Məhkəmə qərarları › İş №1(101)-1153/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1153/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1153/2024 01.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X7 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və üzərindən götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 124-cü korpus, yeni yaşayış sahəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, 14 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” deyilən yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,661 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, həmin günü saat 18:50-də Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 124cü korpusda olan “Dərələyəz” kafesinin yaxınlığında saxlanılıb ünvan 3 ünvanda yerləşən 43-cü PB-nin inzibati binasına gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,661 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.1-1-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Dərələyəz” kafesində olarkən sahə inspektoru Səbuhi müəllim gəlib onu kafedən iki PPX əməkdaş ilə 43-cü PB-ə aparmışdır. Səbuhi müəllim gəlib bunu təsdiq edə bilər. O, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin düzgün yazılmadığını qeyd edərək ittiham aktında qeyd edildiyi kimi Binəqədi qəsəbəsində “Dərələyəz” kafesinin yaxınlığında iki nəfər mülki geyimli polis əməliyyatçısı tərəfindən saxlanılmadığını bildirmişdir. O, ittiham aktında göstərilmiş tarixdə Binəqədidə-Mərkəzdə olmamışdır. Orada kameralar var. Qaradağ RPİ-nin 43-cü PB-də olarkən bölmə rəisi ondan neçə müddətdir azadlıqda olduğunu soruşmuş, o, 7 aydır azadlıqda olduğunu bildirmişdir. Bunu dedikdən sonra isə həmin bölmə rəsi ona artıq içəri girməli olduğunu, sonuncunun ona təqdim edilmiş narkotik vasitələrin ona məxsus olmasını etiraf eməli olduğunu, əks halda üzərindən 1 kiloqram narkotik vasitə aşkarlanacığını bildirmişdir. O, Binəqədi rayonu ərazisindən bir çox şəxsin belə yalançı ittihamlarla həbs edildiyini bildirmişdir. O, dəfələrlə məhkum olunsa da, ondan narkotik vasitə və ya psixotrop maddə metamfetamin aşkar olunmasının mümkün olmadığını bildirmişdir. O, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin müstəntiq tərəfindən yazıldığını bildirmişdir. Müstəntiqin ona CM-nin 234.1-ci maddəsi ilə iittiham irəli sürüldüyünün dediyini bildirmişdir. O, narkotik vaitə istifadəçisi olsa da, saxlanılarkən üzərində narkotik vasitə olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təzyiq edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, bir həftəyə yaxındır ki, “patı” kimi tanıdığı psixotrop maddədən istifadə etmişdir. 14 aprel 2023-cü il tarixdə 18:50 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, 124-cü korpusda olan “Dərələyəz” kafesinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində psixotrop maddə olmasından şübhələr olduğu üçün üzərində şəxsi axtarış aparılması məqsədilə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə dəvət etmişlər. Bundan sonra razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimdə qeyri-qanuni əşyanın olub-olmaması soruşulduqda əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində başqa hər hansı bir əşyanın olub- olmaması sual verilmiş, lakin üzərində başqa əşyanın olmadığını bildirmişdir. Şalvarının cibləri açmağı tələb edilmiş, şalvarının ciblərini açmış, lakin heç bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş bir ədəd bükülnün içərisində olan maddəni “patı" kimi tanıdığı psixotrop maddə olmasını və həmin maddəni səhər saatlarında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində olan “Mərkəz” deyilən yerdə tanımadığı şəxsdən almışdır. Psixotrop maddəni tanımadığı şəxsdən almışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 aprel 2023-cü il tarixdə saat 18:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupunun digər üzvü baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Binəqədi rayon, 3-cü mədən 124-cü korpusda yerləşən “Dərələyəz” kafesinin yaxınlığında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayaraq Binəqədi RPİ-nin 43cü Polis Bölməsinə aparmışlar. Bölmədə inzibati otaqların birində Eminin üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynindəki şalvarın cibindən 01 ədəd bükümü çıxararaq könüllü təqdim etmişdir. Emin həmin bükümün içərisində metamfetamin olduğunu, 20 manata aldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı iştirka etmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 14 aprel 2023-cü il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-ə daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi rayonunda 3-cü Mədən 124-cü korpusun yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmışlar. O, soncunu polis bölməsinə dəvət etdiklərini, bölmədə təhqiqatçının otağında videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirildiyini bildirmişdir. O, şəxsi axtarış zamanı Eminin əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin təqdim etdiyini bildirmişdir. O, həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq və təsirlərin edilmədiyini bildirmişdir. Müdafiə tərəfinin vəsatət əsasında məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Yaz aylarında tarixdə təxminən günorta saatlarında Eminin Binəqədi RPİ-nin 43-cü X9 və Əli adlı iki əməkdaşı tərəfindən “Dərələyəz” kafesinin qarşısında saxlanldığını görmüşdür. O, Eminin saxlanlarkən polis əməkdaşlarına etiraz edərək səs küy saldığını görmüş, bu səbəbdən onlara yaxınlaşmışdır. O, məsələni aydınlaşdırdıqdan sonra Eminə niyə etirazı bildirmək əvəzinə, polis bölməsinə yaxınlaşaraq nə üçün çağrıldığını araşdırmasını təklif etmişdir. Daha sonra Emin polis bölməsinə aparılmışdır. Emin onun tərəfindən saxlanılmamışdır. Müdafiə tərəfinin vəsatət əsasında məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. O, “Dərələyəz” adlanan çayxana işlədir. Təqsirləndirilən şəxs çayxananın yerləşdiyi məhəllədə yaşayır. Hadisə günü Emin iki nəfər dostu ilə işlətdiyi “Dərələyəz” kafesinə gəlmişlər. Emingil çay içəndən sonra durub getmək üçün çayxananın çölünə çıxanda o, Eminə yaxınlaşıb çayın pulunu vermədiklərini bildirmişdir. Emin dostlarının çayın pulunu vermədiklərinə təcüblənərək gedib pul gətirəcəklərini bildirmişlər. O, razı olmayaraq digər iki nəfərin gedib pul gətirmələrini, Eminin isə onun yanında dayanıb gözləməyini təkid etmişdir. Eminin dostları razılşaraq pul gətirmək adı ilə çıxıb getmişlər. Emin onunla çayxanın qarşısında durub həmin şəxslərin pul gətirmələrini gözləməyə başlamışdır. Həmin zaman iki nəfər mülki geyimli polis əməkdaşları qapının ağzında durmuşlar. Bu vaxt sahə rəisi Səbuhi müəllim Eminə yaxınlaşıb qolundan tutaraq onu axtardığını demişdir. Həmin vaxt qıraqda duran polis əməkdaşları da Emini tutaraq polis bölməsinə aparmışar. O, Eminin “Dərələyəz” kafesinin çölündə olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. İş materiallarında olan 14 aprel 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 19:40-da 43-cü PB-nin təhqiqatçı, polis mayoru Nahid Məmmədov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 21-22) 16 aprel 2023-cü il tarixdə sabiq müstəntiq Fuad Bağırov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək qeyd edilən tarixdə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v 61-62). 16 aprel 2023-cü il tarixdə sabiq müstəntiq Fuad Bağırov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Binəqədi rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. Lakin 16 aprel 2023-cü il tarixdə Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. 16 aprel 2023-cü il tarixdə sabiq müstəntiq Fuad Bağırov tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v 74-75, 76-80, 87) İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görunur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazı olmadığını bildirmişdir.(i.v 34) İş materiallarında olan 14 aprel 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin tarixdə saat 18:50 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, 124-cü korpusda olan “Dərələyəz” kafesinin yaxınlığında saxlanılaraq 43-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da bildirmişdir ki, həmin bükümdə psixotrop maddə metamfetamin vardır, metamfetamini həmin günü səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində olan “Mərkəz” deyilən yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 243 nömrəli möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. (i.v 36-37) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, həmin disk “DVD” formatlıdır, disk açıldıqda içərisində bir ədəd “mp4” formatlı görüntü aşkar olunmuş, həmin görüntü açıldıqda Binəqədi RPİ-nin 43cü PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması müəyyən edilmiş, belə ki, sonuncunun özünü təqdim etmiş, onun yanında iki nəfər mülki geyimli polis əməkdaşlar vardır, polis əməkdaşları Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkilləridir, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu da əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində ağ rəngli maddə vardır. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin onun üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddə metamfetamindir və onu həmin günü səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində “Mərkəz” deyilən yerdə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni çəkib-çəkməmək barədə sual verilmiş, o da həmin madənin çəkisini bildiyini demişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Şahid2 ifadəsi yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə saat 18:50 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən 124-cü korpusda yerləşən “Dərələyəz” kafesinin yaxınlığında saxladıqlarını deyərək ifadəsini göstərdiklərini bir daha təsdiq edib hadisə yerini göstərmişdir. (i.v 199-200) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 15 aprel 2023-cü il tarixli 6/2223 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi olan, "1. Təqsirləndirilən şəxs (imza)...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,661 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v 43-47) İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2023-cü il tarixli 2368 saylı rəyinindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. (i.v. 90-91) İş materiallarında olan 26 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış və aparılmış tədqiqatlardan sonra qalıq qalmış 4,561 qram çəkidə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanması üçün məhkəmə baxışınadək Binəqədi RPİ-nin saxlancına təhvil verilmişdir. (İ.v: 121-130) İş materiallarında olan 26 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş video görüntünün əks olunduğu 1 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (i.v: 121-130) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Binəqədi rayon məhkəməsinin hökmünün surətindən, Suraxanı rayon məhkəməsinin qərarından görünür ki, Dadaşov X8 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli aministiya qərarına əsasən üzərində 01 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış və xx.xx.2022-ci tarixdə cəzasını çəkib qurtarımışdır. (i.v.111-120) 20 oktyabr 2023-cü il tarixli Azərsell MMC-dən əldə edilmiş telefon zənglərinin əks olunduğu diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs saxlayan 43-cü PBnin əməkdaşları Şahid1 və Şahid2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrələri 14 aprel 2023-cü il tarixdə saat 18:30-dan 21:32 kimi Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazisində aktiv olmuşdur. 23 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, 124-cü korpusda yerləşir. 124-cü korpusda avtomobil yolunun sağ kənarında üzərinə «Dərələyəz» sözləri yazılmış kafe yerləşir. Kafenin ətrafında iaşə obyektləri və yaşayış evləri vardır. Kafedə və ətrafda müşahidə kameraları yoxdur. Kafe iki mərtəbəlidir və qarşısında kiçik həyəti vardır. Kafedən 20 metra qabağa getdikdə avtomobil yolunun sağ kənarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsinin inzibati binası yerləşir. İnzibati bina ilə «Dərələyəz» kafesinin arasında iki mərtəbəli yaşayış binası yerləşir. Komissarlığın qarşısı boş ərazidir, sol tərəfindən isə avtomobil yolu keçir. Komissarlığın ətrafında iaşə obyektləri və yaşayış evləri vardır. SHXÇDX-nin Binəqədi rayon şöbəsinin sağ, sol və arxa tərəfində müşahidə kameraları yoxdur. Həmçinin həmin binanın ətrafındakı yaşayış evlərində və iaşə obyektlərində müşahidə kameraları aşkar olunmadı. (i.v 191-198) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 118-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan 400 qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən metamfetamini çıxararaq təqdim etmiş və ona məxsus olmasını göstərmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində onu məhkəmədə dindirilmiş Əli və Nicat adlı polis əməkdaşlarının deyil, Səbuhi adlı sahə inspektorunun tutaraq aparmasını, həmçinin onu «Dərələyəz» kafesinin içərisindən aparılmasını bildirmişdir. Həmçinin kafenin sahibi Şahid4 sahə inspektoru Səbuhi Hacıyevin də qeyd olunan halı təsdiq edə biləcəyini göstərmişdir. Həmçinin istintaq Əli və Nicat adlı polis əməkdaşlarının o tutularkən orada olmadığını, onun tutulmasının ətrafdakı kamera görüntülərində əks olunmasını bildirmişdir. Qeyd olunan xüsusatlar məhkəmə baxışı zamanı araşdırılmış və sahə inspektoru Səbuhi Hacıyev və kafe sahibi Şahid4 müdafiə tərəfinin vəsatəti üzrə dindirilmişdir. Müəyyən edilmişdir ki, Səbuhi Hacıyev həmin vaxt orada olsa da, Təqsirləndirilən şəxs polis əməkdaşları Şahid2 və Şahid1 tərəfindən kafedən çöldə saxlanılaraq Bölməyə aparılmışdır. Həmçinin Təqsirləndirilən şəxs göstərdiyi digər xüsusatlar yoxlanılmış, həmin polis əməkdaşlarının mobil telefonlarının anten məlumatları əldə edilmiş və bu zaman həmin ərazidə olmaları müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində onun saxlanıldığı deyilən ərazidə kamera görüntülərinin olmasını, həmin görüntülərin əldə edilməsini xahiş etmiş və bununla əlaqədar hadisə yerinə baxış keçirilərək ərazinin fotoşəkili çəkilmiş və bu zaman ətraf ərazidə hər hansı kameranın olmadığını müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı heç bir təzyiq olmadan sərbəst şəkildə vermiş olduğu ifadəsi şahidlərin ifadələri və digər sübutlarla dəstəkləndiyindən daha inandırıcı və mötəbər hesab edilməlidir. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi sübuta yetirilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətin residividir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın yuxarı həddinin yarısından az olmayaraq cəza təyin etməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan, yəni 01 fevral 2024-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 4,561 qram metamfetamin məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş ümumilikdə 80 (səksən) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Fides” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 14 aprel 2023-cü ildən 16 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edisin, barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalında həbs edilsin. Həbsetmənin əvvəli 01 fevral 2024-cü il tarixdən hesablansın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə saxlanılan maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 4,561 qram metamfetamin məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş ümumilikdə 80 (səksən) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ43CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ34NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar