Məhkəmə qərarları › İş №1(101)-1151/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1151/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1151/2023 07.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 09:40-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçi X1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1973-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vuran xəsarət yetirmiş və xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanın qarşısında qonşusu Zərərçəkmiş şəxs məxsus qarajın qarşısında avtomobilini saxlamasına görə irad bildirməsini əsas gətirərək sonuncunun ünvanına nalayiq söyüşlə ifadə olunan sözlər deyib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, əl zərbələri ilə sifət və baş nahiyələrinə zərbələr vuraraq yerə yıxmış, daha sonra isə ayaq zərbələri ilə sol döş qəfəsinə zərbə vurmaqla ona travmatik şok və sol tərəfli hemotoraksla (döş boşluğuna qanın yığılması) müşayiət olunan sol Vİİİ ön qabırğanın öndə yerini dəyişməyən, İX qabırğanın ön hissəsinin yerini dəyişən və yerinidəyişməyən natamam sınığı, X qabırğanın ön hissəsinin yerini dəyişməyən, ön lateral hissəsinin yerini dəyişən qapalı sınıqları: qapalı kəllə beyin travması ilə müşayiət olunan başın ənsə nahiyəsinin qançırı, başın alın nahiyəsinin qançır və sıyrığı; burun sümüyünün qapalı yerinin dəyişməyən sınığı və yumşaq toxumasının sıyrığı; sağ qulaq seyvanının, sol saidin sıyrıqları; sağ üst və alt göz qapağının, sağ almacıq nahiyəsinin, sağ bazunun çoxsaylı qançırları ilə nəticələnən və dərəcəsinə görə ümumilikdə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü olan elan edilmiş ittihamlar üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 15 ilə yaxın müddətdir ki, Hövsan qəsəbəsi, «Dəniz kənarı Bağ massivi»ndə bağ qonşusu kimi yaşayır, həmçinin bina evində isə onun qayınatası Şahid2lə qonşudurlar. Əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamış, bir qonşu kimi yaxın münasibətləri olmasa da, səmimi salam-sağolları olmuşdur. Bir neçə dəfə o, qayınatası Bəylərgilə qonaq gedərkən özünə məxsus «QAZ-2411» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilini Anatoliyə məxsus qarajın qarşısında saxladığı üçün Anatoliy ona iradını bildirmiş, o da orada avtomobilini saxlamamışdır. Lakin Anatoliy öz evinin qarşısında, yəni onun bağ evinin hasarının yanında saxladığı üçün də ona iradını bildirərək avtomobili oradan götürməyini demişdir. Buna görə də Anatoliynin bu kimi iradlarını qərəzli olaraq başa düşmüş, çünki o, avtomobili saxlayarkən ona heç bir maneçiliyi olmamışdır. Buna görə də son vaxtlar birbirilərini görərkən salam verməmişlər. 04 iyun 2022-ci il tarixdə saat 10 radələrində özünə məxsus «QAZ-2411» markalı avtomobil ilə qayınatasının yaşadığı Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi 3 ünvanında yerləşən binanın qarşısına gəlmişdir. Qayınatası Bəylər binanın qarşısında-həyətində olan oturacaqda qonşuları Firidun, Qədir və İdrislə birlikdə oturub, söhbət etmişlər. O da avtomobili onların yanında saxlayaraq salam verdikdən sonra avtomobildən düşmədən qarşı sürücü tərəfdən qapını açıb qayınatasıgillə söhbət etmişdir. Bu zaman Anatoliy piyada küçə tərəfdən binanın həyətinə daxil olmuş və ona tərəf gələrək orada olan şəxslərin yanında «sən qəsdən avtomobili qarajımın və bağ evimin hasarının qarşısında saxlayırsan» ifadəsini işlətmişdir. Daha sonra Anatoliy ona yaxınlaşaraq oturduğu yerdə onun sifət nahiyəsinə iki yumruq zərbəsi vurmuşdur. Anatoli əli ilə ağız nahiyəsinə yumruq vurmuş, avtomobildə oturarkən 2 dəfə, endikdən sonra da 2 dəfə ona yumruq vurmuşdur. Nəticədə onun 2 dişi sınmışdır. Anatoliynin bu hərəkəti ona pis təsir etmiş və avtomobildən yerə düşərək ona yaxınlaşdıqda Anatoliy onu yenə 3 dəfə vurmuşdur. O da bundan sonra Anatoliynin sinə nahiyəsinə əli ilə yumruq zərbələri vuraraq yerə yıxmışdır. Yerdə vurduğu zərbələrin təsirindən Anatolinin hərəkətsiz vəziyyətdə olduğunu görüb, onu döyməyə davam etməmiş və öz avtomobilinə əyləşib, oradan getmişdir. Həmin günü isə Anatoliynin aldığı xəsarətlə bağlı xəstəxanaya düşdüyünü bilmişdir. Bu barədə isə Suraxanı RPİ-nin 30-cu polis şöbəsində təhqiqatçı tərəfindən araşdırma aparılarkən izahatı alınmışdır. Daha sonra isə toplanmış materialların Suraxanı RPİ-nə göndərilməsini bilmişdir. Həmin hadisə təxminən 5 dəqiqə ərzində davam etmiş, orada təxmini 5-6 nəfər olmuş, lakin kənardan kimlərin hadisəni görməsinə fikir verməmiş, ona dəyən xəsarətlə bağlı ekspertizadan keçməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, arvadı Vera Vorobyovla birlikdə həmin ünvanda yaşayır, qızı Nelli Vorobyova isə ailə qurduğu üçün ayrı yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir, 20 ilə yaxın müddətdir ki, təqaüdçüdür. Təqsirləndirilən şəxs 15 ilə yaxın müddətdir ki, tanıyır, onunla Hövsan qəsəbəsində «Dəniz kənarı Bağ massivləri» deyilən yerdə bağ qonşu olmuşlar. Həmçinin Zöhrabın qayınatası onun qonşuluğunda yaşayır, ona görə də, tez-tez Bəylərin evinə gəlmişdir. Aralarında hər hansı bir ədavət və düşmənçilik olmamış, həmçinin yaxın münasibətləri də olmayıbdır. Bir qonşu kimi salamsabahı olmuş, lakin bir neçə dəfə Zöhrab özünə məxsus «QAZ-24» markalı avtomobili ona məxsus qarajın qarşısında saxladığı üçün ona dəfələrlə iradını bildirmişdir. Çünki Zöhrab avtomobili orada saxladıqda o, öz avtomobilini qaraja sala bilməmişdir. 04 iyun 2022-ci il tarixdə saat 10 radələrində o, tək bağından piyada evinə gələrkən yaşadığı evin həyətində olan oturacaqda Zöhrabın qayınatası Bəylər, digər qonşuları Nadir, İdris və xatırlamadığı qonşularla birlikdə oturub, söhbət etdiklərini görmüşdür. Zöhrab isə özünə məxsus «QAZ-24» markalı avtomobili orada saxlayıb, həmin şəxslərlə söhbət etmişdir. Zöhrab onun gəldiyini görən kimi avtomobildən yerə düşüb, onun üstünə gələrək onun, arvadının və qızının ünvanına nalayiq ifadələr deyərək ona tam yaxınlaşmışdır. Bu söyüşə görə o, Zöhraba bir sillə vurmuşdur. Zöhrab isə onu söyməyə davam edərək orada qonşuların gözü qarşısında əvvəlcə onun üz, baş və burun nahiyələrinə ard-arda yumruq zərbələri vurmağa başlamışdır. O, zərbənin təsirindən yerə yıxılmış və yerdə yıxılmış vəziyyətdə Zöhrab təpiklə onun bədən nahiyəsinə, yəni sol döş qəfəsinə vurmağa başlamışdır. O isə aldığı zərbələrin təsirindən ayağa qalxa bilməmiş və hərəkətsiz vəziyyətdə yerdə qalmışdır. Ona görə də özünü müdafiə etmək üçün Zöhraba hər hansı bir müqavimət göstərə bilməmişdir. Zöhrab onu bu vəziyyətdə orada qoyaraq öz avtomobilinə əyləşib, oradan uzaqlaşmışdır. Səsə arvadı Vera və evlərində usta işləyən Şamil ora gələrək onun xəsarət aldığını gördükdə təcili tibbi yardım avtomobili çağıraraq oradan Sabunçu rayon xəstəxanasına aparmışlar. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətinin ağır olması ilə bağlı həmin günü onu «Lanset» klinikasına aparmışlar. Orada sifət və baş nahiyəsinin görünən hissələrindən başqa onun qabırğalarında da sınıq olduğu, daxili orqanın əzildiyi məlum olmuşdur. Ona görə də, ona tibbi yardım göstərilərək 6 gün müddətinə həmin klinikada həkim nəzarəti altında qalmış, sonra isə evə buraxılaraq hal-hazırkı günə kimi ev şəraitində müalicə alır. O, xəstəxanada olduğu müddətdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı Emin Məmmədov ora gələrək onunla şifahi sorğu aparıb, ərizə və izahatını almışdır. Daha sonra həmin materiallar əsasında Suraxanı rayon prokuroru tərəfindən cinayət işi başlanılaraq aidiyyatı üzrə Suraxanı RPİ-nin istintaq şöbəsinə göndərildiyini bilmişdir. O, Təqsirləndirilən şəxs barəsində şikayətçidir. Hadisə təxminən 10 dəqiqə ərzində davam etmiş, həmin vaxt orada adlarını qeyd etdiyi şəxslər olmuş, lakin sonradan kimlərin gəlməsi və görməsi barədə fikir söyləyə bilmir. Çünki Zöhrab onu döyərkən yerə yıxılmış başı dəmirə dəymiş, huşunu itirdiyi və halı pisləşdiyi üçün ətrafına fikir verə bilməmişdir. Zöhrab barışıq üçün onlara getməmiş, Zöhrabla barışmamış, müalicə pulu olan 5000 manat pulu Zöhrabdan tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 15 ilə yaxın müddətdir ki, Hövsan qəsəbəsində «Dəniz kənarı Bağ massivləri» deyilən yerdə bağ qonşusudur. Həmçinin Zöhrabın qayınatası da onlarla qonşuluqda yaşayır, ona görə də Zöhrab tez-tez Bəylərin evinə gəlmişdir. Onunla aralarında hər hansı bir ədavət və düşmənçilik olmamış, həmçinin yaxın münasibətləri də olmamışdır. Onlarla bir qonşu kimi salam-sabahları olmuş, 04 iyun 2022-ci il tarixdə saat 10 radələrində evdə olmuşdur. Anatoliy evə gec gəldiyini görüb, onun mobil telefonuna zəng etdikdə onunla danışa bilməmiş, narahat olaraq həyətə düşdükdə qonşuların pəncərədən həyətə baxdığını görmüşdür. Buna görə həyətin qarşısına keçdikdə Anatolinin sifət nahiyəsinin qan içində yerdə oturduğunu görmüşdür. O, ona yaxınlaş nə baş verdiyini soruşduqda Anatoli ona Zöhrab tərəfindən döyüldüyünü demişdir. Səbəb kimi isə Zöhrabın avtomobilini onların qarajının qarşısında saxlamasına irad bildirməsi olduğunu demişdir. Həmin vaxt evlərində usta işləyən Şamil mobil telefonu ilə təcili tibbi yardım çağıraraq onlar Anatolini oradan Sabunçu rayon xəstəxanasına aparmışlar. Orada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətinin ağır olması ilə bağlı həmin günü «Lanset»i klinikasına aparılmış və orada qabırğalarında sınıq olduğunu, daxili orqanın əzildiyi aşkarlanmışdır. Ona görə də Anatoli 6 gün müddətində həmin klinikada həkim nəzarəti altında qalmış, sonra isə evə buraxılaraq hal-hazırkı günə kimi ev şəraitində müalicə alır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kürəkəni yəni qızı Tünzalənin əridir. X2 isə onun qonşusudur və eyni binada yaşayırlar. Onunla bir qonşu kimi münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 04 iyun 2022-ci il tarixdə saat 10 radələrində qonşuları Şahid1 və Şahid3 ilə birgə yaşadıqları binanın həyətində olan oturacaqda əyləşib, söhbət etmişlər. Həmin vaxtı kürəkəni Təqsirləndirilən şəxs idarə etdiyi «Qaz-24» markalı avtomobillə ora gələrək avtomobili onların yanında saxlayaraq onlarla söhbət etməyə başlamışdır. Bunun ardınca qonşusu Anatoli də ora gəlmiş və onların yanından keçərkən Zöhraba avtomobilin içində yumruq vuraraq mübahisə etməyə başlamışlar. Zöhrab onu özündən itələmiş, hadisə isə təxminən 10 dəqiqə ərzində baş vermiş və oraya heç kəs gəlməmişdir. Barışıq üçün qızı və həyat yoldaşı Anatolinin evinə getmiş, ona 2000 manat müalicə xərcləri üçün pul təklif etmiş, amma onlar pulu qəbul etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Ağabala oğlu ifadəsində göstərdi ki, X2 qonşu olmaqla eyni binada yaşayırlar. Bir qonşu kimi münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs isə digər qonşusu Şahid2 kürəkəni kimi tanımışdır. 04 iyun 2022-ci il tarixdə saat 10 radələrində qonşuları Şahid2 və Şahid1 ilə birgə yaşadıqları binanın həyətində olan oturacaqda əyləşib, söhbət edən vaxtı Bəylərin kürəkəni Təqsirləndirilən şəxs idarə etdiyi «Qaz-24» markalı avtomobillə ora gələrək avtomobildə əyləşib Bəylərlə söhbət etmişlər. Bundan az sonra isə qonşu Anatoli də ora gəlmiş və onların yanından keçərkən Zöhrabı vurmuşdur. Bu zaman Zöhrab avtomobildə əyləşmişdir. Onlar mübahisəyə başlamışlar. Hadisə isə təxminən 8-10 dəqiqə ərzində baş vermişdir. Anatolinin yıxılmağını görməmiş, Zöhrabla Anatoli bir-birinin ünvanına söyüş söyməmiş, Zöhrab Anatolini təpiklə vurmamışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X2 qonşusu olmaqla eyni binada yaşayırlar. Bir qonşu kimi münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs isə digər qonşusu Şahid2 kürəkəni kimi tanımışdır. 04 iyun 2022-ci il tarixdə saat 10 radələrində qonşuları Şahid2 və Şahid3 ilə birgə yaşadıqları binanın həyətində olan oturacaqda əyləşib, söhbət etmişlər. Həmin vaxt Bəylərin kürəkəni Təqsirləndirilən şəxs idarə etdiyi “Qaz-24” markalı avtomobilə ora gələrək avtomobili bir qədər kənarda saxlayıb, onların yanına gələrək salam vermiş və kənarda öz avtomobilinin yanında dayanmışdır, Bundan az sonra isə qonşusu Anatoliydə ora gəlmiş və onların yanından keçərkən Zöhrab ona nə səbəb görə avtomobili orada saxlamağa qoymadığını deyərək mübahisə etməyə başlamışdır. Buna görə hər ikisi bir-birlərinin ünvanına qarşılıqlı söyüşlə ifadə olunan sözlər deməyə başlamışlar, əvvəlcə Anatoliy Zöhrabın ağız nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Bundan sonra isə Zöhrab Anatolini yumruq zərbəsi ilə vurub, yerə yıxmışdır. O, yaxına gedərək onları kənarlaşdırmaq istəsə də Zöhrab onun sözünə əhəmiyyət verməmiş və Anatolini yerdə yıxılmış vəziyyətdə bədəninə təpik zərbələri ilə bir neçə vurmuşdur. Daha sonra isə Zöhrab özü kənara çəkilərək avtomobilə əyləşib, oradan getmişdir. Hadisə zamanı orada onunla birgə qonşuları Bəylər və İdris olmuş, başqa qonşu olmamışdır. Hadisə isə təxminən 8-10 dəqiqə ərzində baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 635 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs travmatik şok və sol tərəfli hemotoraksla (döş boşluğuna qanın yığılması) müşayiət olunan sol Vİİİ ön qabırğanın yerini dəyişməyən, İX qabırğanın ön hissəsinin yerini dəyişən və yerini dəyişməyən natamam sınığı, X qabırğanın ön hissəsinin yerini dəyişməyən, ön lateral hissəsinin yerini dəyişən qapalı sınıqları; qapalı kəllə beyin travması ilə müşayiət olunan başın ənsə nahiyəsinin qançırı, başın alın nahiyəsinin qançır və sıyrığı; burun sümüyünün qapalı yerini dəyişməyən sınığı və yumşaq toxumasının sıyrığı; sağ qulaq seyvanının, sol saidin sıyrıqları; sağ üst və alt göz qapağının, sağ almacıq nahiyəsinin, sağ bazunun çoxsaylı qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda və tibbi sənəddə göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. ( iş vərəqə 33-37) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2022ci il tarixli T 624/2022 saylı rəyindən görünür ki, vətəndaş F.A. Vorobyovda travmatik şok və sol tərəfli hemotoraksla (döş boşluğuna qanın yığılması) müşayiət olunan sol Vİİİ qabırğanın öndə yerini dəyişməyən, İX qabırğanın ön hissəsinin yerini dəyişən və yerini dəyişməyən natamam sınığı, X qabırğanın ön hissəsinin yerini dəyişməyən, ön lateral hissəsinin yerini dəyişən qapalı sınıqları; qapalı kəllə beyin travması ilə müşayiət olunan başın ənsə nahiyəsinin qançırı, başın alın nahiyəsinin qançır və sıyrığı; burun sümüyünün qapalı yerini dəyişməyən sınığı və yumşaq toxumasının sıyrığı; sağ qulaq seyvanının, sol saidin sıyrıqları; sağ üst və alt göz qapağının, sağ almacıq nahiyəsinin, sağ bazunun çoxsaylı qançırları qeyd olunmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, kənar şəxs tərəfindən həmin nahiyələrə əl və ayaqla zərbə yetirilməsi nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (iş vərəqə 194-198) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 hüquqi şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2541 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs hərəkətləri AR CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Emosionallıq, özünə qarşı hörmət tələb etmək, təlqinə qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilmədi. (iş vərəqə 169-176) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (iş vərəqə 57-59) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin baş verdiyi yerə baxış keçirilmiş, bununla bağlı protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. (iş vərəqə 60-64) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini yoxlamaq və dəqiqləşdirmək üçün onun şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. (iş vərəqə 203) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması ilə müşayiət edilən qərəzli hərəkətlər törətməsi sübuta yetirilməmişdir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin, yəni xuliqanlıq cinayətinin törədilməsi öz təsdiqini tapsa da, onun əməli AR CM-in 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümum qəbul edilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, AR Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid3 Ağabala oğlunun və Şahid2 ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasındakı münasibət əvvəldən soyuq olmuş, hadisədən əvvəl Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs avtomobili qarajın qarşısında saxlamaması iradını bildirmiş, aldığı cavabdan xoşhal olmamış və Təqsirləndirilən şəxs ağız nahiyəsindən yumruq zərbəsi endirmişdir. Nəticədə tərəflər arasında münaqişə yaranmışdır. Göründüyü kimi, tərəflər arasındakı sözlü mübahisənin dava-dalaşa keçməsinə səbəb Zərərçəkmiş şəxs hərəkətləri olmuş, mübahisə zamanı ilk yumruq zərbəsini Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurmuşdur. Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verməmişdir. Lakin, yaranmış münaqişə ətrafdakı şəxslərin qarşısında, ictimai yerdə baş verərək, ictimai qaydalara zidd olmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərdə ifadə olunmuş, bununla da, Təqsirləndirilən şəxs xuliqanlıq cinayətinin əlamətlərini özündə əks etdirən cinayət törətmişdir. İş materiallarında olan 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi AR CM-in 126.1-ci maddəsi ilə başlanılmışdır. (iş vərəqə 01) Cinayət işi 29 iyun 2022-ci il tarixdə AR CM-in 126.1-ci maddəsi ilə başlanılaraq, həmin maddə ilə bir sıra istintaq hərəkətləri aparıldıqdan sonra ibtidai istintaq orqanı 10 mart 2023cü il tarixli qərarı ilə əsassız olaraq, Təqsirləndirilən şəxs əməlini AR CM-in 126.1-ci maddəsindən CM-nin 126.2.4-cü maddəsinə tövsif etmişdir. (iş vərəqə 204-212) Qeyd edilən qərarın əsassızlığı ondan ibarətdir ki, ibtidai istintaqı aparan müstəntiq hər hansı dəqiqləşdirilmə aparılmadan, aradan qaldırılmayan şübhələri təqsirləndirilən şəxsin ziddinə istifadə etməklə, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmasını əsas gətirmişdir. 10 mart 2023-cü il tarixli qərarın 6-cı səhifəsində mübahisə zamanı Təqsirləndirilən şəxs ətrafda olan insanlara məhəl qoymadan Zərərçəkmiş şəxs ünvanına qarşı nalayiq ifadələr işlədib onu təhqir etməsi, bundan sonra Zərərçəkmiş şəxs yumruqla Təqsirləndirilən şəxs sifətindən yumruq vurması, sonuncunun isə bunun qarşılığında yumruq zərbələri ilə Zərərçəkmiş şəxs vuraraq döyüb yerə yıxması kimi xüsusatlar qeyd edilsə də, dalaşmanı zərərçəkmiş şəxsin başlatması, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər yetirilməsinin məhz zərərçəkmiş şəxsin ona zərbə endirməsindən doğan nəticə olması, yəni həmin hərəkətlərin xuliqanlıq niyyəti ilə deyil, qisas motivi ilə törədilməsi nəzərə alınmamışdır. 10 mart 2023-cü il tarixli qərardan görünür ki, ibtidai istintaqı aparan şəxs tərəfindən Təqsirləndirilən şəxs AR CM-in 126.2.4 münasibətdə törətdiyi əməlində xuliqanlıq niyyətinə dəlalət edən hallar obyektiv araşdırılma aparılmamış, nəticədə həmin hallar ittihamda öz əksini tapmamışdır. İbtidai istintaqı aparan orqan hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq niyyətilə törədilən cinayət kimi qiymətləndirmişdir. Beləliklə, ibtidai istintaq zamanı şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bu “əsaslı səbəbin olmaması” kimi qiymətləndirilmiş, təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən hallar deyil, istintaqı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyi əsas götürülmüşdür. Bununla da istintaqı aparan müstəntiq təqsirkarın hərəkətlərini şərtləndirən səbəbi müstəsna olaraq özünün “süzgəcindən” keçirərək, “əsaslı olmayan səbəb” və ya “cüzi səbəb” kimi qiymətləndirmiş, hətta mübahisə zərərçəkmiş şəxsin özünün təşəbbüsü ilə başlasa belə təqsirkarın öz hərəkətlərinə və onun nəticələrinə subyektiv münasibətini nəzərə almamışdır. Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəmənin icmalında qeyd edilmişdir ki, bəzi hallarda xuliqanlıq niyyəti müəyyən olunmadan şəxsin əsassız olaraq xuliqanlığa və yaxud bu niyyətlə törədilən digər cinayətə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanları və məhkəmələr hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən, hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, xuliqanlıq niyyətilə törədilən cinayət kimi qiymətləndirirlər Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır xəsarət yetirməsi ilə nəticələnmiş mübahisənin konkret halda hadisədən əvvəl şəxsi münasibətlərin pozulması ilə əlaqədar yaranması əməlin xuliqanlıq niyyəti ilə törədilməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. Müəyyən edilmişdir ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına qarşı nalayiq ifadələr işlədərək, sonuncudan avtomobili qarajın qarşısında saxlamamasının səbəbini soruşmuş və zərərçəkən yumruq zərbələri ilə qarşılıq vermişdir. Belə bir vəziyyətdə Təqsirləndirilən şəxs törətdiyi əməlin motivinin xuliqanlıq hisslərinin təsiri altında formalaşdığının israr edilməsi isə əsassızdır. Beləliklə, məhkəmədə tədqiq edilmiş bütün sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə ağır xəsarət yetirməsinə dəlalət edə biləcək hər hansı məqam müəyyən edilməmişdir. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qənaətinə gəlməyə əsas vermir. Məhkəmə tərkibi yuxarıda sadalanan mübahisəsiz sübutları qiymətləndirərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti olmadan dərəcəsinə görə ümumilikdə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarət yetirmiş, eləcə də, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Məhkəmə yuxarıda qeyd edilən müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli AR Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalı, beləliklə, Təqsirləndirilən şəxs AR CM-in 126.1 və 221.1-ci maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 73) İş materiallarında olan Salyan rayonu İcra Hakimiyyəti Başçısının Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 890 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Şorsulu kəndində qeydiyyatda olmaqla, müsbət xarakterizə olunur. ( iş vərəqə 153-154) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, müsbət xarakterizə olunmasını onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, AR CM-in 61-ci maddəsinə əsasən isə onun cəzanı ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün olmadığından, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.1-ci maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 14-cü bəndində qeyd edilir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ağır cinayət daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(010)- 493/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli 16 avqust 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 88; 123-127) İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(010)-605/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri eyni müddətə, yəni xx.xx.2022-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. (iş vərəqə 147-149) İş materiallarında olan Suraxanı rayon prokurorunun 16 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbirinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (iş vərəqə 182-183) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. ( iş vərəqə 185-186) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 avqust 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay ona təyin edilmiş cəzadan çıxılmalıdır. AR Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 07 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilməli, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. AR CM-in 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay ona təyin edilmiş cəzadan çıxılsın, üzərində 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. AR CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 07 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar