Məhkəmə qərarları › İş №1(101)-1149/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1149/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1149/2023 09.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli maqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 3,629 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış, 16 noyabr 2022-ci il tarixdə saat 13:00-da Suraxanı RPİ-nin X2 və Suraxanı RPİnin 31-ci PB-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi ev 12 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3nvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd göy rəngli kənarlarında üç xətli ağ zolaqları olan idman şalvarının sol yan cibindən 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,325 qram, 1,256 qram və 1,048 qram olmaqla, ümumi təmiz çəkisi 3,629 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə yeni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsində yaşadığı evin yaxılığında olduğu zaman qarşısında bir avtomobil dayanmış, həmin avtomobilin içərisində əyləşmiş Suraxanı rayon Polis İdarəsinin X2 rəisi Anar müəllim ona demişdir ki, “sənin malın məndədir, gəl əyləş maşına”. Anar müəllim onun avtomobilə əyləşmək istəmədiyini görüb onu zorla avtomobilə əyləşdirmək istəmişlər. O da özünü yerə atmışdır ki, onu polis idarəsinə aparmasınlar. Polis əməkdaşları onun qarnına təpiklə zərbə vurmuşlar. Bu vaxt tanımadığı şəxs polis əməkdaşlarının onu zorla avtomobilə əyləşdirmələrini videoya çəkib həyat yoldaşına göndərmişdir. Polis əməkdaşları onu zorla avtomobilə əyləşdirib Suraxanı rayon 31-ci Polis Bölməsinə gətirmişlər. Onlar bölməyə gəlməzdən əvvəl yolda “Dovşan” adı ilə tanınan bir qadını zorla avtomobilə əyləşdirib bölməyə gətirmişlər. Bölmədə olarkən polis əməkdaşları ona işgəncə verdikləri üçün sənədləri imzalamışdır. Anar müəllim gödəkcəsinin yan cibindən sellofana bükülmüş malı çıxardaraq ona göstərib demişdir ki, “3 çet heroini boynuna almasan, 100 qram heroin ilə ittiham olunacaqsan”. O da məcbur olub 3 çet heroinin ona məxsus olduğunu bildirərək oxumadan sənədlərə imza etmişdir. Polis əməkdaşları ona demişlər ki, “3 bükümü götürsən, işin daha yüngül olacaq”. O, tutulanda yanında müdafiəçi olsa da, müdafiəçi baş verən hadisələrə heç bir reaksiya verməmişdir. O, latın əlifbası ilə yox, kiril əlifbası ilə oxuya bilir. Ona polis bölməsində işgəncə verdikləri üçün ibtidai istinaqı zamanı ittihamı qəbul etmişdir. Narkotik vasitələrdən istifadə etsə də, saxlanılan zaman üzərində narkotik vasitə olmamış, narkotik vasitə istifadəçisidir. O, dəmir yığaraq, zibil daşıyaraq pul qazanır və həmin pulları narkotik vasitə əldə etmək üçün xərcləmişdir, evlidir, 2 övladı var. Onu 5 nəfər polis əməkdaşı tutmuşdur. Onu polis bölməsinə apararkən yolda bir qadını da saxlayıb avtomobilə əyləşdirmişlər, avtomobildə yer olmadığı üçün polis əməkdaşlarından biri polis bölməsinə piyada getmişdir. Saxlanıldıqdan 3 gün sonra prokuror müavini onu qəbul etmiş və həbs edilməyəcəyini bildirmişdir. Onu yaşadığı evin yaxınlığında saxlamışlar, saxlanılan zaman üzərində qanunsuz əşya olmamışdır. Heroindən istifadə edirdi və gündəlik olaraq 1 çet alırdı. 1 çet heroini 5 manata alırdı. Heç vaxt 2-3 qram heroin almamış, çünki maddi imkanı olmamışdır. Onu Anar müəllim asılqan ilə döymüşdür. “Dovşan” adı ilə tanınan bir qadını avtomobilə əyləşdirmişlər, həmin şəxs polis əməkdaşlarından narkotik vasitə istəmiş, əvəzində isə sənədlərə imza edəcəyini bildirmişdir. Saxlanılan qadın milliyətcə tatar idi. Saxlanılan zaman çəkilmiş videogörüntülərlə bağlı prokurorluq tərəfindən izahatı alınmamışdır. Onu tutulduqdan 3 gün sonra prokurorluğa gətirmiş və oradan da azad etmişlər. Onu məcburi şəkildə avtomobilə əyləşdirmişlər, bu hal videogörüntülərdə əks olunmuşdur. Avtomobilə könüllü şəkildə əyləşmədiyi üçün ona küçədə zor tətbiq etmişlər. Saxlanılan zaman Şahid1 orada olmamışdır. Anar müəllim onun qarın nahiyəsinə zərbə vurmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 31-ci PB-nə Adil adlı şəxsin Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Adil adlı şəxsin xx xxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən edib bu barədə PB-nin rəisinə məruzə etmişlər. PB-nin rəisinin əmri ilə onun rəhbərliyi ilə Suraxanı RPİ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edərək Şahid2lə birlikdə Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat tədbirlərinin icrasına başlamışlar. 16 noyabr 2022-ci il tarixdə saat 13:00-da Təqsirləndirilən şəxs Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi 12 nömrəli evin yaxınlığında olduğunu müəyyən edib orada ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmasını bildirib Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların polis əməkdaşı olduqlarını bilən kimi yerə uzanıb polis bölməsinə getməkdən imtina etmişdir. Onlar da Təqsirləndirilən şəxs ayağa qalxıb avtomobilə əyləşməsini təklif etsələr də, o, uzandığı yerdən qalxmaq istəməmişdir. Həmin vaxt Suraxanı RPİ-nin X2 rəisi Anar müəllim yanlarına gəlmişdir. Bundan sonra o, Anar müəllimə məruzə edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olaraq saxlanıldığını, lakin onun polis bölməsinə getmək istəmədiyini, ona görə də yerə uzandığını bildirmişdir. Anar müəllim Təqsirləndirilən şəxs ayağa qalxıb avtomobilə əyləşməsini bildirmiş, lakin Təqsirləndirilən şəxs yenə də ayağa qalxmaq istəməmişdir. Buna görə onlar onu uzandığı yerdən qaldırıb polis bölməsinə gətirmişlər. PB-nin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunaraq hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunaraq üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının cibindən 3 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim etmiş, təqdim etdiyi 3 ədəd bükümün arasında narkotik vasitə heroin olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən özünün təqdim etdiyi 3 ədəd içərisində narkotik vasitə heroinə oxşar kütlə olan şəffaf sellofan kəsiyindən başqa heç bir əşya, vasitə və ya predmət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, PB-nə gətirilən zaman və PB-də olduğu zaman ona qarşı hər heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılması üçün yaradılmış əməliyyat qrupuna o və Həbib daxil edilmiş, Suraxanı RPİ-nin X2 rəisi Anar müəllim ərazidə xidmət apararkən onları görüb yaxınlaşmışdır. Təqsirləndirilən şəxs Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs polis bölməsinə getmək istəmədiyi üçün yerə uzanmışdır. Suraxanı RPİ-nin NMB-nin rəisini kömək üçün dəvət etməmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir psixi və fiziki təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər polis bölməsinə dəvət edilib-edilməməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan gün hava yağışlı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi axtarış zamanı təqdim etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı narkotik vasitəni hansı cibindən çıxarıb təqdim etdiyini, şəxsi axtarış zamanı müdafiəçinin iştirak edib-etməməsini xatırlamır. Təqsirləndirilən şəxs narkotik vasitənin haradan əldə etməsi ilə bağlı verdiyi izahatı xatırlamır. Əməliyyat qrupunun rəhbəri o, qrupun üzvü isə Şahid2 təyin edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara tabe olmamış, lakin Suraxanı RPİ-nin NMB-nin rəisini onlar dəvət etməmişdir. Təqsirləndirilən şəxs bölməyə gətirilən zaman tabesizlik göstərməsi barədə əməliyyat-axtarış tədbirlərinin nəticəsi ilə əlaqədar tərtib etdiyi raportda qeyd etmişdir. Təqsirləndirilən şəxs tabesizlik göstərməsi ilə bağlı əlavə protokol tərtib edilməmişdir. Ola bilsin ki, Təqsirləndirilən şəxs bölməyə gətirilən zaman tabesizlik göstərməsini ifadəsində qeyd etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman özünü yerə çırpmaq istəmişdir. Cinayət işinin materiallarında olan disk Təqsirləndirilən şəxs tabesizlik göstərməsini özündə əks etdirir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 16 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi ilə hərəkətdə olduğu zaman Suraxanı RPİ-nin X2 əməliyyat müvəkkili Şahid2 və Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid1 orada olduqlarını, bir nəfərin də yerdə uzandığını görüb nə hadisə baş verməsini öyrənib polis əməkdaşlarına kömək məqsədi ilə oraya yaxınlaşmışdır. Şahid1 də ona məruzə edib yerdə uzanan şəxsin xx xxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu, Suraxanı RPİ-nin 31-ci PB-nə daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğundan saxlayıb polis bölməsinə dəvət etdikdə getməkdən imtina edərək yerə uzandığını bildirmişdir. Bundan sonra o da Təqsirləndirilən şəxs polis əməkdaşlarının tələblərinin qanuni olduğunu izah edib polisin qanuni tələblərinə əməl etməsini bildirib uzandığı yerdən qalxmaq istəmədiyi üçün onunla profilaktik söhbət aparıb bölməyə dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs uzandığı yerdən qalxaraq xidməti avtomobilə əyləşib polis bölməsinə getmişdir. Suraxanı RPİ-nin 31-ci PB-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən 3 büküm narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni üzərində şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. O, hadisə yerinə yaxınlaşdıqda 2 nəfər polis əməkdaşı orada olmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs zor tətbiq etmək istəmədiklərindən onunla ancaq söhbət aparmışlar. O, ərazi üzrə rəhbər vəzifədə çalışdığından sakinlərin çoxu onu tanıyır və buna görə də Təqsirləndirilən şəxsla söhbət apardıqdan sonra o, yerdən qalxıb avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs idman şalvarının cibindən narkotik vasitə aşkar edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 16 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki tünd göy rəngli, kənarlarında 3 xətli ağ zolaqları olan idman şalvarının sol yan cibindən 3 ədəd şəffaf sellofana bükülmüş bükümləri, əynindəki gödəkcəsinin sol yan cibindən “Kgtel” markalı mobil telefonu çıxarıb təqdim etmiş, təqdim etdiyi 3 ədəd şəffaf sellofan kəsiyi bükümlərinin içərisində narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 15 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqə 33-34). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/6607 saylı 17 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-in arayışlar üçün N 195” dairəvi möhür əksi, “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxsd Nadir...” sözləri və imzalar olan 1 ədəd zərfin içərisində 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,325 qram, 1,256 qram və 1,048 qram, ümumi təmiz çəkisi 3,629 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərini və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 3,629 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq 3,479 qram, cild 1, iş vərəqə 39-41). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir və ona təklif olunur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya digər əşyalar varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli, kənarlarında 3 xətli ağ zolaqları olan idman şalvarının sol yan cibindən 3 ədəd şəffaf sellofana bükülmüş bükümləri, əynindəki gödəkcəsinin sol yan cibindən “Kgtel” markalı mobil telefonu çıxarıb təqdim edir, 3 ədəd şəffaf sellofan kəsiyi bükümlərinin içərisində narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 15 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir (cild 1, iş vərəqə 98-99). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 16 mart 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsində saxlanılır, lakin o, polis bölməsinə getməkdən imtina edərək yerə uzanır və polisin tələblərinə əməl etməkdən imtina edir. Videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilmir, polis əməkdaşları ondan uzandığı yerdən qalxaraq polis əməkdaşlarının xidməti avtomobilinə əyləşməsini tələb edirlər (cild 1, iş vərəqə 123). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 9.12.2022-ci il tarixli 7495 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 103-104). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 3,479 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 127-133). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 92). Cinayət işinin materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Suraxanı rayon prokurorluğunun 5 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları tərəfindən döyülməsinə dair göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və toplanmış materialda hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət və ya xəsarət izi olmamış, ekspertiza müayinəsindən keçməkdən imtina etmiş, həmçinin araşdırma zamanı polis əməkdaşları da izahatlarında Təqsirləndirilən şəxs döyülmədiyini və ya ona hər hansı işgəncə tətbiq edilmədiyini göstərmişlər (cild 2). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 25 iyul 2023-cü il tarixli 1(010)-528/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 2). Cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 27 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsi çəkilməmişdir (cild 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Məhkəmə həmin normaların tələblərini nəzərə alıb hesab edir ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə əsasən ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 28). Cinayət işinin materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 83-84). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin tutulduğu müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdən 18 noyabr 2022-ci il tarixə kimi tutulduğu 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 9 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 3,479 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdən 18 noyabr 2022-ci il tarixə kimi tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 9 oktyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 3,479 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar