Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1152/2021 29.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 23 avqust 1994-ci ildə Ağcabədi rayonu Xocavənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X2ndə nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15 oktyabr 2020-ci il tarixdə saat 23 radələrində qohumu Şahid2 və tanışı Şahid3 ilə sonuncuların yaşadıqları Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X2 ünvan 3 ünvanının qarşısında alkoqol sərxoşluğu vəziyyətində küçədə avtomobilin musiqisinə yüksək səs verib öz aralarında ucadan söhbət etdiklərinə görə, ona öz iradını bildirən, qonşuluqda yaşayan Şahid1 və Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, yanında olan şəxslərin müdaxilələrinə və səylərinə baxmayaraq Şahid1 və Zərərçəkmiş şəxs irad bildirmələrini və kobud danışmalarını bəhanə gətirərək, üzərində gəzdirdiyi cib bıçağı ilə heç bir ciddi və tutarlı əsas olmadan Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən bıçaq zərbəsi vuraraq ona qarının sol yan divarının boşluğa nüfuz edən, daxili qanaxma və dalağın yaralanması ilə müşaiyət olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan bir ədəd deşilmiş-kəsilmiş yara kimi ağır bədən xəsarəti yetirmiş, bundan sonra qəsdən bir bıçaq zərbəsi də arxadan baş nahiyəsinə vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan başın ənsə nahiyəsinin bır ədəd kəsilmiş yarası kimi, həmin anda Zərərçəkmiş şəxs zərbədən qorumaq üçün sol qolu ilə onun başını qucaqlayan Şahid1 isə sağlamlığının qısa müdətə pozulmasına səbəb olan sol said nahiyəsinin bir ədəd kəsilmiş yarası kimi yüngül bədən xəsarəti yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2020-ci il 15 oktyabr tarixində axşam saatlarında əmisi oğlu Şahid2 və onun qonşusu Qəhərəmanov Elçin ilə birlikdə məhəllərindəki «Fazenda» kafesində ordunun 2-ci Qarabağ Müharibəsində əldə etdiyi döyüş uğurunu qeyd edirdilər. Özü əslən qarabağlı olduğundan döyüş uğurları ona yaxşı təsir etmişdi və öz adi normandan çox spirtli içki içdiyinə görə çox sərxoş idi. Məlum komendant saatı ilə əlaqədar oturduqları kafe bağlandığından məcbur olub saat 21:00-da oranı tərk etdilər. Lakin bundan sonra bir az da əylənmək və həmin günü qeyd etmək məqsədi ilə Elçingilin qapısında onun avtomobilinin arxa yük yerini açıb orada yeyib-içib, səsli müsiqiyə qulaq asırdılar. Elçingil özləri adətən həmin yerdə eyni formada oturub, səsli musiqiyə qulaq asırdılar, yəni o onları təşviq etməmişdi. Elçinlə üzbəüz yaşayan həyətdən əvvəllər üzdən tanısa da, adının İntiqam olmasını sonradan öyrəndiyi cavan bir oğlan çıxaraq yaxınlaşıb bir qədər aqressiv şəkildə iradını bildirərək, artıq gec olduğunu, sakitliyə riayət etməklərini tələb etdi. Sərxoş olduğuna görə İntiqamın belə bir xoş gündə döyüş uğurları qeyd etdikləri vaxt irad bildirməsinə əsəbiləşdi və aralarında mübahisə yarandı. Bu zaman İntiqamgil tərəfdən digər bir qonşu, üzdən tanısa da, adının Zavur olmasını sonradan öyrəndiyi şəxs də onlara yaxınlaşaraq İntiqam tərəfdən çıxış edərək, onu danlamağa başladı və qələbəni döyüş meydanında qeyd etmək, qoçaqlığı döyüşdə göstərmək gərək olduğunu kimi sözlərlə onları təhqir etdi. Zavurun bu sözləri onu lap əsəbiləşdirdi və o da əlini atıb cibindən üzərində gəzdirdiyi balaca suvenir cib bıçağını çıxararaq qaranlıqda Zavura tərəf bir zərbə atdı. Zərbə Zavurun qarın nahiyəsindən dəymişdi. Zavur qarnını tutaraq evinə tərəf geri dönsə də, deyinməyini davam etdirdi və ona hədələr, təhqirlər söyləyərək həyətinə tərəf gedirdi. Bu vaxt Zavuru təqib edib nə demək istədiyini soruşmaq istəyəndə aralarında dartışma baş verdi, həmin vaxt əlindəki bıçaq Zavurun başının arxa hissəsinə dəydi. O bundan sonra qorxub qaçıb oradan uzaqlaşdı. Hadisə baş verərkən içkinin təsirindən sərxoş idi və daha ətraflı olaraq Zavuru necə bıçaqladığını tam xatırlamır. Zavur onun atasıyla eyni yaşdadır və onu bıçaqlamaqda hər hansı bir məqsədi olmayıb, sadəcə sərxoş olduğuna öz hərəkətləri idarə etmək imkanı olmayıb. Hazırda Zavurla barışıb, onun müalicəsi ilə bağlı maddi yardı etmişdir, Zavurda onu ilk gündən bağışlayıb və ona qarşı şikayəti və tələbi yoxdur. Etdiyi əməldən utanır və çox peşmandır. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci il 15 oktyabr tarixdə axşam saat 22 radələrində o evdə olarkən, küçədən səs-küy eşidərək, küçəyə çıxıb gördü ki, qonşuluğunda yaşayan Elçin və Zaur adlı şəxslər küçənin ortasında öz avtomobillərinin arxa yük yerini açaraq spirtli içkilər qəbul etməklə yeyib-içərək ucadan danışaraq nalayiq ünvansız söyüşlər söydükləri üçün qonşuluğunda yaşayan qohumu İntiqam küçəyə çıxaraq onlara iradını bildirməklə sakit olmalarını xahiş edir. İntiqamın bu iradlarını aqressiv qarşılayan, adının Xəyal olması sonradan ona məlum olan şəxs isə İntiqamla dava etməyə başladı. O yaşca onların hamısından böyük olan bir şəxs kimi mübahisəyə müdaxilə edərək, onları sakitləşdirməyə və aralaşdırmağa çalışdıqda, Xəyal qəfildən kəmərinin arxasından çıxardığı bıçaqla onun qarın nahiyəsindən zərbə vurdu. Xəyal sərxoş olduğundan ona əlavə xəsarətlər yetirə biləcəyindən ehtiyatlanaraq, tez arxaya tərəf çönərək, evin istiqamətində qaçmaq istədikdə başının arxa təpə nahiyyəsindən daha bir zərbə də hiss etdi. Çevrilib araxaya baxdıqda gördü ki, Xəyal onu arxadan vurarkən, onu zərbədən qorumaq üçün sol qolunu irəli verən qohumu İntiqamın da sol qolu yaralanıb. Bundan sonra qaçıb öz həyətlərində gizləndilər, Xəyalı isə dostları oradan uzaqlaşdırırdılar. İntiqamla onu bıçaq xəsarəti aldıqlarını görən ailə üzvləri onları avtomobilə əyləşdirərək, xəstəxanaya apardılar. Xəyalın ailə üzvləri tərəfindən baş vermiş hadisəyə görə ondan və ailə üzvlərindən üzr istənilmiş və müalicə ilə bağlı bütün maddi xərclər tam şəkildə ödənilmişdir, hazırda Xəyala qarşı heç bir tələbi və şikayəti yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020ci il 15 oktyabr tarixində əmisi Xəyal və qonşu Elçinlə birgə məhəllələrindəki «Fazenda» kafesində ordunun 2-ci Qarabağ Müharibəsində əldə etdiyi döyüş uğurunu qeyd edirdilər. Həmin kafeni tərk etdikdən sonra o Xəyalla Elçindən kənarlaşaraq evinə getdi. Övladını həkimə apardı. Həkimdən qayıtdıqda Xəyalla qonşuları Zavur və İntiqam arasında dava olduğunu uzaqdan görüb gəlib onları aralamaq üçün qayıtdı onlara tərəf və Elçinlə o, Xəyalın mübahisə etdiyi Zavur və İntiqamdan üzr istəyərək narahat olmamalarını, Xəyalı evlərinə yola salacaqlarını bildirərək, aranı sakitləşdirməyə çalışırdılar. Zavur qışqıraraq bıçaqlandığını bildirərək, kömək çağırmağa başlamışdır. Həmin vaxt ora qaranlıq və qarışıqlıq olduğundan Zavurun hansı arada necə vurulmasını və eyni zamanda İntiqamında neçə vurulmasını görməmişdir. Yaralıları qohumları avtomobilə əyləşdirərək, xəstəxanaya aparmışlar. Baş vermiş hadisə təxminən 5 dəqiqə davam etmişdir. Həmin vaxt Xəyal çox bərk sərxoş vəziyyətdə idi, öz hal-hərəkətlərini idarə edə bilmirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xəyalı hadisənin baş verdiyi gün ilk dəfə idi ki, görürdü və ondan əvvəl onu tanımamışdır. Həmin vaxtlar Bakı şəhəri Binəqədi rayonunda yaşayırdı və hadisənin baş verdiyi gün evində idi. Axşam saatlarında küçədən səs-küy eşitdi və küçədə nə baş verdiyini bilmək üçün evdən çölə çıxdı. Qardaşının qaynatası olan Zavurun evi də onun qaldığı evlə yanbayan idi. Həmin vaxt Zavur da çölə çıxdı və qışqıraraq səs-küy salanlara müharibə şəraitində yaşadıqlarını və şəhidlərin olduğunu deyərək, onlara irad tutdu. Həmin səs-küy salanlar arasında sonradan adının Xəyal olmasını bilən şəxs də var idi. Xəyal bu vaxt Zavuru qucaqlayaraq üzrxahıq etmək istəyərkən Zavurun balaca övladı onlar arasında mübahisə olduğunu və Xəyalın onun atasına zərbə vurduğunu zənn etdi. Bundan sonra da Zavurla Xəyal dalaşmağa başladılar və o da onları aralamağa çalışırdı. Xəyal əlindəki bıçaqla Zavura zərbə vurmaq istəyəndə bıçaq onun qoluna dəydi və o yüngül xəsarət aldı. Xəyal yerə yıxılmışdı və özünü qoruyarkən bu vaxt Xəyal əlindəki bıçaqla Zavurun başından zərbə vurdu, lakin qaranlıq olduğundan ikinci dəfə Xəyalın Zavuru necə bıçaqladığını görmədi. Zavurla Xəyalı aralayanda bıçaq səhvən onun qoluna dəydi. Xəyala qarşı heç bir şikayət və tələbi yoxdur. Zavurla Xəyal mübahisə edərkən 6-7 nəfər şəxs orada idi və onları aralamağa çalışırdı, anlaşılmazlıq nəticəsində Zavurla Xəyal dalaşdı. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.08.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqda seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməklə, cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulanədək dayandırılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.09.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tutulduğundan icraat təzələnmişdir. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işində olan məhkəmə tibbi ekspertizasının 02.02.2021-ci il tarixli 04/1935 saylı rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində olan qarının sol yan divarının boşluğa nüfuz edən, daxili qanaxma və dalağın yaralanması ilə müşaiyət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən, başın ənsə nahiyəsinin kəsilmiş yarası isə kəsici kənara malik iti alətin təsirindən onun Akademik M.Qasımov adına Respublika Kliniki Xəstəxanasına daxil olduğu və qərarda göstərilən 15.10.2020-ci il tarixdə törənmişdirlər, dərəcəsinə görə qarının sol yan divarının boşluğa nüfuz edən, daxili qanaxma və dalağın yaralanması ilə müşaiyət olunan bir ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, başın ənsə nahiyəsinin kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Həmin xəsarətlər zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Cinayət işində olan Zərərçəkmiş şəxs oğlu tərəfindən yazılmış notarial qaydada təstiqlənmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 13-cü bəndində deyilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitersiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə“ Azərbaycan Respublikası Prezidentinin 10 fevrvl 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimaitəhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinipn 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davranışını, zərərçəkmişlə hadisədən dərhal sonra barışmasını və zərərçəkmiş şəxsin də onunla barışmasını və ona qarşı şikayət və tələbin olmamasını və eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini də nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən tərbiyə və islah olunması mümkündür. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və həmin cəzanın şərti olaraq tətbiq edilməsini qərara alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib, törətdiyi cinayətdən utanc hissi keçirməklə, səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödəməsini, zərərçəkmiş şəxsin onunla barışıb, ona qarşı şikayət və tələbinin olmamasını, cəzanı yüngülləşdirən hallar kimi, cinayətin hərbi vəziyyət zamanı törədilməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə edilasi şmlak aşkar etmədi. İş üzrə maddi sübüt və məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməklə, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum edilmə cəzası 2(iki) il sınaq müddəti ilə şərti hesab edilsin, sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclasından azad edilsin. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışına nəzarət Bakı şəhəri Probasiya Xidmətinə tapşırılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1152/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1152/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver