Məhkəmə qərarları › İş №1(101)-1151/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1151/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1151/2024 14.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək barəsində qəti olaraq 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 08 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 5,197 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 10:00-da Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3ləşən Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilərək dəvət olunmuş, müdafəçinin iştirakı ilə həmin gün saat 11:15-də üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki şalvarının cibindən 01 bükümdə 5,197 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, cinayət işində yazılanların heç biri düzgün deyil, onu evdən aparıblar, üzərində heç nə olmayıb. O, narkotik vasitələrdən istifadə edən deyil. Polisin özünə qarşı qərəzini onunla izah etmişdir ki, bir gün əvvəl avtoxuliqanlıq etmişdi, səhəri gün gəlib onun maşınını cərimə meydançasına aparıb, ona demişlər ki, narkotik vasitəni boynuna götürməsə maşını cərimə meydançasında qalacaq. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü ona qarşı polis əməkdaşları tərəfindən psixoloji və fiziki təzyiq göstərilmişdir. Bundan əlavə bu hadisə baş verməmişdən əvvəl onun polis əməkdaşları ilə problemi yaranmışdır. Belə ki, bu hadisədən əvvəl onun avtomobili polis əməkdaşları tərəfindən saxlanılmış, aralarında mübahisə olmuş, bundan sonra isə o, maşını arxaya hərəkət etdirərkən maşını polis əməkdaşına toxunmuş və polis əməkdaşı müvazinətini itirərək yıxılmışdılr. Bundan sonra isə o, maşını sürərək oradan uzaqlaşarkən, polis əməkdaşları onun maşınına bir neçə dəfə atəş açsalar da, o maşını saxlamayaraq oradan uzaqlaşmışdır. Lakin bu hadisə ilə bağlı bu günədək heç hara rəsmi müraciət etməmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, bir neçə ildir ki, narkotik vasitə marixuana qəbul edir. O, həftədə təxminən 3 dəfə narkotik vasitə marixuana qəbul edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 09 radələrində o, Bakı şəhəri "Kubinka" deyilən ərazidə yerdən bir ədəd sellofan büküm tapmışdır. O, həmin bükümü açıb içərisinə baxanda görmüşdür ki, bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. O, başa düşmüşdür ki, bükümün içərisindəki narkotik vasitə heroindir. O, fikirləşmişdir ki, həmin bükümü götürüb cibinə qoyub özündə saxlasın, nə vaxtsa istifadə edər. Buna görə də o, həmin bükümü şalvarının sol yan cibimə qoymuşdur. Daha sonra şəxsi işi ilə bağlı ünvan 5 ünvanının yaxınlığına getmişdir. Həmin gün təxminən saat 10 radələrində iki nəfər polis əməkdaşı ona yaxınlaşıb öz xidməti vəsiqələrini təqdim edərək Nəsimi RPİ-nin 19-cu P.Ş-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan adını və soyadını soruşmuşlar. O, da polis əməkdaşlarına bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əməkdaşları ona demişlər ki, qanunsuz olaraq narkotik vasitəni üzərində gəzdirməyi ilə bağlı şübhəlidir və onu 19-cu PŞ-nə dəvəl elmişlər. 19-cu PŞ-nin inzibati binasında otaqların birində onun hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuş, bundan sonra vəkilinin və polis əməkdaşlarının işlirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. O, da əynindəki şalvarının sol yan cibindən 01 ədəd sellofana bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Ondan həmin maddəni haradan əldə etməyini soruşanda bildirmişdir ki, həmin maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri "Kubinka" deyilən ərazidə yerdən tapdığını bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Polis əməkdaşları onu saxlayıb 19-cu PŞ-nə aparanda və polis bölməsində olan zaman ona heç bir zor tətbiq etməmişlər. O, narkotik vasitə qəbul etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, oktyabr ayının 6-da təqsirləndirilən şəxsi şöbəyə gətirmişlər. Təqsirləndirilən şəxsi evdə yox, küçədə saxlamışlar. Üzərinə bölmədə videoçəkiliş aparmaqla müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və üzərindən kakos aşkar olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nə məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Əliəkbər" adlı şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlayır. Ona görə də Nəsimi RPİ-nin 19cu PŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Alınmış əməliyyat məlumatına əsasən xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində 19-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 40 ünvanının qarşısına getmiş, orada onlar özlərinə mövqe seçib müşahidə aparmağa başlamışlar. Təxminən 30 dəqiqə sonra “Əliəkbər” adlı şəxsin zahiri əlamətləri ilə üst-üstə düşən bir nəfər kişi cinsli şəxsin qeyd edilən ünvanın qarşısında dayandığını görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək adını soruşduqda həmin şəxs xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olduğunu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs bildirmişlər ki. Qanunnsuz olaraq narkotik vasitəni üzərində gəzdirməyində şübhəlidir və onu 19-cu PŞ-nə dəvət etmişlər. 19-cu PŞ-nin inzibati binasında otaqların birində onun hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuş, bundan sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. O, da, əynindəki şalvarının sol yan cibindən 01 ədəd sellofana bükülmüş bükümü masanın üzərinə qovmuşdur. Bundan sonra həmin büküm acılmış, bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etməyini soruşanda bildirmişdir ki, həmin maddənin narkotik vasitə “kakos" yəni heroindir, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri “Kubinka” deyilən ərazidə yerdən tapmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Məhkəmə kimyəvi ekspertizasının rəyi ilə tanış olanda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə narkotik vasitə heroin olmuşdur. Onlar Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət edərkən o, onlara qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitənin qanunsuz olaraq daşıması ilə bağlı onlara məlumat daxil olmuş məlumat əsasında əməliyat keçirilmiş və təqsirləndirilən şəxs saxlanılaraq bölməyə gətirilmişdir. Təhqiqiatçının otağında üzərinə baxış keçirilmiş və baxış zamanı şalvarının sol yan cibindən narkotik vasitə heroin aşkar olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi evdə yox, küçədə saxlamışlar. Təqsirləndirilən şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Şahid2 ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, İmanov Ələkbər qonşudur. Hadisə zamanı onların evi tərəfdən maşınla keçəndə görmüşdür ki, polislər binanın qarşısına yığışıb. Soruşmuşdur ki, burda nə olub, ona cavab olaraq bildirmişlər ki, Kəmalə xanımın oğlu ilə bağlı nəsə məsələ var. Həmin günü axşam Kəmalə xanımdan soruşanda ki, Kəmalə xanım nə məsələ baş vermişdir, o da, bildirmişdir ki, Əliəkbəri tutublar. Əlavə olaraq bildirmişdir ki, həmin vaxtı Ələkbərin kim tərəfindən və harada tutulduğun şəxsən görməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Əliəkbər sinif yoldaşıdır, uşaqlıqdan bir yerə böyümüşlər. Hadisə günü səhər saatlarında Kəmalə xanım onu yığaraq demişdir ki, qapıda polislər var, o, da gəlib görmüşdür ki, binanın qarşısında polislər var. Sonra isə polislərlə birgə Ələkbərgilin evinə qalxmışdır. Evə çatdıqdan sonra məsələnin mahiyyətini öyrəndikdə məlum olmuşdur ki, avtoxuliqanlıqla bağlıdı məsələdir. Bundan sonra isə Ələkbəri ağ maşına mindirərək aparmışlar. Əlavə olaraq bildirmişdir ki, Əliəkbərlə uşaqlıqdan bir yerdə böyümüşlər, qardaş kimidirlər. Ələkbər əvvəllər bir neçə dəfə avtoxuliqanlığa görə saxlanılıb. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Hadisə günü marketdən çıxanda küçədə görmüşdür ki, polis əməkdaşları Əliəkbəri maşına mindirib aparırlar. Axşam bu hadisə ilə bağlı Əliəkbərin anasından soruşdur ki, nə məsələdi, Əliəkbəri niyə apardılar. O, da cavab vermişdir ki, maşın məsələsinə görə aparıblar. Əlavə olaraq bildirmişdir ki, Əliəkbər çox tərbiyyəli oğlandır, o, narkotik vasitə istifadə etmir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla qonşuluqda yaşayır. Hadisə günü səsə-küyə gəlmiş və görmüşdür ki, Əliəkbəri polislər aparır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. O, üzərindən aşkar olunmuş həmin maddəni, narkotik vasitə olan “kakos”u xx.xx.2023-cü il tarixdə saat 9:30 radələrində Kubinka adlanan ərazidən yerdən tapdığını bildirmişdir. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən, həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elam olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2023-cü il tarixli 3- 16-16/2-6/5236 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” sözləri və imzalar olan zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 5,197 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,147 qram narkotik vasitə heroin saxlanmasından ötrü Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 6568 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə görə Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu, narkotik vasitə istifadəçisi olmadığını, polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı müvafiq İstintaq Təcridxanasından və X3 tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən onun İstintaq Təcridxanasına və X10 daxil olarkən müayinəsi zamanı xəsarətinin aşkar edilmədiyi müəyyən edilmişdir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən Təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq (xx.xx.2024-cü il tarixli qərar) polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarında olan Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 6568 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığı və üzərinə qoyulduğu, narkotik vasitə istifadəçisi olmadığı, polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşlarının ona fiziki və psixoloji təzyiqlər edilməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Bundan başqa, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Əliəkbər sinif yoldaşıdır. Hadisə günü səhər saatlarında Kəmalə xanım onu yığaraq demişdir ki, qapıda polislər var, o, da gəlib görmüşdür ki, binanın qarşısında polislər var. Sonra isə polislərlə birgə Ələkbərgilin evinə qalxmışdır. Evə çatdıqdan sonra məsələnin mahiyyətini öyrəndikdə məlum olmuşdur ki, avtoxuliqanlıqla bağlıdı məsələdir. Bundan sonra isə Ələkbəri ağ maşına mindirərək aparmışlar. Əlavə olaraq bildirmişdir ki, Əliəkbərlə uşaqlıqdan bir yerdə böyümüşlər, qardaş kimidirlər. Göründüyü kimi, Şahid3 təqsirləndirilən şəxslə uşaqlıqdan bir yerdə böyüdüyünü və qardaş kimi olduqlarını bildirdiyi bir halda onun hadisə ilə bağlı verdiyi ifadəsi şübhə doğurmaya bilməz. Bir halda ki, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş digər şahidlərdən heç biri Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən evdən çıxardılaraq aparıldığını bildirməmişdirlər. Məhkəmə hesab edir ki, əlavə şahid qismində dindirilmiş Şahid3 və əlavə şahid qismində dindirilmiş digər şahidlərin məhkəmə istintaqı zamanı ifadələrində ittihamı təkzib edərək qeyd etdikləri xüsusatlar işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onların ifadəsinin həmin hissəsini (xüsusatı) təqsirləndirilən şəxsi müdafiə xarakteri daşımaqla onun cinayət məsuliyyətindən yayındırılması və məsuliyyyətinin yüngülləşdirilməsi məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə (ibtidai araşdırma zamanı verdiyi ifadəsi) yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnaməndən görünür ki, təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək barəsində qəti olaraq 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 08 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 03 gün cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının 09 (doqquz) ay 02 gün hissəsi - müddəti çəkliməmiş qalmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd olunan hökmə əsasən məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli ehtiyatsızlıqdan törədilmiş cinayət, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulan cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinə görə, əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs ona təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzasını çəkib qurtarmamış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Belə olan halda təqsirləndirilən şəxsin məhkumluğu ödənilməsə də, əməlində cinayətin residivi yaranmır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Bununla yanaşı, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin 21 yaşı var. Məhkəmə təqsirləndirilən şəxsin gənc olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından 30 dəfədən, külli miqdardan isə 02 dəfədən çox olmasını, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, hazırkı cinayət əməlini törədərkən təqsirləndirilən şəxsin məhkumluğunun ödənilmədiyini, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının 09 (doqquz) ay 02 gün hissəsi - müddəti çəkliməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə görə, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserdə (kabinetdə) profilaktik qeydiyyata alınmalıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 5,147 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisi (Müdafiəçi1) iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzasının çəkilməmiş qalan 09 (doqquz) ay 02 gün müddəti Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə tamamilə birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) ay 02 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 5,147 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə “ALYANS” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar