Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1149/2021 03.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxx 1998-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Parakənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 92, mənzil 30 ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 04 yanvar 2021-ci il tarixdə saat 02 radələrində kirayədə yaşadığı ünvan 1 ünvanda keçmiş sevgilisi Zərərçəkmiş şəxs onun yaşadığı mənzilə başqa bir qadınla gəlməsinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunun onun başından əli ilə itələməsinə və onu təhqir etməsinə görə masanın üzərində olan soyuq silah hesab edilməyən, gümüşü rəngli yastı metal lövhədən ibarət, uzunluğu 130 mm, orta hissədə eni 8 mm və qalınlığı 1 mm olan, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı pilka (dırnaq yonan) ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə zərbə vurmaqla, sonuncuya “qarının ön divarının daxilə nüfuz edərək köndələnçənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası” kimi insan həyatı üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Belə ki, əvvəllər Mübarizgilin məhəlləsində kirayə yaşamışdır. Onlar təxminən 1 ay müddətində sevgili olmuş, lakin sonradan bir-biri ilə yaxşı yola gedə bilmədikləri üçün ayrılmalı olmuşlar. Ayrılmaqlarına baxmayaraq Mübarizlə mütəmadi olaraq əlaqə saxlamış, bəzi vaxtlarda isə görüşmüşlər. Sonradan Mübariz, Şahid1 ilə tanış olmuşdur. Kəmalə ilə o, övladlarını NZS qəsəbəsindəki eyni dayənin yanına qoyduqlarından Kəmaləni əvvəlcədən tanımış, sonradan bir neçə dəfə ortaq tanışları vasitəsilə Kəmalə və Mübarizlə bir neçə dəfə eyni məclisdə olmuşdur. 2020-ci ilin dekabr ayında kirayə yaşadığı mənzildən çıxdığı üçün Mübarizdən ona qalmağa ev tapmasını istəmişdir. Mübariz isə Nobel prospektində yaşayan dostu Tahirdən müvəqqəti olaraq onun evində qalmasını xahiş etmiş, Tahir də heç bir etiraz etməyərək özünə kirayə ev tapana kimi qalmasına razılıq vermişdir. O, həmin gündən Tahirin yaşadığı Xətai rayonu, Nobel prospekti ev 92, mənzil 30 saylı ünvanda qalmağa başlamışdır. Dekabr ayının sonlarında Mübariz Kəmaləni gətirib onunla eyni mənzildə qalacağını söyləmiş, bu zaman o, buna etiraz etsə də, Mübariz Kəmalənin qalmağa yeri olmadığını, bir neçə günlük Tahirgildə qalacağını söyləyib çıxıb getmiş, lakin o Kəmalə ilə yola gedə bilmədiyi üçün Mübariz həmin gün gəlib Kəmaləni aparmışdır. Bundan sonra o, Mübarizə tapşırmışdır ki, Kəmaləni onun qaldığı mənzilə gətirməsin. 2021-ci il tarixdə yanvar ayının 3-dən 4-nə keçən gecə təxminən saat 2 radələrində evdə hamı oyaq olan zaman dırnaq təmizləyənlə dırnağını təmizləmiş, bu zaman Mübariz Kəmalə ilə birlikdə onlara gəlmişdir. O, Kəmaləni Mübarizin yanında gördükdə Kəmaləni nə üçün gətirdiyini soruşub Mübarizi təhqir etməyə başlamış və əlindəki dırnaq təmziləyəni masanın üzərinə qoymuşdur. Mübariz onu sakitləşdirmək istəsə də, o çox əsəbiləşdiyindən özünə gələ bilməmiş, buna görə də, Mübariz əli ilə onun baş nahiyəsindən itələyib onu təhqir etmiş, o da əsəbiləşib masanın üzərindəki dırnaq təmizləyəni götürüb onunla Mübarizin qarın boşluğuna zərbə vurmuşdur. Bundan sonra Mübariz, Kəmalə və Orxan mənzildən çıxıb getmiş, o da dırnaq təmizləyəni yuyub yerinə qoymuşdur. Məhkəmədə dəfələrlə dəvət edilməsinə baxmayaraq, iştirakını təmin etmək mümkün olmadığından Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2018-ci ilin oktyabr ayından tanımış, Jalə onunla eyni məhəllədə kirayə yaşadığı üçün yaşadıqları məhəllədən tanış olmuşdurlar. Onlar təxminən 1 ay sevgili kimi münasibətdə olduqdan sonra ayrılmış, lakin ayrılmaqlarına baxmayaraq dost kimi münasibətləri davam etmiş, belə ki, tez-tez bir-biri ilə zəng vurub hal-əhval soruşmuş, bəzi vaxtlarda isə görüşmüşlər. Sonradan o, Şahid1 ilə tanış olmuş və aralarında sevgi münasibətləri yaranmışdır. 2020-ci ilin dekbar ayının ortalarında Jalə ona kirayə qaldığı evdən çıxdığını söyləmiş və qalmağa yer tapmasını xahiş etmiş, o da bu barədə onlara yaxın məhəllədə yaşayan Tahirə danışmış, çünki Tahir yaşlı atası ilə birlikdə yaşadığı üçün özlərinə məxsus mənzili tanıdıqları adamlara gündəlik olaraq kirayə vermişdirlər. O, Tahirə Jalənin təxminən 7-8 gün evlərində qalacağını söyləmiş, Tahir də heç bir problem olmadığını söyləyərək onunla razılaşmış və həmin vaxtdan Jalə orada qalmağa başlamışdır. O, Jalənin orada qalması qarşılığında Tahirin atası Ağaya 30 manat pul vermişdir. Dekabr ayının sonlarında Kəmalə evlərində problem olduğu üçün ondan müvəqqəti qalmağa yer tapmasını xahiş etmiş və o, tanıdığı başqa bir yer olmadığından Kəmaləni də Tahirgildə yerləşdirməyi düşünərək, onu da Tahirgilə aparmış, lakin Jalə onu qısqandığı üçün Kəmalə ilə yola getməmiş, buna görə də o, Kəmaləni oradan aparıb evlərinə düşürtmüşdür. Yanvar ayının 3-də günorta saatlarında tanışı Orxanla görüşüb Xətai rayonu ərazisində ona məxsus avtomobil ilə bir qədər gəzişdikdən sonra axşam saatlarında Orxanı aparıb Tahirgilə düşürtmüş, bildiyinə görə həmin vaxt Jalə də evdə olmuşdur. Orxanı düşürtdükdən sonra Günəşli qəsəbəsində Kəmalə ilə görüşmüşdür. Həmin ərəfədə onun Orxana 180 manat borcu olmuş və Kəmalə ilə birlikdə olan zaman Orxan ona zəng vuraraq borcunu qaytarmasını istəmişdir. Orxanın bu sözü onun xətrinə dəymiş, buna görə də gedib Orxanla üzbəüz söhbət etmək qərarına gəlmiş, Kəmalə onunla birlikdə olduğu üçün onu da özü ilə oraya aparmışdır. Kəmalə, Jalə ilə aralarında problem yaranacağını söyləyərək oraya getməkdən imtina etsə də, o, Kəmaləyə narahat olmamasını söyləmişdir. 04 yanvar 2021-ci il tarixdə, saat 02 radələrində Kəmalə ilə birlikdə Tahirgilə getmiş, mənzilə daxil olduqda Jalə onu Kəmalə ilə birlikdə görüb nə üçün Kəmaləni oraya gətirdiyini soruşaraq onu təhqir etməyə başlamış, o, Jaləni sakitləşdirməyə çalışsa da, Jalə dayanmadan onu və Kəmaləni nalayiq ifadələrlə təhqir etmişdir. O, Jalənin sakitləşmədiyini görüb əli ilə Jalənin baş nahiyəsindən itələmiş, bu zaman Jalə masanın üzərindəki gümüşü rəngli dırnaq təmizləyəni götürüb onun qarın nahiyəsinə zərbə vurmuşdur. Jalə onu vurduqdan sonra o, mənzildən çıxaraq avtomobilinə əyləşib 7 saylı X9 Stansiyasına getmiş, Orxanla Kəmalə də onunla getmişdir. Oradan həkimlər onu 3 saylı Şəhər Klinik xəstəxanasına aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində yerləşən avtoyuma məntəqəsində avtoyuyucu işləyir, gecələr də orada qalır. Zərərçəkmiş şəxs təxminən 3 aya yaxındır ki, tanıyır. Mübariz mütəmadi olaraq onun işlədiyi avtoyuma məntəqəsinə gəldiyi üçün onların tanışlığı da oradan yaranmışdır. Mübarizlə çox yaxın münasibəti yarandığından onunla tez-tez görüşmüş, Mübarizin vasitəsilə onun sevgilisi Kəmaləni də tanımışdır. Ailə üzvləri Salyan rayonunda yaşadıqlarından Bakıda qalmağa yeri olmamış, buna görə də işlədiyi avtoyuma məntəqəsində gecələmişdir. 01 yanvar 2021-ci il tarixdə müdiri ilə aralarında mübahisə yarandığından işdən çıxmış, buna görə də Mübarizdən ona qalmağa yer tapmasını xahiş etmişdir. Mübariz Tahir adlı taışının Nobel prospektində evi olduğunu və bir müddət onlarda gecələyə biləcəyini söyləmiş, bundan sonra Mübarizlə birlikdə Tahirgilə getmiş və onlarda qalmağa başlamışdır. Tahirgilə getdikdə Jalənin də orada olduğunu görmüş və Mübariz ona Jalənin də qalmağa yeri olmadığı üçün müvəqqəti olaraq Tahirgildə qaldığını söyləmişdir. Həmin mənzildə o, Jalə, Tahir və Tahirin atası Ağa birlikdə yaşamağa başlamışdırlar. Yanvar ayının 3-də Mübarizlə görüşüb ona məxsus avtomobillə bir az gəzişmiş, axşam saatlarında Mübariz onu aparıb evə, yəni Tahirgilə düşürtmüş, o, evə çıxdıqda Jalə də orada olmuşdur. Həmin ərəfədə Mübarizin ona 180 manat borcu olmuş və Mübariz onu düşürtdükdən təxminən 1-2 saat sonra Mübarizə zəng vuraraq pulunu qaytarmasını istəmiş, Mübariz də 10-15 dəqiqəyə evə gələcəyini söyləmişdir. Gecə saat 02 radələrində Mübariz Kəmalə ilə birlikdə onlara gəlmiş, həmin vaxt mənzildə o, Jalə, Tahir və Ağa olmuşdur. Onlar qapıdan içəriyə daxil olduqda Jalə Kəmaləni görən kimi Mübarizin üstünə qışqıraraq Kəmaləni nə üçün evə gətirdiyini soruşmuş, Mübariz onu sakitləşdirməyə çalışsa da, Jalə daha da əsəbiləşərək Mübarizin üstünə yerimişdir. Mübariz Jalənin sakitləşmədiyini görüb əli ilə onun başından itələmiş və bu zaman Jalə masanın üzərindəki dırnaq təmizləyəni götürüb onunla Mübarizin qarın nahiyəsinə zərbə vurmuşdur. Jalə zərbəni vurduqdan sonra geri çəkilmiş və onlar Mübarizin qarnından qan axdığını görmüşdürlər. O, Kəmalə ilə birlikdə Mübarizin qollarından tutub onu çölə çıxartmış və Mübarizin avtomobili ilə yaxınlıqda yerləşən X9 Stansiyasına getmişdirlər. Orada həkimlər Mübarizə ilkin tibbi yardım göstərdikdən sonra onu 3 saylı Şəhər Klinik xəstəxanasına aparmışdırlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, yaşadıqları ev geniş olduğundan bəzi vaxtlarda evin bir otağını bir neçə günlüyə kirayə verirlər. Zərərçəkmiş şəxs oğlu Tahirin tanışıdır, o da Mübarizi oğluna görə tanımış, belə ki, o, Kəmalə adlı sevgilisi ilə bir neçə gün onlarda gecələmişdir. 2020-ci ilin dekabr ayının ortalarında Mübariz Jalə adlı tanışını onlara gətirərək Jalənin qalmağa yeri olmadığını söyləmiş və onlarda kirayə qalmasını xahiş etmişdir. Jalə xanım olduğundan o, Jalənin onlarda kirayə qalmasına etiraz etmiş, lakin Mübariz onun getməyə yeri olmadığını, heç olmasa bir neçə gün onlarda qalmasını xahiş etmiş, o da etiraz etməmiş və həmin gündən sonra Jalə onlarda qalmağa başlamışdır. Yanvar ayının əvvəllərində Mübarizlə birlikdə Orxan adlı tanışı da onlara gəlmiş, Mübariz onun da qalmağa yeri olmadığını söyləyərək onlarda gecələməsini xahiş etmişdir. O, bu dəfə də Mübarizə etiraz etməmişdir. Yanvar ayının 3-dən 4-nə keçən gecə saat 02 radələrində otaqda uzanıb istirahət edən zaman qəfildən evin giriş hissəsindən səs-küy gəldiyini eşitmiş, yerindən durub oraya yaxınlaşdıqda Mübarizin əli ilə qarın nahiyəsini tutduğunu, Jalənin isə əlində dırnaq təmizləyən saxlayaraq ağladığını görmüşdür. Həmin vaxt mənzildə ondan başqa Jalə, Mübariz, Orxan və Kəmalə olmuş, Tahir isə yuxarı mərtəbədə yaşayan qardaşıgildə olmuşdur. Jalədən nə baş verdiyini soruşduqda o, əlindəki dırnaq təmizləyəni göstərərək onunla Mübarizə xəsarət yetirdiyini söyləmiş, bu zaman Tahir də onların yanına gəlmişdir. Bundan sonra Orxanla Kəmalə köməkləşib Mübarizi xəstəxanaya aparmış, Jalə isə onlarla birlikdə evdə qalmışdır. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 4 ilə yaxındır ki, tanıyır. Zərərçəkmiş şəxs ilə isə 2018-ci ilin sonlarında tanış olmuş və həmin vaxtdan aralarında sevgi münasibətləri yaranmışdır. Sonradan ona məlum olmuşdur ki, Mübarizin Jalə ilə əvvəllər münasibəti olmuşdur. Qızının dayəsi NZS qəsəbəsində yaşadığı üçün o tez-tez oraya getmiş və Jalə ilə də bəzən təsadüfən qarşılaşmışdır. Bir neçə dəfə Mübarizlə birlikdə müxtəlif məclislərdə olarkən Jalə də təsadüfən həmin məclislərdə olmuş və Mübarizlə onun sevgili olduğunu bilmiş, lakin bu məsələyə görə Jalə ilə aralarında heç vaxt mübahisə baş verməmişdir. 2020-ci ilin dekabr ayının sonlarında bibisigil ilə arasında mübahisə yarandığı üçün o, bir neçə günlük başqa yerdə qalıb sakitləşmək qərarına gəlmiş və bu barədə Mübarizə danışmışdır. Mübariz ona Tahir adlı tanışının Nobel prospektində evi olduğunu və orada qala biləcəyini söyləmişdir. O, Jalənin orada qaldığını bilmiş, lakin aralarında hər hansı problem yaşanacağını düşünmədiyindən Mübarizlə razılaşmışdır. Mübariz onu aparıb Tahirgilə qoyub getmiş, lakin həmin gün Jalə onunla səbəsiz yerə mübahisə etməyə başlamış, buna görə də o, Mübarizə zəng vurub gəlib onu aparmasını söyləmiş, bundan sonra Mübariz gəlib onu evə aparmış və o, Jaləni bir daha görməmişdir. 04 yanvar 2021-ci il tarixdə, saat 00:30 radələrində Günəşli qəsəbəsində Mübarizlə görüşmüşdür. Onlar bir qədər avtomobil ilə gəzişdikdən sonra Mübariz ona dostu Orxanla işi olduğunu və Tahirgilə getməli olduqlarını söyləmişdir. O, Orxanı Mübarizin dostu kimi tanımış və Tahirgildə qaldığını bilmişdir. Bu təklifdən sonra o, Mübarizə Jalə ilə aralarında mübahisə baş verəcəyindən ehtiyat etdiyini söyləmiş, Mübariz isə heç bir problem baş verməyəcəyini deyib narahat olmamasını bildirmiş və təxminən saat 02 radələrində onlar Tahirgilə getmişdirlər. Mənzilə daxil olduqda Jalə onu Mübarizin yanında görüb Mübarizə nə üçün onu da özü ilə gətirdiyini irad bildirib onları təhqir etməyə başlamış, Mübariz Jaləni sakitləşdirməyə çalışsa da, Jalə durmadan nalayiq ifadələrlə onları təhqir etmişdir. Mübariz Jaləni sakitləşdirməkdən ötrü əli ilə onun baş nahiyəsindən itələmiş, bu zaman Jalə masanın üzərindəki dəstəyi olmayan, gümüşü rəngli dırnaq təmizləyəni götürərək onunla Mübarizin qarın boşluğuna zərbə vurmuşdur. Zərbəni vurduqdan sonra o, Mübarizin qarın nahiyəsindən qan axdığını görüb xəstəxanaya getməyi təklif etmiş, bundan sonra o, Mübariz və Orxan birlikdə avtomobil ilə yaxınlıqda yerləşən X9 stansiyasına getmiş, oradan da həkimlər onları 3 saylı Şəhər Kliniki xəstəxanasına aparmışlar. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 Şahid3 oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, atasının adı Şahid3 olsa da, hamı ona Ağa deyərək müraciət edir. Yaşadıqları ev geniş olduğundan bəzi vaxtlarda evin bir otağını bir neçə günlüyə kirayə də verirlər. Zərərçəkmiş şəxs NZS qəsəbəsində yaşadığı üçün onunla tanışlığı yaranmışdır. Mübariz Kəmalə adlı sevgilisi ilə bir neçə gün onlarda gecələmişdir. 2020-ci ilin dekabr ayının ortalarında Mübariz Jalə adlı tanışını onlara gətirərək Jalənin qalmağa yeri olmadığını söyləmiş və onlarda kirayə qalmasını xahiş etmişdir. O, atasından razılıq aldıqdan sonra ona etiraz etməmiş və həmin gündən sonra Jalə onlarda qalmağa başlamışdır. Yanvar ayının əvvəllərində Mübarizlə birlikdə Orxan adlı tanışı da onlara gəlmiş, Mübariz onun da qalmağa yeri olmadığını söyləyərək onlarda gecələməsini xahiş etmiş, onlar bu dəfə də Mübarizə etiraz etməmişdirlər. Yanvar ayının 3-dən 4-nə keçən gecə saat 02 radələrində yaşadıqları binada, onlardan yuxarı mərtəbədə yaşayan əmisigildə olan zaman qəfildən evlərindən səs-küy gəldiyini eşitmiş və tez aşağıya düşmüşdür. Evə daxil olduqda Mübarizin əli ilə qarın nahiyəsini tutduğunu, Jalənin isə əlində dırnaq təmizləyən saxlayaraq ağladığını görmüşdür. Həmin vaxt mənzildə Jalə, Mübariz, Orxan, Kəmalə və atası olmuş, mənzərədən ona belə aydın olmuşdur ki, Jalə əlindəki dırnaq təmziləyənlə Mübarizə xəsarət yetirmişdir. Bundan sonra Orxanla Kəmalə köməkləşib Mübarizi xəstəxanaya aparmış, Jalə isə onlarla birlikdə evdə qalmışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 27 yanvar 2021-ci il tarixli 21 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edərək köndələnçənbər bağırsağın zədələnməsi ilə müşaiyət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət iti uca və kənara malik əyşa (alət) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi 04.01.2021-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş kompleks məhkəmə-trasoloji və kriminalistik ekspertizasının 05 fevral 2021-ci il tarixli 11/2021-MTKŞ №-li rəyində göstərilmişdir ki,
1. Ekspertizaya təqdim edilmiş X1 məxsus köynəyin ön hissəsinin orta-aşağı nahiyəsində bir ədəd deşilmiş zədə aşkar edildi. Bu zədə hər hansı bir iti ucu olan deşici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş pilka ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər alət (əşya ilə) törənməsi inkar olunmur.
2. Ekspertizaya təqdim edilmiş X1 məxsus köynəyin ön hissəsinin orta-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd zədə müxtəlif şəraitdə, həmçinin qərarın təsviri hissəsində göstərilən şəraitdə yarana bilərdi.
3. Ekspertizaya təqdim olunmuş dırnaq yonan zavod üsulu ilə hazırlanmış məişət təyinatlıdır. Dırnaq yonanın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 17.04.2021-ci il tarixli 820 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurma cinayətini törətməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Xətai Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Məhkəmə təqsdirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin cinayət işinin materiallarında onun uşağı olması ilə bağlı hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Cinayət Məcəlləsini 126.1-ci maddəsini sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cəza çəkməsinin başlanğıcı hazırki iş üzrə tutulduğu 03 dekabr 2021-ci tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan bir ədəd məişət təyinatlı pilka (dırnaq yonan) və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd uzunqol, qara-qırmızı rəngli köynək təsərrüfat təyinatını itirdiyindən məhv edilməlidir. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X4 336 (üç yüz otuz altı) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan bir ədəd məişət təyinatlı pilka (dırnaq yonan) və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd uzunqol, qara-qırmızı rəngli köynək təsərrüfat təyinatını itirdiyindən məhv edilsin. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X4 336 (üç yüz otuz altı) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Fikrət Qəribov
Hakimlər: Telman Hüseynov Əli Məmmədov