Məhkəmə qərarları › İş №1(101)-1148/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1148/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1148/2024 22.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14 : 55 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda ümumi təmiz çəkisi 2,075 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhələnildiyi üçün Bakı şəhəri, Sabunçu RPİ-nin 12 PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında, nömrəsiz fərdi evin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibində saxladığı 03 ədəd şəffaf sellofan bükümdə öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,267 qram və 1,768 qram, ümumi təmiz çəkisi 2,075 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin şalvarın arxa sağ cibindən üzərində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 24 avqust 2023-cü il tarixdə Ramana Sovxoz ünvanında yerləşən evində olan zaman polis əməkdaşları evə gələrək, onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, saxlanılan zaman onun üzərində 2,075 qram çəkidə narkotik vasitə heroin olmuşdur. Polis əməkdaşları onu aldadaraq sənədlərə qol çəkdirməklə, izahatı alındıqdan sonra 48 saat müddətində sərbəst buraxacaqlarını vəd etmişlər. O, polis əməkdaşlarının qeyd etdiyi sənədlərə imza etməklə, videoçəkilişdə iştirak etmişdir. Videoçəkilişdən sonra müvəqqəti saxlanma yerinə aparılmış, daha sonra isə barəsində həbs qətimkan tədbiri seçilməklə İstintaq Təcridxanasına aparmışlar. Onu Rasim, Məhəmməd və Bəxtiyar adlı polis əməkdaşları saxlamış, narkotik vasitələrin aludəçisidir, mütəmadi olaraq istifadə edir. Narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamış, ona fiziki təzyiq olunmasa da, aldadaraq sənədlərə qol çəkdirmişlər. O, narkotik vasitələri satış məqsədi ilə əldə etməmiş, bir neçə dəfə narkomaniyadan müalicə olunsa da, sağala bilməmişdir. Onun evində və ya üzərində elektron tərəzi olmamışdır. Həmin tərəzini ona polis şöbəsində polis əməkdaşları təqdim edərək, onu videoçəkilişdən sonra sərbəst buraxacaqlarını bildirmişlər. Şəxsi axtarış keçirilməsinə dair videoçəkiliş keçirilən zaman, polis əməkdaşları ona təyin edilmiş müdafiəçini videoçəkilişin aparıldığı otaqdan kənarlaşdırmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİnin 12-ci PŞ-nin baş əməliyyat müvəkkili, vəzifəsində çalışır. 24 avqust 2023-ci il tarixdə çalışdığı Sabunçu RPİ-nin 12-ci PŞ-də xidməti ərazisində iş yoldaşı ilə birlikdə xidmətdə olmuşdur. Həmin gün saat 21 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda fərdi yaşayış evlərinin qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmasını və nəyisə axtarmasını görmüşlər. Həmin şəxs şübhəli hərəkətlər etdiyindən iş yoldaşı ilə Təqsirləndirilən şəxs yaxınlaşıb, onu 12-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı həmin prossesual hərəkətdə iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirməzdən əvvəl üzərində olan qeyri qanuni əşyaları masanın üzərinə qoyaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs narkotik vasitə və elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş narkotik vasitəyə oxşar maddə bükümləri və elektron tərəzi iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs elektron tərəzini narkotik vasitələrin çəkisini ölçmək üçün üzərində saxladığını bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair onlara məlumat daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sabunçu RPİnin 12-ci PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2023-ci il tarixdə xidmət edən zaman vətəndaş Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs suallar verdikdə Təqsirləndirilən şəxs onlara şübhəli cavablar verib, narahat olaraq özünü qeyri-adekvat apardığı və onlardan yayınıb getmək istədiyi üçün onun üzərində qanunla qadağan olunan maddə, əşya və predmet olması ehtimalına görə saxlanılaraq, 12-ci Pşnin inzibati binasına gətirilmişdir. O və digər iş yoldaşı da Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı həmin prossesual hərəkətdə iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirməzdən əvvəl üzərində olan qeyri qanuni əşyaları masanın üzərinə qoyaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə bənzər maddə və elektron tərəzi aşkar edilərək qablaşdırılmışdır. Şəxsi axtarış zamanı vəkilin iştirak edib-etməməsini hazırda xatırlamır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə təxminən 7 ilə yaxındır ki, evlidir. Təqsirləndirilən şəxs ilə birlikdə 3 azyaşlı övladları vardır. Hüseynin narkotik vasitələr istifadə etməsini bilsə də onun narkotik vasitələr satmasını bilməmişdir. Bir-iki dəfə Hüseyni müalicə etmək istəmişlər. 24 avqust 2023-cü il tarixdə o, evlərinin həyətində olan zaman Rasim və Məhəmməd adlı polis əməkdaşları həyətə daxil olaraq, əri Hüseynin evdə olub-olmamasını soruşmuşlar. O, ərinin evdə olmasını dedikdən sonra polis əməkdaşları evə daxil olaraq, əri Təqsirləndirilən şəxs özləri ilə apararaq, bir neçə saat sonra onu sərbəst buraxacaqlarını demişlər. Sonradan əri Hüseyn ona bildirmişdir ki, polis əməkdaşları onu sərbəst buraxacaqlarını deyərək aldatmaqla, sənədlərə imza etdirib həbs etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə satmasına, evlərinə kiminsə narkotik vasitə almaq üçün gəlməsinə şahidlik etməmişdir. Əri Hüseynin narkotik vasitələrdən istifadə etməsini bilsə də, onun gözünün qarşısında heç vaxt narkotik vasitə istifadə etməmişdir. Əri Təqsirləndirilən şəxs telefonunda olan sms mətnləri ola bilsin ki, onun öz dostları ilə yazışmaları ilə əlaqədardır. Təqsirləndirilən şəxs fəhləlik etməklə ailəni dolandırmışdır. Hüseyn narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İş materiallarında olan məhkəmə ekspertizasının 3-16-16/2-6/4540 saylı, 25 avqust 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün nömrə 159” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut imza və digər ad, soyad, imzalar qeyd edilmiş iki ədəd zərfdən birinin içərisindəki 03 (üç) ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,267 qram və 1,768 qram, ümumi təmiz çəkisi 2,075 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin 03 (üç) ədəd bükümdə olan heroinlər öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş iki ədəd zərfdən digərinin içərisindəki 01 ədəd elektron tərəzi üzərində narkotik vasitə - heroinə məxsus izlər vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 8 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in siyahısına daxildir. (İş vərəqə 33-37) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 sentyabr 2023-cü il tarixli, 5955 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş vərəqə 116-117) İş materiallarında olan 24 avqust 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» və «Videogörüntüyə baxış keçirilməsi haqqında» 28 avqust 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkillərinin iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə və həmin şalvarın arxa sağ cibindən bir ədəd tərəzi çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələrin narkotik vasitə “Kakos” olduğunu, 75 manat pulu İran vətəndaşının hesabına köçürərək aldığını və həmin şəxsin təyin etdiyi yerdən götürdüyünü bildirmişdir. Həmçinin həmin maddələrin istifadəsi və satışı üçün üzərində saxladığını qeyd etmişdir. Əlavə suallara cavab olaraq təxminən 5- 6 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini və arada pay kimi verdiyini, üzərindən aşkar olunmuş tərəzini isə narkotik vasitəni kiməsə verəndə çəkisini bilmək üçün istifadə etdiyini bildirmişdir. (İş vərəqə 24-25; 76) İş materiallarında olan «CD diskə baxış keçirilməsi haqqında» 21 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən AZF/LGL-15155\23 nömrəli xx.xx.2023-ci il tarixli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD diskə baxış keçirilən zaman üzərində “NAR” fərqləndirici yazı olan 1 ədəd CD disk CD oxuyucusuna qoyulmuş, CD açılan zaman“SMS_Tarixcesi ********************336” və “SMS_Tarixcesi **********5047 773181336” adlı qovluqların olması müəyyən edilir. Baxış zamanı xx-xx-2023-cü il tarixdə saat 02:24-də +**********16 mobil nömrədən +**********36 nömrəyə “Salam das var”, xx.xx.2023-cü il tarixdə saat 22:00-da +**********36 mobil nömrədən +**********25 nömrəyə “Dawyoxduye”, xx.xx.2023-cü il tarixdə saat 23:31-də +**********36 mobil nömrədən +**********92 nömrəyə “Kanalin bawi polislerdi yanma gelen uwagda aprdilar gelme seher goruwe senol alem deyib”, xx.xx.2023-cü il tarixdə saat 01:19-da +**********36 mobil nömrədən +**********59 nömrəyə “Ay qaqa zeng geldi tema goturmeye getmeliyem pul neqeder oture bilsen zordu artig gotrerem tezdene daw torpağ olar cavab yaz mene”, xxxx-2023-cü il tarixdə saat 15:23-də +**********36 mobil nömrədən +**********51 nömrəyə “İndise yazma zeng vurma emelyatcilar qapida”, xx-xx-2023-cü il tarixdə saat 11:27-də +**********51 mobil nömrədən +**********36 nömrəyə “ mene mal vermirsen indi 02 ver salig olsun huseyin yoldasin durub burda ayibdi sene cix qapiya”, xx-xx-2023-cü il tarixdə saat 23:20-də +**********16 mobil nömrədən +**********36 nömrəyə “Gelib qapivizin agzinda oturacam duxun var mal sat sen dunen meni pis veziyetde qoydun”, xx-xx-2023cü il tarixdə saat 12:37-də +**********36 mobil nömrədən +**********54 nömrəyə “Qaqa daw qalmiyib dunen yadan cixb senol vermwe evde usta iwdeyirdi olara”, xx-xx-2023-cü il tarixdə saat 12:46- da +**********36 mobil nömrədən +**********54 nömrəyə “Yigma qaqaw nese olsa diyerem ozm kola var saxlayiram heleki”, xx-xx-2023-cü il tarixdə saat 21:49-da +**********36 mobil nömrədən +**********93 nömrəyə “Daw qutardi brat sen ol torpağda qutara qutardi uje gotrecem”, xx-xx-2023-cü il tarixdə saat 00:48-də +**********36 mobil nömrədən +**********88 nömrəyə “Daw yox torpağ duzeler ancag”, xx-xx-2023-cü il tarixdə saat 01:08-də +**********36 mobil nömrədən +**********00 nömrəyə “Tema goturmuwem gelmiwem cox yorğunam”, xx-xx-2023-cü İl tarixdə saat 01:09-da +**********80 mobil nömrədən +**********36 nömrəyə “Huseyin Salam qaqa indi braxdilar meni upravlenyadaydim razinde qaqa sen verdiyinin usdundeyem mene kola ver cixim vezyetden kartina atiram 10 manat”, xx-xx-2023-cü il tarixdə saat 18:24-də +**********85 mobil nömrədən +**********36 nömrəyə “Salam qaqa necesen 20 manatlig daw lazimdi neter eleyek”, xx-xx-2023-cü il tarixdə saat 18:50- də +**********36 mobil nömrədən +**********17 nömrəyə “Bawva donum mende onan cekremde gece olacag urmiya buda yaxwidiye oqeder urmiya cekiriyki bele mallar hecne elemir bize” və bu məzmundə digər çoxsaylı smslər olması müəyyən edilmişdir. (İş vərəqə 115) İş materiallarında olan Təqsirləndirilən şəxs və müdafiəçi X3 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsini xahiş etmişdir. (iş vərəqə 23) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, yaşadığı mənzilin içərisində saxlanılması, eləcə də, üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadə məqsədi ilə üzərində saxlamasına dair verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, həqiqəti əks etdirməməklə, məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Məhkəmə həmçinin, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə şahid X1 ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, onun ifadəsi əri Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyaraq həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı özünün xx.xx.2023-cü il tarixli etirafedici izahatı, xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə ekspertizasının 3-16-16/2-6/4540 saylı, 25 avqust 2023-cü il tarixli, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 sentyabr 2023-cü il tarixli, 5955 saylı rəyləri, 24 avqust 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» və «Videogörüntüyə baxış keçirilməsi haqqında» 28 avqust 2023-cü il tarixli protokollar, «CD diskə baxış keçirilməsi haqqında» 21 noyabr 2023-cü il tarixli protokol və digər mötəbər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli izahatında, xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadələrində də qeyd etmişdir ki, yaşadığı məhəllədə üzərində əldə etdiyi narkotiklər və tərəzi ilə gizlin yer axtarıb onlardan istifadə etməsi məqsədi ilə piyada hərəkətdə olarkən iki nəfər şəxsi görmüşdür. Onlar ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən sənəd istəmişdir. O, narkotik vasitələrdən istifadə etdiyi üçün hərəkətlərində bunu kənar şəxslərə hiss etdirmişdir. Həmin şəxslər ondan şübhələnmiş və müxtəlif suallar verməyə başlamışdır. O isə üzərində narkotik vasitə olduğundan qorxmağa və suallara yayındırıcı cavablar verməyə başlamışdır. Buna görə də ifşa olunmağından qorxaraq onlardan yayınmağa çalışmışdır. Lakin polis əməkdaşları ondan şübhələnmiş və onu 12-ci PŞ-də dəvət etmişdir. 12-ci PŞ- də inzibati otaqların birində ona vəkil verilmiş və hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən o boz rəngli cins şalvarının sağ yan cibindən üç ədəd bükümdə olan narkotik vasitə olan kakosu və arxa sağ cibindən isə bir ədəd tərəzini təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitələr qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışdır. Narkotik vasitə aldığı İİR vətəndaşını tanımır, onun anket məlumatları barədə heç bir məlumata malik deyildir. Həmçinin həmin gün narkotik əldə etdikdən sonra evə gedib, mobil telefonunu da evdə qoyub daha sonra məhəlləyə çıxmışdır. Üzərindən aşkar olunmuş həmin narkotikdən heç kimə verməmiş və ya satmamış, lakin onu dost-tanışına vermək və az miqdarda pul almaq fikri olmuşdur. O, narkotik vasitələr əldə etdikdən sonra dost-tanışdan kimsə istəyərsə, onu narkotik vermiş və həmin verdiyi narkotiki neçəyə almışsa həmin pulu da ondan almışdır. Yəni narkotiki ucuz alıb, baha sataraq pul qazanmışdır. Sadəcə dost tanışına öz qiymətinə hərdən narkotik satdığı vaxtlar olmuşdur. Üzərindən aşkar edilərək götürülmüş tərəzini əldə etdiyi narkotikləri ölçmək və kiməsə narkotik verərkən çəkisini bilmək üçün istifadə etmişdir. (iş vərəqə 29-30; 43-45; 54-56) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdə öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, ayrıayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,267 qram və 1,768 qram, ümumi təmiz çəkisi 2,075 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, 3 bükümdə olması, elektron tərəzinin aşkar edilməsi də təsdiq edir ki, o, qeyd olunan miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 86) İş materiallarında olan nikah haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüdlü X5 olmaqla 2 azyaşlı uşağı vardır. Eləcə də, şəxsiyyət vəsiqələrinin, 232884 saylı əlillik vəsiqəsinin surətlərindən görünür ki, arvadı Qurbanova (Məclinova) Arzu Ehtibar qızının xx.xx.2014-cü il təvəllüdlü uşağı və 2-ci dərəcəli əlil anası da Təqsirləndirilən şəxs himayəsindədir. Məhkəməyə təqdim edilmiş AR Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə könüllü müalicədə olmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-667/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 5, 67-72) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 16 sentyabr 2023-cü il tarixli, 5955 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 89 (səksən doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 03 (üç) ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,267 qram və 1,768 qram, ümumi təmiz çəkisi 2,075 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,965 qram narkotik vasitə heroin və üzərində narkotik vasitə - heroinə məxsus izlər olan 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. . İş üzrə maddi sübutlar – Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,965 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə - heroinə məxsus izlər olan 01 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 89 (səksən doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar