Məhkəmə qərarları › İş №1(101)-1146/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1146/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1146/2021 09.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 10 aprel 1985-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivində nömrəsiz fərdi evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib daşıyaraq, üzərində saxlamış və satmışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə 19 yanvar 2021-ci il tarixdə saat 17 radələrində şəxsiyəti müəyyən edilməyən İran İslam Respublikasının vətəndaşı «Ceyhun» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncu tərəfindən ünvan 1 ünvanda yerləşən “AAAF” parkının yaxınlığında yerləşən avtobus dayanacağında gizlədilmiş külli miqdarda 102,558 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 3,780 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 19:30 radələrində Binəqədi RPl-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsində yerləşən «Lallar fabriki» kimi tanınan yerin yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən 43-cü Polis Bölməsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki qara rəngli parça gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli sellofanın içərisində olan şəffaf sellofan bükümdə təmiz çəkisi 102,558 qram olan qəhvəyi rəngli tozşəkilli maddə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” və qara rəngli cins şalvarının sol yan cibindən 04 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,845 qr, 0,992 qr, 0,976 qr, 0,967 qr olmaqla ümumi təmiz çəkisi 3,780 qram olan ağ rəngli kristal şəkilli maddələr olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, o, təxminən 3 ay imiş ki, narkotik vasitə olan metamfematindən istifadə etməyə başlamışdır. Gün ərzində 1 dəfə həmin narkotik vasitədən istifadə etmişdir. “İnstagram” sosial şəbəkəsində özünü İran vətəndaşı kimi təqdim edən Ceyhun adlı şəxslə tanış olmuşdur. Danışıq zamanı o, narkotikdən istifadə etdiyini demişdir. Ceyhun narkotik vasitə olan heroini Bakıda olan tanışlarına göndərə biləcəyini demişdir. O da Ceyhunun təklifi ilə razılaşmışdır. 19 yanvar 2021 ci il tarixdə Ceyhun adlı şəxs onunla “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə yaradıb ona göndərəcəyi narkotik vasitənin gizlədildiyi yerin şəklini çəkərək göndərməklə həmin narkotik vasitəni Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazar Store” hipermarketin yaxınlığında yerləşən avtobus dayanacağında gizlədildiyini və oradan deyəcəyi saatda yaxınlaşıb götürməyini bildirmişdir. O, qeyd olunan tarixdə axşam saat 16 radələrində ona deyilən ünvana getmişdir. Həmin yerdə 3 büküm narkotik vasitəni götürmüş və yolda tanımadığı yoldan ötən taksilərin birini saxlatdırıb Binəqədi rayonu, Binəqədi qəsəbəsi istiqamətinə gəlmişdir. 19 yanvar 2021-ci il tarixdə axşam saat 19 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Lallar” fabrikinin yaxınlığında olan çayxanada oturmuşdur. Bu vaxt 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxslər ona narkotik vasitə saxlanmasında şübhəli olduğunu və üzərinə baxış keçirmək məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. O, etiraz etməmiş polis əməkdaşları ilə birgə 43-cü Polis Bölməsinə getmişdir. Ona müdafiəçi təqdim olunmuşdur. Sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilməsini bildirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif olunmuşdur. O, əynində olan qara şalvarın cibindən ümumilikdə 3 bükümdə olan metamfetamini və “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Bundan başqa onun üzərindən hər hansı əşya aşkar olunmamışdır. Ayağında olan ayaqqabının içərisinə də baxılmış, ayaqqabısından da heç bir əşya aşkar olunmamışdır. Ondan aşkar olunmuş ümumilikdə 3 ədəd şəffaf sellofana bükülmüş bükümlər açılmışdır. Sorgu zamanı o, həmin 3 bükümdə olan maddənin metamfetamin olduğunu bildirmiş və özü istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən aldığını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı ilə aralarında olan razılaşmaya görə ona 3 qram narkotik vasitə göndərmişdir. Onda 103 qram narkotik vasitə olmamış, cəmi 3 qram olmuşdur. İran vətəndaşı olan Ceyhun adlı şəxsin heç bir anket məlumatlarını bilmir. Ancaq “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə danışmışlar. O, narkotik vasitənin hər bir qramını 20 manata almışdır. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Elan olunmuş cinayət işinin 31-33-cü vərəqələrində olan şəxsi axtarış və götürmə protokoluna əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş protokolda imza onundur, lakin protokolu oxumadan imza etmişdir. Onda cəmi 3 bükümdə 3 qram narkotik olmuş, onda 5 bükümdə 103 qram narkotik olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan edilmiş, izahatın və ifadənin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 9-10-cu vərəqələrində olan izahatında, 48-50-ci və 63-65-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...Şəxsi axtarış zamanı üzərimdə olan geyimimdə qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda mən əynimdə olan qara rəngli parça gödəkçəmin sol yan cibindən bir ədəd qara rəngli sellofan bükülünü və əynimdə olan qara rəngli cins şalvarımın sol yan cibindən dörd ədəd şəffaf sellofan bükülüləri çıxararaq masanın üzərinə qoydum. ...həmin narkotik vasitə və psixotrop maddələri 19 yanvar 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən korpus 22 ünvanında yerləşən “Lallar fabriki” adlanan ərazidən şəxsən tanımadığım, yalnız adını bildiyim İran İslam Respublikasının vətəndaşı olan Ceyhun adlı şəxsdən qramı 17 manatdan olmaqla, 1.700 manata şəxsi istifadəm üçün almışdım. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş izahatda və ifdələrdə olan imza onundur, ifadələri oxumadan imza etmişdir. Ona bildirmişlər ki, imza etsin, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək. O, həmin ifadəni imza etmişdir. Onda cəmi 3 qram narkotik vasitə olmuşdur. Elan olunmuş cinayət işinin 192-193-cü vərəqələrində olan təqsirləndirilən şəxsin əlavə dindirilməsi barədə protokola əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolda olan telefon danışıqlarını xatırlamır, həmin protokolu imza etməmişdir. O, 1700 manata narkotik vasitə əldə etməmiş, onun o qədər pulu heç vaxt olmamışdır. O, 133 saylı marşrut avtobus sürücüsü olmuşdur. Həmin marşrut da Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində işləmişdir. O, həmin yerə getmişdir ki, avtobusu Elşad adlı sürücüyə təhvil versin. Avtobusu idarə edən zaman narkotik vasitədən istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 yanvar 2021-ci il tarixdə işlədiyi PB-nə Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, fərdi nömrəsiz evdə müvəqqəti yaşayan Valeh adlı şəxsin narkotik vasitələri satış məqsədi ilə gəzdirməsi, saxlaması, satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı 19 yanvar 2021-ci il tarixdə ondan və Binəqədi RPİ-nin CA üzrə kiçik inspektoru polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 19 radələrində ünvan 4 ünvanın yaxınlığında olarkən Valeh adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitəni satış məqsədilə gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu deyərək Valehi onlarla 43-cü Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birikdə 43-cü PB-nə gəlmişdir. Videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 04 ədəd şəffaf rəngli sellofan bükülü, əynindəki parça gödəkçənin sol yan cibindən “Samsung” markalı mobil telefonu, gödəkçəsinin sağ yan cibindən bir ədəd 01 ədəd qara rəngli sellofan bükülünün içərisində olan şəffaf bükümü masanın üzərinə qoymuşdur. Sonra keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükülülər açılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülülərdən 01 ədəd sellofan bükülünün narkotik vasitə olan heroin, 04 ədəd bükülünün isə psixotrop maddə “metamfetamin” olduğunu və həmin narkotik vasitə və psixotrop maddələri 19 yanvar 2021-ci il tarixdə İran vətəndaşı kimi tanıdığı özünü “Ceyhun” deyə təqdim edən şəxsdən 1700 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş ümumilikdə 05 ədəd bükümlər boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxsin üzərindən 5 ədəd büküm çıxmış, aşkar olunmuş narkotik vasitə 3 qram olmamış, narkotik vasitənin çəkisi çox olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Elan olunmuş cinayət işinin 4-cü vərəqəsində olan raporta və 5-6-cı vərəqələrdə olan qərara əsasən Şahid1 bildirmişdir ki, ola bilər ki, raport və qərar hansısa sənədin üzərində tərtib olunmuş və həmin sənədlərdə narkotik vasitələri əldə etməsi, daşıması yazılmış, lakin, o, dəqiq deyə bilər ki, onların bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə etməsi, gəzdirməsi əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 19 yanvar 2021-ci il tarixli raportundan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 31-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 19 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsində yerləşən «Lallar fabriki» kimi tanınan yerin yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin inzibati binasına aparılmış, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən ümumilikdə 04 ədəd şəffaf sellofana bükülmüş büküm, əynindəki parça gödəkçənin sol yan cibindən “Samsung” markalı mobil telefonu, həmin parça gödəkçəsinin sağ yan cibindən bir ədəd 01 ədəd qara rəngli sellofanın içərisində olan şəffaf sellofan bükülünü təqdim etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində axtarış zamanı hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Bundan sonra sonuncunun üzərindən çıxan bükümlər ayrı-ayrılıqda açıldıqda, qara rəngli sellofan bükülünün içərisində olan şəffaf sellofan bükülünün içərisindən toz halında olan qəhvəyi rəngli maddə, digər dörd ədəd şəffaf rəngli sellofanda olan bükümlərin hər birinin içərisindən isə ağ rəngli kristal formasında maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qara rəngli sellofan bükülüdə olan maddənin kakos olduğunu, digər dörd ədəd şəffaf sellofan bükümdə olan maddələrin isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri 19 yanvar 2021-ci ildə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 22 ünvanında yerləşən «Lallar fabriki» adlanan yerdən, şəxsən tanımadığı, yalnız adını bildiyi İran vətəndaşı “Ceyhun” adlı şəxsdən qramı 17 manata olmaqla, 1700 manat ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddə zərfə qoyularaq, qablaşdırılıb möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 40-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 yanvar 2021-ci il tarixli, 6/251 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 5 (beş) ədəd bükümdə, onlardan 1 (bir) ədəd qara rəngli polietilen bükülüdə təmiz çəkisi 102,558 qram qəhvəyi rəngli tozşəkilü maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 4 (dörd) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,845 qr, 0,992 qr, 0,976 qr, 0,967 qr, ümumi təmiz çəkisi 3,780 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildirlər. Cinayət işinin 51-52-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli, 5(008)-89/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 “əməliyyat tədbirləri həyata keçirməsi barədə” 19 yanvar 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 93-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış, axtarış və götürmə istintaq hərəkətlərinin aparılmasına dair etiraz etməmişdir. Cinayət işinin 94-97-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 yanvar 2021-ci il tarixli axtarış və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, fərdi nömrəsiz evdə axtarış aparılmış və axtarış zamanı mənzildən hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Axtarış zamanı “İphone 5S” markalı mobil telefonla fotoçəkiliş aparılmışdır. Cinayət işinin 123-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakcell MMC-dən daxil olmuş 18 fevral 2021-ci il tarixli, BK/LGL-668/21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına “Bakcell” şəbəkəsində hər hansı aktiv nömrə qeydə alınmamışdır. Cinayət işinin 124-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xxxx MMC-dən daxil olmuş 15 fevral 2021-ci il tarixli, AZF/LGL-360/21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına “xxxx” şəbəkəsində hər hansı aktiv nömrə qeydə alınmamışdır. Cinayət işinin 127-129-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 fevral 2021-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi ona məxsus “Samsung Duos” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Mobil telefonda “xxxx” ASC-yə aid ******* saylı simkart olduğu müəyyən edilmiş, telefona baxış zamanı “Whatsapp” mobil tətbiqinə daxil olarkən +**********78 saylı mobil nömrədən daxil olmuş 19.01.2021-ci il tarixdə saat 15:25-də “Qardas xirdalanin icinde bazar storenen uz b uz astanofkada” məzmunlu mesaj və fotoşəkil göndərilmişdir.İstintaq orqanı belə bir qənaətə gəlmişdir ki, həmin mesajla İran İslam Respublikasına məxsus olan mobil nömrədən Ceyhun adlı şəxs iş üzrə Təqsirləndirilən şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsilə narkotik vasitəni gizlətdiyi yerin şəklini göndərmişdir. Cinayət işinin 130-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 fevral 2021-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qanunsuz əşya olduğu təqdirdə, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən ümumilikdə 04 ədəd şəffaf sellofana bükülmüş büküm, əynindəki parça gödəkçənin sol yan cibindən “Samsung” markalı mobil telefonu, həmin parça gödəkçəsinin sağ yan cibindən bir ədəd 01 ədəd qara rəngli sellofanın içərisində olan şəffaf sellofan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs qara rəngli sellofan bükülüdə olan maddənin kakos olduğunu, digər dörd ədəd şəffaf sellofan bükümdə olan maddələrin isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri 19 yanvar 2021-ci ildə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 22 ünvanında yerləşən «Lallar fabriki» adlanan yerdən, şəxsən tanımadığı, yalnız adını bildiyi İran vətəndaşı “Ceyhun” adlı şəxsdən qramı 17 manata olmaqla, 1700 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddə zərfə qoyularaq, qablaşdırılıb möhürlənmişdir. Cinayət işinin 131-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Şöbəsindən daxil olmuş 01 mart 2021-ci il tarixli, 060-5915-1221 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi İran vətəndaşı olan “Ceyhun” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində heç bir nəticə əldə olunmamışdır. Cinayət işinin 136-144-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 mart 2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş CD diskdən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan sms və zəng məlumatlarına, anten dairəsi məlumatlarına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs müxtəlif telefon nömrələri ilə əlaqə saxladığı müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir. Cinayət işinin 152-169-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 aprel 2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarına baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 20-08-2020-ci ildə saat 22:28:59-da ***- ***-**-** nömrəsindən “Qaqaw menem elmeddin yari gelim goturem” məzmunlu mesaj; 23- 03-2020-ci ildə saat 20:50:01-də ***-***-**-** nömrəsindən “isdiyende her rola hamniz bidamci maldan otru girisiz .... o mala adam kiwi olar sene desimki vezyet pisdi” məzmunlu mesaj; 09-12-2020-ci ildə saat 18:58:56-da ***-***-**-** nömrəsindən “Valeh 2 dene 90 manat ver de gelim” məzmunlu mesaj; 18-12-2020-ci ildə saat 18:51:05-də ***- ***-**-** nömrəsindən “Menem Elsendi 1 kola lazimdi alinir” məzmunlu mesaj; 18-01-2021ci ildə saat 17:28:37-də ***-***-**-** nömrəsindən “Qaqa opsi 3 qram birde yari qoy kalan isdiyen var yaxsi olacaq” məzmunlu mesajlar Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə göndərilmişdir. Bundan başqa, məhkəmə baxışında cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan sms yazışmalarına dair məlumatları özündə əks etdirən CD diskə baxış zamanı aşağıdakı məzmunda mesajlar müəyyən edilmişdir: -18-08-2020-ci ildə saat 11:17:27-də ***-***-**-** nömrəsindən “Qaqaw menem elmeddin kontur almiwam bidene yari lazimdi” məzmunlu mesaj; -20-08-2020-ci ildə saat 23:46:19-da ***-***-**-** nömrəsindən “Qaqaw ac mdmnem elmeddin ac yari lazim” məzmunlu mesaj; -22-10-2020-ci ildə saat 20:19:58-də ***-***-**-** mobil nömrəsindən “40m kola 10m pati” məzmunlu mesaj; -28-11-2020-ci ildə saat 17:43:54-də ***-***-**-** nömrəsindən “a yetim menem elmeddin tem a isdiyirsen ucuz var mende ac vacibdi” məzmunlu mesaj; -08-10-2020-ci ildə saat 11:58:54-də ***-***-**-** nömrəsindən “Aye gözde babat tema gotmusem gelem” məzmunlu mesaj; -23-12-2020-ci ildə saat 04:01:37-də ***-***-**-** nömrəsindən “Valeh imkan var 10 guzgude qoyasan sabah gelende pulun verem” məzmunlu mesaj; -09-01-2021-ci ildə saat 05:34:07-də ***-***-**-** nömrəsindən “Yetim Qram yarimnan elave menim cun birez qoyarsan? birez kol” məzmunlu mesaj; -18-01-2021-ci ildə saat 23:03:20-də ***-***-**-** nömrəsindən “qaqam sen allah yer de men gelim istiyirsen 2 yari olsun qalan butov olsada olar qaqa cani dondum 85 m pulumda var sari ford suren gilin mehlelwrin basindayam” məzmunlu mesaj; -18-01-2021-ci ildə saat 23:32:37-də ***-***-**-** nömrəsindən “Bidene qiram pati isdiyen var he yox de deyim var” məzmunlu mesaj Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə göndərilmişdir. Cinayət işinin 172-173-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8 fevral 2021-ci il tarixli, 6/353 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi N-59” dairəvi möhür əksləri olan bir ədəd kağız paketə qablaşdırılmış üzərində “Təqsirləndirilən şəxs” Sözü və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,795 qr, 0,942 qr, 0,917 qr, 0,926 qr, ümumi təmiz çəkisi 3,580 qram ağ rəngli kristallik formada maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Heroin xaş-xaş alkoloid qrupuna, metamfetamin isə amfetaminlər qrupuna aid olduğundan onların müqayisəli tədqiqatının aparılması mümkün deyildir. Cinayət işinin 180-182-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2021-ci il tarixli 5/72 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 5.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J3” markalı “SM-J320F” modelli **********64009, **********64006 İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “Samsung Galaxy J3” markalı “SM-J320F” modelli mobil smartfonun yaddaşından “Fiziki məlumatın əldə edilməsi metodu” ilə toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olunmuşdur. Təqdim edilmiş “Samsung Galaxy J3” markalı “SM-J320F” modelli mobil smartfonun yaddaşından “Məntiqi (Logical) məlumatın əldə edilməsi metodu” ilə toplanmış yüz yeddi ədəd SMS mesajlar müəyyən olunmuşdur. Cinayət işinin 199-200-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 may 2021-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni götürdüyü yeri əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 218-219-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 may 2021-ci il tarixli cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 qərarından görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini satan şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitəni ancaq özü istifadə etmək üçün almış, heç kimə narkotik vasitə satmamış, onda 103 qram yox, cəmi 3 qram narkotik vasitə olmuşdur. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində göstərmişlər ki, Valeh adlı şəxsin narkotik vasitələri satış məqsədi ilə gəzdirməsi, saxlaması, satması və istifadə etməsi barədə əməliyyat məlumatı onlara daxil olmuşdur.Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və tədqiq edilərək araşdırılmış CD diskdən də görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** mobil nömrəsi ilə müxtəlif şəxslərin telefon nömrələrinə «kola, pati» (narkotik vasitələr) və digər buna oxşar məzmunlu mesajlar göndərilmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 104-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 29 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 132-134-cü vərəqələrində olan şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09 sentyabr 2009-cu il tarixli X5, 07 noyabr 2014-cü il təvəllüdlü X1 və 02 mart 2012-ci il təvəllüdlü X2 adlı üç az yaşlı övladı var. Cinayət işinin 174-175-ci vərəqələrində olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 15 fevral 2021-ci il tarixli, 470 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 177-178-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 02 fevral 2021-ci il tarixli, 238 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixoaptik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 19 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 20-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 76-78-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli, 4(001)-65/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 yanvar 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 102,358 qram 01 bükümdə qəhvəyi rəngli tozşəkilli maddə olan heroin və qalıq 3,780 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk, “xxxx” və “xxxx” MMC-dən götürülmüş iki ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 232,65 (iki yüz otuz iki manat altmış beş qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 102,358 qram 01 bükümdə qəhvəyi rəngli tozşəkilli maddə olan heroin və qalıq 3,780 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk, “xxxx” və “xxxx” MMC-dən götürülmüş iki ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 232,65 (iki yüz otuz iki manat altmış beş qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar