Məhkəmə qərarları › İş №1(101)-1146/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1146/2022

09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1146/2022 09.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi - Biləsuvar rayon Vəkil Bürosunun vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs, müdafiəçi - "Yusufbəyli və Partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Ağdam rayonunun Pərioğullar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də sürücü işləmiş, Ağdam şəhəri, Pərioğullar sahəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, 29 mart 2022-ci il tarixdə iş üzrə təsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 mart 2022-ci il tarixdə saat 10:20 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-si maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, etibarnamə əsasında yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi MAN TGS 33.360 markalı **-JA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Kənar Dairəvi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 12,2-ci kilometrliyində Bakı şəhəri istiqamətində üçzolaqlı yolun sol zolağı ilə 67 km/saat sürətlə hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu olduğu halda bu tələblərə əməl etməyərək, sükan arxasında yuxuladığından sola əks hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes Benz E270 CDİ» markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə və eyni istiqamətdə hərəkət edən Şahid2 idarə etdiyi «Hyundai Sonata» markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbədən hərəkət hissədən kənara çıxaraq çökəkliyə aşmış, nəticədə ehtiyatsızlıqdan iki şəxsin ölümünə, yəni «Mercedes Benz E270 CDİ» markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sol alıntəpə-gicgah sümüklərinin kəllə əsasına keçən basılmış sınığı, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sol təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sol bazunun və sol əlin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və həmin avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 baş beyinin yumşaq toxumasının əzilib-dağılması, hissəvi evakuasiyası və baş beyinə qansızma ilə müşaiyət olunan sol alın-təpə-gicgah sümüklərinin çoxqəlpəli sınığı və əzilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölmələrinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 21 mart 2022-ci il tarixdə saat 10:20 radələrində sürücü işlədiyi "xxxx" MMC-yə məxsus «MAN» markalı ** JA *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaradağ rayonundan Bakı şəhərinə gələrkən, Bakı-Kənar Dairəvi yolunun 12-ci km-də sol zolaqda avtomobili avtopilota qoyub 67 km/saat sürətlə hərəkətdə olmuşdur. Bu zaman bir anda sükan arxasında yuxulamışdır. Birdə onu görmüşdür ki, onu dərədən çıxarırlar. Orada bilmişdir ki, idarə etdiyi avtomobillə əks yola çıxıb qarşıdan əks istiqamətdə öz yolu ilə hərəkət edən avtomobillərlə toqquşmuş və özünün idarə etdiyi avtomobil çökəkliyə aşmışdır. O, hadisə baş verən gün saat 10 radələrinldə Sanqaçaldan 1700 ton premium benzin doldurub Bakı səhərinə aparmışdır. O, 20 mart 2022-ci il tarixdə gecə saat 23 radələrində evdə 500 qram araq içmişdir. Hadisə vaxtı yorğun olmuş, ani anda özündən asılı olmayaraq yuxulamışdır. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Proses iştirakçılarının suallarına cavab olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hadisənin anidən yuxulamağı nəticəsində baş verdiyini, axşam evdə olarkən içki içdiyini və səhər də işə çıxdığını, hazırda zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışdığını, ailəsinin və yaxın qohumlarının onlara maddi köməklik göstərdiklərini, əməlindən peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində bildirdi ki, 21 mart 2022-ci il tarixdə Bakı-Kənar Dairəvi yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində onun oğlu Zərərçəkmiş şəxs2 də olduğu «Mersedes» markalı avtomaşın «Azpetrol» şirkətinə məxsus avtomobillə toqquşmuş, nəticədə həmin «Mercedes» markalı avtomobilin sürücüsü və onun oğlu Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən hadisə yerində ölmüşlər. Sualları cavablandıran Şükür Əskərov ibtidai istintaq zamanı verdiyim ifadəsini təsdiq etdiyini, hadisənin şahidi olmadığını, ona telefonla zəng olunaraq hadisə barədə məlumat verildiyini, hadisə günü oğlu Mehdinin xidmət etdiyi yerdən çıxıb evə gəldiyini, Təqsirləndirilən şəxs qohumları tərəfindən ona maddi köməklik göstərildiyini, hazırda Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və iddia tələbinin olmadığını bildirərək, bu barədə 07 iyun 2022-ci il tarixli və notariat qaydasında təsdiq olunmuş 05 may 2022-ci il tarixli ərizələri məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X1 işin ibtidai istintaqı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, 21mart 2022-ci il tarixdə saat 10:20 radələrində Bakı-Kənar Dairəvi yolunun Qaradağ rayonu ərazisindən keçən 12,2-ci kilometrliyində Azpetrola məxsus avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Zərərçəkmiş şəxs1 idarə etdiyi Mercedes Benz E270CDİ markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə oğlu Zərərçəkmiş şəxs1 və həmin avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür (cild 1, iş vərəqi 88-95). Zərərçəkmiş şəxs Həsənxan Almasovun məhkəməyə ünvanladığı 21 iyun 2022-ci il tarixli teleqramından və notarial qaydada təsdiq olunmuş 05 may 2022-ci il tarixli ərizədən görünür ki, o, səhhətinə görə məhkəmə iclaslarında iştirak edə bilmir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs bağışlamışdır, ona qarşı heç bir şikayəti və iddia tələbi yoxdur. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirdi ki, 21 mart 2022-ci il tarixdə saat 10:20 radələrində idarə etdiyi «Hyundai Sonata» markalı **-UF-*** dövlət qeydiyyat nişanlı özünə məxsus olan avtomobillə tək Bakı şəhərindən Şəmkir rayonuna gedərkən Bakı-Kənar Dairəvi yolunun 12-ci km-ni keçdikdə, avtomobili orta zolaqda 80-90 km/saat sürətlə hərəkət etdirmişdir. Birdən əks istiqamətdən orta zolaqdakı metal çəpərin üstündən yanacaq daşıyan avtomobilin onun hərəkət yoluna çıxdığını və qarşısında az sağda hərəkətdə olan «Mercedes Benz» markalı avtomobili vurduğunu görmüşdür. O, dərhal ayağını tormoza atıb avtomobili sola çəkmək istəsə də, məsafə az olduğundan həmin yanacaq daşıyan avtomobil onun da idarə etdiyi avtomobilin ön sağ tərəfinə dəyib çökəkliyə aşmışdır. Yanacaq daşıyan avtomobil metal çəpərə dəyib əks yola onun qarşısına çıxarkən sürəti yüksək olmuş, idarəolunmaz vəziyyətdə onun avtomobilinin üzərinə tərəf gəlmişdir. Hadisə ani olaraq baş vermiş, hadisə nəticəsində o, heç bir xəsarət almamışdır. «Mercedes Benz» markalı avtomobildə olan 2 nəfər cavan oğlanlar isə toqquşmanın təsirindən ölmüşlər. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, 21 mart 2022-ci il tarixdə saat 10:30 radələrində xalası oğlu Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes Benz» markalı avtomobildə sərnişin kimi qabaq oturacaqda əyləşib oturub Bakı şəhərindən Biləsuvar rayonuna yola düşmüşlər. Bakı-Kənar Dairəvi yolunun 12-ci km-ni keçdikdə Musa avtomobili təxminən 70-80 km/saat sürətlə sağ zolaqda hərəkət etdirərkən birdən əks yoldan yanacaq daşıyan avtomobilin orta zolaqda olan metal çəpəri qırıb birdən onların yoluna yüksək sürətlə çıxdığını görmüşdür. Musa avtomobili yolun sağma çəkmək istəsə də, həmin yük avtomobili əyləşdiyi avtomobilin üstünə gələrək sol hissədən onların olduğu maşını əzib keçmişdir. Avtomobildə o, qabaqda oturmuş, arxa oturacaqda isə tanımadığı 3 nəfər sərnişin olmuşdur. Onlardan solda arxada oturacaqda oturan oğlan və sürücü Musa ölmüş, maşında olan digər iki sərnişin isə xəsarət almamış və hadisədən sonra oradan çıxıb getmişlər. Həmin şəxslər xəsarət almamışlar. O, sifət nahiyəsindən xəsarət almışdır (cild 1, iş vərəqi 60-62). Məhkəmə iclasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi qismində tanınan Nümayəndə1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10:20 radələrində Bakı-Kənar Dairəvi yolunun Qaradağ rayon ərazisindən keçən 12,2-ci kilometirliyində Təqsirləndirilən şəxs idarə etdiyi «MAN TGS 33.360» yük markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes Benz E270 CDİ» markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə və eyni istiqamətdə hərəkətdə olan Şahid2 idarə etdiyi «Hyundai Sonata» markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hərəkət hissədən çıxıb çökəkliyə aşması nəticəsində «Mercedes Benz E270 CDİ» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və həmin avtomobilin sərnişini X6 aldığı xəsarətlərdən hadisə yerində ölmüş, digər sərnişin Şahid1 xəsarət almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 112 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmışdır. Həmin hadisə nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9833,60 manat məbləğində ziyan dəymişdir (cild 1, iş vərəqi 148-162). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 28 mart 2022-ci il tarixli 8/748 nömrəli rəyinə əsasən, “MAN TGS 33.360” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur (cild 1, iş vərəqi 96-100). Məhkəmə tibb ekspertizasının 20 aprel 2022-ci il tarixli 26 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində sol alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən basılmış sınığı, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sol təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sol bazunun və sol əlin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən yaranmışlar, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər onun idarə etdiyi avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Ölümünə səbəb sol alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən basılmış sınığı, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və beyin qişalarına qansızma ilə müşaiyət olunan başın küt travması olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2022-ci il saat 14:00-da) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 1, iş vərəqi 203-206). Məhkəmə tibb ekspertizasının 20 aprel 2022-ci il tarixli 27 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin bədəni üzərində baş beyinin yumşaq toxumasının əzilib-dağılması, hissəvi evakuasiyası və baş beyinə qansızma ilə müşaiyət olunan sol alın-təpə- gicgah sümüklərinin çoxqəlpəli sınığı və əzilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən yaranmışlar, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər sərnişini olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Ölümünə səbəb baş beyinin yumşaq toxumasının əzilib-dağılması, hissəvi evakuasiyası və baş beyinə qansızma ilə müşaiyət olunan sol alın-təpə-gicgah sümüklərinin çoxqəlpəli sınığı olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs2 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2022-ci il saat 14:00-da) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 1, iş vərəqi 208- 211). Məhkəmə kimyəvi ekspertizasının 07 aprel 2022-ci il tarixli 1141/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində tərkibində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı 1,12%-dir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi (cild 1, iş vərəqi 186-188). İş materiallarında olan 20 aprel 2022-ci il tarixli 93 nömrəli məktubdan görünür ki, canlı şəxslərdə aşkar edilmiş 1,12% etil spirti mövcud təlimata uyğun olaraq yüngül dərəcəli alkoqol sərxoşluğu əlamətlərinə aiddir (cild 1, iş vərəqi 192). Cinayət işinə əlavə edilmiş 21 mart 2022-ci il tarixli 2/9684 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi vərəqi 24). Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 21 mart 2022-ci il tarixli 016- 39665-1222 nömrəli məktubdan görünür ki, Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək müddətə etibarlı olan) AC seriyalı 300888 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur (cild 1, iş vərəqi 164). Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən alınmış 30 mart 2022-ci il tarixli arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 112 p/m metal təhlükəsizlik səddinin yararsız hala salınması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9833.60 (doqquz min səkkiz yüz otuz üç manat altmış qəpik) manat məbləğində ziyan dəymişdir (cild 1, iş vərəqi 149). İbtidai istintaq orqanının 28 mart 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərarından görünür ki, **-UF-*** dövlət qeydiyyat nişanlı «Hyundai Sonata” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E270” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı və “MAN TGS 33.360” markalı avtomobillər iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün öz sahiblərinə qaytarılmışdır (cild 1, iş vərəqi 101). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 31 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 146). Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 26-cı maddəsinin tələblərinə görə, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə görə, zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə edilməsini, həmçinin törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və İkinci Qarabağ müharibəsi iştirakçısı olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında 18 fevral 2022-ci il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-nin 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-nin 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Qeyd olunan tövsiyyələri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eyni zamanda cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 29 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixdə adı çəkilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərlə yanaşı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona CM-nin 263-1.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 17-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, yolnəqliyyat hadisəsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-nin tələblərinə müvafiq olaraq mülki iddia verdikdə, mülki iddiaçı qismində tanına bilər. Cinayət işinin ibtidai istintaq zamanı "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə1 01 aprel 2022-ci il tarixli ərizəsi ilə ibtidai istintaq orqanına müraciət edərək, 21 mart 2022-ci il tarixdə Bakı-Kənar Dairəvi avtomobil yolunun 13-cü kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə 9.833,60 manat ziyan dəydiyini və agentliyin iş üzrə mülki iddiaçı qismində tanınmasını xahiş etmiş və həmin tarixli mülki iddiaçı kimi tanıma haqqında qərara əsasən qeyd olunan agentlik iş üzrə mülki iddiaçı kimi tanınmışdır. İş məhkəməyə daxil olduqdan sonra "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə1 məhkəmə hazırlıq iclasının tarixi, vaxtı və yerini əks etdirən bildiriş, hüquq və vəzifələrinə dair çıxarış və ittiham aktının surəti göndərilmiş, həmçinin növbəti məhkəmə iclasının hər biri ilə bağlı onun istifadəsində olan +994 50 253 02 60 mobil nömrəsinə SMS bildirişlər çatdırılmışdır. Bundan əlavə onun Elektron Məhkəmə İnformasiya Sistemində şəxsi kabinetinin olduğu da müəyyən edilmişdir. Lakin bütün bunlara baxmayaraq, nümayəndə məhkəmə iclaslarında iştirak etməmiş, məhkəməyə ünvanladığı 24 may 2022-ci il tarixli ərizədə iş üzrə məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini və mülki iddianın təmin olunmasını xahiş etmişdir. Lakin məhkəmədə müəyyən olundu ki, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi Nümayəndə1 ərizəsinə əsasən ibtidai istintaq zamanı iş üzrə mülki iddiaçı qismində tanınsa da, bundan sonra işin nə məhkəməyədək icraat mərhələsində, nə də ki, məhkəmə baxışı dövründə məzmun və forma etibarı ilə prosessual qaydada mülki iddia ərizəsi verilməmiş, həmçinin mülki iddiaya görə qanunla nəzərdə tutulmuş dövlət rüsumu ödənilməmişdir. Bu səbəbdən nümayəndənin 01 aprel 2022-ci il tarixli ərizəsi mülki iddia ərizəsi kimi nəzərə alına bilməz və yolverilməz hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə1 qeyd olunan vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İş üzrə maddi sübutların - **-UF-*** dövlət qeydiyyat nişanlı «Hyundai Sonata” markalı, **- CK-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E270” markalı və **-JA-*** dövlət qeydiyyat nişanlı “MAN TGS 33.360” markalı avtomobillərin ibtidai istintaq orqanının qərarına əsasən öz sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatlarına görə 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, ekspertiza tədqiqatlarının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə baxışı zamanı "Yusufbəyli və Partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə1 vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübutlar - **-UF-*** dövlət qeydiyyat nişanlı «Hyundai Sonata” markalı, **-CK- *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E270” markalı və **-JA-*** dövlət qeydiyyat nişanlı “MAN TGS 33.360” markalı avtomobillərin ibtidai istintaq orqanı tərəfindən öz sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri: - ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli 240 (iki yüz qırx) manat pul vəsaiti "Yusufbəyli və Partnyorları" Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar