Məhkəmə qərarları › İş №1(101)-1148/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1148/2022

19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1148/2022 19.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçi – Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1996-cı ildə Füzuli rayonu, Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üzərində ödənilməmiş məhkumluğu olan, fərdi əməklə məşğul olmuş, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə külli miqdarda narkotik vasitə heroin əldə edib sataraq mənfəət əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan «Yusif» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 05 fevral 2022-ci il tarixdə, saat 16:00 radələrində Sumqayıt şəhəri ərazisində sonuncunun yerləşdirdiyi istintaqa məlum olmayan ünvandan 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2180,0 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib satış məqsədi ilə saxlayıb daşıyarkən 05 fevral 2022-ci il tarixdə, saat 17:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə aparılmış, orada üzərində şəxsi axtarış aparılarkən sağ əlində saxladığı bənövşəyi rəngli idman çantasının içərisindən 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2180,0 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və səthində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona irəli sürülmüş ittiham tamamilə qanunsuz və əsassız ittihamdır. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Onun narkotiklə şərlənməsinə əsas əvvəllər məhkum həyatı yaşaması olmuşdur. Belə ki, o, əvvəllər bir dəfə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilmiş və nəticədə onun cəzası 3 (üç) il müddətə azaldılmışdır. Sonra isə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə o, çəkilməmiş cəzadan, yəni 05 (beş) ay 06 (altı) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. O, ittiham olunduğu iş üzrə deyə bilər ki, polis əməkdaşları tərəfindən şərlənmişdir. İttiham aktında qeyd edilən və guya onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ona məxsus olmamışdır. Şahidlərdən biri kimi qeyd olunmuş polis əməkdaşı Azər və digər polis əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə onun yaşadığı evə basqın edilmişdir. Azərgil onu həmin gün tutmuşlar. Həmin vaxt onun üzərində çox az miqdarda, yəni şəxsi istehlak miqdarından artıq olmayan miqdarda narkotik vasitə aşkar olmuşdur. Azər adlı polis əməkdaşının onunla şəxsi qərəzliyi olmuşdur. Belə ki, bir müddət əvvəl Azər ona müraciət edərək Azərlə əməkdaşlıq etməyi, Azərə aid narkotik vasitələrin satışını həyata keçirməyi, başqa şəxsləri şərləyərək tutdurmağı və Azərin gizli agenti olmasını ona təklif etmişdir. O isə Azərə kobudluq edərək “işverən” olmadığını və başqa şəxsləri şərləməyəcəyini bildirmişdir. Həmçinin o, Azərə demişdir ki, “özüm narkotik vasitədən istifadə etsəm də, narkotik vasitələrin satışını özümə yaraşan hərəkət hesab etmirəm”. Bundan sonra Azər onu təhdid edərək iri çəkili “malla” onu şərləyəcəyini bildirmişdir. O isə cavabında Azərə bir qədər kobud formada demişdir ki, “yeri get, öz işinlə məşğul ol, mən sənin üçün “işverən” deyiləm.” İttiham aktında qeyd edilmişdir ki, Azər onu 05 fevral 2022ci il tarixdən tanıyır, lakin Azər onu 2018-ci ildən tanıyır. Fevral ayının 2-dən, yəni onun əmisi rəhmətə getdikdən sonra o, “Riva” hotelində müvəqqəti yaşamağa başlamışdır. Həmin hoteldə onunla birlikdə narkotik vasitə istifadə edən onun bir neçə dostu da yaşamışdır. O, öz istifadəsi üçün narkotik vasitəni həmin dostlarından biri olan Alı və Nəzrindən almışdır. O, polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə “Riva” hotelində tutulmuşdur. İttiham aktında isə qeyd olunmuşdur ki, guya o, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərindən narkotik vasitələri əldə edib, həmin narkotik vasitələri xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu ərazisində daşıyarkən saxlanılmışdır. Lakin bu belə olmamışdır. Halbuki onun mobil telefonunun anten məlumatlarından görmək olar ki, o, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində və xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu ərazisində olmamışdır. O, ümumiyyətlə Sumqayıt şəhərinə getməmişdir. İttiham aktında qeyd olunan narkotik vasitələr ona məxsus deyil. O, tutulduğu gün Alıgil müəyyən miqdarda narkotik vasitəni satmaq məqsədilə “Riva” hotelinə gətirmişlər. Həmin vaxt onun üzərində 2.500 manat pul olmuşdur. O, 2.500 manat pulu taksi fəaliyyətindən və maşın alverindən qazanmışdır. Həmin gün o, Alıdan şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Gözləmədiyi təqdirdə polis əməkdaşları onun hoteldə müvəqqəti yaşadığı otağa basqın edərək ona qarşı zorakılıq etmişlər. Azər adlı polis əməkdaşı ittiham aktında qeyd olunan miqdarda narkotik vasitəni özü ilə birlikdə onu tutduqları yerə gətirmişdir. Onu otaqda tutduqdan sonra Azər özü ilə gətirdiyi narkotik vasitəni çantasıdan çıxararaq masanın üstünə qoyub demişdir ki, “gördün adamı necə tuturlar? İndi sən bizim əlimizdəsən. Variant yoxdur, sən bu narkotik vasitənin sənə məxsus olmasını qəbul etməlisən”. O, əvvəlcə Azərin dedikləri ilə razılaşmamışdır. Bundan sonra polislər onu möhkəm döymüşlər. Hətta onu ailəsi ilə təhdid edib demişlər ki, “sən etiraf etməsən, bütün ailə üzvlərini tutacayıq”. Nəticədə o, məcbur olub Azərin dediyini etmiş, yəni masanın üzərinə qoyulmuş narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Narkotik vasitənin ona məxsus olmasını qəbul etməsinin səbəblərindən biri də, onun öz ailəsinin təhlükəsizliyini təmin etmək olmuşdur. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şahidlərin məhkəmə istintaqında verdikləri ifadələri, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməməsi, iş üzrə maddi sübut qismində çıxış edən külli miqdarda narkotik vasitənin ona aid olmaması, tutularkən və tutulduqdan sonra polis əməkdaşlarının təzyiqinə məruz qalması, polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs 05 fevral 2022-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Belə ki, 05 fevral 2022-ci il tarixdə ona xx.xx.1996-cı ildə Füzuli rayonu, Kürdmahmudlu kəndində anadan olmuş və Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatavada nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar onun tərəfindən rəhbərliyə raportla məruzə edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi və yaxalanması məqsədi ilə onun rəhbərliyi altında ondan və Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 05 fevral 2022-ci il tarixdə, saat 17:00 radələrində onların keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılmışdır. Bundan sonra təhlükəsizlik tədbirləri nəzərə alınaraq Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə aparılmışdır. Sonra o, bu barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə raportla məruzə etmiş və 17-ci Polis şöbəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşu tərəfindən müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra şəxsi axtarış və götürmə aparılması haqqında müvafiq qərar qəbul edilmiş və onun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2, həmçinin Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakı ilə baş əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş hər hansı başqa əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs buna cavab olaraq sağ əlində saxladığı bənövşəyi rəngli idman çantasını təqdim edərək həmin çantanın içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi çanta açıldıqda, həmin çantanın içərisindən 1 (bir) ədəd ağ rəngli sellofan paketdə olan 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzi və 1 (bir) ədəd bağlamada qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, 1 (bir) ədəd alışqan, sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, içərisində 30 (otuz) manat məbləğində pul vəsaiti və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, habelə hotel kartı olan pulqabı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2 (iki) kiloqram 201 (iki yüz bir) qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 1 (bir) ədəd ağ rəngli sellofan paketdə olan 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzi və 1 (bir) ədəd bağlamada olan narkotik vasitə heroinə oxşar kütlə baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra qablaşdırılmış kütlə Təqsirləndirilən şəxs, sonuncunun müdafiəçisi, eləcə də baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən imzalanmaqla götürülmüşdür. Həmçinin araşdırma üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs aşkar olunmuş mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, digər əşyalar, o cümlədən 30 (otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə heroini Sumqayıt şəhərində gizlədilən yerdən internet vasitəsilə sosial şəbəkədə tanış olduğu “Yusif” adlı şəxsin deyəcəyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Sonra şəxsi axtarış aparılmasına dair baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən müvafiq protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol şəxsi axtarışda iştirak edən şəxslər, həmçinin Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi tərəfindən imzalanmışdır. O da şəxsi axtarış və götürmədə iştirak edən bütün iştirakçılar kimi həmin protokolu imzalamışlar. Protokol tərtib edilərkən iştirakçılar, eləcə də üzərində şəxsi axtarış aparılmış Təqsirləndirilən şəxs tərəfindən protokola dair heç bir etiraz edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 fevral 2022ci il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatavada yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 fevral 2022-ci il tarixli təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 fevral 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 11) görünür ki, həmin gün saat 17:00 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq 17-ci Polis bölməsinə aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 21) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 22) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında qərardan (cild 1, iş vərəqə 30) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 31-33) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı bənövşəyi rəngli idman çantasının içərisindən 1 (bir) ədəd bağlamada olan narkotik vasitə heroinə oxşar kütlə və 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/728 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 40-41) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün JSİ97» dairəvi möhür əksi olan, «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd ağ rəngli sellofan paketdə olan bir ədəd bağlamada təmiz çəkisi 2180,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd elektron tərəzidə narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və digər 1 (bir) ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyil. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 58-59) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 fevral 2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-141/2022 saylı qərarından (cild 1, iş vərəqə 91-95) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 fevral 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 132-144) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatavada yerləşən nömrəsiz fərdi evdə axtarış aparılmış, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2022-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 150) görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2022-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 150) görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi - atası Quliyev Vəkil Asob oğlu, anası X1 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 154) görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmiş və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonradan isə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 474 nömrəli rəyindən (cild 1, iş vərəqə 275-277) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 176-177) görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə, saat 22:50-də ***-***-**-** nömrəli abunədən “Qaqa inşaAllah sabah yigacam goruşek o dediyimnen lazım olacag azı 2 3 dene” məzmununda, xx.xx.2022-ci il tarixdə, saat 21:46da ***-***-**-** nömrəli abunədən “Sedam yari pati neciye alinar” məzmununda, xx.xx.2022-ci il tarixdə, saat 19:27-də ***-***-**-** nömrəli abunədən «qaqa metiden sabaha mene azı 2 3 dene lazım olacag gör razıdı hec olmaya 12 13 den versin. Razı deyilse 12 den yer var ordan goturerem” məzmununda sms-lərin yazılması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə, saat 00:43-də ***-***-**-** nömrəli abunəçiyə “Qardasim mene mal veressen qardasim eger vermiyessense meni umud eleme” məzmununda, xx.xx.2022-ci il tarixdə, saat 14:50-də ***-***-**-** nömrəli abunəçiyə “Salam qadan alim deyirem malzad lazim olanda lomkada olanda ele tez telefonu goturursunuz ya zeng eliyirsiniz amma eleki tema bawqa olanda telefonu götürmürsiniz” məzmununda, xx.xx.2022-ci il tarixdə, saat 12:44-də ***-***-**-** nömrəli abunəçiyə “Qaqa menem seddam bir dene zehmet olmasa o amanati vere bilersiz qadan alim” məzmununda, xx.xx.2022-ci il tarixdə, saat 04:18-də ***-***-**-** nömrəli abunəçiyə “Bax gorursen sen uje ciqalliq eliyirsen sen ol os....xci sene men 5 qram mal verdim ki qaqa her defe gelib getmiyesen” məzmununda, xx.xx.2022-ci il tarixdə, saat 18:20-də ***-***-**-** nömrəli abunəçiyə “Ay qaqa sen ol men hec vaxt sene ne hormetsizdik nede pisdiy elemiwem ama qaqa men uje bilmirem neyniyim 250 t 160 p 100 dene metu” məzmununda, xx.xx.2022-ci il tarixdə, saat 22:52-də ***-***-**-** nömrəli abunəyə «Qoja hec olmasa nolarki 20 dene kola vererdinde mene nolarki sen ol tay qutarsi yuskaynan ter tema Soydum atdim bloka” məzmununda, xx.xx.2022-ci il tarixdə, saat 22:53-də ***-***-**-** nömrəli abunəçiyə “Sen allahin adi sen dedenin goru nolar mene bir az mal ver allah haqqi tay ne men seni taniyiram nede sen meni allah haqi ne olar ilar Qadan alim» məzmununda, xx.xx.2022-ci il tarixdə, saat 01:22-də ***- ***-**-** nömrəli abunəyə “Ay elcin o blokdaki mali neynediniz qaqa” məzmununda, xx.xx.2022-ci il tarixdə, saat 20:00-da ***-***-**-** nömrəli abunəyə “Mene demiwdin ki sen mali goruren kimi yalannan xesdeJenessen qaqaw o weyker mene maraqki deyiJ sen ol men bu gun ki gunde qaqa oz malimi sene verdim ki elin de mayan olsun” məzmununda sms-lərin göndərilməsi müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2118 nömrəli rəyindən (cild 1, iş vərəqə 278-279) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 235-250) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, “Yusif” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işinin icraata ayrılması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2179,95 qram təşkil edən narkotik vasitə heroinin və 1 (bir) ədəd elektron tərəzinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Nərimanov rayon Polis İdarəsinin saxlanc otağına verilməsi, iş üzrə 2 (iki) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 iyun 2019-cu il tarixli hökmündən (cild 1, iş vərəqə 157-166) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2021-ci il tarixli qərarından (cild 1, iş vərəqə 168-171) görünür ki, Təqsirləndirilən şəxs həmin gün çəkilməmiş cəzasından vaxtın əvvəl şərti olaraq azad olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiə hüququ tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclaslarında onun əleyhinə əldə olunmuş sübutları, habelə ona qarşı irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 1 (bir) ədəd bağlamada külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində daşıyarkən 05 fevral 2022-ci il tarixdə, saat 17:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə aparılmış, orada şəxsi axtarış keçirilərkən həmin vaxt sağ əlində saxladığı idman çantasının içərisindən 1 (bir) ədəd bağlamada külli miqdarda, təmiz çəkisi 2180,0 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, məhkəmə istintaqında təqsirləndirilən şəxs tutulduğu yeri və şəraiti mübahisələndirmiş, habelə tutularkən, tutulduqdan sonra Polis bölməsində saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə və işgəncəyə məruz qalmasını, həmin vaxt üzərində müxtəlif xəsarətlərin olmasını, barəsində həbs qətimkan tərdbiri seçildikdən sonra İstintaq Təcridxanasına təhvil verilərkən həmin xəsarətlərin müəyyən edilərək qeydə alınmasını, həmin vaxt tibbi müayinədən keçirilərkən aldığı xəsarətlərin polis əməkdaşları tərəfindən ona yetirilməsini iddia etmişdir. Bu səbəbdən də iş üzrə obyektiv həqiqətə nail olmaq məqsədi ilə məhkəmə tərəfindən onun saxlanıldığı İstintaq Təcridxanasına sorğu göndərilərək baxış keçirilməsi məqsədi ilə ona aid şəxsi işin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Məhkəmənin tələbinə əsasən təqsirləndirilən şəxsin barəsində olan şəxs iş məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında həmin şəxsi işə baxış keçirilmiş, nəticədə onun İstintaq Təcridxanasına qəbul edilərkən üzərində və bədənində xəsarətlərin olmadığı müəyyən edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin iddia etdikləri halların həqiqət olmaması müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında inkaredici ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs məhkəməyə qeyd edilən hissədə yalan məlumat verməklə özünün qanunsuz əməllərinə haqq qazandırmaq, polis əməkdaşlarının adını ləkələmək, habelə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi inkaredici ifadəsini yalan ifadə kimi qəbul etməklə yanaşı, onun bu ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsdən külli miqdarda, yəni 2180,0 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsini, aşkarlanmış narkotik vasitənin ümumi çəkisinin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin istifadə dozasından həddən artıq (uzun illər ərzində) çox olmasını, uzun müddətli istifadə üçün onun tərəfindən həmin çəkidə narkotik vasitənin tədarük edilməsinin inandırıcı olmamasını, habelə onun üzərindən 1 (bir) ədəd elektron tərəzinin aşkar edilməsini, o cümlədən onunla başqa şəxslər arasında jarqon terminlər vasitəsi ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısı barədə yazışmaların aparılmasını məcmu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozitiv şərtləri ilə əhatə olunduğundan, məhkəmə belə qənaətə gəlir ki, onun əməllərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin bütün zəruri tərkib əlamətləri vardır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun hər bir əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə məhkum olunduqdan və cəzasının müəyyən hissəsini çəkdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmasına baxmayaraq, qanunla müəyyən edilmiş 6 (altı) illik müddət keçmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Bu da öz nəvbəsində cinayətlərin təhlükəli residivini təşkil edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə, cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivinin olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Nərimanov rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2179,95 qram təşkil edən narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, 2 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Nərimanov rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2179,95 qram təşkil edən narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar