Məhkəmə qərarları › İş №1(101)-1152/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1152/2025

16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1152/2025 16.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X11 (sədrlik edən), hakimlər İmanova Nigar Arzu qızı və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 və X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 04 (dörd) azyaşlı uşağı olan, onlardan üçünün azyaşlı olan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Zəngilan şəhəri, S.Vurğun küçəsi, ev 16-da qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdə saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor yaşayış sahəsi, 4 saylı «TREST»-in həyətində qonşusu Şahid1 ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı sonuncu onu kəsici alət olan rezakla vuraraq döş qəfəsinin arxa səthinin sol yarısının və sol bazunun yuxarı üçdə birinin arxa səthinin kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid yüngül dərəcəli bədən xəsarətləri yetirdikdən sonra Təqsirləndirilən şəxs həmin mübahisə zəminində onun həyat yoldaşı Şahid2 Etiqat qızına və onun üzərinə hücum edən Şahid1 atası Zərərçəkmiş şəxs baş nahiyəsinə əlində olan taxta parçası ilə bir dəfə qəsdən vurub ona qapalı kəllə beyin travması, baş beyin əzilməsi, subaraxnoidal qansızma, sol təpə alın sümüyünün kəllə əsasına keçən sınığı, sol almacıq sümüyünün xətti sınığı, sol təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi-əzilmiş yarası ilə nəticələnən və insan həyatı dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, baş vermiş cinayət hadisələrin təsadüfi axarı zəminində baş vermişdir. Qarşı tərəflə 25 ildir ki, mehriban qonşu olmuş, bir-birinə qarşı ancaq xoş əməlləri olmuşdur. Sadəcə Zərərçəkmiş şəxs oğlu Nicatla aralarında bir sıra mübahisələr olmuşdur. Nicatın bir qədər pis vərdişləri olmuş, müəyyən vasitələrdən istifadə etmiş, bu barədə Nicata irad da tutmuşdur, buna görə də aralarında belə hadisələr baş vermişdir. Son zamanlar isə onun tərəfindən təhqirlərə məruz qaldığına görə aralarında vəziyyət gərginləşmişdir. Hadisə vaxtı Nurəddinə də Nicatın onunla yola getmədiyini demişdir. Sonuncu dəfə Nicat onu çox pis təhqir etmişdir, bunu izahatında da qeyd etmişdir. Hadisə baş verən gün Nurəddin kişinin oğlu Nicatla aralarında baş vermiş mübahisə nəticəsində sonuncu ilə dava etmişlər. Hazırki hadisə isə, Nicatın atasının aralarına girməsi nəticəsində baş vermişdir. Nicatın atasına qarşı heç bir qəsdi olmamışdır. Bu hadisə təsadüfən baş vermişdir. Nurəddinin xəsarət almasından xəbəri olmamış, o özü xəsarət aldığından başını itirmişdir. Mübahisə zamanı Nurəddin kişinin onların arasına girərkən, əlindəki taxtanı xaotik şəkildə fırlatmış, nəticədə həmin taxta Zərərçəkmiş şəxs dəymiş, həmin vaxt Nurəddinə hansı dərəcədə xəsarətin dəydiyini bilməmişdir. 25 il ərzində onların heç bir sözləri çəp gəlməmiş, hər zaman aralarında mehribanlıq olmuşdur. Özünü müdafiə edən zaman bu hadisə baş vermişdir, Nurəddin kişiyə qarşı heç bir qəsdi olmamışdır. Nəticədə zərərçəkmiş şəxslə aralarında barışıq olmuşdur, törətmiş olduğu əməldən peşmandır. Aliə vəziyyətini və işin hallarını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs dörd övladının, böyük övladının 16 yaşı olduğunu demiş, Nurəddini məhz taxta ilə vurduğunu, həmin taxtanı isə mübahisə olan məkana gedərkən yerdən götürmüşdür. Hazırda Digah qəsəbəsində kirayədə yaşayır. Yaşadığı yerdən köçməyinin səbəbi başına yeni hadisələrin gəlməməsi, münaqişənin yenidən genişlənməməsi olmuşdur. Məcburi köçkündür, işğalan azad olunmuş Zəngilan rayonuna ailəliklə köç etmələri ilə bağlı olaraq İcra Hakimiyyətindən ona məlumat verilmişdir. Hazırda heç bir işlə məşğul deyil, qohumlarının köməyi ilə dolanır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hər zaman Təqsirləndirilən şəxsla mehriban qonşu olmuşlar. Elnurun atası Vidadinin balalarını öz balası bilmiş, aralarında heç zaman söz-söhbət olmamışdır. Hadisədən əvvəlki gün axşamçağı saat 17:00 radələrində evdən getmiş, bir də səhəri gün saat 22:00 radələrində evinə qayıtmışdır. Oğluna zəng edərək harada olduğunu soruşmuş, Nicat da ona evdə olmadığını dedikdə ona harada olursa-olsun evə gəlməyini demiş, oğlu da evə gəlmişdir. O, evdə olmayanda hansısa bir hadisə baş vermişdir, oğlundan hadisənin səbəbini soruşanda Nicat ona qapının ağzında zibil yandıranda Elnurun yoldaşı çıxaraq zibili qapıda yandırmamağını, tüstünün onların evinə getdiyini bildirməsini söyləmişdir. O, da oğluna tüstünün bir-iki dəqiqə olduğunu deyərək, oğluna bu məsələyə fikir verməməsini bildirmişdir. Bütün söhbət də belə olmuşdur. Bundan sonra isə, oğlu ilə Elnur arasında mübahisə baş vermiş, mübahisənin əvvəlində evdən çölə çıxmamışdır. Daha sonra mübahisə qızışanda həyətə düşmüşdür. Bu zaman Elnur oğlunu taxta parçası ilə sinəsindən vurmuş, oğlu da bu zərbənin təsirindən yerə yıxılmışdır. İkinci dəfə Elnur oğluna taxta ilə zərbə vurmaq istəyərkən o, oğluna kömək etmək üçün araya girmişdir. Həmin taxta parçasının zərbəsi bu dəfə ona dəymişdir. Hadisənin gedişatı zamanı oğlu Elnura xəsarət yetirib-yetirmədiyini həmin vaxt bilməmiş, 2 gün sonra bilmişdir ki, hadisə vaxtı əvvəlcə oğlu Nicat Elnura xəsarət yetirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs həmçinin məhkəməyə notarial qaydada ərizə təqdim edərək Təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Şahidlər Şahid2 Etiqat qızı, Şahid3 və Şahid1 məhkəməyə teleqramlar göndərərək üzürlü səbəbdən məhkəmə iclaslarına gələ bilmədiklərini və ibtidai istintaq dövründə verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişdilər. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid2 Etiqat qızı ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdə saat 23:00 radələrində işdən evə gəlmiş, həmin vaxt qonşuları Nicat yenə küçədə ərinə və onlara qarşı nalayiq ifadələr işlətmiş, onda Elnur pəncərədən ona baxdıqda Nicat bildirdi ki, «kişi deyilsən, düş aşağı». Elnur isə onun bu sözündən sonra məhləyə düşmüş, o və qızı Dəniz isə onlar arasında dava olmasın deyə onun arxasınca getmişlər. Qızını onlara çox yaxınlaşmağa qoymamış, o, bir qədər kənarda durmuşdur. Elnur Nicatın üstünə gedərək əsəbi şəkildə ona niyə təhqir etdiyini, niyə söydüyünü soruşmuş, onda Nicat ona bildirmişdir ki, «sən mənim qaqamsan».Elnur isə ona bildirmişdir ki, «mən sənin qaqanamsa mənim ailəmi, məni niyə söyürsən». Həmin vaxt Nicatın atası Nurəddin onların səslərinə çölə çıxaraq nə olduğunu soruşmuş, Nicatın atası Nurəddin gələndən sonra onunla Elnur söhbət edən zaman Nicat bir qədər arxaya çəkilib şalvarının arxa cibindən rezak çıxarmış, yoldaşı Elnur həmin vaxt onun hücum edəcəyini başa düşmüş və yerdən taxta parçası götürüb əlində saxlamışdır. Elnur taxtanı götürəndə o, qorxmuş və onlara dalaşmamaları üçün qışqırmışdır. Nicat əlində rezakla onun üzərinə gəldikdə Elnur arxasını Nicata çevirib onu müdafiəyə etmişdir. Həmin vaxt Nicat Elnurun kürəyindən rezakla vurmuşdur. Bundan sonra Nicatın atası Nurəddin onun üsdünə qaçmağa başlamış, bu zaman yoldaşı Elnur onu qorumaq üçün əlində olan taxta ilə Nurəddinin başından vurmuşdur. (cild. 1, i/v 124-125) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid3 ifadəsində anası Şahid2 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. (cild 1, i/v 122-123) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Nərimanov rayonu, 4 saylı TREST-nin həyətində məcburi köçkün fərdi yaşayış evlərində yaşayır. Həmin vaxtdan onların qonşuluqda Təqsirləndirilən şəxs yaşamışdır. Belə ki, 2017-ci ilin yay aylarına kimi onunla yaxın münasibətləri olmuş və aralarında heç bir düşmənçilik olmamışdır. 2017-ci ildən onun yoldaşı ilə arasında yaranmış mübahisədən sonra Elnur onunla soyuqlaşmış və bundan sonra Elnur onu dəfələrlə polisə vermiş polis isə xırda məişət davaları olduğu üçün onu şifahi tənbeh edib buraxmışdır. 03 iyul 2024-cü ildə yaşadırları evin həyətində abadlıq işləri aparırmış. Bu səbəbdən yerdə olan zibilləri yandırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs arvadı həyətə çıxaraq ona qışqırmış və yandırmamasmı bildirmişdir. Bundan sonra isə o, onun üsdümə qışqırdığı üçün onu acıladığını bildirmişdir. Həmin vaxt Elnurda pəncərədən çıxmış və onunla qışqıra-qışqıra danışmamağa başlamışdır. O da həmin vaxt əsəbləşmişdir. Qeyd etmişdir ki, onun əlində oboy kəsən (rezak) var idi. Həyətdəki ağacları onunla təmizləyimiş. Bundan sonra Elnur əlində bir ədəd taxta parçası alaraq həyətə düşmüş və iti addımlarla onunla üzbə üzə gəlmişdir. Həmin vaxt o, Elnurun özünə söyərək bildirmişdir ki, mənimlə qışqıra-qışqıra danışmasın. Elnurda həmin vaxt onun ünvanına söyüşlər söymüş və o, nəhlət şeytana deyib ondan aralaşmaq isdədikdə Elnur sağ əlində olan taxta parçası ilə sinəsinin sol nahiyəsindən zərbə endirmişdir. Elnur onu taxta ilə vuran kimi o, əlində olan rezakla onu vurmağ üçün ona tərəf uzatmışdır. Ona vurduğu rezak onun arxa hissəsindən tutmuşdur. Həmin vaxt onların səsinə atası Zərərçəkmiş şəxs çıxmışdır. Bu zaman Elnurun yoldaşı yerdən əli ilə toz götürüb atasının gözünə atırmış. Atası isə onları aralamaq üçün gəlmişdir, lakin, Elnur ataı onlara tərəf gəldikdə əlində olan taxta parçası ilə bir dəfə başından zərbə endirmiş, atası isə yerə yıxılmışdır. Ondan sonra 17-ci polis bölməsinin əməkdaşları onu aparmış, olanlardan heç bir xəbəri olmamışdır. Onu polis bölməsinə apardıqdan sonra atasını təcili tibbi yardım maşını aparmışdır. Bildirmişdir ki, onun hazırda da Elnurla düşmənçiliyi yoxdur. Onun tanıdığı yalnız qonşuları Şəbinə xanım olmuşdur. Hava qaranlıq olduğu üçün o, onları tanımamışdır. Qeyd etmişdir ki, həmin şəxslərdə onları aralaşdırmağa çalışırmışlar. (cild 1, i/v 111-113) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 01); 05 iyul 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X7” Hüquqi Şəxsin 782 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər-döş qəfəsinin arxa səthinin sol yarısının və sol bazunun yuxarı üçdə birinin arxa səthinin kəsilmiş yarası-kəsici alətin ola bilsin bıçağın tiyəsinin iti kənarının təsirindən törənmiş, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil (cild 1, iş vərəqə 24- 25); 16 iyul 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X7” Hüquqi Şəxsin 825 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-qapalı kəllə beyin travması baş beyin əzilməsi, subxoaraxnoidal qansızma, sol təpə alın sümüyünün kəllə əsasına keçən sınığı, sol almacıq sümüyünün xətti sınığı, sol təpə nahiyəsinin yumuşaq toxumalarının əzilməsiəzilmiş yarası-küt əşyanın təsirindən törənmişdir, qərarın iəsviri hissəsində qeyd olunan 03 iyul 2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil (cild 1, iş vərəqə 28-29); “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqə 52); 25 dekabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 14:30 da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 57). “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqə 71); 25 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqə 72); 27 dekabr 2024-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1554/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 mart 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 92-93); Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 98); Zərərçəkmiş şəxs Nərimanov RPİ-yə ünvanlanmış 29 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 1, iş vərəqə 110); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsin 15 yanvar 2025-ci il tarixli 98 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. E.V.Babavev cinayət amilini olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqə 133-134); “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqə 138-139); 28 fevral 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilərək şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixdə Elnur Babayein əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin məcəllənin 126.2.4-cü maddəsinə tövsif olunaraq həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs cinayət məcəllənin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın sonrakı mərhələsində əlavə istintaq hərəkətləri aparılaraq sübutlar toplanmış və müəyyən edilmişdir ki, aralarında mübahisə başlayan zaman əvvəlcə Şahid1 Həsən oğlu Təqsirləndirilən şəxs bıçaqla vuraraq döş qəfəsinin arxa səthinin sol yarısının və sol bazunun yuxarı üçdə birinin arxa səthinin kəsilmiş yarası ilə müşayət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül xərər vurmaya aid yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs əlində olan taxta ilə Şahid1 atası Zərərçəkmiş şəxs bir dəfə başından vuraraq ağır dərəcəli bədən xəsarəti yetirmişdir (cild 1, iş vərəqə 158-165); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 4(005)- 262/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək 26 mart 2025-ci il tarixədək uzadılmışdır (cild 1, iş vərəqə 187-191). 09 aprel 2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Şahid2 Etiqat qızı ilə 2008ci ildən nikahdadır və himayəsində xx.xx.2008-cü il təvəllüdlü Şahid3, xx.xx.2011-ci il təvəllüdlü Babayeva Nilay, xx.xx.2013-cü il təvəllüdlü Babazadə Mahinur və xx.xx.2017-ci il təvəllüdlü Babazadə Alpər adlı övladları var. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə ittihama daxil olan cinayət əməlinin tövsifi məsələsini təhlil etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdə aralarında yaranmış mübahisə nəticəsində əlində olan taxta parçası ilə bir dəfə X1 zərbə vurmaqla ona dərəcəsinə görə ağır bədən xəsarəti yetirmişdir. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin yetirdiyi zərbə nəticəsində almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiqini tapmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun əməli qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlidir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza həddini və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yaşını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməldən peşman olmasını, himayəsində dörd uşağının olmasını, onlardan üçünün azyaşlı olmasını, həmçinin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs himayəsində dörd uşağının olmasını, onlardan üçünün azyaşlı olmasını, habelə zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, sözügedən hadisə baş verməmişdən öncə yaşanmış mübahisə zamanı onun özünün də zərərçəkmişin oğlunun qanunsuz hərəkələri nəticəsində yüngül dərəcəli bədən xəsarəti alması və digər yüngülləşdirici halların məcmusunu nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və onun ailəsini ciddi məhrumiyyətlərə düçar edər ki, buda belə bir şəxs üçün kifayət qədər ağır cəza olar. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2024cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş (cild 1, i/v: 72) və həmin tarixli qərarla təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v: 92- 93). Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-262/2025 saylı 04 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmişdir (cild 1, i/v: 187-191) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülsün. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamil Əliyev Hakimlər Nigar İmanova Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar