Məhkəmə qərarları › İş №1(101)-1147/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1147/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1147/2024 10.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 25 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Suraxanı Rayon Məhkəməsinin 12 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; xx.xx.2012-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 02 ay 24 gün vaxtından əvvəl şərti azad olunmuş; Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 22 iyun 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış və tərkibində narkotik vasitələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq naməlum vaxtda və mənbədən külli miqdarda, yəni 3,582 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artıq 1,234 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, daşımaqla üzərində saxlamış və 02 avqust 2023-cü il tarixdə saat 13:30 dəqiqədə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövvriyyəsində və tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməkdə şübhəli olduğu üçün ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sarı rəngli qutunun içindən 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,431 qram və 3,151 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 3,582 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 02 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,141 qram və 0,142 qram və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,951 qram olmaqla şəxsi istehlak miqdarından artıq ümumi təmiz çəkisi 1,234 qram kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfertamin və 01 ədəd üzərində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsi 10 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı həmin həyətin giriş hissəsindən sol tərəfdən 04 ədəd dibçəkdə aqrotexniki qaydada qulluq edilmiş 13 ədəd yaş vəziyyətdə ümumi çəkisi 1350 qram əkilibbecərilməsi qadağan olunmuş eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. O, tanımadığı şəxslərdən narkotik vasitə alaraq qəbul edir. Yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib qulluq etmişdir. O, 2023-cü ilin iyul ayının sonları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 300 manata öz istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alaraq istifadə etməyə başlamış və qalan hissəsini üzərində saxlamışdır. 02 avqust 2023-cü il tarixdə təxminən saat 13:30 radələrində yaşadığı evinin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını demişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Suraxanı RPİ-nin 31-ci PŞ-nə dəvət etmişlər. PŞ-nin inzibati binasında ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Axtarış zamanı o şalvarının cibindən 1 ədəd sarı rəngli qutunun içərisindən 2 ədəd bükümdə narkotik vasitə heroini, 3 ədəd bükümdə psixotrop maddə metamfetamini, 1 ədəd elektoron tərəzini, açar, mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq heroin və metamfetamini bir neçə gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 300 manata öz istifadəsi üçün aldığını, heroinin və metamfetaminin bir hissəsindən istifadə etdiyini qalan hissəsini üzərində saxladığını, yaşadığı evin həyətyanı sahəsində də narkotik tərkibli bitkilər əkib qulluq edib becərdiyini etiraf etmişdir. Aqronomun iştirakı ilə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsi 10 nömrəli evinə baxış keçirilən zaman həyətyanı sahəsinə daxil olduqda sol tərəfdə 4 ədəd dibçəkdə 13 ədəd çətənə bitkisinə bənzər kolları təqdim etmişdir. Əməlini könüllü etiraf edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində polis kapitanı rütbəsində xidmət edir. 02 avqust 2023-cü il tarixdə BNMİ-nə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotk tərkibli bitkilər əkib-becərməsi, qanunsuz olaraq narkotik vasitlər və psixitrop maddələr əldə edib saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə raportla məruzə edildikdən sonra Baş İdarənin rəisinin əmri ilə o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qupuna o rəhbərlik etmişdir. 02 avqust 2023-cü il tarixdə saat 13:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsində yaşadığı evin yaxınlığında olduğunu müəyyən edib orada onu saxlayaraq xidməti vəsiqələrini göstərmişlər və ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. 31-ci PŞ-nin inzibati binasında, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən 1 ədəd sarı rəngli qutunun içərisindən 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər, 3 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri, 1 ədəd elektron tərəzini, həmçinin açar, mobil telefon, şəxsiyyət vəsiqəsini təqdim edərək üzərindən aşkar edilib götürülən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini bir neçə gün əvvəl Suraxanı rayonu, Əmircan qəsbəsində tanımadığı şəxsdən 300 manata öz istifadəsi üçün aldığını, bir hissəsindən istifadə etdiyini, qalan hissəsini də üzərində saxladığını, yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkdiyini etiraf etmişdir. Mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına baxış keçirilmiş və həyətə daxil olduqda giriş qapısından solda olan dörd ədəd dibçəkdə 13 ədəd tərkibində narkotik vasitələr olan çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi dörd ədəd dibçəkdə yetişdirilmiş 13 ədəd çətənə bitkisi əkildiyi yerdən çıxarılıb torbaya qabşlaşdırılaraq torba möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 02 avqust 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu ərazisində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edib, külli mqidarda narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovniki Ələkbər Xələfovun 02 avqust 2023-cü il tarixli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu ərazisində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edib, külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 02 avqust 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu ərazisində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edib, külli mqidarda narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 15-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 5(010)-397/2023 nömrəli qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 02 avqust 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 31-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış aparılmasından əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynidəki boz rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd sarı rəngli qutunun içərisindən 2 (iki) ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələri, 3 (üç) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri, 1 (bir) ədəd elektron tərəzini çıxararaq masanın üzərinə qoymuşdur, onun üzərində axtarış davam etdirilərkən sol yan cibindən 1 (bir) ədəd açar, 1 (bir) ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan «Mobitel» markalı mobil telefon, şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşar edilib götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini bir neçə gün əvvəl Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 300 manata üçün alaraq üzərində saxladığını, bir hissəsindən istifadə etdiyini, qalan hissəsini də yenidən üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən bükümlər, bir ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və bir ədəd elektron tərəzi bir ədəd zərfə qoyularaq götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 35-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 02 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, yaşadığı ünvan 6 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 42-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 avqust 2023-cü il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsi 10 nömrəli evə baxış keçirilmiş, əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində narkotik vasitə psixotrop maddə qanunla dövriyəsi qadağan olunmuş əşya, vasitə və predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsi 10 nömrəli evin həyətyanı sahəsinə daxil olaraq həyətdə giriş qapısından sol tərəfdə 4 (dörd) ədəd dibçəkdə 13 (on üç) ədəd narkotik tərkibili çətənə bitkisinə bənzər kolları təqdim etmişdir. Təqsirləndirilən şəxs on üç ədəd kolların çətənə bitkiləri olduğunu, həmin bitkilərin toxumlarını Suraxanı rayonunda xatırlamadığı ərazidən tapdığını, bitkiləri özü sonradan istifadə etməsi üçün əkib qulluq etdiyini bildirmiş, həmin on üç ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar kollar qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 44-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 13 (on üç) ədəd kolun aqrotexniki qulluq göstərilmiş narkotik tərkibili çətənə bitkiləridir. Cinayət işinin 49-55-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4128 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 7» dairəvi möhür əksləri olan, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr və elektron tərəzi; Şübhəli şəxs «imza» ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki: -02 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,431 qram və 3,151 qram olan ümumi təmiz çəkisi 3,582 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin 02 (iki) ədəd bükümdə olan heroinlər öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. -02 (iki) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,141 qram və 0,142 qram və 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,951 qram olan, ümumi təmiz çəkisi 1,234 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin ümumilikdə 03 (üç) ədəd bükümdə olan metamfetaminlər öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. -01 (bir) ədəd elektron tərəzi üzərində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər vardır, iz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkilərini və bükümlərdəki heroin və metamfetamin ilə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 57-60-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2023-cü il tarixli 3-16-16-2-7/1110 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət.Təqsirləndirilən şəxs təqdim etdiyi...» yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı sayı 13 (on üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi 1350 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqdim edilmiş çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən...» yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Cinayət işinin 66-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 avqust 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsini özündə əks etdirən bir ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsi 10 nömrəli evə baxış keçirilir, əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində narkotik vasitə psixotrop maddə qanunla dövriyəsi qadağan olunmuş əşya, vasitə və predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsi 10 nömrəli evin həyətyanı sahəsinə daxil olaraq həyətdə giriş qapısından solda 4 (dörd) ədəd dibçəkdə 13 (on üç) ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər kolları təqdim edir. Təqsirləndirilən şəxs on üç ədəd kolların çətənə bitkiləri olduğunu, həmin bitkilərin toxumlarını Suraxanı rayonunda xatırlamadığı ərazidən tapdığını, bitkiləri özü sonradan istifadə etməsi üçün əkib qulluq etdiyini bildirir, həmin on üç ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar kollar götürülür bir ədəd torbaya qablaşdırılaraq möhürlənir. Cinayət işinin 67-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 avqust 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən ona üzərində narkotik vasitə, psixotrop maddə və əldə edilib saxlanması və daşınması qadağan olunmuş əşya, vasitə və ya predmet varsa təqdim etməsi təklif olunur, o, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd sarı rəngli qutunun içərisindən 2 (iki) ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələri, 3 (üç) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri, 1 (bir) ədəd elektron tərəzini çıxararaq masanın üzərinə qoyur, onun üzərində axtarış davam etdirilir və sol yan cibindən 1 (bir) ədəd açar, 1 (bir) ədəd «Mobitel» markalı mobil telefon, şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini bir neçə gün əvvəl Suraxanı rayon, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 300 manata alaraq üzərində saxladığını, bir hissəsindən istifadə etdiyini qalan hissəsini də yenidən üzərində saxlayıb daşıdığını bildirir. Cinayət işinin 121-122-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 sentyabr 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd «Mobitel» markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 123-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 31-ci PŞ-dən daxil olmuş 20 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin, həyətyanı sahəsindən aşkar edilmiş çətənə bitkilərini əldə etdiyi mənbəyi müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 128-137-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 17 noyabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin, həyətyanı sahəsindən aşkar edilmiş çətənə bitkilərini əldə etdiyi mənbəyi müəyyən etmək üçün hazırki cinayət işindən ayrıca icraata material ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, üzərində həqiqətən narkotik vasitə olduğunu, həyətyanı sahəsində də narkotik vasitə əkdiyini etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün etirafını, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qərarlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən adı “çətənə növlü bitkilər” olan narkotik vasitənin 16 ədədi külli miqdar, heroinin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-ci il tarixli Qərarında göstərilmişdir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin İİİ Siyahısında Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş, tərkibində narkotik maddələr olan tiryək xaşxaşı, yağlı xaşxaşın digər növləri, çətənə növlü bitkilər; yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənələrin kolkosları; Azərbaycan Respublikasının ərazisində iqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan edilən kokain kolu və kat bitkisi aid edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. CM-nin 237.1-ci maddəsinin “kultivasiya” anlayışı öz hüquqi mənasına görə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və toplanmasından fərqli olaraq tərkibində xüsusi narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsi üçün xüsusi şəraitin yaradılması, həmçinin onların yetişdirilməsi üsullarının təkmilləşdirilməsi, yeni sortların alınması, onların məhsuldarlığının və əlverişsiz hava şəraitinə dözümlülüyünün artırılmasına yönələn hərəkətləri nəzərdə tutur. “Kultivasiya” anlayışının tərkibinə yabanı şəkildə bitən bitkilərin toplanması kimi əlamətin daxil edilməsi bu anlayışın elmi və hüquqi mənaları ilə uzlaşmır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 sentyabr 2023-cü il raeixli tələbnamədən görünür ki, Hacıyev X2 Rayon Məhkəməsinin 12 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; xx.xx.2012-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 02 ay 24 gün vaxtından əvvəl şərti azad olunmuş; Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 22 iyun 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 126-127-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 noyabr 2023-cü il tarixli 7291 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixo-aktiv maddələrin birgə qəbulu nəticəsinlə yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydalarının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydalarının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşdan yuxarı kişilərə və 55 yaşdan yuxarı olan qadınlara, narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 02 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 27-ci vərəqəsində olan 02 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 98-102-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli 4(010)-309/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 avqust 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,482 qram narkotik vasitə heroin, 1,134 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 13 (on üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 167 (yüz altmış yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,482 qram narkotik vasitə heroin, 1,134 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 13 (on üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə ekspertiza xərci olan 167 (yüz altmış yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar