşmuş, onlar arasında mesajla ünsiyyət davam etmişdir. O, şəxsi münasibətlər zamanı Zərərçəkmiş şəxs borcla bağlı sıxıntısı olduğunu bildirmişdir. Sonuncu söhbət əsnasında ondan xoşu gəldiyini, onunla münasibət istədiyini və ona kömək edəcəyini bildirmişdir. Aprel ayının 27-nə qədər o, Zərərçəkmiş şəxs taksi xidməti göstərmiş, onlar həm də bu müddət ərzində danışıb, yazışaraq ünsiyyətdə olmuşdurlar. Aprelin 21-də Zərərçəkmiş şəxs işə aparanda Nəbatət bağına gedən yolda təmir getdiyinə görə maşın dayanmış və bu zaman sonuncu qabaq sağ oturacaqda oturmuşdu. Həmin vaxt anlıq yaxınlaşma ilə onlar öpüşmüş, lakin aralarında heç bir cinsi əlaqə olmamışdır. O, Zərərçəkmiş şəxs maşının içində kamera olduğunu, lakin işləmədiyini bildirmişdir. Daha sonra mesajlaşmaları zamanı Zərərçəkmiş şəxs 2.000 (iki min) manat borcunun olduğunu bildirərək ondan kömək istəmiş, sonuncu ona 50 (əlli) manat, 100 (bir yüz) manat yardım edə biləcəyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs öpüşən zaman maşının kamerasının çəkdiyini, həmin görüntünün onda olduğunu demiş, əslində isə həmin görüntü onda olmamışdır. O, bunu məhz qarşı tərəfin ona pul verməsi üçün qorxuzmaq məqsədi ilə demişdir. Həmin görüntüyə görə sonuncu ona 4.700 (dörd min yeddi yüz) manat pul vermiş, o, isə həmin puldan sonuncunun kartına 1.500 (bir min beş yüz) manatı geri qaytarmışdır. Daha sonra Zərərçəkmiş şəxs onu Binəqədiyə çağırmış, ora çatanda əvvəlki onun telefonun əlindən alıb baxmış, lakin öz telefonunu onun baxması üçün verməmişdir. Zərərçəkmiş şəxs onun telefonuna baxanda görüntülərin onda olmadığını anlamış, o da, sonuncuya qəsdən elə dediyini, əslində isə heç vaxt onda görüntülərin olmadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs nə qədər borcu varsa ona həmin məbləğdə də kömək edəcəyini, münasibətilərinin pozulmasını istəmədiyini bildirmiş, 2 gündən sonra sonuncu özü zəng edərək ona 3.000 (üç min) manat pul vermiş, pulun 2.700 (iki min yeddi yüz) manatını götürüb, 300 (üç yüz) manatını özünə qaytarmışdır. Zərərçəkmiş şəxs həmin pulları ona borc kimi vermiş, o isə sonuncuya kredit borcunu bağladıqdan sonra onun borcunu qaytaracağına söz vermişdir. Onun səhvi Zərərçəkmiş şəxs o mesajları yazmaq və 8 gün işə aparıb-gətirmək olmuşdur. Zərərçəkmiş şəxs özü də istintaqda sonuncudan borc istədiyini və pulları ona borc kimi verdiyini bildirmişdir. Onların aralarında heç vaxt cinsi münasibət olmamışdır. Hər dəfə o, Zərərçəkmiş şəxs ilə kobud danışsa da, sonuncu ona zəng edib danışdıqlarında yenidən barışmışdılar. Zərərçəkmiş şəxs ona 2.900 (iki min doqquz yüz) manat pulu verəndə ona münasibət təklif etmiş, o da təklifi rədd edərək sonuncuyla kobud danışmışdır. Sonrasında Zərərçəkmiş şəxs qızının ayağının sındığını, Polşada olduğunu bildirərək ondan pul istəmiş, o, pulunun olmadığını bildirmişdir. Səhərisi günü Zərərçəkmiş şəxs onu Ulduz metrosunun yanına çağırmış, orda da polislərə şikayət etdiyinə görə polislər onu saxlamış, telefonuna baxanda heç nə tapmamışlar. Polisdə ayda 500 (beş yüz) manat olmaqla pulunu qaytarmağa razılaşsalar da, qəza keçirdiyinə görə pulunu qaytara bilməmiş, Zərərçəkmiş şəxs vəkil tutaraq əvvəl borc şəklində verdiyi pulu hədə-qorxu ilə tələbetmə adı ilə ondan şikayət etmişdir. Hadisə olan ərəfədə o, Xiaomi markalı Redmi mi 11 light modelli mobil telefon istifadə etmiş və həmin mobil telefonun üzərində isə ***-***-**-** mobil nömrəsi olmuşdur. Həmin telefon nasaz olduğu üçün mobil telefonu 2023-cü ilin may ayında Nizami rayonunda Neftçilər adlanan ərazidə xatırlamadığı mağazaya satmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs yoldaşından sonra ilk onunla münasibətdə olduğunu bildirmiş, sonuncu ilə heç bir yaxınlıqları olmamışdır. Zərərçəkmiş şəxs qeyd etdiyinin əksinə, ona tanışlıq üçün yazan zərərçəkmişin özü olmuş, o, sonuncuya tanışlıq üçün heç vaxt yazmamışdır. Zərərçəkmiş şəxs ona banklardan 6.000 (altı min) manat götürdüyünü, kreditin faizi isə 700 manat təşkil etmiş və o həmin faizi də ödəyəcəyini bildirmişdir. O, sonuncunun videosunu, şəklini internetdə yayacağını bildirməmiş, ümumiyyətlə aralarında video söhbəti olmamış, o, V.C. Xəlilzadənin onda şəklinin olmasını sonuncuya bildirmişdir. Həmçinin səs yazıları ona məxsusdur, həmin yazıları whatsapp proqramı vasitəsilə istifadəsində olan ***-***-**-** nömrəsindən sonuncunun istifadəsində olan mobil nömrəyə göndərmişdir. Zərərçəkmiş şəxs ilə tanış olduğu ərəfələrdə borcları və pula ehtiyacı olduğu üçün sonuncuya hədə-qorxu xarakterli səsli və yazılı mesajlar göndərmişdir.

23. Daha sonra əməlindən səmimi peşman olduğunun, ailəli olmaqla iki az yaşlı uşaqlarının olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

24. Maddə 182.2.4. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

25. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

26. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

27. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

28. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

29. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.

30. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

31. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

32. Maddə 89.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır.

33. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

34. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

35. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

36. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

37. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

38. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

39. Maddə 179. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.

40. Maddə 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda.

41. Maddə 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər.

42. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir).

43. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

44. Maddə 354. Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

45. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

46. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

47. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı:

48. Qərarın 2-ci bəndi. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

49. Həmin Qərarın 8-ci bəndi. İddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci mad-dəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

50. Qərarın 11-ci bəndi. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarı

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-ci il tarixli, 2 №-li Qərarı:

52. Qərarın 3-1-ci bəndi. Hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının CM-in 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə həmin Məcəllənin 182.2.4-cü maddəsi ilə tövsif olunmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

53. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

54. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Avropa Məhkəməsinin Presedent Hüququ:

55. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

56. Beləliklə, Təqsirləndirilən şəxs xeyli miqdarda əmlak əldə etmək məqsədilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmə cinayətini törətməsini qismən etiraf etsə də, zərərçəkmiş şəxsin ifadəsi, mobil telefonda olan whatsapp yazışmaları, DVD diskdə olan səs yazıları, bank qəbzlərinin surətləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 182.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 25-ci bəndi).

57. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs sonuncunun qeyd etdiyi məbləğləri borc olaraq alması, onda hər hansı videonun və fotoçəkillərin ümumiyyətlə olmaması ilə bağlı verdiyi ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.

58. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir.

59. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş whatsapp yazışmalarını özündə əks etdirən çıxarışlara və audio səs yazılarının olduğu DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs - "Həzrət Abbasa and olsun bacını gətirmişəm həkimə bura travmatologiyaya tüpürəcəm hər şeyə qoyacam bunları burda çıxıb gəlib sürüyəcəm orda başımı xarab eləmə", "sən öl elə bilmə hər şey təmiz silinib", həmçinin Zərərçəkmiş şəxs ona fotoşəkil göndərilib dərman içərək intihar edəcəyini bildirdiyi mesaja cavab olaraq “mən də bütün şəkil videoları atıram internetə, qoy hamı bilsin niyədi", “5 dəq sonra ora gəlirəm sən də bir də nə o iş yerinə ne evden bayra ne nesil icine cixassan”, “seni blok edib gelecem is yerive bilirsən nə edəcəm sonra”, məzmunda mesajlar göndərərək, telefon danışmalarında isə sonuncuya “nə vaxt söz verirsən ki, dediyim hər şeyi eliyəcəm və o dediyim hər şeyi eliyəcəmi eliyirsən yəniki şəkiləri siləcəm narahat olma srazu sənin əlivə kozur düşdü başa düşdün ujə mənə dil gəlirsən uje vəziyyəti başa salıram", “Allaha and olsun dirəm gəlib səni öldürərəm orda uşağıvı yetim qoyaram uje əsəbdən partdıyıram özümü də öldürərəm səni də mənim başımı xarab elmə" deyə bildirərək hədə-qorxu gələrək ondan pul tələb etmişdir. (hökmün 6 və 7-ci bəndləri, İ cild i/v 61, 253).

60. Bundan başqa bank qəbzləri, baxış protokolu və xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, Zərərçəkmiş şəxs məxsus “Birbank” tətbiqindən Təqsirləndirilən şəxs “Leobank” kartına xx.xx.2023-cü il tarixdə 1.000 (bir min) manat, 1.500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 2.500 (iki min beş yüz) manat, növbəti günü, xx.xx.2023-cü il tarixdə “Birbank” tətbiqindən Təqsirləndirilən şəxs “Leobank” kartına Zərərçəkmiş şəxs tərəfindən 2.500 (iki min beş yüz) manat məbləğində pul köçürülmüş, xx.xx.2023-cü il tarixli protokolda hadisə yerinə baxışda iştirak edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən ona 3.000 (üç min) manat məbləğində pulun verilməsini bildirmişdir. (İ cild i/v 242-244, 31-33, 20).

61. Yuxarıdakılara əsasən məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilmişdir.

62. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 18-ci bəndi).

63. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

64. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

65. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır.

66. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.

67. Məhkəmə yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun bir qadına qarşı törətdiyi əməlin cəmiyyət içində qəbul edilməz olmasını, zərərçəkmiş şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və hal-hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

68. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 21-ci bəndi).

69. İşdə olan tutma protokolundan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuş və sonuncu hökm çıxarılanadək həbsdə saxlandığı üçün həmin müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (i/v 137, 191-192, 231-232, 303-306, İİ cild i/v 4-5, 29-30).

70. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü ildən hesablanmalıdır (hökmün 14-cü bəndi).

71. İş üzrə maddi sübut kimi tanınmış, səs yazılarını əks etdirən 01 ədəd DVD disk, bank çıxarışları və whatsapp yazışmaları cinayət işinin materiallarında saxlanılmalıdır (hökmün 29-cu bəndi).

72. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 30-cı bəndi).

73. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmış, sonuncu tərəfindən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb edilmiş pulun məbləği iş materiallarında olan yazışmalar və ödəniş qəbzləri ilə təsdiq edilən və təqsirləndirilən şəxsin özünün də məhkəməyə verdiyi ifadəsində etiraf etdiyi 10.700 (on min yeddi yüz) manat məbləğində müəyyən edilməlidir. Dəymiş mənəvi zərərin həcminə gəldikdə isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs cəmiyyətdə rüsvay olacağı qorxusu ilə mənəvi sarsıntı və iztirablar keçirdiyindən mənəvi zərərin əvəzi kimi ağlabatan məbləğdə, yəni 500 (beş yüz) manat pul tutulmalıdır.

74. Beləliklə məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyanın vurulmasına görə 10.700 (on min yeddi yüz) manat, mənəvi ziyanın vurulmasına görə 500 (beş yüz) manat, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 133 (bir yüz otuz üç) manat olmaqla, cəmi 11.653 (on bir min altı yüz əlli üç) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir (hökmün 33-cü bəndi).

75. İş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 31-ci bəndi).

76. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

77. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar kimi tanınmış 01 ədəd DVD disk, bank çıxarışları və watsapp yazışmaları cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Femida» Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia qismən təmin edilsin, vurulmuş maddi zərərə görə 10.700 (on min yeddi yüz) manat, mənəvi ziyanın vurulmasına görə 500 (beş yüz) manat, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 133 (bir yüz otuz üç) manat olmaqla, cəmi 11.653 (on bir min altı yüz əlli üç) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar