Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1150/2024 06.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:05 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 nümayəndəsi - Abşeron rayon Vəkil Bürosunun vəkili X4, müdafiəçi - “Prospekt” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxx 1965-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işlədiyi müddət ərzində öz qulluq mövqeyindən istifadə edərək özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə 30 avqust 2014-cü il tarixdə faktiki olaraq Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən torpaq sahəsinə dair heç bir hüquq və sərəncam vermək barədə, habelə həmin torpaq sahəsində hündürmərtəbəli yaşayış binasını inşa etdirməsi haqqında heç bir sənədi olmadığı halda Zərərçəkmiş şəxs1 guya Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində hündürmərtəbəli yaşayış binası tikdirəcəyi və həmin binadan ona mənzil satacağı ilə bağlı yalandan vəd verərək ondan vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla ilk dəfə 30 avqust 2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Kaktus» restoranının qarşısında 30000 manat, ikinci dəfə 08 dekabr 2014-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəailiyyət göstərən Kooperasiya Universitetinin yaxınlığında yerləşən işlədiyi ofisdə Zərərçəkmiş şəxs1 inandırmaq üçün ümumiyyətlə mövcud olmayan binanın 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,2 kv metr olan 2 otaqlı mənzili sonuncunun övladı Şahid3 guya satması ilə bağlı alqı-satqı müqaviləsi bağlamış,həmçinin Zərərçəkmiş şəxs1 inandırmaq üçün ona həmin mənzilin satılması və mənzilin dəyərindən 59000 manat pulun ödənilməsi ilə bağlı maliyyə arayışı təqdim edərək əlavə olaraq 29000 manat, sonuncu dəfə isə cinayətdən xəbəri olmayan Şahid4 vasitəsilə 20 avqust 2015-ci ildə Bakı şəhəri, Yasamal rayonu ərazisində 6000 manat olmaqla ümumilikdə 65000 manat pul alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə 2022-ci ilin iyun ayında İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs2 (Zərərçəkmiş şəxs2) məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsində yerləşən torpaq sahəsini sənədləşdirəcəyi adı ilə yalandan vəd verib aldatmaqla 26000 manat pulunu ünvan 2 ünvanın yaxınlığında alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 (Zərərçəkmiş şəxs2) 26000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, 2013-2014-cü illərdə Bakı şəhərində yüksək mərtəbəli yaşayış binası tikmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, bununla bağlı da Bakı şəhər İcra Hakimiyyəti və digər dövlət qurumları ilə danışıqları yekunlaşmaq üzrə olmuşdur. Həmin vaxtlarda Kərim adlı tanışı söhbət əsnasında bir nəfər tanışının təxminən 100 kv metr sahəsi olan ev almaq istədiyini, ilkin ödəniş olaraq 30000 manat pul verə biləcəyini, qalanını isə hissə-hissə ödəmək istədiyini bildirmişdir.Təxminən 2014-cü ilin avqust ayında Kərim və Raqufla Yasamal rayonu ərazisində yerləşən “Kaktus” restoranında görüşmüşlər. Onlar Raqufa təxminən 95-100 kv metr sahəsi olan 59000 manat dəyərində mənzil verəcəyi, Raqufun ilkin olaraq ona 30000 manat, qalan pulu isə hissə-hissə ödəyəcəyi barədə razılığa gəlmişlər. Həmin vaxtdan təxminən 2 ay keçdikdən sonra Raquf və oğlu ilə birlikdə Yasamal rayonu ərazisində görüşmüşlər. Söhbət əsnasında Raquf ona binanın tikiləcəyi yeri göstərməyini xahiş etmişdir. O, Raquf və oğluna Yasamal rayonu, “Qələbə dairəsi” adlanan ərazidə beşmərtəbəli evlərin həyətində olan boş sahəni göstərmiş və onlara binanı həmin yerdə tikəcəyini bildirmişdir. Raquf ondan evin sənədlərini istəmiş, o da binanın sənədləşmə işlərini qutardıqdan sonra ona sənəd verəcəyini bildirmişdir. Həmin vaxtdan 10-15 gün keçdikdən sonra Kərim ona zəng vuraraq Raqufun narahat olduğunu bildirmişdir. O da Raqufa maliyyə arayışı və alqı-satqı müqaviləsi verəcəyini Kərimə bildirmişdir. Həmin vaxtdan təxminən bir ay sonra - 2014-cü ilin dekabr ayında Raquf və oğlu Nərimanov rayonu, Kooperasiya Universitetinin arxa hissəsində yerləşən onun işlədiyi ofisə gəlmişlər. Orada mənzili satmağı ilə bağlı alqı-satqı müqaviləsi bağlamış və 59000 manat pulun tam olaraq ödənilməsi ilə bağlı Raqufa maliyyə arayışı vermişdir. Əslində isə Raquf hələ 29000 manatı ona ödəməmişdir. Həmin vaxtı bina ümumiyyətlə tikilməmiş, həmin binanı göstərdiyi yerin də sənədləri olmamışdır. Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsi başqa şəxslərə satılmışdır. Bundan sonra maddi vəziyyəti pisləşdiyi üçün həmin pulu Raqufa qaytara bilməmişdir. Ümumiyyətlə nə bina, nədə ki torpaq üçün sənəd ala bilməmiş, Zərərçəkmiş şəxs1 aldığı pulları isə geri qaytarmamışdır. İttiham aktında onun evin kvadratını 700 manatdan satdığı göstərilmiş, amma faktiki rəqəm 630 manatdan olmuşdur. Bundan başqa 2022-ci ilin iyun ayında tanış olduğu İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs2 ona özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsində yerləşən torpaq sahəsini sənədləşdirmək istədiyini bildirmişdir. O da bu işi həll edəcəyinə söz vermiş və bu iş üçün Zərərçəkmiş şəxs2 26000 manat pul almışdır. Amma onun da işini həll edə bilməmiş və aldığı pulları öz ehtiyaclarına xərcləmişdir. X15 Faridon polisə şikayət etdikdən sonra 2500 manat pulu ona qaytarmışdır. Hazırda Zərərçəkmiş şəxs2 23500 manat pul borcu qalmışdır. Əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, verdiyi arayışla bağlı həmin ərazidə heç bir tikinti aparmamışdır, Raquf ona 30000 manat pul vermiş, 4 ay müddətində etibar edib istəməmişdir. Həmin binanı başqa bir şirkətə vermişlər. Pulu qaytarmamış, əlində olan bütün vəsait digər məqsədlərə xərclənmişdir. Raqufun şikayət etməsini gözləməmiş, ona hətta başqa şirkətdən də mənzil təklif etmişdir. X11 Raqufa borcun əvəzində ev verməyi tapşırmış, ancaq həmin mənzil də alınmamışdır. Zərərçəkmiş şəxs1 ilə aralarında müqavilə olmuş, amma digər zərərçəkmiş şəxslə müqavilə olmamışdır. Zərərçəkmiş şəxs1 vermək istədiyi mənzillə əlaqədar mənzilin smeta sənədləri olmuşdur. Həmin binanın 3 bloklu, 16 mərtəbəli, hər mərtəbədə 4 mənzil olması nəzərdə tutulmuşdur. Təxminən hər blokda 64 mənzil nəzərdə tutulmuş, ümumilikdə 170 mənzil olmalı imiş. Zərərçəkmiş şəxs1 pul alana qədər ona investorlardan pul verən olmamışdır. Zərərçəkmiş şəxs1 qədər tikintinin görünməyən məsələlərinə verilən pulun 150000 manatı onun öz pulu, 100000 isə başqa bir şəxsin olmuşdur. Layihə sənəndləri də mövcud olmuş, layihəçi və Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilmişdir. Ərazinin geodeziyasını da etmişdir. Torpağın Bakı şəhər İcra Hakimiyyətinə ayrılması haqqında akt olmuşdur. O, danışıqları Yasamal bələdiyyəsi ilə aparmamışdır. Yasamal bələdiyyəsindən sənəd verilmişdir ki, həmin ərazi “Caspian Construction” şirkətinə verilməsinə heç bir etiraz yoxdur. Bələdiyyə torpağına Bakı şəhər İcra Hakimiyyəti ayrıca sənəd verməmiş, 2017-ci ildən Şəhərsalma idarəsi həmin sənədi vermişdir. 2017-ci ilə qədər isə sənədi baş memar Akif Abdullayev vermişdir. İkinci epizod ilə bağlı isə bildirmişdir ki, o, Faridon ilə əslində 200000 manatlıq xidmət müqaviləsi bağlamışdır. Dövlət rüsumu təxminən 80000, 110-120 min manat olur. O, hüquqi şəxs kimi deyil, fiziki şəxs kimi həmin müqaviləni bağlamışdır. Həmin torpaq Faridonun öz balansında olmuş, çıxarışı da Faridonun adına olmuşdur. Amma Şəhərsalmadan icazəsi, fövqəladənin və ekspertizanın rəyi olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, hal-hazırda Yevlax şəhərinin İcra Hakimiyyətində baş mühasib işləyir. İsa ilə ilkin danışıqları vaxtı isə Dövlət Sosial Müdafiə Fondunda işləmişdir. 2014-cü ildə oğlu Şahid3 ev almaq qərarına gəlmiş, bunun üçün tanışlarına Bakıdan ev almaq istəməyi barədə məlumat vermişdir. 2014-cü ildə tanışı Şahid4 Bakı şəhərində ev almaq istədiyini bildirmiş, o da bina tikintisi ilə məşğul olan İsa adlı tanışının olduğunu bildirmişdir. 2014-cü ilin avqust ayında Kərimlə birlikdə İsayla görüşüb danışmaq üçün Bakı şəhərinə gəlib Badamdar qəsəbəsində Kərimin bacısının yaşadığı evdə İsa ilə görüşmüşdür. İsa ona Bakı şəhərində yeni tikdirəcəyi binanın layihəsini göstərmiş, qısa müddət ərzində binanı tikməyə başlayacağına və 18 ay müddətində həmin binanı təhvil verəcəyinə inandırmışdır. İsa ona həmin mənzilin binanın 1-ci girişində, 7-ci mərtəbədə yerləşməklə 2 otaqlı olub 92,5 kv metr sahədən ibarət olacağını və hər kvadrat metri ona 700 manata satacağını bildirmişdir. Danışığa əsasən mənzilin ümumi dəyəri 64750 manat olacaqmış, o isə İsaya bina tam hazır olmadığı və binanın tikintisinə başlanılmadığı üçün pulu hissə-hissə verəcəyini bildirmişdir. O, həmin binanın yerləşəcəyi əraziyə baxmadan Kərimi tanıdığı üçün İsaya inanmışdır. Bunun üçün ilk dəfə 2014-cü ilin avqust ayının 30-da Kərimin bacısının evində Şahid1 yanında İsaya 30000 manat pul vermişdir. Həmin pulun verilməsi ilə bağlı heç bir sənədləşmə aparmamışlar. Bundan sonra 2014-cü ilin dekabr ayının təxminən 5-də və ya 6-da İsa ona yenidən zəng vuraraq qalan pulu da ödəməyini xahiş etmişdir. O da 2014-cü ilin dekabr ayının 8-də Bakı şəhərinə getmiş və Korporasiya Universitetinin yaxınlığında yerləşən binada oğlu Cahandarla birlikdə İsanın ofisində sonuncu ilə görüşmüşlər. O, ümumi 64750 manat puldan qalıq qalmış 34750 manat pulun 29000 manatını İsaya vermişdir. İsaya ödədiyi ümumi məbləğ artıq böyük olduğu və ilkin 30000 manat pulu ödədiyi vaxtdan artıq 3 aylıq müddət keçməsinə baxmayaraq binanın tikintisi başlamadığı üçün onda şübhələr yaranmağa başlamışdır. O, İsaya əlavə olaraq 29000 manat da ödədikdən sonra İsadan sənəd tələb etmişdir. Həmin vaxt İsa realda mövcud olmayan binadan həmin mənzili guya ona satması ilə bağlı alqı-satqı müqaviləsi vermiş və 59000 manat pulu ondan alması ilə bağlı maliyyə arayışı təqdim etmişdir. Bundan sonra o, yenidən yaşadığı Yevlax rayonuna qayıtmışdır. Təxminən 6-7 ay sonra 2015-ci ilin yay aylarında İsa yenidən ona zəng vuraraq qalıq qalmış 6000 manat pulu da istəmişdir. O, Bərdə şəhərində yerləşən Dövlət Sosial Müdafiə fondunun inzibati binasının içərisində İsaya verməsi üçün Kərimə 6000 manat pul vermişdir. Təxminən 2 gün sonra o, İsaya zəng vurmuş və göndərdiyi 6000 manat pulun ona çatıb-çatmamasını soruşmuş, İsa da 6000 manat pulu aldığını demişdir. Həmin vaxtdan 3 il keçdikdən sonra yəni 2019-cu ildə o, İsanın heç bir bina tikmədiyini və 18 ay müddətinə tikintisini başa çatdıracağını bildirdiyi binanın heç ümumiyyətlə tikintisinə başlanmadığını görüb artıq aldadıldığını başa düşmüş və bu barədə ərizə ilə polisə müraciət etmişdir. Həmin vaxtdan hal-hazıradək İsa nə ona mənzil vermiş, nə də ki aldığı pulu geri qaytarmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 65000 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs2 (Zərərçəkmiş şəxs2) göstərmişdir ki, 26 ildir ki, Azərbaycan Respublikasında yaşayır. Onun ünvan 3 ünvanında 17 sot boş torpaq sahəsi olmuş, o, həmin torpaq sahəsində tikinti işləri aparmaq istəmiş, lakin tikinti işləri aparmaq üçün icazəsi olmamışdır. Ona görə də Valeh adlı tanışı vasitəsilə X8 ilə tanış olmuş, İsa özünü şəhərsalma və arxitektura idarəsinin əməkdaşı kimi təqdim etmişdir. Bu söhbətlər 2022-ci ilin iyun ayının ilk on günlüyündə baş vermişdir. İsa tikintiyə icazənin alınması üçün ondan 100000 manat pul istəmiş və demişdir ki, hissə-hissə verərsən. O da 2022-ci ilin iyunun son on günlüyündə İsa ilə ünvan 3 ünvanında görüşmüş və dostu Rasim Hüseynovun iştirakı ilə 26000 manat pul vermiş, İsa 2-3 aya həll ediləcəyini demişdir. 3 ay keçdikdən sonra İsa dedi ki, 60000 manat pul verilməlidir ki, sənədlər tam hazır olsun. O isə İsadan tələb etmişdir ki, «sənə 26000 manat pul vermişəm bu 3 ay ərzində nə iş görmüsən mənə de». İsa müxtəlif bəhanələr gətirərək çıxıb getmiş və bundan sonra ondan gizlənməyə başlamışdır. Sonradan isə onu ümumiyyətlə tapa bilməmişdir. Həmin vaxt artıq başa düşmüşdür ki, İsa ona qarşı dələduzluq edib onun pulunu ələ keçirmişdir. Polisə şikayət etdikdən sonra İsa 2500 manat pulu qaytarmış və söz vermişdir ki, 2023-cü ilin mart ayının sonunadək qaytaracaq, amma bu günə kimi yenə onu aldatmışdır.Torpağın bütün sənədləri var, lakin tikintisinə icazə yoxdur. Sonradan məlum olmuşdur ki, İsa heç bir yerdə işləmir, onun niyyəti elə əvvəlcədən onu aldatmaq olmuşdur. Hazırda İsanın ona 23500 manat verəcəyi qalmışdır (cild 2, iş vərəqə 10). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs2 təxminən 10 ildir ki, tanıyır, onunla bir yerdə işləmişlər. Zərərçəkmiş şəxs2 özünə aid ünvan 3 ünvanında 17 sot boş torpaq sahəsi olmuş, lakin sənədləri qaydasında olmamışdır. Ona görə də Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsinin sənədlərini qaydasına salmaq istəmişdir. Zərərçəkmiş şəxs2 İsa adlı şəxslə necə tanış olduğunu bilməmişdir. Esmael Zadeh 2022-ci ilin iyun ayında onun yanında İsaya bir dəfə 16000 manat, bir dəfə isə 4000 manat pul vermişdir. O, həmin vaxt söhbətlərdən İsa adlı şəxsin Zərərçəkmiş şəxs2 torpaq sahəsinə sənəd düzəltməli olduğunu başa düşmüşdür. Amma sonradan aylar keçsə də İsa verdiyi vədinə əməl etməmişdir. Hal-hazıra kimi İsa Zərərçəkmiş şəxs2 pulu qaytarmamışdır. Bildiyinə görə onun iştirakı olmadan da İsaya 6000 manat əlavə pul verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 2014-cü ildə atası Zərərçəkmiş şəxs1 Bakı şəhərində ev almaq qərarına gəlmişdir. Söhbətlərin birində atasının dostu Kərim Bakı şəhərində Təqsirləndirilən şəxs adlı şəxsin Yasamal rayonu ərazisində yeni hündürmərtəbəli bina inşa etdiyini bildirmiş, atası da həmin yerə baxmaq istəmişdir. 2014-cü ilin avqust ayında atası Bakı şəhərində İsa ilə görüşmüşdür. İsa Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində hündürmərtəbəli yaşayış binası tikəcəyini bildirmiş və atası ilə 2 otaqlı mənzili 65000 manata almağa razılaşmışlar. 30 avqust 2014cü il tarixdə atası İsaya 30000 manat pul Bakı şəhərində ödəmişdir. Bundan sonra arada bir atası İsa ilə telefon əlaqəsi saxlamış və İsa ona lazımi işlərin getdiyini demişdir. İsa atasına zəng edib yerdə qalan pulu da tələb etmişdir. Ona görə də 2014-cü ilin dekabr ayının 8-də atası ilə birlikdə Bakı şəhərinə gəlmişlər və Kooperasiya universitetinin yaxınlığında İsanın ofisində görüşmüşlər. Atası İsaya 29000 manat da pul ödəmiş, həmin vaxt onların yanında kənar şəxslər olmamışdır. Bundan sonra İsa yaxın vaxtlarda işin başlayacağını və 18 ay müddətində tamamlanacağını bildirmişdir. 2015-ci ilin yay aylarında İsa yenidən atasına zəng edərək qalıq pulu tələb etməyə başlamışdır. Atasının Bakı şəhərinə gəlmək imkanı olmadığından o, dostu Kərimə 6000 manat pul verib İsaya çatdırmağını istəmişdir. Atası İsaya zəng edib 6000 manat pulun ona çatıb-çatmamasını soruşduqda İsa həmin məbləğin ona çatdığını təsdiq etmişdir. Bundan bir neçə il keçdikdən sonra İsanın 18 aya tamamlayıb təhvil verəcəyinə dair verdiyi sözlərin yalan olduğunu görmüşlər, çünki İsa heç evin tikintisinə də başlamamışdır. İsanın onları aldatdığını görüb pullarını tələb etməyə başlamışlar, amma İsa hər dəfə müxtəlif bəhanələr gətirərək onların pullarını qaytarmaqdan boyun qaçırmışdır. Təqsirləndirilən şəxs hətta 59000 manat pulu almasına, onlara guya ev satacağına dair yalandan maliyə arayışı və müqavilə də vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2005-ci ildən tanımış və onunla onun yaxşı münasibətləri olmuşdur. 2014-cü ildə Raquf ondan onunla birlikdə Bakı şəhərinə gəlməyini xahiş etmiş, o da onunla birlikdə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə çatanda ona məlum olmuşdur ki, Raquf müəllim Bakı şəhərindən ev almaq qərarına gəlmişdir. Tarixi və yeri tam dəqiq yadında deyil, lakin bilirmiş ki, 2014-cü ildə onlar Bakı şəhərində İsa adlı şəxslə görüşmüşlər. O, görüşəndən sonra bilmişdir ki, həmin şəxsin adı İsadır, əvvəllər onu görməmişdir və tanımamışdır. Həmin vaxt onların yanında Kərim də olmuşdur. Raquf müəllim həmin vaxt onun iştirakı ilə İsaya 30000 manat pul vermiş və İsa ona yaxın zamanda hündür mərtəbəli bina inşa edəcəyini və 2 otaqlı mənzil satacağını demişdir. Lakin üstündən 9 il vaxt keçdiyi üçün mənzilin dəyərinin nə qədər olmasını o xatırlamır. Müəyyən bir müddət keçdikdən sonra eşitmişdir ki, Raquf müəllim İsaya 29000 manat bir, 6000 manat bir pul vermişdir.Lakin həmin vaxt o, iştirak etməmişdir. Sonradan məlum olmuşdur ki, İsa adlı şəxs Raquf müəllimi aldadıb onun pullarını mənimsəmişdir. Hazıra kimi də İsa adlı şəxs nə ev tikib, nədə ki Raqufun pullarını qaytarmamışdır. Sonradan Raquf müəllim İsanın onu aldatdığını görüb polisə müraciət etmişdir (cild 2, iş vərəqə 32-33). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 20 ildir ki, Təqsirləndirilən şəxs isə 2012-ci ildən tanıyır. Raqufla onun yaxşı münasibətləri var, İsa ilə də onunla normal münasibətləri olmuşdur, lakin 5 il olar ki, əlaqələri yoxdur. 2014-cü ildə Raquf müəllim Bakı şəhərindən ev almaq qərarına gəlmişdir. O da həmin ərəfədə Təqsirləndirilən şəxs Bakı şəhərində ev tikməyə hazırlaşdığını bilmiş, buna görə də Raqufa tanışı İsanın Yasamal rayonu ərazisində tikəcəyi hündürmərtəbəli binaya gedib baxmağı məsləhət görmüşdür. Təxminən yay aylarında Raquf, o və Elnur Bakı şəhərinə gəlmiş və Yasamal rayonunda yerləşən «Kaktus» restoranın qarşısında onun bacısıgilin yaşadığı binanın həyətində İsa ilə görüşmüşlər. O, İsa ilə Raqufu tanış etmiş və onlar söhbət etməyə başlamışlar. İsa Raqufa bildirmişdir ki,Yasamal rayonu, H.B.Zərdabi küçəsində hündürmərtəbəli bina inşa edəcək və 18 aya tikintisini tam başa çatdırıb sakinlərə təhvil verəcək. Raquf da İsanın bu təklifini bəyənmiş və ona demişdir ki, «mənə 2 otaqlı mənzil lazımdır». Üstündən çox vaxt keçdiyindən mənzilin kvadraturası onun yadında deyil. İsa ilə Raquf 65000 manata razılaşmışlar. Raquf müəllim Bakı şəhərinə gələndə özü ilə bir miqdar pul gətirmiş, amma hansı məbləğdə olduğunu o, bilməmişdir. Raquf ilkin ödəniş kimi İsaya 30000 manat pul verdiyini sonradan bilmişdir. Bundan sonra onlar çıxıb getmişlər. Raquf müəllim demişdir ki, əlavə 29000 manat da pul verib, amma o, həmin vaxt iştirak etməmişdir. Bundan sonra 2014-cü ilin sonlarında Raquf müəllim onun Bakı şəhərinə getdiyini bilmiş və ondan xahiş etmişdir ki, 6000 manat pulu İsaya versin. O da razılaşmış və pulu götürüb Bakı şəhərinə gəlmiş, dəqiq harda vermişdir xatırlamırmış, Raquf müəllimin verdiyi pulun hamısını İsaya verib çıxıb getmişdir. Hətta Raquf müəllim özü İsaya zəng edib 6000 manat pulun ona çatıb-çatmamasını dəqiqləşdirəndə, İsanın özü demişdir ki, «Kərim pulu verdi mənə». Bundan sonra onun heç bir məsələdən xəbəri olmamış, amma bir neçə il keçdikdən sonra o, öyrənmişdir ki, İsa ev tikməmiş və Raqufun da pulunu qaytarmamışdır (cild 2, iş vərəqə 35-37). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 171-175). Hadisə yerinə baxış keçirilməsi barədə 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Esmael X1 məxsus torpaq sahəsini sənədləşdirəcəyi adı ilə 26000 manat pulu ünvan 4 ünvanında almışdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 216-217). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 2, iş vərəqə 42-43). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 181-187, cild 2, iş vərəqə 19-20). Sumqayıt şəhər Probasiya İdarəsindən daxil olmuş 19 fevral 2024-cü il tarixli 21- 2/3-1011 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixə 07 ay 06 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş hesab olunur. Göründüyü kimi, az ağır cinayət törətmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadığı üçün onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bununla belə, həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 avqust 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 150, 194-196). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Həm də məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 (yeddi) ay 06 (altı) günlük hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 03 (üç) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə o cümlədən itirilmiş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxs2 tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsində maddi ziyana görə 23500 (iyirmi üç min beş yüz) manat pulun və ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan mülki iddia ilə bağlı zəruri araşdırma aparıb bu qənaətə gəlir ki, Zərərçəkmiş şəxs2 mülki iddia tələbi təmin edilməli, eyni zamanda mülki iddia ilə bağlı ödənilmiş 161 (bir yüz altmış bir) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs1 cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə əsasən ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Təqsirləndirilən şəxs imzası olan bir vərəqə maliyə arayışı və iki vərəq müqavilə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Prospekt” Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi “Prospekt” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli 15 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 (yeddi) ay 06 (altı) günlük hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 03 (üç) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 03 (üç) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 6 (altı) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 7(yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Təqsirləndirilən şəxs imzası olan bir vərəqə maliyə arayışı və iki vərəq müqavilə cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş maddi zərərlə bağlı 23500 (iyirmi üç min beş yüz) manat və ödənilmiş 161 (bir yüz altmış bir) manat dövlət rüsumu – cəmi 23661 (iyirmi üç min altı yüz altmış bir) manat tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş iş üzrə Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə ona vurulmuş ziyanı tələb etmək hüququ izah edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Prospekt” Vəkil Bürosunun vəkili X6 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1150/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1150/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver