Məhkəmə qərarları › İş №1(101)-1150/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1150/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1150/2023 17.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlunun sədrliyi, Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Ümid Məhərrəm oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və ittiham aktına əsasən Təqsirləndirilən şəxs iştirakı ilə, iş materiallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmçinin məhkəmənin hazırlıq iclası zamanı ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri sübutların siyahısı barədə, məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə məsələlər həll edilir (Cinayət-Prosessual Məcəlləsinin 299.4.2 və 299.4.3-cü maddələri). Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinin məzmunundan göründüyü kimi, məhkəmənin hazırlıq iclasının mahiyyəti ondan ibarətdir ki, məhkəmə iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətlər etmədən və məhkəməyə verilmiş şəxsin təqsirlilik məsələsini həll etmədən, bu məsələlərin məhkəmə iclasında həll edilməsi üçün faktiki halların kifayət edib-etməməsi və məhkəmə baxışının təyin edilməsinin mümkün olubolmaması ilə bağlı tərəflərin fikrini öyrənərək müəyyən nəticəyə gəlir. Məhkəmənin hazırlıq iclasının əhəmiyyəti ondan ibarət olur ki, məhz bu mərhələ faktiki halları tam şəkildə tədqiq edilməmiş işlərin, eləcə də prosessual qanunun kobud pozulmasına yol verilmiş işlərin məhkəmə baxışına verilməsinin qarşısının alınmasına təminat yaradır. Başqa sözlə, məhkəmənin hazırlıq iclası məhkəmə baxışı üçün zəruri şəraitin yaradılmasını, məhkəmə iclasının uğurla həyata keçirilməsini təmin edir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il tarixli 14 sentyabr tarixli qərarı) Məhkəmənin hazırlıq iclasında müdafiəçi yazılı vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, cinayət işinin materialları onun tərəfindən məhkəmə hazırlıq iclasından əvvəl öyrənilərkən bir sıra kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yol verilmiş kobud qanun pozuntularının aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Müdafiəçi vəsatətini onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarına təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən mötəbər sənədin əslinin və ya surətinin əlavə edilməməsi aradan qaldırılması mümkün olmayan kobud pozuntudur və bu hal yalnız əlavə ibtidai istintaq zamanı aradan qaldırıla bilər. CPM-in 289.2.3-cü maddəsinə əsasən ittiham aktında barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) göstərilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Şabanov X12 dövlətinin vətəndaşı olmaqla sonuncu dəfə 2015-ci il ildə qanuni olaraq pasportla Gürcüstan-Azərbaycan Respublikası sərhədini keçərək Azərbaycan Respublikasına gəldiyini, sonradan başqa cinayət əməllərinə görə həbs olunduğundan pasportu istintaq orqanı tərəfindən götürüldüyünü və hazırda şəxsiyyətini təsdiq edən hər hansı sənədinin mövcud olmadığını bildirmişdir. Müdafiəçi vəsatətində həmçinin göstərmişdir ki, iş materiallarında 22 sentyabr 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərarın qanuniliyinin məhkəmə tərəfindən yoxlanılmasına dair hər hansı qərar yoxdur və “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı çəkilmiş videoyazının olduğu disk iş materiallarına əlavə edilməmişdir. Həmin hallar isə bütövlükdə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən, Müdafiəçi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, habelə, Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X5 barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Dövlət ittihamçısı müdafiəçinin vəsatətində göstərilən halların məhkəmənin hazırlıq iclası zamanı aradan qaldırıldığını, yəni 22 sentyabr 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərarın qanuniliyinin məhkəmə tərəfindən yoxlanılmasına dair müvafiq qərarın və “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı çəkilmiş videoyazının olduğu diskin, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən Gürcüstan dövlətinin pasportunun surətinin onun tərəfindən istintaq orqanından əldə edilib məhkəməyə təqdim edildiyini bildirərək cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə cinayət prosesi tərəflərini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, müdafiəçinin vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289 və 290.3.2ci maddələrinin tələblərinə uyğun olmaması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları birbirindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş bu təməl qayda, həmçinin Konstitusiyanın 133-cü maddəsinin İ hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prokurorluğunun səlahiyyətlərinin mahiyyətindən irəli gəlir. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır və məhkəmə qərarlarından protest verir. (“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 177 və 178-ci maddələrinin AR Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi baxımından və AR CPM-in 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il). Eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, “İlqar Məmmədov Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi bir daha vurğulaşmışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcüd olan şübhə təqsirləndirilən şəxs vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, & 92, 6 noyabr 2017) Cinayət işinin materialları CPM-in 298.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən hazırlıq iclasından əvvəl öyrənilərkən məlum olmuşdur ki, 1 (bir) cilddən ibarət olan cinayət işinin materiallarına təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən mötəbər sənəd əlavə edilməmişdir. Halbuki, AR CPM-in 155.6-cı maddəsinin tələbinə görə “təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə bu Məcəllənin 155.5-ci maddəsində nəzərdə tutulmuş halda, cinayət təqibi üzrə materiallara şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir.” Göründüyü kimi, qanunverici orqan təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun şəxsiyyətini təsdiq edən sənədin (həbs, ev dustaqlığı və girov seçildikdə) və ya həmin sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surətinin materiallara əlavə edilməsini müəyyən etmişdir. Hazırkı cinayət işinə isə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən mötəbər sənədin nəinki əsli, hətta təsdiq edilmiş surəti belə əlavə edilməmişdir. Təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin və ya onun təsdiq olunmuş surətinin cinayət işinin materiallarına əlavə edilməməsi məhkəmə tərəfindən cinayət işi üzrə istinad edilən cinayət əməlinin törədilməsində ittiham olunan şəxsin kimliyinin müəyyən edilməsini istisna etmiş, təqsirləndirilən şəxsin şəxsiyyətinin eyniləşdirilməsini mümkünsüz etmişdir. İş materiallarında olan müvəqqəti şəxsiyyət vəsiqəsi adlanan AR DİN-in Suraxanı RPİ-nin 30-cu PŞ-nin dairəvi möhürü ilə təsdiqlənmiş və üzərində fotoşəkil yapışdırılmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1993-cü il tarixdə Gürcüstanda doğulmuş, həmin sənəd xx.xx.2022-ci il tarixdə verilmiş və xx.xx.2022-ci il tarixədək etibarlıdır və Azərbaycan Respublikasında vətəndaşın şəxsiyyətini təsdiq edən müvəqqəti sənəddir. Lakin qeyd edilən müvəqqəti şəxsiyyət vəsiqəsində həmin vəsiqəni təsdiq edən səlahiyyətli şəxsin kim olması göstərilməmişdir. Başqa sözlə, həmin vəsiqənin hansı səlahiyyətli şəxs tərəfindən və hansı əsasla verilməsi öz əksini tapmamışdır. Bu da xx.xx.2022-ci il tarixli müvəqqəti şəxsiyyət vəsiqəsinin həqiqiliyinə dair məhkəmədə ciddi şübhələr yaratmışdır. (i.v. səh.10) Göründüyü kimi qeyd edilən sənəd yalnız Azərbaycan Respublikası vətəndaşına verilə bilən şəxsiyyəti təsdiq edən müvəqqəti sənəd olmaqla onun xarici ölkə vətəndaşına və ya vətəndaşlığı olmayan şəxsə verilə bilməsi mümkün deyildir. Hətta buna baxmayaraq, qeyd edilən sənədin etibarlılıq müddəti də bitmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş və təqsirləndirilən şəxsin şəxsiyyətinə dair sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə həmçinin həmin halı nəzərə almaqla təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina etmişdir. (i.v. səh.92-94) İş materiallarında olan rus dilindən tərcümə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs xx.xx.1993-cü ildə Gürcüstanın Bolnisi rayonunun Darbaz kəndində doğulmuş, atası X20, anası X4r. (i.v. səh.130-131) İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciətdən görünür ki, X2 vətəndaşı olan xx.xx.1993-cü il təvəllüdlü SHABANOV POLAD-ın ona görə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq icazəsi alınmasına (uzadılmasına) etiraz etməməsi barədə ərizə ilə müraciət etmişdir (i.v. səh.133). Qeyd edilən müraciətin nəticəsi barədə iş materiallarında hər hansı sənəd müəyyən edilməmişdir. İş materiallarında olan Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 1(005)12/2018 saylı 12 iyun 2018-ci il tarixli hökmün giriş və nəticə hissəsində göstərilmişdir ki, 08 yanvar 1993-cü ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs adlı şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, iş materiallarında ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən mötəbər sənəd və ya onun təsdiq edilmiş surəti əlavə edilməməklə yanaşı, Təqsirləndirilən şəxs adlı şəxsin əvvəllər məhkum olunmasına dair hökmdə və digər sənədlərdə 08 yanvar 1993-cü ildə doğulduğu qeyd edilsə də, yuxarıda qeyd edilən doğum haqqında şəhadətnamədən həmin şəxsin 03 yanvar 1993-cü ildə doğulması müəyyən edilir. (i.v. səh.134-147) Həmçinin 17 may 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı tərəfindən ibtidai istintaq orqanından əldə edilərək məhkəməyə təqdim edilmiş 10CC54772 nömrəli Gürcüstana məxsus pasportun bir səhifəsinin surətindən görünür ki, SHABANOV POLAD adlı şəxs Gürcüstanın Bolnisi rayonunda 03 yanvar 1993-cü ildə doğulmuşdur. Həmin pasport 17 avqust 2012-ci il tarixdə verilməklə 17 avqust 2022-ci il tarixədək etibarlı olmuş, hazırda etibarlılıq müddəti bitmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 21 mart 2023-cü il tarixli qərardan və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs adlı şəxsə ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində ittiham aktı təsdiq edilməklə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə göstərilən sənədləri ayrı-ayrılıqda və məcmu halda təhlil edib, həmin sənədləri bir-biri ilə müqayisə edib belə nəticəyə gəlir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin soyadı, adı, ata adı, doğulduğu tarix və yer, habelə vətəndaşlıqla bağlı mənsubiyyəti və sair hallarla bağlı məsələlər qeyrimüəyyənlik təşkil edir və cinayət işinə hazırki vəziyyətdə baxılması obyektiv olaraq mümkün deyil. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən barəsində cinayət təqibi aparılan şəxsin Təqsirləndirilən şəxs, yoxsa SHABANOV POLAD olması və onun şəxsiyyəti ilə bağlı digər mühüm hallar aydınlaşdırılmamış və həmin halların məhkəmə tərəfindən hazırki mərhələdə müəyyən edilməsi mümkün deyildir. Eyni zamanda, yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə, habelə AR CPM-in tələbinə görə məhkəmənin hər hansı başqa şəxsə ittiham irəli sürmək səlahiyyəti olmadığından (Təqsirləndirilən şəxs adlı şəxsin yerinə SHABANOV POLAD-a) cinayət işinə belə vəziyyətdə məhkəmədə baxılması səhv nəticəyə gətirib çıxara bilər, bu isə təqsirləndirilən şəxsin müdafiə hüququnun ciddi şəkildə pozulmasına səbəb olacaq. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətinin aydınlaşdırılmaması aradan qaldırılması mümkün olmayan kobud pozuntudur və bu hal yalnız əlavə ibtidai istintaq zamanı aradan qaldırıla bilər. Dövlət ittihamçısı tərəfindən ibtidai istintaq orqanından əldə edilməklə məhkəməyə təqdim edilmiş pasportun bir səhifəsinin surətindən isə həmin sənədin etibarlılıq müddətinin bitməsi, istintaq orqanı tərəfindən ittiham verilməklə haqqında ittiham aktı tərtib edilməklə təsdiq edilərək məhkəməyə göndərilmiş şəxslə, dövlət itihamçısı tərəfindən məhkəməyə təqdim edilmiş sənədin surətindəki şəxsin eyni şəxs, yəni Təqsirləndirilən şəxs, yoxsa SHABANOV POLAD olması aydın deyildir. Halbuki, CPM-in 289.2.3-cü maddəsinə əsasən ittiham aktında barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) göstərilir. Hazırkı cinayət işində isə ittihamın kimin barəsində irəli sürüldüyü, iş üzrə kimin təqsirləndirilən şəxs qismində cəlb olunduğu, kimin barəsində qətimkan tədbiri seçildiyi və digər bu kimi cinayət işinin mühüm elementini təşkil edən hallar məlum deyil. Bundan başqa, cinayət işinə əlavə edilmiş Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 1(005)12/2018 saylı 12 iyun 2018-ci il tarixli hökmünə əsasən 08 yanvar 1993-cü ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs adlı şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmış, 03 may 2021-ci il tarixdə cəzaçəkmə müddəti qurtardığına görə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Məhkəmə hesab edir ki, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqdan sonra davam edəcək ibtidai araşdırma zamanı hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin Təqsirləndirilən şəxs adlı şəxs deyil, SHABANOV POLAD olması müəyyən edilərsə, o zaman yuxarıda qeyd edilən hökm ilə bağlı olan məsələyə də qanunla müəyyən edilmiş qaydada hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən cinayət işinə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi mümkün deyil. Cinayət işinə belə vəziyyətdə məhkəmədə baxılması səhv nəticəyə gətirib çıxara bilər, bu isə bir tərəfdən təqsirləndirilən şəxsin müdafiə hüququnun ciddi şəkildə pozulmasına, digər tərəfdən isə çıxarılacaq məhkəmə hökmünün qanunsuz olmasına gətirib çıxaracaq. Eyni zamanda, məhkəmə hesab edir ki, iş materiallarında Azərbaycan Respublikasının CPM-in normalarının digər kobud pozulması hallarına da yol verilmişdir. Belə ki, iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda həmin prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin aparıldığı və video çəkilişin əks olunduğu məlumat daşıyıcısı 1(bir) ədəd DVD diskin protokola əlavə ediləcəyi göstərilmişdir. (i.v. səh.39-40) Həmçinin “Toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 21 mart 2023-cü il tarixli qərarın nəticə hissəsinin 8-ci bəndində qeyd edilən DVD diskin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınması və cinayət işində saxlanılması göstərilmişdir. (i.v. səh.148-157) Lakin qeyd edilən disk iş materiallarına əlavə edilməmişdir. Həmin disk yalnız 17 may 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı tərəfindən istintaq orqanından əldə edilərək məhkəməyə təqdim edilmişdir. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən 22 sentyabr 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. (i.v. səh.4-9). Qeyd edilən qərarın AR CPM-in 445.2-ci maddəsinin tələblərinə uyğun olaraq yoxlanılması üçün Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə göndərilməsi barədə işdə məktub (i.v. səh.14) olsa da, müvafiq qərar iş materiallarında müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 137-ci maddəsinin tələbinə görə əməliyyataxtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Qeyd edilən qərar yalnız 17 may 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı tərəfindən istintaq orqanından əldə edilərək məhkəməyə təqdim edilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X21 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 23 sentyabr 2022-ci il tarixli qərarın təsviri hissəsində X8 üzərindən 2 (iki) bükümdə 4,277 qram narkotik vasitə heroin aşkar edilməsi göstərilmiş, nəticə hissəsində isə Təqsirləndirilən şəxs barəsində AR CM-in 234.1-ci maddəsi ilə cinayət işinin başlanılıb icraata qəbul edilməsi göstərilmişdir. (i.v. səh.1) İş materiallarında olan Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X21 tərəfindən qəbul edilmiş “Tərcüməçi dəvət etmək haqqında” 22 sentyabr 2022-ci il tarixli qərarın təsviri hissəsində göstərilmişdir ki, “Təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, izahatı alınan Təqsirləndirilən şəxs latın qrafikası ilə yazıb oxuyabilmir. Ona görə də təhqiqat prosesində tərcüməçi qismində iştirak etmək üçün prosesdə şəxsi marağı olmayan, latın əlifbasını sərbəst bilən X11 öz razılığı ilə cəlb edilməlidir.” Ümumiyyətlə həmin qərar AR CPM-in normalarının kobud pozulması ilə tərtib edilmişdir. Belə ki, qərarda C.T.Bədəlovun tərcüməçi kimi təyin edilməsi qeyd edilsə də, mütəxəssisə aid CPM-in 96-cı maddəsində olan normalarına istinad edilmiş və mütəxəssisə bilə-bilə yanlış tərcüməyə görə AR CM-in 297-ci maddəsi ilə cinayət məsuliyyəti barədə xəbərdalıq edilmişdir. (i.v. səh.15-18) İş materiallarında olan izahatın məzmunundan görünür ki, həmin izahat Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan və üzərində şəxsi axtarış və götürmə aparılmasından sonra alınmışdır. (i.v.səh.41-42) Halbuki “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda artıq tərcüməçi kimi C.T.Bədəlovun iştirak etməsi və imzalaması qeyd edilmişdir. Başqa sözlə, şəxsin izahatı alınarkən yazıb-oxuya bilməməsini bildirməsi barədə “Tərcüməçi dəvət etmək haqqında” 22 sentyabr 2022-ci il tarixli qərarda göstərilməsi, həmin tərcüməçi və ya mütəxəssis barədə qərarın Təqsirləndirilən şəxs izahat alındıqdan sonra qəbul edilməsi qənaətinə gəlməyə haqlı şübhə yaradır. Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs adından kompüterdə tərtib olunmaqla çap edilmiş ərizədən görünür ki, sonuncu gələcəkdə cinayət prosesi zamanı hüquqlarının keyfiyyətli müdafiə oluna bilinməsi məqsədi ilə üzərində şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçi X10 iştirakını məqsədə müvafiq hesab etməyərək üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə keçirilməsini xahiş etmişdir. Həmin ərizənin 22 sentyabr 2022-ci il tarixdə qeydə alınması barədə müvafiq sənədləşmələr aparılsa da, həmin ərizənin aşağı sol küncündə “xx.xx.2022-ci il” tarixi qeyd edilmişdir. Qeyd edilən ərizə müdafiəçi X18 və Təqsirləndirilən şəxs və tərcüməçi Camal Bədəlov tərəfindən imzalanmışdır. (i.v. səh.38) Latın qrafikası ilə yazıb-oxuya bilməyən şəxsin üzərində müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə keçirilməsinin onun hüquqlarının keyfiyyətli müdafiə oluna bilməsini necə təmin edə bilməsi isə aydın deyildir. Cinayət işi istintaq aidiyyəti üzrə göndərildikdən sonra isə Təqsirləndirilən şəxs adından əlyazma ilə tərtib olunmuş ərizənin məzmununda göstərilmişdir ki, sonuncu latın qrafikası ilə yazıb-oxuya bilir, lakin gürcü dilində yazıb-oxuya bilmir. Bu səbəbdən mütəxəssis və ya tərcüməçiyə ehtiyacı yoxdur. Halbuki istintaq orqanı əvvəl (cəmi bir neçə saat) latın qrafikası ilə yazıb-oxuya bilməyən kimi qeyd olunmuş şəxsin, sonradan latın qrafikası ilə yazıb-oxuya bilməsi barədə ərizə təqdim etməsi halına qiymət verməmişdir. Tərcüməçi və ya mütəxəssis olması aydın olmayan X1 da hansı statusda olması aydınlaşdırılmamış, onun cinayət prosessində iştirakına xitam verilməsinə dair işdə hər hansı qərar qəbul edilməməsinə və 23 sentyabr 2022-ci il tarixli “Şübhəli şəxs qismində dindirmə” protokolunda C.T.Bədəlovun iştirakının qeyd olunmasına baxmayaraq, sonuncu həmin protokolu imzalamamışdır. Halbuki, 24 oktyabr 2022-ci il tarixdə iş üzrə icraat dayandırılana qədər Təqsirləndirilən şəxs ilə bağlı bir sıra istintaq və prosessual hərəkətlərdə C.T.Bədəlovun tərcüməçi qismində iştirak etməsi və həmin sənədləri imzalaması müəyyən olunsa da, 22 fevral 2022-ci il tarixdə icraat təzələndikdən sonra C.T.Bədəlovun hər hansı istintaq hərəkəti və ya prosessual hərəkətdə iştirakı müəyyən olunmamışdır. Bundan başqa, iş materiallarında olan “Etiraz edilə bilən şəxslər barədə məlumatların təqsirləndirilən şəxsə bildirilməsi haqqında” 24 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, X9 tərcüməçi və ya mütəxəssis qismində etiraz etmə hüququ izah edilməmiş və onun statusu aydınlaşdırılmamış qalmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CPMin sübutların əldə edilməsinə dair normaları kobud və aradan qaldırıla bilməyən formada pozulmuşdur. Qeyd edilən hallar isə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasıdır. Bundan başqa, Azərbaycan Respublikasının CPM-in cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunmasına dair 48-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və qurtarmalıdır ki: - sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun; - şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər. Cinayət prosesini həyata keçirən orqan hər bir halda aşağıdakıları təmin etməlidir ki: - haqqında həbs, ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs qətimkan tədbiri seçildikdən sonra bu Məcəllənin 158 və 159-cu maddələrində nəzərdə tutulmuş müddətlər keçənədək ittihamın əsaslılığının müəyyən olunması üçün məhkəmə qarşısında dayana bilsin; - hər hansı cinayət işi başlandığı andan bu Məcəllənin 218-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ittiham aktı ilə məhkəməyə göndərilsin və ya cinayət təqibinə xitam verilsin; - məhkəməyə daxil olmuş hər hansı cinayət işinə, habelə çıxarılmış hökm və məhkəmənin digər qərarlarına dair şikayət və protestlərə bu Məcəllənin 298.2, 301.4, 391.1, 419.3, 426.2 və 427.1-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə baxılmağa başlansın. İş materiallarında olan müstəntiq Habil Hüseynov tərəfindən qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs ağır xəstəliyə tutulduğu və müalicə olunduğu üçün, habelə müalicəsi tam bitdikdən sonra könüllü olaraq istintaqa gələcəyini bildirdiyi üçün AR CPM-in 53.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs sağalanadək icraat dayandırılmışdır. Halbuki, AR CPM-in 53.3.4-cü maddəsinin tələbinə görə stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi olduqda cinayət təqibi üzrə icraat dayandırıla bilər. Lakin iş materiallarında nəinki belə bir rəy, hətta Təqsirləndirilən şəxs hansı xəstəlikdən əziyyət çəkməsi barədə sənəd belə əlavə edilməmişdir. Nəticədə cinayət təqibi üzrə icraat yalnız 22 fevral 2023-cü il tarixdə, yəni təxminən 4 (dörd) aydan sonra təzələnərək istintaq davam etdirilmişdir. Qeyd edilənlər cinayət təqibinin tezliyinin təmin olunmamasına və bütövlükdə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, müdafiəçinin vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3-cü hissəsinin 1-ci bəndinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və 6-cı bəndinə görə isə cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi müəyyən edilmişdir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, müdafiəçinin vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X7 barəsində xüsusi qərar çıxarılmalı və təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarında olan hesabatdan görünür ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə təyinatla Bakı şəhəri 32 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Məhkəməyə təqdim olunmuş arayış hesabatdan görünür ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar işlə tanış olmaq, vəsatət hazırlamaq və məhkəmə hazırlıq iclasında iştirak etmək üçün cəmi 34 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 204 (iki yüz dörd) manat pul Bakı şəhər 32 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193, 298-300, 303.3.1, 303.3.6, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Müdafiəçinin vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozulmasına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X7 barəsində xüsusi qərar çıxarılsın. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi dövlət büdcəsinin hesabından 204 manat məbləğində pul Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar