Məhkəmə qərarları › İş №1(101)-1153/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1153/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1153/2021 26.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X1 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər X4 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 nümayəndəsi - fərdi fəaliyyət göstərən vəkil Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, 10 mart 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal RPİ Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib, sonuncunun inam və etibarını qazanaraq Zərərçəkmiş şəxs1 oğlu X10 İşlər orqanlarında işə qəbul olunmasına köməklik göstərməsi barədə ona müraciət etdikdə, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda, yalandan sonuncunu qeyd edilən orqanda işə düzəltmək imkanına malik olması görüntüsü yaratmaqla, əslində həmin pulu ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 aldadaraq, vahid niyyətlə əhatə olunanan qəsdlə 2018-ci ilin iyul ayının əvvəlində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Zərərçəkmiş şəxs1 bağban işlədiyi 1533 saylı bağ evində 5.000 (beş min) manat, bundan on gün sonra təxminən 2018-ci ilin iyul ayının axırlarında həmin ünvanda 2.000 (iki min) manat olmaqla, ümumilikdə ona məxsus 7.000 (yeddi min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra DTX) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbər vəzifəli şəxsləri ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanaraq, Zərərçəkmiş şəxs2 DTX-nin İstintaq Baş İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə 09.05.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 167-3.1, 214-1 və 218.2-ci maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmiş oğlu Babək Məmmədlini azadlığa buraxılmasına köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda, yalandan sonuncunun azadlığa buraxılmasına köməklik göstərmək imkanına malik olması görüntüsü yaratmaqla, əslində həmin pulu ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 aldadaraq, vahid niyyətlə əhatə olunanan qəsdlə 2020-ci il fevral ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Bulaq” restoranında 20.000 (iyirmi min) manat, 2020-ci il mart ayının əvvəllərində həmin ünvanda Zərərçəkmiş şəxs2 kürəkəni Şahid2 vasitəsilə göndərdiyi 20.000 (iyirmi min) manat, 2020-ci ilin mart ayının ortalarında Babək Məmmədlinin azadlığa buraxıldıqdan sonra şikayət olmaması üçün sonuncu ilə birlikdə tutulan şəxslərdən bir neçəsini də azadlığa buraxdırmaq adı ilə həmin ünvanda 20.000 (iyirmi min) manat, Bəbək Məmmədliyə həbsdə saxlanıldığı təcridxanada yaxşı baxılması adı ilə Zərərçəkmiş şəxs2 qızı Şahid3 vasitəsi ilə Şahid4 məxsus “Kapital Bank”a aid kart hesabına 30.03.2020-ci il tarixdə göndərdiyi 324 (üç yüz iyirmi dörd) manat, 31.03.2020-ci il tarixdə göndərdiyi 710 (yeddi yüz on) manat olmaqla, cəmi 1034 (min otuz dörd) manatı Salyan rayonunun ərazisində Şahid4 vasitəsilə nağdlaşdırmaq yolu ilə, Babək Məmmədlinin işi ilə bağlı guya prokurorluqda yaranmış problemi həll etmək adı ilə 02 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən «Üç Tac» yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs2 kürəkəni Şahid2 vasitəsilə göndərdiyi 6.000 (altı min) manat olmaqla, ümumilikdə ona məxsus 67.034 (altmış yeddi min otuz dörd) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 yalan danışır. Belə ki, o, Rəşidin qızı ilə Tovuz rayonunda deyil, sosial şəbəkədə tanış olmuşdur. Tovuza bir dəfə ayın 7-də getmişdir. O, özü uzun müddət dövlət qulluğunda işləmiş, ozünün də maddi durumu yaxşı olmuşdur. O, Tovuza gedəndə işıq idarəsinin qabağında maşını saxlamış, Firuzə də maşınını orada saxlamış və onun maşınına minərək restorana getmişlər. Orada Firuzə ilə aralarında mübahisə yaranmışdır. Sonra dəfələrlə Bakıda görüşmüşlər. Firuzənin böyük əkiz bacısı və yeznələri ilə birlikdə görüşmüşlər, aralarında sıx münasibətləri olmuşduyr. İbtidai istintaq zamanı da Firuzənin əkiz bacısının maşın gətirmək üçün 7000 manat pul verdiyini demiş, həmin vaxt pandemiya dövrünə təsadüf etdiyinə görə maşın gətirmək mümkün olmamışdır. Sonradan isə o, həmin pulu hissə-hissə qaytarmışdır. Sonuncu dəfə 800 ABŞ dollarını “Üç Tac» deyilən yerdə qaytarmışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, Zərərçəkmiş şəxs1la bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilir, Fərhaddan həqiqətən də hissə-hissə 7000 manat pul almışdır və həmin pulu qaytara bilməmişdir, ancaq Fərhadın pulunu qaytaracaqdır. Zərərçəkmiş şəxs2la bağlı epizodu qəbul etmir. Belə ki, onun Zərərçəkmiş şəxs2 qızı Firuzə ilə təxminən 8-9 ay münasibəti olmuş, sonra qızla münasibətlərinin alınmayacağını görüb ondan ayrılmışdır. O, nə Zərərçəkmiş şəxs2, nə də kürəkənindən pul almamışdır. Onlar oğlunun işi ilə bağlı Bəşir adlı şəxsə pul verdiyini həmişə ona demişlər. Həmin Bəşiri də onlarla qızı tanış etmişdir. Firuzə ona qardaşının işi ilə məşğul olan Azər adlı vəkilin heç bir iş görmədiyini, əgər tanış vəkil varsa, onunla müqavilə bağlamaq istədiklərini bildirmiş, o da, vəkil Nüşabə xanımın yanına gəlmiş və onunla müqavilə bağlamışlar. Firuzə ilə tanışlıqlarının 4-cü ayında qız ona qardaşının həbs olunduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamlar üzrə özünü qismən, yəni yalnız Zərərçəkmiş şəxs1 epizodu üzrə təqsirli bilmiş, Zərərçəkmiş şəxs2 epizodu üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən 2017-ci ilədək Daxili işlər orqanlarında Bakı şəhərinin müxtəlif rayonlarında sıravi polis nəfəri kimi xidmət etmiş və öz istəyi ilə DİO-dan xaric olunmuşdur. 2018-ci ilin yay aylarında Mərdəkan qəsəbəsindəki bağ evlərindən birində kirayədə yaşayan qohumugildə olarkən təsadüfən orada bağban işləyən Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, söhbət zamanı Fərhad onun polis işlərini yaxşı bildiyini və polis işçisi olan tanışlarının olduğunu bilib, oğlu Yusifin polis orqanlarına işə düzəlməsində köməklik etməyi xahiş etmişdir. O da, bu işdə köməklik edəcəyini və maraqlanıb bir söz deyəcəyini bildirmiş, maraqlanıb qiymətin təxminən 7-10 min manat civarında olduğunu öyrəndikdən sonra Fərhada bildirmişdir ki, oğlunun işini 7000 manata həll edə bilər. Fərhad razılaşdığından həmin işin həll olunması üçün 2018-ci ilin iyun ayında Mərdəkan qəsəbəsindəki bağ evində Fərhaddan əvvəlcə 5000 manat, təxminən 10 gün sonra həmin ünvanda ya Fərhaddan, ya da səhv etmirsə Fərhadın arvadından 2000 manat pul almış və Fərhada həmin işi qısa zamanda həll edəcəyini bildirmişdir. Lakin həmin ərəfədə pula ehtiyacı olduğundan Fərhaddan aldığı 7000 manat pulu heç kimə verməyib şəxsi ehtiyaclarına xərcləmişdir. Fikirləşmişdir ki, sonradan pul tapıb Fərhadın oğlunun işinin həll olunmasında Fərhada köməklik edər. Lakin imkanı olmadığından həmin işi həll edə bilməmiş və pulu da qaytarmamışdır. Etdiyi əmələ görə səmimi peşmandır. Digər cinayət epizodu üzrə istintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 2020-ci ilin fevral ayında əslən Tovuz rayonundan olan Şahid3 ilə sosial şəbəkədə tanış olmuş, söhbət zamanı aralarında mehriban münasibət yaranmış, Firuzə onun əvvəllər ailəli olduğunu, boşandığını və 2 azyaşlı övladının olduğunu bilmişdir. Bir müddət danışıb söhbət etdikdən sonra Firuzənin subay olduğunu bildiyi üçün ailə qurmaq məqsədilə münasibəti davam etdirmiş və Firuzə ilə ilk dəfə 08.02.2020-ci il tarixdə Tovuz rayonuna gedib görüşmüşdür. Firuzə ailəsi barədə söhbət edərkən qardaşı Babəkin DTX tərəfindən həbs edilməsini və Babəkin azadlığa buraxılması üçün əllərindən gələni etdiklərini demişdir. O da, biganə qalmamaq üçün Firuzəyə qardaşı üçün yaxşı vəkil lazım olduğunu, tanıdığı Nüşabə adlı vəkilin nəsə köməklik edə biləcəyini demiş və 1500 manat verib Nüşabə ilə Babəkin müdafiəsi üçün müqavilə bağlamışdır. Nüşabə 3 dəfə olmaqla istintaq təcridxanasında Babəklə görüşüb söhbət etmiş, hətta bir dəfə də Babəkə verməsi üçün Nüşabəyə 100 manat pul vermişdir. Bundan başqa Babəkin məhkəməsi olduqda Firuzənin əkiz bacısı ilə birgə orada olduğunu bildiyi üçün məhkəməyə getmiş, lakin proses təxirə salınmışdır. Buna baxmayaraq Firuzə narahat və narazı formada hər dəfə Nüşabənin nə köməklik etdiyini soruşmuş, o isə, proses olduqda Nüşabənin nəsə edə biləcəyini demişdir. X5 imtina etdiyi üçün Nüşabə ilə müqaviləyə xitam verilmiş, Firuzə də onun Nüşabəyə verdiyi puldan 1000 manat ona qaytarmışdır. Belə ki, təxminən 2020-ci ilin mart ayının sonlarında Firuzə 1000 manat pulu qaytarmaq istədikdə Salyan rayonunda olmuş, buna görə də çoxdan tanıdığı Salyan rayonunda bankda işləmiş dostu Şahid5 zəng edib Salyanda bir tanış olsa, onun kartına pul yüklənsə, sonradan həmin pulun çıxarılıb ona çatdırılmasını xahiş etdikdə, Elnur razılaşmışdır. Bir qədər sonra Elnur Şahid4 adlı şəxsə məxsus kartın şəklini ona göndərmiş, o da, həmin şəkli Firuzəyə göndərdiyi üçün Firuzə 1000 manat pulu karta yükləmişdir. Bundan sonra Elnura pulun yükləndiyini demiş və tanımadığı taksi sürücüsü həmin pulu ona çatdırmışdır. Həmin ərəfədə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Bulaq” restoranında Firuzənin atası Rəşid və bacısının əri Şahid2la görüşmüşdür. Həmin görüş vaxtı ilk dəfə Rəşid və Kənanı görüb tanımış, belə ki, Firuzə atasına onu öz rəfiqəsinin dostu kimi təqdim etmişdir. Firuzə onun bu işə can yandırdığını görüb və keçmiş polis əməkdaşı olduğunu bilib öz atasına həbsdə olan qardaşının işi ilə bağlı onunla söhbət etməyi məsləhət bilmişdir. Söhbət zamanı nəticə etibarı iilə öz dost-tanışına bu barədə danışacağını, nə köməklik lazımdırsa, əlindən gələni əsirgəməyəcəyini demişdir. Bundan sonra Rəşidi görməmiş, Kənanla isə həmin görüşdən 5 gün sonra Əhmədlidə görüşüb söhbətləşmiş və münasibət yarandığı üçün tez-tez görüşməyə başlamışlar. Artıq Kənan onun Firuzə ilə ailə qurmaq istədiyini bilmişdir, buna görə də tanışlıq məqsədilə «Asiman» şadlıq sarayında o, Firuzə, 2 bacısı və kürəkəni Kənanla oturub çörək də yemişlər. Kənanla münasibət olduğu üçün Kənan ondan 1500 manat borc istədikdə vermiş, bundan başqa Kənan yeni tikili binada mənzil alıb təmir etdikdən sonra satıb birgə qazanc əldə etmək üçün ilkin olaraq mənzili almaq məqsədilə 2000 manat beh kimi ondan pul da almışdır, lakin Kənan aldığı cəmi 3500 manat puldan 600 manat qaytarmış, qalanını verməmişdir. Həmin 600 manatın 300 manatını onun borclu olduğu Firuzənin əkiz bacısına ödəmişdir. Belə ki, onun pulu az olduğundan avtomobil alqı-satqısında işləri alınmamış, bu məqsədlə Firuzə ilə danışdıqda, Firuzə əkiz bacısından pul alıb verəcəyini demişdir. Firuzə Bakı şəhərində əkiz bacısıgildə olduqda onları Yasamal rayonu “Üç tac” adlanan binanın qarşısından götürüb böyük bacısıgilə Əhmədliyə aparanda yolda əkiz bacısı ona 5000 manat pul vermiş, həmçinin vəkil Nüşabəyə qardaşı Babəkə çatdırması üçün verdiyi 100 manat pulu da qaytarmışdır. Həmin 5000 manatı ona verdikdə, söhbət zamanı Firuzənin əkiz bacısı özünə “Hyundai Veloster” markalı avtomobil almaq istədiyini və köməklik etməyi xahiş etdikdə, həmin pulla avtomobil təşkil edəcəyini, qalan pulu isə aybaay verəcəyini demiş və razılaşmışlar. Bundan başqa, əkiz bacısı ona təxminən ***-**** dollar da pul vermişdir. Lakin sonradan araları dəydiyindən 3500 manat pulu əkiz bacısına qaytarmış, qalan pulu isə Kənan ona olan borcunu qaytarmadığı üçün o da qaytarmamış və pulu Kənandan almağı bildirmişdir. Qeyd etmişdir ki, Firuzə evlilik məsələsinin tezləşdirilməsini tələb etmiş, Tovuz rayonuna görüşə gəlmədiyini demiş, o da, yetim olduğunu, boşandığını, hələ tələsməməyi dedikdə, bu mövzularda aralarında mübahisələr yaranmış, buna görə də araları dəymişdir. O, artıq Firuzə ilə maraqlanmadıqda, Firuzə onu da qardaşının yanına həbsə göndərəcəyini deyib, onu şərləməyə başlamışlar. Rəşidi 1 dəfə görmüş, onunla heç bir alış-verişi olmamışdır. Zərərçəkmiş şəxs2 göstərdikləri yalandır, Rəşidin oğlunu həbsdən azad etdirmək üçün heç bir pul almamış, Rəşidin qızı Firuzə ilə ailə qurmadığı üçün ona qarşı böhtan atmışlar. Kənan isə özü ondan cəmi 3500 manat pul almış, ona heç bir məbləğdə pul verməmişdir. Firuzə də onun göndərdiyi kart hesabına 1000 manat pul göndərmiş, həmin pul da onun vəkil Nüşabəyə verdiyi puldur ki, ona qaytarmışdır (Cild 2, iş vərəqi 70-72). Tədqiq olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2la bağlı epizodu qəbul etmədiyini, Rəşidin oğlunu həbsdən azad etdirmək üçün ondan pul almadığını, qızı Firuzə ilə ailə qurmadığı üçün ona qarşı böhtan atıldığını, Kənanın ona heç bir məbləğdə pul vermədiyini, Firuzənin onun göndərdiyi kart hesabına 1000 manat pul göndərdiyini, həmin pulu vəkil Nüşabəyə verdiyini bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2018-ci ildə Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin ərəfədə oğlu Yusifi Daxili işlər orqanına işə düzəltmək istəmiş, Şamxalı işgüzar adam kimi tanıdığından ona bu barədə danışmışdır. Şamxal vəzifədə işləyən tanışlarının olduğunu və həmin tanışlarının köməyi ilə oğlu Yusifi polis orqanna işə düzəldə biləcəyinə vəd vermiş, bunun üçün 7000 manat pul lazım olduğunu demiş, o da, təklifə razılaşmışdır. 2018-ci ilin iyul ayında Şamxal onun oğlu Yusifin polis orqanna işə düzəlməsi üçün tanışları ilə danışdığını və təcili 5000 manat pul lazım olduğunu demiş, qalan 2000 manatı isə Yusifin əmri çıxdıqdan sonra verəcəyini bildirmişdir. O da, Şamxala inandığından qohumtanışlarından borc alıb 5000 manat pulu bağban işlədiyi Mərdəkan qəsəbəsində yerləşən bağ evində arvadı Samirənin yanında Şamxala vermişdir. 10 gün sonra Şamxal zəng edib oğlu Yusifin işinin düzəlmək üzrə olmasını deyib, təcili olaraq qalan 2000 manatı da istəmiş, həmin 2000 manatı kadrlar şöbəsinə verəcəyini bildirmişdir. O da, çarəsiz qalıb 2000 manat pul taparaq yenə Mərdəkan qəsəbəsində yerləşən bağ evində Şamxala vermişdir. Bundan sonra Şamxal işin tezliklə həll olunacağını deyib vaxtı uzatmış və pulunu hələ də qaytarmamışdır. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən, onun Zərərçəkmiş şəxs1 həyat yoldaşı olduğu və ərinin ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (Cild 2, iş vərəqi 7-8). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 09 may 2019-cu il tarixdə Tovuz rayonunda Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğlu Babək Məmmədli də tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. O da, valideyn kimi oğlunun həbsdən azad edilməsi üçün müxtəlif şəxslərə müraciət etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. 2020-ci ilin yanvar ayının ortalarında qızı Şahid3 Tovuz şəhərində olan mağazaların birindən alış-veriş edən zaman Şamxal adlı şəxsin ona yaxınlaşıb ailə qurmaq niyyətində olmasını bildirmişdir. Bildiyinə görə, qızı ilə Şamxal bir müddət danışmış, sonradan qızı anasına bu barədə məlumat vermişdir. Həmçinin, Firuzə Şamxal ilə söhbət zamanı qardaşı Babəkin DTX tərəfindən tutulmasını bildirmiş, Şamxal da Babəkin işi barədə və onunla birlikdə tutulan şəxslər barədə məlumatlar öyrənib Firuzəyə dediyi üçün qızı Şamxala inanmışdır. Şamxal Babəkin azadlığa buraxılmasına köməklik edə biləcəyini qızına dediyi üçün bu barədə ona danışmış və o, Şamxalla görüşmək qərarına gəlmişdir. 2020-ci il fevral ayının sonlarında bu məqsədlə Binəqədi rayonu ərazisində yerləşən “Bulaq” restoranında kürəkəni Kənanla birlikdə Şamxalla görüşmüşdür. Həmin görüşdən qabaq Şamxal oğlu Babəkin azadlığa buraxılması üçün 40000 manat pul lazım olduğunu demişdir. Lakin görüşə o, 20000 manat pulla gəlmişdir. Söhbət zamanı Şamxal DTX və DİN-də rəhbər vəzifəli şəxslərlə əlaqəsinin olduğunu deyib, onların vasitəsilə Babəki azadlığa buraxdıracağını bildirmiş, bundan sonra «Bulaq» restoranında kürəkəni Kənanın yanında 20000 manat pulu o, Şamxala vermiş, qalan 20000 manatı isə 1 həftəyə verəcəyini dedikdə Şamxal razılaşmışdır. Bundan 1 həftə sonra Şamxal qalan pulu istədiyi üçün kürəkəni Kənan onun Bakıdakı evindən 20000 manat pul götürüb 2-ci dəfə yenə də «Bulaq» restoranında Şamxalla görüşüb pulu sonuncuya vermişdir. Şamxal da 31 mart tarixə kimi Babəki azadlığa buraxdıracağını demişdir. Təxminən 5 gün sonra Şamxal zəng edib əlavə 20000 manat pul lazım olduğunu demiş və bildirmişdir ki, həmin pulu əlavə olaraq yüksək rütbəli şəxslərə verməlidir ki, Babəkdən başqa onunla tutulan şəxslərdən 3-4 nəfəri də buraxdırsın ki, gələcəkdə bununla bağlı şikayət olmasın. O da, kürəkəni Kənana dediyi üçün Kənan 20000 manat pulu Bakıdakı evindən götürüb 2020-ci ilin mart ayının ortalarında 3-cü dəfə yenə də «Bulaq» restoranında Şamxal ilə görüşmüş və daha 20000 manat pulu Şamxala vermişdir. Bir neçə gün sonra Azərbaycanda pandemiya olduğu üçün Şamxal məhkəmə proseslərinin dayandırıldığını, buna görə işlərin uzandığını bildirmişdir. Sonra Şamxal yenidən onunla telefon əlaqəsi saxlamış və prokurorluqda işlə bağlı problem yarandığını və əlavə olaraq 6000 manat pul lazım olduğunu bildirmişdir. O, əlavə olaraq 6000 manat pulu Bakı şəhərinə göndərmiş və Kənan da həmin 6000 manat pulu 2020-ci ilin mart ayının 18-də Bakı şəhərində "Qələbə" dairəsinin yaxınlığında 4-cü dəfə görüşüb Şamxala 6000 manat pulu vermişdir. Bundan sonra eşitmişdir ki, qızı Firuzə də qardaşı Babəkin işindən ötrü Şamxala kart vasitəsi ilə 1000 manat pul göndərmiş, Firuzə Şamxala 1000 manat pulu Şahid4 adına olan karta göndərmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs dələduzluq yolu ilə onun 67000 manat pulunu ələ keçirmiş, bu günə kimi geri qaytarmamış və verdiyi vədə əməl etməmişdir. 2020-ci ilin iyun ayında Babəkin azadlığa buraxılması məsələsi uzandığı üçün artıq məlum olmuşdur ki, Şamxal onu aldatmışdır. Bunu Şamxala dedikdən sonra sonuncu əlaqəni kəsmiş, zənglərə cavab verməmiş və aldığı pulları qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Zərərçəkmiş şəxs2 həyat yoldaşı olduğunu bildirərək, ərinin ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qayınatasıdır. X11 09 may 2019-cu il tarixdə Tovuz rayonunda Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilmişdir. Qaynatası valideyn kimi oğlunun həbsdən azad edilməsi üçün müxtəlif şəxslərə müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. 2020-ci il yanvar ayının ortalarında baldızı Şahid3 Tovuz şəhərində olan mağazaların birindən alış-veriş edən zaman Şamxal adlı şəxs ona yaxınlaşmış və Firuzə ilə ailə qurmaq niyyətində olmasını bildirmişdir. Firuzə ilə Şamxal öz aralarında bir müddət danışmış, sonradan Firuzə anasına bu barədə məlumat vermişdir. Firuzə Şamxalla söhbət zamanı qardaşı Babəkin DTX tərəfindən tutulması barədə demiş, Şamxal da Babəkin işi barədə və onunla birlikdə tutulan şəxslər barədə məlumatlar öyrənib Firuzəyə dediyi üçün Firuzə ona inanmışdır. Şamxal Babəkin azadlığa buraxılmasına köməklik edə biləcəyini dediyi üçün qaynatası Rəşid bu barədə bilmiş və Şamxalla görüşmək qərarına gəlmişdir. 2020-ci ilin fevral ayının sonlarında o, qaynatası Rəşidlə birlikdə Binəqədi rayonu ərazisində yerləşən “Bulaq" restoranında Şamxalla görüşmüşlər. Hələ həmin görüşdən qabaq Şamxal qaynı Babəkin azadlığa buraxılması üçün 40000 manat pul lazım olduğunu demiş, lakin onlar görüşə 20000 manat pulla gəlmişlər. Görüşdə söhbət zamanı Şamxal Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinin rəhbər vəzifəli şəxsləri ilə əlaqəsinin olduğunu deyib, onların vasitəsilə Babəki azadlığa buraxdıracağını bildirmiş, bundan sonra «Bulaq» restoranında onun yanında qaynatası Zərərçəkmiş şəxs2 20000 manat pulu Şamxala vermişdir. Qalan 20000 manatı isə 1 həftəyə verəcəyini dedikdə Şamxal razılaşmışdır. Bundan 1 həftə sonra o, qaynatası Rəşidin Bakıdakı evindən 20000 manat pul götürüb 2-ci dəfə yenə də «Bulaq» restoranında tək Şamxalla görüşmüş, orada 20000 manat pulu sonuncuya vermişdir. Şamxal da martın sonuna kimi Babəki azadlığa buraxdıracağını demişdir. Təxminən 5 gün sonra Şamxal qaynatası Rəşidə zəng edib əlavə 20000 manat pul lazım olduğunu demiş və bunu belə əlaqələndirmişdir ki, həmin pulu əlavə olaraq yüksək rütbəli şəxslərə verməlidir ki, Babəkdən başqa onunla tutulan şəxslərdən 3-4 nəfəri də buraxdırsın ki, gələcəkdə bununla bağlı şikayət olmasın. Rəşid də ona dediyi üçün Rəşidin göndərdiyi 20000 manat pulu Bakıdakı evindən götürüb 2020-ci ilin mart ayının ortalarında 3-cü dəfə yenə də «Bulaq» restoranında tək Şamxal ilə görüşmüş və 20000 manat pulu Şamxala vermişdir. Bundan bir neçə gün sonra Azərbaycanda pandemiya olduğu üçün Şamxal məhkəmə prosesləri dayandırıldığın, buna görə işin uzandığını Rəşid müəllimə demişdir. Sonradan eşitmişdir ki, Şamxal yenidən Rəşid müəllimlə telefon əlaqəsi saxlamış və prokurorluqda işlə bağlı problem yarandığını, əlavə 6000 manat pul lazım olduğunu bildirmişdir. Rəşid yenidən 6000 manat pulu Bakı şəhərinə göndərmiş və o da, həmin 6000 manat pulu 2020-ci ilin mart ayının 18-də Yasamal rayonu “Qələbə” dairəsinin yaxınlığında Şamxalla tək görüşüb ona 6000 manat pulu vermişdir. Hətta 2020-ci ilin mart ayının sonlarında Xətai rayonu, Nobel prospektində yerləşən «Kupol» restoranında ailəvi olaraq tək gəlmiş Şamxal ilə görüşmüş, orada baldızı ilə ailə həyatı qurması barədə söhbətlər olmuş, habelə qaynı Babəkin 31 mart tarixə kimi azadlığa buraxılacağını da bildirmişdir. Bundan sonra eşitmişdir ki, baldızı Firuzə də qardaşı Babəkin işindən ötrü Şamxala kart vasitəsi ilə 1000 manat pul göndərmiş, Firuzə Şamxala 1000 manat pulu Şahid4 adına olan karta göndərmişdir. Ümumilikdə, Təqsirləndirilən şəxs qaynatası Rəşiddən dələduzluq yolu ilə 67000 manat pul ələ keçirmiş, lakin pulu geri qaytarmamış və verdiyi vədinə əməl etməmişdir. Təxminən 2020-ci ilin iyun ayında Babəkin azadlığa buraxılması məsələsi uzandığı üçün Şamxalın əməllərindən şübhələnməyə başlamış və məlum olmuşdur ki, Şamxal onları aldatmışdır. Bunu Şamxala dedikdən sonra sonuncu onlarla əlaqəni kəsmiş, zənglərə cavab verməmiş və aldığı pulları qaytarmamışdır. Məhkəkə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 09 may 2019-cu il tarixdə Tovuz rayonunda Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində qardaşı Babək Məmmədli tutulmuşdur. Atası qardaşının həbsdən azad edilməsi üçün müxtəlif şəxslərə müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. 2020-ci il yanvar ayının ortalarında Tovuz şəhərində mağazada alış-veriş edən zaman Şamxal adlı şəxs ona yaxınlaşmış və ondan xoşu gəldiyini demişdir. Razılıq verdikdən sonra Şamxal nömrəsini ona vermiş, o da, evdə bu barədə anasına danışmışdır. Anasının razılığı ilə Şamxalla əlaqə saxlamış və Şamxal özü haqqında bütün məlumatları vermişdir. Həmin vaxtlar o da, özü haqqında məlumatları vermiş, həmçinin qardaşı Babəkin tutulması barədə də Şamxala danışmışdır. X3 Xidmətində işləyən tanışı "mayor İlkin” adlı şəxsin vasitəsi ilə maraqlanıb köməklik edəcəyinə söz vermişdir. Buna etiraz etməmiş, həmin gün Şamxal qardaşının işi barədə ətraflı məlumat alıb ona zəng etmiş, qardaşı haqqında və qardaşı ilə birlikdə tutulan şəxslər haqqında məlumatlar vermişdir. Bütün bunlardan sonra o, Şamxala inanmış, sonuncunun qardaşına kömək edə biləcəyini fikirləşmişdir. Bu barədə atası ilə danışmış və atası ilə Şamxalı əlaqələndirmişdir. Bundan sonra atası və bacısının əri Şahid2 Şamxal ilə görüşüb Babəkin işi barədə söhbət etmişlər. Şamxal atası və Kənana DTX-da tanışları olduğunu və onların vasitəsilə Babəkin həbsdən çıxmasına köməklik edə biləcəyini söyləmişdir. Şamxal atasını və Kənanı tam inandırmış və ilkin olaraq atasından 40000 manat pul istəyib tez bir zamanda Babəki həbsdən azad edəcəyini demişdir. Atası da Şamxala tam inandığı üçün Tovuz rayonuna qayıtmış və 40000 manat pul toplayıb Bakı şəhərinə gəlmişdir. 2020-ci ilin fevral ayının sonlarında Binəqədi rayonu ərazisində yerləşən “Bulaq” restoranında atası və bacısının əri Kənan Şamxalla görüşmüş, görüşdə Şamxal DTX və DİN-də rəhbər vəzifəli şəxslərlə əlaqəsinin olduğunu deyib həmin şəxslərin vasitəsilə Babəki azadlığa buraxdıracağını bildirmişdir. Bundan sonra atası və Kənan ona inandığından «Bulaq» restoranında atası Kənanın yanında 20000 manat pulu Şamxala vermişdir. Təxminən 2020-ci ilin mart ayının əvvəllərində Şamxal qalan pulu istədiyi üçün Kənan 20000 manat pulu 2-ci dəfə yenə də «Bulaq» restoranında Şamxala vermişdir. Şamxal martın sonuna qədər Babəki azadlığa buraxdıracağını demişdir. Təxminən 5 gün sonra Şamxal əlavə 20000 manat pul lazım olduğunu demiş və həmin pulu yüksək rütbəli şəxslərə verəcəyini, gələcəkdə şikayət olmaması üçün Babəkdən başqa onunla tutulan şəxslərdən 3-4 nəfəri də buraxdırmaq lazım olduğunu bildirmişdir. Atası Rəşidin tapşırığından sonra Kənan 20000 manat pulu 2020-ci ilin mart ayının ortalarında evdən götürüb yenə də «Bulaq» restoranında Şamxala vermişdir. Bundan bir neçə gün sonra Azərbaycanda pandemiya olduğu üçün Şamxal məhkəmə proseslərinin dayandırıldığını və işlərin uzandığını demişdir. Sonradan Şamxalla danışanda qardaşının işi ilə bağlı ona narazılığını bildirmiş, hələ də qardaşının azadlığa buraxılması məsələsini həll etmədiyini və qardaşı Babəkə orada yaxşı baxmadıqlarını demiş, Şamxal qardaşına həbsdə yaxşı baxılması üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. O da, səhv etmirsə 13 mart 2020-ci il tarixdə 1000 manat pulu Şamxalın ona göndərdiyi Şahid4 adına olan karta öz adına olan "Birkart” vasitəsi ilə göndərmişdir. Sonra Şamxal yenidən telefon əlaqəsi saxlayıb prokurorluqda işlə bağlı problem yarandığını və əlavə olaraq 6000 manat pul lazım olduğunu bildirmişdir. Atasının tapşırığı ilə Kənan həmin 6000 manat pulu 2020-ci ilin mart ayının 18-də Yasamal rayonu “Qələbə” dairəsinin yaxınlığında Şamxala vermişdir. Bundan sonra onun Şamxaldan xoşu gəlməmiş və ailə qurmaq istəməmişdir. Daha sonra ailəsinin təkidi ilə o və Kənan ailəsi ilə birlikdə Şamxalla Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən «Kupol» restoranında görüşmüş, bundan sonra ailəsi onu məcbur etmişdir ki, Şamxalla münasibəti davam etdirsin və Şamxal ilə evlənsin. Təxminən 2020-ci ilin iyun ayında Babəkin azadlığa buraxılması məsələsi uzandığı üçün artıq məlum olmuşdur ki, Şamxal onları aldatmışdır. Bunu Şamxala dedikdən sonra Şamxal əlaqəni kəsmiş, zənglərə cavab verməmiş və bu günə kimi aldığı pulları qaytarmamışdır. Ümumilikdə Təqsirləndirilən şəxs dələduzluq yolu ilə atası Rəşidin 67000 manat pulunu almış və və verdiyi vədə əməl etməmişdir. Həmin pulun hamısı atasına məxsusdur, sadəcə olaraq Tovuz rayonunda yaşadığı üçün pulu Bakıya göndərmiş, bacısının əri Kənan isə görüşüb pulları Şamxala vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Salyan rayonundan olan şəxs kimi Şahid5 vasitəsi ilə tanımışdır. 2020-ci il mart ayının axırlarında Şahid5 ona zəng vurub əmək haqqı kartının üstündə olub-olmamasını soruşmuş, həmin karta pul göndərəcəyini, pulu kartdan çıxarıb Təqsirləndirilən şəxs çatdırmaq lazım olduğunu bildirmişdir. O, etiraz etməmiş və əmək haqqı kartının şəklini çəkib Elnura göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, 30 mart 2020-ci il tarixdə onun kartına 324 manat pul köçürülmüş, həmin pulu Salyan rayonunda H.Əliyev küçəsində yerləşən «Kapitalbank»ın bankomatından 320 manat pulu çıxarıb, həmin yerdə Elnurun göndərdiyi tanımadığı taksi sürücüsünə vermiş, aparıb Şamxalgilin evinə çatdırmağı tapşırmışdır. Taksi sürücüsü də 320 manat pulu aparıb Şamxalgilə çatdırmışdır, çünki Elnur zəng vurub pulun çatdığını bildirmişdir. Səhəri gün, yəni 31.03.2020-ci il tarixdə Elnur yenə zəng vurub bu dəfə də onun əmək haqqı kartına pul yüklənəcəyini və həmin pulu yenə də çıxarıb Şamxalgilə göndərməyi xahiş etmiş, o da, razılaşmış, əmək haqqı kartına 703 manat pul yüklənmiş və bu dəfə də Salyan rayonunda H.Əliyev küçəsində yerləşən bankomatından 703 manat pul çıxarıb, həmin yerdə Elnurun göndərdiyi tanımadığı taksi sürücüsünə Şamxalgilin evinə çatdırmaq üçün vermişdir. Taksi sürücüsü də 703 manat pulu aparıb Şamxalgilə çatdırmışdır, çünki Elnur zəng vurub pulun çatdığını bildirmişdir. Həmin pulun kim tərəfindən və nə məqsədlə Şamxala göndərilməsi barədə onun məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədova (Ökenek) Yaqut Rəşid qızı ifadəsində göstərdi ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində qardaşı Babək Məmmədli tutulmuş, atası onun həbsdən azad edilməsi üçün çalışsa da, bunu edə bilməmişdir. 2020-ci ilin yanvar ayının ortalarında bacı Firuzə Şamxal ilə tanış olmuş, söhbət zamanı qardaşı Babəkin DTX tərəfindən tutulmasını Şamxala demiş, sonuncu da, Babəkin azadlığa buraxılmasına köməklik edə biləcəyini bildirmişdir. Bu barədə Firuzə atasına danışmış və atası da Şamxalla görüşüb söhbət etmiş, Şamxal atasını və kürəkəni Kənana Babəkin həbsdən çıxmasına kömək edə biləcəyini söyləmişdir. Şamxal atasını və Kənanı tam inandırmış, DTX və DİN-də rəhbər vəzifəli şəxslərin vasitəsilə Babəki azadlığa buraxdıracağını bildirmişdir. Bu məqsədlə Şamxal atası Rəşidin 67000 manat pulunu almış, lakin sonradan heç bir iş görməmiş və həmin pulu qaytarmamışdır. Onunla olan söhbətlərin birində Şamxal onun avtomobil almaq istədiyini bilmiş və ona köməklik etmək istədiyini demişdir. Bu məqsədlə Şamxal ondan avtomobil üçün ilkin olaraq 5000 manat, sonra 800 dollar və 1000 manat pul almışdır. Lakin heç bir avtomobil təşkil etməmiş, sonradan pulun 3500 manatını qaytarmış, qalan hissəsini qaytarmamışdır. Onların başı həmin vaxt qardaşının işinə qarışdığından avtomobillə bağlı maraqlanmamış, sonradan həmin pulun qalan hissəsini Kənana görə bağışlamışdır. Çünki Kənanın bildiyi qədər Şamxalla aralarında pul söhbəti olmuş və Kənan Şamxala pul verməli olmuşdur. Buna görə də, onun avtomobillə əlaqədar Şamxal barəsində heç bir şikayəti yoxdur. Şamxal qardaşının həbsdən azad olunması adı ilə atası Rəşidin ümumilikdə 67000 manat pulunu ələ keçirmişdir və həmin pulun qaytarılmasını tələb edirlər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2, Şahid2 və Şahid3 ilə Təqsirləndirilən şəxs arasında həmin istintaq hərəkətləri keçirilmiş, bu zaman adları çəkilən şəxslər sərbəst ifadələrində göstərdikləri halları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq edərək, sonuncu tərəfindən onların 67000 manat pulunun ələ keçirildiyini bildirmişlər (Cild 1, iş vərəqi 131-134, cild 2, iş vərəqi 61-63). Cinayət işində olan Şahid4 məxsus “Kapital Bank”a aid kart hesabı üzrə çıxarışa əsasən, nağdlaşdırma faizi çıxılmaqla həmin kartdan 30.03.2020-ci il tarixdə 324 manat, 31.03.2020-ci il tarixdə 710 manat, cəmi 1034 manat pul nağdlaşdırılmışdır (Cild 1, iş vərəqi 93). Cinayət işinə əlavə edilmiş 12.03.2021-ci il tarixli baxış protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarına dair səsyazıları dinləmə zamanı Firuzənin həbs olunmuş qardaşı Babəkin məhkəmə məsələləri ilə əlaqədar Təqsirləndirilən şəxsla danışması, Təqsirləndirilən şəxs Firuzə ilə “hakim Səbuhiyə nə deyilib, onu edəcək, tapşırılıb, cənab Ramiz müəllimə, Ali Məhkəmənin sədrinə deyilib, o da, onu edəcək, həll olunub, danışılıb, türmənin rəisi Elnura nə deyilibsə verilib, əlavə nə xərc-xəsarət çıxacaqsa, onu da eliyəcəyik” kimi söhbətlər etməsi müəyyən edilmişdir (Cild 1, iş vərəqi 137). Suraxanı RPİ-dən daxil olmuş 28.04.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25.10.2006-cı il tarixdən DİO-da, 21.07.2014-cü il tarixdən Suraxanı RPİ-nə sıravi və kiçik rəis vəzifələrində xidmət etmiş, 18.12.2017-ci il tarixli Ə280-096-17 N-li əmri ilə DİO əməkdaşı adına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə “Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə əsasən DİOda xidmətdən xaric edilmişdir (Cild 2, iş vərəqi 76-78). Cinayət işinə əlavə edilmiş 22.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur (cild 1, iş vərəqi 106). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, Zərərçəkmiş şəxs2la bağlı epizodu qəbul etmədiyini, Rəşidin oğlunu həbsdən azad etdirmək üçün ondan pul almadığını, qızı Firuzə ilə ailə qurmadığı üçün ona qarşı böhtan atıldığını, Kənanın ondan cəmi 3500 manat pul aldığını, lakin ona heç bir məbləğdə pul vermədiyini, Firuzənin onun göndərdiyi kart hesabına 1000 manat pul göndərdiyini, həmin pulu vəkil Nüşabəyə verdiyini bildirdi. Məhkəmə kollegiyası yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə təqsirləndirilən şəxsin məhkəmədə tutduğu həmin mövqeyini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal RPİ Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilərək, hal-hazıra qədər həbsdə saxlanılır. Odur ki, Təqsirləndirilən şəxs tutulduğu vaxtdan həbsdə saxlanıldığı bütün müddət cəza müddətinə daxil edilməli, cəza çəkməsinin əvvəli 10 mart 2021-ci tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmaması, maddi sübutların və məhkəmə məsrəflərinin müəyyən edilməməsi nəzərə alınmalı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 mart 2021-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, maddi sübutların olmaması və məhkəmə məsrəflərinin müəyyən edilməməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar