Məhkəmə qərarları › İş №1(101)-1146/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1146/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1146/2023 21.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X9 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi: Qanuni nümayəndə2, Müdafiəçi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxsoğlunun və onun qanuni nümayəndəsi: Qanuni nümayəndə1 iştirakları ilə, xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin yaşayan və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Asim İmamquliyev küçəsində yerləşən 2 saylı binanın qarşısında onunla eyni məktəbdə təhsil alan, 11A sinif şagirdi Zərərçəkmiş şəxs ilə həmin tarixdə saat 11 radələrində təhsil aldıqları, Bakı şəhəri 321 saylı tam orta məktəbin binasında aralarında baş vermiş münaqişə səbəbindən sonuncunun təşəbbüsü ilə yenidən yaranmış mübahisə zamanı özündə olan qayçı ilə qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq sonuncuya sağ çiyinüstü nahiyənin səthi kəsilmiş yarasından ibarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə 2 (iki) ədəd döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarasından ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, habelə dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan, pnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər 195 saylı orta məktəbdə təhsil almış, həmin məktəbdə sinifdə qaldığı üçün məktəbdən çıxmış və 321 saylı orta məktəbdə təhsil almağa başlamışdır. Həmin məktəbdə təhsil almağa başladıqdan 1 ay sonra Elcan ona sataşmağa başlamışdır. Təxminən 2 ay Elcan ona sataşmağa davam etmişdir. xx.xx.2022-ci il tarixdə dərsdən çıxdıqları vaxt Elcan və sinif yoldaşı Məhəmməd onun yanına gəlmiş, Elcan Məhəmməd adlı sinif yoldaşını onun üstünə itələmiş, o, divara dəymiş, lakin heç nə demədən oradan uzaqlaşmışdır. Bundan sonra o, Məhəmmədi pilləkəndə görmüş, Məhəmməddən Elcanın ona qarşı belə davranmasının səbəbini soruşmuşdur. Sonra 3-cü mərtəbədə oturacaqda oturan zaman, Elcan onun yanına gəlmiş və onu qolundan tutub ayağa qaldırmışdır. Elcan ona vurmuş, buna görə o da Elcana bir neçə dəfə yumruq vurmuşdur. Daha sonra onlar aralanmışlar. Bir az keçdikdən sonra sinif yoldaşı ona Elcanın onun ünvanına nalayiq sözlər dediyini və onu məktəbin arxa tərəfinə çağırdığını demişdir. O da həmin yerə getmiş və Elcanla aralarında mübahisə başlamışdır. Elcan orada tək olmamış, yanında başqa şəxslər də olmuşdur. Həmin şəxslər ona vurmağa başlamışlar. Ona çox vurulduğu üçün o, Elcanı qorxutmaq məqsədilə çantasında olan qayçını çıxarmış və özünü müdafiə etmək üçün qayçını müxtəlif istiqamətlərdə hərəkət etdirmişdir. O, qayçının kimə dəydiyini görməmiş, daha sonra Elcan onu divara söykəyib ona təpiklə vurduqda Elcanın üzərində qan olduğunu görmüşdür. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə xx.xx.2022-ci il tarixdə dərsdən çıxdıqdan sonra baş vermiş, fiziki tərbiyə dərsində, idman zalında olarkən arxa pəncərədən sinif yoldaşı ona Elcanın ona söyüş söydüyünü və onu məktəbin arxa tərəfinə çağırdığını demiş, o da həmin yerə getmişdir. Elcanın yanında tanımadığı daha bir nəfər olmuşdur. Qayçı həmişə onun çantasında olmuş, hadisə vaxtı qayçını çantasından çıxarıb cibinə qoymuşdur. Həmin şəxslər ona vurduqları üçün onları qorxutmaq məqsədilə qayçını çıxarıb fırlatmağa başlamışdır, həmin an qayçının kimə dəydiyini görməmişdir. Hadisə zamanı orada təxminən 30 nəfər olmuş, onlardan on və ya on beş nəfəri ona vurmuşdur. Elcan binanın arxa tərəfindən onun üzərinə doğru gəlmiş, ona təpiklə vuraran zaman qayçı Elcana dəymişdir. Elcanla olan mübahisələri ilə bağlı heç kimə danışmamış, sadəcə Elcanın Məhəmməd adlı sinif yoldaşına Elcanın ona bir daha sataşmamasını demişdir. Elcanın qardaşı ilə onun heç bir danışığı olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, hadisə zamanı Elcanın yanında dostu da gəlmiş, o isə oraya tək getmişdir. Elcanla aralarında olan ilk mübahisə yumruqla bitmiş, o, Elcanın üzündən yumruqla zərbə vurmuşdur. Qayçı Elcana dəydikdən sonra onu hadisə yerindən götürüb xəstəxanaya aparmışlar. O, öz vəziyyəti ilə bağlı atasına məlumat vermişdir. Hal-hazırda zərər çəkmiş şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda yoxlayıb və həmin sübutlaraq obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində məktəbin psixoloqunun yanından çıxmış, həmin vaxt qarşı tərəfdən gələn Fəridlə çiyin-çiyinə toqquşmuş, bununla əlaqədar sözləri çəp gəlmiş, daha sonra çölə çıxaraq məktəbin arxasında mübahisələrini davam etdirərək orada dava etmişlər. Dava əsnasında Fərid qayçı ilə onun ağciyərindən vurmuş, o, yaralandıqdan sonra onu xəstəxanaya aparmışlar. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Fərid onun ağciyəri ilə yanaşı, bir də çiyninə zərbə vurmuşdur. Münaqişə zamanı Fəridlə o, üzbəüz dayanmışdır. Onların arasındakı dava çiyin-çiyinə dəyməkləri ilə əlaqədar yaranmışdır. O, Fəridi məktəbin arxasına çağırmamış, onlar məktəbin qapısından birlikdə çıxmışlar. Dərsdə olarkən Fəridlə bir yerdə olmamışdır. Hadisə yerində onlar ikisi olmuş, yanlarında heç kim olmamış, Fəridi heç kim döyməmişdir. Zərər çəkmiş şəxs həmçinin məhkəmə iclasında bildirmişdir ki, hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, o, Elcanla sinif yoldaşı olmuş, Fərid isə onlardan 1 yaş balaca olmaqla aşağı sinifdə oxumuşdur. Onların arasındakı münaqişə məktəbin içində başlamış, belə ki, 21 noyabr 2022-ci il tarixdə Elcanla Fərid məktəbdə dava etmiş, çölə çıxdıqdan sonra isə hadisə baş vermişdir. O, həmin vaxt məktəb binasının içində olmuş, hadisənin necə baş verdiyini görməmişdir. Şahid5 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Fəridi mübahisəyə Elcan dəvət etmişdir. Elcan Fəridə söyüş söydüyünə görə aralarında mübahisə yaranmışdır. O, məktəbin arxa tərəfində nə baş verdiyini görməmişdir. O, binanın aşağısında olan meyvə-tərəvəz dükanının yanında olmuş, ona görə də hadisənin baş vermə anını görməmişdir. O, məktəbin daxilində Elcanla Fəridin dalaşdığını görmüşdür. Namiq Abbasov gəlib Fəridə Elcanın ona söyüş söydüyünü demiş, lakin həqiqətdə elə bir şey olmamışdır. Elcan və Fərid məktəbin arxasına gedəndə o, orada olmamış, həmin vaxt evdə olmuş və yük daşımışdır. Sonradan məktəbin qarşısına gəlmiş və Elcanın qan içində aparıldığını görmüşdür. Həmin yerdə məktəb uşaqları olmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində ifadə vermiş X1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məktəbdən tanıyır, belə ki, bir məktəbdə təhsil almışlar. Elcan onun sinif yoldaşı olmuşdur. O, hadisənin necə baş verdiyini görməmiş, yalnız Elcanın yaralandığını görüb onu xəstəxanaya aparmışdır. Şahid X1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elcanla Fəridin arasında ilk mübahisə məktəbin binasının 3-cü mərtəbəsində başlamış, onlar dalaşmışlar. Mübahisədən sonra Elcan dərsə girməmiş, O, dərsdən sonra Elcanı görmüş, Elcan ona Fəridi gözlədiyini demişdir. Daha sonra Fərid gəlmiş, onlar birlikdə məktəbin arxasına söhbət etməyə getmişlər. O, dostu Azərlə meyvə- tərəvəz satılan dükanın yanında olmuş və Elcanı görəndə onun üzərində qan olmuşdur. Elcanın halı pis olmuş, onlar Elcanı xəstəxanaya aparmışlar. Tərəflər arasındakı mübahisə məktəbin içində başlamış, o, ilk olaraq kimin kimə vurduğunu görməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşıdır, Fəridi isə əvvəllər tanımamış, Elcanla aralarında baş vermiş dava-dalaşdan sonra tanımışdır. 21 noyabr 2022-ci il tarixdə saat 12 radələrində o, rus dili dərsində olan zaman dəhlizdən səs-küy eşitmiş, lakin nə baş verdiyini görməmiş, daha sonra Elcanın Fərid adlı şəxslə dalaşdığını öyrənmişdir. Fərid məktəbə yeni gəldiyindən onu çox da tanımamışdır. Sonuncu dərsdə Elcan iştirak etməmiş, 7-ci dərs saat 14 radələrində bitmiş, o, sinif yoldaşları Şahid7 və Zülfüqarovla məktəbdən çıxanda Elcanın məktəbin qarşısında dayandığını görmüşlər. Onlar Elcandan niyə orada dayandığını soruşmuş, Elcan da Fəridi gözlədiyini bildirmişdir. O, Fəridin gəldiyini görməmiş, o, başqa yerə gedib yenidən məktəbin arxasında yerləşən beşmərtəbəli binanın qarşısında meyvə-tərəvəz mağazasının qarşısına gəlmiş, onun yanında Şahid7 dayanmışdır. Bir az keçəndən sonra Məhəmməd Elcanın vurulduğunu demiş, Fərid qaça-qaça gəlmiş, Fəridi tanımadığı bir nəfər aparmışdır. Elcanı Zabil adlı şəxs qoluna girib aparmış, onlar Elcanı Zabilin yaşadığı evə aparmışlar. Daha sonra o, hazırlığa getmişdir. Şahid6 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Elcanın kim tərəfindən vurulduğunu və hadisənin necə baş verdiyini görmədiyini bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində bildirmişdir ki, 21 noyabr 2022-ci il tarixdə saat 12.10 radələrində məktəbin 3-cü mərtəbəsində rus dili dərsinə getmiş, Fərid 3-cü mərtəbədə dəhlizdə olan oturacaqda oturmuş, bu zaman sinif yoldaşı Elcanın bir neçə sinif yoldaşı ilə birlikdə Fəridin başına yığışdıqlarını görmüşdür. O, Elcanla Fəridin arasında nə söhbət olduğunu bilməmiş, lakin sonradan başa düşmüşdür ki, onlar bir-birilərinə sataşmışlar. Söhbət əsnasında Elcan Fəridlə əl-qolla danışmış, Fərid ayağa qalxıb Elcanın sifət nahiyəsindən yumruqla vurmuşdur. Daha sonra Elcanla Fərid arasında dava-dalaş başlamışdır. X10 aralaşdırıb dərsə getmişlər. Elcan rus dili dərsinə girib dərhal çıxıb getmiş, 6-cı dərs bitdikdən sonra o, 7-ci dərsə qalmamış, çıxıb getmişdir. Daha sonra nə baş verdiklərindən xəbəri olmamışdır. Şahid4 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, sonuncu dərs başlamadan məktəbdən çıxıb getmiş, Fəridlə Elcan arasında nə baş verdiyini görməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, o, 2021-ci ildə 9-cu sinifi bitirdikdən sonra məktəbdən ayrılmış, bu günə qədər arabir fərdi qaydada fəhləliklə məşğul olur. Zərərçəkmiş şəxs təxminən 2-3 ildir ki tanıyır, məktəbdə tanışlıqları olmamışdır. 21 noyabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdə çıxıb əmisi Samir İbrahimovun yaşadığı 321 saylı məktəbdən biraz aralıda yerləşən evinə gedən zaman məktəbin qarşısından keçmiş, həmin zaman Elcanın qan içərisində olduğunu, bir qolundan sinif yoldaşı Şahid7 tutduğunu görmüşdür. O da tez qaçıb Elcanın bir qolundan tutub yaşadıqları evin qapısına qədər aparıb atasını çağırmış, atası Zaur evdən tez çölə çıxmışdır. X7 qəsəbəsində yerləşən xəstəxanaya aparmışlar. Şahid3 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Elcanın kim tərəfindən və hansı şəraitdə xəsarət aldığını görməmişdir. Məhkəmə iclasına dəfələrlə dəvət olunmalarına baxmayaq məhkəmə iclasına gəlməyən şahidlər Şahid8 Adıgözəl oğlu və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələri məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin şahidlər də digər ifadə vermiş şahidlərin ifadələrinə oxşar məzmunda ifadələr vermişlər (i/v: cild İ, səh. 123-125; 179-181) Məhkəmə iclasına dəfələrlə dəvət olunmasına baxmayaq məhkəmə iclasına gəlməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, öz ifadəsində bildirmişdir ki, Qobustan qəsəbəsi, Asim İmanquliyev küçəsində yerləşən 321 saylı tam orta məktəbin yaxınlığında yaşayır. Onun iş rejimi 12 saatdır, belə ki, bir gün gündüz növbəsi, sabahı günü gecə növbəsində işləyir, digər iki günü isə istirahət günü olur. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində yaşadığı evin həyətində olmuş, küçədən səs-küy gəldiyini eşidib küçəyə çıxmışdır. Onun yaşadığı evin qapısında çoxlu sayda məktəbli uşaqların bir nəfəri döydüyünü görüb, döyülən uşağı uşaqların arasından çıxarıb həyətə salmışdır. O, həmin uşağı tanımamışdır. Uşağın əl-üzünü yuduzdurub həyətində olan digər qapıdan döyülən uşağı yola salmışdır. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o yaşadığı evin həyət qapısına səs-küyə çıxmış, ara qarışmış, bir nəfərin çoxlu sayda məktəbli uşaqlar tərəfindən döyüldüyünü görüb həmin uşağa köməklik üçün tutub həyətə salmış, daha sonra həyətində olan digər qapıdan yola salmışdır. Orada olanların demək olar ki, hamısı məktəbli uşaqlar olmuş, onun həmin uşaqlarla yaş fərqi çox olduğundan heç kimi tanımır. Heç köməklik etdiyi uşağı da tanımır, adını da bilmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin xx.xx.2021-ci il tarixli raportlarından görünür ki, həmin gün Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, təzə yurd nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs təhsil aldığı orta məktəbdə bıçaqlanması barədə Azərbaycan DİN-nin 102 xidmətinə məlumat daxil olmuşdur. (i/v: cild İ, səh. 4,5,6). - Bakı şəhəri 321 nömrəli tam orta məktəbin müəllimləri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, xx.xx.2022-ci il tarixdə 4-cü dərsdən sonra tənəffüs zamanı 11A sinif şagirdi Zərərçəkmiş şəxs 8Ç sinif şagirdi Təqsirləndirilən şəxsla mübahisə etmiş, Fərid Elcanın gözünə yumruq vurmuşdur. Növbətçi müəllim Cəmalə Dəmirova şagirdləri ayırmış, təşkilatçı müavin K.Musayevaya xəbər göndərmişdir. Könül Musayeva dərhal şagirdlərlə görüşmüş, mübahisənin səbəbini aydınlaşdırmağa çalışmış, Fərid Elcanın dəfələrlə ona sataşdığını, onunla dava etmək istədiyini, sinif yoldaşı Məhəmmədi onun üstünə itələyib onu yıxdığını bildirmiş, sinif rəhbəri X6 söhbət aparmış, şagirdlər bir daha mübahisə etməyəcəklərinə söz vermişlər. Həmin gün saat 14.30-da məktəbə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qayçı ilə zədələməsi ilə bağlı məlumat daxil olmuş və müəyyən edilmişdir ki, şagirdlər evə gedən zaman yolda məktəbədə baş vermiş mübahisəni davam etdirmiş, dalaşaraq bir-birilərini döymüşlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qayçı ilə zədələmişdir. (i/v: cild İ, səh. 7-8). - “Baxış və götürülmə keçirilməsi haqqında” 21 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerində hadisə zamanı istifadə olunmuş qayçı aşkar edilməmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (i/v: cild İ, səh. 9-11). - “DVD diskə baxış keçirilməsi haqqında” 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin video görüntüləri əks olunmuş DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 321 saylı orta məktəbin 3-cü mərtəbəsinin dəhlizindəki oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs yanına Zərərçəkmiş şəxs bir neçə nəfərlə birlikdə yaxınlaşmış, Təqsirləndirilən şəxs kənara dəvət etmiş, daha sonra aralarında münaqişə yaranmışdır. (i/v: cild İ, səh. 143). Qeyd olunan protokola əlavə edilmiş DVD diskdə əks olunan video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məktəbin dəhlizindəki oturacaqda əyləşən zaman Zərərçəkmiş şəxs bir qrup şagirdlə ona yaxınlaşmış, aralarında söz mübahisəsi başlamış, daha sonra Zərərçəkmiş şəxs bir neçə dəfə əli ilə Təqsirləndirilən şəxs toxunmuş, bundan sonra tərəflər arasında münaqişə yaranmışdır. - Məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 92 saylı ekspert rəyindən görünür ki, 2006-cı il təvəllüdlü vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - pnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə 2 (iki) ədəd döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sağ çiyinüstü nahiyənin səthi kəsilmiş yarası iti kənara və uca malik əşya (alət) (ola bilsin qayçı) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X8 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə pnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə 2 (iki) ədəd döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sağ çiyinüstü nahiyənin səthi kəsilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. (i/v: cild İ, səh. 183-185). - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə xx.xx.2023cü il tarixli 216 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, o, öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. (i/v: cild İ, səh. 189-193). - Məhkəmə-psixoloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 490 saylı ekspert rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs idrak proseslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Zərərçəkmiş şəxs ünsiyyətçilik, emosionallıq, inadkarlıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və əqli-intellektual inkişaf səviyyəsinə uyğun olaraq, etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində qeyd olunan hadisələrin mahiyyətini düzgün dərk etmək iqtidarındadır. (i/v: cild 01, səh. 193-196). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X11 23 noyabr 2022-ci il tarixli 867 nömrəli rəyinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər – başın sol gicgah və sağ bazu nahiyələrinin qançırları, hər iki said nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 2-4 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci tarixdə törənmələri mümkündür və dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. (i/v: cild 01, səh. 136-137). - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: cild İ, səh.134). - Zərərçəkmiş şəxs . Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ona dəymiş zərər tam ödənmiş, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə ittihama daxil olan cinayət əməlinin tövsifi məsələsini təhlil etməyi zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdə aralarında yaranmış mübahisə nəticəsində əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs üzərində olan qayçı ilə bir neçə dəfə zərbə vurmaqla dərəcəsinə görə ağır xəsarət yetirmişdir. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin qayçı ilə ona yetirdiyi zərbə nəticəsində almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin məhkəmə iclasında zərərçəkmiş şəxsin və daha bir neçə nəfərin onu döyməsi ilə əlaqədar cibində olan qayçını çıxararaq havada hərəkət etdirməsi, qayçının kimə dəydiyini bilməməsi barədə ifadəsinə qiymət verməyi zəruri hesab edir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bir deyil, bir neçə zərbə vurmasını, həmçinin qeyd olunan zərbələrdən birinin zərərçəkmiş şəxsə daxilə nüfuz edən xəsarətlə nəticələnməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin qayçını havada hərəkət etdirməklə onun kimə dəyməsini bilməməsi ilə bağlı ifadəsi inandırıcı deyil və həmin ifadə təqsirləndirilən şəxsin özünü müdafiə etmək məqsədi güdür. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı qeyd olunan cinayət əməlini məhz sonuncunun ona sataşması ilə aralarında mübahisə yaranması, daha sonra isə öz aralarındakı mübahisəni “həll etmək” üçün Təqsirləndirilən şəxs dərs vaxtı başa çatanadək gözləyib, onu məktəbin arxasına çağırması, orada da başqa şəxslərlə birlikdə (istintaq zamanı həmin şəxslər müəyyən edilməmişdir) Təqsirləndirilən şəxs döyməsi ilə bağlı (zərər çəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında) törətmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sataşaraq aralarında mübahisə yaratması məhkəmə iclasında tədqiq edilmiş video görüntülərlə, məktəbin arxasında başqa şəxslərlə birlikdə Təqsirləndirilən şəxs döyməsi isə Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ifadəsi ilə tam təsdiqini tapmışdır. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin ifadəsi, həm şahid ifadələri, həm də Təqsirləndirilən şəxs üzərində xəsarətlərin aşkar olunması ilə bağlı məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam şəkildə təsdiq olunduğundan sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddini və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamış olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməldən peşman olmasını, onun cinayət əməlini məhz zərərçəkmiş şəxsin ona qarşı qanunsuz hərəkətləri nəticəsində törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, habelə ona qarşı heç bir şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatamayan şəxs olmasını, qeyd olunan cinayət əməlini zərər çəkmiş şəxsin ona qarşı qanunsuz əməllərinin təsiri altında törətməsini, habelə zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və digər yüngülləşdirici halların məcmusunu nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və onun ailəsini ciddi məhrumiyyətlərə düçar edər, yetkinlik yaşına çatmamış bir şəxs üçün kifayət qədər ağır cəza olar, habelə təqsirləndirilən şəxsin gələcəkdə sosial həyat və cəmiyyətdən tamamilə uzaqlaşmasına, geri dönüşü olmayan kriminal bir şəxsiyyət olaraq formalaşmasına və nəticədə dövlətin cəmiyyətə faydalı ola biləcək bir gənci şəxsiyyət olaraq itirməsinə gətirib çıxara bilər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (i/v: cild İ, səh.29-30), Bakı şəhəri Qaradağ rayon prokurorunun 23 noyabr 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş və onun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir (i/v: cild İ, səh. 77-78). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, maddi sübut yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili X2 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 manat (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar