Məhkəmə qərarları › İş №1(101)-1152/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1152/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1152/2020 30.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri "Fides" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs - xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 21 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirməklə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmək, qaçaqmalçılıq yolu ilə keçirmək, saxlamaq, daşımaq və satmaq barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Məhərrəm» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Məhərrəm» adlı şəxsin qanunsuz olaraq əldə etdiyi külli miqdarda ümumi təmiz çəkisi 42.525 qram psixotrop maddə metamfetamini və külli miqdarda ümumi təmiz çəkisi 606.747 qram narkotik vasitə heroini satıb qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs təhvil vermək üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirərək xx xxxx 2020-ci il tarixdə əvvəlcədən əldə edilmiş razılığa əsasən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Bulvar” adlanan ərazinin yaxınlığında idarə etdiyi “Chevrolet Aveo” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyduraraq bu barədə Təqsirləndirilən şəxs məlumatlandırmış,bundan sonra sonuncu həmin tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqla keçirdikləri qeyd olunan külli miqdarda narkotik vasitələri və psixotrop maddələri gələcəkdə satışını həyata keçirmək məqsədi ilə həmin bir ədəd sellofan paketi götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir hissəsini qara rəngli pul kisəsində, qalan hissəsini isə idarə etdiyi “Chevrolet Aveo” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobilin yük yerində daşıyaraq saxlamış, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 20:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları, M.İbrahimov küçəsi, 15 saylı fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Baş X1 inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əlində ki pul kisəsinin içərisindən külli miqdarda yəni, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2.232 qram və 0.293 qram ümumi təmiz çəkisi 2.525 qram kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.682 qram, 0.713 qram və 0.352 qram, ümumi təmiz çəkisi 1.747 qram kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Aveo” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən bir ədəd ağ rəngli sellofan torbanın içərisində olan 02 ədəd polietilen paketdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 500 qram və 105 qram, ümumi təmiz çəkisi 605 qram olmaqla pul kisəsindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd polietilen paketdə isə külli miqdarda təmiz çəkisi 40 qram olmaqla pul kisəsindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki,narkotik vasitənin heroin, psixotrop maddənin “patı”, “şüşə” adlandırılan metamfetamin növlərindən təxminən görd il olar istifadə edir. Narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Məhərrəm” adlı şəxsdən alırmış. Məhərrəm adlı şəxs ona bank hesab nömrəsini vermiş, o da narkotk vasitələrin qarşılığında pulu həmin hesaba yükləyirmiş. “Məhərrəm” adlı şəxsi İran İslam Respublikasında olarkən tanımış, onun narkotik vasitə satdığını bildiyi üçün onun nömrəsini götürmüşdür. xx xxxx 2020-ci il tarixdə narkotik vasitəyə ehtiyacı yarandığı üçün Məhərrəm adlı şəxsə "whatsapp" sosial şəbəkəsində zəng etmiş və ondan 200 manat dəyərində narkotik vasitə heroin istəmişdir. Məhərrəm adlı şəxs də ona narkotik vasitəni göndərəcəyini bildirmişdir. Elə həmin gün Məhərrəm adlı şəxs ona yenidən zəng edərək, Bakı şəhəri, Səbail rayonunda yerləşən Bulvarın yaxınlığına getməsini və maşını saxladıqdan sonra qapılarını açıq qoymasını tapşırmışdır. Çünki Məhərrəm adlı şəxsin Bakı şəhərində olan tanışı narkotik vasitəni gətirib maşına qoymalı imiş. O da maşından uzaqlaşmalı imiş ki, həmin narkotik vasitəni qoyan şəxsi görməsin. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Bulvarın yaxınlığına getmiş, idarə etdiyi “Chevrolet Aveo” **-PH-*** qeydiyyat nişanlı avtomaşını Bulvarın yaxınlığında saxlamışdır. Daha sonra isə əvvəlcədən razılaşdığı kimi maşının qapılarını açıb maşından uzaqlaşmış, bir qədər sonra yenidən maşının yanına qayıtmışdır. Maşının yük yerinə baxanda bir ədəd sellofan büküm və həmin bükümün içərisində isə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, Məhərrəm adlı şəxsdən ancaq 200 manatlıq narkotik vasitə heroin istəmiş, Məhərrəm adlı şəxs isə istədiyindən artıq miqdarda narkotik vasitə qoymuşdur. Məhərrəm adlı şəxs həmçinin maşınına əlavə olaraq psixotrop maddə də qoymuşdur. O, Məhərrəm adlı şəxsə zəng edərək, narkotik vasitəni istədiyindən çox göndərdiyini bildirmişdir. Məhərrəm adlı şəxs isə qalan narkotik vasitəninin daha sonra lazım olacağını və saxlamasını demişdir. Bundan sonra onunla sağollaşmış, həmin bir ədəd sellofan torbanın içərisində olan 05 ədəd bükümü götürüb pul kisəsinin içərisinə qoymuşdur ki sonradan lazım olanda istifadə etsin. Həmin 5 ədəd bükümün 3-nün içərisində narkotik vasitə heroin, 2-nin içərisində psixotrop maddə metamfetamin olmuşdur. Qalan bir ədəd sellofan torbanın içərisindəki 02 ədəd sellofan torbadakı narkotik vasitə heroini və bir ədəd sellofan torbadakı psixotrop maddə metamfetamini maşının yük yerində saxlamışdır. xx xxxx 2020-ci il tarixdə saat 20:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları, M.İbrahimov küçəsində 15 saylı fərdi yaşayış evində olan zaman, 03 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduğunu bildirmişlər. Polis əməkdaşları üzərində qanunsuz əşya olub- olmadığını soruşmuş, o isə əlində saxladığı pul kisəsini təqdim edərək, içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin pul kisəsi polis əməkdaşları tərəfindən açılmış, pul kisəsinin içərisindən bir ədəd idarə etdiyi avtomobilin açarı, bir ədəd şəxsiyyət vəsiqəsi və 05 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlər açılanda bükümlərin üçünün içərisindən heroin, ikisinin içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Daha sonra maşına baxış keçirmişlər və polis əməkdaşları maşında olan narkotik vasitəni təqdim etməyi təklif etmişlər. Buna görə maşının yük yerini açıb orada olan bir ədəd sellofanda olan narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Bir ədəd sellofan torbanı açanda onun içərisindən 01 ədəd sellofan torbada metamfetamin, 02 ədəd sellofan torbada heroin və bir ədəd elektron tərəzi aşkar edilmişdir. O, narkotik vasitələrin istifadəçisi olsa da, heç zaman Azərbaycan Respublikası gömrük sərhədindən Azərbaycan Respublikasına narkotik vasitələr gətirməmiş, heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Baş X1 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20:10 radələrində ünvan 3 saylı fərdi yaşayış ünvanının yaxınlığında saxlanılaraq idarə etdiyi Chevrolet Aveo markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə birlikdə Baş İdarəyə gətirilmişdir. Təyin edilmiş vəkilinin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmiş, Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb sol əlində saxladığı qara rəngli pul kisəsini təqdim edərək, içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Həmin pul kisəsində bir ədəd idarə etdiyi avtomobilin açarı, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və 05 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlər açılanda bükümlərin üçünün içərisindən narkotik vasitə heroinə bənzər maddə, ikisinin içərisindən psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin narkotik vasitə və psixotrop maddələrə bənzər maddələr çəkilib, qablaşdırılıb, götürülərək, həmin qablaşdırmanın üzərinə imza etmişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, pul kisəsində olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı Məhərrəm adlı şəxsdən təxminən 3 gün bundan əvvəl almışdır. Mətanət maşınını Bulvarın yaxınlığında açıq qoymuş, Məhərrəm adlı şəxsin də adamı narkotik vasitəni gətirib maşına qoymuşdur. Qalan narkotik vasitə də maşının yük yerindədir. Maşına baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra şəxsiyyət vəsiqəsi də götürülmüş, maşının açarı və pul kisəsi özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi maşına baxış keçirilmiş, təhqiqatçı maşında olan narkotik vasitəni təqdim etməyi təklif etmiş, Mətanət də buna görə maşının yük yerini açıb orada olan bir ədəd sellofanı təqdim etmişdir. Bir ədəd sellofan torbanı açanda onun içərisindən 01 ədəd sellofan torbada psixotrop maddə metamfetaminə bənzər maddə, 02 ədəd sellofan torbada narkotik vasitə heroinə bənzər maddə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin narkotik vasitə və psixotrop maddələrə bənzər maddələr çəkilmiş, aşkar edilmiş elektron tərəzi ilə birlikdə qablaşdırılmış və götürülmüşdür. Bundan sonra maşının içərisində baxış aparılmış, maşının sürətlər qutusunun yanında «Redmi Note 8» markalı telefon aşkar edilmişdir. Həmin mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Həmin telefon da götürülmüş, sonra protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Daxili İşlər Nazirliyinin Baş X1 digər əməkdaşları Şahid2 və Şahid3 Tehran oğlu ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qimən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020cü il tarixli, 4(005)-756/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxx 2020-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 3 saylı X11 Komisiyasının arayışından məlum olur ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Cinayət işinə əlaəvə edilmiş xasiyyətnamədə M. Ələkbərova müsbət xarakerizə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1172 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs əlindəki pul kisəsindən aşkar olunmuş maddələr..” və s. yazılar olan paketdəki (N1) 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2.2.32 qram və 0.293 qram, ümumi təmiz çəkisi 2.525 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.682 qram, 0.713 qram və 0.352 qram, ümumi təmiz çəkisi 1.747 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. -üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş maddələr...” və s. yazılar olan paketdəki (N2) 02 ədəd polietilen paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 500 qram və 105 qram, ümumi təmiz çəkisi 605 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd polietilen paketdəki təmiz çəkisi 40 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 ədəd qabarit ölçüləri 11.5 x 6 sm olan elektron tərəzinin səthində narkotik vasitə - heroinin izləri müəyyən edildi. Təqsirləndirilən şəxs məxsus pul kisəsindən aşkar olunmuş 02 bükümdəki metamfetaminlə onun idarə etdiyi avtomobildən aşkar olunmuş 01 ədəd polietilen paketdəki metamfetamin kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər, həmçinin pul kisəsindən aşkar olunmuş 03 bükümdəki heroinlə idarə etdiyi avtomobildən aşkar olunmuş 02 ədəd polietilen paketdəki heroin kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ); Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. N1 paketdə Heroinin ümumi təmiz çəkisi – 1.747 qr., tədqiqata sərf edilmişdir – 0.06 qr., qalıq - 1.687 qr. olmuşdur. Metamfetaminin ümumi təmiz çəkisi - 2.525 qr., tədqiqata sərf edilmişdir – 0.06 qr., qalıq -2.465 qramdır. N2 paketdə Heroinin ümumi təmiz çəkisi – 605 qr., tədqiqata sərf edilmişdir – 0.08 qr., qalıq – 604.92 qramdır Metamfetaminin təmiz çəkisi – 40 qr., tədqiqata sərf edilmişdir – 0,05 qr., qalıq 39.95 qramdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx xxxxxx 2020-ci il tarixli 2325 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyi aşkar olunur, lakin İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 1572 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş üzvi şəxsiyyət pozuntusu cinayət əməli törətdiyi zaman kompensasiya vəziyyətində olduğu üçün o, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarından məlum olur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx xxxx 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması barədə və baxış və götürmə aparılması haqqında protokollardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə saat 20:10 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları, M.İbrahimov küçəsi, 15 saylı fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əlindəki pul kisəsinin içərisindən 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 03 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və idarə etdiyi avtomobildən 02 ədəd polietilen paketdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd polietilen paketdə psixotrop maddə metamfetaminə bənzər maddə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə edilmiş baxış protokolundan məlum olur ki, Cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus bir ədəd «Redmi Note 8» markalı mobil telefon aparatına baxış keçirilmiş və həmin mobil telefonun Whatsap sosial şəbəkəsində Təqsirləndirilən şəxs İran İslam Respublikasına aid 9 mobil nömrənin olması müəyyən edilmişdir. Həmin nömrələrin bir neçəsi ilə narkotik vasitənin alqı satqısı ilə bağlı söhbətlərin olması müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixli “Sənədin cinayət işinə əlavə edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2013-cü ildən 2019-cu il tarixədək İran İslam Respublikasına 18 dəfə giriş və çıxışı vardır. Son 5 dəfə İran İslam Respublikasına giriş-çıxışı isə 2019-cu il tarixdə etmişdir. Bundan başqa 2-də Çinə, 2 dəfə X4, 1 dəfə Türkiyə Respublikasına, 1 dəfə Ukrayna Respublikasına, 3 dəfə isə Gürcüstan Respublikasına giriş-çıxış etmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilməsi, üzərindən olunmuş narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyi barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasi-tələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı ol-ma-yaraq Azərbaycan Respublika--sının qanunvericiliyi ilə müəyyən edilmiş qay-da-ları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü və 132.1.6-cı maddələrinə uyğun olaraq iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs əlindəki pul qabından aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 1.687 qr. narkotik vasitə heroin və 2.465 qr psixotrop maddə metamfetamin, idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 604.92 qr. narkotik vasitə heroin və 39.95 qr. psixotrop maddə metamfetamin və üzərində narkotik vaitə heroinin izləri olan bir ədəd elektron tərəzi məhv edilməli, bir ədəd «Redmi Note 8» markalı mobil telefon, 02 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 109,90 manat ( yüz doqquz manat doxsan qərik) təşkil edir və həmin məbləğdə pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X2 300 manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri "Fides" Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – xx xxxx 2020-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs əlindəki pul qabından aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 1.687 qr. narkotik vasitə heroin və 2.465 qr psixotrop maddə metamfetamin, idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 604.92 qr. narkotik vasitə heroin və 39.95 qr. psixotrop maddə metamfetamin və üzərində narkotik vaitə heroinin izləri olan bir ədəd elektron tərəzi məhv edilsin, bir ədəd «Redmi Note 8» markalı mobil telefon, 02 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 109,90 manat (yüz doqquz manat doxsan qəpik) təşkil edir və həmin məbləğdə pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X2 300 manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri "Fides" Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar